Translate

24 Mart 2014 Pazartesi

PUTİNİN TATAR QORXUSU...


Dünyanın aparıcı dövlətlərinin etirazlarına və Rusiyanı müxtəlif sanksiyalarla hədələmələrinə baxmayaraq, prezident Vladimir Putin Ukraynanın ərazi bütövlüyünü pozaraq, Krım muxtar respublikasının Rusiya Federasiyasına birləşdirilməsi prosesini başa çatdırdı. 

İlk baxışdan Rusiyanın Qərblə Ukrayna oyununda cavab qolu vuraraq hesabı bərabərləşdirdiyi təəssuratı yaranır. Rusiyanın kütləvi informasiya vasitələrinin təbliğatında bu, prezident Putinin qətiyyətli addımlarının təntənəsi kimi göstərilir və bildirilir ki, prezidentin ölkədaxili reytinqi günü-gündən yüksəlməkdədir.

Əslində isə Putinin bu qələbəsini məğlubiyyətə bərabər qələbə kimi qiymətləndirmək olar.

Ukraynada hakimiyyətin dəyişməsi ilə nəticələnən “Maydan” hərəkatının gedişatı ilə bağlı bəzi hadisələrin təhlili belə bir nəticəyə gəlməyə əsas verir ki, Qərb bilərəkdən hadisələrin daha radikal forma almasına və Rusiyanı buna cavab olaraq daha radikal addımlara sövq etməyə çalışıb. Belə ki, fevralın 21-də Ukrayna müxalifət nümayəndələri ilə prezident arasında imzalanmış razılaşmaya əsasən, hakimiyyət faktiki olaraq müxalifətin bütün tələblərini yerinə yetirməyə razı oldu. Üç ay ərzində növbədənkənar prezident seçkilərinin keçirilməsinə və 2004-cü ilin konstitusiyasına dönüşə Yanukoviç razılıq verdi. Lakin fevralın 25-də vəziyyət dəyişdi. Artıq Radada üstünlük təşkil edən müxalifətçilər prezidentin hakimiyyətdən kənarlaşdırılması haqqında qərar qəbul etdilər. Və ardınca parlamentin qərarı ilə əsas vəzifələrə müxalifət nümayəndələri təyin edildi.

Putin Soçi olimpiadası başa çatdıqdan sonra ilk dəfə Ukrayna hadisələrinə münasibət bildirərkən əslində bəzi məsələlərdə haqlı idi. Məsələn, prezidentin qeyd olunan formada hakimiyyətdən uzaqlaşdırılması, yaxud, referendum təşkil etmədən yeni konstitusiyanın qəbulu kimi hallar tam olaraq qanuni addımlar hesab oluna bilməzdi. (Ancaq bu, heç də Rusiyanın Ukraynanın daxili işlərinə müdaxilə etməsinə əsas vermir). Rusiya prezidenti qeyd olunan arqumentləri özü üçün rəhbər tutaraq hücuma keçdi və ilkin mərhələdə Krımı ələ keçirdi. Sonrakı mərhələlərdə Ukraynanın digər cənub-şərqi əyalatlərin də Rusiyanın ərazisinə qatılmasından Moskva imtina etməz, ancaq bu, Krımdan sonrakı hadisələrin inkişafı ilə bağlıdır.

Bu məqamda belə bir sual yaranır: Ukrayna müxalifəti attığı addımların qeyri-qanuniliyini bilə-bilə nəyə görə tələsdi? Bu tələsmə hər şeydən əvvəl, demokratik inqilabın nailiyyətlərini kölgə altına salırdı və eyni zamanda Rusiyanı qıcıqlandıra bilərdi. Söhbət ondan gedir ki, əgər Yanukoviç hakimiyyətdə 3 ay qalsaydı, ölkə 2004-cü il konstitusiyasına keçsəydi və prezidentin əsas səlahiyyətləri əlindən alınsaydı belə, yenə müxalifətçilər qanuni yolla heç bir dəyişiklik əldə edə bilməzdilər. Çünki Radada üstünlük Yanukoviçin Regionlar partiyasında idi. Təbii ki, Regionlar Partiyasının üzvləri prezident hakimiyyətdə qala-qala müxalifət tərəfə keçməyəcəkdi. Ölkədə sabitlik bərqərar olacaq və prezident seçkilərinə qədər olan 3 ay vaxt ərzində Rusiya növbəti addımını planlaşdırmaq üçün vaxt udacaqdı.

Əslində, müxalifətçilərin Radada istədikləri qərarları keçirmək üçün səs çoxluğu əldə etmələrinin yeganə səbəbi Regionlar Partiyasının üzvlərinin öz liderləri qaçdıqdan sonra kütləvi şəkildə müxalifət düşərgəsinə keçmələri ilə bağlı idi. Əgər 21 fevral razılaşmalarına riayət olunsaydı, 3 aydan sonra keçiriləcək prezident seçkilərində müxalifət nümayəndəsinin qələbəsi belə hakimiyyətin tam mənasıyla müxalifət tərəfindən ələ keçirilməsi anlamına gəlməyəcəkdi. Çünki bu dəfə müxalifətçilər özləri öz tələlərinə düşəcəkdilər. Belə ki, yeni konstitusiya əsas səlahiyyətləri parlamentə verdiyi üçün yenə də Regionlar üstünlük təşkil edəcəyinə görə artıq müxalifətçilər növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb etməli olacaqdılar. Bu da Rusiyaya əlavə vaxt qazandıracaqdı. Müxalifət məhz bunları nəzərə alaraq hakimiyyəti tam olaraq ələ keçirmək üçün bəzi pozuntulara getməli oldu.

Eyni zamanda Rusiya adekvat addımlar atmağa təhrik olundu və bununla Ukrayna ictimayyətində ruslara olan nifrət daha da artdı. Putinin radikal addımlara əl atması ukraynalılarda anti-rus əhval ruhiyyəsini gücləndirdi və ictimai şüurda iki xalq arasında qarşılıqlı qəzəb və nifrətin əsası qoyuldu.

Bu məqam Qərb üçün xüsusi önəm daşıyır. Belə ki, ukraynalılarla ruslar özlərini eyniköklü slavyan xalqının törəmələri hesab etdikləri üçün Ukraynanın Rusiyadan qoparılmasında ukraynalılarda rusobiyanın formalaşdırılması böyük əhəmiyyət daşıyır.

Qərbin Ukraynada qələbəsi Putinin SSRİ-ni bərpa etmək ideyaları üzərindən xətt çəkirdi. Putin cavab olaraq Krımı ələ keçirmək qərarına gəldi və 2008-ci ildəki Cənubi Osetiya və Abxaziya işğalından fərqli olaraq, bu dəfə Kreml öz nəzarətində olan qondarma respublikanın yaradılmasını deyil, ərazinin Rusiyaya qatılması formasını seçdi. Təbii ki, Rusiya bu addımı atarkən üzləşəcəyi bütün riskləri əvvəlcədən nəzərə almışdı. Hər nə qədər Qərbin sanksiyaları təhlükəli hesab edilsə Moskva sanksiyalardan qorxmurdu, bunu gizlələtmirdi və bəyan edirdi ki, sanksiyalardan hər iki tərəf ziyan görəcək. Qısası, nə qədər ki, Avropa Rusiya qazından asılıdır, Qərb iqtisadi mənada Rusiyaya ciddi təzyiq göstərməyəcək. Eyni zamanda NATO-nun Krım uğrunda Rusiya ilə müharibəyə başlayacağı da inandırıcı deyil.

Maraq doğuran amil ondan ibarətdir ki, nəyə görə Rusiya məhz Krımı seçdi və Krıma görə bütün Qərb dünyası ilə düşmən olmağa dəyərdimi? İkinci sual isə ondan ibarətdir ki, nəyə görə Rusiya Krımın özünə birləşdirilməsi yolunu seçdi? Məsələn, Moskva Krımın müstəqilliyini tanıyıb öz nəzarətində saxlaya bilərdi. Dünya ictimaiyyəti artıq “tanınmamış respublikalar” problemi ilə üzləşdiyi üçün buna bir qədər öyrəncəlidir və Krımda da belə olacağı halda reaksiya müəyyən qədər yumşaq ola bilərdi.

Krımı Rusiyaya birləşdirmənin əsas səbəbi “Bəyaz axın” layihəsi ilə əlaqədardır. Bu layihə Xəzər qazının Gürcüstandan Qara dənizin dibi ilə Krıma çatdırılmasını nəzərdə tuturdu. Krımdan isə Ukraynanın əsas ərazilərinə paylanılması mümükündür. Əgər bu layihə baş tutsa, həm Ukrayna, həm də Avropa Rusiyanın qaz asılılığından çıxacaq. Qazaxıstan da Rusiya vasitəsilə qazını Avropaya ötürə bilməyəcəyi üçün məcburi Transxəzər layihəsinə qoşulacaq. Bununla da Kremlin ağalığı başa çatacaq və SSRİ-nin bərpa layihəsi puç olacaqdı.

Putin anladı ki, Ukraynada hakimiyyətə gəlmiş yeni qüvvələr bu layihənin tez bir zamanda reallaşması üçün səy göstərməyə başlayacaqlar və Qərbdən lazımi dəstəyi ala biləcəklər. Məhz buna görə tələsik Krım Rusiyaya birləşdirdi.

Rusiyanın post sovet məkanında hegemonluğunun qarşısının alınması və Moskvanın ard-arda respublikaları əldə saxlamaq üçün istifadə etdiyi iqtisadi rıçaqları itirməsi siyasətinin kökündə Azərbaycan dayanır. Bu siyasət Milli Lider Heydər Əliyev tərəfindən başlanılıb və onun qoyduğu ssenari üzrə davam edir. Bakı-Tbilisi-Ceyhan kəməri bu istiqamətdə ilk addım idi. Sonradan Özbəkistan, Türkmənistan və Qazaxıstan neft və qazının həmin marşrutla ixracı məsələsi qalxdı. Bu mənada Qazaxıstan, Rusiya və Azərbaycan arasında Xəzərin dibinin bölünməsi barədə vaxtilə imzalanan razılaşmanın bugünki əhəmiyyəti danılmazdır.

Beləliklə, ilk mərhələdə “Bakı-Tbilisi-Ceyhan” layihəsilə Azərbaycan ilə Gürcüstan, ikinci mərhələdə “Transxəzər” layihəsi ilə Özbəkistan və Türkmənistan, üçüncü mərhələdə “Bəyaz axın” layihəsi ilə Ukrayna, ardınca isə Qazaxıstan, sonra iqtisadiyyatı bu dövlətdən asılı olan Qırğızıstan Rusiyanın iqtisadi təsir zonasından çıxır. Bütün bunlardan uduzan Rusiya və dəstəklədiyi işğalçı Ermənistan olacaq.

Bəlkə də, Rusiya ilə Ermənistan Azərbaycanın ərazilərini işğal etməsəydi Bakı belə layihələri başlatmazdı və SSRİ dağıldıqdan sonra belə, postsovet respublikaları arasında hansısa iqtisadi inteqrasiyadan söhbət gedə bilərdi. Hər halda, bu gün də gec deyil və Rusiya etdiyi səhvlərdən nəticə çıxarıb vəziyyəti öz xeyrinə dəyişə bilər. Məsələnin kökündə Qarabağ dayanır.

Qayıdaq Krıma. Bunu əminliklə demək olar ki, Putinin “Krım” planının reallaşmasınına əngəl ola biləcək əsas maneə tatarlardır. Rusiyaya təzyiq üçün istifadə olunan sanksiya, yaxud bəyanatlar yalnız köməkçi rolunu oynayır. Putin məhz tatar amilindən qorxduğu üçün Krımın Rusiyaya birləşdirilməsini elan edərkən yarımada əhalisinin cəmi 12 faizini təşkil edən tatarların dilinə xüsusi status veriləcəyini, tatarların hüquqlarının xüsusi qorunacağını bildirdi, “rus-tatar qardaşlığı”ndan bəhs etdi.

Krım tatarlarının qeyri-rəsmi lideri, SSRİ dövründə 15 il dissidentliyə görə həbsdə olmuş Mustafa Cəmilov (Qırımoğlu) Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparmış yeganə ukraynalı rəsmi şəxsdir. Krım refendumundan əvvəl Cəmilov Qazan tatarlarının qeyri-rəsmi lideri, Tatarıstanın keçmiş prezidenti Mintimer Şaymiyev tərəfindən Moskvaya dəvət edilmiş və Tatarıstanın Moskvadakı nümayəndəliyində Cəmilovla Putin arasında saat yarımlıq telefon danışı olmuşdu. Cəmilovun açıqlamalırdan belə nəticəyə gəlmək olar ki, Putin ondan referenduma razılıq verilməsini istəyib, lakin tatarların lideri Ukraynanın ərazi bütövlüyünün pozulmasına etiraz etdiyini bildirib. Yəni Cəmilov Putinlə razılığa gəlməyib. Belə olan halda Putin ondan referendum başa çatana qədər neytral olmalarını xahiş edib. Buna cavab olaraq Cəmilov bildirib ki, rəsmi Kiyevin göstərişinə uyğun hərəkət edəcək.

Putinin tatarlardan qorxmasının birinci səbəbi Krımda tatarlar tərəfindən azadlıq mübarizəsinin başlanması və buna dəstək ola biləcək xarici dövlətlərin mövcudluğudur. Məsələn, Türkiyədə çoxsaylı tatar icması mövcuddur və Cəmilov Krımda referendum keçirilən gün Türkiyəyə səfərə getmişdi. Ən azı Türkiyədəki tatarların Krımda Rusiya əleyhinə savaşın başlayacağı halda öz vətənlərinə gəlməsi və mübarizəyə qoşulmaları labüddür.

Cəmilov çıxışlarının birində Qazaxıstan prezidenti ilə də görüşəcəyini bildirmiş, eyni zamanda Türkiyə xarici işlər naziri Əhməd Davudoğlunun ona Azərbaycan prezidenti İlham Əliyevlə görüşməsini məsləhət gördüyünü bildirmişdi. Qazaxıstanda da vaxtilə deportasiya olunmuş taarlardan formalaşmış icma mövcuddur. Qazaxıstan dərhal Krımın anneksiyasını tanımaqla əslində Moskvaya sədaqətini nümayiş etdirirdi və bununla Cəmilova dəstək göstərməyəcəyinə işarə verirdi.

Azərbaycanın isə Rusiyadan asılılığı olmadığı üçün bu məsələyə heç bir münasibət göstərmədi. Siyasi təlxək Jirinovskinin Ukraynadan danışarkən gözlənilmədən Azərbaycandan söz açması və azərbaycanlılarla ukrayınları hansısa mənada bir-birinə bənzətməsi əslində Moskvanın Bakıya xəbərdarlığı kimi də qiymətləndirilə bilər.

Moskva üçün ən təhlükəlisi odur ki, Krıma tatar axınını maliyyələşdirmək və onların hərbi mübarizəsinə dəstək verməkdə maraqlı olan kifayət qədər dövlətlər var.

Digər məqam Rusiyanın öz daxilindəki Tatarıstanla bağlıdır. Kazan tatarlarının heç də hamısının Rusiyanın əsarətində yaşamalarından məmnun olduqlarını demək olmaz. Tatarıstanda hər il 1552-ci ildə Kazanın ruslar tərəfindən işğalı matəm kimi qeyd olunur. Xatırlamaq yerinə düşər ki, SSRİ-nin dağılması zamanı Tatarstan parlamenti də digər respublikalar kimi müstəqillik barədə akt qəbul etmişdi. Rusiya Tatarıstanı tərkibində saxlamaq üçün yenidən bu respublikada referendum keçirməli olmuşdu. Ümumtatar İctimai Birliyinin 2008-ci ildə Rusiyanın Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımasına cavab olaraq yaydığı bəyanatda Tatarıstanın da müstəqillik haqqının olmasından bəhs edilmişdi.

Krımda tatarların azadlıq mübarizəsinin başlanması avtomatik olaraq Kazan tatarlarına sirayət edəcək. Tatarıstanda ictimai narazılığın qalması isə ümumilikdə Şimali Qafqazdakı türkdilli xalqların etirazlarına səbəb olacaq. Odur ki, Putinin tatar qorxusu tam başadüşüləndir. Və Rusiya üçün ən arzuolunmaz ssenari də budur.

Azvision
Medianews.az

Hiç yorum yok: