Translate

31 Mart 2013 Pazar

ERMƏNİLƏRİN AZƏRBAYCANDA TÖRƏTDİYİ SOYQIRIMDAN 95 İL ÖTÜR

Ermənilər Azərbaycanın müxtəlif kənd və şəhərlərində 50 mindən çox azərbaycanlı
qətlə yetiriblər, on minlərlə yurddaşımızı isə öz torpaqlarından didərgin salıblar.

Ermənilərin 1918-ci il martın 31-də azərbaycanlılara qarşı törətdiyi soyqırımından 95 il ötür. Sovet hakimiyyəti dövründə uzun illər bu qətliamın üstündən sükutla keçilsə də, Azərbaycan müstəqillik qazandıqdan sonra hadisələr öz siyasi qiymətini aldı. Prezident Heydər Əliyevin sərəncamı ilə 1998-ci ildən 31 mart azərbaycanlıların soyqırım günü kimi qeyd edilir.

1918-ci ilin martında Rusiya bolşeviklərinin rəhbəri Vladimir Lenin bolşevik Stepan Şaumyanı Qafqaz fövqəladə komissarı təyin edərək Bakıya göndərib. Bolşeviklər Bakıda hakimiyyəti ələ keçirmək adı ilə erməni daşnaklarının silahlı qüvvələrinin gizli niyyətləri üçün şərait yaradıblar. Martın 31-də Bakı şəhərində azərbaycanlıların kütləvi qırğını başlayıb. Stepan Şaumyanın etirafına görə, dinc azərbaycanlıların qırğınında Bakı Sovetinin altı min silahlı əsgəri, eyni zamanda “Daşnaksütyun” partiyasının 3-4 minlik silahlı dəstəsi iştirak edib.

Üç gün davam edən qırğın zamanı erməni silahlıları bolşeviklərin köməyi ilə azərbaycanlıların yaşadıqları məhəllərə qəflətən basqınlar edib, əhalini uşaqdan böyüyədək qətlə yetirib. Həmin dəhşətli günlərin şahidi olmuş Kulner familiyalı bir alman, 1925-ci ildə Bakı hadisələri barədə bunları yazıb: “Ermənilər müsəlman (azərbaycanlı) məhəllələrinə soxularaq hər kəsi öldürür, qılıncla parçalayır, süngü ilə dəlmə-deşik edirdilər. Qırğından bir neçə gün sonra bir çuxurdan çıxarılan 87 azərbaycanlı cəsədinin qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış, cinsiyyət orqanları doğranmışdır. Ermənilər uşaqlara acımadıqları kimi, yaşlılara da rəhm etməmişdilər”.

Ümumiyyətlə, XX əsrin birinci yarısında Zaqafqaziyada baş vermiş iki qırğın zamanı (1905-1907-ci illər, 1918-1920-ci illər) 2 milyona yaxın azərbaycanlı, ermənilər tərəfindən qətlə yetirilmiş, öz ev-eşiyindən zorla qovulub.

Mart qırğını zamanı Bakı şəhərinin təkcə bir yerində qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış 57 azərbaycanlı qadınının meyidi tapılıb. Gənc qadınların diri-diri divara mıxlanması, ermənilərin hücumundan sığınmağa çalışan iki min nəfərin yerləşdiyi şəhər xəstəxanasının yandırıldığı da bu dəhşətli faktlar sırasındadır. Qaçıb canını qurtarmağa çalışan əhalini gülləbaran etmək üçün isə ermənilər şəhərin müvafiq yerlərində əvvəlcədən pulemyotlar yerləşdirmişdilər.

İrəvan quberniyası, Şərur-Dərələyəz, Sürməli, Qars və digər ərazilərdə azərbaycanlıların qırğınının fəal iştirakçılarından biri olmuş erməni zabiti Ovanes Apresyanın xatirələri əsasında amerikalı aqronom Leonard Ramsden Hartvill “İnsanlar belə imişlər” adlı kitab yazıb. Ovanes Apresyan kitabın müəllifi ilə söhbəti zamanı ermənilərin ingilislərin və Rusiyanın yardımı ilə öz məqsədlərinə çatdıqlarını qeyd edərək təkcə Bakıda mart qırğını zamanı iyirmi beş min azərbaycanlının qətlə yetirildiyini bildirib.

Daşnakların azərbaycanlılara qarşı soyqırımı yalnız Bakı ilə məhdudlaşmayıb. Qısa müddətdə Şamaxı, Quba, İrəvan, Zəngəzur, Qarabağ, Naxçıvan, Qarsda da azərbaycanlıların qırğını törədilib.

1918-ci ilin mart-aprel aylarında Şamaxıda 8 minə qədər dinc sakin qətlə yetiriliib. Şamaxı Cümə məscidi də daxil olmaqla əksər mədəniyyət abidələri yandırılıb və uçurulub.

Cavanşir qəzasının 28 kəndi, Cəbrayıl qəzasının 17 kəndi tamamilə yandırılıb, əhalisi məhv edilib.

1918-ci iln aprelin 29-da Gümrü yaxınlığında əsasən qadınlardan, uşaqlardan və yaşlılardan ibarət 3 min nəfərlik azərbaycanlı köçü pusquya salınaraq son nəfərinədək məhv edilib.

Erməni silahlı dəstələri Naxçıvan qəzasının bir neçə kəndini yandırıb, Zəngəzur qəzasında 115 azərbaycanlı kəndi məhv edilib, 3257 kişi, 2276 qadın və 2196 uşaq öldürülüb. Bütövlükdə bu qəza üzrə 10068 azərbaycanlı öldürülmüş və ya şikəst edilib, 50000 azərbaycanlı qaçqın düşüb.

İrəvan quberniyasının 199 kəndində yaşayan 135 min azərbaycanlı məhv edilib, kəndlər isə yerlə yeksan edilib. Erməni silahlı dəstələri daha sonra Qarabağa yürüş edib, 1918-1920-ci illər arasında Qarabağın dağlıq hissəsində 150 kənd dağıdılımış, əhalisi məhv edilib.

1920-ci ilin mayında ermənilərin və XI Qızıl Ordunun iştirakı ilə Gəncədə 12 mindən çox azərbaycanlı qətlə yetirilib.

REALİST ADİL

BU GÜN AZƏRBAYCANLILARIN SOYQIRIM GÜNÜDÜR


BU GÜN AZƏRBAYCANLILARIN RUS İMPERİALİSTLƏRİ VƏ ERMƏNİ DAŞNAQLARI TƏRƏFİNDƏN SOYQIRIM GÜNÜDÜR.

30 Mart 2013 Cumartesi

“ NURU PAŞANI TANIYAQ VƏ HALALLIQ ALAQ "



Deputat Fazil Mustafa Nuru Paşa ilə bağlı kampaniya başlatdı: “Öz xilaskarını unudan bir xalq heç vaxt qədirbilən sayılmaz”

Böyük Quruluş Partiyasının başqanı, deputat Fazil Mustafa facebook səhifəsində Nuru Paşa ilə bağlı kampaniyaya start verib. O, “Nuru Paşanı tanıyaq və halallıq alaq!” adlı kampaniya başladıb.

F.Mustafa “31 mart soyqırımını bizlər niyə qeyd edirik?”, - deyə qeyd edib: “Çünki 95 il öncə - 1918-ci ilin 31 mart tarixində erməni-rus birliklərinin idarə etdiyi Bakı Kommunasının quldur dəstələri otuz mindən artıq dinc Azərbaycan türkünü vəhşicəsinə qətlə yetiriblər. Bu quldurlar Bakıda, Qubada, Şamaxıda, Muğanda məhz etnik əlamətə görə bütün türk əhalini öldürməklə qalmamış, Qubada olan yəhudiləri də məhv etmişlər. Bu hadisədən iki ay keçməmiş Nuru Paşanın komandanlığı ilə Qafqaz İslam Ordusu Azərbaycan türklərini xilas etmək üçün vətənimizə gəlmiş, Bakı Kommunasının hərbi birləşmələrini darmadağın edərək sentyabr ayının 15-də Bakını işğaldan azad etmişdir. Məhz bu hadisədən sonra milli hökumətimiz Gəncədən Bakıya köçmüş, o zamandan Bakı Azərbaycanın başkəndi olmuşdur. Yüzlərlə türk əsgəri Azərbaycan türkləri ilə birlikdə bu savaşlarda şəhid olmuşdur. Sonradan Nuru Paşa heç bir səlahiyyəti olmadığı halda, Qarabağı da erməni quldurlarından təmizləmiş və orada Azərbaycan dövlətinin nəzarətini bərpa etmişdir.
Əvəzində nə baş verib? 95 il keçməsinə baxmayaraq, özünü o dövlətin varisi hesab edən biz azərbaycanlılar bu tarixi şəxsiyyətin və milli qəhrəmanımızın haqqını demək olar ki, unutmuşuq. Türkiyə səfirliyində kiçik bir büstdən və Şəhidlər Xiyabanında Şəhid Türk Əsgərinin xatirəsinə qoyulmuş abidə üzərində kiçik bir yazıdan başqa onun adını xatırladacaq bir işarə belə yox.
Öz xilaskarını unudan bir xalq heç vaxt qədirbilən sayılmaz! 
Azadlığımız yolunda misilsiz qəhrəmanlıq göstərmiş Nuru Paşanın ruhundan halallıq almayan bir millətin və dövlətin təməlində halallıq ola bilməz! Şəxsən mən Nuru Paşanın ruhuna sayğısız yanaşan hər bir azərbaycanlını qınayıram. Acınacaqlı haldır ki, Azərbaycanın rəsmi məqamları da bu məsələdə məqsədyönlü laqeydlik göstərirlər. Bunun əsas səbəbi bəzi savadsız və bədxah tarix “bilicilərinin” Nuru Paşa haqqında yazdıqları və yaydıqları iftiralardır. Guya o, ermənilərin dövlət qurmasına köməklik edib, guya Azərbaycanı işğal etmək məqsədilə gəlib, guya müstəqil Azərbaycan dövlətinin qurulmasını istəməyib və s. bu kimi əsli olmayan iftiralar.
Əminəm ki, bizim qədirbilən insanlarla birlikdə başlatdığımız kampaniya yaxın zamanlarda rəsmi səviyyədə də, cəmiyyətimiz tərəfindən də Nuru Paşaya layiq olduğu dəyərin verilməsi ilə yekunlaşacaq".
Deputat sözügedən kampaniya çərçivəsində nəzərdə tutulan addımların təxmini sıralamasını belə göstərib:

1. Qafqaz İslam Ordusu və Azərbaycanın Milli Qəhrəmanı Nuru Paşa haqqında filmləri sosial şəbəkələrdəki səhifələrimizdə yerləşdirmək və paylaşmaq;

2. Nuru Paşaya dəyər verən hər bir facebook istifadəçisinin səhifəsində onun şəklini yerləşdirmək və paylaşmaq;

3. Rəsmi məqamlara aşağıdakı təklifləri nəzərdə tutan müraciətlərin vaxtaşırı göndərilməsi və mətbuatda geniş təbliğat aparılması:

a) Bakı şəhərinin Binəqədi rayonu ərazisində prezidentin sərəncamı ilə inşası nəzərdə tutulan cameyə Nuru Paşanın adının verilməsi;

b) Ali məktəblərdə Nuru Paşa təqaüdünün verilməsi;

c) Hərbi məktəblərimizdən birinə Nuru Paşanın adının verilməsi;

d) Ölkənin bütün şəhərlərində küçə, prospekt, park və meydanlardan birinə Nuru Paşanın adının verilməsi;

e) Nuru Paşanın qəhrəmanlığı və Qafqaz İslam Ordusunun Azərbaycanı xilası barədə faktların bütün orta və ali təhsil müəssisələrində tədris olunan tarix və ədəbiyyat dərsliklərinə salınması, əhatəli şəkildə şagirdlərə və tələbələrə çatdırılması.

O, sonda mövzu ilə bağlı icrası və qəbul olunması real olan təkliflər verən hər bir duyarlı vətəndaşımıza minnətdarlıq ifadə edib: “Bir həftə ərzində bu təklifləri dəyərləndirib kampaniya üçün dəqiq iş planı hazırlayaraq gerçəkləşdirməyə başlayacağıq. İstərdim ki, siyasi mövqeyimi təqdir etməyən, dünyagörüşümü paylaşmayan insanlar da bu məsələdə səmimiliyimizi şübhə altına almağa çalışmasınlar. Dəstək verməsələr də, əngəl olmasınlar. Allah niyyətimizi uğura calasın!”

M.MAHRIZLI