XƏYANƏTİN QURBANI OLMUŞ ŞƏHİD ŞƏHƏRİMİZ
Elbrus Ağdamlı
BU YAZIMI AZƏRBAYCANIN ŞUŞA ŞƏHƏRİNİN ERMƏNİ VƏ RUS BİRLƏŞMƏLƏRİ TƏRƏFİNDƏN İŞĞAL EDİLƏN GÜNÜ XIDIRLI ROTASININ ŞƏHİDLƏRİ, DƏSTƏ KOMANDİRİ LEYTENANT ELDAR HÜMBƏTOVUN, SIRAVİ RASIM RƏHİMOVUN VƏ 25 İLDIR BIR AYAGININ ÜSTÜNDE GƏZƏN "ŞƏHİD" QARDAŞIMIZ, ROTA KOMANDİRİNİN MÜAVİNİ LEYTENANT İLHAM İSMAYILOVUN ƏZİZ XATİRƏSİNƏ İTHAF EDİRƏM. ALLAH ŞƏHİD QARDAŞLARIMIZA RƏHMƏT ELƏSİN, MƏKANLARI CƏNNƏT OLSUN. ALLAH İLHAM QARDAŞIMIZA İSƏ UZUN ÖMÜR VƏ CAN SAGLIGI VERSİN.
8 MAY 1992-ci il AĞDAMIN XIDIRLI ROTASI ÜÇÜN ÇOX AĞIR OLDU
...Mayın 7- si axşam Ağdamdakı hərbi hissələrin əksəriyyətinin komandirləri Şaxbulaqda, bizim polka yığışmışdılar. Briqada komandiri Elxan Orucov, Şirin Mirzəyev, Faiq Baxşalıyev, Yaqub Rzayev və iki-üç nəfər də nazirlikdən gəlmişdi. Şuşaya yardım məqsədiylə aldadıcı manevr planlaşdırılırdı. Sabah Fərrux yüksəkliyi və Fərrux kəndi alınmalı idi. Fərrux dağının ən çətin sıldırımlı hissəsiylə qalxmaq məhz Xıdırlı rotasına tapşırılmışdı. Müşavirədən sonra alay komandirinin təchizat üzrə müavini, dostum Hafiz Məmmədov mənə yaxınlaşaraq dedi ki, ehtiyatlı olun, sənə tapşırıq veriləndə nədənsə Elxan Orucov Mirzəyevdən soruşdu ki, "bilir hara gedir". Mirzəyev cavab verdi ki, "onlar öz işlərin yaxşı bilirlər". Sonra bildim ki ən çətin sahə bizə tapşırılmış imiş. Rəhmətlik Komandirimiz əmin idi ki, onun etimadını doğruldacayıq. Saat 6-da dağın başında pozisiyada olmalı idik. Vaxtında pozisiyanı tutduğumuzu komandirə məlumat vermək istəyəndə sərəncamımda olan 2 ədəd R-58 ratsiyanın ikisinin də antennasının dibindən kəsilmiş olduğunu gördüm (bu hələ də mənə bir sirr olaraq qalır). Ratsiyalar işləmədi. Antenaları təmir etməyə çalışdıq. Güc- bəlayla Mirzəyevlə əlaqə yarada bildim. Kimsə başqa birisi onun adından bizim gecikdiyimizi, hamının çoxdan kənddə olduğunu qışqır- bağırla mənə deməsindən başa düşdüm ki, danışan komandir deyil.
Ancaq vaxt itirmək olmazdı tanklarımızın səsi dağın ətəyindən eşidilirdi. Mühasirəyə düşməmək üçün rotanı 3 hissəyə böldüm. Birinci dəstənin başında dəstə komandiri Nəvai Əliyev olmaqla sağa, İkinci dəstənin başında dəstə komandiri Eldar Əhmədov olmaqla sola göndərdim. Üşüncü dəstəylə özüm mərkəzdə qaldım. Bir az da yaxşı mövqe tutmaq üçün dağın üstündəki taxıl sahəsinin ortasında yerləşən ermənilərin səngərinə yerləşdik. Kəndlə aramız 250-300 metr olardı. Ara-sıra bizi atəşə tuturdular. Get-gedə atəş intensivləşirdi. Yarım saata qədər səngərdə qaldıq. Yaqubun dəstəsiylə gəlmiş çeçen uşaqlar da bizimlə idilər. Əslində onlar bizim solumuznan qalxmalı idilər. Az keçmədi ki, snayper gülləsindən sıravi döyüşçü - RƏHİMOV RASİM NƏBİ OĞLU şəhid oldu.
Rasim Nəbi oğlu Rəhimov
Ermənilər kənddə gücləndilər, güllə yağışı gücləndi ordudan bir xəbər çıxmadı. Bir az da ləngisəydik xilas olmaq ehtimalımız olmayacaqdı. Məcbur olub meyidimizi götürüb geri çəkilməli idik. Əməlyyatın pozulduğunu başa düşəndə uşaqlara RASİMİ də götürüb aşağı düşməyi tapşırdım. Özümsə dağın başında qalıb uşaqları axtarmağa getdim. Ancaq çox uzağa gedə bilmədim, güllələr imkan vermirdi. Hər tərəf minayla dolu idi. Hərəkət etməyə seçim az idi. Meşənin aşağılarında uşaqların səsini eşidirdim. Nə qədər çağırsam da onlar məni eşitmədilər. Bir təhər geri qayıdıb qalxdığımız yolla aşağı düşdüm. Dolayı yola çatanda dönüb geri baxdım. Gördüm ki, iki erməni məni qranatomyotla nişan alıblar. Aramız 150-200 metr olardı. Ağacın dalına keçdim ancaq mərmi çox yuxarıdan gedib meşənin içinə düşüb, partladı. Xoşbəxtlikdən xəsarət alan olmadı. Mən də yoldaşların arxasınca dağdan endim. Kəndimizin camaatı dağın dibində bizi gözləyirdilər. Şəhid qardaşımz Rasimi kəndə apardılar. Təkcə oturub qalmışdım Üçbulağın yanında. Birdən gördüm ki, döyüşçü yoldaşımız İbadov Akif meşədən mənə tərəf ağlaya - ağlaya gəlir və deyir: "komandir Eldarı vurdular, Eldar şəhid oldu".
Eldar Əhməd oğlu Hümmətov
HÜMMƏTOV ELDAR ƏHMƏD OĞLU - kiçik leytenant, dəstə komandiri idi. "Vətən uğrunda irəli" - deyərək dəstəsini hücuma qaldırmış, ancaq bu dəfə də snayper imkan verməmiş düz ürəyindən vurmuşdu. Döyüşçülər ELDARIN meyidini çox çətinliklə güllənin altından çıxarmışdılar. Biz tərəfə düşmək imkanları olmadığından Cinli kəndinə endirmişdilər. ELDAR bir az gec evlənmişdi. Döyüşdən bir neçə gün əvvəl oğlu olmuşdu. Mən bilən övladının üzünü belə görməmişdi, rəhmətlik. ELDAR rotaya balaca qardaşı ŞƏHRIYARIN yerinə gəlmişdi.
Kəndçilərimizdən birinin maşınına əyləşib Şax bulaqdan fırlanıb Xaçınstroya getdik. ELDARIN dalınca gəlmişdik, yaralı İLHAMLA rastlaşdıq. İLHAM minaya düşmüşdü, ayağının birini mina qopartmışdı. Onu Mahrızlıya qospitala apardıq. İSMAYILOV İLHAM QƏHRƏMAN OĞLU - leytenant, rota komandirinin müavini. Orduya gəldiyi iki ay ancaq olardı. Politexnik institutunu yeni bitirmişdi. Qardaşı KAMİL bizim rotada döyüşürdü. Son beşiklərini çıxarıb onun yerinə girmişdi.
İlham Qəhrəman oğlu İsmayılov
Şəkildə gördüyünüz İLHAMDI, hərbi geyimdə şəkil çəkdirməyə heç vaxtı da olmamışdı, qardaşımızın. Hazırda Mingəçevir şəhərində yaşayır və SES - də mühəndis işləyir. 2-ci dərəcəli müharibə əlilidir. İLHAM qardaşımıza uzun ömür və can sağlığı arzulayıram. RASİM və ELDAR qardaşlarımızı o biri şəhid qardaşlarımızın yanında - AGDAMIN ŞƏHİDLƏR XİYABANINDA torpağa tapşırdıq. Allah bütün şəhid qardaşlarımıza rəhmət eləsin, məkanları cənnət olsun. Mayın 9-da ELDARI dəfn edəndə camaat xəlvətcə xısın-xısın bir-birinin qulağına pıçıldayırdı ki: "deyəsən, ŞUŞA əldən gedib"...
Elbrus Ağdamlı,
07.05.2018