Translate

27 Ocak 2015 Salı

Xruşşovu qorxuya salan tədqiqat və ya Atlantlar kimdir?


ARAŞDIRMA

Dünya xalqlarının əfsanə, mif, nağıl və əsatirlərinə əsasən, qədim dövrlərdə planetdə Tanrılar kimi qüdrətli insan irqi yaşayıb. Bu xalqı titanlar adlandırırlar. Demək olar ki, dünyanın bir çox din və inanclarında bu barədə məlumat var. Bu, uydurmadır, ya həqiqət?

Mütəxəssislərin fikrincə, bu uydurmalarda həqiqət payı çoxdur. Çünki aralarında okeanlar və dənizlər olan müxtəlif xalq və qəbilələrin müəyyən mif və əsatirləri sözbəsöz təkrarlanır. Bunun izahı nədir? Eyni zamanda, bütün xalqların miflərində az qala dünyanı məhv edə biləcək dəhşətli faciələr haqda mövcud, tamamilə eyni məlumatları necə izah etmək olar?

Tibetdə də, Skandinaviya ölkələrində də titanlar haqda çoxsaylı əfsanələr var. Bu əfsanələrə əsasən, azman insanların (söhbət titanlardan gedir) sahib olduğu elmin səviyyəsinə müasir dünya heç bu gün də çata bilməyib. Məsələn, Atlant insanlara astronomiyanın sirlərini açıb. Buna görə də o, Tiotiukanı çiynində saxlayan pəhləvan obrazında təmsil edilib. Onun arxeoloji cizgiləri Günəş sisteminin quruluşu ilə üst-üstə düşür. Burada Uran və Plutonu simvolizə edən iki məbəd var. Alimlər bu barədə ancaq XX əsrdə məlumata sahib ola biliblər. İncilə əsasən, titanlar qanların qarışması nəticəsində, yəni dünyada yaşayan qızlarla Tanrı övladlarının nikahından əmələ gəliblər.

İncildən başqa, dünya xalqlarının miflərində və mifləşdirilmiş yunan tarixində də titanlar barədə mənbələr var. Titanlar haqqında çoxsaylı məlumatlara əsasən, bir çox məsələlərə aydınlıq gətirmək mümkündür. Məsələn, əfsanəyə görə, titanlar  qəribə gücə malik idilər. Bu gücün hesabına Stounhenc, Tanrılar Şəhəri, Misirdə Sfinks, Teotiukan və başqa nəhəng abidələr meydana çıxdı. Baalbəy terrasında üç nəhəng blok var. Bu bloklardan birinin çəkisi 700 tondur. Bloklar bir-birinə qəribə dəqiqliklə sıxışdırılıb, onların arasında bir millimetr məsafə var. Bu, müasir inşaat texnikası üçün də çox çətin tapşırıq sayılır. Qədim dövrdə isə, belə bir bloku yerindən tərpətmək üçün 40-50 min insanın gücü lazım imiş.

Dünyanın müxtəlif xalqlarının azman insanlardan bəhs edən mif və əfsanələrinin olması təsadüfi deyil. Çox güman ki, bu əfsanələrin təməlində nəsildən-nəslə ötürülmüş real faktlar dayanır. Söhbət, boyu 5 metrə çatan azman insanlardan gedir. Qədim tarixi sənədlərdə uzaq keçmişdə nəhəng insanların yaşadığına dair müxtəlif sübutlar var. Azmanlar barədə məlumata Pavsaniyanın kitablarında da rast gəlmək mümkündür. Sront çayının dibindən uzunluğu 5.5 metrə çatan insan skeletinin çıxarılması barədə tarixi məhz Pavsaniya yazıb. Orta əsrlərə aid “Tarix və tamahkarlıq” kitabında isə 4 metrlik insan skeleti barədə məlumat var. Bu skelet Kamberlenddə tapılıb. Maraqlısı odur ki, skelet hərbi libasda olub. Onun yaxınlığında isə nəhəng balta və qılınc tapılıb.

XIX əsrdə yaşamış amerikalı hakim Uest arxeoloji qazıntılarla maraqlanırdı. O, Missuri meşələrində qəbir kurqanları tapır. Qəbirlərin içində nəhəng insan sümükləri var. Məsələn, bu skeletlərdən birinin alt çənə sümüyü adi insan çənə sümüyündən iki dəfə böyükdür.

İrlandiyada isə XIX əsrin sonlarına doğru hündürlüyü 4 metrə çatan mumiya tapılıb. Bu tapıntı hər kəsə məlum oldu və Mançester, Dublin və Liverpulda təşkil edilən sərgilərdə bir çox insan  4 metrlik insan skeletini gördü.

Bundan başqa, Əfqanıstanın Kabul şəhəri yaxınlığında yerləşən bir kənddə qədim dövrdən qalma  5 daş fiqur var. Fiqurun biri normal ölçüdə, digəri 6, üçüncü 18, dördüncü 38, beşinci fiqur isə 54 metr hündürlükdədir. Bu heykəllərin yaranma tarixi, mənşəyi barədə yerli sakinlər heç bir məlumata malik deyillər. Onların fikrincə, heykəllər kəndi mühafizə edirlər.

Əfsanələrə inansaq, Yer planetində əvvəllər titanların yaşamadığı bölgə yoxdur. Böyük Britaniyanı ziyarət edən turistlərin əksəriyyəti Stounhencdə yerləşən iri tikililərə baxmaq istəyir. Tikili çəkisi 100 ton olan daşlardan inşa edilib və cənubi İngiltərədə yerləşir. Böyük Britaniyada bu səpkidən bir neçə tikili olsa da, onlar bu qədər böyük ölçülərə sahib deyillər. Abxaziyanın Adıgey əyalətində 4 mindən çox dolmen (daş dövrünə məxsus tava daşlarından ibarət sərdabə) kompleksi var. Onların ümumi sayı 10 minə qədər hesablanıb.

Qədim əfsanələrə əsasən, Qafqaz dağlarında yerləşən nəhəng dolmenlər titanlar tərəfindən inşa edilib. Bu barədə kifayət qədər nağıl və əsatir mövcuddur. Bəzi əfsanələrə əsasən, əsrlər öncə burada amansız müharibələr gedib. Bu müharibələr titanlarla Tanrılar arasında baş tutub. Müharibə zamanı azmanlar müdafiə olunmaq üçün daş tikililər inşa etdilər. Alimlər bu versiyaya şübhə ilə yanaşırlar. Amma tikililərin hündürboylu, azman insanlar tərəfindən inşa edildiyi barədə dəlillər mövcuddur. Onlar həm içəridən, həm çöldən istehkama bənzəyir. Çox güman ki, bu dolmenlər hərbi istehkam rolunu oynayıb. Bəlkə də, dini ayinləri icra etmək üçün nəzərdə tutulub. Daş plitələr bir-birinə ideal formada birləşdirilib. Müasir inşaatçılar hər zaman bu tip keyfiyyətli iş nümayiş etdirə bilmirlər. Ən qəribə dolmen Neksis dağında yerləşən Aylı adlandırılan tikilidir. Bu tikili  Г obrazlı bloklardan ibarətdir. Bu tikilinin necə inşa edildiyi barədə alimlər heç bir məlumata sahib deyillər. Yerli əhali üçün dolmenlər Yer və Səma arasında əlaqələndirici zəncir rolunu oynayır. Dolmenlərə baxmağa gələn hər bir sakin daşlara söykənərək, enerji yığır.

Beləcə, bəzi qədim məxluqlar nəhəng daşları yerləşdirmək, onları çox dəqiqliklə birləşdirmək üçün yüksəksəviyyəli texnologiyaya sahib olublar. Bu tikililərin arxitekturası müasir mütəxəssisləri heyrətə gətirir. Bu zaman belə bir məntiq ortaya çıxır ki, bəşəriyyət bir neçə min il əvvəl mövcud olmuş hansısa böyük sivilizasiyanı unudub. Sadəcə, müxtəlif xalqların əfsanələrində bu sivilizasiya barədə məlumatlar qalmaqdadır.

Gelencik rayon sakini Pavelin sözlərinə görə, Xruşşov dönəmində arxeoloqlar onun yaşadığı kənddə iri sümüklər tapıblar. Alimlər orta əsrlərə aid qəbiristanlıqda qazıntı apardıqları zaman bu sümüklərə rast gəliblər. Bu hadisədən dərhal sonra ekspedisiya Moskvaya qayıtdı. Tapılan sümüklər məhv edildi və arxeoloqlar bir daha kəndə qayıtmadılar. Bu, Nan Madolda baş verən hadisə ilə çox oxşardır. Elmə Nan Madol bölgəsi 1585-ci ildən məlumdur. Amma bununla belə, Sakit okeanın Venesiyası adlandırılan Nan Madol barədə bu günə qədər də alimlər heç bir izahat verə bilmirlər. Ölçülərinə görə tikili Misir piramidalarından heç də geri qalmır. Mərcan riflər üzərində 92 ada inşa edilib. Adalardan ən böyüyü dəniz səviyyəsindən 8 metr hündürlükdə yerləşir. Qüllə və divarların inşa edildiyi daşların çəkisi 500 tondan çoxdur. Bu günə qədər də milyonlarla ton daşdan liman, qala inşa etmək, kanallar açmağın kimə lazım olduğunu heç kəs bilmir. Alimlər bu adaların mövcudluğunu unutmağa çalışırlar. Çünki daşların yaşını müəyyən etmək, demək olar ki, mümkünsüzdür.

Okeaniyanın yerli sakinləri Nan Madolu inşa edən nəhənglərdən bəhs edirlər. Alimlər bu məsələyə şübhə ilə yanaşsalar da, azman insanların qalıqları tapılıb. Məşhur arxeoloq Erirx fon Deniken XX əsrin 60-cı illərində arxeoloqlardan ibarət ekspedisiya tərəfindən adalarda çox nəhəng insan sümükləri tapıldığını yazırdı. Arxeoloji qazıntılar çox qısa müddətə dayandırıldı. Müəllifin iddiasına əsasən, sümüklər torpağa basdırıldı və araşdırmalara son verildi. Eyni hadisə Qafqaz dağlarında da baş verdi.

Müasir araşdırmalar “klassik” tarixin əleyhinə olan və onunla ziddiyyət təşkil edən kifayət qədər faktlar ortaya qoyur. Bu səbəbdən bir sıra alimlər tarixi yenidən yazmaq lazım olduğu barədə iddialarla çıxış edirlər. Bu ziddiyyətli faktlar arasında əl ilə inşa edilmiş Misir Piramidaları, 200 tonluq daşlardan inşa edilmiş Maçu-Pikçu məbədi, Baalbəyin inşa edildiyi 500-800 tonluq daş plitələr də var.

Qədim Misir xalqlarının etiqadına əsasən, fironların ilk sülaləsi azmanlar irqindən əmələ gəlib. Onlar dəniz vasitəsilə Misirə gələrək, təbabət elminin təməlini qoyublar və misirlilərə piramida inşa etmək barədə məlumatlar ötürüblər.

Yunan əfsanələrinə əsasən, azmanlar planetdə Uran Tanrısının qanından əmələ gəliblər. Onlar arasında ən məşhuru Antey olub. Antey məğlubedilməz sayılırdı.  Çünki o, daim anası Geya ilə əlaqə saxlayırdı. Anteyi məhv etmək üçün onun ayağını torpaqdan üzmək lazım idi. Bu işin öhdəsindən isə Herakl gəldi. Yunan xalqlarının nəhəngləri və Tanrıları qohumluq əlaqəsinə sahibdirlər.

Məsələn, Prometey adlı titan yerli sakinlərə oddan istifadə etməyin yolların öyrədib. Təpəgözlər isə, metallurgiyanın sirləri barədə məlumat veriblər.

Qədim Roma alimi Pliniy təpənin uçurulduğu zaman boyu 20 metrə çatan nəhəng insan skeleti görüldüyünü yazıb. O, bu nəhəngi Orion adlandırıb.

Filostrat adlı qədim filosof da Efiopiyada boyu 16 metrə çatan insan skeleti gördüyü barədə yazıb.

Tailand mifologiyasına görə, qədim insanlar nəhəng ölçülərə malik olub. Skandinaviya xalqları isə, xristianlığa qədər ilk insanların çox hündür, dağ boyda olduğuna inanırdılar. Azman insanların bir çoxu ölkənin qərbində, Tul adasında yaşayırmış.

XVI əsrdə yaşamış tədqiqatçı Syes de Leon nəhənglərin hücumu barədə yazır. Müqəddəs Yelena adası sakinləri isə bu hücuma şahid olub. Əfsanəyə əsasən, gəmilərlə üzüb gələn azmanlar bir gecə ərzində Tiuanako adlandırılmış məbədi inşa ediblər.

Qədim hind eposu “Ramayana”da Ramaya qarşı çıxan nəhənglərdən bəhs edilir. Meymuna bənzəyən Xanuman adlı nəhəng, insanları müdafiə edərkən, doğma yoldaşlarına qarşı müharibəyə qalxıb.

Nəhəng insanların mövcudluğunu arxeoloji qazıntılar da təsdiq edir. Bu günə qədər Peru, Meksika, Tunis, Texas, Pensilvaniya, Suriya, Filippin, Mərakeş, İspaniya, Gürcüstan, Okeaniya adalarında azman insanlara aid sümüklər tapılıb.

2008-ci ildə Avstraliyada antropoloqlar 67 mm uzunluğu, 42 mm eni olan diş tapıblar. Alimlərin rəyinə görə, bu diş hündürlüyü 7.5 metr, çəkisi 370 kq olan insana məxsusdur. Karbon analizi isə dişin 9 milyon il əvvələ aid olduğunu aşkar edib.

Norveçli səyyah Tur Heyerdal uzun müddət Pasxa adasındakı nəhəng tikililəri araşdırıb. Onun fikrincə, bu tikililər Mu qitəsinin sakinləri tərəfindən inşa edilib. Tikintinin məqsədi daim artan sudan qorunmaq idi. Adadakı ronqo-ronqo adlı cədvəllərdə Mu adası sakinlərinin həyat fəaliyyəti əks edilib.

Peruda tapılan və ink mədəniyyətinə aid daş təsvirlər də bir çox məqamlardan xəbər verir.  Bu təsvirlərə əsasən, bəzi xalqlar dinozavrlarla bir dövrdə  yaşayıblar. Elm xadimlərinin fikrincə, bu dinozavrların nəsli 100 milyon il əvvəl kəsilib. Təsvirləri bir-biri ilə müqayisə edəndə qəribə bir tendensiya ortaya çıxır. İnsanlar və dinozavrlar, demək olar ki, bənzər proporsiyalara sahibdir. Bu məntiqə əsasən, dinozavrlar dövründə yaşayan xalqlar nəhəng olub.

Suriyaya təşkil edilən ekspedisiyanın rəhbəri Ernst Muldaşev tərk edilmiş qədim məbəddə iri insan ləpirinin izini tapıb. Ləpirin uzunluğu 90 sm, eni 45 sm-dir. Böyük barmağın uzunluğu 20, çeçələ barmağın uzunluğu isə 15 sm-dir. Bu ölçülərə əsasən, bu ləpir, boyu 10 metr olan insana məxsusdur.

Şərqdə Budda haqqında müəyyən məlumatlar var. Bu məlumatlara əsasən, Buddanın hündür boya və 40 dişə sahib olduğunu söyləmək olar. Eyni zamanda onun barmaqları arasında pərdə var idi.  Bu təsvir atlantlara məxsusdur.

Arxeoloji qazıntılar davam edir. Amma tarixçilər hələ susur. Çünki deyəsən, dünyanın tarixini yenidən yazmaq, sirri açılmayan tikililər barədə daha ətraflı araşdırmalar aparmaq lazımdır.

Hikmət Həsənov
publika.az

20 Ocak 2015 Salı

20 YANVARI UNUTMADIQ...



Sovet Ordusunun böyük kontingentinin, xüsusi təyinatlı bölmələrin və daxili qoşunların Bakıya yeridilməsi xüsusi qəddarlıqla müşayiət edildi. Kommunist diktaturası Çexoslovakiyaya, Macarıstana, Əfqanıstana qarşı həyata keçirdiyi hərbi müdaxiləni hətta o zamankı Sovet İttifaqının müttəfiq respublikalarından biri olan Azərbaycanda da təkrarlamaqdan çəkinmədi. 

Həmin vaxt Azərbaycan qonşu Ermənistanın da təcavüzünə məruz qalmışdı. Belə bir şəraitdə sovet rəhbərliyi nəinki münaqişənin qarşısını almaq üçün qəti tədbirlər görməmiş, əksinə, Azərbaycana yeridilən ordu hissələrinin tərkibinə Stavropol, Krasnodar və Rostovdan səfərbərliyə alınan erməni əsgər və zabitləri, sovet hərbi hissələrində xidmət edən erməniləri, hətta erməni kursantları da daxil etmişdi.

Bakıya yeridilmiş qoşun kontingentinə,bəzi məlumata görə,onun sayı 35 min nəfərə çatırdı,- "doyüş tapşırığını" yerinə yetirmək üçün möhkəm psixoloji hazırlıq keçmişdilər: "Sizi Bakıya rusları müdafiə etmək üçün gətirmişlər, yerli əhali onları vəhşiçəsinə məhv edir; ekstremistlər Salyan kazarmalarının (Bakıda əsas hərbi qarnizonun yerləşdiyi ərazi) ətrafındakı evlərin damlarında snayperlər yerləşdirmişlər, təkcə bu ərazidə 110 atəş nöqtəsi var; binalar, mənzillər Azərbaycan Xalq Cəbhəsinin yaraqlıları ilə doludur, onlar sizi güclü avtomat-pulemyot atəşinə tutacaqlar" ("Şit" təşkilatı müstəqil hərbi ekspertlərinin hesabatından).

Mixail Qorbaçov başda olmaqla sovet imperiyasının rəhbərliyi Bakıda "rus və erməni kartından" məharətlə istifadə etdi. Guya Bakıya qoşun onları, hərbi qulluqçuların ailələrini qorumaq, "millətçi ekstremistlər" tərəfindən hakimiyyətin zorakılıqla ələ keçirilməsinin qarşısını almaq üçün yeridilmişdi. Əslində isə bu açıq riyakarlıq, ağ yalan idi. Həmin vaxt burada daxili qoşunların 11,5 min əsgəri, Müdafiə Nazirliyinə tabe olan Bakı qarnizonunun çoxsaylı hərbi hissələri,hava hücumundan müdafiə qüvvələri var idi. 4-cü ordunun komandanlığı da Bakıda yerləşirdi. 1989-cu ilin sonunda Azərbaycanın cənub regionlarında əhali İranla sərhəddə olan qoruyucu barrikadaları dağıdaraq sərhədi kütləvi şəkildə keçirdilər. SSRİ rəhbərliyi İrana gedən azərbaycanlıların Azərbaycana silah daşımasından qorxuya düşərək Bakıda yerləşən hərbçiləri cənub regionlarına göndərmişdilər. Ona görə də 1990-cı ilin yanvarında Bakıda hərbçilərin sayının az olmasından istifadə edən təxribatçılar bir çox iğtişaşlar törədirdilər.

1990-cı il yanvarın 19-da Mixail Qorbaçov SSRİ Konstitusiyasının 119-cu, Azərbaycan SSRI Konstitusiyasının 71-ci maddələrini kobud şəkildə pozaraq, yanvarın 20-dən Bakıda fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzaladı.

SSRİ Müdafiə Nazirliyinin,DİN və DTK-nın hazırlayıb həyata keçirdiyi "Udar" adlı əməliyyatda əsas rolu xüsusi təyinatlı "ALFA" və SSRİ DTK-nın "A" təxribat qrupları oynayırdı. Sovet qoşunlarının təcavüzü nəticəsində Bakıda 134 mülki vətəndaş öldürülmüş, 600-dən çox adam yaralanmışdı. Öldürülənlər arasında beş millətin nümayəndələri,20-dən çox qadın, uşaq var idi.
Yanvarın 19-da gecə qoşun fövqəladə vəziyyət elan edilməsindən xəbərsiz olan şəhərə daxil oldu və əhaliyə divan tutmağa başladı. Qorbaçovun fərmanı qüvvəyə minənədək (20 yanvar, saat 00:00) artıq 9 nəfər öldürülmüşdü.

Tanklar və BTR-lər Bakı küçələrində qarşılarına çıxan hər şeyi əzir, hərbçilər hər yanı amansız atəşə tuturdular. İnsanlar nəinki küçələrdə, hətta avtobusda gedərkən,öz mənzillərində oturduqları yerdə güllələrə tuş gəlirdilər. Yaralıları aparmağa gələn təcili yardım maşınlarını və tibb işçilərini də atəşə tuturdular.

Bakıda fövqəladə vəziyyətin elan olunması haqqında məlumat isə əhaliyə yalnız yanvarın 20-də səhər saat 7-də respublika radiosu ilə çatdırıldı. Halbuki, Mixail Qorbaçovun Azərbaycana ezam etdiyi yüksək vəzifəli emissarlar həyasızcasına bəyan edirdilər ki,Bakıda fövqəladə vəziyyət elan olunmayacaqdır.

Bakıda Salyan kazarmasında 20 yanvar gecəsində döyüşlər başlayır. Orada azərbaycanlı zabitlər, əsgərlər, gürcü, osetin, çeçen, inquş və başqa millətlərin nümayəndələri ilə birləşib orduya qarşı vuruşurlar. 20 yanvardan sonrakı Dəfn mərasimindən sonra 23 yanvarda Azadlıq meydanında mitinq olmuşdur. Mitinqdə Salyan kazarmasında Sovet ordusuna qarşı vuruşan adamların sayı barədə məlumat verilmişdir: 274 azərbaycanlı, 64 gürcü, 52 çeçen, 27 ləzgi, 30 özbək, 5 rus. Həmin gecə Bakı radiosu ilə Bakının komendantı general Dubinyak çıxış edib bildirdi ki, 83 nəfər həlak olub, 14-ü əsgərdir. Lakin digər məlumatlarda məscidə 300-dən çox meyit gətirildiyi bildirilmişdir.

"Qara Yanvar"ın indiyədək özündə saxladığı sirlər çoxdur. 100 cildlik istintaq materialının 69 cildi Bakıdan Moskvaya, keçmiş SSRİ Prokurorluğuna aparılıb və bir daha geri qaytarılmayıb. Azərbaycan xalqının məruz qaldığı bu təcavüz indiyədək bəşəriyyət əleyhinə cinayət kimi beynəlxalq müstəvidə layiq olduğu təsnifatı almayıb. Bu hadisələrə emosiya, kədər, yaxud mübarizlik səlnaməsi kimi pafoslu münasibətlə bərabər, bir qədər də soyuqqanlı olub, o hadisələrin gerçək mahiyyətini dünya birliyinin, çeşidli beynəlxalq təşkilatların önünə qoymaq barədə düşünməli, 20 Yanvara beynəlxalq-hüquqi qiymətin verilməsinə çalışılmalıdır.

19.01.2015.-ci il.
Bakı şəhəri.

13 Ocak 2015 Salı

DOSTLARA YENİ İL HƏDİYYƏSİ...



DOSTLARA YENİ İL HƏDİYYƏSİ...
AŞAĞIDAKI SAYTLARA DAXİL OLUB ORADAKI REKLAMLARI TIQLASANIZ - KLİK ETSƏNİZ VƏ HƏMİN REKLAM SAYTLARINA
ÜZV YAZILSANIZ EVİNİZDƏ OTURUB BİR NEÇƏ SAAT VAXTINIZI SƏRF ETMƏKLƏ PUL QAZANA BİLƏRSİNİZ.

MARAQLI NƏ ISTƏYIRSINIZSƏ BURADA :
-------------------
www.realazerbaijanadilile.blogcu.com
www.adilirshadoglu.blogcu.com
www.realistadilaz.blogcu.com
www.realistadil.blogspot.com
http://crossingthefreeline.com/omega/ind3x.html
-------------------

8 Ocak 2015 Perşembe

ƏLI HƏSƏNOV : “AZƏRBAYCANI FORPOST DÖVLƏT KİMİ GÖRMƏK İSTƏYƏNLƏR "...



“Cənab Kerrinin Azərbaycan Prezidentinə telefon zənginin “Azadlıq” radiosunun Bakı ofisindəki axtarışla heç bir əlaqəsi yoxdur”

Azərbaycan Respublikası Prezidenti Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov “Bloomberg” agentliyinə müsahibə verib. 

APA müsahibənin tam versiyasını təqdim edir :

- Hörmətli Əli müəllim, Azərbaycan-ABŞ münasibətlərində son zamanlar yaranmış gərginliyi nə ilə izah edərdiniz? Kimdir günahkar (əgər belə demək mümkündürsə)?

- Azərbaycan Respublikasının xarici siyasəti bərabərhüquqlu əməkdaşlıq, qarşılıqlı etimad, beynəlxalq hüquq normalarına hörmət, daxili işlərə qarışmamaq prinsipləri üzərində qurulmuşdur. Azərbaycan bütün ölkələrlə, o cümlədən Amerika Birləşmiş Ştatları ilə əməkdaşlıq və artıq formalaşmış tərəfdaşlıq münasibətlərini məhz bu prinsiplər əsasında həyata keçirir. Tarixə nəzər salaraq, əminliklə qeyd edə bilərik ki, ABŞ-Azərbaycan əlaqələrinin inkişafında bu və ya digər qlobal geosiyasi, geoiqtisadi və hərbi-geostrateji məsələlərə yanaşmada, Xəzərin alternativ enerji resurslarını dövriyyəyə buraxması və üçüncü minillikdə Qərbin enerji təhlükəsizliyinin təmin olunması  kimi məsələlərdə üst-üstə düşən mövqelər böyük rol oynamışdır. Məhz Azərbaycan Xəzər regionunu Qərbin üzünə açmış, ABŞ və Avropanın nəhəng neft şirkətlərinin Xəzər dənizinin karbohidrogen ehtiyatlarının hasilatı və ixracında iştirakını təmin etmişdir. Azərbaycan 1994-cü ildə NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına qoşulmuş, Kosovo, İraq və Əfqanıstan kimi qaynar nöqtələrdə bu qurumun sülhyaratma missiyasında fəal iştirak etmişdir. Prezident Heydər Əliyev 2001-ci il sentyabrın 11-də ABŞ-da baş vermiş terror aktına çevik reaksiya verən, bu aktı birmənalı pisləyən ilk dünya prezidentlərindən biri olmuş və öz ölkəsinin münasibətini ortaya qoymuşdur. Azərbaycan demokratiya yolu ilə inamla irəliləyən modern müsəlman ölkəsi kimi  Qərb institutları ilə daim yaxından əməkdaşlıq etmiş, Avropa Şurasına daxil olmuş, Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramına qoşulmuş, vətəndaş cəmiyyəti institutlarının, müstəqil medianın inkişafına, insan hüquq və azadlıqlarının təmin olunmasına hərtərəfli dövlət dəstəyi göstərmişdir. Məntiqlə yanaşsaq, hesab etmək olar ki, bütün bunlar ABŞ-Azərbaycan əlaqələrini sonrakı dövrdə də hər iki xalqın və dövlətin maraqları nəzərə alınmaqla, qarşılıqlı hörmət və səmimi tərəfdaşlıq prinsipləri əsasında inkişaf etdirməlidir. Ancaq təəssüf ki, son illər ABŞ-ın bəzi dairələri, xüsusən bir sıra qeyri-hökumət təşkilatları, media və ayrı-ayrı “ekspertlər”  Azərbaycana qarşı qeyri-sağlam, tərəfdaşlıq münasibətlərinin ruhuna zidd olan “qara piar” kampaniyası həyata keçirirlər. Bu kampaniyanın məntiqini, məqsədini, hədəflərini anlamaq və izah etmək çətin olsa da, onun ikitərəfli münasibətlərə mənfi təsir göstərdiyi aydın görünür. Üstəlik, ABŞ Dövlət Departamentindəki bəzi məmurlar da hərdən anlaşılmaz açıqlamalar verərək, Azərbaycan ictimaiyyətini çaşdırır və müvafiq olaraq iki ölkə arasındakı  konstruktiv münasibətlərə xələl gətirirlər.

- Razısınızmı ki, münasibətlər heç vaxt indiki kimi gərgin olmayıb?

- Düşünmürəm ki, ABŞ-ın bəzi keçmiş uğursuz məmurlarının hazırda “ekspert” qismində tez-tez ona-buna, o cümlədən beynəlxalq hüququn subyekti olan müstəqil dövlətlərə ağıl öyrətməyə çalışması, yaxud bu və ya digər hüquqa zidd çağırışlar etməsi, müvafiq olaraq qarşı tərəfin də onlara adekvat cavab verməsi iki ölkə arasındakı dərin tərəfdaşlıq münasibətlərini gərginləşdirmək gücündədir. Azərbaycanla ABŞ arasındakı dövlətlərarası münasibətlər həm  tərəflərin milli maraqları baxımından, həm də qlobal beynəlxalq müstəvidə üst-üstə düşür və tərəfdaşlıq xarakteri daşıyır. Hazırda iki ölkə arasında münasibətlər ümumi maraq kəsb edən əsas məsələlər üzrə, o cümlədən qlobal transmilli müstəvidə əməkdaşlıq və tərəfdaşlıq istiqamətində davam etdirilir, qarşılıqlı təmaslar intensivdir. Düşünürəm ki, ölkələrimiz arasında münasibətlərin  gələcək tendensiyasını da məhz bu amillər müəyyən edəcək. Odur ki, bu tipli bədbin yanaşma ilə ABŞ-Azərbaycan  dövlətlərarası münasibətlərini xarakterizə  etmək yanlışdır.

- Azərbaycan hökumətinin ABŞ-dan əsas gözləntiləri nədir? Əsas narazılıq yaradan səbəblər hansılardır?

- ABŞ dünyanın ən nəhəng dövlətidir, qlobal proseslərə ciddi təsir imkanlarına malikdir, Azərbaycan isə keçən 23 ildə uğurlu daxili və xarici siyasət nəticəsində milli çərçivədən çıxaraq regional və beynəlxalq arenada öz mövqeyi ilə seçilən ölkəyə çevrilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev istəyir ki, bütün dünya ölkələri onun ölkəsinin milli iradəsinə və beynəlxalq hüquq normalarına uyğun siyasətinə hörmətlə yanaşsınlar. Belə münasibəti Azərbaycan ilk növbədə qlobal dünya siyasətini formalaşdıran BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən - ABŞ, Çin, Rusiya, İngiltərə, Fransa kimi ölkələrdən, habelə İran, Türkiyə və s. kimi qonşu və tərəfdaş dövlətlərdən gözləyir. Çünki bizim ölkənin özü bütün dünya dövlətlərinə, onların milli maraqlarına və müstəqil iradəsinə məhz bu səpgidən yanaşır. Azərbaycan istəyir ki, onu istədikləri kimi deyil, olduğu kimi qəbul etsinlər. Ona görə də bəzi dairələr başa düşməlidir ki, Azərbaycan müstəqil ölkə kimi xarici siyasətində daim öz milli maraqlarını rəhbər tutmuş, heç vaxt təzyiq və təhdid cəhdlərini qəbul etməmiş və gələcəkdə də etməyəcək. İkitərəfli əlaqələr kimlərinsə öz dominantlıq iddialarını reallaşdırmaq istəyi üzərində deyil, ümumi maraqlar, bərabərhüquqlu əməkdaşlıq, bir birinin daxili işlərinə qarışmamaq prinsipləri əsasında inkişaf etdirilə bilər. Azərbaycanı “satellit”, yaxud forpost dövlət kimi görmək istəyənlər nə qədər tez bu fikirlərindən əl çəksələr, bir o qədər ölkəmizlə yaxın dost ola bilərlər.  

- Doğrudanmı siz düşünürsüz ki, ABŞ hökuməti  Azərbaycanda hakimiyyət dəyişikliyi istəyir və ya özünün “beşinci kolonu” vasitəsilə buna nail olmağa çalışır?

- Təəssüf ki, müasir dövrdə bəzi beynəlxalq qüvvələr demokratiya prinsiplərinin təşviqi adı altında hansısa “siyasət laboratoriyalarında” hazırlanmış standart proqramlarla  müstəqil dövlətlərin daxili işlərinə müdaxilələr edir, bu ölkələrin rəsmi dövlət siyasətini və ictimai prosesləri nəzarətə götürməyə, belə demək mümkünsə, yönəltməyə, idarə etməyə çalışırlar. Bir müddət bundan əvvəl Şərqi Avropada tətbiq olunan bu ssenari sonrakı mərhələdə postsovet məkanını və Yaxın Şərqi əhatə etmişdir. Nəticələr heç də hər yerdə eyni dərəcədə “ürəkaçan” olmamışdır. Belə müdaxilələr bir çox ölkələrdə ictimai-siyasi sabitliyin pozulmasına, vətəndaş qarşıdurmasına, iqtisadi tənəzzülə, sosial kataklizmlərə yol açmışdır. Bəzi faktlar analoji ssenarinin Azərbaycanda da həyata keçirilməsi üçün müəyyən planların qurulduğu fikrinə gəlməyə əsas yaradır. Bununla yanaşı, mən belə cəhdləri  birbaşa ABŞ Prezidenti və onun Administrasiyası ilə əlaqələndirmək istəməzdim. Çünki istər Prezident B.Obama, istərsə də ABŞ-ın digər yüksək səviyyəli rəsmi şəxsləri müxtəlif vaxtlarda Azərbaycanla əməkdaşlığın inkişaf etdirilməsinə böyük önəm verdiklərini və bu məqsədlə Azərbaycanın hazırkı prezidenti İlham Əliyevlə, onun rəhbərlik etdiyi iqtidarla işləmək arzusunda olduqlarını ifadə etmişlər. Biz bu fikirlərin səmimiliyinə inanırıq... 

- ABŞ-ın “Sülh Korpusu” bu ildən Azərbaycanı tərk etdi. “Azadlıq” radiosunun Bakı ofisinin qapısı möhürləndi. ABŞ-ın maliyyələşdirdiyi “Mediaforum” saytı fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb. Bütün bunları, bəzilərinin dediyi kimi, “anti-Amerikan siyasətinin” nəticəsi saymaq olarmı?

- Təəssüf ki, media bir çox hallarda “bəzilərinin” süni şəkildə siyasiləşdirilmiş, qeyri-obyektiv və qərəzli iddialarına həddən artıq böyük önəm verir və onun əsasında da ümumi tendensiyaları müəyyənləşdirməyə çalışır. Azərbaycanın Baş Prokurorluğunun məlumatında göstərilmişdir ki, “Azadlıq” radiosunun Bakı ofisinin maliyyə fəaliyyəti şəffaf deyil. Buna görə də prokurorluqda “radio vasitəsilə böyük məbləğdə vəsaitlərin mənimsənilməsi və yuyulması şübhəsi” yaranmışdır. Bunun üçün prokurorluq müvafiq araşdırma aparmış və əməkdaşların sorğulanmasını həyata keçirmişdir. O ki qaldı “Mediaforum” saytının fəaliyyətinə, bunun nə dövlətlə, nə də ki, hansısa dövlət orqanı ilə heç bir əlaqəsi yoxdur. Belə xəbər portallarının sayı Azərbaycanda yüzlərlədir. “Sülh Korpusu”nun fəaliyyətinə gəldikdə, qeyd etmək istəyirəm ki, bu qurum 2003-cü ildən Azərbaycanda fəaliyyət göstərmiş və düşünürük ki, öz missiyasını yerinə yetirmişdir. Hesab edirik ki, bundan sonrakı dövrdə bizdə “Sülh Korpusu”nun belə fəaliyyətinə ciddi ehtiyac qalmamışdır. Azərbaycan hökuməti həm də hesab edir ki, ABŞ kimi fövqəldövlətin başını belə xırda məsələlərlə məşğul etmək olmaz. Bu dövlətin qlobal səviyyədə məşğul olacağı çoxsaylı transmilli problemlər, beynəlxalq və regional konfliktlər və s. məsələlər olduğu halda, onun diqqətini “Sülh Korpusu” kimi lokal məşğuliyyətlə məhdudlaşdırmaq düzgün deyil.

- “Azadlıq” radiosunun Bakı ofisi öz fəaliyyətini davam etdirə biləcəkmi?

- Azərbaycanda xarici KİV-lərin nümayəndəlikləri və ya əməkdaşları öz nizamnamələri, Azərbaycan qanunları və akkreditasiya qaydaları əsasında fəaliyyət göstərirlər. Müvafiq dövlət orqanları bu sahədə qanunun tələblərinin yerinə yetirilməsinə nəzarət funksiyasını həyata keçir və əgər pozuntu halları müşahidə olunursa, hüquqi ölçü götürürlər. Bu onların birbaşa vəzifəsidir. “Azadlıq” radiosunun Azərbaycanda yerli tezliyi mövcud deyildi və internet radiosu kimi fəaliyyət göstərirdi. Radio öz nizamnaməsinə uyğun olaraq internet müstəvisində fəaliyyətini indiyə qədər davam etdirdiyi kimi, hazırda da davam etdirir və bundan sonra da yəqin ki, etdirəcək. Sadəcə, Azərbaycanda akkreditasiyadan keçmək və yerli ofis açmaq üçün dövlətin qayda-qanununa əməl etmək tələb olunur. Təbii ki, burada “Azadlıq” radiosunun qanunlar çərçivəsində işləyib-işləməməsinə dair istintaq araşdırmasının nəticəsi də öz rolunu oynayacaq.

- ABŞ Dövlət Departamentinin yaydığı məlumata görə, Dövlət katibi Con Kerri dekabrın 21-də Prezident İlham Əliyevə zəng edib. Bu telefon danışığının detalları haqda mətbuata heç nə deyilməyib. Kerri Prezident Əliyevə nə üçün zəng etmişdi? Maraqlıdır ki, bu telefon danışığından beş gün sonra “Azadlıq” radiosunun Bakı ofisi qapadıldı.

- Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ Dövlət katibi Con Kerri ilə telefon danışığında, fikrimcə, ilk növbədə ikitərəfli münasibətlər, ümumi maraq kəsb edən aktual məsələlər müzakirə olunub. Qeyd edim ki, belə təmaslar Azərbaycan və ABŞ rəhbərləri arasında həmişə olmuşdur və cənab Kerrinin telefon zəngi də bu baxımdan istisna xarakter daşımır və hüquq mühafizə orqanlarının “Azadlıq” radiosunun Bakı ofisində həyata keçirdiyi axtarışla heç bir əlaqəsi yoxdur.

- ABŞ-la münasibətlərin pisləşməsi fonunda Rusiya ilə əlaqələrimiz inkişaf edir. Demək olarmı ki, Azərbaycan artıq öz strateji seçimini edib və indi Rusiyanın yanındadır?

- Artıq qeyd etdiyim kimi, Azərbaycan öz xarici siyasətini hansısa dövlətlərin, güc mərkəzlərinin maraqları üzərində deyil, öz milli maraqları çərçivəsində, öz milli iradəsinə uyğun həyata keçirir. Hansısa dövlətlə dost olmaq üçün digəri ilə düşmən olmaq və ya əksinə, Azərbaycana xas olan xüsusiyyət deyil. İşğalçı Ermənistan rəhbərlərindən fərqli olaraq, Prezident İlham Əliyev həmişə müstəqil siyasət yürüdüb və yürütməkdə də davam edir. Azərbaycanın ABŞ, Rusiya, İran, Avropanın əksər önəmli ölkələri və ya digər dövlətlərlə əlaqələri onun milli maraqlarına əsasən qurulur və ardıcıl olaraq da həyata keçirilir. Azərbaycan bütün dünya və region ölkələri, o cümlədən həm ABŞ, həm də Rusiya ilə ənənəvi əməkdaşlıq və tərəfdaşlıq əlaqələrinin qorunub saxlanmasında maraqlıdır. Bu siyasət heç bir halda digər ölkələrə qarşı yönəlməyib.

- Heç kimə sirr deyil ki, Ermənistan məhz Rusiyanın hərbi-siyasi dəstəyi ilə Azərbaycan torpaqlarını işğal edib və bu işğalı davam etdirməkdədir. Rusiya ilə yaxınlaşma Azərbaycana öz torpaqlarını geri qaytarmağa kömək edəcəkmi?

- Azərbaycan 20 ildən artıqdır ki, torpaqlarının 20 faizinin  Ermənistan tərəfindən işğal olunduğunu, son iki yüz ildə ermənilər tərəfindən azərbaycanlılara qarşı soyqırım və etnik təmizləmə siyasəti törədildiyini, bizə məxsus milli mədəni abidələrin məhv edildiyini bütün dünyaya bəyan edir və beynəlxalq müdiriyyəti, dünyada söz sahibi olan fövqəldövlətləri bu problemin beynəlxalq hüquq normaları, BMT-nin məlum 4 qətnaməsi əsasında həllinə yardım göstərməyə çağırır. Ancaq hər dəfə  ABŞ, Fransa və Rusiyanın təmsil olunduğu ATƏT-in Minsk qrupu problemin konstruktiv həllini tərəflərin üzərinə ataraq işğalın ömrünü uzadırlar. BMT-nin sanksiyaları, yaxud adı keçən böyük ölkələrin  iradəsi əsasında İraq, Liviya və digər ölkələr dərhal havadan bombardman edilir, Ukraynada olduğu kimi separatçı rejimlərə qarşı sanksiyalar tətbiq olunur, amma işğalçı Ermənistan və separatçı Dağlıq Qarabağ rejiminə qarşı heç bir təsirli beynəlxalq tədbir görülmür. Əksinə, bu rejimə çox vaxt himayədarlıq edilir.  Məgər ABŞ hökuməti Dağlıq Qarabağdakı separatçı rejimə hər il 10 milyon dollar vəsait ayırmır? Yaxud separatçıların ABŞ və Avropa ölkələrindəki “nümayəndəliyinin” fəaliyyətinə şərait yaradılmır? Nəyə görə bu rejimin başçılarının ABŞ-da, Fransada marafon keçirib pul yığmasına mane olmurlar? Bəli, bütün bunlar dünyada ikili standartların, ayrı-seçkiliyin, ədalətsizliyin bariz nümunələridir. Kimlərsə silahla, kimlərsə də  maliyyə yardımı və susqunluqları ilə işğalçılara və separatçılara dəstək göstərir, bu isə, təbii ki, beynəlxalq hüququn iflic olmasına birbaşa dəstəkdir. Bu anlamda, hesab edirəm ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində həlli  BMT və onun Təhlükəsizlik Şurasının, ATƏT-in Minsk qrupunun və onun həmsədrlərinin birbaşa öhdəliyi və vəzifəsidir. Bu problem ABŞ, Rusiya və Fransanın ümumi səyləri nəticəsində həll oluna bilər və həll olunmalıdır. Biz bütün həmsədr dövlətlərlə münasibətlərin inkişafında maraqlıyıq. 

- Sonda ABŞ-Azərbaycan münasibətlərinin perspektivini necə qiymətləndirərdiniz?

- Yalnız müsbət. Ölkələrimiz arasında əməkdaşlığı inkişaf etdirmək üçün böyük potensial vardır. Əminik ki, ABŞ və Avropadakı bəzi dairələrin iki ölkə arasındakı münasibətləri pozmaq cəhdləri heç bir nəticə verməyəcək. Düşünürük ki, onların sözçüsü rolunda çıxış edərək reallıq hissini itirmiş Dövlət Departamentinin sabiq əməkdaşlarının, keçmiş səfirlərin və “ekspertlərin” Azərbaycana qarşı qərəzli bəyanatları Amerikanın həm rəsmi dairələri, həm də ictimaiyyəti tərəfindən ciddi qarşılanmır. 

7 Ocak 2015 Çarşamba

MARXULİYA : “İRƏVANI ERMƏNİLƏRƏ VERƏN MÜQAVİLƏ GÜVVƏSİNİ İTİRİB"


Gürcüstan tarixçisi, Qafqazın Geotarixi və Geosiyasi Araşdırmaları Beynəlxalq Mərkəzinin prezidenti Quram Marxuliya Axar.az-ın suallarını cavablandırır.

- Məlum olduğu kimi, 29 may 1918-ci ildə Milli Şuranın qərarı ilə Azərbaycan Demokratik Respublikası (ADR) İrəvan və digər ərazilərin ermənilərə verilməsi ilə bağlı saziş imzalamışdı. Hazırda isə Azərbaycan Parlamenti həmin sazişin ləğv edilməsi ilə bağlı qərar verməyə hazırlaşır. Sizcə, bu, hazırki vəziyyətdə nə qədər real görünür?

- Beynəlxalq müqavilələrin hüququ ümumi beynəlxalq hüququn tərkib hissəsi olub, müqavilələrin bağlanması və xitamı da beynəlxalq hüququn digər subyektləri arasında münasibətləri tənzimləyən qaydalarla müəyyən edilir. Bağlanməş hər hansı beynəlxalq müqavilədən bir tərəf imtina edərsə, həmin müqavilə öz hüquqi qüvvəsini itirmiş olur. Həqiqətlə ayaqlaşmayan beynəlxalq müqavilələrin ləğv olunması qanunla tənzimlənir. Eyni zamanda, həmin müqavilə bir qurup dövləti vaxtıyla təmsil edən sələflər tərəfindən bağlanarsa və ya müqavilə bağlamış tərəf həmin müqavilənin şərtlərini bilərəkdən pozarsa, o müqavilə etibarsız sayılır. 29 may 1918-ci ildə bağlanmış müqaviləyə əsasən, erməni tərəfinin azərbaycanlılara qarşı hər hansı kütləvi etiraz və hücumların olmamasına dair söz verib.

Ermənilərin götürdüyü bu öhdəliklər 4 iyun 1918-ci ildə bağlanmış Batumi sülh müqaviləsində də öz əksini tapıb. Lakin erməni hakimiyyətinin Tiflisdən İrəvana köçürülməsinə baxmayaraq, ermənilər söz verdikləri kimi yeni və xoş niyyətli erməni hökumətini qurmaq niyyətində deyildilər. Ermənilərin yeni paytaxtları olan İrəvanda çoxluq təşkil edən azərbaycanlılar onların yad bir yerdə əsaslı erməni hakimiyyətini qurmaq və yerləşmək niyyətlərinə mane olurdu. Buna görə də erməni dövlətinin formalaşdırmaqdan dolayı həmin ərazilərdə azərbaycanlıların təmizlənməsinə başladılar. Nəticə etibarilə bu da faktiki olaraq, İrəvanda azərbaycanlıların soyqrımına gətirib çıxardı. Daha sonra azərbaycanlıların təmizlənməsi planını ermənilər digər bölgələrdə də aparmağa başladılar. Ermənilər tərəfindən Dağlıq Qarabağda, Quba rayonunda kütləvi halda qadınlar, qocalar, uşaqlar amansızlıqla qətlə yetirilmişdir. Bütün bunlar ümumiyyətlə azərbaycanlıların izinin yox edilməsinə hesablanmış plan idi. Ona görə də bu gün əminliklə deyə bilərik ki, İrəvanın 1918-ci ildə Ermənistana verilməsi ilə bağlı müqavilə öz əhəmiyyətini itirib. Qeyd edim ki, Azərbaycan Demokratik Respublikası sadəlövcəsinə ermənilərin öz səhvlərini başa düşəcəklərinə inanırdı. Lakin müəyyən müddətdən sonra Cənubi Qafqazın ərazisi Rusiya imperiyasının tərkibinə keçdi. Sovet dönəmindəki tarixdə bütün bu faktlar işıqlandırılmırdı. Çünki israrla xalqların dostluğu haqqında moizələr oxunurdu. Yeni nəsil isə Azərbaycan xalqının bu cür faciəvi illər yaşadığı haqqında məlumatsızdır. Sovet dönəmində və ondan sonra da erməni tərəfi yenə də öz ənənəvi separatçı siyasətini yürütməyə başladı. Nəticədə də Azərbaycanın 20% ərazisi ermənilər tərəfindən işğal edildi.  

Lakin bu gün Azərbaycan olduqca güclü orduya malikdir. Ona görə də bu gün Azərbaycanın Qərb və Şərq kimi geosiyasi qüvvələrdən nə siyasi, nə də iqtisadi asılacağı var. Bu gün Azərbaycan regionda olduqca möhkəm siyasi və hərbi gücə malik bir dövlətdir. Heç şübhə yox ki, bütün bu sadalanan amillər Azərbaycanın öz ərazi bütövlüyünün bərpa edilməsinə hesablanıb. Məhz bu nöqteyi-nəzərdən, bu gün Azərbaycan cəmiyyətində 29 may 1918-ci ildə bağlanmış müqavilənin ləğv edilməsi ilə bağlı məsələ gündəmə gəlib. Hesab edirəm ki, bu, heç kəs üçün təəccüb doğurmamalıdır. Çünki Azərbaycan Silahlı Qüvvələri istənilən an nəinki Dağlıq Qarabağı azad etməyə, həmçinin İrəvanı da geri almağa qadirdir.

- Necə düşünürsüz, Rusiyaya qarşı tətbiq edilən sanksiyalar və Rusiyanın bir dövlət kimi zəifləməsi Gürcüstanın öz torpaqlarını geri qaytara bilməsi üçün ümid yeri ola bilərmi?

- Beynəlxalq münasibətlərin əsas prinsipləri arasında uyğunsuzluqlar suverenlik doktrinası tərəfindən təsbit olunmuş məhdudiyyətlər təcrübəsidir. Çünki beynəlxalq aləmdə heç bir dövlət nə siyasi, nə də  hüquqi geosiyasi təcavüzdən sığortalanmayıb və mövcud dünya nizamının qanunilik mümkünlüyü, ciddi təhlükə mərkəzləri göstərir ki, bu cür qanunlar formal xarakter daşıyır. Ona görə də BMT bu gün bir təşkilat olaraq əvvəl onun yaradıcısına, daha sonra işçilərinə xidmət edir. Beynəlxalq ictimaiyyət heç nə etmədən Rusiyanın istədiyi kimi Ukraynada “addımlamasına” seyrçi qala bilməzdi. Ona görə də hesab edirəm ki, Rusiyaya qarşı tətbiq edilən sanksiyalar ədalətlidir. Amma Rusiya bu sanksiyalarla zəifləməyəcək. Bu, sadəcə, Rusiya xalqına zərər vuracaq. Gürcüstanın ərazi bütövlüyünü təmin etməsi ilə bağlı fürsətə gəlincə isə, hesab edirəm ki, bunu zaman göstərməlidir. Düşünürəm ki, Rusiyada hakimiyyətə əsl rus gələrsə, o zaman onlar gürcü xalqından üzr diləyəcək və o torpaqları tərk edəcəklər. Amma dünyada hər şey ikili rol oynayır. Ona görə də digər variant daha var. Bu da məsələnin müharibə yolu ilə həllidir. Bu yolla Abxaziya və Sixinvalini iki saata azad etmək mümkündür. Lakin qeyd etməliyəm ki, biz artıq 20 il yatmışıq. Bu neçə illər ərzində Gürcüstan öz ordusunu möhkəmlətmək əvəzinə, “NATO-ya və ya Avropa İttifaqına daxil oluruq” kimi sözdə vədlər verərək xalqı gic yerinə qoymaqla məşqul olub. Amma əslində, bütün bu torpaqların işğalı Gürcüstanın həmin təşkilatlara üzv ola bilməməsindən irəli gəlir.

- Deyilənə görə, Gürcüstan mövcud vəziyyətdən istifadə edib Rusiyanı Qara dənizdə nəhəng enerji layihəsinə cəlb etək niyyətindədir. Necə düşünürsüz, Gürcüstanın Avrasiya İttifaqına üzvlükdən rəsmən imtina etməsini nəzərə alsaq, Rusiyanın bu təklifi dəyərləndirməsi nə qədər real görünür?

- Bəli, söhbət Supsadakı neftemaledici zavoddan və neft-kimya kompleksindən gedir. Rusiya geoiqtisadi layihələrdən heç vaxt imtina etməyib. Əksinə, o bu layihələrə qoşulmaq üçün mübarizə aparır. Bundan əlavə, əminəm ki, sözü gedən layihənin realizə olunmasında həmçinin Azərbaycan da iştirak edəcək və bildiyim qədəriylə, bu layihəyə bir çox Avropa şirkətləri də qoşulmaqda maraqlıdır.

- Abxaziya, Osetiya və Dağlıq Qarabağ 2014-cü ildə: Rusiyaya yaxınlaşma və münaqişələrin qızışması... Bir tarixçi kimi bu üç münaqişəni necə xaraterizə edərdiz və bunların oxşar cəhətləri hansılardır?  

- Tarix bir elm kimi heç cür pravoslav Rusiyanın gürcü kəndlərini və şəhərlərini nə üçün bombardman etdiyini açıqlaya bilmir. Baxmayaraq ki, həmin çətin zamanda Türkiyə bir islam dövləti kimi Gürcüstana dəstək olmuşdu. Hələ mən heç Azərbaycanı demirəm. Lakin başqa bir elm var - olduqca soyuqqanlı şəkildə hər şeyi öz yerinə qoya bilən geosiyasət. Bütün baş verən bədbəxtliklərin səbəbi çəkişmələr. Yəni talasokratiya və tellerukratiyadır. Başqa sözlə desək, iqtisadi, hərbi, siyasi aspektlər başlıca rol oynayır. Bəzən ani bir maraq üçün, mütəmadi meydana gələn və yox olan qarşıdurmalar coğrafi faktor kimi arxa plana keçir, unudulur. O zamana qədər ki, məğlubiyyətlər və uğursuzluqlar məcburən həmin məsələyə dəfələrlə qayıtmağa sövq etmir... Bu gün beynəlxalq münasibətlərdə dominanatlıq edən əsas məsələ rəqabətdir. Dövlətlərarası rəqabət. Rusiya öz geosiyasi mübarizəsində hələ də orta əsrlərin ənənələrindən xilas ola bilməyib. 2014-ci ildə Rusiya müəyyən mənada Gürcüstan torpaqlarının anyeksiyasını qismət həyata keçirdi. Amma ötən il Dağlıq Qarabağ münaqişəsinin gərginləşməsi ilə də yadda qaldı. Əlbəttə, bu gün Amerika silahlı qüvvələrinin hərbi bazasının Gürcüstan ərazisində yerləşdiriilməsi bütün regionun təhlükəsizliyi üçün daha yaxşı variantdır. Gürcüstanın bu yöndə siyasi kursu və mövqeyi olduqca birmənalıdır. Bu fikrə Qərb tərəfindən də pozitiv baxılır. Azərbaycan bu yöndə çoxvektorlu siyasət aparır. Çünki bərabəthüquqlu və bütün geosiyasi qüvvələrlə balanslaşdırlmış siyasət yürüdür. Ona görə də hesab edirəm ki, ABŞ hərbi bazasının Gürcüstan ərazisində yerləşdirilməsi məsələsinə Azərbaycan da müsbət baxır. Bütün bu münaqişələrin başlıca səbəbi də elə budur ki, ABŞ-ın possovet dövlətlərinə girməsin. Bunun da bir yolu var: bu iki geosiyasi gücdən biri məğlub olmalıdır. Bu, geosiyasətin qanunlarındandır.

- Azərbaycanda yeni fəaliyyətə başlayan Beynəlxalq Media və Araşdırmalar Mərkəzi Gürcüstan KİV-ləri ilə əməkdaşlıq edərək, işğalçılığa qarşı birgə mübarizə aparmaq niyyətini açıqlayıb. Nəzərə alsaq ki, bu gün informasiya müharibəsi real müharibədən daha effektlidir, siz bu mərkəz təklifini necə qiymətləndirərdiz? Sizcə, Cənubi Qafqazda iki işğala məruz qalmış dövlətin mətbuatının əməkdaşlığı nə dərəcədə effektli ola bilər?

- Kütləvi İnformasiya Vasitələri çox yaxşı fəxri ada malikdir – “dördüncü hakimiyyət”. Gəlin razılaşaq ki, bu gün mətbuatda qarşıdurmalara səbəb olacaq proseslər yer alır. Lakin problemin həcmi çox böyükdür. Etiraf edək ki, bu gün KİV-in fəaliyyəti dövlətin milli maraqlarının realizə edilməsi üçün olduqca əhəmiyyətli bir faktordur. Əslində, KİV-in fəaliyyəti siyasi fəaliyyət qədər vacibdir və sistemli bir təşkilata ehtiyacı olan sahədir. Əslində, zənnimcə, bu mərkəz dövlətlərarası milli maraqların və dövləti maraqların vahid bir tərəzidə tənzimlənməsini realizə edir. Bu gün Azərbaycan və Gürcüstanın regionda geosiyasi tərəfdaş və oxşar ərazi bütövlüyü problemi olduğunu nəzərə alaraq iki dövlətin mətbuatının ikitərəfli əməkdaşlığı alqışlanmalıdır. Hesab edirəm ki, bu, iki dövlət arasındakı əlaqələrin daha da inkişafına xidmət edəcək çox xeyirli addım olacaq. Siyasi hadisələrin təhlili göstərir ki, sözügedən əməkdaşlıq lap yerinə düşüb. Əlbəttə, bu əməkdaşlığı daha əvvəl də başlamaq olardı. Amma hesab edirəm ki, bu əməkdaşlığı daha gec olmadan dəyərləndirmək lazımdır. Bu mərkəz ümumiyyətlə mətbuatı tənzimləyən güc olmalıdır.

3 Ocak 2015 Cumartesi

REALİST ADİL: OZÜM HAQQINDA: SƏN KİMSƏN, ADİL İRŞADOĞLU (ƏLİYEV) !? Mən, Adil İrşad oğlu Əliyev 1953 - cü il noyabrın 1-də Ağdam şəhərində ziyalı ailəsində doğul...

RUSİYA ÜÇÜN QORXULU PROQNOZ


Rusiya höküməti iqtisadiyyatın son 5 ildə ilk dəfə tənəzzül yaşadığını açıqlamasından sonra rus valyutasının məzənnəsi yenidən düşüb. Bu yaxınlarda Rusiya höküməti bankları stabilləşdirmək və rublun dəyərini yüksəltmək üçün atacağı addımları açıqlayıb. Ekspertlər isə ölkə iqtisadiyyatının gələn il də tənəzzül yaşayacağını bildiriblər.

ANS PRESS-in "Amerikanın səsi"nə istinadla verdiyi məlumata görə, Rusiyanın iqtisadi perspektivləri zəifləyib. Bu il Rusiya valyutası dəyərinin yarısını itirib, banklarda isə pul vəsaitləri azalır.

Karnegi Beynəlxalq Sülh Fondunun iqtisadçısı Uri Daduş situasiyanın daha da pisləşəcəyini deyib.
Gələn il Rusiyanı uçurum gözləyir. Orada ciddi tənəzzül olacaq. Hazırda isə orada nəhəng etimad böhranı yaşanır. Sərmayədarlar ölkədən 100 milyard dollardan çox pul çıxarıblar. Rublu sabitləşdirmək və bankları ayaqda saxlamaq üçün Moskva faiz dərəcələrini kəskin şəkildə artırıb və yaxın zamanda Rusiya banklarına 20 milyard dollar buraxacağını açıqlayıb. 

Baş nazirin müavini İqor Şuvalov deyib: “Bütün bu tədbirlər bizim sabit bank sektorumuzun yeni şərtlər altında daha da sabit olmasına yol açacaq və mümkün şoklara qarşı qoruyacaq”.

Ağ Evin iqtisadi müşaviri Ceyson Furman söyləyib ki, əlavə olaraq neftin qiymətinin kəskin şəkildə düşməsində və Qərbin Rusiyaya sanksiyalar tətbiq etməsində də Rusiya özü günahkardır. Bu onların özlərinin səbəb olduğu ciddi iqtisadi vəziyyətdir və onların beynəlxalq qanunlara riayət etməmələrinin nəticəsidir.

Moskva ilə çox az ticari əlaqəsi olan ABŞ isə bu haldan zərər çəkmir. Lakin Rusiyanın Çin və Avropa kimi ticarət tərəfdaşlarının zərər çəkəcəyi gözlənilir. Rusiya sərhədinin 30 kilometr yaxınlığında yerləşən Lappinranta şəhərciyinə artıq turist gəlmir. Nəticədə şəhər rəsmiləri minə yaxın mağazanın bağlanacağını bildiriblər.

İqtisadçı Uri Daduş deyib ki, neft qiymətlərinin artmadığı və prezident Vladimir Putinin Krımla bağlı fikrinin dəyişmədiyi halda Rusiya iqtisadiyyatının bərpası illər alacaq: "Mən bunun Putinə təsir edəcəyini düşünmürəm. Əksinə, orta təbəqəli ruslar və bütövlükdə Rusiya iqtisadiyyatı uzun zaman əziyyət çəkəcək və iki-üç il sonra bir nöqtədə iqtisadiyyat yenidən sabitləşəcək.”

Rusiya xarici işlər naziri Sergey Lavrov böhranın uzun çəkməyəcəyini, tarixin Rusiya xalqı və iqtisadiyyatının bərpa olunacağını və əvvəlkindən daha güclü olacağını göstərdiyini vurğulayıb.

Realistadil.blogspot.com

1 Ocak 2015 Perşembe

YENİ İLİNİZ MÜBARƏK !


ƏZİZ AZƏRBAYCAN XALQI, BÜTÜN AZƏRBAYCANLILAR, SEVİMLİ ÖLKƏMİN VƏTƏNDAŞLARI, HƏMKARLAR, DOSTLAR VƏ QOHUMLAR ! 
DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİYİ GÜNÜ VƏ YENİ İL MÜNASİBƏTİLƏ SİZİ TƏBRİK EDİRƏM. İŞİNİZDƏ UĞURLAR ARZULAYİRAM. HAMINIZIN BUNDAN SONRAKI BÜTÜN GÜNLƏRİ XOŞBƏXTLİKLƏ DOLU SƏHƏRLƏRLƏ AÇILSIN. AMİN, YA RƏBBİM. BAYRAMINIZ MÜBARƏK !

Sizə "Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü" haqqında qısa məlumat verməyi
borc bildim.

Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əsası 1989-cu il dekabrın axırlarında Naxçıvanda sərhədlərin (SSRİ-İran sərhədləri) dağılması zamanı qoyuldu. Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəkləri dağıdıldı. Bu vaxt İstanbulda türk dilli xalqların Konfransı keçirilirdi. Konfrans da dünya azərbaycanlılarının həmrəyliyinin qeyd olunmasına qərar verdi.

1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi. Beləliklə, bütün azərbaycanlılar üçün əziz olan 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü bayram edilir. Azərbaycanlılar bu gün ilə fəxr edir və onu qürurla qeyd edirlər.

Dünya Azərbaycanlılarının Həmrəylik Günü - 31 dekabr Azərbaycan millətinin ümumdünya birlik günüdür. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Dünya Azərbaycanlılarının Həmrəylik gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilmişdir.

Azərbaycanlıların yaşadıqları, fəaliyyət göstərdikləri və çoxluq təşkil etdikləri Avropa ölkələrində bu tendensiya özünü yüksək səviyyədə göstərir. Bu da ondan irəli gəlir ki, Avropadakı Azərbaycan diaspor təşkilatları öz qüvvələrini səfərbər etməkdə ardıcıldırlar və bu ayrı-ayrı cəmiyyət üzvləri üçün bir araya gəlmək, cəmiyyət və qurumlar halında birləşmək baxımından dünyanın sivil nöqtələrindən biri olan Avropada mühüm əhəmiyyət kəsb edir.

31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü bayramı dünyanın 70-dən çox ölkəsində azərbaycanlılar tərəfindən qeyd olunur. Həmrəylik günü Azərbaycan diasporu üçün ən mühüm bayrama çevrilib, Yeni il isə ikinci plana keçib. Həmrəylik gününü hətta milliyyətcə azərbaycanlı olmayıb, lakin Azərbaycanda doğulub böyümüş, Azərbaycan əsilli diaspor nümayəndələri də qeyd edirlər.

Hörmətlə, Adil İrşadoğlu (Əliyev).
30.12.2014. 12-50.