Həmsöhbətimiz Azərbaycan Milli Azadlıq Hərəkatının fəallarından biri olmuş, dünyada analoqu olmayan müalicə üsulunu kəşf edən və ondan bu gün istifadə edən loğman-həkim Malik İsmayılovdur. Malik həkimi Qarabağ əhalisinə xüsusi təqdim etməyə ehtiyac yoxdur. İndi demək olar ki, onu bütün Azərbaycan tanıyır. Millətsevər həkim Malik Camal oğlu İsmayılov yüksək əxlaqi keyfiyyətlərə malik insandır. Onun ailəsi də vətənpərvərlik hissləriylə yaşayır. Belə bir məqamı xatırlatmaq istərdim. Ağdamın işğalına az qalmış Malik həkimin 5 yaşlı qızı atasına müraciət edərək deyib ki, "ata əvvəlcə mənimlə anamı öldür, sonra da özünü, düşmənə əsir düşməyək". Malik həkimin Qarabağ savaşındakı qəhrəmanlıqları haqqında çox söz yazmaq olar. Bəzən düşünürəm ki, nədən vətəndaşlarımızın hamısı bu torpağa, Vətənə Malik həkim kimi bağlı deyillər.
Malik Camal oğlu İsmayılov
- Həkim, çox istərdim ki, Sizinlə söhbətimizə Dağlıq Qarabağ hadisələriylə başlayaq. Dağlıq Qarabağ problemi ortaya çıxanda Sizin buna reaksiyanız necə oldu?
- 1988-ci ildə Qurana and içmək mərasimi oldu. Bu vaxt Ağdamın bütün cavan, yaşlı nəsli and içdilər ki, Qarabağ uğrunda son damla qanımıza qədər vuruşacağıq, torpaqlarımızdan 1 santimetr də verməyəcəyik. Sonradan Bəxtiyar müəllim rəhmətə getdi və komendant saatı yarandı. Camaat isə başladı qruplar şəklində yığılmağa. Mən də o qruplardan birində idim. Biz yığıncaq keçirtdik. Düzdür, qruplaşmışdıq ancaq kiminlə birgə fəaliyyət göstərəcəyimizi bilmirdik. O vaxt "Ana dili" cəmiyyətinin üzvü gəlib qruplar arasında təbliğat aparırdı. Biz də təqribən 60 nəfər istədik ki, bunlarla birgə fəaliyyət göstərək. Həmin vaxt bir qadın dedi ki, siz bu cəmiyyətə qoşulmayın, Xalq Cəbhəsi yaranır, rəhbəri də Əbülfəz Əliyevdir. Sonradan bu qadın özünü təqdim etdi ki, Leyla Yunusovadır. Mən dedim ki, Əbülfəz Əliyevi yaxşı tanıyıram. Biz razılıq verdik ki, Xalq Cəbhəsi adı altında cəm ola bilərik. Sonra elə oldu ki, mən gəldim Əbülfəz bəylə söhbət etdim. O, dedi ki, mən sizinlə birgə olmağa razıyam. Sonra mən, Əbülfəz bəy və Eldar Bağırov görüşdük. Söhbətdən sonra Əbülfəz bəy, Eldar Bağırovdan soruşdu ki, heç bir narazılığın yoxdur? O da cavab verdi ki, Xalq Hərəkatı millətin hərəkatıdır, mən də bu yolda ölümə getməyə hazıram. Eldar dedi ki, bir şərtim var. Qurana and içək ki, heç vaxt millətimizə dəyməyəcəyik. Biz üçümüz də əlimizi Quranın üstünə qoyub and içdik. Beləcə fəaliyyətimiz başlandı. Sonra gəldik Bakıya, təşkilatda qeydiyyata düşdük, vəsiqəmizi aldıq.
"MƏN AĞDAMDA DÖYÜŞƏN HƏKİM KİMİ
FƏALİYYƏT GÖSTƏRMİŞƏM"
- Bütün hərəkatçılara məlumdur ki, sizin Dağlıq Qarabağ uğrunda gedən döyüşlərdə çox əhəmiyyətli rolunuz olub. Hətta "Keçmişdə qalmış gələcək" filmi Sizin o vaxtkı həyat və fəaliyyətinizə həsr edilib. Əsas obrazın adı da dəyişdirilmədən Malik adı ilə gedib. Siz Dağlıq Qarabağ müharibəsi vaxtı müdafiə işini necə qururdunuz?
- Həmin vaxt mən həkim olduğuma görə ambulatoriyam var idi. Bu, qeyri-adi zona ambulatoriyası sayılırdı. O vaxt bizə göz həkimi, akademik Fyodorov (Rusiya Tibb Akademiyasının sədri) sponsorluq edirdi. Mən də onun üsullarıyla müalicə edirdim. 18 min kənd əhalisinə xidmət göstərirdim. Orada geniş sahəli səhiyyə yaratmışdıq. 1988-ci ildə müharibə başlayanda ambulatoriyam yolun qırağında yerləşdiyinə görə xəstələrə təcili yardım etmək üçün mənə müraciət edirdilər. Bunun əsasında özümdən asılı olmayaraq məni bu hərəkatın həkimi kimi qəbul etdilər. 1992-ci ilədək mən Ağdamda döyüşən həkim kimi fəaliyyət göstərdim.
- Gəlin səmimi olaq. Bilirik ki, Siz sadəcə həkim kimi fəaliyyət göstərməmisiniz, həm də döyüşlərdə iştirak etmisiniz.
- Mən bu vaxtadək nə avtomat, nə də tapança atmağı öyrənməmişəm. Bütün növ iti əşyalarla vuruşmuşam. Ancaq ömrümdə avtomat atmamışam. Aeroportun partladılmasında bilavasitə iştirak etmişəm. Biz görürdük ki, Xocalı aeroportuna hər gün 30 təyyarə enir. Havalar qarışıq olanda təyyarələr Ağdama enirdi. Biz gəlib zorla da olsa onları yoxlayırdıq. İçərisindən mütləq silah çıxırdı. Bəzən olub ki, vertolyotlarla ermənilərə gedən silahların hamısını götürmüşük. Yəni müharibənin qanunları yox idi. Qanunsuz müharibə gedirdi.
"HƏRƏKAT VAXTI ELÇİBƏYƏ BÖYÜK MƏHƏBBƏT
VƏ İNAM VAR İDİ"
- Malik bəy, bilirik ki, 1971-ci ildə Əbülfəz Elçibəylə tanışlığınız olub. Bəs Milli Azadlıq Hərəkatı dövründə münasibətiniz necə olub?
- Hərəkat dövründə Əbülfəz Elçibəy bizim Ağdamdakı evimizə qonaq da gəlib, qalıb da. Mən onu müalicə etmişəm. O vaxt Azərbaycanın hər tərəfindən çoxlu könüllü torpaq uğrunda vuruşmağa gəlirdi. Özü də çox böyük inamla gəlirdilər. Bayraqların, maşınların üstünə Elçibəyin şəkillərini vururdular. Döyüşlərdə də gözlərini qırpmadan ölümə gedirdilər. O vaxt Elçibəyə məhəbbət və inam var idi.
- Əbülfəz Elçibəylə bağlı hansı maraqlı xatirəni danışa bilərsiniz?
- Mənim yadımdadır ki, 1974-cü ildə Elçibəyə ev vermişdilər. Biz də - Vasif müəllim, Tariyel müəllim və mən hazırlaşdıq onu təbrik etməyə. Getdik Bayıldan 4 ədəd stul aldıq və yemək-içmək götürüb gəldik onun evinə. Ev boş idi. Yerə qəzet salıb oturduq. Elçibəyin Mübariz adlı bir dostunun evi yox idi. Götürdü evin açarlarını verdi Mübarizə və dedi ki, ev sənindir. Yəni Əbülfəzin o jestini mən görmüşəm. O, öz evini bağışladı dostuna ki, sən evlisən, mən isə hələ subayam.
- Malik bəy, bir az da Sizin qeyri-adi müalicə üsulunuzdan danışaq. Biz bilirik ki, Sizin bu barədə televiziyada çıxışınız da olub, verilişlər də hazırlanıb. Ancaq çox təəssüf ki, hələlik lazımi səviyyədə bu müalicə üsulu yayılmayıb. Buna münasibətiniz necədir?
- 1982-ci ildə rəhmətlik sabiq Səhiyyə naziri Tələt Qasımovla mənim söhbətim oldu. O, dedi ki, sən hələlik pilot ambulatoriya kimi öz işini Ağdamdan başla. Biz də işimizi Ağdamdan başladıq. Mənim əsas fikrim belədir ki, sağlamlıq ilk növbədə ailədən başlamalıdır. Bu balaca ocaqları birləşdirə-birləşdirə böyük sağlamlıq mərkəzi yaratmaq olar. O vaxt Ağdamda 17 kənd ambulatoriyası ilə işləməyə başladıq. Biz kənd ambulatoriyalarında seminarlar keçirdik və onları hər cür avadanlıqla təmin etdik. Üstəlik, o vaxt akademik Fyodorov mənə Azərbaycanda olmayan 7 milyon manatlıq avadanlıq vermişdi.
- Akademik Fyodorovla Sizin tanışlığınız necə başlayıb? Sizin müalicə üsulunuzu haradan bilirdi ki, ona belə dəstək verirdi?
- Mən Moskvada əsgərlikdə olmuşam. Fyodorovla birinci dəfə orada rastlaşmışam. Onun ayağının biri yoxdur. Bir dəfə ağrıları başlayanda onu gətirdilər mənim yanıma. Mən də onu müalicə etdim. Sonra bizim təmasımız olmayıb.
Ağdamda rayonun birinci katibi işləyən Sadıq Murtuzayevin endarfit xəstəliyini 6 ay müalicə etdim, damarlarını açdım və sağaltdım. O, özü də inanmırdı ki, sən kənd həkimi necə bu xəstəliyi müalicə edə bilərsən. Mənim müalicəmdən sonra S.Murtuzayev mənə dedi ki, gedirəm Fyodorovun yanına. Fyodorov Sadıq müəllimdən soruşur ki, bu müalicəni kim edib, onunla görüşmək istəyirəm. S.Murtuzayev ona deyir ki, məni kənd həkimi müalicə edib.
Bir gün mən Ağdamda iş otağımda məşğul ikən gördüm ki, Fyodorov girdi içəri. Görüşdük. Soruşdum ki, məni tanıdınız? O dedi ki, yox, tanımadım. Nə isə... Mən ilk görüşümüzü onun yadına saldım. Ona öz müalicə üsullarımı danışdım. Mənə dedi ki, nə qədər mən burdayam binanın layihəsini hazırla, nə lazımdırsa kömək edəcəyəm. Mən də getdim Bakıya Proyekt Bürodan bir layihə götürdüm. 40 günə ambulatoriyanı tikdilər. Sonra da fəaliyyətə başladıq. Bu müalicənin əsas istiqaməti beyni özünü sağaltmaq fəaliyyətinə qoşmaqdan ibarətdir. Yəni şüuraltı beyni qoşursan özü həkimlik edir. İnsan tənbəllik edəndə şüuraltı hüceyrələr də tənbəllik edir. "AİLƏ VƏ SAĞLAMLIQ MƏRKƏZİ"ni
MƏNİM FİKRİMLƏ YARATDI VƏ TƏKLİF ETDİ Kİ, GƏL İŞLƏ"
- Malik bəy, səhiyyədə istifadə olunan bəzi dərman preparatlarının özü də beyni kütləşdirir.
- Bəli, o da düzgündür. İstərdim ki, səhiyyə ilə tam təmasda olam və imkan verələr bir budağına da mən qonam. O vaxt Əbülfəz Elçibəy "Ailə və sağlamlıq mərkəzi"ni də mənim fikrimlə yaratdı və təklif etdi ki, gəl işlə. Mən də dedim ki, hələ müharibə qurtarmayıb mən orada işləyəm. Ancaq sonra 1997- 98 - ci illərdə "Ailə və sağlamlıq mərkəzi"ndə işlədim.
- Sonra nə oldu ki, oradan uzaqlaşdınız?
- Mənim qəbulumu gətirib çox qəribə bir qiymətə çıxardılar...
Bilirsiniz,1996-cı ildə qərar çıxdı ki, kimlər artıq veteran olub, onların Hərbi Hospitala müraciət etməyə ixtiyarı yoxdur. Onlar ancaq pulla işləyən klinikalara müraciət edə bilərlər. Hamısı da maddi vəziyyəti yaxşı olmayan adamlardı. Ona görə də mən onları ata bilmirdim və "Ailə və sağlamlıq mərkəzi"ndə gizli qəbul edirdim. Sonradan bunu baş həkim bildi və icazə vermədi. O, deyirdi ki, bura pullu klinikadır, atan da gəlsə pul ödəməlidir. Mən dedim ki, saat 18-00-a kimi işləyirəm, heç olmasa 2 saat qaçqınları, əlilləri pulsuz qəbul edim. Razılaşmadı, mən də işdən çıxdım. Sonra getdim özüm şəxsi ofis açdım. Orada həmin adamları pulsuz qəbul etmək imkanım oldu. Sonra ofisim yerləşən ərazi plana düşdü, bina tikintisinə başladılar, ofis əldən getdi, xəstələrim dağıldı...
- Bəs fəaliyyətinizi davam etdirmirsiniz?
- Mən Ağdam səhiyyəsinin üzvü idim, orada həkim kimi qeydiyyatda idim. Fizioterapiya şöbəsinin rəisi idim. Çox təəssüf ki, məni pensiyaya göndərdilər. Qocalmamışam, özümü gümrah hiss edirəm, işləmək həvəsim tükənməyib. Çalışmaq, xəstəliklərdən əziyyət çəkən insanlarımızı müalicə etmək, sağaltmaq istəyirəm...
"MƏNİM ÜÇÜN QOCALIQ YOXDUR,
QOCALIĞI XƏSTƏLİK KİMİ QƏBUL EDİRƏM"
Malik bəy, Sizin çox xəstəniz olub. Eşitmişəm ki, vaxtilə Sabir adında bir xəstəniz də olub. Xahiş edirəm onun xəstəliyi və necə müalicə etməyiniz barədə məlumat verəsiniz.
- Olur. 30 ildir ki, mən onunla məşğulam. Onun bel fəqərəsində şiş var idi. 7 il idi ki, onu əlil arabasında gəzdirirdilər. Oturacaq sinirləri yumurta boyda şişmişdi, çox həkimlər onu iflic kimi müalicə edirdilər. Müalicələrin nəticəsi yaxşı olmamışdı. Sonra qardaşı onu mənim yanıma gətirdi. Mən onu Qarabağda əminamanlıq vaxtı apardım Turşsuya. Turşsuda onu qarışqaların yuvası yanında yerləşdirdim. Qarışqalar həmin şişləri yedi. Elə o vaxtdan da Sabir durdu ayaq üstə, başladı yeriməyə. İndi onun 70 yaşı var, necə deyərlər "avtoşluq" edir. Mənim üçün qocalıq söhbəti yoxdur, qocalığı xəstəlik kimi qəbul edirəm. Çünki insan bədəninin 500-600 il yaşamağa imkanı var. 70 yaşında rəhmətə gedən akademik də, çoban da beyin hüceyrəsinin 12 faizindən istifadə edir, 88 faizi isə istifadəsiz qalır. Bu saat səhiyyədə can həkimi qalıb geridə. Ancaq cərrahiyyə həddindən artıq qabağa gedib. İnsanın həyat tərzi belədir ki, dəri 3 gündən bir tökülür, beldən tutmuş düz bağırsağa qədər mədə-bağırsaq yolu dəyişilir, təzələnir. Bədən 7 ildən bir dəyişir. Bu istiqaməti tutub Azərbaycanda biz özümüz klounlaşdırmanı edə bilərik. Bizdə uzunömürlü insan çoxdur, həm də səhiyyənin inkişafı güclüdür. Avropa gəlib Şərqdən səhiyyənin kəfini yığıb aparıb. Kəfi də nədən ibarətdir - təcili yardımdan. Mən nəyə görə bizim səhiyyədən narazıyam? Çünki bu qədər xəstəliklərin birinə bizim ixtiyarımız çatmadı yazaq ki, xəstəni yaxşı vəziyyətdə çıxartdıq. Həmişə kafi yazdıq və yazırıq. Hər şey kafi oldusa bu, səhiyyə deyil ki...
- Malik bəy, çox gənc görünürsünüz. Sirr deyilsə, neçə yaşınız var?
- 67 yaşım var.
- Siz gündəlik həyatınızda xalq təbabətindən istifadə edirsiniz?
- Bilirsiniz, mən xəstə qəbul edəndə 6-7 xəstədən çox qəbul etmirəm. Çünki məndə fiziki işdir. Mənim üçün bir maşın daş daşımaq asan olardı, nəinki xəstə üzərində işləmək. Elə bil ki, mən özüm o xəstələrin dərdini götürürəm, sonra özüm-özümlə məşğul oluram ki, o dərdi su ilə çıxardım. Bilirsiniz, səhiyyə o qədər böyük bir dəryadır ki, beyinə sığmır. Mənim beynimə o qədər girib ki, ondan başqa heç bir işlə məşğul ola bilmirəm. Mən bir xəstəylə məşğul oluramsa, bütün günüm onunla bağlı olur. Əgər nəsə ona pis olursa, mənə də pis olur. Mən o dərəcədə xəstələrlə bağlı oluram. Amma özümü bərpa edə bilirəm.
- Malik bəy, çox ağır, məsuliyyətli və mübariz həyat yolu keçmisiniz. Bu keçdiyiniz yoldan, apardığınız mübarizədən peşman deyilsiniz?
- Xeyir. Onu gərək mənim uşaqlarımdan soruşasınız. Mənim qızımdan soruşurlar ki, atan yenidən həyata gəlsə necə yaşayardı? O cavab verir ki, elə həmin həyatı yaşayardı. 67 ildir yaşayıram, dönüb arxaya baxanda öz həyatımdan ləzzət alıram. Ləzzət alıram ona görə ki, mənim heç vaxt düşmənim olmayıb, kinim olmayıb. Mən heç ermənilərə də kinlə baxmıram, onlara xəstə millət kimi baxıram.
- Malik bəy, sözünüzdə bir həqiqət var ki, özlərini dünyanın çox yerində ağıllı xalq kimi qələmə verən ermənilər hədsiz dərəcədə ağılsız və kölədir.
- Elədir. Sovet dövrü səhiyyəsinə aid ensiklopediya var. Həmin ensiklopediyanın "P" hərfi olan səhifəsində yazılıb ki, "Dövri xəstəlik"- erməni xəstəliyi. Bilirsiniz, bu, qan xəstəliyidir. Bu xəstəlik onların psixologiyasına da təsir edir. Ona görə də ermənilər 50 ildən bir deyirlər ki, biz dünyanı idarə etməliyik.
"ERMƏNİLƏR RUSLARIN İÇİNƏ
BİR GƏNƏ KİMİ GİRİBLƏR"
- Sivil dünyanın, müasir dünyanın qanunları, Avropa ölkələrinin inteqrasiyası demək olar ki, bir ölkə kimi idarə olunması qarşısında ermənilərin cılız siyasəti, bir regionda gah azərbaycanlılara, gah gürcülərə, gah da türklərə qarşı bu iddiaları Sizcə həmin xəstəlikdən irəli gəlir, yoxsa bu millətin inkişafı zəifdir?
- Mən həkim adamam, ancaq tarixə baxanda, televiziyaya baxanda görürəm ki, onlar ən çox zərəri ruslara vurur. Ermənilərin ruslara verdiyi ziyanı ruslar başa düşmürlər. Ermənilər rusların içinə bir gənə kimi giriblər. Onlar da buna dözür.
- Malik bəy, bu gün özünü demokratik dəyərlərin qoruyucusu kimi göstərən qərb ölkələri daha çox nökər psixologiyasını qəbul edirlər. Tarix elə gətirib ki, biz uzun illər ermənilərlə birgə yaşamalı olmuşuq. Bakıda, Sizin yaşadığınız Ağdamda və digər rayonlarımızda onlar dəllək, dərzi kimi fəaliyyət göstəriblər. Bu işlərdən başqa görkəmli peşələrə o qədər də meyilli olmayıblar. Sizcə onların nökərçilik psixologiyası bəzi xalqların qəlbinə girməkdə kömək edirmi? Onlar bu işdə professionaldır. Ermənilər özlərini millət kimi saymırlar, təşkilat hesab edirlər. Malik bəy, Siz həkimlik fəaliyyətinizdə də, milli mübarizənizdə də millət naminə xidmət göstərmisiniz. Bu gün bizim yaralı yerimiz olan Qarabağ probleminin tezliklə həll olacağına ümidinizi itirməmisiniz ki?
- Yox ümidimi itirməmişəm. Mən çox millətin nümayəndələrilə tanış olmuşam. Öz ailəm də çoxmillətli ailədir. Bu torpaqda yaşayan nə qədər millət varsa, həmişə mehriban yaşayıblar. Ləzgilər, talışlar, kürdlər qarışıb azərbaycanlı olublar. Əgər birlik olarsa qalib gəlmək olar.
- Məlumdur ki, həkimlər insan psixologiyasını daha yaxşı bilirlər. Təbii ki, sağlam şüurlu insanlar həmişə xeyirxah olurlar. Sizdə belə təəssürat yaranmır ki, insanların pis, yaxşı olması cəmiyyətin özündən daha çox asılıdır?
- Sözsüz, o əsas məsələlərdən biridir. Həkimlər deyirlər ki, sağlam bədən yarada bilərəm, sağlam ruh yarada bilmərəm. Sağlam ruhu gərək hökumət başında oturanlar yaratsın. Onlar gərək şərait yaratsın ki, hər kəsin suyu olsun, kanalizasiyası olsun, qazı, işığı olsun. Mən həyatım boyu heç vaxt istəməmişəm ki, pulum olsun, həmişə istəmişəm ki, suyum olsun.
- Malik bəy, Ağdam üçün darıxmırsınız?
- Ağdam üçün tək mən yox, bütün ailəm darıxır. Mən bu evi elə bil ki, özümə və ailəmə dayanacaq tikmişəm. Oturub gözləyirik, bizə nə vaxtsa deyəcəklər ki, qatar çatdı.
- Malik bəy, bizim həmişə qürur duyduğumuz, ermənilərin də qorxu ilə yanaşdığı yerlərdən biri Ağdam olub. Ən çox şəhidimiz də məhz Ağdamda olub. Bütün bunlara baxmayaraq Ağdamın işğalında sizcə xəyanət olubmu?
- Yox, xəyanət olmayıb. Elə 4000 şəhidi mən basdırmışam. Ölkəmizdə cavan və orta nəslin nümayəndələri torpaq uğrunda qalxmışdılar ayağa. Ancaq ağsaqqallar çəkildilər kənara, onların arasında söz birliyi olmadı. Bizim ölkədə iki nəfər oturub bir-biriylə razılığa gələ bilmir. Ona görə də Heydər Əliyevi gətirdilər ki, gəl idarə et. Yoxsa bizlər bir-birimizi qıracaqdıq.
"MƏN HEYDƏR ƏLİYEVƏ ÇOX İNANIRDIMSA,
İLHAM ƏLİYEVƏ LAP ÇOX İNANIRAM"
- Malik bəy, keçmiş hərəkatçılar Azərbaycanın nicatını "Əbülfəz Elçibəy milliyyətçiliyi, Heydər Əliyev dövlətçiliyi" sintezində görür. Ancaq bəzi siyası təşkilatlar bunu qəbul etmir. Heydər Əliyevin dövlətçilik xidmətlərini inkar etməyə çalışır, dünənə qədər Əbülfəz Elçibəyə xidmət edən insanlar bu gün onun millətçiliyini bəyənmir. Buna Sizin münasibətiniz necədir?
- Bilirsiniz mənim üçün bu danışıqlar sabun köpüyü kimi bir şeydir. Söz demək asandır, ancaq gərək bunu əməli işdə sübut edəsən. Ataların bir sözü var : "İt hürər, karvan keçər". Nə qədər Heydər Əliyev dövlətçiliyini bəyənməsələr də fakt budur ki, o, gəldi, hər kəsi yerində oturtdu və dövləti qurdu. Mən Heydər Əliyevə çox inanırdımsa, İlham Əliyevə lap çox inanıram. Çünki bunun başqa yolu yoxdur. Mən belə başa düşürəm ki, millət də arxayındır ki, o, cavandır, öz işini layiqincə görəcək. Çünki onun atası xalqa söz verib, atası söz verdiyinə görə oğlu da əməl etməlidir. Müharibə oldu-olmadı ordunu gündən-günə mütləq gücləndirmək lazımdır. Mən çox da ki, vuruşmaq, işğal altındakı torpaqlarımızı azad etmək istəyirəm. Bunun üçün güclü ordumuz və əlverişli şəraitimiz olmalıdır... Biz də oturub Ali Baş Komandanın əmrini gözləməliyik.
"Azadlıq fədailəri"q. & Vətənsevərlər