Translate

20 Ocak 2016 Çarşamba

ELÇİBƏYİN SOVET MƏHKƏMƏSİNDƏ 20 YANVARLA BAĞLI ÇIXIŞI

“Corc Buş AXC-dən üzr istədi, Özala dedim ki, bu, şiəlik hərəkatı deyil” – TARİX


20 yanvar 1990-cı il Azərbaycan xalqının tarixinə qanlı gün kimi yazılaraq, onun müstəqillik qazanmasında ən önəmli səhifəsini təşkil edir.

SSRİ prezidenti Mixail Qorbaçovun rəhbərliyi ilə qəddarcasına həyata keçirilən bu qətliamda yüzlərlə insan –uşaq, qadın, qoca həlak oldu. Azadlıq Hərəkatının mühüm periodu olan 20 yanvar qətliamı özünün siyasi nəticəsini çox gözlətmədi. SSRİ-nin dağılmasının qarşısını belə qanlı cinayətlə saxlamaq cəhdi faydasız oldu: cəmi bir idən sonra müstəqil Azərbacanın üçrəngli bayrağı vətənmizin azadlığının simvolu kimi dalğalanırdı.

O vaxtdan 26 il ötüb. Faciə ilə bağlı çox suallar da açıq qalıb. Müxtəlif siyasi liderlərin 20 yanvarla bağlı çıxışlarını oxuduqca bu prosesin ağrılı izini bir daha hiss edirsən.

Strateq.az mərhum prezident, Azərbaycan Xalq Cəbhəsinin sədri Əbülfəz Elçibəyin heç vaxt çap olunmamış məhkəmə çıxışını oxuculara təqdim edir.

1990-cı ildə AXC İdarə Heyətinin üzvü Etibar Məmmədovun Mərdəkanda keçirlmiş məhkəmə prosesində şahid qismində ifadə verən Ə. Elçibəy 20 yanvarla bağlı qapalı qalmış maraqlı məqamlara toxunub.


( AMİP sədri Etibar Məmmədovun məhkəməsi. 1 noyabr 1990. Bakı, Mərdəkan )

Çıxışı zamanı Əbülfəz Elçibəy 1990-cı ildə yaradılmış Milli Müdafiə Şurası ilə bağlı danışır. AXC sədri bildirir ki, Milli Müdafiə Şurası o zamankı Azərbaycan SSR rəhbərliynin dəstəyi ilə yaradılıb və Dağlıq Qarabağda erməni separatçılarının hucumlarının qarşısını almaq üçün nəzərdə tutulubmuş: 

“Rayonlarda Milli Müdafiə Şurasına katiblər, prokurorlar, milis rəisləri üzv yazılırdılar. Rəhbərlik bizə silah məsələsində kömək etməyə söz vermişdi. Bizə deyilmişdi ki, yaradılması nəzərdə tutulmuş fəhlə drujinları hökümət tərəfindən rəsmiləşdirildikdən sonra silah veriləcəkdi. Bütün bu işlər detallı aparılırdı”.

AXC sədri bu prosesin başında Azərbaycan Kommunist Partiyasını ikinci katibi Viktor Polyaniçkonun durduğunu deyərək onu “yanvar faciəsinin müəllifi” adlandırıb:

“Onun da ötürücüsü Yaxın Şərq məsələsini hər cür fırladan Yevgeni Primakovdur. Ondan yuxarını mən tanımıram. Bu iki xəttin  işini də ən yaxşı yerinə yetirən Barannikovdur”.

Ə.Elçibəy məhkəmədən 20 yanvar qətlimanın açılmasını tələb edib: “Bu gün bu açılmasa, sabah başqa bəla bu xalqın başına gələr”, - deyir.

Daha sonra Ə. Elçibəy 20 yanvarla bağlı cinayət işini araşdıran vəkil Jinyavski ilə söhbətini açıqlayır. Vəkil Elçibəyə Azərbaycan Kommunist Partiyasının birinci katibi olmuş Əbdürrəhman Vəzirovdan və Nazilrlər Sovetinin sədri Ayaz Mütəllibovdan ifadə almağa hazırlaşdığını bildirib: 

“Ona dedim ki, çağıra bilməyəcəksən. Gücün bizə çatacaq”.

“Bizim hərəkatı şiəlik hərəkatı elan etmək istəyirdilər”

AXC sədri daha sonra 20 yanvar faciəsinə aparan siyasi hadisələri açıqlayıb. O çıxışında bildirir ki, Azərbaycanda iki xətt aparılırdı: 

“Deyirdilər ki, Azərbaycanda islam fundamentalizmi var. Bu da İrandan gəlir. Onlar xristianları və yəhudiləri qırıb qovacaqlar. Bu, psixoloji hazırılq idi. Mixail Qorbaçov özünü itirdi.  O saat dünyaya elan etdi ki, biz Bakıya demokratiyanı boğmağa getməmişik, İrandan keçmə islam fundamentlzimini məhv etmək üçün girmişik. Xarici işlər naziri Eduard Şverdnadze xaricdə olarkən ondan Bakıda baş vermiş hadisə barədə soruşdular. Dedi ki, Zaqafqaziyada millətçilik hərəkatı var, millətlər bir-birini qırırlar. Bunun qarşısını almaq üçün ordunu yeritdik.

Ancaq əsl həqiqəti hərbçilər dedilər: adətən, hərbi cəhətdən güclü olanlar siyasi cəhətdən çox zəif olurlar.  Odur ki, SSRİ müdafiə naziri Yazov birbaşa açıq dedi ki, məqsədləri AXC-nin strukturlarını dağıtmaqdır”.


“Bir həftədən sonra Corc Buş dedi ki, “ABŞ AXC ilə bağlı tələsib və sözünü geri götürür”

Ə.Elçibəy daha sonra Azərbaycanda başlanan xalq hərəkatına dünya ölkələrinin liderlərinin münasibətini açıqlayıb. Onun sözlərinə görə, ABŞ prezidenti Corc Buş və Türkiyə prezidenti Turqut Özal  Azərbaycanda gedən proseslər haqqında əvvəlcə səhv məlumatlandırılıb:

 “Corc Buşun özü də bu məsələdə çaşdı. Bakıya ordu girməsini müdafiə elədi. Bir həfdən sonra Buşa başa saldılar və o dedi ki, “ABŞ tələsib və sözünü geri götürür”. Türkiyənin prezidenti də səhv elədi. ABŞ-da olan Türkiyə prezidenti Azərbaycanda gedən xalq hərəkatını elə izah elədi ki, guya bu islam fundamentalizmi və şiəlik hərəkatıdır. Ona sual verəndə ki, “Azərbaycan məsələsinə necə baxırsınız?”  Özal cavabında “Azərbaycandakı hərəkat şiəlik hərəkatıdır. Biz isə sünnüyük. Onları müdaifə edə bilmərik ”,- dedi”.

Daha sonra Elçibəy vurğulayır ki, bu çıxışına görə, öz əlaqələri vasitəsilə Turqut Özala xəbər göndərib: 

“Mən öz kanalım vasitəsilə Turqut Özala çatdırdım ki, Azərbaycanda  demokratik və xalq hərəkatı gedir. Bilmirsə danışmasın. Turqut Türkiyəyə qayıdandan sonra dedi ki, “məni ABŞ-da aldadıblar, Azərbaycandakı hərəkatı başa düşməmişəm”. Corc Buş da dedi ki, “Tələsməyin. AXC məsələsinə bir də baxmaq lazımdır”".

“Vəzirovun yıxılmasını 7-8 nəfər istəyirdi”

Daha sonra AXC sədri öz çıxışında Azərbaycanda hakimiyyət uğrunda gizli şəkildə mübarizə aparan yerli qruplara toxunur: “Ən böyük bədbəxtliyimiz o idi ki, Vəzirovun yıxılmasını 7-8 nəfər istəyirdi. Hamısı da onun yerinə göz dikmişdi. Bakı şəhər partiya komitəsinin rəhbəri Müslüm Məmmədov belə birinci katib olmaq istəyirdi. Bu adam dünən dediyini bu gün başqa cür deyirdi. Bunu ona deyəndə, “sklerozam da, yadımdan çıxıb” cavabını verirdi".

Məhkəmə hakimi 19-20 yanvarda Milli Müdafiə Şurasının fəaliyyəti haqqında danışmağı xahiş edir.

Əbülfəz Elçibəy bildirir ki, sovet ordusuna qarşı əhali dinc müqavmət göstərib. Əhali yalnız ordunun şəhərə girməsinə etiraz edib: “Bizm yazıq millət tarixi kinolarda görüb ki, adətən, belə olanda bir ağacı yıxıb yolun üstünə qoyurlar, tanklar da dayanır. Bu camaat da belə elədi. Ordu əvvəl bir-iki gün buna qulaq asdı. Sabit bəy, Pənah bəy (Sabit Bağırov və Pənah Hüseyn nəzərdə tutulur-red) gedirdilər və danışırdlar ki, bu aksiya orduya qarşı deyil. Bizim nə döyüşmək gücümüz, nə belə fikirmiz var. Bu, sadəcə, gücə qarşı demokratik etirazdır. Camaat etiraz edir. Biz də bunun üstündə durmalıyıq ki, qarışıqlıq olmasın. Nəzarət edirik ki, qırğın, toqquşma olmasın”.


“Bizi ən çox aldadan Primakov oldu”

Məhkəmədə Əbülfəz Elçibəy SSRİ-nin Bakıda olan rəhbər şəxsləri ilə apardıqları danışıqları açıqlayır. Bu danışıqlar SSRİ İttifaq Sovetinin sədri Yevgeni primakov, Girenko və Kommunist Partiyasının şöbə müdiri Mixaylov ilə aparılıb.  

Elçibəy bu danışıqlarda aldadıldıqlarını etiraf edib: “Bizi ən çox aldadan Girenko ilə Primakov oldu. AXC İdarə Heyətinindən müəyyən edilmiş bir qrup onlarla söhbət apardı. Onlara sual verdik. Dəqiq yadımdadı. Primakovdan soruşduq ki, “Siz İttifaq Sovetinin sədri kimi, deyin görək, Bakıda hərbi vəziyyət elan ediləcək ya yox? O dedi “yox”.  Mən İttifaq Sovetinin sədri kimi sizə söz verirəm ki, Bakıda hərbi vəziyyət elan edilməyəcək.”

Bundan sonra görüşdə iştirak edən yoldaşlar tələb elədi ki, bunu xalq bilmir. Bizi kabinetdə aldada bilərisiniz. Çıxın televizyaya və bunu xalqa elan edin”. Dedilər lap yaxşı. Mixaylova tapşırdılar ki, sən çıxarsan TV-yə. O da razılaşdı. Yanvarın 17-də Azərbaycan Kommunist Partiyasının ideoloji işlər şöbəsinin müdiri Əfrand Daşdəmirovla Mixaylov efirə çıxdılar və dedilər ki, Bakıda heç bir hərbi vəziyyət elan edilməyəcək”.

Elçibəy məhkəmədə bildirir ki, AXC bu bəyanata da inanmır. Qərara gəlinir ki, Elmlər Akademiyasında böyük toplantı keçirlisin: “AXC-dəki yoldaşlar dedilər ki, “onlara inanmaq olmaz”. Nə edək? Qərara gəldik ki, sabah Elmlər Akademiyasında yığıncaq keçirək və akademikləri Mərkəzi Komitəyə göndərək. Biz Elmlər Akademiyasında iclas çağırdıq. Akademiklərin çoxu orda idi. Mən çıxış edib onlara dedim ki, “siz elə indicə Mərkəzi Komitəyə gedin. Moskva ilə əlqə yaratmasanız, balalarımız tankın altında qalacaq.  250 nəfərin imzası ilə 17 nəfər nümayəndə seçildi. Göndərdilər Mərkəzi Komitəyə. Mərkəzi Komitədə onları əmin etdilər ki heç bir şey olmayacaq, şaiyələr inanmayın. Budur cinayətkarlar. Onlar cavab verməlidirlər. 19 yanvar axşamı xəbər gəldi ki, televziya blokunu partladıbar. Mən dedim, hər şey qurtardı. Başlandı. Hökmən qan olacaq”.

“Yoxsa həlak olanlar lap çox olardı”

Ə.Elçibəy məhkəmədə 19 yanvar gecəsi AXC rəhbərliyinin fəaliyyətinə də toxunub. AXC sədri bildirib ki, küçələrə dağılıb camaatı etiraz yerlərindən çıxarmaq qərara alındı: “Qərargahda İdarə Heyətindən 3-4 nəfər qaldı:

Vurğun bəy və Sabit bəyin adını çəkə bilərəm. Sabit bəy sonra qərargahdan çıxıb bir yedə camaatı dağıtmışdı da. Mənim dəqiq bildiymə görə, həmin günün gunorta çağı Etibar bəy, Rəhim bəy etirazçıların yanında olub və camaatın dağılmasını xahiş ediblər. Görüblər camaat çıxmır, deyiblər heç olmasa qadınlar və uşaqlar olmasın...  Ondan sonra qadın və uşaqları həmin yerdən çıxartdılar. Yoxsa, həlak olanlar lap çox olardı”.

 “Mərkəzi Komitədə birinin qeyrəti çatmadı bunu eləməyə?”

Əbülfəz Elçibəy çıxışında Azərbaycan hakimiyyətinin o zamankı laqeydliyini kəskin tənqid edib. O bildirib ki, yerli hakimiyyətin əlində hər cür imkan olsa da, heç bir hərəkət etməyib: 

“Məni düşündürən bu idi. Hökümətin hər şeyi vardı. Niyə baş nazir, daxili işlər naziri maşına oturub küçələrə düşüb camaata səslənmədilər? Bir nəfər belə.  Yəni o boyda Mərkəzi Komitənin Aparatında bu xalqın varı, pulu ilə yaşayan birinin qeyrəti çatmadı bunu eləməyə? Moskva elan etmir, hökümət elan etmir. Hamı girib bir-biri ilə sövdələşib. Ortada camaat qırılır. Sonra deyirlər ki, “Xalq Cəbhəsi xalqı tankın qabağına verdi”. Cinayəti özləri törədib xalqın üstünə qoymaq istəyirlər. AXC deməklə xalqı xalqın əli ilə vurmaq istəyirlər. AXC biziksə, qoy bizi tutsunlar. Biz bilirk ki, bu gün həbsxnalarda olan insanların 3-5 ildən sonra haqqı veriləcək. Xalq biləcək ki, biz haqlıyıq”.


“Ziyalı millətin zirehidir. O zireh isə bizdə yoxdur”

Əbülfəz Elçibəy ziyalıların Azərbaycandakı demokratik hərəkatında iştirakdan imtina etməsini kəskin pisləyib: 

“Xalqımızn taleyinin ağırlığı odur ki, bizim ziyalılar hələ özlərinin layiq olduğu mövqeləri tutmayıblar. Ziyalı millətin zirehdir. O zireh yoxdur. Bütün respublikaların ziyalıları öndədir, bizimkilər hələ gözləmə mövqeyindədirlər. Ziyalının bu cür susması və gözləmə mövqeyi tutması  xəyanətdir.

Ölkədə ortalama 50 min ziyalı var. Bunlardan heç 10 nəfəri belə bu seçkidə deputat seçilə bilməyiblər. (1990-cı ilin sentyabrnda Azərbaycan Ali Sovetinə keçirlmiş seçkilər nəzərdə tutulur-red)  AXC zor-güc, dava-dalaşla 30 nəfəri keçirə bildi. Kim ki, AXC-nin dəstəyini alıb onlar seçilib. Müstəqil seçilən ziyalı yoxdur. Faciəni görürüsünzmü?  Filan rayonun katibi yarım milyon qoyub katib olub, bu gün də yarım milyon verib olub deputat... Öz haqqını müdafiə edə bilməyən ziyalı millətin haqqını necə müdafiə edəcək?”

“Azərbaycandakı satqın dəstələrinin cinayətləri açılmalıdır”

Daha sonra öz çıxışında Əbülfəz Elçibəy SSRİ rəhbərliyinin 20 yanvarda törətdikləri cinayətə görə cavab verməsini tələb edib: “AXC-nin nə günahları var? Bu məsələyə cinayət törədənlər aşkar edildikdən sonra qayıdarıq. İlk növbədə Moskvanın cinayəti, erməni lobbisinin cinayətkarlığı açılmalıdır. Azərbaycandakı satqın dəstələrinin cinayətləri açılmalıdır, ziyalılar susduqlarını etiraf etməlidirlər. O zaman AXC günahı nədirsə onu ortaya qoyacaq.  Biz istəyirik ki birinci cinayətkar tapılsın sonra günahkar müzakrə edilsin”.

Hakim Ə.Elçibəydən kütləvi aksiyaları təşkil edərkən hakimiyyət orqanlarına məlumat verib-vermədikləri barədə sual verir.

Elçibəy bildirir ki, Bakıda keçirlən aksiyaların vaxtı barədə hakimiyyətə həmişə xəbər verilib. Bu məsələdə AXC-ni ittiham etmək yersizdir.

Hakim Elçibəydən AXC-nin sovet ordusuna qarşı manelərin təşkil edilməsində rolu barədə sual verir.

Elçibəy cavabında deyir ki, bu maneləri  əhali özü yaradırdı: 

“Biz deyirdik ki, bu, demokratik formada etirazdır. Amma mübarizə vasitəsi ola bilməz. O boyda sovet hökmətinin ordusunun qarşısında Amerika, İngiltərə tir-tir əsir. Azərbaycan xalq  nə ilə çıxacaq? Biz ordu ilə əhali arasında toqquşma olmasın deyə, prosesi nəzarətsiz qoya bilməzdik. Bir vətəndaş kimi iştirak etməliyidk”.


“Mənim ən böyük səhvim o oldu”

Əbülfəz Elçibəy daha sonra qeyd edir ki, 1989-cu ildə sovet ordusunun Tbilisdə törətdiyi qanlı hadisədən sonra SSRİ rəhbərliyinin bir daha buna əl atmayacağına inanırmış: “Qorbaçov çox böyük günah edib. Tiflisdən sonra biz dedik ki, ordu daha heç kimin üstünə yeriməyəcək. Azərbaycanda da hamı elə bildi ki, Tiflisdən sonra daha belə olmayacaq. Mən də buna inandım. Mənim ən böyük səhvim o oldu. Mən heç vaxt bu imperiyaya inanmamışdım. Amma ona inandım. Dedim, yəqin atmazlar. 20-ci əsrdə necə belə vəhşilik edə bilərlər?"

Hazırladı:
Xaqani SƏFƏROĞLU
Strateq.az   

7 Ocak 2016 Perşembe

Erkin QƏDİRLİ dedi və yazdı: BİZ NƏ VAXTDAN TÜRK OLDUQ?


 Millətçilik anlayışımla bağlı aydınlatma söz vermişdim. Buyurun, oxuya bilərsiniz.



1. Millətçilik etnik qavramdırmı?

Mənim üçün deyil. Mən etnik qavramları siyasətə daşıyanlardan deyiləm. Bununla belə, millətçiliyin, şübhəsiz ki, bir etnik kökə bağlı kulturoloji çərçivələri olur. Tamamən əlaqəsiz (dil, din, adət-ənənə, birgəyaşayış və s. bağları olmayan) xalqların ortaq millət formalaşdırması mümkün deyil.
Müstəmləkəçilik çağında Avropa'dan hər iki Amerika qitəsinə köçmüş və sonradan Afrika'dan kölə şəklində oralara köçürülmüş qrupların çeşidli Amerikan dövlətləri yaratması faktı, söz etdiyim çərçivələr məsələsində istisna sayıla bilməz. Çünki həmin qruplar oraya xalq kimi deyil, mühacir, macaraçı, sahibkar, dindar, hərbçi, cinayətkar, qaçqın və s. halında getmiş, orada gəlmə olduğunu anlamış, bu anlayışla barışmış və bunun nəticəsində hər şeyi, belə demək olarsa, sıfırdan başlamışlar.
Çeşidli coğrafi (məsələn, Yaponiya) və ya siyasi (məsələn, Ermənistan) səbəblərdən tək-köklü (monoetnik) toplumlara çevrilmiş ölkələrin təcrübələri də bizim üçün örnək ola bilməz. Biz, nə Yaponiya kimi ada, nə də Ermənistan kimi ziyada ola bilməyəcəyik. Biz, çoxköklü (polietnik) toplumuq. Bu halımıza bəzək-düzək verməyin tərəfdarı deyiləm. Bir gerçəklik kimi baxıram buna.
Çoxköklü toplumda etnik millətçilik çox təhlükəlidir. Əslində, mənim üçün "etnik millətçilik" deyilən bir nəsə yoxdur. Köklərə qayıdış, etnik özəlliklərə üstünlük verməyin adı millətçilik deyil, şovinizmdir. Bizim coğrafiyada əksər hallarda bu iki qavramın fərqi duyulmur. Qonşularımızda millətçilik adı altında çox zaman şovinistik görüşləri önə çəkirlər. Bunun ölkəmizə təsirsiz ötüşəcəyi mümkün deyildi, ona görə bizdə də bu yanlış qavramanın örnəklərini görə bilirik. Bu məsələdə Rusiya'nın ziyanlı təsiri lap çoxdur - bir tərəfdən yanımızda Ermənistan kimi qurumu yaradıb. bizi tarixi torpaqlarımızdan qovub, soyumuzun və dilimizin adını zorla dəyişdirib, digər tərəfdən də Lenin'in siyasi lüğətə gətirdiyi "millət" sözünün yanlış yozumu bütün işləri konseptual səviyyədə qarışdırıb. Rusiya'dakı, Ermənistan'dakı, İranda'kı və potensial olaraq Gürüstan'dakı şovinizmə qarşı bizdə, cavab olaraq, şovinistik görüşlərin önə çıxması təəccüblü olmasa da, yolverilməzdir.
Biz qonşularımız kimi şovinist olmamalıyıq. Birincisi, artıq yazdığım kimi, çoxköklü toplum olduğumuza görə. İkincisi, şovinizmin gerilikçi bir düşüncə tərzi olduğuna görə. Üçüncüsü, ölkəmizin şəraitində bunun mümkünsüzlüyünə görə. Üçüncü səbəb heç gözəgəlimli deyil, əslində, onu yazmaya da bilərdim. Sadəcə biriləri şovinist olmağı seçmiş olarsa, uzaqbaşı kiçik bir sekta, marjinal bir qrup olaraq qalacaqlarını anlamalıdır.



2. Soyumuzun (etnik çoxluğun) adı nədir?

Keçən yazılarımın birini "Biz, Türklər..." sözlərilə başlamışdım. Ünvanıma gələn tənqidlərin xeylisi, guman edirəm, bu sözlərə görə olmuşdu. Çox adam elə bildi ki, mən bu sözlərlə ölkəmizin bütün əhalisini Türkləşdirmək iddiasındayam. Yazılarımdan bu cür nəticələrin çıxarıldığını görmək məni hər zaman çox üzür. Sözlərimi bəzən ehtiyatsız seçdiyimi qəbul edə bilərəm (bunun özü tənqidə layiq haldır), amma yalnız buna görə niyyət etmədiyim mənaların və özümə yaraşdırmadığım iddiaların adıma yazıldığını görəndə içimdən güclü etiraz doğur.
Belə bir münasibəti məni yaxşı tanıdığını və hətta mənə hörmət etdiyini deyən adamlardan görəndə lap mat qalıram. Mənim heç bir özəlliyim yoxdur - düşüncələrimdən başqa. "Düşüncələrimdən başqa" ifadəsini də uzağa aparıb, düşündəklərimin unikal olduğunu iddia edəcəksinizsə, onda sizə heç sözüm yoxdur. Düşündüklərim, təbii ki, unikal deyil. Mən də, hamı kimi, bildiklərimi oxuduğum kitablardan öyrənir, yaşadığım həyatdan götürürəm. Sadəcə onları öz bildiyim kimi, subyektiv varlığıma uyğun, süzgəcdən keçirir, içimdə əridirəm. Yoxsa, hər düşüncənin nə zamansa kiminsə tərəfindən öncədən düşünüldüyünü mən də bilirəm. Necə deyərlər, nihil novi sub Soli (Latıncadan dilimizə çevirməsi - Günəşin altında yeni bir nəsə yoxdur). Nə isə, məni tanımaq - düşüncələrimi bilmək deməkdir. Hər halda belə olmasını istəyirəm. Yoxsa, xasiyyət etibarilə heç də rahat adam olmadığımı bilirəm, ona görə yaxın əlaqələr qurmaqdan çəkinirəm (çox az sayda adamları çıxmaq şərtilə). Odur ki, məni tanıdığını iddia edən adamlar konkret bu mövzuda birdən-birə mənə, məsələn, "faşist" deyirsə, məni tanımadığını bildirmiş olur. Hələ faşizmin nə olduğunu bilmədiklərini demirəm.
Qayıdaq buradakı sualımıza - soyumuzun adı nədir. Söhbət, özümü də aid etdiyim etnik çoxluqdan gedir. Mənim üçün cavab aydındır - adımız Türk'dür. Dilimizin də adı elədir. Bundan öncəki yazımda "Biz, Türklər..." yazanda, mən ölkəmizin bütün əhalisini deyil, yalnız etnik çoxluğunu nəzərdə tutmuşdum. Odur ki, sözlərimdə digər etnik qruplara hörmətsizlik axtarmağın yeri yoxdur. Kim özünü Türk saymırsa, bu, onun öz işi, həm də haqqıdır.
Biz kişilikdən danışanda qadınlara qarşı ayrı-seçkilik etmiş oluruqmu? Feministlərə görə oluruq, amma onlar kiçik marjinal qrupdur. Qadınların arasında belə nüfuz toplamaqda çətinlik çəkirlər. 'Kişilik mövzusu' qadınlara qarşı hörmətsizlik, ayrı-seçkilik olmadığı kimi, 'Türklük mövzusu' da etnik azlıqlara qarşı yönəlmiş kimi görülməməlidir.


3. Etnik çoxluğun adını Türk qoymaqla, etnik azlıqlara təhlükə yaratmış oluruqmu?

Belə bir sual şəxsən mənim heç zaman ağlıma gəlməzdi, amma ünvanıma yazılmış tənqidlərin arasında buna işarə edənlər olmuşdu, ona görə cavab verməli oluram. Hansı təhlükədən söhbət gedir? Ölkəmizin Türk olmayan etnik qrupları öz aralarında və öz dillərində bizi onsuz da Türk adlandırmırmı? Elədirsə, niyə biz özümüzə Türk deyəndə qıcıq, ya da hətta təhlükə yaratmış sayılmalıyıq? Bir də, belə bir sualın qoyuluşu kökündən yanlışdır. Biz adımızı Türk qoymuruq, biz Türkük. Bu adı bizdən alıblar, biz onu özümüzə qaytarmaq istəyirik.



4. Biz nə vaxtdan Türk olduq? Bizim Orta Asiya'dakı xalqlarla nə əlaqəmiz var? Özümüzü Türk adlandırmaqla burada gəlmə olduğumuzu boynumuza almış olmuruqmu? Bəs, onda Ermənilər haqlı olur axı....

Bu sualların cavabını birdən verəcəyəm, ona görə onları birləşdirdim. Bu suallar Türk olmayan etnik qruplardan deyil, öz Türklüyünü unutmuş sadəlöhv soydaşlarımızdan gəlir. Niyyətlərinin təmiz olduğunu guman edirəm (belə bir gumanın öz üstünlükləri var). Bu adamların xeylisi (amma, şübhəsiz ki, hamısı deyil) "Rus sektoru"nda təhsil almışlardır. Rus təbliğatı bizi bizdən tam almasa da, içimizə xeyli şübhə toxumu sala bilib. Özüm bütün təhsilimi "Rus sektoru"nda aldığıma görə nə dediyimi yaxşı bilirəm. Milli təəssübkeşliyin formaşalmasıyla bağlı çox ciddi problem var orada. Amma, yazdığım kimi, problem bir tək "Rus sektoru"nda deyil. "Azərbaycan bölməsi"ni bitirənlərin də arasında bu sualların içində azmışlar var. Bildirdiyim kimi, onları qınamaqdan çox uzağam. Bununla belə, onların yanlış düşündüklərini də deməliyəm.
Bu sulların nədən təmiz niyyətlə verildiyini guman edirəm? Aralarında olan bəzi suallar bunu aydın göstərir. Əsas məsələ yerli/gəlmə söhbətindədir. Bəziləri qorxur ki, biz özümüzə Türk deməklə gəlməliyimizi vurğulamış oluruq və bununla Ermənilərə arqumentativ üstünlük qazandırmış oluruq. Doğrusu, mövzunun belə dərinliklərinə varmağı qarşıma qoyduğum məqsədlər baxımından gərəksiz sayıram. Mən məsələyə faktoloji deyil, normativ yanaşıram.
Biz hər zaman Türk olmuşuq, amma hər zaman burada olmamışıq. Mənim üçün bizim gəlməliyimiz qətiyyən problem yaratmır. Bir millətçi üçün işin bu tərəfinin heç bir dəyəri yoxdur. Amma şovinist üçün ola bilər. Millətçiliklə şovinizmin fərqləndirilməsi önəmini yuxarıda vurğuladığıma görə, yenidən bu məsələyə qayıtmaq istəmirəm.
Gəlmə olmağın heç bir zəif, əksik, ya da başqa xoşagəlməz tərəfi yoxdur. Əksər xalqlar əksər yerlərdə gəlmədir. Bəziləri digərlərindən öncə gəlib - tək fərq budur. Bunun üzərində siyasi arqument qurmaq millətçiyə yaraşmaz. Ayrıca, hər kəsin belə mövzularda özəl azadlığı var. Hətta BMT-nin Mülki və Siyasi Haqlar haqqında Anlaşmasının 27-ci maddəsi etnik kimliyi kollektiv haqq deyil, fərdi azadlıq sayır.
Ailənin də önəmi böyükdür. Məsələn, bizim ailədə bu mövzular çox danışılardı. Hələ Sovet zamanı (1972-ci ildə) babam mənə Erkin adını verəndə, bu ad ölkəmizdə oğlan uşaqlarına qoyulmurdu. Bugünədək yaşda özümdən böyük, ya da mənimlə həmyaşıd Erkin adlı Azərbaycanlıya rast gəlməmişəm. Sonradan bu ad ölkəmizdə yayılmağa başladı, bugün şəxsən tanıdığım, amma yaşda məndən kiçik olan Erkinlər var. Bu adın kökü coğrafi olaraq indiki Rusiya'nın ərazisi olan Yakutiya torpaqlarına gedib çıxır. Qədim Türk adıdır - "azad" deməkdir. Yakut adıdır, Yakutiya'dan enir aşağı, Orta Asiya'ya və orada geniş yayılır. Atamın adı Toğrul olub. Toğrul - Səlcuq adıdır, "şahin" (yırtıcı quş) deməkdir. Beləliklə, mənim öz adım və atamın adı buralara, müvafiq olaraq, Yakutiya'dan və Orta Asiya'dan gəlib. Soyadımın da tarixi mənə deyir ki, 17-ci yüzilliyin başlağıncında Şah Abbas Şahsevənlərə aid Qədirli tayfasını (Qaradağlı, Əhmədli və s. tayfalarla birlikdə) Ərdəbil'dən Quzey Azərbaycan'a köçürüb. Bir sözlə, bunları bir örnək kimi yazdım ki, şəxsən məndə "gəlmə kompleksi"nin olmadığını göstərim.
Gəlmə olanda nə olar? Buralara gəldiyimizdən bu yana ən azı min ildən çox zaman keçib. Bu qədər zamandan sonra "gəlmə" söhbətini etmək ciddi deyil. Üstəlik, biz elə-belə gəlmədik. Biz dövlətlər, imperiyalar qurduq. Amma bu, tamam başqa mövzudur, millətçiliklə heç bir əlaqəsi yoxdur.



5. Azərbaycanlı olmaq nə deməkdir?

Əslində, əsas problem buradadır. Bundan öncə yazdıqlarım giriş sayıla bilər. Oxucularımın dözümündən sui-istifadə etmək niyyətim yoxdur, amma mövzu gerçəkdən böyükdür. Mən qısa yazmağa çalışıram.
Bir millətçi üçün 'Azərbaycanlı' sözü heç bir etnik anlam daşımamalıdır. 'Azərbaycanlı' deyilən soykök yoxdur. Azərbaycan - yer adıdır. 'Azərbaycanlı' etnik deyil, milli kimlikdir. Bunu hər kəsin bilməsi gərəkdir. 1939-cu ilədək biz (etnik çoxluq) sovet pasportlarında Türk adlanırdıq. İkinci Dünya Müharibəsinin yaxınlaşdığını və bu müharibədə Türkiyə'nin Almaniya'ya tərəf olacağını guman etmiş Sovet rəhbərliyi bizim adımızdan Türklüyü zorla götürdü və bizi 'Azərbaycanlı' adlandırdı (etnik mənada).
Biz doğrudan da Azərbaycanlıyıq. Amma bu, bizim etnik deyil, milli kimliyimizdir. Azərbaycanlı olmaq - Azərbaycan vətəndaşı olmaqdır. Bundan başqa bu sözün tutarlı anlamı yoxdur. Güney Azərbaycan mövzusu burada diqqətdən qaçırılmış kimi görünsə də, məqsəd başqadır. Yazdığım kimi, millətçilik siyasi kimlik üzərində qurulur. Paspostlarınıza baxın. Orada İngilisçə vətəndaşlıq bölümündə nə yazılıb? Nationality - yəni, milliyyət. Amma söhbət etnik kimlikdən deyil, siyasi kimlikdən (vətəndaşlıqdan) gedir.
Bizdə 'Azərbaycanlı' sözü etnik mənada qavranıldığı üçün ortaya xeyli problem çıxır. Birisilə söhbətdə "mən Azərbaycanlıyam" dediyiniz zaman, cavab yerinə, məsələn, "mənsə Talışam/Ləzgiyəm/Kürdəm və s." eşidəndə dərin bir çaşqınlıq yaranır. Bununla etnik azlıqlar öz etnik kimliklərinə sığınaraq (buna tam haqları var), 'Azərbaycanlı' sözünü etnik kimlik səviyyəsinə endirmiş olurlar. Yaxşı, mən olum Azərbaycanlı, birisi də olsun, məsələn, Tat. Bəs, ikimiz bir yerdə nə oluruq? Yenə Azərbaycanlı? Alınmır axı. Paradoksal şəkildə belə çıxır ki, ikimiz bir yerdə olanda örnək kimi götürdüyüm xəyali Tat həmsöhbətim etnik kimliyindən imtina etmiş olur. Deməli, burada, ən azından diskursiv səviyyədə, dərin uyğunsuzluq var. Şovinistlər bu uyğunsuzluğu görməyə bilər, hətta ondan yararlanmaq da istəyə bilər. Amma millətçi belə yanlışı etməməlidir. Millətçi üçün 'Azərbaycanlı' sözü etnik kimliyindən asılı olmamalıdır. Ayrılıqda biz Türk, Talış, Tat, Ləzgi, Kürd və s. qruplarıq. Bu, bizim etnik kimliyimizdir. Amma birlikdə biz Azərbaycanlıyıq. Bu da bizim siyasi kimliyimiz, millətimizdir. Mənim millətçiyim budur.
Etnik azlıqlar bilməlidir ki, onların haqları etnik çoxluğun adı özünə qayıdandan sonra daha yaxşı qorunacaq (gerçəkləşəcək).

6. Dilimizin adı nə olsun?

Yenidən eyni mövzuya qayıtmış kimi görünsəm də, dilimizi Türk dili sayıram. Ruslar vaxtilə "турки" və "тюрки" bölgüsünü yaratmışlar (imperial məqsədləri üçün). Bizim dildə "ю" hərfi yoxdur. Bizim üçün bu bölgü anlamsızdır. Biz Türkük, dilimiz də Türk dilidir. Bəli, Türkiyə'dəki Türkçədən fərqlənir, amma tərcüməsiz ünsiyyətə mane olacaq bir fərq deyil. Dilimizi Türk dili adlandırmaqla dilimizdə olan Ərəb və Fars sözlərə qarşı aşağılayıcı yanaşmaya varmağın da yeri yoxdur. Doğrudur, Türk köklü söz olan yerdə, Ərəb və Fars sözündən istifadə edilməməsi arzulanır, amma bununla bağlı siyasət yürütməyi kimsə təklif etmir. Bizim dil, xüsusən Fars dilindən götürülmüş sözlərlə daha da zəngindir. Bununla belə, dilimiz Türk dilidir.
Baxın, İngilis dilinin təxminən 60% Fransız mənşəli sözlərdən ibarətdir. Bunun tarixi səbəbləri var - Normanlardan başlamış, sonradan Plantagenet sülaləsinin 3 əsrlik hakimiyyəti nəticəsində İngilis dili Fransız dilinin güclü təsiri altında olmuşdur. İngilis dilinin yalnız 20% Anqlo-Sakson köklü sözlərdən ibarətdir. Digər 20% - Latın dilindən götürülmə sözlərdir. Bununla belə, kimsə İngilis dilinə Britaniya Fransızcası deməyib heç zaman. Bizim dilin Türklüyü İngilis dilinin Anqlo-Saksonluğundan müqayisə olunmayacaq dərəcədə çoxdur. Niyə bizim dilə Azərbaycan Türkçəsi deyilməlidir? Bu, dilçilik mövzusu deyil. Mən buna siyasi gözlə baxıram. Dilimizin çəkinmədən Türk dili adlandırılmasının tərəfdarıyam.
Bəlkə, başqa şərtlər altında bunları yazmazdım, amma məni "Türkün məsəli/sözü" kimi aşağılayıcı təqdimatlar çox üzür. Soxmaq, itələmək, basmaq, çalmaq və s. kimi sözlərin bədii lüğəti mənası aydın olmasına baxmayaraq, bu sözlərin söyüş mənasında qavranıldığını guman edərək, "Türkün məsəli/sözü" ifadəsini işlətməklə, hələ bir üzr də istəyərək, danışası hala niyə düşməliyik? Kimin ağlına söyüş gəlirsə, bu, onun düşüncə tərbiyyəsi problemidir, dilin problemi deyil.



7. Hər işimiz düzəldi, qaldı bir Türklüyümüz?

Belə bir irad da var. Şəxsən mənə burası çox gülməli gəlir. Əlbəttə, mən siyasi, iqtisadi, sosial problemlərin içində belə mövzuları açmağın çətinliyini anlayıram. Mən tələsmirəm, kimsəni də tələsdirmirəm. Mövzunun çox həssas olduğunu yaxşı bilirəm. Ehtiyatlı yanaşmanın önəmini də başa düşürəm. Bununla belə, bu iradı qəbul edə bilmirəm. Bütün problemlərlə eyni adamlar məşğul olası deyil ki. Yəni, bu iradın doğruluğunu guman etsək, belə çıxır ki, eyni adamlar, məsələn, öncə kanalizasiyanı düzəldəcək, sonra da dilimizi. Gülməlidir, deyilmi?. Belə olmayacaq, təbii ki. Hər işin öz ustası olacaq və bütün işlər zamanında görüləcək.

P.S. "Millət və din" mövzusu qaldı, onu da sonra, ayrıca yazaram. Onsuz da bu yazı uzun alındı.

Erkin QƏDİRLİ
turkustan.info
Tarix: 07.01.2016