Translate

31 Mart 2014 Pazartesi

NTV-nin sabiq direktoru: "Rusiya vətəndaşı olmağıma görə utanıram"


Yevgeni Kiselyov bildirib ki, Rusiya telekanalları Ukraynadakı quldur çevrilişi, digər bir tərəfdən isə Krımdakı istirahəti reklam edirlər.

"Mən Rusiya vətəndaşı olmağıma görə utanıram". Bunu NTV televiziya şirkətinin sabiq direktoru Yevgeni Kiselyov deyib. O bildirib ki, Rusiya telekanalları Ukraynadakı quldur çevrilişi təqdim edir, meydan iştirakçıları – nasistlər, yeni hakimiyyəti qanunsuz adlandırırlar və aramsız olaraq rusdilli əhalinin əzablarından danışırlar. 

Təşkil edilmiş təbliğat kampaniyasına görə, televiziya jurnalistləri üçün dərc edilmiş təlimatlar üzrə mühakimə aparmaq olar. Bu təlimatlarda jurnalistlərə Ukraynadakı cinayətdən danışmağı məsləhət görürlər. Rusiya kanalları Ukraynada hakimiyyət uğrunda artan ixtişaşları, Meydan bəhanəsi ilə baş verən cinayətləri tədim edir, digər bir tərəfdən isə Krımdakı istirahəti reklam edirlər. 

Kiyevdə işləyən məşhur Rusiya jurnalisti və siyasi analitik, sabiq NTV televiziyasının direktoru, "Moskva xəbərləri" baş redaktoru Yevgeni Kiselyov əməkdaşlarının işiylə Rusiya telepropaqanda metodlarını müqayisə edib.

Yevgeni Kiselyov Ukraynada Rusiya telekanallarının yayımının dayandırılması ideyasına münasibətinin birmənalı olmadığını deyib:

"Rusiya kanallarında yalnız xəbər göstərilmir, əlbətdəki onları xəbər adlandırmaq mümkündürsə. Eyni zamanda Rusiya kanalları yalnız təbliğat aparan informasiya proqramlarını yayımlamır. Bəzən orada yaxşı verlişlər göstərirlər və hətta çox yaxşı qeyri-siyasi proqramlar, seriallar, sənədli kino yayımlanır. Ancaq Ukrayna xalqı qarşısında mənim dostlarım və həmkarlarım heç bir qəbahətli iş görməyiblər".

Mənbə :
ANS PRESS 

26 Mart 2014 Çarşamba

“Ukraynanın itirilməsi Rusiya imperiyasının sonunun başlanğıcıdır”


İlqar Altay: “Qarabağın işğalının əsas səbəbkarının Moskva olduğunu açıq bəyan etməliyik”

“Ukrayna məsələsində Moskva Qərbə iyirminin birə nisbətində uduzub”

Ictimai Tədqiqatlar Mərkəzinin rəhbəri, hüquqşünqs-tədqiqatçı İlqar Altay Moderator.az-a son dövrlər vüsət almış Rusiya-Ukrayna konflikti ilə bağlı müsahibə verib.

- İlqar bəy, Rusiya ilə qonşu Ukrayna arasında konflikt artıq təhlükəli savaş həddinə çatmaqdadır. Bir araşdırmaçı kimi bu problemin səbəbləri və doğura biləcək nəticələri barədə fikirlərinizi bilmək istəedik.

- SSRİ dağılandan bəri onsuz da zəifləmiş rus imperiyası ilbəil mövqelərini itirir, onun rəqibi Qərb isə, heç bir qələbə hüdudunda dayanmır, irəliləyir. Bu, əslində demokratiyanın diktatura üzərinə yürüşüdür, həyatın, dünyanın tələbidir. Demokratik Qərb Moskvanın özünə bufer zonası hesab etdiyi postsovet ölkələrini bir-bir onun təsir zonasından çıxarır. Ən vacib strateji bufer olan Ukraynanı itirmək görünür, Moskvanı bərk narahat edib, həm də qəzəbləndirib. Ancaq bundan da vacib səbəb Ukrayna və Rusiya xalqları arasındakı milli-mənəvi tarixi problemdir. Bu iki slavyan xalqı arasında müəyyən köklü ziddiyyət olmasaydı, bu xalqlar heç imkan verməzdilər nə Qərb, nə Şərq, nə də hansısa qüvvə onları qarşı-qarşıya qoya bilsin.

-  Maraqlıdır iki qonşu, oxşar və qardaş xalq arasında bu qədər dərin, mental ziddiyyətin olmasını qeyd edirsiniz. Məsələn, hər hansı iki qonşu türk və ya ərəb dövləti arasında belə qarşıdurma yoxdur. Bir az təəccüblü görünür.

- Bəli, maddi, ərazi problemindən də çətini milli-mental mahiyyət daşıyan ziddiyyətdir. Türkdilli dovlətlər arasında şükür ki, bu yoxdur, olmayıb. Məsələ nədədir? Təsəvvür edin ki, oğul böyüyüb atasından soyuqluqla ayrılıb. Bu azmış kimi, onu boyüdüb başa çatdıran atanı saymır, hörmətsiz edir, üzünə qayıdır. Bu da azmış kimi, üstəlik atasını öz təsiri, hegemonluğu altına salıb, öz köləsi etmək istəyir. Bu artıq dəhşətdir, deyilmi!? Rusiya əslən Ukraynadan törəyən millətdir, yəni onun övladı sayılır. Qədim Rusiyanın paytaxtı Kiyev olub. Monqollar qədim, möhtəşəm Kiyevi aylarla mühasirə hesabına çətinliklə alan vaxt Moskva çay kənarında bir qəsəbə olub. O qədər kiçik olub ki, monqol qoşunu əhəmiyyət verməyib böyründən keçib yuxarı Novqorod şəhərinə doğru gedib. Bunlar danılmaz tarixdir. Ümumrusiya provaslav kilsəsi, yəni baş keşiş Kiyevdə yerləşib. Neftin, qazın əhəmiyyət daşımadığı dövrlərdə varlı qara torpaq Ukraynada olub və moskovitləri yedirdib, təmin edib. Zaman keçib, Moskva rusları nicat tapıb inkişaf edib, Şərqə doğru irəliləyib müxtəlif millətləri, türk tayfalarını əsarətinə salıb, imperiya yaradıb. Üstəlik, öz törəndiyi slavyan Ukrayna ata xalqını da hörmətsiz edərək öz kölə sferasına qatıb. Özünü velikorus-möhtəşəm, ukrainləri isə malorus-kiçik adlandırıb. Rus şovinizmi qədim Kiyevi, Ukraynanı “okrain” yəni, Rusiyanın bir qırağı, kənarı, ukrainləri isə istehzalı “xoxol” adlandıib kiçik yad millətlər sırasına qatıb, əsrlərlə ruhən incik salıb. Bu hegemonçu aşağılama siyasəti illərlərus xalqına aşılanıb. Ruslarda bu üstün hegemon tendensiya, ukrainlərdə isə daxili etiraz, yəni mental dərin ədavət bu gün də qalır. Ona görə də bu gün rus başbilən alimləri təəccüb qalıb bildirirlər ki, Rusiya ukrainlərə doğru neft, qaz, sənaye və s. baxımdan nə qədər addım atsada, ukrainlər onları sevmir ki, sevmir. Yəni, iki xalq arasında ədavətin,dönməz barışmazlığın, mental ziddiyyətindərin kökü bürdadır.

- Söylədiyinizdən belə çıxır ki, Kiyevdə Maydan hərəkatı əslində Rusiyaya etiraz imiş...

- Elədir ki, var. Maydan hərəkatında Ukrayna xalqının baslıca məqsədi Putindən, Moskvadan, rus şovinizmindən qurtulmaq idi. Zəif və özünü itirmiş Yanukoviçin hakimiyyət bandasından qurtulmaq ikinci, həm də çətin olmayan məsələ idi.

- Bəs Ukraynanın daxili işi sayılan Kiyevdəki inqilabi proseslərə Moskvanın belə sərt reaksiyası nədən oldu? Nə üçün iki ölkə arasındakı münasibət qısa müddətdə bu cür kəskinləşdi?

- Ukrayna xalqının demokratiya, Avropa yönlü qətiyyəti, Qərbin güclü fəaliyyəti və dəstəyi, Kremlin arxayınçılığı, Yanukoviçin zəif qeyri-stabil durumu prosesləri nəzarətdən çıxarıb təbii yöndəmə saldı. Başı Soçi olimpiadasına qarışan Kremldə ayılıb gördülər ki, Kiyev, neçə ildi ipi Putinin əlində olan Yanukoviç hakimiyyəti əldən çıxıb. Artıq xalq hakimiyyəti tamamilə götürüb. Ukraynanın itirilməsi təbii ki, Rusiya imperiyasının sonunun başlanğıcıdır. Putin bunu gözəl bilir və onu dəhşət bürüyür. Onun kimi, psixoloji baxımdan paranoya patalogiyalı insanlar əslində qorxaq və vahimələnən olurlar. Yaxşı bilir ki, rus xalqını yalnız özünü güclü, qətiyyətli göstərib qorxu yaratmaq hesabına idarə edə bilər. Xalq onun qorxaq və zəif olduğunu, zəiflədiyini bilsə, dərhal aşırar. Beləliklə, şokdan çıxan kimi dərhal cürətli və qəti addımlar atmağa başladı. Heç olmasa görüntü xatirinə, Krım variantından istifadə etməyə. Xalqa göstərsin ki, baxın, mənim əlimdən Ukraynanı aldılar, amma mən də son anda cürət göstərib Krımı qopartdım və rus xalqı yayda Krım çimərliklərində özünü rahat günə verə bilər.

- Bu saat Krımın Rusiyaya birləşdirilməsi prosesləri bütün dünyanı silkələyir. Rusiya və Krımda bununla bağlı bayram edilir. Ukrayna tərəfdarlarını isə sanki bədbinlik bürüyüb. Bəziləri Krım məsələsinin rus imperiyasında yeni Putin erasının, yeni-yeni qələbələrin başlanğıcı hesab edir. Bəziləri isə əksinə, bunu Rusiya Federasiyasının sonunun başlanğıcı kimi qələmə verir. Sizcə həqiqət haradadır?   

- Bilirsiniz, insan toplumu bəzən şüursuz olaraq, çalıb-oyanayaraq uçuruma,faciəyə doğru gedir. Bu gün Putin bütün gücü ilə, təbliğat vasitələrini işə salmaqla Krımın alınması ətrafında ritorika yaradıb. Rus xalqının böyük sadəlöhv hissəsini süni eyforik vəziyyətə salıb. Guya möhtəşəm bir tarixi qələbə əldə olunub. Əslində, bir qədər dərin analiz qabiliyyətli insanlar bilir ki, Ukrayna məsələsində Moskva Qərbə artıq uduzub. Özü də böyuk hesabla, iyirminin birə nisbətində. Yəni Rusiya Ukraynanı əldən verib, əvəzində Krımı götürüb. Krım isə Ukraynanın 20-də 1-i qədərdir. Bu hesabla, sabah Belarusiyada da demokratik qərbyönlü çevriliş ola bilər, Lukaşenko qovular. Belarusiya əldən çıxar və Rusiya onun hansısa bir vilayətini əlində saxlayar. Bu nədir, qələbədir? Qəribədir, sən boyuk bir müttəfiq qonşu və həm də qardaş ölkəni itir, onun kiçicik bir hissəsini böyük risq və biabırçılıq hesabına götür və sevin. Bu komik haldır. Bunlar nəyə sevinirlər, vallah təəccüb qalmışam. İndiyədək Rusiya Azərbaycanı verib Qarabağı, Gürcüstanı verib Abxaziya və Cənubi Osetiyanı, Moldovanı verib Dnestryanını götürüb.Bunun nə xeyri olub? Bunlar onsuz da imkanı zəif olan Rusiya xalqı üçünbir siyasi və iqtisadi yükdür. Həmin o Qarabağ kimi bölgələr özlərini himayə qucağına verib arxayınlaşir, işləyib çalışmırlar, Rusiyadan daima hazır yardım gözləyirlər.

- Bəs bu halda, xeyri yoxdursa, sizcə Putin niyə Krımı götürmək addımını atdı və Qərb də sanki bununla razılaşır. 

- Putinin başqa yolu qalmamışdı. Kiyevdəki hakimiyyət dəyişikliyindən, Ukraynanı uduzandan sonra dərhal ayılıb coşdu və hətta könlündən hərbi yolla bütün Ukraynanı götürmək də keçdi. Amma qorxdu, gücünü hesabladı, cəsarət etmədi. Təsəlli üçün Krıma əl atdı. Heç olmasa Krımı götürməsəydi, onun öz xalqının qarşısında cılız və zəif mahiyyəti ortaya çıxacaqdı və bununla xalq dərhal onu bitirəcəkdi. Rusiyanın Krımı anneksiyası Qərbə əslində xeyir verir. Qərb liderləri Ukrayna kimi həyati vacib bölgəni Moskvanın əlindən çıxara bildikləri üçün daxilən sevinirlər, üzdə isə guya incik və qəzəblidirlər. Dünyaya bu əhvalı aşılayırlar. Dünya ictimaiyyəti qarşısında Rusiya nifrət qazanma dərəcəsində hörmətdən düşür. Qərb Rusiyanın beynəlxalq normalara zidd syasətindən istifadə edib onu müxtəlif sanksiyalarla boğur. Moskva bütün dünyada təcridə düşür, mövqeyi zəifləyir, biabır olur. Ikincisi, Qərb bilir ki, Krım Rusiya üçün bir ağır iqtisadi yükdür və bu saat Moskva heç öz regionlarını, xalqını təmin edə bilmir. Bilir ki, bu gün sabah RF dağılacaq, Krım da daxil olmaqla bütün işğal zonaları geri alınacaq. O cümlədən,bizim Qarabağımız.

- Qarabağdan söz açdınız. Rusiyanın Ukraynaya müdaxiləsi və Krımı zəbt etməsilə əlaqədar Qərb liderləri Rusiyanı qınayır. Krıma müdaxiləni işğal adlandırıb, Gürcüstanda Abxaziya və Cənubi Osetiya, Moldovada Dnestryanı Respublikası separatizmini birbaşa Rusiyanın işğalı kimi önə çəkirlər. Amma Azərbaycandakı Qarabağ işğalı barədə heç bir səs-soraq yoxdur. Nə ilə bağlıdır bu?

- Rusiyanın açıq və gizli dəstəyi, müdaxiləsi olmasaydı, böyük türk toplumunun tam əhatəsində olan cırtdan Ermənistan Azərbaycan türkünün ərazisini işğal etməyə cürət etməzdi. Beynəlxalq normalara sayqısızlıq edib 20 faiz ərazimizi illərlə işğal altında saxlamazdı. Mən düşünürəm ki, Ukrayna, Krım hadisələrindən sonra Qarabağ probleminin həllində yeni dövr başlayır. Artıq biz də bundan sonra digər işğalçı-separatizmə məruz qalmış postsovet ölkələri kimi, işğalımızın əsas səbəbkarını açıq və birbaşa Moskvanı, Kremli göstərməliyik. Dövlət və cəmiyyət birliyində bunu çalışıb fakt, sübutlarla ortaya qoymalıyıq. O zaman dünya birliyi də görər ki, biz konkret hədəfi göstəririk ki, Azərbaycan əslində nahəng Rusiyanın işğalına məruz qalıb. Görərlər ki, ermənilərə uduzmamışıq, zorla uduzdurulmuşuq. Daha deməzlər ki, Ermənistanla iki qonşu respublikasınız, gedin öz məsələnizi özünüz dil tapıb həll edin. 20 ildən çoxdur belə olub, dəyişməliyik bunu.

Seymur Əliyev

Ermənistanın keçmiş müdafiə naziri də Qarabağı Rusiyaya verməyə çağırdı


Qarabağın işğalına başçılıq edənlərdən biri olmuş general Norat Ter-Qriqoryants: “Jirinovski möhtəşəm təklif irəli sürüb…”

Rusiya Liberal Demokrat Partiyasının lideri, Dövlət Dumasının vitse-spikeri Vladimir Jirinovskinin Dağlıq Qarabağı Rusiyanın tərkibinə birləşdirmək barədə irəli sürdüyü təklif Ermənistanda da tərəfdarlar toplayır.
Qarabağ müharibəsinin ən şiddətli dövründə – 1992-1995-ci illərdə Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi olmuş, 1993-cü ildə müdafiə nazirinin səlahiyyətlərini icra etmiş, ermənilər arasında Qarabağ müharibəsinin qəhrəmanı adı alan general-leytenant Norat Ter-Qriqoryants 1in.am saytına müsahibəsində Jirinovskinin ideyasını “möhtəşəm” adlandırıb.
Moderator.az həmin müsahibəni təqdim edir:

- Bu günlərdə Vladimir Jirinovski qalmaqallı bəyanatla çıxış edərək bildirdi ki, Azərbaycanla Ermənistan öz aralarında heç vaxt Qarabağ məsələsində razılığa gələ bilməyəcəklər. Ona görə də ən yaxşısı Qarabağı Rusiyanın tərkibinə birləşdirməkdir. Artsaxın azadlıq mübarizəsinin başında dayananlardan və silahlı qüvvələri formalaşdıranlardan biri olaraq bu ideyaya münasibətiniz necədir?

- O, möhtəşəm deyib. Niyə də yox? Ermənistan Dağlıq Qarabağın suverenliyini və müstəqilliyini ümumiyyətlə niyə tanımır? Niyə onlar qorxur ki, danışıqların dayandırılacağı elan ediləcək? Ümumiyyətlə, danışıqlar aparmaq lazım deyil, danışıqları yalnız Rusiya Federasiyası ilə aparmaq lazımdır. Çünki 1813-cü il Gülüstan sülh müqaviləsinə əsasən Qarabağ Rusiya imperiyasına daxil olub, Dağlıq Qarabağ heç vaxt SSRİ-nin tərkibində olmayıb. Deməli, Dağlıq Qarabağ niyə Rusiya Federasiyasının tərkibində olmalı deyil? Çünki Gülüstan sülh müqaviləsinə görə, o, Rusiya ərazisidir. Əgər tərəflər razılaşma əldə edə bilmirsə, niyə də belə olmasın? Ümumiyyətlə, mən hesab edirəm ki, bütün Ermənistan Dağlıq Qarabağla birlikdə referendum keçirməli və Rusiya Federasiyasının tərkibinə daxil olmalıdır. Müstəqilliklə məşğul olmaq lazım deyil.

- Bəs hesab etmirsiniz ki, bu ssenari heç vaxt Ermənistanda qəbul edilə bilməz? Axı indi çoxları Ermənistanın Rusiyanın inteqrasiya proseslərində iştirakına qarşıdır…

- Mən Ermənistan rəhbəri deyiləm, Ermənistanda yaşamıram. Lakin dörd il ərzində Ermənistan silahlı qüvvələrinin formalaşdırılması ilə məşğul olmuşam və Ermənistanı, Qarabağı çox yaxşı tanıyıram. Jirinovski nəyi düzgün hesab edirsə, onu deyir. Mən də hesab edirəm ki, bu, mümkündür. Niyə də yox? Əgər Ermənistan özü Dağlıq Qarabağın müstəqilliyini tanımırsa, niyə Dağlıq Qarabağ referendum təşkil edib Gülüstan sülh müqaviləsinə əsasən Rusiyanın tərkibinə qayıtmasın? Bu, olduqca ciddi məsələdir, baxmayaraq ki, etiraf etmək üçün gərək adamda vicdan ola.
Hazırda isə yoldaş Putinə, beynəlxalq miqyaslı siyasi xadimə eşq olsun. O, dünyada rus xalqının taleyindən narahat olan, eyni zamanda Ukraynada faşistlərin təzyiqi altında qalan xalqın taleyini fikirləşən yeganə adamdır. Axı bu insanları xilas etmək lazım idi. Elə deyilmi? Axı faşizm bütün SSRİ-yə və bu müharibədə iştirak edən 600 min erməniyə bədbəxtlik gətirdi, onlardan 300 mini öldü. Yəni ermənilər də faşizmdən əziyyət çəkdi. İndi birdən Ukraynada hakimiyyətin başına faşistlər gəlir və yalnız yoldaş Putin regionun taleyindən narahat olur ki, faşistlər regionu məhv etməsinlər. O, düz elədi və Putinə dəstək vermək lazımdır. Bununla həm də Qarabağda yaşayan erməniləri dəstəkləmiş olarıq. Vaxtilə biz Qarabağ ermənilərini dəstəklədik və ordu formalaşdırıb son 1000 ildə ilk dəfə torpaqları azad elədik.

- Cənab general, siz silahlı qüvvələri formalaşdırmısınız, Artsaxı azad etmişiniz. 20 ildən çoxdur beynəlxalq formatda danışıqlar gedir. Bütün bunlar ona görə idi ki, Qarabağı Rusiyaya verək?

- Jirinovski deyir ki, əgər Ermənistan və Azərbaycan məsələni həll edə bilmirsə, o zaman qoy Dağlıq Qarabağ Rusiyanın tərkibinə daxil olsun. Əgər tərəflər doğrudan da heç cür razılıq əldə edə bilmirsə, o zaman Dağlıq Qarabağın Gülüstan sülh müqaviləsinə əsasən Rusiyanın tərkibinə qayıtmaqdan başqa yolu qalmır.

- Faktiki olaraq siz Krımın ilhaqını ədalətli hesab edirsiniz?

- Mən buna müsbət yanaşıram. Belə ki, Krım vaxtında düzgün addım atdı, Qarabağ kimi etmədi. Qarabağda hələ silahlı qüvvələr yox idi və onlar öz müqəddəratını təyin etmə prosesinə keçdilər. Bu səbəbdən də Azərbaycan silahlı qüvvələri hücum etdilər. Dnestryanı bölgədə, Abxaziyada da belə oldu. Krım isə özünümüdafiə dəstələri formalaşdırdı, sərhədləri bağladı və referendum keçirdi. Özünümüdafiə qüvvələri də bu referendumun təhlükəsizliyini gözəl təmin etdi. Yeri gəlmişkən, Krım özü də Rusiya ərazisi idi. İndi növbəti mərhələyə, ərazi bütövlüyünə keçmək lazımdır. Dağlıq Qarabağa gəldikdə isə o, artıq öz müqəddəratını təyin edib. Lakin Dağlıq Qarabağa gəldikdə ərazi bütövlüyü prinsipi pozulub. Ona görə də Dağlıq Qarabağın ərazi bütövlüyünü bərpa etmək lazımdır.

- Məlumdur ki, Krıma görə Rusiya bu gün necə tənqid olunur, onun Krımda referendum keçirib özünə birləşdirməsi işğal kimi qiymətləndirilir. Rusiyanın regionda öz təsirini saxlamaq metodları həddən artıq kobud deyilmi?

- Qərb həmişə ona sərf eləməyini tənqid edir. Yeri gəlmişkən, bu məsələdə Qərb parçalandı və iflasa uğradı. Çünki Qərbə sərf edirdi ki, Krım Ukraynanın tərkibində qalsın. Millətçilərin hakimiyyətə gəlişindən sonra Ukraynanı tələsik NATO-ya üzv edib Krımda öz donanmalarını, bazalarını yerləşdirmək istəyirdilər. Bu halda Qara dəniz ABŞ-ın və Qərb ölkələrinin nəzarətinə keçəcəkdi. Belə vəziyyətdə Qara dəniz Rusiya üçün bağlı olacaqdı, bütün Krasnodar diyarı bağlanardı və bu da Rusiyaya böyük zərbə olardı. Amerika artıq Rusiyanın özündə inqilab etmək üçün yaxınlaşır. Deməli, bu prosesin önünə keçmək və Qərbin dediklərinə tüpürmək lazımdır.

- Lakin Ukrayna Avropaya və NATO-ya inteqrasiya tərəfdarıdır…

- Ukrayna bunu istəmirdi. Ukraynada yeni texniki vasitələrin köməyi ilə dövləti iflasa uğratdılar. Bu texnologiyanı Polşa və Amerika fikirləşdi, Almaniya, İngiltərə, Fransa da dəstək verdi. Bu, yeni inqilab texnologiyası idi, dövlətin iflası üçün hazırlanmış yeni texnologiya idi. Onlar Afrikadan, Liviyadan başladılar və indi Rusiyada sınaqdan keçirmək istəyirlər. Çünki Rusiya kimi təmiz dövlət onlara lazım deyil.

*     *     *
Arayış:

Qeyd edək ki, Dağlıq Qarabağın Gülüstan sülh müqaviləsinə əsasən Rusiyaya birləşdirilməsi ideyasını ilk dəfə ötən ilin payızında erməni separatizminin baş ideoloqu, bədnam yazıçı Zori Balayan Vladimir Putinə yazdığı açıq məktubda gündəmə gətirmişdi.
O vaxt Ermənistanda və Qarabağın özündə Balayanı bu məktubuna görə “xain”, “alçaq”, “şərəfsiz” kimi ifadələrlə tərif etdilər. Lakin Ermənistan rəhbərliyi Balayanın məktubuna heç cür reaksiya vermədi. Belə təxminlər var idi ki, Balayan məktubunu prezident Serj Sərkisyanla razılaşdırmışdı.
Nəhayət, Krımın işğalından sonra Kremlin imperiya ambisiyalarının əsas ideoloqlarından olan Jirinovski bu haqda danışdı. Ardınca Krımın Rusiyanın tərkibinə birləşdirilməsi münasibətilə Xankəndində konsert-mitinq təşkil edildi. Bu bayramı Dağlıq Qarabağ rəhbərliyi təşkil etmişdi. Erməni ictimaiyyətində hesab edirlər ki, sifariş Rusiyadan gəlmişdi.
İndi isə Ermənistanın keçmiş müdafiə naziri və Qarabağın işğalına başçılıq edənlərdən biri olmuş general Norat Ter-Qriqoryants bu haqda danışır. Və general Norat Ter-Qriqoryants Dağlıq Qarabağın Rusiyaya birləşdirilməsi çağırışını elə Moskvadan səsləndirir. Çünki o, Rusiyada yaşayır və Rusiya Erməniləri İttifaqının idarə heyətinin üzvüdür.
Bu təşkilat Kremlə bağlıdır və onun rəhbəri Ara Abramyan Putinin rəhbərlik etdiyi Millətlərarası Münasibətlər Şurasının üzvüdür. Beləliklə, düyməyə basılıb və indi sonrakı prosesləri izləmək lazımdır…
Virtualaz.org

Əli Məsimli: “Qərbin dişsizliyi davam etsə Rusiya bundan şirniklənəcək”


“İrana tətbiq edilən sanksiyalar da göstərdi ki, bu yolla ölkəni çökdürmək mümkün olmur”


İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri Əli Məsimli Krım böhranından sonra Rusiyaya qarşı sanksiyalar paketini işə salmağa hazırlaşan ABŞ və 28 Avropa ölkəsinin tərəddüdlü addımları, eyni zamanda bu konfliktin hansı tərəfin qələbəsiylə sonuclanacağıyla bağlı Moderator.az-ın bir sıra suallarını cavablandırıb

 - Ukrayna ətrafında cərəyan edən hadisələrin təhlükəsini 10 ballaıq şkala ilə neçə bal qiymətləndirərdiniz?
     
 - Ukrayna ətrafında cərəyan edən hadisələrdən doğan vəziyyət əslində ilk baxışda göründüyündən çox mürəkkəb və təhlükəlidir.Bunu 10 ballıq sistem üzrə 8 balla qiymətləndirmək olar. Çünki  Krımın anneksiyası dünya düzənini dəyişdi. Yeni dünya düzəni formalaşır,  amma bu, ötən əsrdə  İkinci dünya müharibəsinə gətirib çıxaran hadisələrin xeyli dərəcədə oxşarıdır. Belə ki,tarix kitablarında 1929-cu il böhranının  1933-cü ildə başa çatdığı yazılsa da, əslində belə olmayıb. Məhz 1933-cü ildən sonra da həmin böhrandan çıxa bilməyin optimal yolu tapılmadığından müharibə variantına şərait yaradıldı və İkinci  Dünya Müharibəsi başladı. İndi də 2008-ci ilin qlobal maliyyə-iqtisadi böhranından tam çıxışın optimal yolu tapılmır. Həmin dövrün tarixi hardasa 80 faiz təkrar olunur. Ona görə də vəziyyət çox təhlükəlidi. 
Krımın anneksiyası bütün dünyadakı mövcud geosiyasi balansı darmadağın edə bilər. Hazırda müharibənin qarşısını alan çəkindirici faktor-ağıl, sağlam düşüncə, humanizm yox, qarşı-qarşıya duran tərəflərin hər birinin dünyanı azı 15 dəfə dağıtmaq üçün yetərli sayda atom silahına sahib olmasıdır. Ona görə də müharibə variantı arxa plana itələnib və iqtisadi sanksiyalardan istifadə  olunur.

- Deyəsən ABŞ və 28 Avropa ölkəsi Rusiyanı diz çökdürəcək iqtisadi sanksiya məsələsində dil tapa bilmədilər. 

- Avropa Parlamenti Rusiyaya qarşı sanskiyaların birinci mərhələsinə razılıq versə də və Krımdakı fəaliyyətindən geri çəkilməsə daha şiddətli sanksiyalarla üzləşəcəyi haqda Kremli xəbərdar edib.Amma konkret sanksiyalardan söhbət gedəndə belə  sanksiyaların tətbiqində Amerika tərəfi prezidentin timsalında bir nəfərin, Avropa İttifaqı isə 28 nəfərin razılığını tələb etdiyindən, ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların Avropa Birliyi tərəfindən sinxronlaşdırılmış şəkildə təkrarlanması ehtimalı azdı. Onun yalnız bir hissəsi Avropa Birliyi tərəfindən həyata keçirilə bilər.Bunun səbəbləri çoxdu. Həmin səbəblər içərisində İkinci dünya müharibəsinin başa çatmasından 70 ilə yaxın bir dövr keçməsinə baxmayaraq, hələ də avropalıların Rusiya xofu və bir də Rusiyadan qaz asılılığı (Avropanın enerji daşıyıcılarına olan tələbatının üçdə biri Rusiya hesabına reallaşır) daha ciddi rol oynayır. ABŞ Avropanı ən yaxşı halda bir ildən sonar qazla təchizatına töhfə verə bilər.Ona görə də Avropa Birliyi sanksiya məsələsində ləng hərəkət edir, bəzi Avropa ölkələri isə ümumiyyətlə tərəddüd edir. 

- Həmin sanksiyaların hansı təsiri ola bilər?

- Hadisələr göstərir ki, Ukraynadakı böhran və Rusiyanın Krımı işğal etməsi ABŞ-Rusiya münasibətlərinin köklü şəkildə təzədən qiymətləndirilməsinə aparır. Hələlik tətbiq olunan sanksiyalar daha çox diplomatik manevr xarakterlidir. Belə sanksiyalar daha çox çəkindirici xarakter daşıyır.Ukraynadakı vəziyyət ətrafında Qərbin mövqeyi ABŞ prezidenti Barak Obamanın Avropaya gözlənilən səfərı zamanı aydınlaşacaq.Digər tərəfdən əgər ABŞ-la Rusiya heç olmasa müəyyən məqamlar üzrə razılığa gələ bilməsələr, sanksiyalarla yanaşı həm də Rusiyanın daha geniş şəkildə təcridi prosesi başlaya bilər….    

 - İndi tətbiq edilən sanksiyalardan  yaxın zamanlarda hansı nəticələri gözləmək olar?

- Ukrayna ətrafında yaranmış böhran nəticəsində dünyada yaranmış vəziyyətin məntiqindən doğan çoxsaylı səbəblər üzündən yaxın zamanlarda Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalar gözlənilən nəticələri verməyəcək. Yəni bütün bu təzyiq və sanksiyalara baxmayaraq, həmin sanksiyalar Rusiyanı Krımdan çıxması üçün yetərli olmayacaq və ya Rusiya iqtisadiyyatına nəticələri bir neçə ildən sonra görünəcək dağıdıcı zərbə vuracaq, amma Krım məsələsində gözlənilən effekti verməyəcək.İrana tətbiq edilən sanksiyaların təcrübəsi göstərir ki, enerjidaşıyıcıları ilə zəngin olan ölkəni sanksiyalar vasitəsilə ağır duruma salmaq olsa da, qısa zaman kəsiyində tam çökdürmək mümkün olmur və bu proses çox zaman aparır. Bu sanksiyalar həm də seynot vəziyyətinə doğru gedən Rusiyanın postsovet ölkələrinə təzyiqini artıra da bilər.

 - Bəs həmin sanksiyaların  orta müddətli nəticələri necə görürsünüz?

 - ABŞ Rusiya təhlükəsinin bundan sonrakı fəsadlarını görür və qarşısını almağa çalışacaq. Çox güman ki, əvvəlcə sanksiyalar çəkindirici komplekslə məhdudlaşacaq. Soyuq müharibənin yeniləşmiş variantda təzahürləri özünü göstərməyə başlayacaq.Rusiya bundan nəticə çıxarmasa, onda sanksiyalar onun davranışlarına adekvat şəkildə gücləndiriləcək. Rusiya iqtisadiyyatı enerjidaşıyıcılarının ixracından və dünya bazarında satışından çox asılı vəziyyətdədir. Başqa sahədən ona iri məbləğlı pul daxil ola bilmə mənbəyi yoxdu.Qərbin təzyiqləri nəticəsində bu sahədə müəyyən problemlər yaransa, Rusiya iqtisadiyyatının qalxınması üçün zəruri olan  islahatları həyata keçirə  və texnoloji cəhətdən geriliyini aradan qaldıra bilməyəcək. Digər tərəfdən, bayaq dediyimiz kimi, Avropanın enerjidaşıyıcılarına olan tələbatının üçdə birini Rusiya ödəyir. Ona görə də Qərb Rusiyanın neft-qaz ixracından asılılığını zəiflətmək istiqamətindəki səylərini artıracaq.Qərbin sanksiyalarından Rusiya iqtisadiyyatı ziyan çəksə də, onadan qat-qat çox artıq “aqressor” damğası vurulmuş Rusiya reputasiyası ziyan çəkəcək. Böyük səkkizliyin yolu Rusiya üçün bağlanır. Rusiya üçün Ukrayna və deməli həm də MDB yoxa çıxır.Qərblə Rusiya arasında ticarət-iqtisadi əlaqələr zəifləyəcək. Rusiyanın əlverişli şərtlərlə dünya maliyyə bazarına çıxışı çətinləşəcək. Bu da Rusiyaya sərmayə qoyuluşunu mədudlaşdıracaq.Viza problemi ciddi nəticələr verməyə başlayacaq. Rusiyadan kapital axını güçlənəcək.Belə vəziyyətdə Rusiya  valyuta ehtiyatlarının daha çox hissəsini  sosial gərginlyin azaldılmasına və  rublun kursunun nisbi sabit saxlanılmasına sərf etməli olacaq.Bir müddətdən sonar eyforiyadan ayılanlar, həm elita, həm də əhali arasında daxili narazılıq artacaq.

- Həmin sanksiyalar başqa ölkələrin iqtisadiyyatına necə təsir göstərəcək?

-Əvvala, sanksiyalar tətbiq olunan ölkə ilə yanaşı onu tətbiq edən ölkələrin şirkətlərinin də fəaliyyətinə təsir göstərəcək.İkincisi, Rusiyaya tətbiq olunan  sanksiyalar onun  Gömrük İttifaqına üzrə müttəfiqləri olan Belarus, Qazaxıstan və Ermənistan üçün də müəyyən  iqtisadi və bəlkə də sosial xarakterli problemlər yarada bilər.Üçüncüsü, bu sanksiyalar dolayı yolla da olsa, Rusiya ilə daha çox ticarət-iqtisadi əlaqələri olan ölkələrə təsir edəcək.Dördüncüsü, sanksiyaların Rusiya iqtisadiyyatına təsiri artdıqca, keçmiş SSRİ respublikalarından gedib Rusiyada işləyən və evlərinə- ailəsinə pul göndərən şəxslərin qazancına mənfi təsir göstərə blər.

- Sizin proqnozunuz necədir, bu savaşdan Rusiya, yoxsa Qərb qalib çıxacaq və biz bu savaşın qalibini və məğlubunu nə vaxt görə biləcəyik?

- Bu qarşıdurmanın ən ciddi nəticələri iki mənbədən qaynaqlanacaq: birincisi üzunmüddətli sanksiyalardan, ikincisi həmin sanksiyaların səmərəlilik dərəcəsi və proqnözlaşdırılması mümkün olmayan  nəticələrindən. Bu baxımdan hadisələrin gedişini birmənalı qiymətləndirmək çox çətindir və yalnız optimist, pessimist və orta variantda proqnozlaşdırmaq olar:
    Pessimist proqnoza görə demək olar ki,  sanksiyalar yaxın illərdə Rusiyanı durdurmaqdan ötrü yetərli olmayacaq. Ona görə də bu savaşın tarix üçün qısamüddətli taktiki  qələbəsi Rusiyanın tərəfində olacaq. Əgər Qərb “dişsizliyini”  davam etdirsə, Rusiya bundan şirnikləşib, Ukraynada törətdiyini digər postsovet ölkələrində də müxtəlif formalarda sınaqdan keçirəcək. Bu savaşın pirr qələbəsi Rusiya tərəfində olduğundan, qısamüddətli dövrün qalıbi  Rusiya olacaq..

Optimist varianta görə, ABŞ Krımın anneksiyasını Rusiyanın dünya düzəninin “qırmızı xəttını” keçdiyini fikirdə, sözdə və işdə ciddi qəbul edib, təzyiqləri gücləndirəcək və Rusiyanın  bir dövlət kimi çökməsini sürətləndirəcək.
         
Orta variantlı proqnoza görə isə böyük ehtimalla  yaxın illərdə  şahmatdakı  PAT vəziyyəti yaranacaq: Amerika Rusiyanım imperiya ambisiyalarının reallaşdırılmasına imkan verməyəcək, Rusiya da postsovet ölkələrinin Avropa və Avroatlantik strukturlarına inteqrasiyasın ləngidəcək. Amma Rusiya buna yalnız orta müddətli bir dövrdə nail ola biləcək.ABŞ Rusiyanın Ukraynada işğal planlarını genişləndirməyə imkan verməcəyək.Bunun müqabilində də  Qərb Rusiyaya qarşı onu diz çökdürə biləcək həlledici addımlara getməyəcək. Həm də Rusiya iqtisadiyyatı zəif, əhalisinin xeyli hissəsi yoxsul, amma bunun müqabilində on doqquzuncu əsrin təfəkkürü ilə imperiya funksiyalarını yerinə yetirən bir ölkə kimi hələ bir müddət də qalmaqda davam edəcək….

- Sizcə bu mövzu ətrafında hansı sual açıq qaldı?

-İmperiyalar təkcə “parçala- hökm sür”  prinsipi ilə yox, bundan da  daha çox  “motiv-uğur!  prinsipi əsasında yaranır, inkişaf edir, motiv bitəndən sonra isə dağılır gedir.Həm də tarixdə hələ heç bir imperiya dağılandan sonra özünü bərpa edə bilməyib, bilmir və bundan sonra da bilməyəcək.Həm də üç əsrdir ki, Rusiyanın yanında olan heç bir ölkə, xalq heç orta səviyyəli belə inkişaf səviyyəsinə nail ola bilməyib.Ona görə də hazırda Rusiyanın tutduğu yol onun qonşuları üçün çox təhlükəli, özü üçün isə zəifləmiş iqtisadiyyat, yoxsul əhali, geri qalmış texnologiya, kapital axını, daxili gərginlik və kataklizmdən başqa heç nə vəd etmir. Ona görə də son nəticədə bu işğal Rusiyanın özü üçün pis sonluqla nəticələnəcək. Bu baxımdan,yeganə açıq qalan sual  budur: Rus imperiyasının süqutu nə vaxt baş verəcək və onun  faciələrinin miqyası və dərəcəsi, eləcə də qonşu ölkələrə təsiri  necə olacaq? Bax, mötəbər analtik qurumlar  bu sual ətrafında dərin tədqiqatlar aparmalı və Amerika isə həmin hadisəyə indidən hazırlaşıb postsovet məkanı ölkələri üçün “Marşall Planı”na bənzər bir plan ( əgər 1991-ci ildə SSRİ dağılan zaman belə bir plan həyata keçirilsəydi,QARABAĞ probleminin həlli indiyədək uzanmaz, ədalətlə həll olunardı, Rusiya nə 2008-ci ildə Gürcüstan böhranı, nə də 2014-cü ildə Ukrayna böhranı yarada bilərdi) hazırlamağa və həyata keçirməyə başlamalıdı….

24 Mart 2014 Pazartesi

PUTİNİN TATAR QORXUSU...


Dünyanın aparıcı dövlətlərinin etirazlarına və Rusiyanı müxtəlif sanksiyalarla hədələmələrinə baxmayaraq, prezident Vladimir Putin Ukraynanın ərazi bütövlüyünü pozaraq, Krım muxtar respublikasının Rusiya Federasiyasına birləşdirilməsi prosesini başa çatdırdı. 

İlk baxışdan Rusiyanın Qərblə Ukrayna oyununda cavab qolu vuraraq hesabı bərabərləşdirdiyi təəssuratı yaranır. Rusiyanın kütləvi informasiya vasitələrinin təbliğatında bu, prezident Putinin qətiyyətli addımlarının təntənəsi kimi göstərilir və bildirilir ki, prezidentin ölkədaxili reytinqi günü-gündən yüksəlməkdədir.

Əslində isə Putinin bu qələbəsini məğlubiyyətə bərabər qələbə kimi qiymətləndirmək olar.

Ukraynada hakimiyyətin dəyişməsi ilə nəticələnən “Maydan” hərəkatının gedişatı ilə bağlı bəzi hadisələrin təhlili belə bir nəticəyə gəlməyə əsas verir ki, Qərb bilərəkdən hadisələrin daha radikal forma almasına və Rusiyanı buna cavab olaraq daha radikal addımlara sövq etməyə çalışıb. Belə ki, fevralın 21-də Ukrayna müxalifət nümayəndələri ilə prezident arasında imzalanmış razılaşmaya əsasən, hakimiyyət faktiki olaraq müxalifətin bütün tələblərini yerinə yetirməyə razı oldu. Üç ay ərzində növbədənkənar prezident seçkilərinin keçirilməsinə və 2004-cü ilin konstitusiyasına dönüşə Yanukoviç razılıq verdi. Lakin fevralın 25-də vəziyyət dəyişdi. Artıq Radada üstünlük təşkil edən müxalifətçilər prezidentin hakimiyyətdən kənarlaşdırılması haqqında qərar qəbul etdilər. Və ardınca parlamentin qərarı ilə əsas vəzifələrə müxalifət nümayəndələri təyin edildi.

Putin Soçi olimpiadası başa çatdıqdan sonra ilk dəfə Ukrayna hadisələrinə münasibət bildirərkən əslində bəzi məsələlərdə haqlı idi. Məsələn, prezidentin qeyd olunan formada hakimiyyətdən uzaqlaşdırılması, yaxud, referendum təşkil etmədən yeni konstitusiyanın qəbulu kimi hallar tam olaraq qanuni addımlar hesab oluna bilməzdi. (Ancaq bu, heç də Rusiyanın Ukraynanın daxili işlərinə müdaxilə etməsinə əsas vermir). Rusiya prezidenti qeyd olunan arqumentləri özü üçün rəhbər tutaraq hücuma keçdi və ilkin mərhələdə Krımı ələ keçirdi. Sonrakı mərhələlərdə Ukraynanın digər cənub-şərqi əyalatlərin də Rusiyanın ərazisinə qatılmasından Moskva imtina etməz, ancaq bu, Krımdan sonrakı hadisələrin inkişafı ilə bağlıdır.

Bu məqamda belə bir sual yaranır: Ukrayna müxalifəti attığı addımların qeyri-qanuniliyini bilə-bilə nəyə görə tələsdi? Bu tələsmə hər şeydən əvvəl, demokratik inqilabın nailiyyətlərini kölgə altına salırdı və eyni zamanda Rusiyanı qıcıqlandıra bilərdi. Söhbət ondan gedir ki, əgər Yanukoviç hakimiyyətdə 3 ay qalsaydı, ölkə 2004-cü il konstitusiyasına keçsəydi və prezidentin əsas səlahiyyətləri əlindən alınsaydı belə, yenə müxalifətçilər qanuni yolla heç bir dəyişiklik əldə edə bilməzdilər. Çünki Radada üstünlük Yanukoviçin Regionlar partiyasında idi. Təbii ki, Regionlar Partiyasının üzvləri prezident hakimiyyətdə qala-qala müxalifət tərəfə keçməyəcəkdi. Ölkədə sabitlik bərqərar olacaq və prezident seçkilərinə qədər olan 3 ay vaxt ərzində Rusiya növbəti addımını planlaşdırmaq üçün vaxt udacaqdı.

Əslində, müxalifətçilərin Radada istədikləri qərarları keçirmək üçün səs çoxluğu əldə etmələrinin yeganə səbəbi Regionlar Partiyasının üzvlərinin öz liderləri qaçdıqdan sonra kütləvi şəkildə müxalifət düşərgəsinə keçmələri ilə bağlı idi. Əgər 21 fevral razılaşmalarına riayət olunsaydı, 3 aydan sonra keçiriləcək prezident seçkilərində müxalifət nümayəndəsinin qələbəsi belə hakimiyyətin tam mənasıyla müxalifət tərəfindən ələ keçirilməsi anlamına gəlməyəcəkdi. Çünki bu dəfə müxalifətçilər özləri öz tələlərinə düşəcəkdilər. Belə ki, yeni konstitusiya əsas səlahiyyətləri parlamentə verdiyi üçün yenə də Regionlar üstünlük təşkil edəcəyinə görə artıq müxalifətçilər növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb etməli olacaqdılar. Bu da Rusiyaya əlavə vaxt qazandıracaqdı. Müxalifət məhz bunları nəzərə alaraq hakimiyyəti tam olaraq ələ keçirmək üçün bəzi pozuntulara getməli oldu.

Eyni zamanda Rusiya adekvat addımlar atmağa təhrik olundu və bununla Ukrayna ictimayyətində ruslara olan nifrət daha da artdı. Putinin radikal addımlara əl atması ukraynalılarda anti-rus əhval ruhiyyəsini gücləndirdi və ictimai şüurda iki xalq arasında qarşılıqlı qəzəb və nifrətin əsası qoyuldu.

Bu məqam Qərb üçün xüsusi önəm daşıyır. Belə ki, ukraynalılarla ruslar özlərini eyniköklü slavyan xalqının törəmələri hesab etdikləri üçün Ukraynanın Rusiyadan qoparılmasında ukraynalılarda rusobiyanın formalaşdırılması böyük əhəmiyyət daşıyır.

Qərbin Ukraynada qələbəsi Putinin SSRİ-ni bərpa etmək ideyaları üzərindən xətt çəkirdi. Putin cavab olaraq Krımı ələ keçirmək qərarına gəldi və 2008-ci ildəki Cənubi Osetiya və Abxaziya işğalından fərqli olaraq, bu dəfə Kreml öz nəzarətində olan qondarma respublikanın yaradılmasını deyil, ərazinin Rusiyaya qatılması formasını seçdi. Təbii ki, Rusiya bu addımı atarkən üzləşəcəyi bütün riskləri əvvəlcədən nəzərə almışdı. Hər nə qədər Qərbin sanksiyaları təhlükəli hesab edilsə Moskva sanksiyalardan qorxmurdu, bunu gizlələtmirdi və bəyan edirdi ki, sanksiyalardan hər iki tərəf ziyan görəcək. Qısası, nə qədər ki, Avropa Rusiya qazından asılıdır, Qərb iqtisadi mənada Rusiyaya ciddi təzyiq göstərməyəcək. Eyni zamanda NATO-nun Krım uğrunda Rusiya ilə müharibəyə başlayacağı da inandırıcı deyil.

Maraq doğuran amil ondan ibarətdir ki, nəyə görə Rusiya məhz Krımı seçdi və Krıma görə bütün Qərb dünyası ilə düşmən olmağa dəyərdimi? İkinci sual isə ondan ibarətdir ki, nəyə görə Rusiya Krımın özünə birləşdirilməsi yolunu seçdi? Məsələn, Moskva Krımın müstəqilliyini tanıyıb öz nəzarətində saxlaya bilərdi. Dünya ictimaiyyəti artıq “tanınmamış respublikalar” problemi ilə üzləşdiyi üçün buna bir qədər öyrəncəlidir və Krımda da belə olacağı halda reaksiya müəyyən qədər yumşaq ola bilərdi.

Krımı Rusiyaya birləşdirmənin əsas səbəbi “Bəyaz axın” layihəsi ilə əlaqədardır. Bu layihə Xəzər qazının Gürcüstandan Qara dənizin dibi ilə Krıma çatdırılmasını nəzərdə tuturdu. Krımdan isə Ukraynanın əsas ərazilərinə paylanılması mümükündür. Əgər bu layihə baş tutsa, həm Ukrayna, həm də Avropa Rusiyanın qaz asılılığından çıxacaq. Qazaxıstan da Rusiya vasitəsilə qazını Avropaya ötürə bilməyəcəyi üçün məcburi Transxəzər layihəsinə qoşulacaq. Bununla da Kremlin ağalığı başa çatacaq və SSRİ-nin bərpa layihəsi puç olacaqdı.

Putin anladı ki, Ukraynada hakimiyyətə gəlmiş yeni qüvvələr bu layihənin tez bir zamanda reallaşması üçün səy göstərməyə başlayacaqlar və Qərbdən lazımi dəstəyi ala biləcəklər. Məhz buna görə tələsik Krım Rusiyaya birləşdirdi.

Rusiyanın post sovet məkanında hegemonluğunun qarşısının alınması və Moskvanın ard-arda respublikaları əldə saxlamaq üçün istifadə etdiyi iqtisadi rıçaqları itirməsi siyasətinin kökündə Azərbaycan dayanır. Bu siyasət Milli Lider Heydər Əliyev tərəfindən başlanılıb və onun qoyduğu ssenari üzrə davam edir. Bakı-Tbilisi-Ceyhan kəməri bu istiqamətdə ilk addım idi. Sonradan Özbəkistan, Türkmənistan və Qazaxıstan neft və qazının həmin marşrutla ixracı məsələsi qalxdı. Bu mənada Qazaxıstan, Rusiya və Azərbaycan arasında Xəzərin dibinin bölünməsi barədə vaxtilə imzalanan razılaşmanın bugünki əhəmiyyəti danılmazdır.

Beləliklə, ilk mərhələdə “Bakı-Tbilisi-Ceyhan” layihəsilə Azərbaycan ilə Gürcüstan, ikinci mərhələdə “Transxəzər” layihəsi ilə Özbəkistan və Türkmənistan, üçüncü mərhələdə “Bəyaz axın” layihəsi ilə Ukrayna, ardınca isə Qazaxıstan, sonra iqtisadiyyatı bu dövlətdən asılı olan Qırğızıstan Rusiyanın iqtisadi təsir zonasından çıxır. Bütün bunlardan uduzan Rusiya və dəstəklədiyi işğalçı Ermənistan olacaq.

Bəlkə də, Rusiya ilə Ermənistan Azərbaycanın ərazilərini işğal etməsəydi Bakı belə layihələri başlatmazdı və SSRİ dağıldıqdan sonra belə, postsovet respublikaları arasında hansısa iqtisadi inteqrasiyadan söhbət gedə bilərdi. Hər halda, bu gün də gec deyil və Rusiya etdiyi səhvlərdən nəticə çıxarıb vəziyyəti öz xeyrinə dəyişə bilər. Məsələnin kökündə Qarabağ dayanır.

Qayıdaq Krıma. Bunu əminliklə demək olar ki, Putinin “Krım” planının reallaşmasınına əngəl ola biləcək əsas maneə tatarlardır. Rusiyaya təzyiq üçün istifadə olunan sanksiya, yaxud bəyanatlar yalnız köməkçi rolunu oynayır. Putin məhz tatar amilindən qorxduğu üçün Krımın Rusiyaya birləşdirilməsini elan edərkən yarımada əhalisinin cəmi 12 faizini təşkil edən tatarların dilinə xüsusi status veriləcəyini, tatarların hüquqlarının xüsusi qorunacağını bildirdi, “rus-tatar qardaşlığı”ndan bəhs etdi.

Krım tatarlarının qeyri-rəsmi lideri, SSRİ dövründə 15 il dissidentliyə görə həbsdə olmuş Mustafa Cəmilov (Qırımoğlu) Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparmış yeganə ukraynalı rəsmi şəxsdir. Krım refendumundan əvvəl Cəmilov Qazan tatarlarının qeyri-rəsmi lideri, Tatarıstanın keçmiş prezidenti Mintimer Şaymiyev tərəfindən Moskvaya dəvət edilmiş və Tatarıstanın Moskvadakı nümayəndəliyində Cəmilovla Putin arasında saat yarımlıq telefon danışı olmuşdu. Cəmilovun açıqlamalırdan belə nəticəyə gəlmək olar ki, Putin ondan referenduma razılıq verilməsini istəyib, lakin tatarların lideri Ukraynanın ərazi bütövlüyünün pozulmasına etiraz etdiyini bildirib. Yəni Cəmilov Putinlə razılığa gəlməyib. Belə olan halda Putin ondan referendum başa çatana qədər neytral olmalarını xahiş edib. Buna cavab olaraq Cəmilov bildirib ki, rəsmi Kiyevin göstərişinə uyğun hərəkət edəcək.

Putinin tatarlardan qorxmasının birinci səbəbi Krımda tatarlar tərəfindən azadlıq mübarizəsinin başlanması və buna dəstək ola biləcək xarici dövlətlərin mövcudluğudur. Məsələn, Türkiyədə çoxsaylı tatar icması mövcuddur və Cəmilov Krımda referendum keçirilən gün Türkiyəyə səfərə getmişdi. Ən azı Türkiyədəki tatarların Krımda Rusiya əleyhinə savaşın başlayacağı halda öz vətənlərinə gəlməsi və mübarizəyə qoşulmaları labüddür.

Cəmilov çıxışlarının birində Qazaxıstan prezidenti ilə də görüşəcəyini bildirmiş, eyni zamanda Türkiyə xarici işlər naziri Əhməd Davudoğlunun ona Azərbaycan prezidenti İlham Əliyevlə görüşməsini məsləhət gördüyünü bildirmişdi. Qazaxıstanda da vaxtilə deportasiya olunmuş taarlardan formalaşmış icma mövcuddur. Qazaxıstan dərhal Krımın anneksiyasını tanımaqla əslində Moskvaya sədaqətini nümayiş etdirirdi və bununla Cəmilova dəstək göstərməyəcəyinə işarə verirdi.

Azərbaycanın isə Rusiyadan asılılığı olmadığı üçün bu məsələyə heç bir münasibət göstərmədi. Siyasi təlxək Jirinovskinin Ukraynadan danışarkən gözlənilmədən Azərbaycandan söz açması və azərbaycanlılarla ukrayınları hansısa mənada bir-birinə bənzətməsi əslində Moskvanın Bakıya xəbərdarlığı kimi də qiymətləndirilə bilər.

Moskva üçün ən təhlükəlisi odur ki, Krıma tatar axınını maliyyələşdirmək və onların hərbi mübarizəsinə dəstək verməkdə maraqlı olan kifayət qədər dövlətlər var.

Digər məqam Rusiyanın öz daxilindəki Tatarıstanla bağlıdır. Kazan tatarlarının heç də hamısının Rusiyanın əsarətində yaşamalarından məmnun olduqlarını demək olmaz. Tatarıstanda hər il 1552-ci ildə Kazanın ruslar tərəfindən işğalı matəm kimi qeyd olunur. Xatırlamaq yerinə düşər ki, SSRİ-nin dağılması zamanı Tatarstan parlamenti də digər respublikalar kimi müstəqillik barədə akt qəbul etmişdi. Rusiya Tatarıstanı tərkibində saxlamaq üçün yenidən bu respublikada referendum keçirməli olmuşdu. Ümumtatar İctimai Birliyinin 2008-ci ildə Rusiyanın Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımasına cavab olaraq yaydığı bəyanatda Tatarıstanın da müstəqillik haqqının olmasından bəhs edilmişdi.

Krımda tatarların azadlıq mübarizəsinin başlanması avtomatik olaraq Kazan tatarlarına sirayət edəcək. Tatarıstanda ictimai narazılığın qalması isə ümumilikdə Şimali Qafqazdakı türkdilli xalqların etirazlarına səbəb olacaq. Odur ki, Putinin tatar qorxusu tam başadüşüləndir. Və Rusiya üçün ən arzuolunmaz ssenari də budur.

Azvision
Medianews.az

23 Mart 2014 Pazar

PUTİNİN ATASI FAŞİSTLƏRƏ İŞLƏYİB ?


UKRAYNA MƏTBUATININ İDDİASI... 

Ukrayna mətbuatında Rusiya Prezidenti Vladimir Putinin atası Vladimir Spiridonoviç Putinin 1941-ci ildə almanlarla əməkdaşlıq etməsi ilə bağlı yeni məlumatlar yayılıb. Ukraynanın TSN kanalının verdiyi məlumata görə, Putinin atası 1941-ci ilə kimi NKVD zabiti olub. Qeyd edək ki, bir müddət əvvəl də mətbuatda Putinin NKVD zabiti olması ilə bağlı məlumatlar yayılmışdı.     

Müharibənin əvvəlində Vitebskdə almanlara təslim olan Putin sonradan general Vlasovun yaratdığı Rusiya Azadlıq Ordusunun (RAO) tərkibində SSRİ-yə qarşı vuruşub.   

Bu barədə ilk məlumat Polşanın “Anqora” jurnalının 2013-cü ilin avqust sayında Jozef Zanyavskinin “Rusiya prezidentinin atası Varşava üsyanının yatırılmasında iştirak edib” adlı məqaləsində üzə çıxıb.   

Yazı müəllifi SSRİ Baş Kəşfiyyat İdarəsinin İsveçrədəki keçmiş əməkdaşı Viktor Suvorova (əsl adı Boqda Rezun) istinad edir. Suvorov 1978-ci ilə Britaniya kəşfiyyatına keçir və əlindəki ən vacib foto və sənədləri onlara təhvil verir.   

Fotoların birində 6 zabitin şəkli əks olunub. Onlardan 3-ü kazak, 2-si alman, biri isə RAO formasındadır. Suvorov bildirir ki, kazak formasında olanlar Vlasovun ordusunda xidmət edən ruslardır. Soldan birinci isə Vladimir Putindir.   

Suvorov bildirib ki, 1945-ci ildə indiki prezidentin atası digər vlasovçular kimi ingilislər tərəfindən Sovet İttifaqına təhvil verilib. 

“Axar.az” 

TURAN ƏCƏMDƏN NİYƏ GERİ QALIR ?


İbrahim Nəbioğlunun yazısı...

Türkiyədə ayaqqabı qutusundan milyonlar çıxanda İranın kosmik aparatından Farqam çıxmışdı. Farqam İranın kosmosa göndərdiyi ikinci meymunun adıdır. İran artıq kosmosu fəth etməyə başlayıb. Onun kosmik macəraları 2009-da Ömid (Ümid) adlı öz peykinin fırladılması ilə başlayıb. 2020-də isə kosmosa ilk astronavtını göndərəcək. Təsəvvür edirsizmi, cəmi 6 il sonra İran dünyanın kosmik fəzaya insan göndərən üç-dörd ölkəsindən biri olacaq.

Rus və amerikalıların kosmosdakı hegemoniyasına son verilir. Bir-neçə ölkə dövlət büdcələrinə kosmik tədqiqatlar üçün ciddi məbləğlər ayırır. Burada Yaponiya öndə gəlir, kosmosdakı araşdırmalara ildə 2.5 milyard dollar xərcləyir. Hədəfləri 2025-də Aya astronavt endirməkdir.

Başqa bir iddialı ölkə isə ildə bu tədqiqatlara 1,3 milyard dollar ayıran Hindistandır. Çinin qibtə ediləcək həmləsi isə əlavə şərh istəmir – bu ölkə Aya enməyi bacarmış 3-cü ölkə ünvanına sahibdir.

Adını çəkdiyim ölkələrlə müqayisədə İranın ayırdığı büdcə nisbətən azdır. İldə 500 milyon dollar xərcləyən İran irəli gedərək büdcəsini daha da artırır. Embarqodan qaynaqlanan çətinliklərə rəğmən İran alimlərinin iddialı hədəfləri Qərbdəki mütəxəssisləri heyrətə düşürür. Bir misal çəkim, Farqama bağlanan EKG (elektro-kardioqramma) cihazı sayəsində iranlı alimlər kosmosa uçuş zamanı canlıda meydana gələn dəyişiklikləri araşdıracaqlar. Bununla da onlar kosmik biologiya, kosmik fiziologiya, bio-medikal mühəndislik kimi sahələrdə böyük nəticələr əldə etməyi umurlar. İran kosmik tədqiqatlarla bərabər nüvə ölkəsi olmaq yolunda da əmin addımlarla irəliləyir.

Türkiyə isə hələ də ətalətini pozmayıb, nüvə enerjisi, kosmik araşdırmalar və başqa prioritet sahələrdə digər ölkələrdən xeyli geridə qalır. Kosmik tədqiqatlarda durum daha acınacaqlıdır. Özü də NASA-da onlarla türk əsilli alim və mühəndisin çalışmasına, önəmli layihələrdə aktiv rol almasına rəğmən. Təəssüf ki, onların “super zəkaları” Türkiyəyə deyil, başqa ölkənin elminə, gələcəyinə xidmət edir. Məmləkət cümhuriyyət tarixinin son 50 ilini sağ ideologiya ilə solun mübarizəsinə, baş örtüsü, dünyəvi dövlət, şəriət mübahisələrinə sərf etdiyindən qonşusu ilə “kosmik fiziologiya” nədir, heç raket istehsalında belə rəqabət apara bilmir. “Şahab”lara cavab verəcək sistemləri qurmaqda gecikmiş Türkiyə kosmik rəqabətin heç iştirakçısı belə deyil.

Farqamın kosmosdan sağ-salamat geri qayıtması ilə Türkiyədə nazir oğullarının həbsi ilə eyni vaxta təsadüf etdi. Dünyanın aparıcı televiziya kanalları Farqamın uçuşunu birinci xəbər olaraq verdilər. İranın kosmosu fəth etməsi nə qədər heyrət doğurdusa, Türkiyədəki korrupsiya skandalı və həbslər də bir o qədər təbii qarşılandı.

Tarixi “Əcəm-Turan” rəqabətinin ölçüsü artıq yeni torpaqların fəthi, qazanılan savaşlar deyil, elm və texnologiyadakı kəşflər, bu kəşflərin insanlığa xidmətidir. Halbuki, indiki hökumət 2023-ə – Türkiyə Cümhuriyyətinin quruluşunun 100-cü il yubileyinə qədər necə də böyük hədəflər qoymuş, necə də gözəl gələcək vəd edirdi. 2023-lə bağlı o qədər şüarlar, plakatlar, reklam filmləri hazırlandı ki, yer-göy 2023 rəqəmləri ilə bəzənmişdi.

Modern dünya ilə ayaqlaşmaqda büdrəməyə, elmi-texniki tərəqqidən geri qalmağa başlayan bugünkü Türkiyə mənə dahi Çin rejissoru Vonq Kar Vayın (Wong Kar Wai) “2046″ filmini xatırladır. Filmin qəhrəmanı bütün itirilənlərin qaytarılacağı 2046-cı illə bağlı kitab yazır. Amma o, gələcəyi yazdığını düşündüyü halda, məgərsə keçmişi yazırmış…

Siyasətçilərin də əsas vəzifəsi ölkələrini gələcəyə aparmaqdır. Amma gələcəkdə keçmiş qurmamaq şərti ilə…

nebioglu.i@gmail.com
(Ayna qəzeti)

12 Mart 2014 Çarşamba

“RUSİYANIN SONUNA SAYILI GÜNLƏR QALIB"


Üzeyir Cəfərov : “Rusiya məsələdə təkcə ABŞ- la yox, həm də Türkiyə, Fransa, Almaniya və digər dövlətlərlə üz-üzə gələcək”

“Moskvanın rəsmi və qeyri-rəsmi şəxslərilə sosial şəbəkədə danışanda bildirim ki, Rusiyanın atdığı addım kökündən səhvdir” – NATO qırıcılarının Ukrayna sərhədinə yaxınlaşması barədə məsələyə münasibət bildirən hərbi ekspert Üzeyir Cəfərov belə deyib. Ü.Cəfərov bildirib ki, Rusiyanın Krıma yönəlik addımları özü üçün böyük fəlakətlərə səbəb olacaq. Ekspert hesab edir ki, NATO və güc dövlətlərinin Moskvaya etdikləri xəbərdarlıqlar Rusiya üçün son şanslardır. Rusiyanın avantürist rəhbərliyinin çıxa bilməyəcəyu yükün altına girdiyini deyən Üzeyir Cəfərovun sözlərinə görə, Rusiyanın martın 16-dək fəlakətdən sığortalanmaq şansı var: “NATO Ukrayna sərhədini nəzarətə götürmək barədə tapşırıq alıb. NATO komandanlığı Polşa və Rumıniyadakı “Avast” kəşfiyyat qırıcılarından istifadə edəcək. Rusiya hələ də vəziyyətin onun üçün nə qədər dramatik olduğunu başa düşmür. Rusiya özü üçün heç bir təhlükə olmadığı halda Ukraynaya ordu yeridib. Hətta Moskva bəyanat yayaraq bildirir ki, Ukrayna ərazisində rus qoşunları yoxdur. Lakin məsələ ilə əlaqədar faktların ortada olması Rusiyanı iflasa aparır. Rusiya məsələdə təkcə ABŞ-la yox, həm də Türkiyə, Fransa, Almaniya və digər dövlətlərlə üz-üzə gələcək. Rusiya isə elə başa düşür ki, referendumun keçirilməsilə məsələ həll olunacaq. Rusiyanın dövlət kimi fəaliyyət göstərməsinə sayılı günlər qalıb. Rusiya hələ Çin tərəfindən ona qarşı yaradılacaq problemlərə hazır olmalıdır. Martın 16-dan sonra baş verəcək hadisələr Rusiyanı dəhşətli vəziyyətə salacaq. Rusiyanın hərəkətləri dünyaya meydan oxumaqdır. Moskvanın atdığı addımlar Tatarıstan, Şimali Qafqaz, Krım və digər məsələlərdə problemlər yaradacaq. Putinin bu dəfə verdiyi əmrin fəsadları mütləq olacaq. Barak Obama və Ukraynanın baş naziri Arseni Yatsenyuk arasında görüş keçiriləcək. Həmin görüşün də nəticəsi olacaq. Moskva nə qədər gec deyil, ağıllı siyasət yürüdüb mövqeyindən geri çəkilməlidir”. 

 "Olaylar"IA


11 Mart 2014 Salı

KİŞİLƏRİN ƏVƏZİNƏ QADIN DİLƏ GƏLDİ...

"RUSİYANIN SİFƏTİ ÇOXDAN İTİB.
İNDİ ANCAQ PUTİNİN SİFƏTİ GÖRÜNÜR".


"BÖYÜK HƏRBİ MÜNAQİŞƏ BAŞ VERƏ BİLƏR"


Bjezinskidən qorxulu Ukrayna xəbərdarlığı...

“İkinci Dünya müharibəsindən sonra Avropada ən böyük hərbi münaqişə baş verə bilər” 

"Krım münaqişəsini nəzəri cəhətdən həll etmək mümkündür, ancaq Kremli Allahlıq iddiasında olan irrasional lider idarə etdiyindən bunu təsəvvür etmək çətindir”. Haqqin.az-ın xəbərinə görə, bunu politoloq Zbiqnev Bjezinski Fransanın “La Figaro” qəzetinə deyib. 

O, qeyd edib ki, Rusiya prezidenti Vladimir Putin Krımı Ukraynadan güc yolu ilə qoparmağa hazırlaşır: “Ancaq bu halda o, Ukraynanı on illərlə itirəcək, Moskvanın Ukrayna ilə münasibətləri isə vacibdir. Belə təsəvvür edək ki, Putinə Krımı Ukraynadan həmişəlik ayırmaq nəsib olacaq. O, Krımı alacaq, ancaq on illərlə Ukraynanı itirəcək, ona görə ki, bu addım Moskva əleyhinə çox güclü milli reaksiyaya səbəb olacaq. Putin dəhşətli səhv edir”.

Politoloq onu da qeyd edib ki, əgər Rusiya Ukraynaya hərbi təzyiqini davam etdirərsə, Kiyev tez, yaxud gec müqavimət göstərməyə başlayacaq. O zaman Qərb Ukraynanın özünü necə müdafiə etdiyini görüb müdaxilə edəcək, müdafiəsinə qalxacaq”. 

Politoloqun sözlərinə görə, bu halda Ukraynada İkinci Dünya müharibəsindən sonra Avropada ən böyük hərbi münaqişə baş verə bilər. Bunu nəzərə alan Bjezinskinin fikrincə, Krım münaqişəsini nəzəri cəhətdən sülh yolu ilə həll etmək mümkündür: “Amma ən böyük risk odur ki, Rusiyanı Allahlıq iddiasında olan irrasional lider idarə edir. Bu, rusiyalıların çoxunu narahat edir”.

Politoloq onu da qeyd edib ki, Putin Rusiya üçün nəyin yaxşı, nəyin pis olduğunu qiymətləndirməyə və əlverişli qərar qəbul etməyə qadir deyil.

10 Mart 2014 Pazartesi

QAFQAZ UNİVERSİTETİNİN MƏZUNU NURÇULUQDAN DANIŞDI...


Milli Fikir Mərkəzi nurçuluq əlehinə növbəti - "Nurçuluğun əsas hədəfi - tələbələr" tədbirini keçirdi. Bu tədbirdə digərlərindən fərqli olaraq, Qafqaz Universitetinin məzunu danışdı.

Mərkəzdən Etatist.com-a daxil olan məlumata görə, bu seminar MFM-in nurçuluq əlehinə keçirdiyi seminarlardan sonra onlara müraciət edən Qafqaz Universiteti məzunun, universitetdə gördüklərini, qarşılaşdığı problemləri gənclərə danışmaq üçün təşkil olunmuşdu.

Qafqaz Universitetinin Politologiya fakultəsini fərqlənməylə bitirən Türkan Cəfərzadə, ilk öncə Qafqaz Universitetini necə seçdiyindən və nurçuların arasına necə girdiyindən danışdı. Onun sözlərinə görə, universitetdə oxuyan nurçu tələbələr və müəllimlər ilk öncə çox mehriban və dostca insanlara yaxınlaşır və onları evlərinə dəvət edir.

"İlk dəfə evə gedəndə dini söhbətlər olmur. Daha sonralara dini söhbətlərə keçidlər olur və kitablar paylamağa başlayırlar. Universitetdə də ən çox istifadə olunan metotlardan biri kitabların paylanmasıdır. Mənə də Ahmet Günbay Yıldız və Halit Ertoğrulun kitablarını vermişdilər. Halit Ertoğrulun yazdığı bütün kitablar eyni xətlə gedir, sadəcə adı fərqlidir. Onun kitablarında qorxulu hekayələr də olur ki, bu da insanlara psixoloji təsir göstərir" deyə bildirən T.Cəfərzadə, Qafqaz Universitetində ona verilən bəzi kitabları göstərib.

Hər şeyi başa düşdükdən sonra həmin kitabları oxumaqdan və nurçuların evlərinə getməkdən imtina etdiyini bildirən Türkan Cəfərzadə, onun üzərində nəzarətin gücləndiyini qeyd etdi: "Əgər universitetdə kimsə onların əlehinə danışırsa, öz toplantılarında onun haqqında qərar çıxarırlar və onun üzərində nəzarəti gücləndirirlər".

Daha sonra Fətullah Gülən haqqında araşdırma kitabları göstərən T.Cəfərzadə, belə kitabların müəlliflərinin ya öldürüldüyünü, ya da həbsdə olduğunu bildirdi.

"Mən iş üçün müraciət etdiyim şirkətlərin çoxunda, mənə verilən suallar "Sən nurçusan?", "Sən nurçuların əlehinə nə etməyi düşünürsən?", mən qarşılaşdığım situasiyadan şoka düşmüşdüm." deyə Türkan Cəfərzadə bildirib.

"Mən tələbə olarkən, bizim bölüm başqanımız məni öz otağına çağırdı və müəllimlərə və tələbələrə cavabdeh olduğunu, bildirdi. Mənə dedi ki, "bizi məhkəməyə verməyi düşünürsən? Əlində nə material var sənin? Materialın olsa belə, heç bir işə yaramaz. Bizim hər yerdə adamlarımız var". Bunu mənə bölüm başqanımız Ədalət bəy deyib. Onlar düşünür ki, hər yerdə adamları var, onlara heç kim, heç nə edə bilməz. Hal-hazırda da mən Qafqaz Universitetinin məzunu kimi, digər məzunlar kimi universitetə girə bilmirəm. Mən diplom almağa gedəndə, mühafizəçi nəzarətində getdim diplomumu götürdüm və çıxdım. Bunu da onunla əsaslandırırlar ki, mən disiplinə getmişəm. Tələbə vaxtı disiplinə getməmişəm, məzun olandan sonra disiplinə getmişəm. Bu necə olur, onu başa düşmədim".

İllərdir nurçuların içində olduğunu bildirən seminar iştirakçısı da nurçuluq haqqında qısa məlumat verdi.


"Nurçuluğun bizim dövlətçiliyimizə təhlükəsi nədir?" sualına cavab verən MFM sədri Şəhriyar Məcidzadə, "Osmanlını dağıdan Hamferin sələfi təriqəti olmadı? Bu gün Fələstinin bayrağını qaldırırlar, Fələstinin bayrağı vaxtilə Osmanlıya qarşı qaldırılmışdı. Dirəniş örgütünün bayrağı idi.

Qərbdə sayentologiya təriqəti var. Sayentologiyayla Fətullah Gülən hərəkatının heç bir fərqi yoxdur" deyə bildirdi.

Seminarın sonunda Türkan Cəfərzadə ona belə bir şərait yaradıldığı üçün və bu mübarizə üçün Milli Fikir Mərkəzinə öz təşəkkürlərini bildirdi və birgə mübarizə aparmaq üçün bu gündən etibarən Milli Fikir Mərkəzinə üzv olacağını dedi.

Qeyd edək ki, bu, MFM-in 3-cü bu tipli seminarıdır.

QARŞIDURMA YARADARAQ, ÖZ MƏQSƏDLƏRİNƏ NAİL OLMAQ İSTƏYƏNLƏR...


Atatürkçü düşüncəni Türkiyədən silmək və qardaş ölkəni bölmək üçün 40 il hazırlaşan fətullahçı şəbəkənin Azərbaycan və Heydər Əliyev sevgisi timsahın göz yaşlarına bənzəyir. 

Əmirləri Qərbin dərin güclərindən alan və Türkiyənin milli maraqlarına zərbə vuran, Atatürk islahatlarını travma adlandıran fətullahçı zehniyyətin Azərbaycanda gücləndikdən sonra Heydər Əliyev islahatlarını tapdalamayacaqlarına kim qarantiya verə bilər?

Vaxtı ilə İzmirdə kiçik bir məsciddə bir molla vaizlik edirdi. Vaizlik imtahanından kəsilmiş, orta təhsili olmayan bu molla sabatayçı qohumlarının yardımı ilə ikinci dəfə imtahana girmiş və güc-bəla ilə vaiz təyinatını almışdı. Həmin molla müxtəlif variantlarla tədricən ətrafını genişlətməyə başladı. Dini savadı olmasa da, güclü hiyləgərliyi bacaran molla Fətullah (o zaman adı bizim yazdığımız kimi
Fətullah idi. Daha sonra adını M.Fəthullah olaraq dəyişdirdi) öncə gəncləri ətrafına cəlb etməyə başladı. Nur Camaatının içində fəaliyyət göstərən molla Fətullah zamanın nəbzini tutaraq, hər zaman güclünün yanında yer alaraq, min bir hiylə ilə öz imperiyasını qurmağa başladı.

Kiçik bir məsciddə başlayan bu fəaliyyət tədricən böyüdü. Nurçuların ətəyindən yapışan Gülən bu qrupun zəiflədiyini görüb, ulduzu parlayan Ərbakanı dəstəklədi. Ərbakanın dəstəyi ilə İzmirdən bütün Türkiyəyə yayıldı. Nur mədrəsələrindən tutmuş, Ərbakanın partiyasının əyalət şöbələrinə qədər öz adamlarını yerləşdirməyə başladı. Ərbakanın ulduzu sönən zaman isə ümmətçi Fətullah «milliyyətçi oldu» və seçimləri qazanmaq istəyən mərhum Alparslan Türkeşlə yaxınlaşdı. Daha sonra Turqut Özalın himayəsinə girdi. Süleyman Dəmirəl belə yavaş-yavaş güc mərkəzi halına gələn Güləndən istifadə etdi. Tansu Çillərdən Bülent Ecevitə, Məsud Yılmazdan Rəcəb Tayyib Ərdoğana qədər hər siyasətçi arxasında zombiləşmiş, Gülənin bir sözünü iki etməyən kütlənin səsini almaq üçün yarışdı. Ancaq bir sual meydana çıxır? Kim kimdən istifadə etdi? Gülən türk siyasətinin divlərindən istifadə etdi, yoxsa onlar ibtidai təhsilli vaiz-molladan?..

Gülənin bu gün Türkiyədə gəldiyi mövqeyə baxarsaq, bu siyasi oyunlarının əsas qalibinin molla Fətullah olduğunu görməmək mümkün deyil. Hər seçkidə qələbə çalmasına şübhə edilməyənə verdiyi dəstəklə kiçik bir məscidin mollası böyük bir imperiya qurdu. Dünənə qədər məscid pencərəsində yatan Gülən bu siyasi əlaqələr vasitəsi ilə böyük media imperatorluğu, dünyanın 95 ölkəsində məktəblər və şirkətlər yaratdılar. Dünənə qədər kirayə pulunu belə verə bilməyən molla Fətullah bu gün 25 milyard dollar kimi fantastik bir rəqəmli paranı yönləndirir.

Gülən bu mövqeyə bir iləmi gəldi? Xeyr! Gülənin və arxasındakı qüvvələrin bu gün sahib olduqları güc 40 illik fəaliyyətin nəticəsidir. Türkiyənin dünyəvi quruluşundan narahat olanların, Türkiyənin heç bir zaman fağır bir dövlət olmayacağını, bir gün güclənərək, öz əmrini başqa dövlətlərə diqtə dəcəyindlən qorxan güclər Güləni yetişdirdilər. Bu gün Avropa Birliyinin nümayəndəsi Laqendak aylardan bəri iddianaməsiz olaraq, zindanda saxlanılan insanlarla bağlı «Ergenekonun dibini qazımaq lazımdır» deyə, bəyanatlar verir və Gülənə bağlı media cəmiyyəti bu yönə istiqamətləndirirsə, bu bir günün işi deyil, ta 40 ildən bəri hazırlanan «Fətullah Gülən Şəbəkəsi» proyektinin pik nöqtəsindən xəbər verir. İzmirdə vaizlik edən ərzurumlu mollanı «Troya atı» kimi dindar çevrənin içinə salan güclər daha sonra onun üçün mədrəsələr, litseylər açdırdılar.

Bu mədrəsələrin, bu litseylərin görünən qeyri-leqal sahibi və ideya müəllifi Gülən idi. Həmin məktəblər Atatürk büstləri qoyulub, sinif otaqlarını Atatürk portretləri bəzəyirdi. Hər sahə üzrə kadr yetişditrilməyə başlanıldı. Bütün strateji postlarda çalışacaq kadrlar axtarıldı və onlar üzərində iş aparıldı. Molla Fətullahın «əsgər kazarması» adını verdiyi «İşıq evləri»ndə yetişən bu gənclər müxtəlif yollarla dövlətin bütün orqanlarına yerləşdirildi və yerləşdirilməkdə də davam edir. Gülən siyasi hakimiyyətlərlə etdiyi bazarlıqlarda bu kadrdara önəm verilib, önə çəkilmələrini istədi və «Gülənin cocuqları» siyasi iqtidarların seçici problemindən yararlanaraq, mühüm postları ələ keçirdilər. İş o yerə çatdı ki, əvvəlki seçkilərdə siyasi iqtidarlardan mandat və bürokrat yeri alan Gülən sonucda iqtidar ortağı oldu. Nəticə? Bu gün Atatürkün rəsmi altında oxuyan və Gülənin «vali, deputat, məmur, polis rəisi olacaq» dediyi gənclər bu gün Atatürk islahatlarını tarixdən silmək üçün çalışırlar.

Qarşısında tək bir əngəl gördü: Türk Ordusu! Əsgərlikdə olarkən, komandirinə yaltaqlanmaq üçün etdiyi çıxışdan sonra yıxılaraq, üç qabırğasının qırıldığını «Küçük dünyam» adlı kitabında anladan Gülənin ulduzu Türk Ordusu ilə heç vaxt barışmadı. Arada orduya yaltaqlanmaq istəsə də, siyasi iqtidarlardan fərqli olaraq, Türkiyənin mənfəətlərini düşünən və seçki kimi bir dərdi olmayan türk generalları hər zaman Gülənə şübhə ilə baxdılar. Gülənin Atatürkə sevgi ilə baxmadığını, gözdən pərdə asmaq üçün bunu etdiyini vurğuladılar. Əslində, generalların bu şübhəsi doğru çıxdı. Gülənin 35 illik dostu çıxıb onun Atatürk haqqında dediklərini ortaya qoydu və bəlli oldu ki, Gülən özündə güc taparan qədər hər kəsdən və hər şeydən istifadə etməyə maraqlıdır.

Bu gün Ərdoğan belə hakimiyyətinin gizli ortağı Gülənin əlindən zinhara gəlib. Molla Fətullahın tövsiyyələri və Avropa Birliyinin tələbləri ilə Türkiyə dövlətinin bel sütunu olan Türk Ordusuna qarşı səlib yürüşünə çıxan Ərdoğan belə etdiyi səhvin fərqindədir. Fəqət arxasındakı körpüləri yandırdığı üçün yalnız qabağa (oxu: tarana) getmək məcburiyyətində qalıb.

Bəzilərinin fikrincə, Gülən xilafəti bərpa etmək istəyir. Doğru, ansaq yarımçıq fikirdir. Gülənə müstəqil, üç qitəyə hökm edən xilafət yaratmağa kim icazə verər? Heç kim! Söhbət müstəqil və dünyəvi Türkiyə dövlətinin sütunlarının dağıdılmasından, Türkiyənin milli varlığının yox olmasından gedir. Gülən camaatına ayrılan rol isə bu işi məharətlə həyata keçirmək və bütün vasitələrdən istifadə edərək, Atatürk islahatlarını aradan qaldırmaqdır. Hədəf Avropadan asılı bir Türkiyə qurmaqdır. Qərbin nəyinə gərəkdir, Türkiyənin rəhbəri kim olacaq və ya dinçi olacaq, yoxsa dünyəvi. Hədəf Atatürk ideyalarından və islahatlarından məhrum bir Türkiyə yaratmaqdır.

Bu gün Türkiyədə əsl hədəfi Avropadan asılı olan Türkiyə qurmaq olan Gülən camaatının orduya qarşı kinini, nifrətini öyrənmək üçün “Star”, “Zaman”, “Tərəf”, “Vakit” və “Yeni Şafak”ı vərəqləmək kifayətdir.

Eləcə də, “Samanyolu”, “ATV”, “24 SAAT”, “Mehtap”, “Kanal 7” kimi telekanallar vasitəsi ilə Türkiyənin dövlət ənənələrinə qarşı savaş açılıb. Bir vaxtlar ağız dolusu Atatürkdən danışanlar bu gün ermənilərin və digər türk düşmənlərinin at oynatdığı «Tərəf»dən tərəf olub, Türk Ordusuna və Atatürkə qarşı kirləmə kampaniyanısını müdafiə edirlər. Çünki bu çirkli kampaniyanı həyata keçirənlər də, buna maliyyə dəstəyi verənlər də fətullahçılardan başqası deyil.

Cəmiyyəti xaosa sürükləyən, qarşıdurma yaradaraq, öz məqsədlərinə nail olmaq istəyənlər əslində bu gün Atatürkə qarşı nifrətlərini bəyan edir, Türk Ordusuna qarşı ən şərəfsiz siyasəti aparırlar. Heç şübhəsiz, Gülənin Türkiyəyə dönüşünü təmin edə bilməyən AKP iqtidarına da qarşı ayrı oyun izləyirlər. AKP-nin əli ilə dünyəviliyə qarşı savaş açanlar «gəminin su buraxdığını» görüb, «günah keçisi» olaraq, Ərdoğanı irəli sürürlər. Halbuki bu yollarda Ərdoğanla bərabər yürüyüb, Türkiyəni xaosa ürükləyənlərdən biri Abdullah Gül, digəri isə Fətullah Gülən idi… İndi isə hər iki şəxs yaxasını kənara çəkirlər. Halbuki prosses Fətullah Gülənin adamlarının təkidi ilə Abdullah Gülün cümhurbaşqanı olması ilə başladı.

Eyni hal Azərbaycanda da davam edir. Azərbaycanda da bəzi məmurlarımıza təzyiq etmək, cəmiyyəti yönləndirmək üçün Ulu Öndərimizə olan sevgidən sui-istifadə edirlər. Türkiyədə dünyəvilik düşmənləri yetişdirən məktəblərinin divarlarından Atatürkün şəkillərini asanlar, Azərbaycanda da ulu öndər Heydər Əliyevə olan sevgidən istifadə edirlər. Gözdən pərdə asmaq üçün Heydər Əliyevlə bağlı xüsusi buraxılışlar, təqvimlər buraxan fətullahçılar burada da Türkiyədəki siyasəti yürüdürlər. 1991-ci ildə Azərbaycana gələn və Ayaz Mütəllibovdan Əbülfəz Elçibəyə qədər o dönəmin siyasiləri ilə isti münasibət quran fətullahçılar bu gün Heydər Əliyevdən istifadə edirlər. Artıq Türkiyədəki kimi burada da media, təhsil və iş dünyasında öz yerlərini tutmaq üzrədirlər. “Çağ Öyrətim” litseyləri, ildə əlli min abuturiyentin hazırlandığı “Araz” kursları, dövlət orqanları üçün kadr yetişdirdiyi gizlədilməyən “Qafqaz” Universiteti, «Samanyolu»nun Azərbaycan versiyası adlandırılan “Xəzər” TV, “Xəzər” radiosu, “Zaman-Azərbaycan”, “Burc FM” kimi artıq birbaşa nəzarət etdikləri təhsil və media qrupları hər keçən gün Azərbaycanda Fətullah Gülənin ayaq səslərinin bir az da aydın gəlməsinin müjdəçiləridir.

Ancaq onlar bu gün hələlik Azərbaycanda təşkilatlanma ərəfəsində olduqlarından, dövlətin bütün orqanlarına hakim olmadıqlarından, hər kəs onları məzlum, fağır, «başına vur, çörəyini əlindən al» cinsindən adamlar hesab edir. Bunların əsl üzü təşkilatlanma işini bitirib, dövləti ələ keçirəndən sonra üzə çıxır. Türkiyədə olduğu kimi…

Bunlar yeri gəlir, hamıdan böyük milliyyətçi kimi özlərini göstərir, ən böyük dünyəvilik tərəfdarını belə şəriətçilikdə suçlayacaq qədər ultra-dünyəvi ola bilir və bu minvalla hər kəsin gözündə pərdə asa bilirlər. Ta o vaxta qədər ki, Türkiyədəki kimi güclənsinlər, dövlətin bütün qurumlarına təsir etmə mexanizmini öz əllərinə keçirsinlər.

Ondan sonra isə Türkiyədə olduğu kimi Azərbaycanda da hakimiyyətə öz şərtlərini diktə etməyə çalışacaqlar. Bu prossesi tamamladıqdan Azərbaycanla da şərtlə danışıb, istəklərinə nail olmadıqda, aranı qatmaqla, ölkədə xaos yaratmaqla iqtidara təzyiq edəcəklər. Necə ki, Gülən «xaos olmasa, düzən olmaz» deyir…

Əslində, fətullahçılrın iç üzü 2003-cü ildə Azərbaycana aydın olmalı idi. Mərhum Heydər Əliyevin qabağında ikiqat vəziyyətdə dayanan fətullahçılar Respublika sarayındakı canlı yayının göstərmədiyi məqamları xarici informasiya agentliklərinə sataraq, milyonlar qazanmışdı. O zaman bəzi şaiyələrin dolaşdığı ölkəmizdə Gülən tərəfdarları da durumu dəyərləndirir, hakimiyyətə birbaşa arxa çevirməyin riskli olduğunu düşünüb, eyni zamanda bəzi şirkətləri vasitəsi ilə müxalifətə də yardım edirlərdi. Seçkinin nəticəsi bəlli olduqdan sonra isə yenidən iqtidara yaltaqlanmağa başladılar.

Bu səbəbdən də, sürüşkən mövqeli olub, Türk Dünyasının düşmənlərinin maraqlarına xidmət edən, onların istəyi ilə hər oyuna gedən Gülən tərəfdarlarına meydan vermək, onların fəaliyyətinin genişlənməsinə yardımçı olmaq Azərbaycanın milli maraqlarına ən böyük zərbədir. Nə yazıq ki, bəzi məmurlarımız Azərbaycanın gələcəyini Gülənə bağlı şirkətlərin qəpik-quruşuna satmaqda davam edir. Fətullah Gülənin məktəblərinin nümayəndələrinə hətta diplomat rütbəsi verilməsini belə təşkil edirlər. Niyə? Çünki gözəl məddahlığı bacarır, həm də birilərinin gözünü doyduran paralar verir. Onsuz da daşdan da pul çıxaran məmurlarımız anlamırlar ki, onların Fətullah Gülən tərəfdarlarından aldıqları rüşvətin müqabilində gördükləri iş dövlətçiliyimizə qoyulan minalardır və bir gün bu minalar mütləq partlayacaq… Və bu gün Türkiyədə atatürkçü düşüncəni, Atatürk islahatlarını silərək, Gülənin ideyalarını hakim qılmaq istəyənlərin gələcəkdə güclənəndən sonra Ulu Öndərimizin islahatlarını, onun qurduğu Müstəqil Azərbaycanı ayaqlar altına almayacaqlarına kim qarantiya verə bilər? Kim qarantiya verə bilər ki, Türkiyədə ermənilərin hamisinə çevrilən Fətullah Gülən şəbəkəsi sabah milli maraqlarımıza xəyanət etməyəcək və Azərbaycanın Qafqazdakı mövqeyinin ermənilərin xeyrinə sarsılmasına yardım etməyəcəklər. Türkiyədə bu gün yaşananlar buna dəlil deyilmi?

Allah eşqinə söyləyin, Gülənin Qarabağ mövzusu ilə bağlı konkret olaraq, erməniləri suçladığına dair bir dəliliniz varmı? Əsla da ola bilməz. Ancaq hər an Azərbaycanın yanında olan, İran təyyarələri hava sərhədimizi pozduğu vaxt türk şahinlərini Bakıya göndərən Türk Ordusunun genraliteti, başda Hüseyn Kıvrıkoğlu olmaqla bu gün Gülən mediasının hədəfindədir. Suçları isə vtən sevmək, yad təsirlərə qarşı
mübarizə aparmaqdır. Və dünənə qədər fətullahçı olmadığını deyib, ancaq son günlərdə açıq şəkildə Güləni təbliğ etməklə məşğul olan «Zaman-Azərbaycan»ın da «Ergenekon» adlı bütün suçların üzərinə yıxıldığı xəyali bir təşkilatın bir nömrəli şəxsi olaraq suçladığı, Türkiyədə erməni-PKK-irtica üçlüyünün işlədiyi bütün cinayətlərin sifarişçisi adlandıraraq, həbs etdirilməsini istədikləri şəxs də
Azərbaycanın yaxın dostu Hüseyn Kıvrıkoğlundan başqası deyil… Niyə? Çünki molla Fətullahın iç üzü Kıvrıkoğlunun dönəmində üzə çıxıb. Dəvə qədər kinli olan Gülən (baxmayaraq ki, zombiləşmiş tərəfdarları onun mələk obrazını yaradırlar) Kıvrıkoğlundan xaricdə keçən günlərinin heyfini almaq üçün bu böyük insanın da həbs olunmasını istəyir. Ancaq hələlik prokuror bu əmri həyata keçirməkdə ehtiyat edir. Çünki AKP hökuməti belə bu riskin altına girməyə çəkinirlər… Türk Silahlı
Qüvvələrinin komandanını həbs etdirəcək qədər güclənən Gülən tərəfdarları bu səbəbdən də “Asala”nın, PKK-nın və “Hizbullah”ın bütün cinayətlərini də Türk Silahlı Qüvvələrinin üzərinə çıxaraq, Atatürk islahatlarının vəfalı keşikçilərinin nüfuzunu sarsıtmaq istəyir.

Bütün bunlardan Azərbaycanın çıxaracağı dərs olduqca böyükdür. Yetər ki, prossesləri düzgün oxuyub, Gülən tərəfdarlarının qəpik-quruşuna vətənimizi satmalayalım… Azərbaycanın gələcəyi naminə dünyəvilik düşməni olan, Azərbaycançılıq ideyalarını öz fikirləri ilə əvəz etmək istəyən fətullahçılara meydan verməyəlim… Yetər ki, Azərbaycanı Bakıda Heydər Əliyevi tərifləyən, ancaq Türkiyə mediasında ermənilərin xeyrinə təbliğat apararaq, erməniləri “milləti-sıddıka” (sədaqətli millət) adlandıranlardan qoruyaq. Bunu bizdən Azərbaycanın dövlət maraqları tələb edir…

Aqil ƏLƏSGƏR,
"Azərbaycan xəbərləri"

NURÇULUQ NƏDİR? TARİXİ VƏ BİLMƏDİKLƏRİNİZ…


NURCULUĞUN TARİXİ İNKİŞAFI:

Nurçuluq hərəkətinin qurucusu olan Səidi Nursi 1873-cü ildə Bitlis Elinin Hizan Mahalının Nurs Kəndində dünyaya gəlmişdir.

Əvvəllər Səid-i Kürdi olaraq tanınan və bu ünvanı istifadə edən, soyad qanunu çıxdıqdan sonra doğulduğu kəndə izafədən Nursi soyadını alan Səidi Nursi elmi karieri olmayan bir kimsədir. Necə ki Nur risalələrindən Tizyak adlı risalənin 68-ci səhifəsində risalələrini özünün yazmadığını, bunları köməkçilərinin (Nur Şakirtlerinin) yazdığı bildirilməkdədir.

Hökumətin elanından sonra Bitlisdə şeyxlik fəaliyyətlərinə başlamış, sonra İstanbula gələrək siyasi fəaliyyətlərə qatılmış, İttihad-ı Muhammed-i Cəmiyyətinin qurucularındandır.

31 Mart hadisəsindən əvvəl Dərviş Vəhdəti ilə əlaqə yaratmış, o tarixdə çıxan Volkan Qəzetindəki yazıları ilə 31 Mart Hadisələrini qızışdırmış, yenə o tarixlərdə qurulmuş olan “Kürd Teali Cəmiyyətinə” girmişdir. 1912-ci ildə yazdığı bir kitabında “Oyan ey Səlahəddin Əyyubinin nəvələri Kürdlər” deyərək kürdləri Türklərə qarşı təhrik etməyə səy göstərmişdir. Məktubat adlı risaləsində isə “Özünün Türk olmadığını, Türklük ilə münasibətinin olmadığını, Türkiyədə Kürd milləti deyə ayrı bir millətin olduğunu” irəli sürmüşdür.

İstiqlal Döyüşü əsnasında, Ankaranın xəlifəni qurtaracağı inancıyla Ankaraya gəlmiş, ancaq dünyəvi bir dövlət nizamının qurulması və Respublika elanı üzərinə Ankaranı tərk edərək Vana getmişdir. 1925-ci ildəki Şeyx Səid üsyanından sonra İspartada Barlada daha sonra Kastamonu, Tiryək və Əmirdağda məcburi məskənə təbii tutulmuşdur. Tiryək, Dənizli və Əskişəhir Həbsxanalarında məhkum olaraq yatmışdır.

Səidi Nursi 23 Mart 1960 tarixində Urfada vəfat etmişdir. Ancaq yetişdirdiyi tələbələri (Nur Şagirdləri) onun fəlsəfəsini günümüzə qədər gətiriblər.

Nurçuluq, bir təriqət fəaliyyəti olaraq qarşımıza çıxmasına baxmayaraq, Nurçular bu hərəkətin bir təriqət olmadığını, Qurani Kərimin 20-ci əsrdə təfsiri üzərinə qurulmuş bir məktəb olduğunu və sayı 130-a çatan Nur risalələrinin də Qurani Kərimin təfsirini əhatə etdiyini ifadə etməkdədirlər.

İlk dəfə 1955-1957 illərində Qurani Kərimin və Nur risalələrinin yazılışı səbəbiylə ortaya çıxan nurçular arasındakı qruplaşma, Səidi Nursinin ölümündən sonra daha aşkar bir hal almışdır.

Birinci qrup “Qurana küfr yazısı ilə xidmət olmaz” parolu ilə ortaya çıxaraq Risaləni Nurların mütləq Ərəbcə ilə və əl yazısı ilə yazılmasını, bunun üçün də bütün Nurçuların Ərəbcə öyrənmələri lazım gəldiyini müdafiə etmişlər. Bu qrupa yazıçı Nurçular deyilmişdir.

İkinci qrup “Oxucu Nurçular” deyə bilinməkdə olub, Latın hərfləri ilə ediləcək işin hədəflərinə çatmada köməkçi olacağını müdafiə etmişlər.

Oxucu və yazıçı qrup arasındakı bu fərqliləşmə 1969-cu ildən sonra oxucu qrup içində iştirak edən Fəthullah Gülən qrupunu ayrı bir qrup olaraq ortaya çıxarmışdır. Bu qrupun xüsusiyyəti şagird seqmentinə istiqamətli fond işlərinə ağırlıq verməsi olmuşdur.

1982-ci ildə edilən Konstitusiya səs verməsi oxucu qrup içində jurnalist və Şuraçı qrup olaraq yeni bölünmələrə gətirib çıxarmışdır.

İndiki vaxtda Yeni Nəsilçilər olaraq bilinən jurnalist qrup, 1992 Konstitusiyasına “yox” deyilməsini, Şuraçı qrup isə “hə” deyilməsini müdafiə etmişlər.

İndiki vaxtda Nurçular, “Jurnalistlər, Şuraçılar, Fəthullah Gülənçilər, Yazıçılar” olaraq fəaliyyət göstərməkdədirlər. Ancaq Yazıçılar qrupunun fəaliyyəti azalmışdır.

Nurçuluğun Laiq (dünyəvi) Respublikaya və Atatürkə qarşı bir hərəkət olduğunu görə bilmək üçün Nur Risalələrinə baxmaq lazımdır. Barla Məktubları səhifə: 53. Atatürkü nəzərdə tutaraq “Tək gözlü Dəccal, ya iman et, ya bütün Dünyanın məsxərəsi olacaqsan.” deyilmişdir. Bu xüsus Mətin Tokerin “Sağda və Solda Vuruşanlar” adlı kitabın 96 ncı səhifəsində vardır.

Fətullah Gülən haqqında İddianamə“Sönməz” adlı risalədə (Səhifə: 21-22), Atatürk nəzərdə tutularaq “Ayasofya Məscidini büdxanaya, məşihad məqamını (meşihat makamı) qızlar liseyinə çevirən bu adamı sevməmənin bir günah olması imkanı varmı?” deyilmişdir.

“Məktubat” adlı risalədə (Səhifə: 401) “Türkiyə quruluşu etibarilə dindən uzaq qalmış və dinə qarşıdır. Dünyəvilik ilə dinsizlik arasında heç bir fərq yoxdur. Xristianlıq dünyəvi əsaslara sahib olmadığı üçün, din ilə dünya əsaslarını bir-birindən ayırar. İslahat xristianlıqda mümkündür. Türk inqilabları dai xristian islahatlarının təqlidindən ibarətdir. Çünki İslamiyyət heç bir islahata ehtiyac göstərməyəcək qədər mükəmməldir” deyilmişdir.

“Tiryək” (Tiryak) risaləsində (Səhifə: 65), “Türkiyənin siyasi rejimi Nur səadətini söndürməyə çalışmaqdadır. Kəmalistlər səviyyəsiz, anarxist kəslərdir” deyilmişdir.

“Məsnəvi-i Nuriyyə” (“Mesnevi-i Nuriye”) risaləsində (Səhifə: 80-82), “İslam aləmində ediləcək inqilablar, İslami əsaslara uyğun olmaq məcburiyyətindədir. Əks təqdirdə qeyri qanunidir, bu baxımdan Məclis eyni zamanda xilafət funksiyası yerinə yetirməlidir” deyilmişdir.

“Möcüzə-i Quraniyyə” (“Mucize-i Kur’aniye”) adlı risalədə (Səhifə: 191-192), “Müsəlmanlara Quran xaricində bir Konstitusiya lazım deyil, 1347-ci ildə fəlsəfənin təhəkkümü ilə bu dindar millətə əhəmiyyətli təhəyyüşlər düçar edilmişdir və Konstitusiyada dövlət dininin İslam olduğu yolundakı hökm qalxmışdır. Bu vəziyyətdə gerçək qanuni əsas tətbiq edilmədiyi kimi, Quran da ifadə edilən Şər-i inqilabda reallaşdırma etdirilməmişdir. Halbuki Quran, Respublika Konstitusiyası kimi bir neçə adamın iradəsi deyil, ilahi bir iradənin nəticəsidir.” deyilməkdədir.

“Münazarad” risaləsində (Səhifə: 90-100), “İslam Dövləti üçün tək milliyyət İslam milliyyətidir. İslam dövləti sonunda bütün dünyanı hakimiyyəti altına alacaq və İslam edəcək.” deyilmişdir.

“Məktubat” risaləsində (Səhifə: 403), “İslam dinində inqilab etmək, şəriət əleyhdarlığı olduğu üçün, İslamiyyət dairəsinə zidd, inqilablar da İslamiyyətə zidddir.” deyilməkdədir.

“Xanımlar Rəhbəri” risaləsində (Səhifə: 57) “Çox qadın ilə evlənmək İslami olduğu kimi Taaddüdü Zevcat təbiətə, ağla və hikmətə muafiqdir.” deyilməkdədir.

 NUR TƏLƏBƏLƏRİ (ŞAGİRDLƏRİ) VƏ VƏZİFƏLƏRİ:

Nurçular, özlərinə Nur tələbələri adını verməkdə və Hizbul Quran olduqlarını irəli sürməkdədirlər. Nur Şagirdlərinin Nurçuluğa girə bilmələri üçün o məhəllədəki ən böyük nurçuya qarşı bəzi təəhhüdlərdə olmaları lazımdır. Bu təəhhüdlər Nurçuluğa və Nurçuların böyüklərinə sədaqət, Nurçuların sirlərini açıqlamamaq, məqsədləri üçün müşavirələrdə olmaq, nurun reallaşması üçün fəaliyyətlərdə olmaq kimi şeylərdir. Nurçuların olduqları yerlərdə Nurçuluq ilə əlaqədar hadisələri nur böyüklərinə bildirmələri də məcburudur.

Nur tələbələrinin digər bir vəzifələri də nur risalələrini çoxaldıb paylamaqdır. Səidi Nursi Əsayi Musa adlı risaləsində nur risalələrini yazıb paylamağı laqeydlik edənlərə giley etməkdədir. Nurçuluğun xüsusilə ordu mənsubları arasında yayılmasına əhəmiyyət verilməkdir.

Səidi Nursi risalələrin nəşr olunması üçün dini duyğuları da istismar etməkdədir. Sönməz adlı risalənin 3. səhifəsində bu sətirlər var. “Axirət qardaşlarıma mühüm bir xəbərdarlıq iki maddədir. Birincisi risalə-i nura intisab edən şəxsin ən əhəmiyyətli vəzifəsi onu yazmaq, yazdırmaq və intişarına kömək etməkdir. Onu yazan və yazdıran “Risalə-i Nur Tələbəsi” adı alar və o ad altında hər 24 saatda mənim dilimlə bəlkə yüz dəfə, bəzən daha çox xeyir-dualarımda mənəvi qazanclarımda, şərik olmaqla birlikdə, mənim kimi dua edən qiymətli minlərlə qardaşım və risalə-i nur tələbələrinin dualarına və qazanclarına da şərik olarlar.

İkincisi, Risalə-i Nurun amansız və imansız cinni və inni düşmənləri onun polad kimi, mətin qalalarına və almaz qılınc kimi qüvvətli höccətlərinə müdaxilə edə bilmədiklərindən çox gizli sənədlər və yarımmüdafiəçi vasitələri ilə məhdud olmadan yazanların şövqlərini qırmaq, fikir və yazıdan imtina etdirmək cəhətində, şeytan tərəfindən hücum edib zərbə vurarlar.

Səidi Nursi, nur tələbəliyini buraxmanın günah olduğunu, nur tələbələrinə sataşanların vətən və millət xaini olduqlarını elan edərək, ayrıca təhdidlər sovuraraq gizli bir təşkilatın taktikasına müraciət etməkdədir.

Nur tələbələrinin subay qalanları izlənilməkdə, şübhəsiz evlənməsi lazımsa bir nurçu ilə evlənməsi əmr edilməkdədir.

Yenə nur risalələrindən Tiryak adlı risalənin 33-cü səhifəsində “Ölüm edam deyil təbdili məkandır. Qəbir zülmətli quyu ağzı deyil, mənəviyyatlı aləmlərin qapısıdır. Dünya isə bütün caşası ilə birgə axirətə nəzərən bir zindan hökmündədir.”

Tərcümə edən: Cavid Behruz,
"Azərbaycan xəbərləri"
Mənbə:  T.C. ANKARA DEVLET GÜVENLİK MAHKEMESİ CUMHURİYET BAŞSAVCILIĞI / 31 Ağustos 2000