Translate

25 Ocak 2017 Çarşamba

ALİ BAŞ KOMANDAN İLHAM ƏLİYEVDƏN KƏSKİN XƏBƏRDARLIQ (TAM MƏTN)

23.01.2017 / 17:13

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev yanvarın 23-də Müdafiə Nazirliyinin Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində "N” hərbi hissəsinin yeni inşa edilmiş hərbi şəhərciyinin açılışında iştirak edib.

Ali Baş Komandan, Prezident İlham Əliyev hərbiçilər qarşısında çıxış edib.


“ƏGƏR KİMSƏ BUNU UNUDUBSA..."


"İRŞAD TV" həmin çıxışı olduğu kimi təqdim edir :

- Əziz hərbçilər.

İlk növbədə, sizi yeni inşa olunmuş hərbi şəhərciyin açılışı münasibətilə təbrik etmək istəyirəm. Ərazisi 42 hektar olan bu şəhərcik ən yüksək standartlara cavab verir. Şəhərciklə tanış olarkən görürəm ki, xidmət aparmaq, yaşamaq üçün bütün şərait var. Ən müasir standartlar tətbiq olunub, xidmət şəraiti ən yüksək səviyyədədir. Hesab edirəm ki, bu hərbi şəhərcik dünya miqyasında nümunəvi hərbi şəhərcikdir.

Bu şəhərciyin inşa edilməsi bir daha onu göstərir ki, Azərbaycanda ordu quruculuğuna çox böyük diqqət yetirilir. Son bir neçə il ərzində iyirmidən çox hərbi şəhərcik tikilib və əsaslı şəkildə təmir edilib. Bu gün hərbi hissələrimizin mütləq əksəriyyəti demək olar ki, bu səviyyədədir. Ümid edirəm ki, növbəti bir-iki il ərzində yararsız vəziyyətdə bir dənə də hərbi infrastruktur olmayacaq.

Ordu quruculuğu prosesi Azərbaycanda dövlət siyasətidir. Hərbçilərin məişət problemləri də öz həllini tapır. Bildiyiniz kimi, iyirmi il qüsursuz xidmət göstərən hərbçilərə dövlət tərəfindən pulsuz mənzillər verilir, bu proses artıq geniş vüsət alır. Xidmət aparmaq üçün bütün lazımi tədbirlər görülür. Bir sözlə, hərbçilərimizin həm xidmət, həm də məişət şəraiti daim diqqət mərkəzindədir.

Bizim ordumuz güclü ordular sırasındadır. Son illər ərzində ordumuzun maddi-texniki təminatı böyük dərəcədə inkişaf edib. Bu gün təminat-təchizat baxımından yüksək səviyyəyə malik olan Azərbaycan Ordusu istənilən vəzifəni icra edə bilər. 

Biz son illər ərzində bir çox ölkələrdən ən müasir texnika, silah-sursat almışıq ki, bu texnika və silahlar bu gün bizim ordu potensialımızı gücləndirir. Bir neçə ölkədən alınmış onlarla döyüş təyyarəsi, 100-dən çox hərbi və hərbi nəqliyyat vertolyotu, hava hücumuna qarşı müxtəlif müasir sistemlər bizim müdafiə gücümüzü artırır. Müxtəlif ölkələrdən alınmış ən müasir tanklar, zirehli maşınlar, artilleriya qurğuları da düşmənin istənilən hədəfini yüksək dəqiqliklə və böyük dağıdıcı qüvvəsi ilə məhv edə bilər. Ən müasir pilotsuz uçuş aparatları, həm kəşfiyyat, həm döyüş üçün digər texnikalar alınır və bu proses bu gün də davam edir.

Bir daha qeyd etmək istəyirəm ki, ordu quruculuğu kompleks şəkildə öz həllini tapır. Həm hərbçilərin xidmət, məişət şəraiti, döyüş texnikası ilə təminat, eyni zamanda, ordumuzun döyüş qabiliyyəti böyük dərəcədə artmışdır. Ordumuzda ruh yüksəkliyi var, vətənpərvərlik hissləri çox yüksək səviyyədədir. Ordumuzun döyüş qabiliyyəti bu gün dünya ictimaiyyəti tərəfindən də yüksək qiymətləndirilir. Müxtəlif təhlillər aparılır, hərbi mütəxəssislər öz fikirlərini söyləyirlər. Biz bunu bilirik, dünya da bilir ki, həm döyüş qabiliyyəti, həm hərbi-texniki təminat baxımından bu gün Azərbaycan Ordusu, sözün əsl mənasında, güclü ordular sırasındadır.

Bütün bu nailiyyətləri biz özümüz əldə etmişik, öz hesabımıza, güclü iqtisadiyyat hesabına. Çünki əgər güclü iqtisadiyyat olmasaydı, biz bütün bu işləri görə bilməzdik. Yaradılan bu hərbi şəhərcik bu gün bizim həm ordumuzun, həm dövlətimizin gücünü göstərir. 

Bu gün dünyada maliyyə-iqtisadi böhran davam edir. Ancaq buna baxmayaraq, biz bu məqsədlər üçün böyük vəsait ayırırıq və ayıracağıq. Bunu təmin edən güclü iqtisadiyyatdır. İqtisadiyyatda aparılan işlər, islahatlar bizim ordumuzu, dövlətimizi gücləndirir. 

Azərbaycan dünyada nadir ölkələrdəndir ki, öz hesabına yaşayır, heç kimdən asılı deyil, heç kimin maliyyə yardımına ehtiyac duymur. Öz hesabımıza yaşayırıq və ildən-ilə daha yaxşı yaşayırıq.

Bizim hərbi hissələrimizin vəziyyəti bir neçə il bundan əvvəl tam fərqli idi. Mən xüsusi göstəriş vermişdim ki, bu vəziyyət təhlil edilsin, mənə məruzə olunsun və tədbirlər görülsün. Yadımdadır, bir neçə il bundan əvvəl müxtəlif bölgələrimizdə yerləşən hərbi hissələrin fotoşəkilləri mənə təqdim ediləndə, əlbəttə ki, mənzərə çox acınacaqlı idi. Yarıdağılmış binalar, yararsız vəziyyətdə olan kazarmalar, ordumuzun ərzaq təminatı çox aşağı səviyyədə idi. Ona görə dərhal göstəriş verdim və bu sahədə köklü dəyişikliklər baş verdi. Bu gün Müdafiə Nazirliyinin rəhbərləri bütün bu işləri yüksək səviyyədə təmin edirlər. Yəni, bu gün həm təminat, həm xidmət baxımından Azərbaycan Ordusu dünyada nümunəvi ordular sırasındadır.

O ki qaldı ordumuzun döyüş qabiliyyətinə, biz bilirdik və müntəzəm olaraq, bu istiqamətdə işlər aparılırdı. Həm nizam-intizam, həm döyüş qabiliyyəti, həm hazırlıq və bütün bu görülmüş işlər özünü lazım olan vaxtda göstərdi. 

Keçən ilin aprel ayında erməni silahlı təxribatının qarşısını alaraq, Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbələr endirdi. Füzuli, Cəbrayıl, Ağdərə rayonlarının bir hissəsi işğaldan azad edildi. O ərazilərdə Azərbaycan bayrağı dalğalanır. Minlərlə hektar torpaq işğaldan azad edildi. On minlərlə hektar torpağa bu gün Azərbaycan Ordusu nəzarət edir. O torpaqlarda təmizlik işləri aparılır və yaxın gələcəkdə məcburi köçkünlər o ərazilərə qayıdacaqlar.

Aprel döyüşləri bizim böyük hərbi qələbəmizdir. Uzun illər Ermənistan öz ordusu haqqında miflər yaradırdı, uydurmalar irəli sürürdü ki, guya bunların yenilməz ordusu var. Aprel döyüşləri göstərdi ki, kimin ordusu yenilməzdir. Ermənistan öz acı məğlubiyyətini etiraf etmək istəməsə də məcburdur ki, etiraf etsin. Məhz aprel döyüşlərindən sonra Ermənistanın müdafiə naziri başda olmaqla bir çox yüksək vəzifəli hərbçilər öz vəzifələrindən kənarlaşdırıldı. Bu, aprel döyüşlərinin nəticəsi idi. 

Bizim əsgərlərimiz, zabitlərimiz qəhrəmanlıq göstərdilər. Biz şəhidlər də verdik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Ancaq torpağımızı qoruduq, torpaqlarımızın bir hissəsini işğalçılardan azad etdik. Aprel döyüşləri hərbi kitablara salınmalıdır. Azərbaycan Ordusu həm hərbi peşəkarlıq, həm qəhrəmanlıq göstərmişdir.

Bütün bu uğurların təməlində düşünülmüş siyasət dayanır. Ordu quruculuğu prosesi Azərbaycanda ardıcıllıqla icra edilir. Həm təminat, təchizat, müasir texnikanın alınması, döyüş qabiliyyətinin artırılması, eyni zamanda, bizim hərbi uğurlarımız siyasi uğurlarla da tamamlanır. Biz bu gün özümüzü beynəlxalq aləmdə çox etibarlı tərəfdaş kimi təqdim etmişik. Bizim dünyadakı dostlarımızın sayı getdikcə artır. Bizim haqq işimiz barədə dünya ictimaiyyəti daha da dolğun məlumat əldə edir.

Bu gün heç kimə sirr deyil ki, bizim işimiz haqq işidir və biz öz torpağımız uğrunda vuruşuruq. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Əsrlər boyu Azərbaycan xalqı Dağlıq Qarabağda yaşayıb-yaratmışdır. Orada yerləşən tarixi, dini abidələrimiz bizim qədim mədəniyyətimizi əks etdirir. Təkcə Dağlıq Qarabağ deyil, indiki Ermənistanın ərazisi tarixi Azərbaycan torpağıdır.

 Əgər statistikaya nəzər salsaq görmək olar ki, XX əsrin əvvəllərində İrəvan şəhərinin əhalisinin yüzdə 70-i azərbaycanlılar idi. İndiki Ermənistanın bir çox toponimləri Azərbaycan mənşəlidir. İrəvan, Zəngəzur, Göyçə bizim tarixi torpaqlarımızdır. Bizim torpaqlarımızda erməni dövləti qurulubdur. Özü də əfsuslar olsun ki, bizim öz dəstəyimizlə. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yarananda onun ilk qərarlarından biri də İrəvanı Ermənistana vermək qərarı idi. Yəni, bu, tarixdir, yaxın tarixdir. Bu tarix bir daha onu göstərir ki, Azərbaycan xalqı bu ərazilərdə əsrlər boyu yaşayıb və yaşamalıdır.

O ki qaldı Dağlıq Qarabağ əhalisinə, onu da tarixçilər və bu məsələ ilə məşğul olanlar yaxşı bilirlər. Əlbəttə Azərbaycan xalqı da bilir ki, XIX əsrin 20-ci illərində Dağlıq Qarabağa İrandan və Şərqi Anadoludan kütləvi surətdə erməni əhalisi köçürülmüşdür. O məqsədlə köçürülmüşdür ki, həmin ərazidə milli və dini tərkib dəyişdirilsin və məhz buna görə XX əsrin 20-ci illərində Azərbaycan ərazisində Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılmışdır. Yəni, bu, tarixdir. Tarix və ədalət bizim tərəfimizdədir. Yenə də deyirəm, bu, bizim haqq işimizdir, bu, bizim torpağımızdır və biz bu torpağa qayıtmalıyıq.

O ki qaldı beynəlxalq hüquqa, beynəlxalq hüquq da bizim mövqeyimizi müdafiə edir. Bir çox mötəbər beynəlxalq təşkilatlar münaqişə ilə bağlı qərar və qətnamələr qəbul etmişdir. 

Xüsusilə BMT Təhlükəsizlik Şurası – dünyanın ən ali orqanı 4 qətnamə qəbul etmişdir və bu qətnamələrdə açıq-aydın göstərilir ki, erməni işğalçı qüvvələri işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılmalıdır. Əgər kimsə bunu unudubsa, biz bunu yada sala bilərik. Bax, budur bu qətnamələrin əsas mahiyyəti. Ancaq Ermənistan buna məhəl qoymur və işğalçı ölkəyə heç bir təzyiq göstərilmir.

BMT Təhlükəsizlik Şurası ilə yanaşı, digər beynəlxalq təşkilatlar – İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, ATƏT, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası oxşar qərar və qətnamələr qəbul etmişdir. Onlar da kağız üzərində qalıb. Bu, ədalətsizlikdir, bu, beynəlxalq normaların kobudcasına pozulması deməkdir. Ancaq yenə də işğalçı dövlətə heç bir təzyiq göstərilmir. Bu, ikili standartlar siyasətidir. Əfsuslar olsun ki, bizim ölkəmiz uzun illər ikili standartlarla üzləşir. Bəzi yerlərdə BMT Təhlükəsizlik Şurasının qətnamələri bir gün ərzində icra edilir, bizə gəldikdə isə 20 ildən çoxdur ki, bu qətnamələr kağız üzərində qalır və onları qəbul edənlər də buna biganə qalırlar. Belə olan halda Azərbaycan öz gücünü artırmalıdır və artırır.

Biz hərbi gücümüzü artırmışıq və artıracağıq. Siyasi addımlar atılacaq ki, beynəlxalq ictimaiyyət bu məsələ ilə bağlı öz mövqeyini daha da geniş ifadə etsin. Biz öz iqtisadi gücümüzü artıracağıq və bütün böhranlara baxmayaraq, ordumuza nə qədər vəsait lazımdırsa, o qədər də təmin ediləcəkdir. Bu gün də bizim büdcə xərclərimizin strukturunda hərbi xərclər birinci yerdədir. Bizim başqa ehtiyaclarımız da var. Sosial məsələlərin həlli, infrastruktur layihələrinin icrası, digər vacib məsələlər var. Onlar da öz həllini tapır. Amma, ilk növbədə, ordu quruculuğudur. İlk növbədə, ordumuzun ehtiyacları təmin edilməlidir və biz gücləndikcə, əlbəttə ki, münaqişənin həllini yaxınlaşdıracağıq.

Münaqişənin həlli isə çox sadədir. 

Birincisi, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. Biz heç vaxt Azərbaycan ərazisində ikinci qondarma erməni dövlətinin yaranmasına icazə verməyəcəyik. Heç vaxt Dağlıq Qarabağa müstəqillik verilməyəcək. Əgər kimsə bunu gözləyirsə, qoy, əbəs yerə gözləməsin. Bu, olmayacaq! Dağlıq Qarabağ Azərbaycan torpağıdır, həm tarix, həm bütün dünya birliyi bunu belə qəbul edir. Azərbaycan müstəqilliyə qovuşanda, vahid dövlət kimi BMT-yə üzv olanda Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi qəbul edilmişdir. Yəni, bu məsələnin həlli bundan ibarətdir. BMT Təhlükəsizlik Şurasının qətnamələrində göstərildiyi kimi, işğalçı qüvvələr işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılmalıdır. Azərbaycan vətəndaşları, məcburi köçkünlər öz doğma torpaqlarına qayıtmalıdırlar.

O ki qaldı Dağlıq Qarabağın gələcək statusuna, bu status ancaq vahid Azərbaycan dövləti çərçivəsində mümkün ola bilər. Münaqişənin həlli bundan ibarətdir və Ermənistan rəhbərliyi bunu nə qədər tez anlasa, onlar üçün bir o qədər yaxşı olacaq. Ərazi bütövlüyünün təmin olunması, işğala son qoyulması bu münaqişənin həlli üçün əsas amillərdir. 

Bu məqsədlərə nail olmaq üçün bir daha demək istəyirəm, daha da güclü olmalıyıq və biz bu gün dünya miqyasında böyük təqdirlə qarşılanan güclü Azərbaycan dövləti yaradırıq. Biz öz azad gələcəyimizi qururuq, müstəqil həyatımızı qurmuşuq. Biz 25 ildir ki, müstəqil dövlətik və bir daha demək istəyirəm, heç kimdən heç bir yardım almadan, bəzi başqa ölkələr kimi heç kimin ətəyindən yapışmadan bunu əldə etmişik. 

Bu gün açığını deməliyik, Ermənistan müstəqil dövlət kimi dünya xəritəsində sadəcə olaraq formal mövcuddur. Ermənistan asılı ölkədir, öz gələcəyini özü müəyyən edə bilmir. İşğalçı siyasəti onları bax, bu vəziyyətə gətirib çıxarıbdır. Onların vəziyyətdən yeganə çıxış yolu qonşularla münasibətləri bərpa etməkdir. Bunun üçün isə işğala son qoyulmalıdır.

Biz isə gələcəkdə daha da güclü dövlətə çevriləcəyik. Həm iqtisadi potensialımız, hərbi gücümüz artacaq. Əhalimiz artır, artıq Azərbaycan əhalisi 10 milyona yaxınlaşır və şübhə yoxdur ki, biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Bunu şərtləndirən bir çox amillər var, onlardan birincisi güclü Azərbaycan Ordusudur və bu, bizim əsas vəzifəmizdir, əsas məqsədimizdir.

Bu gün bu hərbi şəhərciyin açılışı bir daha onu göstərir ki, Azərbaycan düzgün yoldadır. Hətta ölkə iqtisadiyyatı üçün ən ağır il olan 2016-cı ildə də biz uğurlu inkişaf dinamikasını saxlamışıq və böyük sərmayələr qoymuşuq. Son illərdə artıq 20-dən çox hərbi şəhərcik tikilib. Lakin digər yerlərdə, müxtəlif bölgələrdə hərbi şəhərciklərin tikilməsi də nəzərdə tutulur.

Mən ordumuzun bütün şəxsi heyətini bu gözəl hadisə münasibətilə bir daha təbrik etmək istəyirəm, ordumuza yeni uğurlar arzulayıram. 

Sağ olun".

Hiç yorum yok: