Ömrü boyu azadlıq
üzünə həsrət qalan bir şair - publisist! Bu
gün də hamının
azadlıqdan danışdığı bir vaxtda azadlığın nə demək
olduğunu əsla hiss etməyən bir insan!
Ömrü boyu haqq-ədalət axtarışında olan və onu tapmayan,
haqq-ədalət uğrunda mübarizədə həmişə tək qalan vətəndaş!
Uzun-uzun illərin müşahidələrindən, mübarizələrindən
sonra “Dünya yaltaqlar, təlxəklər, pullular, simasızlar, nadürüstlər
dünyasıdır” qərarına gələn bir ziyalı.
Mən Famil Mehdi (Famil Ağalar oğlu Mehdiyev) kiməm? Adi
bir insan. Hamı anadan necə doğulubsa, mən də elə doğulmuşam. Bununla əlaqədar
heç bir qeyri-adi söz-söhbət, əhvalat eşitməmişəm. Heç bir fərqləndirici hadisə
baş verməyibdir. Hadisə baş verməyibsə, deməli səbəbi, izahı da yoxdur.
1934-cü ildə Ağdamın Sarıhacılı kəndində anadan olmuşam.
Ayı, günü kənd sovetində qeyd olunmayıb. Sonradan uydurma tarix yazılıb: 25 dekabr.
Bütün sənədlərdə belə yazılır: 25 dekabr
1934-cü il. İlk sinifləri Ağdam şəhər məktəblərində (5 və 3 nömrəli məktəblərdə),
dördüncü sinifdən isə Əhmədavar kənd məktəbində (babamın evində) oxuyub, 7-ci
sinfi də orada bitirmişəm. Sonra Ağdam Pedaqoji Məktəbinə daxil olmuşam. Həm
əvvəlki məktəbi, həm də texnikumu fərqlənmə ilə bitirmişəm. Universitetin
filoloji fakültəsinin jurnalistika şöbəsində də beş il əla oxumuşam. Ancaq
fərqlənmə ilə bitirməmişəm. Səbəbi beşinci kursda hərbi təlimdə tərbiyəsiz
hərəkət edən erməni tağım komandirinə sillə vurmağım olub. Universitetdən
üstümüzdə rəhbər olan polkovnik Ambaryan o vaxt məni həbsə aldırmaq istəyirdi.
Ancaq 3-4 gün hərbi təcridxanalarda saxladılar. Tələbələrin qəti tələbi ilə
buraxıldım. Ambaryan acığını dövlət imtahanında çıxdı. Hərbi hazırlıqdan mənə
“üç” qiymət yazdı. Rektorluq (rektor akademik Y. Məmmədəliyev və prorektor Mehdi
Əliyev – Allah hər ikisinə rəhmət eləsin) işə qarışdılar. İstədilər ki, istisna
hal kimi ikinci dəfə imtahan verim. Ancaq Ambaryanın üzünü görməmək, həm də
onun minnətini “götürməmək” üçün ikinci dəfə imtahandan imtina etdim. (Bu
əhvalatları tələbə yoldaşlarım, indi professorlar, məşhur alimlər Yaşar
Qarayev, Tofiq Hacıyev və başqaları yaxşı bilirlər).
Universiteti bitirdikdən sonra jurnalistika üzrə
aspiranturaya dəvət olundum. Akademik Mirzə İbrahimovun rəhbərliyi altında
əvvəl “Səməd Vurğunun publisistikası” mövzusunda namizədlik, sonra isə “Bizim
publisistikanın sənətkarlıq problemləri” adlı doktorluq dissertasiyası müdafiə
etdim. Dərhal, yəni 1973-cü ildən jurnalistikanın nəzəriyyəsi və təcrübəsi
kafedrasına müdir seçildim. Hazırda da həmin vəzifədə işləyirəm. Bir sıra
dərsliklər, dərs vəsaitləri çoxlu məqalənin müəllifiyəm.
Ağdam pedaqoji məktəbində oxuyarkən yazdığım şerlərim
rayon qəzetində dərc olunubdur. Universitetin II kursunda oxuyarkən “Ədəbiyyat
qəzeti”ndə “Ana” şerim dərc olunub və mənim cavan şair kimi tanıdıb. Şer
belədir:
Saplaya
bilmədi iynəni ana,
Kədərsiz
qəlbindən bir kədər keçdi.
Sanki
qocalığı o heç bir zaman,
Əsla
indiki tək hiss etməmişdi.
Çağırıb
saplatdı onu qızına,
Bir
şadlıq duyuldu, yenə üzündə.
Çünki
itirdiyi işığı ana
Doğma
balasının tapdı gözündə.
Şeri ilk tərifləyən qəzetin redaktoru S. Rüstəm oldu.
Sonra S. Vurğun bəyəndiyini bildirdi. Mir-Cəlal məruzəsində onu “böyük bir
poemaya bərabər şer” adlandırdı.
Beləliklə şerlərim, sonra isə poemalarım qəzet və jurnallarda müntəzəm dərc olunmağa başladı. İlk poemamda tələbəlik
illərində “Azərbaycan” jurnalında dərc olunub: “Gənclik eşqi”. Ancaq bundan bir
az sonra həmin jurnalda verilən “Səni gözləyirəm” poemam demək olar ki, bütün
respublikada böyük oxucu marağı doğurdu. Şer və poemalarımdan ibarət 20-yə
qədər kitabım nəşr olunub. Üç kitabım isə Moskvada nəşr edilibdir. Şerlərimdən
nümunələr başqa xalqların dilinə tərcümə olunub.
Nə yazmışamsa əksəriyyəti böyük təzyiq altında,
ixtisarlarla, düzəlişlərlə dərc olunub. (bu çox maraqlı bir tədqiqatın
mövzusudur). Bu şerlərimdə bir qayda olaraq tənqidi pafosla bağlıdır.
Yuxarılara mənə münasibət həmişə pis olub. 1970-1980-ci illər arasında iki
böyük poemanın naboru (yığımı) mətbəədə ləğv edilib, yuxarıların bilavasitə
yazdırdığı mənfi rəy və təzyiqlə jurnaldan çıxarılıb. Dövlət tərəfindən adi bir
fəxri fərman da almamışam. Bununla fəxr etmək olar.
Əlli illiyimin qeyd olunmasını yuxarılar qoymadı.
Televiziyada verilişi dayandırdılar. “Literaturnaya qazeta” SSRİ Yazıçılar
İttifaqının yaxşı təbrikini dərc etdirdi. “Ədəbiyyat və incəsənət”də yazı
verilməsini qoymadılar. Ancaq 1984-cü il dekabrın 25-də bütün respublika
qəzetləri qeyri-rəsmi olaraq 50-illiyimi qeyd etdilər. Qısa xoş sözlər yazıb,
şerlərimi verdilər. Həmin gün Azərbaycan KP MK-nın ideoloji işlər üzrə katibi
redaktorların müşavirəsini keçirib, onları divara dirədi: “Sizə kim ixtiyar
verib MK-nın qərarı olmadan Famil Mehdiyə yubiley keçirmisiniz?”. “Kommunist”
qəzetinin redaktoru Rəşid Mahmudov cavab verib: “Famil Mehdi ləyaqətli
ziyalıdır. Görkəmli şairdir, ictimai xadimdir”. Digər redaktorlar da onun
dediyini təkrar ediblər. Pis vəziyyətdə qalan katib deyib: “Axı, MK-nın bu
haqda qərarı yoxdur. Heç olmazsa, o yazıları eyni gündə yox, müxtəlif vaxtlarda
verəydiniz”. Katib daha çox “Azərbaycan gəncləri” qəzetinin redaktorunu əvəz
edən müavin Əlirza Balayevin üstünə düşüb: “Famil Mehdinin “Mənim yubileyim”
şerini niyə dərc etmisiniz? Şerdəki:
Zərdabi
daş kimi susub yatıbdır,
Kollar
arasında itib-batıbdır.
O
yanda milyonçu birinə ancaq
“Abidə”
qoyulub-günümə bir bax!
misralar kimə işarədir?” (Sonradan məlum olub
ki, orada həqiqətən böyük vəzifəlilərdən birinin qohumuna abidə qoyulmuş imiş.
Deməli güllə hədəfə dəyib). Katibin göstərişi ilə Ə.Balayev redaksiya heyətinin
iclasını keçirib, özünə və şöbə müdiri Tofiq Mütəllibova töhmət elan edib.
MK-da işləyən tanışlarının köməyi ilə vəzifədən çıxarılmasının qarşısı
alınıb...
Hətta bir müddət adım qəzetlərdə xəbərlərdən çıxarıldı,
televiziyaya buraxılmadım. Aşağıların adi bir “sağ ol”u mənə yuxarıların min
təşəkküründən, mükafatından qat-qat üstündür. Bu haqda şerim də var:
Nə yaxşı mükafat
almadım, Allah,
Mükafat alanlar
susur, lallaşır.
Mükafat alanlar
liberallaşır.
Qəfil ürəklərin
odumu sönür,
Mükafat alanlar
quzuya dönür.
Yamandır insanın
quzulaşması,
Özündən qaçması,
uzaqlaşması.
Nə yaxşı mükafat
almadım, Allah,
Dilin bir söz
deyir, ürəyin bir söz.
Tələsmə, bacara
bilirsənsə, döz,
Mükafat alanlar
qurulaşırlar,
Sellər daşanda da
durulaşırlar.
Təzə köynək kimi
ütülənirlər,
Hər zaman irəli
itələnirlər.
Nə yaxşı mükafat
almadım, Allah,
Mükafat alanlar
sonra pis yazır,
Əsəbsiz, qəzəbsiz,
ürəksiz yazır.
Mükafat alanlar
özündən razı,
Ocağa tamarzı,
suya tamarzı.
Hər zaman hardasa
çıxışdadılar,
Ucuz təriflərdə,
alqışlardadılar.
Nə yaxşı mükafat
almadım, Allah,
Versələr alardım,
Ay verdilər, ha!..
Özüm, nəslim,
köküm, atam-anam, mühitim haqqında bu qeydləri yazarkən, baş verən bəzi
hadisələr, gözlənilməz əhvalatlar haqqında qeyd etməyi özümə borc bilirəm. 50
yaşım tamam olanda mənə münasibət barəsində qısaca qeyd etmişdim. Bir neçə ay
bundan əvvəl isə 60 yaşım tamam oldu. Qəzetlərdən jurnalistlər zəng edib bu
münasibətlə görüşmək, haqqımda nəsə yamaq istədiklərini bildirdilər. Hamısına
təşəkkür etdim, eyni cavabı verdim: Qarabağı – Şuşası, Ağdamı, Füzulisi,
Cəbrayılı, eləcə də Kəlbəcəri, Laçını, Qubadlısı, Zəngilanı düşmən tapdağı
altında qalan, bir milyon əhalisi, qohum-əqrəbası, yerlisi qaçqın vəziyyətində
müsibətlər çəkən, dilənçi kökündə yaşayan bir adama nə yubiley? Mən bu sözləri
radio müsahibəmdə də dedim. Və eşidənlərin sözlərindən razı qaldıqlarını
bildim. Beləliklə heç bir görüşə, yubileyə, ədəbi-bədii gecəyə icazə vermədim.
Hətta işlədiyim universitetin jurnalistika fakültəsində, eləcə də rəhbəri olduğum
kafedrada adi çay məclisinə belə icazə vermədim. Ancaq “Ədəbiyyat qəzeti” və
bir iki digər qəzet yazı dərc etdi. Radioda mənimlə müsahibə (ad günümlə
əlaqədar verildi) və möhtərəm yazıçı Süleyman Vəliyevin mənim haqqımda ürək
sözləri səsləndi.
Günlərin bir günü, fevral ayının ya 9-u, ya da 10-da
keçmiş tələbəm olan bir qız otağıma gəldi. Dedi ki, Sizinlə görüşmək istəyirik.
Qəti etiraz etdim. Dedi dəvətnamə çap etdirmişik. Mən əsəbiləşdim: “Məndən
icazəsiz bunu niyə etmisiniz? Axı mən bütün görüşləri rədd etmişəm. Sabah eşidib
mənə nə deyərlər?”. Qarşımdakı qız səhvini başa düşdü, bərk narahat oldu. Mən razılaşdım:
Tələbəm, həm də qız xeylağı. Fevralın 11-də, təxminən saat 5-də, heç kimə,
hətta doğma qardaşlarıma (qaçqın qardaşıma da) xəbər vermədən Gənc Tamaşaçılar
Teatrına getdim. Hava çox soyuq idi. 50-60 adam toplaşmışdı. Müəllimim Nəsir
İmanquliyev, tələbə yoldaşım, “Xalq qəzeti”nin redaktoru Tofiq Rüstəmov, jurnalistlərin müstəqil həmkarlar təşkilatını
sədri Oqtay Salamzadə xoş söz dedilər. Tərifli sözlərinə etiraz etdim. Özüm bir
– iki şerimi oxudum. Çıxışımda bir – iki şerimi oxudum. Çıxışımda dedim: “Mən
bu görüşə razılıq verməmişdim. Ancaq Demokratik Gənclər təşkilatı
üzvlərinə və onun sədri Rövşən Cavadova hörmətim
məni bura gətirdi. Qoy, Allah günahımdan
keçsin ki, torpaq düşmən əlindədir. Burada mənə görüş keçirirsiniz”.
Bundan sonra respublikada, həmişə olduğu kimi, bəzi
siyasi oyunlar baş verdi. İyun ayının əvvəllərində, şənbə günü, cavan bir oğlan
otağıma gəldi. Bildirdi ki, Sizi, yəni məni, Bakı şəhər prokurorluğuna
çağırırlar. Mümkünsə, bu gün gedək. Mənə qəribə gəldi: “Prokurorluq hara, mən
hara?”. Bazar ertəsi, səhər saat 9-da prokurorluğa getdim. Üç nəfər cavan
oğlanın iştirak etdiyi otaqda məni sorğu – suala çəkməyə başladılar: “Fevralın
11-də Sizə yubiley keçirilib. Orada kimlər olub?”. Yerimdə quruyub qaldım:
əvvalə yubiley yox, mənimlə görüş keçirilib. İkincisi də, görüş keçiriləndə nə
olar ki?”. Yox, sən demə, məni Rövşən Cavadovun iqtidarın dövlət çevrilişi
adlandırdığı hərəkətlərinin iştirakçısı, yaxud da nə bilim nəyi eləmək
istəyirlər. Bu sorğu – sualları böyük təhqir hesab etsəm də, suallara cavab
verdim.
Yeri gəlmişkən
deyim ki, 60 ildə iki dəfə prokurorluğa çağırılmışam. Birinci dəfə 1989-cu ildə.
Bakıda, mitinqlərlə əlaqədar, Moskva prokurorluq orqan işçiləri iki gün məni
sorğu – suala tutdular. Moskvanı, Siyasi Büronu tənqid etməyim onları,
xüsusilə, qəzəbləndirmişdi. İkinci dəfə 1995-ci ilin iyununda Bakı şəhər
prokurorluğuna. Müstəqil Azərbaycan dövlətçiliyi şəraitində prokurorluğa. Qəribə
təzaddır. İndi də oturub verdiyim izahatın nəticəsini gözləyirəm.
Ancaq ürəyim buz
kimidir. Çünki, 1988-ci ildən bəri Azərbaycanda dövlət səviyyəsində gedən
siyasi oyunların, siyasi avantüraların heç birində iştirak etməmişəm.
Prokurorluğa çağırılmağı, ancaq və ancaq, demokratik
ideyalarımla, açıq ifadə etdiyim prinsipial fikirlərimlə, mətbuatda çap olunan,
kimlərin isə xoşuna gəlməyən şerlərimlə əlaqələndirirəm. O şerlərdən biri
“Dilən professor, utanma dilən” adlanır. “Günay” qəzetinin 01 fevral 1995-ci il
tarixli nömrəsində dərc olunmuş, aşağılarda son dərəcə böyük reaksiya doğurmuş,
yuxarıların qəzəbinə səbəb olmuşdur. Hətta professor Z.Qaralovun mənim əleyhimə
sifarişlə yazılmış böhtanlı, çirkablı cızma-qarası da qəzet də verilmişdir. Qaralovun
yazısının əleyhinə yazılan yüzlərlə məktubun qəzetlərdə dərc olunmasının
qarşısına sədd çəkilmişdir. Ancaq ikisi-üçü qəzetlərdə dərc olundu. Bundan
sonra qəzetlərdə, “Bakıda qəribə məhkəmə gedir”, “Təlxəklər”, “Cibgir” və s.
şerlərim qəzetlərdə dərc edilmiş, və geniş rəy doğurmuşdur. Fikrimə aydınlıq
gətirmək üçün şerlərimdən birini bu qeydlərə əlavə edirəm:
Dilən,
professor, utanma, dilən,
Dillən,
professor, utanma, dillən..,
Səslə, hər keçəndən sədəqə istə,
Qaçandan,
köçəndən sədəqə istə.
Fərqi
yox, Bakıdan, Ağdamdan olsun,
Səninçün
nə fərqi: yaxşı, yaman kim,
Bir
də qanmayan kim, qanan kim,
Məslək
dəyişənmi, ev dəyişənmi,
Qızıl
axtaranmı, ya goreşənmi,
Insanmı,
heyvanmı-satandı, gedir,
It-qurd
kölgəsində yatandı, gedir.
Dünyanın
ən qəlpi, ən safı olsun,
Təki
ürəyinin insafı olsun.
Hanı
o qırmızı diplomlar, hanı?
Nəyimə
gərəkdir torbada qala,
Çıxar,
hamısını cır at, tapdala.
Yandır
cild-cild, yansın əl yazın,
Sən
kimə gərəksən, o kimə lazım?
O
fəxri fərmanları,
Təşəkkürləri
yandır,
Dünya
aldanan yox, aldadandır.
Dilən,
professor, utanma dilən,
Dillən,
professor, utanma dillən,
Qoy
sənin yerinə zaman utansın,
Səni
bu günlərə salan utansın.
Qırılan
ağac yox, tufan utansın,
Vurulan
turac yox, vuran utansın.
“Millət
can üstədir, qardaşlar, qalxın!”
Nəyinə
gərəkdir kimin səsidir?
Arxasız
millətin, yiyəsiz xalqın
Alimi,
şairi dilənəsidir.
Ayranını
süddən, şorunu yağdan,
Bəhməzini
baldan matah tutanın,
Gözəllik,
qəşənglik yarışlarında,
Keçini
maraldan matah tutanın,
Sərçəni
qartaldan ayırmayanın,
Çiçəyi
qanqaldan ayırmayanın
Alimi
neyləsin, bəs dilənməsin,
Necə
bu kök üstdə bəstələnməsin?!
Yox,
zaman ödəməz bu ödənişi,
Varmı
başqa əlac, əl aç, dilən ki,
Qınama,
nə deyir gör ötən kişi:
“Sən
də dilənçısən, mən də dilənçi.
Mən
gizli dilənən, sən açıq-aşkar,
Sabah
gizlinlər də aşkarlanarlar.
Beləmi
tikmişdi haqq evi tikən,
Haqqın
da belinə çöpdən dirəkmiş.
Günəşin
özü də ləkəli ikən
Bizdə
bu təmizlik nəyə gərəkmiş!?”
Dilən,
professor, utanma dilən,
Dillən,
professor, utanma dillən.
Eynəkdə
gözlərin gizlənə bilər,
Köynəkdə
yüz dərdin gizlənə bilər.
Bəlkə,
dilənməyin izlənə bilər
Çıxart
eynəyini, aç gözlərini,
Yaxşı
gör zamanın acğözlərini
Vicdan
karlarını, qəlb lallarını,
Vəzifə,
var-dövlət dəllallarını.
Qoy
görsün səni də ağız busanlar,
Söz
qalaylayanlar, körük basanlar,
“Millət”,
“millət” deyib köpük qusanlar.
Ancaq
bir tələbən çalış görməsin,
Inamla,
ümidlə qarşı durmasın,
Dünyada
rəngləri qarışdırmasın.
Bir
də ki, hər dəfə qomarlayanlar,
Öpüb
bığlarını tumarlayanlar -
Nəvələr
görməsin diləndiyini,
Tale
xırmanında döyüldüyünü,
Ömrün
ələyində ələndiyini.
Dilən,
professor, utanma dilən,
Dillən,
professor, utanma dillən...
Bura yalnız bir cümlə əlavə etmək istəyirəm: 50 yaşımda
da, 60 yaşımda da başıma oyunu eyni adamlar açır. O vaxt MK-da yüksək vəzifədə
idilər, indi də Prezident aparatında.
Atam Ağalar Mehdi
oğlu savadsız kişi idi. Adını da yazmağı bacarmırdı. Ömrü boyu təsərrüfatla
məşğul olub. Özünün düzlüyü, təmizliyi, maarifpərvərliyi, xüsusilə ağsaqqallığı
ilə fərqlənirdi. Camaat arasında möhkəm sülh, mehribançılıq tərəfdarı idi. Söz
gəzdirənlərlə, ara vuranlarla, dedi-qodu ilə məşğul olanlarla arası yox idi.
Ona görə də, kolxozda briqadir, kolxoz sədrinin müavini vəzifələrinə seçilib,
bu işləri yerinə yetiribdir. Möhkəm qayda-qanun, intizam tərəfdarı idi. Söz götürməyi
sevməzdi. Kolxozun bağından evimizə bir salxım üzüm gətirməyimizə razı olmazdı.
Bizə dönə-dönə qadağan edərdi ki, mal-qaramızı, qoyunumuzu örüşdən
kənara-kolxozun bağ-bağatına keçməyə qoymayaq. Kənddə, obada, ətraf kəndlərdə
dava-dalaş, qanqaraçılığı, xoşagəlməz hadisə baş verəndə atama məsləhətə
gələrdilər. Əlindən gələn köməyi göstərərdi. Ağsaqqallıq eləyərdi.
Hökumətdən,
hökumət adamlarının bəd əməllərindən, haqsızlıqlarından, rüşvətə meyllərindən
narazı idi. Xüsusilə, din-imanın, böyük-kiçikliyin, xeyir-bərəkətin aradan
qalxmasından tez-tez gileylənirdi. Köhnə xeyir-bərəkət dövrünü tez-tez
xatırlayırdı. “Sizin hökumətiniz belədir”, “Sizin hökumətiniz elədir...”
sözlərini hərdən təkrar edirdi.
Canında qorxu
hissi vardı. 37-də qohumlarımızdan, camaatımızdan haqsız güllənənlər olmuşdu.
Qarabağda iki ən böyük at ilxısının biri mənim babam Mehdiyə məxsus imiş. Həm
də o, ümumiyyətlə var-dövlət sahibi imiş. Azərbaycanda sovet hakimiyyəti
qurulanda var-dövlətlərini əllərindən alıblar. “Kulak” salmaq, tutmaq
istəyiblər. Ancaq birtəhər sovuşa biliblər. Atam Stalin rejiminin dəhşətini,
qorxusunu Stalin ölənə kimi canında-qanında yaşatdı. Kənddə, o cümlədən, bizim
evimizdə radio yox idi. Ona görə də, mən Stalinin ölümünü rayon mərkəzində -
Ağdamda mamamgildə (atamın bacısı) eşitdim. Qayıdıb, kənddə atama xəbər verdim.
Kişinin rəngi ağardı: dedi -“A, bala heç harda danışma, birdən yalan olar...”
Çox istəyirdi ki,
biz oxuyaq, savad alaq. Tez-tez evə qəzet aldırıb gətirtdirərdi. Əvvəldən-axıra
bizə oxutdurardı. Həm özü müəyyən məlumat əldə edir, ölkədə, dünyada baş verən
hadisələrdən xəbər tutur, həm də qəzet oxumağın, bizim savadlanmağımızda roluna
xüsusi əhəmiyyət verirdi. Qəzet oxumayanda bizi danlayırdı.
Mənim uşaqlığım
ikinci dünya müharibəsinə düşüb. Dolanmağımızın, gün-güzəranımızın ağır
olmasında müharibənin böyük təsiri olub. Ümumiyyətlə, mən uşaqlıqda öz
ailəmizin timsalında hiss etmişəm ki, düz adamlar, oğurluq etməyənlər, müxtəlif
fırıldaqlara əl atmayanlar çətin yaşayıb, ağır güzəran keçiriblər. Atam adi bir
çarığı bizə tikdirə bilməyəndə dilxor olur, bərk narahatçılıq hissi keçirirdi.
Dodağının altında
quruluşu, hökuməti, zamanı söyürdü. Amma camaat arasında özünü sındırmırdı.
Bizə elədiklərini əsla başımıza vurmazdı. İnciyəndə bu sözləri deyərdi: “Ata
olarsınız, nələr çəkdiyimizi özünüz bilərsiniz...”. Bəzən də bunu əlavə edərdi: “Bir gecə səhərə
qədər rahat yatmamışam. Fikirləşmişəm ki, yəqin təpikləyib üstünüzü açmısınız,
soyuq dəyəcəkdir. Doğrudan da, hər dəfə oyanıb görmüşəm üstünüz açıqdır.”...
Ağdamda pedaqoji
texnikumu bitirəndə məni komsomol komitəsinin I katibi qoymaq istəyirdilər. Bu
böyük iş hesab olunsa da, mən istəmirdim, oxumağa getməyə can atırdım. O vaxt
yarıfəxr, yarıməsum halda mənə dedi: “Bəlkə bir az işləyəsən, bizə də əl
tutasan, sonra oxumağa gedərsən...”. Ancaq hiss edirdim ki, oxumaqdan qalmağımı
da istəmir. Mən də oxumaq yolunu seçdim... Bakıda oxuduğum illərdə xüsusilə
narahat olurdu ki, mənə kömək eləyə bilmir. Həm də neçə il əvvəl, gecə kolxozun
üzümünü yığanlarla qarşılaşdığı zaman, başından ağır zərbə almışdı. Get-gedə
gözlərinin işığını itirirdi. Bir tərəfdən uşaqların ehtiyacı, digər tərəfdən də
öz dərdi...
Atam xüsusilə
torpağı, Qarabağı, dağlarımızı, yaylaqlarımızı çox sevərdi. Uşaqlığı o dağlarda
keçmişdi. Sonralar, xüsusi təsərrüfatları əllərindən alındıqdan sonra, əlaqə
kəsilmiş, əkin-biçin, bağ-bağatla məşğul olmuşdur. Ömrünün ahıl dövründə hərdən
dağlarımız, orda adamların keçirdikləri günlərin əhval-ruhiyyəsi ilə özünün şer
parçalarını , misralarını söyləyər və mənə deyərdi: “Qarabağımız, dağlarımız,
bulaqlarımız haqqında niyə yazmırsan”. Mənim isə, nədənsə, əvvəllərdən dağa,
yaylağa, bulağa tərifli şer yazmaqdan xoşum gəlmirdi. Yeri gəlmişkən deyim ki,
təbiət şerlərim daha çox insan və insan taleyi ilə bağlıdır. Kəndimizdə mənim
adıma torpaq sahəsi götürdü. Gözləri ağır görsə də, gözəl bir bağ saldı. Öləndə
iki sözünün biri bu oldu: “Mənə öz suyumuzdan, yəni dağlarımızdan gələn,
kəndimizdən axıb keçən Kötəl çayının suyundan gətirin (o adətən mineral su içirdi)”.
İkinci dediyi söz isə bu oldu: “Mən orda (yəni mənim həyətimdə) hələ bağ
salacaqdım, ağac əkəcəkdim...”. Mən atamın vəsiyyətini yerinə yetirdim, ev
tikdirdim. Bu vəsiyyətlə əlaqədar şerim də var:
Yorub
yollar gəldim
Qışın
qarında
Öpüb
qucaqladım, üzünə baxdım.
Titrədi
son sözü dodaqlarında:
“Ağac
əkəcəkdim, bağ salacaqdım...”
Eşqə, istəyə bax
Ürəkdə,
canda
Əfsus!
Ömrüm boyu dərs alacaqdım.
Əlli
il bağ saldı, dedi son anda
“Ağac
əkəcəkdim, bağ salacaqdım...”
İllər
saçlarıma düzülübdür dən-dən
Gəlmişəm,
neyləyim, bir az uzaqdım.
Yarpaqlar
titrəyir, eşidirəm mən:
“Ağac
əkəcəkdim, bağ salacaqdım...”
Yer
qazıb, arx çəkdi hardan-hara,
Uşaqdım,
qoşulub sulara axdım.
Baxıram
budaqda almaya, nara,
Budaqlar
səslənir:... “ bağ salacaqdım...”
Quşlar
yuva qurub çarpaz budaqda,
Dəyib
toxunmuram, o vaxt uşaqdım
Nə
haqda oxuyur, quşlar nə haqda
“Ağac
əkəcəkdim, bağ salacaqdım...”
Baxıram
bərq vurur üfüqlərdə nur,
Qovur
bir-birini payız, qış, bahar.
Ağac
da əkilir,
Bağ
da salınır
Tək
bircə gedənlər qayıtmırlar.
İndi Ağdam düşmən
əlində, atamın uyuduğu qəbiristanlıq da, yəqin mənim evim də dağıdılıbdır...
Məni ən çox
yandıran odur ki, atama maddi köməklik göstərə bilmədim. Onun son illəri mənim
aspirantura illərimə, bir il (1965) işsiz qaldığım dövrdə və 7-8 ay
xəstəxanalarda qaldığım vaxta düşdü...
“Atamın məzarı
qarşısında” şerimdən:
Əlimdə
gül dəstəsi,
Gözlərimdə
dünyanın
Dərdi,
qəmi, qüssəsi,
Bir
də düzümü seyrək
Qara
təsbehinlə sən.
Dağmı
titrəyib əsən
Yoxsa
mənəm, bilmirəm
Bağışla
görüşünə
Tez-tez
gələ bilmirəm.
Neyləyim
ki, hər şeyi
Açıq demək olmayır.
Neyləyim
ki. Hər şeyi
Açıb
demək olmayır.
Məzarında
adidir
Sənin
özünə oxşar.
Nə
mərmərdən başdaşın,
Nə
də bir abidən var.
...
Düşünürəm: dünyada
Bəzən
su da insanın
Canına
od salarmış.
Bir
insan həyatının
Adiliyi
də bəzən
Hətta
bir nəslin belə
Faciəsi
olarmış.
...
Həkimlər başın üstdə
Bir
yol əsmədi barı.
Qarşında
əyilmədi
Bu
böyük dünyamızın
Mədəni
yaltaqları,
Özünə
dost-tanışlar,
Arxadaşlar
seçmədin,
Nahaq
seçmədin, nahaq?!
...
Məgər bilmədim bəzən
Vəzifəylə
ölçülür
İnsanlıq
və kişilik ,
Mərifət
və qanacaq...
Anam Şövkət Həşim
qızı da savadsız olub. Təsərrüfatda işləyib. Sıravi kolxozçu olub. Anamın
ata-babası qonşu Əhmədavar kəndindəndir. Çox böyük var-dövlətləri ilə
fərqləniblər. Son illərə kimi Kötəl çayı
üstdə su dəyirmanları qalırdı. Ana babam Məşədi Sadıq oğlu Həşim
savadsız imiş, qardaşı Rüstəm savadlı olub, Avropa təhsili alıb. Rus dilində
çox savadlı imiş. Hətta deyilənə görə rus qoşunlarının Qarabağa gətirdiyi
“azadlıq” əleyhinə Ağdamda böyük mitinqdə camaat adından danışan Rüstəm kişi
olub. Anam danışırdı ki, sovet hökuməti gələndə hökumət adamları, əllərində
silah evimizə soxuldular (kənddə ən
yaraşıqlı, çoxotaqlı 2 mərtəbəli bina babamgilin olub. Sovet dövründə, Ağdamın
işğalına qədər məktəb binası idi, mən də 7-ci sinfi həmin binada-məktəbdə
bitirmişəm). Silahın qundağı ilə divarları döyürdülər, harda balaca səs olsa,
divarı uçururdular, qızıl-gümüş axtarırdılar. Bütün yastıq, mütəkkə, yorğan və
döşəkləri bıçaqla cırıb nə isə axtarırdılar. Bütün var-dövlətimizi,
mal-qaramızı, qoyun-quzumuzu, at-arabalarımızı, nə varsa hamısını aparıblar.
Dəyirmanlarımızı aldılar. Tək-tənha qalan Həşim babanı məcbur etdilər ki,
pambıq əksin. Baban etiraz etdi, həm də ona görə ki, təsərrüfatına baxan
adamlar dağılıb getmişdilər. Bu, onu həbs etmək üçün bəhanə idi. Bir müddət
həbsdə qaldı...
O vaxt Bakıda
təhsil alan dayım Nəriman Ağdama gəlir, vəziyyətin mürəkkəb olduğunu görür.
Atasının həbsdən müvəqqəti azad olunmasına nail olur, ailəni yığışdırıb,
daldalanmaq, həm də gizlənmək üçün Bakıya gətirir. Balaca bir otaq kirayə
edirlər. Bu zərbəyə çox davam gətirə bilmirlər. Babam da, cavan oğlu Nəriman da
(29 yaşında) vəfat edirlər. Ailənin digər oğlu Məhəmməd müharibə başlananda könüllü cəbhəyə gedir, orada həlak olur.
Yurd-yuvalarının
dağılması anama bərk təsir etmişdi. Bütün həyatı göz yaşları ilə keçirdi. O,
qardaşlarının, xüsusilə Nərimanın kostyumunu, köynəyini, qalstukunu 30 ildən çox
sandıqda saxlayır, demək olar ki, hər həftə açıb, ağ parçanın üstünə qoyub
ağlayırdı. Belə hallarda bir qayda olaraq, ürəkgetməsi tutur, huşunu itirir,
çabalayır, hıçqırır, qonşu qadınlar tökülüb qolundan, qıçından tutur, üzünə,
sinəsinə su səpirdilər. Yaşlılar da bizə qoşulub ağlaşırdılar. Təxminən bir saatdan,
qırx beş dəqiqə sonra ayılırdı. Sözün həqiqi mənasında ölüb-dirilirdi.
Bir qədər qabağa
gedib demək istəyirəm ki, Ağdam tutulandan sonra anam qaçqın idi. Çox fikir
eləyirdi. Dözmədi, xəstəliyi daha da artdı, ürəyi şişdi. 1995-ci il mayın 25-də
vəfat etdi. Qəribədir ki, 30 il qardaşının paltarını ortaya qoyub ağlayan anam,
Bakıda qardaşının yanında dəfn olunmasını, qardaşına qovuşmasını istəmədi,
vətəndə basdırılmasını vəsiyyət etdi. Görünür biz Vətənin nə demək olduğunu
hələ yaxşı dərk etmirik. Bu haqda şer yazmışam:
Mənim
qaçqın anam Bakıda öldü,
Öldü
“Ağdam” deyə, “Qarabağ” deyə.
Bakı
da həmin o Bakı deyildi,
Bəs
niyə yanmadı qarabəxtliyə?
Əlimi
qoymuşdu döşünün üstə,
Ürəyi
şişirdi, bişirdi, Allah...
Əlimin
altında, o dar qəfəsdə
Ürək
sinəsini deşirdi, Allah.
Ortada
qat kəsən qardaş paltarı,
Qırx
il qardaş deyib şivən qopardı.
Qismətdi,
öləndə Bakıda barı
Qardaşa
qovuşmaq imkanı vardı.
Ölür,
vətən deyir, yurd deyir anam,
Yurd
düşmən əlində, Vətən dardadır.
Bəlkə
haray çəkim: ay dad, ay aman
Bu
millət hardadır, bu xalq hardadır?!
...
Sonuncu qaçqın da bu yer üzündə
Doğma
od-oğaca qayıtsa, belə,
Qaçqın
ürəyində, qaçqın gözündə
Sərvlər
göyərib boy atsa, belə
Mənim
sərvlərim boy atmayacaq.
Mənim
qaçqın anam qayıtmayacaq.
Mənim
köçkün anam qayıtmayacaq,
Mənim
küskün anam qayıtmayacaq.
Mənim təhsilim,
savadım daha çox anamla bağlı olub. Müharibə dövrü bütün kənd uşaqları
məktəbdən uzaqlaşdı. Bircə mən qaldım, bir də böyük qardaşım Fikrət. Anam
qoymadı. Axşamlar əlində ağac məcbur edirdi ki, dərsimizi oxuyaq. İstəyirdi
kitab əlimizdən düşməsin. Hətta qoyun-quzunu otarmağa gedəndə, məcbur edirdi
ki, kitablarımızı götürüb oxuyaq. Haqsız yerə məni məktəbdən qovdular. Anam
məktəbə gedib, bərpa etdirdi. Yeri gəlmişkən, pedaqoji texnikumda oxuduğum və
komsomol təşkilatı katibi olduğum vaxtda da milli zamində belə bir haqsızlığa
məruz qaldım. Rus dili müəllimi ilə mübahisəmiz olmuşdu. Qovulmağım barədə əmr
verildi. Ancaq direktor qorxub əmrini tez ləğv etdi.
Anamın sinəsi
ağılar, bayatılar, laylalarla dolu idi. Xüsusilə, qardaşının paltarlarını
ortaya töküb ağlayanda bəlkə dağ, daş da titrəyirdi, qonşu qadınlar deyirdi:
“Ay Şövkət, bəsdi, uşaqların bağrın yarma...”. Anam isə elə hey bayatı çağırır,
ağı deyirdi:
Ağlaram,
ağlar kimi,
Dərdim
var dağlar kimi,
Xəzəl
olub tökülləm,
Viranə
bağlar kimi.
Əziziyəm kəsdi yolu,
Sel
gəldi kəsdi yolu.
Gəlirdim
səni görüm (ay qardaş)
Əzrayıl
kəsdi yolu.
Yaxud cəbhədəki
qardaşını ağlayırdı:
Çəpərə-çəpər
oldu gəl,
Çəpərə
quşlar dolu, gəl.
Beş
aylıq gedən qardaş
Beş
ilin tamam oldu, gəl.
Yeri gəlmişkən onu
deyim ki, anam can verərkən son bayatısı da bu olub:
Ağlaram
ağlar kimi,
Dərdim
var dağlar kimi,
Xəzəl
olub tökülləm,
Viranə
bağlar kimi.
Görünür məndə olan
“qeyri-adiliyin” ilk əlamətləri məhz qeyri-adi həyat keçirən anamdan qanıma
keçib. Və təsadüfi deyil ki, onun ağıları, bayatıları, keçirdiyi
əzab-əziyyətlər, hiss-həyəcanlar şerimə hopub.
Deyirəm
çəpərə çəpər oldu, gəl,
Deyirəm
çəpərə quşlar doldu gəl.
Üç
aylıq səfərə, ay gedən oğlan,
Üç
ilin, dörd ilin tamam oldu, gəl.
Küləklər
bezikib izləməsə də,
Gecəli-gündüzlü
izlərəm səni.
Yarpaqlar
tökülüb gözləməsə də,
Gecəli-gündüzlü
gözlərəm səni.
Dərdimi,
sirrimi deyib dağlara,
Gözlərəm
səni.
Saçlarım
əlimdə baxıb yollara,
Gözlərəm
səni.
Birini
ağ hörüb, birini qara
Gözlərəm
səni.
“Səni gözləyirəm”
poemasından (1956).
Elə o vaxtlardan
da ürəyimdə şerin ilk qığılcımları yaranıb. Əlbəttə, burada başqa səbəblər də
var. Xüsusilə, insanlar arasında qeyri-bərabərlik. Varlıların yoxsullara laqeyd
münasibəti. Vəzifəlilərin allahlıq etməsi. Haqsızlıq və ədalətsizliklər.
Əlbəttə, həm də gənclik illərinin təmiz, müqəddəs sevgi hissləri. İnsana
məhəbbət. Məni, görünür, ədəbiyyata çəkən bu amillər olub.
Qarabağın
muğamatlı, sözlü-nəğməli mühiti də burada məlum rol oynayıbdır. Uşaq yaşlarımdan
ailəmiz ağsaqqallar dünyası ilə bağlı olub. Ağsaqqalları, müdrik qocaları
tez-tez evimizdə görmüşəm. Məclislərdə belə ağsaqqallarla ünsiyyətdə olmuşam.
Onların müdrik kəlamlarını, öyüd-nəsihətlərini yaddaşıma həkk etmişəm.
Yaşıdlarımdan bir çoxundan məni fərqləndirən, görünür, daha çox, hisslərlə
bağlılığım olub. Hər hansı bir hadisəyə,
fakta münasibətdə fərqimizi açıq hiss edirdim. Məsələn, bir uşağın ölümünü uzun
müddət unuda bilmirdim.
Haqsızlığa,
ədalətsizliyə lap uşaqlıqdan kəskin münasibətim olub. Şahidi olduğum, eşitdiyim
maraqlı, yaxud dəhşətli hadisələr uzun müddət xatirimdə, fikrimdə canlanıb.
Yersiz bir sözümə görə, uzun müddət ürəyimdə xəcalət hissi keçirmişəm.
Ümumiyyətlə, təxəyyülüm güclü olub. Müsbət faktlar da, mənfilər də özümdən
asılı olmayaraq təxəyyülümdə xeyli qabardılıb, şişirdilib, bəlkə də təbii
şəkildə ümumiləşdirilibdir.
Ancaq yaxşı-pis nə
yazmışamsa, bütün mövzularım həyatdan gəlir. Heç bir şeyi uydurmamışam. Əksər
şer və poemalarımın arxasında konkret ünvanlı hadisə, fakt, insan dayanır. Bu
mənada əsərlərim sənədlidir. Hər şerimin, poemamın tərcümeyi-halı var. Bunların
bəzilərini hələ çap olunmayan sənədli poemamda açmışam. Məsələn, ilk “Ana” şerim tələbə vaxtı yanında
yaşadığım Ağca nənəmin (anamın anası) iynəni saplaya bilməməsi ilə bağlıdır.
“Səni gözləyirəm” poemam, yuxarıda qeyd etdiyim kimi, qardaş yolu gözləyən
anamın keçirdiyi həyəcanlarla sıx əlaqədardır. “Ömür təzələnir” poemamın
qəhrəmanı anamın əmisi oğlu, dəhşətli əsirlikdən sonra Sibirə sürgün olunmuş
Kərim Rüstəm oğlunun həyatıdır. Mən universitetdə oxuyarkən, onu ilk dəfə
Bakıda nənəmin, xalamın yanında gördüm. Stalinin ölümündən sonra Sibirdən
qayıtmışdı. Bakıda, Bərdədə, əsir olmusan deyə, iş vermirdilər. Uşaq kimi
ağlayırdı. Dar gündə düşmənə satılmadığından danışır, indi vətəndə ona
münasibətdən şikayətlənirdi, alışıb-yanırdı. Bu mövzunu, hətta “Çistoe nebo
(təmiz səma)” filmi ekrana çıxandan təxminən iki il əvvəl mən yazıb,
“Azərbaycan” jurnalına vermişdim. Çap etmirdilər. Belə misallarda çox gətirə
bilərəm.
Mövzularımın,
xüsusən şerlərimin mövzularının bir çoxu qəfildən fikrimə gəlir, dərhal qeyd
edirəm ki, yadımdan çıxmasın. Uzun müddət onu fikrimdə yaşadıram, “bişirirəm”,
hətta ayrı-ayrı misralarını beynimə yazıram. Nəhayət, özü məcbur edəndə, vərəqə
köçürürəm. Bəzən də, tənbəllik edib, “hələ yetişməyib” deyə vərəqə
köçürülməsini uzadıram, yubadıram. Beynimə düşən mövzular, bununla əlaqədar
yaranan misralar məni toyda, yasda, iclasda, məclisdə, hətta istədiyim adamla
görüşdə belə sakit buraxmır. Bəzən deyiliş tərzini günlərlə axtardığım bir
misranı gecə yuxuda (məncə yaradıcı
adamın yuxusu da qeyri cür yuxudur, normal yuxu deyil). Beyin tam yatmır. Əgər
gecə beynimə düşən, daha doğrusu tapılan misranı qeyd etməsəm, onu unutmaq
qorxusu səhərə qədər məni yatmağa qoymur. Misra fikrimdə təkrar olunur. Qalxıb
bir vərəqdə qeyd edəndən sonra, yata bilirəm. Bilmirəm, bəlkə məndə nəsə bir
çatışmamazlıq, xəstəlik var. Ancaq,
düşünürəm ki, şairlik özü də müəyyən dərəcədə nəsə xəstəlikdir və ya psixi
qeyri-adiliklə bağlıdır.
Mənim xüsusi yazı
saatım yoxdur. Beynimdə misralar, qeyd etdiyim kimi, müxtəlif vaxtlarda evdə, küçədə, mağazada növbədə, kiminsə qəbul
otağında, maşında, trolleybusda, tramvayda, toyda, yasda, bir sözlə, olduğum yerlərdə
yaranır. Onları müxtəlif vaxtlarda kağıza köçürürəm. Kağıza köçürdükdən sonra,
onların üstündə həftələrlə, hətta bəzən, aylarla işləyirəm. HƏr şerin beş-on
dəfə üzünü köçürürəm. Bəzən əvvəlki variantdan əsər-əlamət qalmır. Ancaq hiss
edirəm ki, səhərlər beyin daha duru, təmiz olur.
Poetik ağıl fəal
iş görə bilir. Ancaq imkansızlıq üzündən mən səhərlərdən az istifadə edirəm.
Yazmaq istədiyimi yazıb qurtarana qədər, itik axtaran adam kimi bütün günü
vurnuxuram. Hətta, əsas əhval-ruhiyyəmdən xəbərsizlər narahatçılığın səbəbini
məndən soruşurdular. Səbəbini gizlədirəm. Hərəyə bir “yalan” satıram... Birinə
deyirəm başım ağrıyır, birinə deyirəm dişim ağrıyır. Ona görə belə deyirəm ki,
sonra mənə şəbədə bağlayıb, lətifə qoşmasınlar. Biz belə şeylərdə çox pərgarıq.
Yazandan sonra elə
bil üstümdən dağ götürülür. Özümü çox yüngül, sakit hesab edirəm.
Mən heç vaxt
yaradıcılığa çörək ağacı kimi baxmamışam. Tək-tək şerləri çıxmaq şərti ilə
hamısı daxili ehtiyacdan yaranıb. O
“ayrı-ayrıları” ya redaktorlar məcbur edib, xahiş edib yazdırıb. Ya da məni
“xəta-bəladan” qorumaq üçün, haqqımda haralarda isə müəyyən müsbət fikir
yaratmaq üçün yazdırıblar. Əlbəttə, yaşadığım dövrlərdə inamsız da yaşamamışam.
Partiyaya da, Lenin ideyalarına inanmışam. Ancaq bu mövzulardan ürəyimi deşən
tənqidi sözümü demək üçün bir vasitə kimi istifadə etmişəm. (Bax: Lenin
haqqında şerlərimə).
Həmişə daxili
ehtiyacla, ürəyimin sifarişi ilə yazmışam. Ürəyi isə həmişə haqsızlığa,
ədalətsizliyə, zülmə, əsarətə, insan hüquqlarının tapdalanmasına qəzəb, nifrət
hissi ilə döyünüb. Yaltaqlığı, ikiüzlülüyü , laqeydliyi, lovğalığı,
zülmkarlığı, yerlibazlığı, dəstəbazlığı, qohumbazlığı görməyə gözüm olmayıb,
şerlərimdə, poemalarımda tənqid atəşinə tutmağa çalışmışam. Buna görə də həmişə
hücumlara məruz qalmışam. Şerlərimin publisistik təbiəti də məhz bu təbiətim,
xasiyyətim ilə bağlıdır. Bu publisistik ruhu bəzən şerimə nöqsan tutublar. Mən
publisistik təbiətsiz şer təsəvvür etmirəm. Əlbəttə, ölçü daxilində.
Yaradıcılığımda
nəyə nail olmuşam, deyə bilmərəm. Ancaq onu bilirəm ki, bütün təzyiqlərə,
hücumlara baxmayaraq ürəyimin sözünü deməyə müəyyən dərəcədə nail olmuşam.
Mətbuat, söz azadlığının nə olduğunu bilmirəm. Yazdıqlarımı dava-dalaş ilə dərc
etdirmişəm. Hamısını da alayarımçıq. Hər halda belə vəziyyətdə ürəyimin sözünü
demişəm. Müstəqillik, azadlıq dövründə
təzyiqlərə daha çox məruz qalıram.
Ümumiyyətlə, bu
gün yaradıcı adam daha çox hücuma məruz qalır. Son aylarda prezident
aparatında neçə-neçə iclasda adım
çəkilib, yuxarıdakı şerim Azərbaycan dövlətçiliyinə zərbə(?) kimi qiymətləndirilib.
Rayonlarda keçirilən fəallar yığıncaqlarında, adım bir qayda olaraq,
hallandırılıb. Axırı da prokurorluğa çağırılmağımla nəticələnib. Budurmu
azadlıq, müstəqillik, sərbəstlik. Budurmu demokratiya. Budurmu imperiyasız
müstəqil, azad həyat?! Lap son şerlərimdən birində yazmışam:
Mənim telefonumda qulaqlar bitib,
Qulaqlar
yanında ulaqlar bitib.
Ulaqlar
yanında çolaqlar bitib.
Kökü
neçə-neçə qulaqdan keçər,
Qulaqdan,
yolaqdan, yalaqdan keçər.
Mənim
telefonumda nəfəslər bitib,
Nəfəslər
yanında nakəslər bitib.
Nakəslər
yanında qəfəslər bitib.
Bəlkə
buna görə qulağım səsdə,
Nəfəsim
qəfəsdə, səsim qəfəsdə...
Ailədə atam, anam
və dörd qardaş olmuşuq. Hamısı ali təhsil alıb. Fikrət böyük qardaşımdır. Bizə
ata əvəzi olub. 30-40 il kənd sovetində katib işləyib. Aldığı qəpik-quruş əmək
haqqı ilə həm ailəsini dolandırıb, həm də Bakıda bizim oxumağımıza kömək edib.
Sonralar universitetin hüquq fakültəsini bitirdi. Ancaq pulsuz olduğuna görə,
heç olmazsa başqa kiçik bir iş də vermədilər. Təxminən 40 ildən sonra İcra
başçısının kənd üzrə icraçısı təyin olundu. Bir ildən bir qədər artıq işlədi.
Ağdam düşmənə təhvil veriləndən sonra işdən də çıxarıldı. Hazırda da küçələrdə
ac-susuz yaşayan milyonlardan biri də odur. Digər qardaşım Zakir Politexnik
universitetdə kafedra müdiridir. Sabir texnikumda təsərrüfat işlərinə baxır. 25
ildir özünə münasib iş axtarır, tapa bilmir. Çünki nə pulu var, nə
əmisi-dayısı.
Yaradıcı adamın
həyatı, taleyi ailəsindən, ailədə münasibətdən çox asılıdır. Əlbəttə, bu,
birinci növbədə ailənin qadınına, Mirzə Cəlil demişkən, uşaqların anasına daha
çox aiddir. Bu cəhətdən taleyimdən razıyam.
Həyat yoldaşım
Ofeliya Qara qızı ali təhsilli filoloqdur. Ağdamda anadan olub. Biz ailə
quranda mən aspirant idim, o isə orta məktəbi bitirmişdi. Sonralar
universitetdə qiyabi təhsil aldı. Ancaq bir-birinin ardınca uşaqların olması
işləməyinə imkan vermədi. Evləndiyimiz ilk günlərdən çox böyük çətinliklərlə
üzləşdi. İlk övladımız Şamil dünyaya gəldi. (Bu adı ona yazıçı Bayram Bayramov
qoyub. Allah ona rəhmət eləsin. Böyük şəxsiyyət idi. Zəmanənin qurbanı oldu).Bəzən
bir litr süd almağa belə pulumuz olmurdu. Ancaq bunu kimsəyə, ən yaxın
qohumlara belə bildirmirdik. Bu ərəfədə bir-birinin ardınca faciə baş verdi.
Əvvəl Ofeliyanın atası, Ağdamda hörmətli kişilərdən olan, Qara Əbdülhüseyn
oğlu, sonra isə mənim atam vəfat etdi. Dəfələrlə Ağdama gedib-gələsi oldum.
Axırıncı səfərlərim qışın şaxtalı günlərinə düşdü. Xəstələndim. 1965-cı ilin
martın son həftəsində, namizədlik dissertasiyası müdafiəmə 8-10 gün qalmış isə
ürəyimdə dəhşətli ağrılar oldu. Məşhur Loğman Həqqi bəy Veyisov. (50 il
yazıçıların həkimi olmuşdur) gəlib tərpənməyimi qadağan etdi. “Ürək iflici
başlayır”- dedi. Təsəvvür edin altı aylıq övlad atasında, hələ
aspirantlıqdan qurtarmayan adamda ürək iflici başlayır!
Xəlil Rza
köməyimə gəldi. Müdafiədə edəcəyim çıxışın mətnini yazdı. Müdafiə günü bütün
müqavilələri qırıb ayağa qalxdım, geyindim. Qolumdan tutub məni taksiyə
oturtdular. Ürək elə döyünürdü ki,... az qalırdı sinəmi deşə. Danışa bilmirdim.
İstisna hal kimi müdafiədə çıxışımın mətnini (Xəlil yazdığı mətni) də Xəlil Rza
oxudu. Suallara bir təhər cavab verdim. Səhərisi günü məni xaralda xəstəxanaya apardılar. 5-6 ay
Bakı xəstəxanalarında, sanatoriyalarında qaldım. Bu ağır günlərdə qucağında altı
aylıq körpəsi olan gənc ananın nələr çəkdiyini, nə kimi dəhşətli ehtiyac və çətinliklə üzləşdiyini,
təsəvvürə gətirmək çətindir. Buna baxmayaraq demək olar hər gün xəstəxanaya yanıma gəlirdi. Mənə
ürək-dirək verirdi. Bir dəfə Şamili də gətirmişdi. Mən xəstəxanaya gedəndə pişik
boyda idi. İndi ana qucağına sığmırdı. Nəhayət uzun xəstəxana həyatından sonra
(demək olar ki, müalicə heç bir nəticə verməmişdi. Həmin ürək döyünməsi, həmin
yuxusuzluq, həmin iştahasızlıq, diyeta və s.). Loğman Veyisov dedi: “Famil
sənin dərdin havadır, vətən havasıdır, Şuşanın havasıdır. Gəl sən bu
xəstəxanalardan uzaqlaş, get Şuşanın havasına. İstəyirsən dilimdən kağız verim:
vallah-billah tamam sağalıb qayıdacaqsan”. Neyləyə bilərdim. Qəpik-quruş
tapıb əvvəl Ağdama, sonra Şuşaya getdik. Ən ucuz bir otaq kirayə tutduq.
Həqiqətən, 2 ayda Şuşanın havası məni sağaltdı. Şamil də Şuşada ilk dəfə ayaq
açıb yeridi. Bakıya qayıtdıq. Həmin ilin qalan aylarını da işsiz keçirdim.
Kafedrada müdafiə eləmiş elmlər namizədinə adi bir laborantlıq da vermədilər. Əsas
səbəb bu idi ki, xəstəyəm. Özümə pensiya (təqaüd, əcəb dünyadır!) düzəltdirməliyəm.
Bir il işsiz qalandan sonra laborantlığa düzəldim. 88 manatla yaşayası olduq.
Xəstəlik də imkan vermirdi ki, yazı-pozu ilə məşğul olum.
Mənim bu dəhşətli,
ağır dövrümdə (demək olar ki, 5-6 il günüm həkimlərdə keçirdi), bu çətinlik bir
dəfə də olsun üzümə vurulmadı,
başıma qaxılmadı. Beləliklə Allahdan
aşağı Şamilin anasının səmimiyyəti, qayğıkeşliyi, sözün həqiqi mənasında
canıyananlığı məni həyatın burulğanından çıxartdı. Hələ Şamil ana bətnində
olarkən, bəzən, dəniz sahilində (həkimlər dəniz havası məsləhət görürdü)
dissertasiyanın ayrı-ayrı səhifələrini mən diktə edirdim, Ofeliya isə dizi
üstündə yazırdı. Sonralar doktorluq
dissertasiyası yazılan zamanlarda da bu hal təkrar olunmuşdur.
Bütün çətinliklərə
birlikdə qalib gəldik. Bu dəhşətli aylardan, illərdən sonra yenə qələmə
sarıldım. Doktorluq dissertasiyası müdafiə etdim. Bir vaxtlar laborant
götürülmədiyim kafedraya müdir təyin olundum. 20-dən çox poetik kitabın, 7-dən
çox elmi məqalənin, bir neçə dərs vəsaiti, monoqrafiya və dərslik müəllifi
oldum. Həyatda gəldiyim nəticənin biri də budur ki, insan özünü öldürə də
bilər, yaşada da. Həqiqətən iradə, dözüm çox vaxt qalib gəlir! Həyatda çox şey
insanın özündən asılıdır.
Üç övladımız var.
Böyüyü Şamil Moskva universitetinin tarix fakültəsini bitirdikdən sonra bir
müddət inşaat-mühəndisləri institutunda müəllim işlədi. BDU-da əyani aspirant
oldu. Ancaq aspiranturanı qurtardıqdan sonra işə götürülmədi. İndi də işsizdir.
Təxminən 80 nəfər aspirantın hamısına iş tapıldı, ancaq mənim oğlumdan başqa.
Bu rəsmi, inkaredilməz faktdır. Bununla əlaqədar universitetin elmi şurasında çıxış edib
danışmışam, bütün həqiqəti çılpaqlığı ilə rüşvətxor rektorun üzünə demişəm.
Sonralar məlum olub ki, bu rüşvətxor rektor seçiləndə ona səs verməmişəm,
acığını sonralar oğlumdan çıxıb. Evlidir, gəlinimiz Kəmalə ilə iki oğul nəvəmi
böyüdürlər.
İkinci övladımız Nəriman universiteti ərəb
şöbəsini fərqlənmə diplomu ilə bitirib. Hazırda o da işsizdir. Qızımız Yeganə
universitetin filalogiya fakültəsini fərqlənmə diplomu ilə bitirib. Hazırda
fakültədə işləyir.
Ən böyük dərdim
Qarabağ dərdidir. 6-7 ildir ki, cəbhələrdəyəm. Ancaq torpaqlarımız Bakıda bir
qrup dələduzların vəzifə, şan-şöhrət davasının qurbanı oldu. Bütün gecəni sübhə
kimi yata bilmirəm. Çimir eləyəndə dağlarımız, daşlarımız, oylaqlarımız,
ev-eşiyimiz yuxuma girir. Öz hönkürtümə yuxudan ayılıram. Ən dəhşətlisi
budur ki, hətta vətən, torpaq dərdini də yazmağa imkan verilmir. Siyasi
oyunlar bu gün də davam edir. İqtidarın atəşkəs siyasəti yaxşı niyyətlə edilsə
də, torpaqların birdəfəlik əldən getməsinə imkan yaradır. Düşmən qan töküb
tutduğu torpağı sülhlə verməz. Son şerlərimdən (çap olunmayıb) biri bu
haqdadır:
“Mənim
Dudayevim hardasan, harda?”
Mənim Dudayevim hardasan, harda?
Mənim
dua yeri, hardasan, harda?
Bəlkə
Xocalıda güllələnmisən,
Göydən
gül yerinə kül ələnmisən?
Bəlkə
barmaqlıqlar arxasındasan,
Bəlkə
bir körpənin qorxusundasan?
Dünyaya
yenicə gəlmisən də, gəl,
Haqqın
yox ölməyə, ölmüsən də gəl.
Qanad
tax poladdan, qanadlan, atlan,
Ümid
ürəklərdə boşalıb gedir.
Qarabağ
davası çıxıbdır yaddan,
Vəzifə
davası baş alıb gedir!
Beləliklə, sən
kimsən. Famil Mehdi?
Yaxşı olar ki, bu
suala xalqın, millətin həqiqətən düşünən, ağıl işlədən adamları cavab versin.
Famil
Mehdi
fevral-iyun
1995-ci il.
Nəslimizin gələcək nümayəndələri üçün qeyd : şair, tənqidçi, publisist, filologiya elmləri doktoru, professor Famil Mehdi rəhmətlik atam İrşad Məhəmməd oğlu Əliyevin doğmaca dayısı oğludur. (Adil İrşadoğlu - Əliyev).
1 yorum:
Ağdamın süqutu 1993-cü il iyulun 23-də başa çatdı. Ermənilər Ağdam rayonunun 77,4 faizini işğal edib və bu gün də işğal altında saxlayırlar. Hazırda Ağdam şəhəri və rayonun 80 kəndi erməni işğalı altındadır. Erməni təcavüzü nəticəsində rayona 13 milyard ABŞ dollarından çox məbləğdə ziyan dəyib. Ağdam həm də erməni təcavüzkarları ilə döyüşlərdə ən çox şəhid verən bölgələrdəndir. Ağdam uğrunda gedən döyüş zamanı 6 mindən artıq insan şəhid olub.
Yorum Gönder