Translate

30 Mart 2013 Cumartesi

“ NURU PAŞANI TANIYAQ VƏ HALALLIQ ALAQ "



Deputat Fazil Mustafa Nuru Paşa ilə bağlı kampaniya başlatdı: “Öz xilaskarını unudan bir xalq heç vaxt qədirbilən sayılmaz”

Böyük Quruluş Partiyasının başqanı, deputat Fazil Mustafa facebook səhifəsində Nuru Paşa ilə bağlı kampaniyaya start verib. O, “Nuru Paşanı tanıyaq və halallıq alaq!” adlı kampaniya başladıb.

F.Mustafa “31 mart soyqırımını bizlər niyə qeyd edirik?”, - deyə qeyd edib: “Çünki 95 il öncə - 1918-ci ilin 31 mart tarixində erməni-rus birliklərinin idarə etdiyi Bakı Kommunasının quldur dəstələri otuz mindən artıq dinc Azərbaycan türkünü vəhşicəsinə qətlə yetiriblər. Bu quldurlar Bakıda, Qubada, Şamaxıda, Muğanda məhz etnik əlamətə görə bütün türk əhalini öldürməklə qalmamış, Qubada olan yəhudiləri də məhv etmişlər. Bu hadisədən iki ay keçməmiş Nuru Paşanın komandanlığı ilə Qafqaz İslam Ordusu Azərbaycan türklərini xilas etmək üçün vətənimizə gəlmiş, Bakı Kommunasının hərbi birləşmələrini darmadağın edərək sentyabr ayının 15-də Bakını işğaldan azad etmişdir. Məhz bu hadisədən sonra milli hökumətimiz Gəncədən Bakıya köçmüş, o zamandan Bakı Azərbaycanın başkəndi olmuşdur. Yüzlərlə türk əsgəri Azərbaycan türkləri ilə birlikdə bu savaşlarda şəhid olmuşdur. Sonradan Nuru Paşa heç bir səlahiyyəti olmadığı halda, Qarabağı da erməni quldurlarından təmizləmiş və orada Azərbaycan dövlətinin nəzarətini bərpa etmişdir.
Əvəzində nə baş verib? 95 il keçməsinə baxmayaraq, özünü o dövlətin varisi hesab edən biz azərbaycanlılar bu tarixi şəxsiyyətin və milli qəhrəmanımızın haqqını demək olar ki, unutmuşuq. Türkiyə səfirliyində kiçik bir büstdən və Şəhidlər Xiyabanında Şəhid Türk Əsgərinin xatirəsinə qoyulmuş abidə üzərində kiçik bir yazıdan başqa onun adını xatırladacaq bir işarə belə yox.
Öz xilaskarını unudan bir xalq heç vaxt qədirbilən sayılmaz! 
Azadlığımız yolunda misilsiz qəhrəmanlıq göstərmiş Nuru Paşanın ruhundan halallıq almayan bir millətin və dövlətin təməlində halallıq ola bilməz! Şəxsən mən Nuru Paşanın ruhuna sayğısız yanaşan hər bir azərbaycanlını qınayıram. Acınacaqlı haldır ki, Azərbaycanın rəsmi məqamları da bu məsələdə məqsədyönlü laqeydlik göstərirlər. Bunun əsas səbəbi bəzi savadsız və bədxah tarix “bilicilərinin” Nuru Paşa haqqında yazdıqları və yaydıqları iftiralardır. Guya o, ermənilərin dövlət qurmasına köməklik edib, guya Azərbaycanı işğal etmək məqsədilə gəlib, guya müstəqil Azərbaycan dövlətinin qurulmasını istəməyib və s. bu kimi əsli olmayan iftiralar.
Əminəm ki, bizim qədirbilən insanlarla birlikdə başlatdığımız kampaniya yaxın zamanlarda rəsmi səviyyədə də, cəmiyyətimiz tərəfindən də Nuru Paşaya layiq olduğu dəyərin verilməsi ilə yekunlaşacaq".
Deputat sözügedən kampaniya çərçivəsində nəzərdə tutulan addımların təxmini sıralamasını belə göstərib:

1. Qafqaz İslam Ordusu və Azərbaycanın Milli Qəhrəmanı Nuru Paşa haqqında filmləri sosial şəbəkələrdəki səhifələrimizdə yerləşdirmək və paylaşmaq;

2. Nuru Paşaya dəyər verən hər bir facebook istifadəçisinin səhifəsində onun şəklini yerləşdirmək və paylaşmaq;

3. Rəsmi məqamlara aşağıdakı təklifləri nəzərdə tutan müraciətlərin vaxtaşırı göndərilməsi və mətbuatda geniş təbliğat aparılması:

a) Bakı şəhərinin Binəqədi rayonu ərazisində prezidentin sərəncamı ilə inşası nəzərdə tutulan cameyə Nuru Paşanın adının verilməsi;

b) Ali məktəblərdə Nuru Paşa təqaüdünün verilməsi;

c) Hərbi məktəblərimizdən birinə Nuru Paşanın adının verilməsi;

d) Ölkənin bütün şəhərlərində küçə, prospekt, park və meydanlardan birinə Nuru Paşanın adının verilməsi;

e) Nuru Paşanın qəhrəmanlığı və Qafqaz İslam Ordusunun Azərbaycanı xilası barədə faktların bütün orta və ali təhsil müəssisələrində tədris olunan tarix və ədəbiyyat dərsliklərinə salınması, əhatəli şəkildə şagirdlərə və tələbələrə çatdırılması.

O, sonda mövzu ilə bağlı icrası və qəbul olunması real olan təkliflər verən hər bir duyarlı vətəndaşımıza minnətdarlıq ifadə edib: “Bir həftə ərzində bu təklifləri dəyərləndirib kampaniya üçün dəqiq iş planı hazırlayaraq gerçəkləşdirməyə başlayacağıq. İstərdim ki, siyasi mövqeyimi təqdir etməyən, dünyagörüşümü paylaşmayan insanlar da bu məsələdə səmimiliyimizi şübhə altına almağa çalışmasınlar. Dəstək verməsələr də, əngəl olmasınlar. Allah niyyətimizi uğura calasın!”

M.MAHRIZLI

Hiç yorum yok: