Translate

19 Haziran 2020 Cuma

GÖZƏGÖRÜNMƏZ DÜŞMƏN ©

                                                     © Mustafa Çəmənli

                                                            (Ovqat)

Bir söz, əvvəlcə bizim qəzanın kiçik bir dairəsində, sonra bütün quberniyada, Rusiyada və bütün dünyada qansız, lakin böyük bir inqilab baş verməlidir; çünki ədalətli fikir səmərə verməyə bilməz.

L. N. Tolstoy             

İnqilab XXI əsrin iyirminci ilinin lap ilk günlərində Lev Tolstoyun vətəni Rusiyada yox, ucsuz-bucaqsız ərazisi, bir milyard yarım əhalisi olan Çinin Uhan şəhərində baş tutmuşdu. On milyonluq əhalisi olan Uhan şəhərində bu qansız inqilabı Çinin zavallı günə qoyduğu uyğur türkləri yox, hələ adı-sanı bilinməyən, ölçüyə, çəkiyə gəlməyən “Virus” adlı bir bəla törətmişdi. Bu gözəgörünməz, dava-dərman, varlı, kasıb tanımayan bəlaya tez-tələsik ad da tapmışdılar:

KORONAVİRUS !

Bu gözəgörünməz, əlacı tapılmayan Koronavirus Uhan şəhərində neçə min insanın canını almaqla, on minlərlə insanı da xəstəxanalar küncünə doldurub çarpayı dustağı etməklə kifayətlənməyib ildırım sürətilə sərhədləri aşıb dünyanın ən qədim, ən inkişaf etmiş ölkələrinə, şəhərlərinə keçdi. Zaman-zaman Allahlıq edənlər, bir ağacda oturub min bir budağı silkələyənlər, kosmosa uçanlar, uzaqmənzilli raketlər, pilotsuz təyyarələr, müasir döyüş texnikaları icad etdirənlər, əyninə demokratiya paltarı geyinib müsəlman ölkələrinə soxulanlar bu gözəgörünməz, ölçüyə, çəkiyə gəlməz bəlanın qarşısında aciz qaldılar. Gecə ikən üstünə qoşun yeritmək, tələyə salmaq, mühasirə etmək dəryada balıq sövdasıydı. Ortaya sual çıxırdı: Ölkələri, millətləri idarə edənlər bu dünyanın nizamını niyə pozublar? Niyə bəşəri dəyərlərə, insanlığa qənim kəsiliblər. İndi budur, gözəgörünməz cəllad dünyanın qapısı ağzını kəsdirib. Nədənsə, mənə elə gəlir ki, bu virus deyilən andıra qalmış İraqa, Əfqanıstana, Liviyaya, Suriyaya qoşun yeridib günahsız canlar alanlardan, minillik adət-ənənələri heçə sayanlardan, millətlər arasında ədavət toxumu səpənlərdən intiqam alır. 

Bəlkə, bu, Tanrının intiqamıdır. İstəyir, yolunu azmışlar düz yola qayıtsınlar. Əgər belə olmasaydı bütün ölkələr bu gözəgörünməz, hər kəsə yoluxmağa hazır olan, dövlətli, kasıb tanımayan, lotu-potuya, vorzakona, oğru-quldura, çörək əvəzinə dollar yeyənlərə, var-dövlətdən, saysız əmlakdan gözü doymayanlara, axirətini unudub min hoqqadan çıxanlara, pozğunlara, qarnındakı poxu qızıl unitaza boşaldanlara, əyyaşlara fərq qoymayan bu bəlanın qarşısında aciz olardımı? İndi budur, dənizdəki fırtınanı, səhər çıxıb axşam batan Günəşi, ata-anasının üzündəki qırışları, bağ-bağçaları, hər şeyi, hər şeyi görürsən, amma ayağına dolaşan, paltarına, əllərinə hopan koronavirusu kimsə görə bilmir, dərmanı tapılmır. Tam əminəm ki, bu bəlanı Yer üzünə Yaradanımız göndərib ki, papağımızı qabağımıza qoyub adam balası kimi düşünək, nəticə çıxaraq. Əlbəttə, şübhəm yoxdur, hamı mənim kimi düşünmür. Buna görə də heç kəsi qınamağa haqqım yoxdur. Koronavirus qapılarımızı döyəndən, bizi qorxuzub qınımıza soxandan bəri hər ağızdan bir avaz gəlir. Biri elə mənim kimi deyir ki, Allahın Yer üzünə göndərdiyi bəladır. Bir başqası bunu hansısa dövlətin, ya hansısa əclafın yaratdığı bioloji silah hesab edir. “Məqsəd Yer üzündə insanların hədsiz artımının qarşısını almaqdır” deyənlər də var. Birisi də sinəsini kürsüyə verib gur səslə söyləyir ki, əşi, bir çinli əclaf tamahını saxlaya bilməyib, Allahın yaratdığı yarasanı tutub, bişirib yeyib, bu yoluxucu xəstəlik də o yaramaza keçib, ondan da başqalarına.

Sizdən nə gizlədim, bu əclaf çinlinin yarasanı yeməsi xəbərini eşidəndən sonra bir neçə gün gözlərim hər yerdə yarasa axtardı. Mən ancaq gecələr hərəkət edən, uzun qanadlarını gərib harasa uçan, yatanda caynaqlarından asılı qalan itigözlü, məşum səsli, məməli heyvancığazı uşaq vaxtı kəndimizdə çox görmüşdüm. İndi bilmirəm nə deyim. Mal əti, toyuq, quş əti, qoyun əti, donuz çoşqası yeyən insanın yarasa ətinə yerikləməsinin səbəbini bilmirəm. Bircə onu bilirəm ki, əgər deyilənlərə inansaq, bu virus yarasadan insana keçmişdir. 

Bu gözünə döndüyüm gözəgörünməz düşmən bizi əziz gündə, Novruz bayramında yaxaladı. Dost-tanışla zəngləşib, bayramlaşıb gecəni yola verib səhərimizi bəd xəbərlə açmışdıq. Evdə qalın! Evdə qalın! Bir neçə gündən sonra bu “Evdə qalın!”ı birləşdirib “Evdəqal” elədilər. Dönə-dönə də tapşırdılar ki, çölə çıxma, evdə qal. Əmr etmişdilər ki, ümumiyyətlə, altmış beş yaşdan yuxarı olan kəslər evinin qapısını bağlayıb qaxılıb otursun evində, çünki onların virusa yoluxmaq ehtimalı çox yüksəkdir. Sizdən nə gizlədim, bu qadağa, göstəriş birbaşa mənə də aid idi.

Şənbə-bazar günlərindən başqa evdə ancaq axşamdan-axşama olan bir adamın günlərlə evdə oturub çölə çıxmaması, birdən-birə ətraf mühitlə ünsiyyətini kəsməsi bilirsinizmi nə deməkdi? -Bilmirsiniz? Əbdürrəhim bəy Haqverdiyev demiş: Səd heyf! 

İlk günlər mənim üçün çətin keçmədi. Amma elə ki günlər bir-birini əvəz elədi, darıxmağa başladım. İndi yumurtası tərs gəlmiş toyuq kimi evdə vurnuxuram. Gah televizora baxıram, gah eyvana çıxıram, gah da otağıma çəkilib kitab oxuyuram. Kitab oxumağın yaxşı bir cəhəti var ki, oxuduğun hər hansı romanın, hekayənin rejissoru da, aktyoru da sən özünsən. Xəyalında obrazları bir-bir canlandırırsan, gah üsyankar qəhrəman, gah adamayovuşmaz, gah yaltaq, gah xeyirxah mələk, gah qudurmuş köpək... Nə isə, saymaqla qurtarmaq olmaz... Yorulanda kitabı qatlayıb qoyursan bir tərəfə. Bax belə, filmin sonu. Sitatın sonu da demək olar!

Nə isə, Lev Tolstoyun ali məktəbdə oxuduğum “Anna Karenina” romanının beşinci hissəsini təkrar oxuyub yerimdən qalxıram, otaqda var-gəl edirəm. Birdən öz fiqurumdan diksinirəm. Özüm öz gözümdə olduğumdan nəhəng görünürəm (bədheybət demək istədim). Elə bilirəm ki, evdə qalmaqla otaqdakıların yerini xeyli daraltmışam. Özüm öz nəzərimdə çağırılmamış qonaq kimiyəm. 

Ömür-gün sirdaşımın baxışları məni izləyir: “Xeyir ola, ayrı gündə heç mətbəxə keçməzdi”.

- “Xeyirdi, əzizim, hər gün evdə qalan kişinin yeni-yeni vərdişləri üzə çıxmalıdı”. Xanımım içimdəki dialoqumuzu eşitmir. Gəldiyim kimi də mətbəxdən çıxıram.

Gəlib illərlə topladığım kitab dolabı ilə üzbəüz qoyulmuş divanda oturub onları seyr edirəm. Bu kitab müəlliflərinin çoxu dünyasını dəyişib. Bir gün mən də dünyamı dəyişəcəyəm. Görəsən, bu kitabların taleyi necə olacaq? Götürüb oxuyan olacaqmı? İndikilər ancaq mobil telefonla ünsiyyətdədirlər. Sosial statuslarda savadsız yazılmış cəfəngiyyatları oxuyurlar. Dərindən köks ötürüb sevdiyim kitabları bir-bir götürüb vərəqləyirəm. Heç bir kitabın vərəqləri arasında bircə manat da yoxdur. Amma elə fikirlər var, mənim nəzərimdə, dəyəri pulla ölçülə bilməz. Buna bax, bir gör Asif Ata nə deyib: “Dünyaya, həyata, insana heyrət hissini, müqəddəs duyğunu ürəyinizdə bəsləyin və qoruyun”. 

Allah rəhmət eləsin, elə bil bu ağır gün üçün yazıb. Həyat bizi sınağa çəkir, gərək dəyərlərimizi, adamlığımızı itirməyək. Amma itirənlər, qınından çıxıb, qınını bəyənməyənlər o qədər çoxalıb ki. Çoxları dərk eləmir ki, “Bu dünya aldıqca nəfəsin, qaldıqca qəfəsindir”

(Cəlaləddin Rumi).

Budur, indi Allahın gözəgörünməz bəlası bizi evlərimizdə dustaq edibdir. İndi əl verib görüşməyə də ehtiyat edirik. Vərdiş elədiyimiz öpüşmək qalsın bir yana.

Böyük Nəsirəddin Tusi demişdir ki, “Mənim üçün səadət günü və eyşü-şadlıq gecəsi mütaliə gecəsidir”. Mənim üçün də elədir.

Unudulmaz Şıxəli Qurbanov kitaba olan məhəbbətini belə izhar etmişdir:


Mən öylə bir aləməm ki, hər dəqiqəm bir kitab,

Əfsuslar ki, yadda qalmaz oxunulan hər kitab.

Göz baxdıqca sözüm vardır bu aləmdə yazmağa,

Qoca dünya rəfə bənzər, səma kitab, yer kitab.

... Sənət, kitab zinətidir bu dünyanın əzəldən,

Sənə nadan zəhər versə, əvəzinə ver kitab.


Abbasqulu ağa Bakıxanov isə deyirdi ki, “Ürək açan kitab nemətdir, bu gün mənimdir, sonra başqalarının olacaq”. Bəli, əvvəl özünü, sonra başqalarını düşünmək insanlıqdır!

Zaman-zaman oxuduğum, səhifələrində işarələr qoyduğum, dəyərli fikirlərin altını cızdığım kitabları vərəqləyə-vərəqləyə bir də gördüm ki, təsvir olunmuş qəhrəmanlar gözlərim önündə canlandı. Birdən mənə elə gəldi ki, bu kitablarda təsvir olunan personajlar gözəgörünməz ruhlar kimi ətrafımı sardı. Ah, necə də canlıdırlar. Necə möhtəşəm mənzərədir... Deməli, kitabdakı qəhrəmanlar əbədiyyət yolçularıdır. Görən, təsəvvürümdə yaranmış bu gerçəklik yaxşıdır, ya pis?! Bəlkə, mən reallıq hissini itirirəm?! Lənət sənə, kor şeytan!

Yerimdən qalxıb gəzinirəm. Allahım, bu nədir, lap qəfəsə salınmış şirə oxşayıram... Təki adamlığımı itirib vəhşiləşməyəm. Amma, öz aramızdı, son illər o qədər insanlıqdan çıxıb vəhşiləşən, ikiayaqlı canavara çevrilənlər var ki... İndi bu gözünə döndüyüm virus onları da ev dustağı edib.

Bizdən əvvəlkilər vaxtında deyiblər, yazıblar, bizə yol göstəriblər. Düşüncəsi olan ibrət götürüb, nadan isə əlini yelləyib keçib. Bernard Şou yazırdı ki, “Ən yaxınına ən böyük günah nifrət deyil, biganəlikdir, biganəlik qeyri-insanlığın ən yüksək zirvəsidir”. 

Görəsən, bu ağır gündə həmişə namusdan, vətənpərvərlikdən, ədalətdən danışan, amma ədalətdən uzaq, vətəndaş olmayıb ancaq ölkə vətəndaşı olan bəzi-bəzi ağzıgöyçəklər, heç olmasa, bu ağır gündə düşünürlərmi ki, kəmfürsətliklə qazandıqlarını Allah istəsə, bir göz qırpımında əlindən alıb onu dilənçi gününə salar. Gözəl-gözəl kostyumları nimdaşlaşar, çimməyə su tapmaz, yanından keçənlər burnunu tutub keçərlər. Eh, ölünü qəbiristanlıqda basdıranda hamı çorta gedir, sonunu görür, amma evə qayıdan kimi köhnə hamam, köhnə tas. Böyük alman filosofu Fridrix Nitsşe deyirdi ki, əgər insan niyə yaşadığını bilirsə, onun üçün necə yaşamağın əhəmiyyəti yoxdur. Doğrudan da, belədir. “Qeyrət və şərəf bahalı mülkdür. Pulla alınmaz və ucuz insanlarda olmaz” (Hz. Əli əleyhissalam).

Gərək, həmişə şərəf və ləyaqətimizi qoruyaq.

Pəncərədən çölə baxıram. Binamızla üzbəüzdəki prospekt bomboşdur, nə gələn var, nə gedən. İçim üşüyür... Maşınların hərəkəti məhdudlaşıb deyə hava çox təmizdir. Adam inana bilmir ki, udduğumuz havada virus ola bilər. Nə bilək, düzünü Yaradan bilir.

Ətrafda ölü bir sükut var. Amma ətrafı diqqətlə dinləyəndə sükutun da səsini eşidirsən. Bircə diqqətlə dinləyin. Eşidirsinizmi sükutun səsini?! Sanki ürəyin döyüntüsüdür. İcazə verin, həmişə xoş duyğularla çırpınsın. 

Divana uzanıb gözlərimi yumuram. Çoxdan unutduğum olub-olmuşlar yaddaşımın “künc-bucağından” yuvasını tərk etmiş quşlar kimi uçub yanıma gəlir. İstəyirəm hər şeyi unudam, yadıma salmayam, bacarmıram. Gah uşaqlığım yadıma düşür, gah gəncliyim. Yaşıdlarım, dostlarım... Rəsul Rza necə deyib? Hə, belə: 


Mən kölgəsiz bağ görmədim,

El dərdi tək dağ görmədim.

Gözlərimi yumub açdım,

Neçə dostu sağ görmədim.


Bu sətirlər ruhumla necə də həmahəngdir. Gör, insan nə anlaşılmaz məxluqdur.

Sən demə, iş-güc başımızı qatırmış. Düşünməyə vaxt tapa bilməmişik. Elə bir himə bənd imişik ki, keçmişimizi qurdalayaq, olub-olmuşları saf-çürük eləyək, vaxtında kişiliyimiz çatıb etiraf etmədiyimiz səhvləri, heç olmasa, indi etiraf edək. Ah, nə gözəl deyib rəhmətlik Cəlaləddin Rumi: 


Çox insanlar gördüm əynində libası yox, 

Çox libaslar gördüm içində insanı yox.


Görəsən, insan niyə yaxşılıqları tez unudur, pislikləri yox? Deyəsən, pisliklər insan yaddaşında daha çox diridir. İllər keçsə də, unuda bilmirsən, nifrət edirsən... Deyəsən, axı nifrət ruhi qüvvətdir, səni daim sərvaxt saxlayır, ehtiyatlı olmağa səsləyir. Ancaq həddində, yoxsa adamın ruhu çiyrənər. Çünki “Kin saxlamaq ürək üçün böyük yükdür” (Hz. Əli əleyhissalam).

Kinə başqa cür yanaşanlar da var:

“Məşhur yazıçı Emil Zolya çox haqlı olaraq göstərmişdir ki, nifrət müqəddəsdir. “Nifrət qüvvətli, qüdrətli və möhtəşəm ürəklərin hiddətidir, bu bayağılıq, kobudluq və axmaqlığın bəzi adamlarda doğurduğu hiddətin ən mübariz ifadə, təzahür və hiddət formalarından biridir. Nifrət etmək əslində sevmək deməkdir, öz qəlbində hərarəti, coşqunluğu və cəsarəti duymaq deməkdir, axmaq və eyibli hallara qarşı dərin hiddəti hiss etmək deməkdir. Nifrət qəlbin yükünü yüngülləşdirir, təmizləyir, nifrət ədalət doğurur. Nifrət əxlaqi saflıq törədir, insanları nəcibləşdirir”.

Məhz bu mənada, yalnız məhəbbət deyil, eyni zamanda şəraitdən, zamandan, məzmunundan və istiqamətindən asılı olaraq məhəbbətlə yanaşı nifrət də fəzilət doğuran qüvvədir, nifrət də müsbət əxlaqi keyfiyyətlərin yaradıcısı və mühafizəçisidir” (Ziyəddin Göyüşovun “Fəzilət və qəbahət” kitabından). Mənə qalsa, biz bir-birimizə yox, torpağımızı işğal edənlərə, min illər boyu formalaşmış dəyərlərimizi qəsdən, bilərəkdən əlimizdən almaq istəyənlərə nifrət etməliyik. Biz özümüz özümüzə yağı kəsilməməliyik. Belə olarsa, əsl düşməni unudar, ata-babalarımızın əsirlikdə qalan məzarlarını heç zaman ziyarət edə bilmərik. “Qul sərkərdə Spartak hökmdarların zülmünə bir də ona görə dözməyib, üsyan qaldırıb ki, onlar qullara öz valideynlərinin məzarını unutdurmağa çalışırdılar” (Antik Roma tarixi).


* * *

Xəbərlərin vaxtıdır. Yeni bir xəbər eşitmək ümidi ilə televizoru açıram. Dünya artıq bu televizorun içindədir. Hər yerdən, hər kəsdən xəbər tuta bilirik. Aha, İtaliyanın, Fransanın, İngiltərənin, ABŞ-ın, Almaniyanın, İranın... şəhərləri şərhsiz göstərilir. Bu ölkələrin şəhərlərinə elə bil əl çəkiblər, kimsə gözə dəymir. Şəhərlərdən birinin xiyabanında ağappaq keçilər görünür. Allah, Allah, gör dünya nə günə qalıb. Hansısa fermerin keçiləri gəlib şəhərdə sərbəst gəzir, otlayır, səkilərdə hoppanıb-düşür.

Nəhayət, xəbərlər başlayır. Aparıcı gözünü monitora dikib xəbər verir ki, koronovirusdan ölənlərin və yoluxanların sayına görə, ABŞ öndədir. İtaliyada da vəziyyət ürəkaçan deyil, dünyasını dəyişənlərə tabut çatışmır. Baho... İngiltərənin baş naziri də koronovirusa yoluxub, xəstəxanaya yerləşdiriblər. Bu xəbəri eşidəndə bir balaca fikrə getdim. Görən, bizdə adi bir məmur koronovirusa yoluxsa, xalqa bildirərlər?!

Allah eləməmiş, dünənəcən pulu olanın birisi xəstələnsəydi, dərhal Avropa ölkələrinə qaçardı. Belə nəticəyə gəlirdik ki, bizim səhiyyəmiz ancaq kasıb-kusub, əlsiz-ayaqsızlarımız üçündür. Amma indi bax, öz həkimlərimizə möhtacıq. Adama özününkündən doğma kim ola bilər?!

Xoş xəbər. Vətənə dönmək istəyənlərimiz də çoxalıb. Neyləsinlər, “gəzməyə qürbət ölkə, ölməyə vətən yaxşı”. Heç kəsə ölüm diləmirəm. Allah qorusun. Amma Vətəni təkcə ağır gündə yada salmaq insafsızlıqdır.

Aha, vatsapıma mesaj gəldi. Telefonumu açıram. Tanımadığım bir nəfər muğam üstə oxuyur:


Bürüyübdür acı virus dünyanı,

Bilirsən ki, hələ yoxdur dərmanı.

Dövlət sənə yaradıbdır imkanı,

İşə getmə, ye, iç, kefdə qal,

Ağrın alım, bircə aylıq evdə qal.


Şirin avazla oxunan bu sözlər xeyli kefimi açdı. Nikbin xalqıq. Ən ağır gündə də yumorumuzdan qalmırıq. Budur, tanımadığım bu adam şirin səslə bizə məsləhət görüb deyir ki:

Səbirli ol, dözüm göstər, tab eylə,

Ciddi yanaş arvad yazan tabelə.

Çölə çıxma, bizi salma zibilə,

Müvəqqəti küncə qısıl, dibdə qal,

Ağrın alım, bircə aylıq evdə qal.


Qardaş, məsləhətinə görə sağ ol! Çöldə qalmayacağıq ha, evdə qalacağıq... Dərhal da gəldiyim qənaətdən diksinirəm. Hamı bilir ki, evsiz-eşiksiz insanlar, pis şəraitdə yaşayanlar da var. Vay o günə ki, belələrini görəsən, amma özünü görməzliyə vurasan. Şükür ki, belələrinə dar gündə dayaq duranlar da var. O gün sosial şəbəkədə görürəm ki, cavan bir oğlan dost-tanışının köməyi ilə çox pis gündə yaşayan ailələrin, tənha qocaların yanındadı. Onlara ərzaq, bəzilərinə soyuducu belə alıb gətirib. Hətta it damına oxşayan “ev”lərdən birini söküb yerində abad bir bina tikmək fikrindədi (əlbəttə, tikməyə icazə versələr). Bu cavan oğlanın xeyirxahlığından xeyli duyğulandım. Ürəyim “Təşəkkür! Təşəkkür!” duyğularıyla xeyli döyündü. Amma, sən demə, bu cavan oğlanın alicənablığı, kasıblara yardım etməsi, bu aciz, miskin adamların yaşayışını, şəraitini, acınacaqlı halını əl telefonu ilə çəkib xalqa göstərməsi hansısa icra başçısının bərk xətrinə dəyib. Gözünü yumub, ağzını açıb, düşünüb-daşınmadan deyib ki, eheyy, cavan oğlan, sağ əlin verdiyini sol əl bilməməlidir. Nə üçün etdiyin yaxşılıqları dünyaya car çəkirsən?

Görürsən, sən Allah bu məmurun düşüncəsini?! İsti kabinetində oturub, onun əvəzindən görülən işlərdən hələ bir rəncidə də olur. Ə, məmur ola bilmirsən, barı vətəndaş ol də. Əşi, vətəndaş, vətəndaş deyirik, amma çoxumuz ölkə vətəndaşı ola bilmirik də. Başımıza gələn müsibətlərin çoxu da vətəndaş ola bilməməyimizdən irəli gəlir. Şair necə deyib? “Vətən daşı olmayandan, olmaz ölkə vətəndaşı”. Ölkə vətəndaşı olmaq şərt deyil, vətəndaş - vətənsevər, insansevər, təəssübkeş, xeyirxah, namuslu - saymaqla bitməz - olmaq gərəkdir.

Vətəndaşlıqdan, qardaşlıqdan danışmaq hələ böyük anlamda Vətəndaşlıq deyildir. Rus şairi Nekrosov demişkən: “Sən şair olmaya bilərsən, amma Vətəndaş olmağa borclusan”. Neyləyək ki, vətəndaşlıq borcunu unudanlarımız da var. Unudanda da olursan çölün daşı, çölün quşu. Əl-ayağa dolaşan zibil. Beləsindən yuvasına dən daşıyan qarışqa yaxşıdı. Hz. Əli əleyhissalam ona görə deyibdir ki: “And olsun Allaha, bir qarışqanın ağzındakı arpa dənəsinin qabığını almaq üçün mənə 7 iqlimi və bu iqlimin altındakı ölkələri versələr, yenə də qəbul etmərəm”. Əli əleyhissalam qarışqanın fədakarlığına görə belə deyibdir. Çünki dünya fədakarların çiyni üzərində dayanıb, yoxsa çoxdan məhv olardı...

Düşünməkdən yorulub yeni bir xəbər eşitmək istəyi ilə televizoru açıram. Şükür Allaha, kanallar saysızdı. İstədiyin kanalı aç bax. Bizim kanallar ayrı-ayrı adlar daşısalar da, bir-birindən sən deyən də fərqlənmirlər. İllərdir əksəriyyətində çal-çağırdı. Çalıb-oxuyandan, şou əhlindən özgə bir şey görməzsən. Hamı oxuyur. Hamı mikrofonlaşıb. Təbiətini, imicini dəyişənlərimiz də çoxdu. Amandı, birdən məni səhv başa düşərsiniz. Demirəm ki, hamı bir-birinə oxşasın. Amma istəyirəm ki, milliliyimizi qoruyub saxlayaq, öz sifətimiz olsun. Qarasaç doğulmuşuqsa sarısaç, qırmızısaç olmayaq. Allah bizim gözümüzün, çöhrəmizin rənginə görə saç verir. Siz qıvrımsaç qara zəncini sarısaçlı təsəvvür edə bilərsiniz? Mən heç cür edə bilmirəm.

Məni qınamasanız, koronavirus qaqaşa təşəkkür eləmək istəyirəm. Aha, gözünüzdə sual görürəm. Soruşmaq istəyirsiniz ki, a kişi, camaat bu virusun əlindən ağlamaq istəyir, sən nəyə sevinirsən? Öz aramızda qalsın, yoxsa sosial şəbəkədə söyərlər, infarkt edərlər, şəkərə tutularam. Qardaşlar, qınamayın məni, canımız bu səsi olmayan əlimikrofonlu şou əhlindən qurtarıb, şükür. Onların villalarını göstərən, dəbdəbəli yaşayışlarını nümayiş etdirən, məzmunsuz danışıqlarını məzmunlu hesab edən təmənnalı aparıcılardan da canımız qurtarıb. Bizi o qədər bayağı mahnıları eşitməyə vərdiş etdiriblər ki, təsadüfdən-təsadüfə mavi ekrana dəvət edilmiş hörmətli bir alimin söhbətinə qulaq asmağa hövsələmiz çatmır. Niyə belə hala salıblar bizi? Niyə susmuşuq? Bu “manıslara” nə üçün biz bir belə geniş meydan vermişik? Əlacımız deyinməyə, televizoru söndürməyə qalıb. Nə üçün? Filosofluq etmək istəmirəm. Çünki vətəndaş olmamışıq. Şər-şəbədədən, abırsızlıqdan, hörmətdən düşməkdən qorxmuşuq. Beləcə zövqlərimiz korlanıbdır. Kökdən düşmüşük. Deklomasiya deyənlə, əsl oxuyanı qarışıq salmışıq. Bülbülləri küsdürüb, cibimizə pul basan qarğaları tərifləyib millətə sırımışıq. Şou əhlini beşikdəki uşaqlar da tanıyır, amma beş alimin, üç filosofun, on yazıçı-şairin, beş hərbçi generalın, on milli qəhrəmanın adını bilən yoxdur. Axı hər bir şeyin həddi olmalıdır. Həddini keçdinsə, hesab elə ki, yad bir ölkənin sərhədini keçmisən. Keçmək olmaz sərhədi! Qadağandır!


Bəs bu qədər hoppanıb-düşməyin, diringi oxumağın, meyxana deməyin qarşısında niyə “stop” işarəsi olmasın? Hə, niyə?!

Hiss edirəm ki, bir gözəgörünməzin nəfəsi boynumun ardını qarsır:

- Bəs axşam-səhər muğamat oxumaq olar?

- Yox! Qətiyyən olmaz! Axşam-səhər muğamat oxunsa, qulaq yağır olar. Bezərik. Gözdən, dəyərdən salarıq. Hər şeydə əndazə gözlənilməlidir. Əndazəni itirmək yeyib-içmək hissini itirmək kimi bir şeydir.

Hər bir işdə əxlaq olmalıdı. Əxlaq bizim gündəlik həyatımızın ən başlıca kredosuna çevrilməlidir. Daşnakların həyasız hücumlarına qarşı “Difai partiyası”nı yaratmış, Sarbona Universitetində təhsil almış unudulmaz Əhməd bəy Ağaoğlu təəssüf hissilə yazırdı ki, “Bizim insanlar əxlaqı qurşaqdan aşağı başa düşür. Halbuki qurşaqdan yuxarı qəlb və ruh var”.

Əxlaqla məddahlıq bir yerdə ola bilməz. İşdə tabeçiliyində olduğun birisini tərifləyib çaşdırma. Müdrik insan tərif yükü götürməz. Hz. Əli əlehissalam demişdir ki: “Mənə dil rüşvəti verməyin. Mənim nöqsanlarımı deyin, məni öyməyin. Mən sizin dillə dediyiniz tərifdən aşağı, qəlbinizdə tutduğunuzdan isə çox yüksəyəm”.

Dahi Nizami Gəncəvi isə belə qənaətə gəlmişdir:


Dünyaya fateh olmaz zülmükarlıq, rəzalət,

Yer üzünün fatehi ədalətdi, ədalət!


Deyəsən, başınızı ağrıtdım. Elə fikirləşməkdən mənim də sinirlərim gərginləşdi. Gedəsi başqa bir yerim yoxdur, həm də icazəm. Ona görə də çıxıram eyvana. Eyvanım mənim, qalam mənim! Qarşı binalarda kimsə görünmür, elə bil hamı yatıb. Şəhriyar necə demiş: “Hamı yatmış, bir Allah oyaqdı, daha bir mən. Məndən aşağı kimsə yox, ondan da yuxarı”.

Burada da qərar tuta bilmirəm, arxa tərəfdəki eyvana çıxıram. Tək-tük avtobuslar gözə dəyir, az qala boş gedib-gəlirlər. Az da olsa, maskalı, maskasız adamlar görünür. Fikirləşirəm ki, maska taxmaqdan eybi yoxdur, təki maskalanmayaq, birsifətli olaq. İmam Hüseyn öz dövründə bu qənaətə gəlib ki, “İnsanlar dünyanın quludur. Dünyalarına zərər verməyənə qədər dindən dəm vurarlar. İlk imtahan və sınağa yetişdikdə gerçək dindarın nə qədər az olduğu meydana çıxır”. İstəyirəm biz belə olmayaq, çox olaq.

İnşallah, bu ağır günlər gəlib keçər. Yurdumuza bahar gəlib. Günəşli günlər dadımıza yetər. Mirzə Mehdi Şükuhi yaxşı deyibdir:


Gələn birdir, gedən birdir, qalan bir,

Gələn qalmaz, gedən gəlməz, əcəb sirr.

Bir əvvəl var, bir axır var deyillər,

Bu bir sözdür, nə əvvəl var, nə axır.


Allah qoysa, bu bəlanın da öhdəsindən gələrik. “İnsanı fərqləndirən ən ali cəhət onun maneələri dəf etməkdə inadkarlığıdır” (L.Bethoven).


Bu koronovirus dövründə bizim hər bir hərəkətimiz, davranışımız, özümüzə və ətrafımıza təlqinimiz şüurlu, həm də ədalətli olmalıdır. Qurani-Kərimin “Yunus” surəsində deyilir: “Həqiqətən Allah insanlara zülm etməz, lakin insanlar özləri özlərinə zülm edərlər”. Bu dəyərli surəyə etiraz edən tapılarmı?! Qətiyyən! Çünki həqiqətdir.

Allah bizi bir-birimizə zülm etməkdən qorusun.

Əlac televizorun qarşısında oturub pultu ələ götürməyə qalıb. Dünya indi real aləmdən virtual aləmə keçib. Birbaşa verilişlərə ölkənin tanınmış şəxsləri, həkimlər, millət vəkilləri, mədəniyyət xadimləri canlı bağlantıya qoşulurlar, fikir və mülahizələrini söyləyirlər, sonda ənənəvi olaraq bizə evdə qalmağı tövsiyə edirlər. Sağ olsunlar. Yaşlılar bütün qaydalara, qadağalara can-başla əməl edirlər, amma ölkədə cızığından çıxanlar da var. 

Aha... “Səhər-axşam” verilişində məşhur xanım rəssamımızla canlı bağlantı var. Maraqlanıb kanalı çevirmirəm. Dərhal da heyrət məni bürüyür. Çox əcaib-qəraib mənzərədir. Bilmirəm bu mənzərəni məndən başqa seyr edənlər oldumu? Aparıcının sorğu-sualına səksəni haqlamış hörmətli xanım rəssam rus dilində cavab verirdi. Analoqu olmayan dialoq idi. Ayrı-ayrı dillərdə danışsalar da, bir-birini anlayırdılar. Görəsən, Almaniyada canlı bağlantıda jurnalistin sorğusuna cavab olaraq xanım rəssam almanca deyil, rusca cavab verə bilərdimi? Alman xalqı buna necə baxardı? Onu ekrana yaxın buraxardılarmı? Baxın bizim xanım rəssama. Təəccüblü deyilmi? Bu yaşa çatasan, doğma dilini öyrənməyəsən...

Bu yerdə Mirzə Əli Möcüzün bir parça şeiri yadıma düşdü:


Dünən şeir ilə bir namə apardım şahi-İranə,

Dedi: “Torki nəmidanəm, məra to beccə pəndari?”

Özü türk oğlu türk, amma deyir türki cəhalətdir,

Xudaya, müzməhil qıl təxtindən bu ali-Qacari!

Ümidini kəsmə, Möcüz, yaz anan təlim edən dildə,

Gəzər bir ərmağan tək dəftərin, bil, Çinü Tatari!


Bəli, rəhmətlik Mövlanə Cəlaləddin “Danış, səni görüm”, - deyib. Sabah-sabah da bu xanım rəssam danışdı, onu gördüm. Bizə məxsus olan ancaq bu xanımın daşıdığı addır. Yaxşı olar ki, adını, soyadını da dəyişsin. 

Nə isə, duyğulandım və darıxdım. Tələbə yoldaşımız Şamxal deyərdi ki:

Can ana, qatar vaxtıdır,

Yenə ayrılığın çatar vaxtıdır.

Telejurnalist dostum Adil İrşadoğlu da deyərdi ki, Şamxal, tələs, Bakı-Ağdam qatarına minib Qarabağa getmək vaxtıdır! Tələs, sonra gec olar.

- Hörmətli sərnişinlər, Bakıdan Ağdama gedən 656 nömrəli Bakı-Ağdam qatarına birinci platformadan minik başlayır... 

Gör neçə ildir bu elanı eşitmirik. Gör neçə ildi...


* * *

Biz yaşlılar bu il yazın gəlişini evdə oturaraq qarşıladıq. Ağaclar gözlərimiz önündə yarpaqladı... Elə ağaclar da bizə oxşayıb. Nə zamansa onlar da yaşlanır, qocalır. Payız gələndə yamyaşıl libasını dəyişir, yarpaqları saralıb tökülür, xəzəl olur. Nə etmək, təbiətin əbədi, əzəli qanunu budur.

Bu yerdə ömrümdə təmasda olmadığım, məşhur rejissor, aktyor Rza Təhmasiblə bağlı ibrətli bir detal yadıma düşdü. Bu əhvalatı mənə aktyor dostum Azad Şükürov danışmışdı.

Rza Təhmasib dərsə pərişan gəlir. Tələbələri soruşurlar: - Ustad, nə baş verib, niyə kefsizsiniz?

Rza müəllim deyir:

- Bilirsiniz, yolun üstündəki apteki tanıyırsınız də?

- Bəli, tanıyırıq.

- Onun yanındakı işıqfor var ha...

- Bəli.

- Bax orda maşınımız dayandı. Yaxınlıqdakı ağacın budağından bir yarpaq qopub hərlənə-hərlənə, fırlana-fırlana gəlib düşdü adamların ayaqları altına. Heç kəs bu yarpağa fikir vermədi, hamı tapdalayıb keçdi. Çox böyük amansızlıq gördüm. 

Deyirəm, Rza Təhmasib rəhmətlik yaşasaydı, bu gün nəinki yarpaqları, hətta ədaləti, vicdanı, şərəfi, ləyaqəti, insanlığı tapdalayıb keçən insan cildində həşəratlar görərdi.

... Bilmirəm daxilimdə, yaddaşımda nə baş verir, tez-tez “Hacı Murad”ın müəllifi Lev Tolstoyu anıram. Yəqin təkcə böyük yazıçı olduğuna görə yox, həm də ədalətli olduğu üçün.

Bir gün mətnşünas, şair Salman Mümtaz Rusiyaya, Lev Tolstoyun görüşünə gedir. Qapını döyür. Qulluqçu gəlib qapını açır.

- Bağışlayın, sizə kim lazımdı?

Salman Mümtaz cavab verir:

- Lev Nikolayeviç Tolstoy?

- Sizə Qraf Tolstoy lazımdı, yoxsa yazıçı Tolstoy?

- Yazıçı Tolstoy!

- Buyurun keçin içəri.

Salman Mümtaz içəri keçir. Görür ki, Qraf Tolstoy döşünə önlük taxıb bənnalıq edir.

Qraf Tolstoy belə sadə, zəhmətkeş yazıçı olmasaydı, insanlar uzaq-uzaq məmləkətlərdən onun görüşünə gəlməzdilər. 1901-ci ildə L.Tolstoy xəstələnəndə Çexov narahatlıqla demişdi ki, “Tolstoy ölsə, mənim həyatımda bir boşluq əmələ gələr”.

Bəli, dahilər öləndə hər kəsin ürəyində böyük bir boşluq yaranır. Döşünə önlük taxıb lazım gələndə bənnalıq edən yazıçının yeri həmişə görünəcək.

Zəhmətdən söz düşmüşkən, Ciban Xəlil Cibran deyirdi ki: “Yazıqlar olsun o millətə ki, hazırlamadığını içir, yazıqlar olsun o millətə ki, əkmədiyini yeyir, yazıqlar olsun o millətə ki, tikmədiyini geyir”.

Amma bu gün, bu ağır gündə imkansızlara göndərilmiş ərzaq malına bəziləri göz dikir. Min bir fırıldaqla başqasının ata-baba mülkünü, torpağını ələ keçirir. Belə-belə vicdansız əməlləri eşidəndə adamın damarlarında qanı donur. Xalq şairi Rəsul Rza demişkən:


Kimə deyim dərdimi?!

Dünya dolu adamdır.


* * *

Bu “Evdəqal” dövründə gecələri daha ağır keçirirəm. Bəzən sübhə kimi yata bilmirəm. Xəyalım dağda-bağda gəzir. Biədəb bir məsəl var: oynayıram, gülürəm, oynaş yaddan çıxmır.

Mənim yadımdan çıxmayan isə müqəddəs Qarabağdı! Qarabağ! İşğal altında inləyən, bizi haraylayan Qarabağ! İnsanın zaman-zaman unuda bilmədiyi bir şey varsa, o da gördükləridir. O, görmədiyini təsəvvür edir, sən deyən qədər də həsrətində olmur, gözü ilə görüb yaddaşına köçürdükləri isə əbədi yol yoldaşıdır. Son nəfəsinə qədər onu tərk etməz. O qədər həssaslıqla xatırlayar ki, özü öz yaddaşına heyran qalar. Səhər-səhər əlli il bundan qabaq bir həyətdə gördüyü açmış qızılgülün üstündəki şeh də yadına düşər. Mən bu 27 ildə elə bir gecə olmayıb ki, bir ruh kimi Qarabağı, eygili gündə gəzdiyim, gecələdiyim Ağdamı, Şuşanı, Laçını, Qubadlını, Kəlbəcəri, Zəngilanı, Cəbrayılı gəzib, görüb səhərə yaxın geri qayıtmayam. Ah, koronavirusdan, bu gözəgörünməz bəladan, insan qəsdinə durmuş cəlladdan qorxmuram. Qorxduğum tək bir şey var, qəflətən öləm, Qarabağın azad olacağı o BÖYÜK GÜNÜ görməyəm. Ey böyük Yaradan, sən belə bir əzabı mənə rəva görmə. Çoxları “Qarabağ, Qarabağ” deyə köçdü dünyadan. Barı yerdə qalanlara möhlət ver, İlahi. 

Budur, elə bil Azadlıq meydanındayam. Hələ torpaqlarımız işğal olunmayıb. Amma Xankəndidə xainlərin əli ilə körüklənmiş ermənilər Dağlıq Qarabağı Ermənistana birləşdirmək eşqi ilə mitinqlər keçirirlər. Yaddaşımda 1988-ci ildir. Qarabağ adlı faciələrimizin başlanğıcı. 32 il keçib o gündən, 32 il! Bir igidin ömrü! Uzaqdan müğənni Zurufçunun səsi gəlir qulağıma:

Fikrindən gecələr yata bilmirəm,

Bu fikri başımdan ata bilmirəm.

Neyləyim ki, sənə çata bilmirəm,

Ayrılıq, ayrılıq aman ayrılıq.

Hər bir dərddən olur yaman ayrılıq.


Uzundur hicrindən qara gecələr,

Vurubdur qəlbimə yara gecələr.

Bilmirəm, mən gedim hara gecələr,

Ayrılıq, ayrılıq, aman ayrılıq.

Hər bir dərddən olar yaman ayrılıq.


Cənub həsrətli bu mahnını ilk dəfə Azadlıq meydanında eşitdik. Yüz minlərlə insanın əlləri ağ-ağ göyərçinlərin qanadları kimi çırpındı, sonra əllər yumulub yumruğa çevrilib havaya qalxdı:

- Qarabağ! Qa-ra-bağ! - hayqırtısı hökumət binasına dəyib əks-səda verdi:

- Qa-ra-bağ!

Gecə keçir. Ətraf sakitlikdi. Çox istəyirəm ki, heç nə haqda düşünməyəm, hər şeyi, hər kəsi unudam. Bacarmıram. Xəyalım bir yerdə qərar tutmur. Quş kimi qanadlanıb uçur. Çox istəyirəm ki, mənim xəyalım - ruh quşum aram olsun, harasa qonsun, sakitləşsin. Ancaq çifayda. Səməd Vurğun demiş:


Gah doğur, gah batır könül riqətim

Tez-tez yanıb sönən səyyarələrtək.

Düşərgə axtarır huşum, diqqətim,

Səfərdən qayıtmış təyyarələrtək.



Aprel, 2020-ci il
& Vətənsevərlər.