Translate

4 Şubat 2012 Cumartesi

1-Cİ QARABAĞ MÜHARİBƏSİ DÖVRÜNDƏ...



Dağlıq Qarabağ hadisələri başlayandan Ağdam burada cərəyan edən hadisələrin mərkəzi olmuşdur.


 
Mövcud dövlətini qədim Azərbaycan torpaqları üzərində qurmuş Ermənistan Azərbaycanın yeni bir ərazisini - Dağlıq Qarabağı işğal etmək məqsədi ilə 1988 - ci ilin fevralından başladığı müharibəyə ilk olaraq məhz Ağdam rayonu cəlb olunmuş, hadisələrin ilk günlərindən ən böyük ağırlıqlar Ağdam rayonunun, onun əhalisinin üzərinə düşmüşdür.

 1988-ci ilin son aylarında Ermənistandan öz ata-baba yurd - yuvalarından, daha sonra Dağlıq Qarabağ Muxtar Vilayətindən doğma isti ocaqlarından silah gücünə amansız vəhşiliklərlə qovulub didərgin salınan on minlərlə azərbaycanlı məhz Ağdam rayonuna pənah gətirdi.

 1992-ci ildə Dağlıq Qarabağı bütünlüklə işğal edən Ermənistan Rusiya ordusuna arxalanaraq, bununla kifayətlənməyərək Dağlıq Qarabağın ətraf rayonlarına da hücum etdi. Xüsusən Ağdama olan hücumların ardı - arası kəsilmirdi. 1993 - cü ildə Ağdamın müdafiəsi Surət Hüseynovun Gəncədə qaldırdığı qiyam nəticəsində xeyli zəifləmişdi. Ona tabe olan qüvvələr cəbhədəki mövqeləri qoyaraq, Bakıya doğru hücuma keçmişdilər. Ermənilər bu fürsətdən çox bacarıqla istifadə etdilər. 1993-cü ilin may ayının 11-dən etibarən qızışan bu hücum əməliyyatları həmin il iyul ayının 23-də Ağdamın süqutu ilə başa çatdı.

 Ağdama edilən son hücumda 6.000 nəfər erməni əsgəri iştirak edirdi. Onların arasında çoxlu sayda xaricdən gəlmiş ermənilər və muzdlu əsgərlər də var idi. Ağdam uğrunda gedən döyüşlərin birində bədnam erməni terrorçusu Monte Melkonyan gənc azərbaycanlı kəşfiyyatçı İbad Hüseynov tərəfindən öldürüldü. Bundan sonra 1994-cü il mayın 12-dək davam edən hərbi təcavüz nəticəsində ermənilər Ağdam rayonunun 846,7 km², yəni ümumi ərazisinin 77,4 %-ni işğal etməyə nail oldu. Ağdam uğrunda gedən döyüşlərdə 6.000 nəfər azərbaycanlı şəhid olub. 2010-cu ilin noyabr ayında Dağlıq Qarabağ separatçıları rayonun adını erməniləşdirmək məqsədi ilə Ağdamın adını dəyişərək Akna qoyublar. Onların verdiyi məlumata görə Ağdamın hazırda işğal edilmiş ərazilərində 360 nəfər daimi məskunlaşıb. 



1 yorum:

Adil Irshadoqlu - Aliyev dedi ki...

Ağdamın süqutu 1993-cü il iyulun 23-də başa çatdı. Ermənilər Ağdam rayonunun 77,4 faizini işğal edib və bu gün də işğal altında saxlayırlar. Hazırda Ağdam şəhəri və rayonun 80 kəndi erməni işğalı altındadır. Erməni təcavüzü nəticəsində rayona 13 milyard ABŞ dollarından çox məbləğdə ziyan dəyib. Ağdam həm də erməni təcavüzkarları ilə döyüşlərdə ən çox şəhid verən bölgələrdəndir. Ağdam uğrunda gedən döyüş zamanı 6 mindən artıq insan şəhid olub.