Kreml başçısı Rusiyanın ikili standart siyasətini faş elədi; Moskva Qafqaz uğrunda həlledici döyüşə hazırlaşır...
Rusiyanın Gürcüstana ikincinin ərazilərinin işğalı ilə bitən hərbi təcavüzündən (“5 günlük müharibə”) 4 il ötdü. İldönüm günü Rusiyanın hazırkı prezidenti, o zaman isə baş nazir postu tutmuş Vladimir Putin sensasion etiraf edib.
Putin deyib ki, Gürcüstana müdaxilə şəxsən onun iradəsi əsasında olub və əməliyyata da iki il qabaqdan - 2006-cı ildən hazırlıqlar görülüb. Sitat: “Sirr deyil ki, plan var idi və biz o plan çərçivəsində hərəkət edirdik. Bu plan Baş Qərargah tərəfindən 2006-cı ilin sonu, 2007-ci ilin əvvəlində hazırlanmış və mənimlə razılaşdırılmışdı”.
Açıqlamadan aydın olur ki, hərbi müdaxiləyə qərarı o zaman Pekin olimpiadasında olan baş nazir Putinin prezident Dmitri Medvedyevə və müdafiə nazirinə israrlı zənglərdən sonra reallaşıb.
Belədisə, onda əvvəla, bu etiraf Medvedyev dönəmində də ölkə sükanı arxasında Putinin durduğuna, Medvedyevin isə marionet olduğuna şübhə yeri qoymur. Zatən, 4 il öncə də hamı əmin idi ki, beynəlxalq hüquqa təhqir olan hərbi müdaxilə qərarı məhz KQB-nin sonuncu mogikanı Putinin işidir.
Putinin öz etirafını Ermənistan prezidenti Serj Sərkisyanla Moskvada keçirdiyi görüşdən sonra səsləndirməsi də rəmzi məna daşıyır və heç şübhəsiz, öncə Azərbaycana hədə məqsədi güdür. Hər halda açıqlamada beynəlxalq hüququ tapdamağa, suveren bir dövlətə hərbi müdaxiləyə görə zərrəcə üzrxahlıq elementi yoxdur. Əksinə, “düz etmişik” jesti var. Üzrxahlıq yoxdusa, demək, bəd presedentin davamı gələ bilər.
Rusiya dövlət başçısının açıqlaması tək Azərbaycana deyil, Kremlin “ikinci sort” saydığı bütün “Yaxın Xaric” ölkələrinə növbəti əzələ nümayişi sayılmalıdır. Bu, eyni zamanda Rusiyanın onu açıq şəkildə işğalçı adlandıran ABŞ-a qarşı bir demarşdır, antiqərbçi kimi tanınan Putinin Qərb önündə güc nümayişidir, nəhayət, Güney Qafqazdakı maraqlar uğrunda mübarizədə Moskvanın güzəştə getməyəcəyinin anonsudur.
Açıqlama həmçinin Rusiyanın azadlıq istəyən xalqlara qarşı ikili standart siyasəti yürütdüyünün etirafıdır. Unutmayaq ki, bir vaxt Çeçenistandakı milli azadlıq hərəkatına “separatizm” damğası basıb çeçen xalqını qan içində boğan da Putin olub. Amma çeçenlərin azadlıq haqqını tank-topla qarşılayan Moskva Abxaziya və Cənubi Osetiyadakı separatizmi gül-çiçəklə qarşılayıb və utanıb eləmədən dövlət səviyyəsində separatçılara dəstək verib, hərbi kömək göstərib, ardınca bu iki separatçı qurumun müstəqilliyini tanıyəb - dünyanın iradəsi əleyhinə olaraq. İndi necə olur, öz daxilindəki separatizm pisdi, qonşu dövlətin ərazisindəki yaxşı?
Beləcə, şimal ayısı hələ ki fiziki gücdən savayı heç bir anlaşma vasitəsi hərləmir. Deməli, açıqlama-etirafdan ən çox Azərbaycan pay götürməlidir. O da bir daha bəlli olur ki, Kreml Qarabağ məsələsində də heç vaxt səmimi olmayıb, olmayacaq, ondan ədalətli vasitəçi gözləməyə dəyməz. Çünki Moskva üçün bu konfliktlərin hamısında yeganə hərəkətverici qüvvə onun regiondakı hərbi-siyasi maraqlarının qorunmasıdır. Purinin məlum fikirləri bu qənaətlə bağlı illüziya saxlamadı.
Təsadüfi deyil ki, Abvxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıyandan sonra Rusiya dərhal bu ərazilərlə böyük hərbi kontingent yeridib, orada iri hərbi bazalar qurub. Payızda isə Ermənistandakı və bu iki separatçı qurumdakı hərbi qüvvələrin də iştirakı ilə Qafqazda genişmiqyaslı hərbi manevrlər keçirməyə hazırlaşır.
Bütün bunlar ondan xəbər verir ki, Rusiya bölgəni nəzarətdə saxlamağın yeganə yolunu hərbi vasitələrdə görür. Və bu zaman beynəlxalq hüquq normaları onu ən axırıncı planda qayğılandırır. Suriyada, İran ətrafında mürəkkəb proseslərin getdiyi zamanda Kremlin regionda bu cür hərbi demarşlarını artacağını gözləmək lazımdır.
Baş nazir Medvedyevin separatçı bölgələrə səfəri də eyni hədəfə xidmət edir. Rusiya demək istəyir ki, mən burdayam. Söz düşmüşkən, Medvedyev səfər zamanı Rusiyanın Gürcüstana hərbi müdaxiləsini “vaxtında və ədalətli” adlandırıb. Eyni mesaj, eyni hədə. Anlaşılandır. Çünki Moskva narahatdır. Azərbaycanda və Gürcüstanda rus hərbi mövcudluğunun sıfıra endiyi vaxtda Abxaziya və Cənubi Osetiya Kreml üçün olduqca mühüm plasdarm rolundadır bu gün. Eləcə də Ermənistan, Gümrü bazası.
Bir sıra təhlilçilərə görə, Ermənistan prezidentinin öz məzuniyyətini yarımçıq qoyub Moskvaya tələsik səfərə yollanmasının arxasında da Moskvanın bölgə sarıdan əndişəsi, burada daha da möhkəmlənmək planlarını müzakirə eləmək dayanıb. O sırada İran, Suriya məsələlərinin, Amerikanın bölgədə hərbi-siyasi, iqtisadi nüfuzunun artmasının ortaq maraqlara mümkün mənfi təsirlərini aradan qaldırmaq yolları, birgə hərəkət planının diqqət mərkəzində saxlandığı deyilir.
Belə görünür, Rusiya Qafqaz uğrunda həlledici döyüşə hazırlaşır.
Zahid SƏFƏROĞLU