Nəriman Həsənzadə
Azərbaycan Respublikasının Xalq Şairi
Salam, Füzuli, salam!
Qələm dostum
Lətif Vəlizadənin 80 illiyinə
Nə bir küçə gördüm, nə ev, nə eyvan,
Lətif, Füzulidə, Füzuli yoxdu.
Meydan sulayıbdı qopan o tufan,
Ayların-illərin,
bir fəsli yoxdu.
Sənin səksənində biz gələsiydik,
dəvət eləmişdin neçə il qabaq.
Çəmənlər qoynunda dincələsiydik,
hardadı dediyin o "Ceyranbulaq?"
- Palıd var, altında yatar bir sürü,
görmürəm, palıdlı o meşə nəymiş?!
Burda o yerləri külək süpürür,
dünya - bilməmişik,
süpürgəçiymiş!
Qəlbini sıxmasın qoy bu qəm, Lətif,
Zəfər yolumuzdu - Şuşa yolumuz.
Gözün aydın olsun, deyirəm, Lətif,
bu yoldan keçibdi,
qalib ordumuz.
Buludlar çəkilib göyün üzündən,
o qara kölgələr gedib Şuşadan.
Salam, Füzuliyə, Cıdır düzündən,
Şuşa salamıdı, Lətif, Şuşadan.
*Şeir 23.05.2022-ci il tarixində "Ədəbiyyat qəzeti"ndə çap edilib.
Lətif Vəlizadə 1942 - ci il aprel ayının 5-də doğulub.