Translate

24 Aralık 2016 Cumartesi

ƏLİ HƏSƏNOV : "PREZİDENT İLHAM ƏLİYEV AZƏRBAYCANI AZAD MEDİASIZ TƏSƏVVÜR ETMİR"





Dünya Azərbaycanlılarının Həmrəyli və Yeni il münasibətilə Azərbaycan Prezidenti yanında Kütləvi informasiya vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) tərəfindən elan olunan fərdi jurnalist yazısı müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

İrşadTv APA-nin məlumatına əsasən bildirir ki, tədbirdə Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, KİVDF-nın icraçı direktoru Vüqar Səfərli, Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov, KİV rəhbərləri, dövlət qurumlarının nümayəndələri, millət vəkilləri və digər qonaqlar iştirak edib.

Tədbirdə çıxış edən Ə. Həsənov bildirib ki, media Azərbaycan cəmiyyətinin ən nüfuzlu institutlarından biri səviyyəsindədir: "Media cəmiyyətinin formalaşmasında, inkişafında mühüm rolu oynayır. Ona görə də, ulu öndər Heydər Əliyev medianı Azərbaycan cəmiyyətinin əsas ictimai institutlarından biri kimi görürdü. Məhz buna görə də ümummilli lider media üzərindən bütün ictimai tənzimləmə mexanizmlərini aradan qaldırdı və jurnalistlər Mətbuat Şurasını yaratdılar. Bu gün biz Azərbaycan dövləti olaraq medianın rolunu və yerini onların özlərinin gördüyü kimi görürük. Prezident İlham Əliyev Azərbaycanı azad mediasız təsəvvür etmədiyini bildirib".




Ə. Həsənov qeyd edib ki, KİVDF vasitəsilə medianın inkişafına 28 milyon manata yaxın vəsait ayrılıb: "Təxminən bir o qədər də vəsait medianın problemlərinin həllinə yönəlib. Media qurumlarının borcları silinib, media dövlətin bütün qayğı mexanizmlərindən istifadə edir. Dövlət tərəfindən jurnalistlər üçün evlər tikilib və tikilməkdə davam edir. Dövlət bütün bunları ona görə edir ki, siz Azərbaycan cəmiyyətindəki ictimai rolunuzu bundan sonra bacarıqla həyata keçirə biləsiniz. Dövlət jurnalistlərin qayğısına qalır. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında medianın mühüm rolu var. Bu gün biz böyük erməni lobbisi, islamafob dairələrlə üz-üzəyik. Missioner təşkilatlar var ki, Azərbaycanın inkişafını gözləri götürmür. Bütün bunlarla mübarizə aparmaq üçün biz medianın  köməyini umuruq, sizdən dəstək gözləyirik".

V. Səfərli isə öz çıxışında bildirib ki, KİVDF 7 ildən artıqdır bu cür müsabiqələr keçirir: "Fond ildə 3 dəfə müsabiqə keçirir. Ümumilikdə 10 müsabiqədə 600-ə qədər jurnalist iştirak edib və 400-ə qədər jurnalist mükafatlandırılıb".




Ə. Amaşov isə qeyd edib ki, Azərbaycan jurnalistləri bugünkü qədər güclü olmayıb: "Qlobal dünyada baş verən hadisələri görürük, böyük dövlətlərin kiçik dövlətlərə münasibətlərini görürük. Cənab Prezident İlham Əliyevin müasir düşüncələri, analitik keyfiyyətləri, müasir prinsiplərə söykənməsi bizdə bir əminlik yaradır ki, Azərbaycan bu qarışıq dünyada problemlərlə uğurla mübarizə apara biləcək, uğurla mübarizə aparacaq. Bizim prezident vətənpərvərdir, qətiyyətli, qorxmaz və prinsipialdır. Bu gün Azərbaycan mətbuatı güclü bir institutdur. Azərbaycan jurnalistləri bugünki qədər güclü olmayıb. Azərbaycan Prezidenti İlham Əliyev həmişə medianı diqqətdə saxlayıb. Azərbaycan jurnalistləri adından cənab Prezidenti ad günü münasibəti ilə təbrik edirik".

Daha sonra qaliblərə mükafatlar təqdim edilib və tədbir bədii hissə ilə davam etdirilib.


& VƏTƏNSEVƏRLƏR

PREZİDENT İLHAM ƏLİYEV DÜNYA AZƏRBAYCANLILARINI TƏBRİK EDİB

Prezident İlham Əliyev dünya azərbaycanlılarını 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik edib.




İrşad Tv bildirir ki, Prezidentin ünvanladığı təbrikdə deyilir :

Əziz həmvətənlər!

Hörmətli soydaşlar!

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü bütün soydaşlarımızın mənəvi birliyinin rəmzi kimi hər il geniş qeyd olunur. Bu sevimli bayram ərəfəsində sizi ürəkdən salamlayır, hamınıza xoşbəxtlik və əmin-amanlıq arzulayıram.

Ümummilli lider Heydər Əliyevin nəsihətlərinə əməl edən Azərbaycan dövləti başqa ölkələrdə məskunlaşmış həmvətənlərimizin taleyinə diqqətlə yanaşır, onların hüquqlarının qorunmasına, milli-mənəvi birlik ideyaları ətrafında təşkilatlanması məsələsinə xüsusi əhəmiyyət verir. Təqdirəlayiq haldır ki, xarici ölkələrdə yaşayan soydaşlarımız da Azərbaycan Respublikası ilə əlaqələrini gücləndirir, doğma Vətənə məhəbbət və sədaqət nümayiş etdirirlər. 2016-cı ilin iyununda Bakıda keçirilmiş Dünya Azərbaycanlılarının IV Qurultayı xaricdə yaşayan həmvətənlərimiz arasında birliyin daha da möhkəmləndirilməsi, diaspor təşkilatlarının fəaliyyətinin genişləndirilməsi yolunda mühüm hadisə oldu. Şübhə yoxdur ki, soydaşlarımız qurultayın qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsi istiqamətində əzmlə çalışacaq, öz qüvvə və bacarıqlarını əsirgəməyəcəklər.

Qürur hissi ilə qeyd edirəm ki, bu ilin oktyabrında Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beş ili tamam olmuşdur. Ötən dövr ərzində yaradılmış iqtisadi potensial, nail olduğumuz sosial tərəqqi və ictimai-siyasi sabitlik dünyada hələ də davam edən qlobal maliyyə-iqtisadi böhranın təsirlərini azaltmağa, ölkəmizi risklərdən qorumağa imkan verir.

Cəmiyyətimizin inkişaf səviyyəsini bu il sentyabrın 26-da keçirilmiş Konstitusiyaya dəyişikliklərlə bağlı referendum bir daha bariz şəkildə göstərdi. Azərbaycan vətəndaşları yüksək siyasi yetkinlik nümayiş etdirərək, dövlətimizin möhkəmlənməsinə, insan hüquq və azadlıqlarının qorunmasına yeni imkanlar açan həmin dəyişikliklərə səs verdilər.

İnanıram ki, bütün soydaşlarımızın əlbir fəaliyyəti, doğma Azərbaycan torpağına sarsılmaz sədaqəti gücümüzü daha da artıracaq, inkişafımıza əngəl törədən yeganə ağrılı problemi – Ermənistanın hərbi təcavüzünü tezliklə aradan qaldırmağa, ölkəmizin ərazi bütövlüyünü bərpa etməyə imkan yaradacaq. Bu ilin aprel ayında Ermənistanın hərbi təxribatı nəticəsində cəbhədə baş vermiş hadisələr zamanı Azərbaycan Silahlı Qüvvələri düşmənin məkrli niyyətlərinin qarşısını qətiyyətlə aldı və torpaqlarımızı istənilən an işğaldan azad etməyə hazır olduğunu sübut etdi.

Azərbaycanın haqlı mövqeyi getdikcə beynəlxalq ictimaiyyətin daha çox dəstəyini qazanır. Ölkəmizin mədəniyyətlərarası dialoqun təşviqinə və qlobal humanitar problemlərin həllinə verdiyi töhfələr, multikultural dəyərlərə hörməti və tolerantlıq ənənələri xalqımıza dünyada dərin rəğbət oyatmışdır.

Hazırda Azərbaycan Respublikası öz inkişafının çox məsuliyyətli bir dövrünə qədəm qoymuşdur. Biz Vətənimizin çiçəklənməsi, qüdrətinin artırılması və suverenliyinin möhkəmləndirilməsi məqsədilə qarşımıza böyük vəzifələr qoymuşuq. Həmin vəzifələrin həlli üçün bütün həmvətənlərimiz, o cümlədən xaricdə yaşayan soydaşlarımız sıx birləşməli, harada yaşamalarından asılı olmayaraq, milli maraqlarımızı qətiyyətlə qorumalı, anti-Azərbaycan dairələrin təxribatçı əməllərinə qarşı prinsipial mübarizə aparmalıdırlar.

Sizi Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə səadət, firavanlıq və bütün işlərinizdə uğurlar diləyirəm.


İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

18 Aralık 2016 Pazar

HƏR XOŞ MÜNASİBƏT DOSTLUQ DEYİL...

                                                   
                                                          Camal və İrşad     

Rəhmətlik atam İrşad Məhəmməd oğlu Əliyev nədən Camal Abbas oğlu İsmayılovu özünə dost seçmişdi?

Dünyada eyibsiz adam yoxdur. Mərd insanda isə az nöqsan taparsan. Fikrimcə atam Camal əmini mərd insan olduğuna görə özünə dost seçmişdi. Düzdür, hələ 6-7 yaşlarında olarkən  anaları onları biri-birinə tanıtmış və söyləmişdilər ki, siz qohumsunuz. Ancaq insan dost seçərkən dostun qardaş və ya qohum olması bir o qədər vacib deyil.
Əsas odur ki, dostun mərd olsun. Mərd adamda nöqsan az olar. Atam Camal əmimi xoş və bəd günündə sınamışdı. Camal əmi dostluqda möhkəm adam idi. Atam o adamı özünə dost hesab edirdi ki, həmin adamın da atamı özünə dost hesab etdiyinə əmin idi. Atam tamahkar, tez küsüb üz döndərən, içkiyə meyilli "dostlardan" aralı gəzərdi. Ancaq Camal əmim atamın bütün dostlarının başının tacı idi. Atam da, Camal əmim də maddi və mənəvi keyfiyyətlərə o qədər də əhəmiyyət verməyən, dünyanı ağ-qara rəngdə yox, rəngarəng görən, aləmin duyğu və düşüncəsini özlərində cəm edən insanlar idi. Atalar dostluq fədakarlıqdır, deyiblər. Bu fədakarlığı biz övladlar sevərək davam etdirdik və etdiririk. İrşad Əliyevin böyük oğlu, jurnalist Adil İrşadoğlu, rəhmətlik Oqtay İrşadoğlu və Camal İsmayılovun övladları Malik həkim, Əli bəy və Nazim qardaşımız. Allah bəd nəzərdən qorusun...

                                     MƏNİM CAMAL ƏMİM 



Camal Abbas oğlu İsmayılov 1924 - cü il, yanvar ayının 1- də Ağdam şəhərində doğulmuşdur. Atası Abbas kişi XX əsrin əvvəllərində Cənubi Azərbaycan İnqilabi Hərakatının fəal üzvü imiş. Rusiyada baş verən oktyabr hadisələrinin İrana və Cənubi Azərbaycana çox böyük təsiri olmuşdur. Belə ki, 1917-ci il dekabrın 15-də Brestdə Rusiya hökuməti, Kayzer Almaniyası və onun müttəfiqləri arasında İrandan xarici qoşunların çıxarılması barədə sülh müqaviləsi imzalanması haqqında danışıqlar başlamışdır. 1918-ci il yanvarın 5-də rus qoşunlarının İrandan çıxarılması barədə proqram elan edilmişdir. Bununla belə, 1918-ci ilin yayında ingilis hərbi hissələri Cənubi Azərbaycanın Zəncan, Miyane, Urmiya və Xoy şəhərlərinə daxil olmuşdur. Cənubi Azərbaycan ərazisinin çox hissəsini qorumaq üçün osmanlı Türkiyəsinin qoşunları da burada idi. ADP belə gərgin vəziyyətdə ingilis və yerli irtica hökumətinə qarşı mübarizə aparırdı. O dövrdə ADP - nin rəhbərləri, o cümlədən, Xiyabani dinc yolla mübarizə taktikasının lazımi nəticə verməyəcəyini yəqin edərək, silahlı üsyana başlamışdır. İnqilabi hərakat dağıdıldıqdan sonra Abbas kişi yaşadığı məkanı tərk edərək Şimali Azərbaycana, Qarabağın Qubadlı rayonuna pənah gətirmiş, bir müddətdən sonra isə iqtisadiyyatı durmadan inkişaf edən Ağdam şəhərinə köçüb gəlmişdir. Burada ailə qurmuş və məskunlaşmışdır. Camal əmi deyirdi ki, mənim 13 yaşım  olardı, SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Ağdam Rayon Şöbəsinin əməkdaşı, qonşumuz CANQAROV soyadlı erməni alçaq gecə evimizə gəlib atamı həbs etdi və bir daha biz atamızı görmədik. Mən də atamın qisasını almaq üçün CANQAROVun evinə od vurdum. Onun evi alışıb yandı. Külək bizim tərəfə əsdiyinə görə alov öz evimizi də bürüdü. Bizim də evimiz büsbütün yandı. Ancaq heç kim şübhələnmədi ki, bunu mən etmişəm. 

                                                   Abbas kişi və kiçik Camal
   
Abbas kişinin həyat yoldaşı Ağca nənə mənim ata nənəm Hurizat nənəmlə qohumdurlar. Hurizat nənəmin atası Sarıhacılı Mehdi bəy xan qızı Natəvanın, Cəfərqulu xanın, İbrahim xanın, Pənah xanın nəslindəndir. Anası Əziz xanım isə Ağdamın qonşu Seyidli kəndində yaşayan Axundovlar nəslindəndir. Azərbaycanın görkəmli ziyalısı, müəllimi və yazıçısı Süleyman Sani Axundovun əmisi qızıdır.

Camal əminin söylədiyinə görə vaxtilə Şuşa şəhərində yaşayan Abbas Mirzə Qacar ilə Asiya xanımın övladı olan Bəhmən Mirzə Qacar onun ulu babasıdır. Camal əmi deyirdi ki, Bəhmən Mirzə Qacarın qızı Məşədixanım Kəramət anam Ağcanın anası, mənim isə nənəmdir. Dövrünün tanınmış ziyalısı Molla İsmayıl isə Məşədixanım Kəramətin həyat yoldaşı, anam Ağcanın atası və mənim babamdır. Ermənilər o vaxt Şuşa şəhərini darmadağın edib viran qoyanda Molla İsmayıl və həyat yoldaşı Məşədixanım Kəramət Bərdənin Alpoud kəndinə köçmüşlər. Hazırda həmin kənddə Ağca nənənin bacısı uşaqları yaşayırlar. Deməli, Camal əminin anası Ağca nənə Bəhmən Mirzə Qacarın nəvəsidir. Camal əmim, onun qardaşı Eldar bəy və bacısı Məryəm xanım Bəhmən Mirzə Qacarın nəticəsidir. Malik həkim, Əli bəy, Nazim, Elxan, Vaqif (Qarabağ savaşında itkin düşüb), Şahin qardaşlarım, Nailə və Məryəm (2- ci Məryəm) bacılarım isə kötücəsidirlər. Bu insanlar Bəhmən Mirzə Qacarın qız törəmələridirlər.

Camal əmi deyirdi ki, Sovet dövründə Şuşa şəhərində, çörək zavodu ilə üzbə -üz yaşayan, Qacarların nəslindən olan Keymax və Keyxosrov müəllimgillərlə biz dayıoğlu, bibiqızıyıq (Qarabağda mamaqızı deyirlər).

Həqiqətən də səmimi, möhkəm dostluq hisslərini, dostluq tellərini heç nə ilə sarsıtmaq mümkün deyil. İnsanlar arasındakı hər xoş münasibəti dostluq adlandırmaq olmaz. Atamla Camal əminin dostluğu həqiqi dostluq idi. Həqiqi dostluq illərin sınağından çıxır, bərkdə-boşda, həyatın enişli-yoxuşlu yollarında sınanır. Onların arasındakı dostluq münasibətlərin uca zirvəsi idi. Alman Faşizmi dünya ölkələrinə meydan oxuyaraq işğalçılıq siyasətinə başlayanda, Sovetlər ölkəsinin ərazilərinə soxulanda SSRİ üzrə səfərbərlik elan edilmiş və burada yaşayan bütün xalqlar ümumölkənin ərazi bütövlüyünü qorumaq üçün cəbhəyə yollanmışlar. Atamla Camal əmi tay-tuşlarından bir yaş balaca olduqlarından Ağdam Hərbi Komissarlığı onları cəbhəyə qeydiyyata götürməmiş və geri qaytarmışdır. Səhəri gün Hurizat nənəm Ağca nənəni özü ilə götürüb Hərbi Komissarın qəbuluna gedib. Hər ikisi xahiş edəndən sonra komissar onların da övladlarının cəbhəyə getməsinə icazə vermişdir. Atam da, Camal əmi də Alman Faşizminin işğalçılıq siyasətinə qarşı Sovetlər ölkəsinin apardığı müharibədə uzun və şərəfli bir döyüş yolu keçmişdilər. Atam İrşad Məhəmməd oğlu Əliyevin bu haqlı mübarizədəki döyüş yolu barədə müxtəlif yazılar yazmışam. Camal əmim haqqında isə bir neçə faktı dəqiqləşdirəndən sonra indi yazıram. 


                                                        Camal İsmayılov

Camal əminin söylədiyinə görə 1942 - ci ilin qışında Don çayı sahilində düşmənlə qızğın döyüşlər gedirdi. Komandir İki nəfər döyüşçü yoldaşımla bizi kəşfiyyata göndərdi. Buzun üstüylə nə qədər ehtiyatlı yerisək də minalanmış yola tuş gəldik və ağır yaralandıq. Yaralı yoldaşlarımın suda  boğulduqlarının şahidi oldum  və huşumu itirdim. Gözümü açanda özümü zirzəmidə gördüm. Sonra məlum oldu ki, Çubarova Mariya Qriqoryevna adlı bir rus qadını məni yaralandığım yerdən öz evinə gətirib və zirzəmidə gizlədib. O, məni müxtəlif otlarla müalicə edib ayaq üstə qaldırdı. Sonralar bu rus qadını Camal əmimin həyatında çox mühüm rol oynayıb. Bu barədə bir azdan...


                                                   Mariya və İon Çubarovlar

Atam da, Camal əmim də Alman Faşizminə qarşı müharibə barəsində həmişə yana-yana danışırdılar. O anları bütün dəhşətləriylə yaşadıqlarına görə gözləri yaşla dolurdu. Özlərini ağlamaqdan zorla saxlayırdılar. Ancaq ağlamırdılar. Hər iki nümunəvi insan bu müharibə başlayandan qurtaranadək cəbhənin ən qaynar nöqtələrində faşizmə qarşı mübarizədə öndə gediblər. Ölənədək müharibənin başda, kürəkdə, qolda, qıçda izlərini gəzdirdilər. Müharibə qurtarandan sonra isə onları hərbidən təxris etməyiblər. Minlərlə sovet vətəndaşı kimi onları da müharibənin vurduğu yaraları sağaltmaq üçün bərpa və quruculuq işlərinə cəlb ediblər.


                             Bakıda "Sovetlər evi". Binanı alman əsirlərə tikdiriblər.

Camal əminin sinəsində 13 orden və medalı var idi. Deyirdi ki, bunlar dəmir parçaları deyil. Bunların hər biri mənim nəzərimdə müharibənin dəhşətini xatırladan, ondan soraq verən şahiddir. Ordu bərpa və quruculuq işlərindən azad edildikdən sonra Camal əmim Don çayı sahilindəki xilaskarından hal-əhval tutmaq, ona minnətdarlığını bildirmək  üçün Rostov şəhərinə yola düşür. Gedib çox çətinliklə Mariya Qriqoriyevnanı tapır. Onu ölümün pəncəsindən xilas etdiyinə görə Mariya xanıma təşəkkürünü bildirir. Elə bu dəm Mariya Qriqoriyevnanın gözəl-göyçək qızı Larisa otağa daxil olur. Camal əmim Larisanı 12-13 yaşında olarkən görmüşdü. Tale onları qovuşdurur və Larisa İonovna Çubarova millətimizin qayda-qanunlarını qəbul edərək ömrünün sonunadək  Azərbaycanın dilbər guşəsi olan Qarabağda, Ağdamda yaşamalı olur. 


                                                        Larisa və Camal 

Onların 3 oğlu, bir qızı dünyaya gəlir. Böyük övlad Malik İsmayılov xəstələrini özünəməxsus müalicə üsulu ilə sağaldan adlı-sanlı həkimdir, Əli bəy və Nazim qardaşlarım iqtisadçıdırlar, əmimin peşəsini davam etdirirlər, Nailə isə müəllimədir. 



                                       Nazim, Əli və Malik İsmayılov qardaşları

      
     CAMAL ABBAS OĞLU İSMAYILOVUN İŞ ARDICILLIĞI : 

1) Camal Abbas oğlu İsmayılov 1945-1946 - cı illərdə "Dinamo Minsk", 1946-1947 - ci illərdə "OİK Rastov", 1948-1950 - ci illərdə "Dinamo Tiflis", sonra isə Ağdamın "Məhsul" Cəmiyyətinin nəzdindəki futbol komandasında mərkəz hücümçusu - 9 saylı futbolçu olub və dövrünün azarkeşləri onun çətin anlarda vurduğu qollardan indi də danışırlar. "Məhsul" Cəmiyyəti dağılandan sonra futbol komandası bir neçə müəssisənin nəzdində fəaliyyət göstərib və müxtəlif adlar - "Sünbül", "Şəfəq", "Qarabağ" adlarını daşıyıb. Camal Abbas oğlu İsmayılov o dövrün ən sevilən idmançılarından biri olub.

2) İdmandan ayrılandan sonra o, Ağdam Rayon Maliyyə Şöbəsində çalışıb. 
(Həyat yoldaşı Larisa xanım isə Ağdam Şəhər Mərkəzi Kitabxanasında kitabxanaçı işləyib).

3) Camal İsmayılov qısa müddət Ağdam Rayon İcraiyyə Komitəsində işləyib.

4) Sonra isə Ağdam Rayon Sosial Təminat İdarəsində baş inspektor vəzifəsində çalışıb.

5) Ömrünün 38 ilini iqtisadçı peşəsinə həsr edən Camal İsmayılov 1969 - cu ildə "Azərbaycan SSR - nin Əməkdar İqtisadçısı" adına layiq görülüb. Səriştəli işçi olmasını nəzərə alaraq Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci Katibi Heydər Əlirza oğlu Əliyev Camal Abbas oğlu İsmayılovu Ağdam Şəhər Mərkəzi Bazarının müdiri təyin edib.

6) Bir müddətdən sonra isə Camal İsmayılov Ağdam Rayon Tikinti Bankının müdiri işləyib.

7) Daha sonra Ağdam Rayon Avtonəqliyyat İstehsalat Birliyinin Əmək və Əməkhaqqı Şöbəsinin müdiri işləyib və buradan əmək təqaüdünə çıxıb.

8) 1993 - cü ildə küllü Qarabağ və Ağdam Rayonu erməni-rus təcavüzkarlarının işğalına məruz qalanda digər soydaşlarımız kimi Camal İsmayılov da həyat yoldaşı Larisa xanımla birlikdə doğma ocaqlarından didərgin düşərək Mingəçevir şəhərində müvəqqəti məskunlaşmışdılar. Mingəçevir şəhər rəhbərliyi normal yaşamaq üçün onlara hər cür şərait yaratmışdı. Camal Abbas oğlu İsmayılov Qarabağdan Mingəçevirə pənah gətirən insanların "Ağsaqqallar Şurası"nın ən fəal üzvlərindən idi. Camal Abbas oğlu İsmayılov 1996 - cı ilin dekabr ayının 25 - də Qarabağ və Ağdam həsrətiylə, əzizlərinin və dostlarının həsrətiylə yavaş-yavaş əridi və bu dünyanı tərk etdi...Allah rəhmət eləsin. Qəbri nurla dolsun. AMİN...


Adil İrşadoğlu (Əliyev),
Veteran televiziya və qəzet jurnalisti, 
1-ci Qarabağ Savaşının iştirakçısı... 
Bakı - 25.12. 2016 - cı il.

16 Aralık 2016 Cuma

SİZ ZƏİF BƏNDSİNİZ CƏNABLAR...

                                                  
                                                UMUXANIM HÜSEYNZADƏ


İnsan nədir? Kimdir? Necə yarandı? Allahınmı yaradılışıdır, yoxsa ki, təkamül nəticəsindəmi meydana gəldi? Son zamanların əsas mübahisə predmeti də məhz budur ki, materialistlərlə idealistlərin arasında əsas fikir ayrılığına səbəb olur… Amma hər iki versiyanın doğruluğunun qəbul edilməsi heç kəsin ağlına belə gəlmir. Ümumiyyətlə bir çox cavabı qaranlıq qalan sualların cavabı elə heç kəsin ağlına gəlmədiyi, lakin göz önündə olan şeylərdir. Bəlkə də elə əzəldən göz önündə olan həqiqətləri qəbul etməməyə köklənməyimiz bizi gətirib belə ağır vəziyyətlə üz-üzə qoydu. 

İnsan sosial varlıqdır. Yəni digər fərdlərlə ünsiyyətdə olaraq yaşayır və həmin sosial bazada əsrlərin süzgəcindən keçib qəbilə, tayfa münasibətlərini adlayaraq bir gün bir millət kimi formalaşmaq mərhələsinə qədəm qoymuşdur. Şübhəsizdir ki, bəzi tayfalar, nəsillər öz spesifik identikliyini qoruyub saxlaya bilmişlər. Buna misal olaraq Əfşarlar, Tərəkəmələr, Qarapapaqlar, Ağşalvarlılar və sair göstərə bilərik. Bütün sahib olduğumuz zənginliklərlə biz millət olub, vəhdət təşkil edirik. 

Çox müsafirpərvər millətik! Qonaqpərvərliyimiz və insansevərliyimiz bəllidir hər millətə. Bilmirəm qonağın xoşuna gəlmək istəyimizdəndirmi, yoxsa yaltaqlıqdır qanımıza hopub - birisi öz ordusunun adına Qırmızı ordu deyərkən, biz bizə düşmən kəsilmiş, torpaqlarımızı işğal edib millətimizin qanını içən bu orduya Qızıl ordu demişik. Bəli - axı kasıb köpəyinin adını həmişə Qızıl qoyar... Görünür mənəvi kasıblığımızdandır ki, bizi incidənləri, qonaq statusu adı ilə gəlib sonradan evimizin yuxarı başında oturub özümüzü evimizdən qovanlara həddindən artıq dəyər vermişik.

Dövlətçiliyimizin qorunması və inkişafı üçün ən vacib faktorlardan biri də milli birlik və vətəndaş həmrəyliyidir. Bəs bu birlik, bu mənəvi dəyərlər qorunurmu?
Nəzərə alsaq ki, düşmənlər zaman-zaman sıralarımızı seyrəldib öz mənfur niyyətlərinə nail ola bilirlər, o zaman xilas yolu üçün düşünməliyik. Demək ki, burada bir nəfəslik, boşluq, pəncərə vardır ki, düşmənə maneəsiz aramıza daxil olub bizlərə arxadan zərbə vurmağa imkan verir. Atalardan misal var, deyərlər - almanı qurd içindən yeyər! Bəs kimdir düşmənə gəl-gəl deyənlərimiz? Bunu necə təyin etməli?

Çox əfsuslar olsun ki, bizi əsrlərdən bəri əsarətdə saxlayan işğalçılar gerçək tariximizi pozub, əvəzində özlərinə lazım olan cızmaqaranı bizə tarix kimi təlqin etmişlər. Bu da başa düşüləndir - virus bilgisayara düşəndə ən birinci olaraq antivirusu sıradan çıxarır. Demək ki, tariximizi düşmənlərdən bizi qoruyan antivirus kimi də qiymətləndirmək olar. Tariximiz yoxdursa gələcəyimiz də yoxdur - tariximizə şərik olan düşmənlər, gələcəyimizə də əl qoymuş və ona birə-bir şərikdirlər. Hər hansı bir yad ideologiyanın kandarından ayağımızı içəri qoyduğumuz an dərhal assimilyasiya prosesi başlayır və biz milli dəyərlərimizdən ayrılıb tamaimilə bu ideologiya yaradıcılarının təsiri və hakimiyyəti altına düşürük. Özgə xalqların, millətlərin dinini qəbul etmək o deməkdir ki, onların adətlərini də qəbul edirsiniz, əgər adətlərini qəbul edirsinizsə deməli qanun qaydalarını da qəbul edirsiniz! Əgər şərtləri qəbul edirsinizsə, yadların iradəsinə də könüllü tabe olursunuz. Əlbəttə ki, heç kəs öz ayranına turş demədiyi kimi, dinləri təbliğ edən millətlər də öz dinlərinin Allahdan gəldiyini və bütün insanlar üçün nəzərdə tutulduğunu söyləyərlər. Ancaq geri söyləməyə unutduqları bir şey qalır, o da özlərinin öz dediklərinə inanmaları. Bu və ya digər dinləri təbliğ və təqlid edən millətlər uzun zamanlar biz Türklərin inanc və mərhəmət sahibi olduğundan məharətlə istifadə edib, aldadaraq müxtəlif dinləri onlara qəbul etdirmişdir. Buna bariz sübut kimi Xristianların Qafqaz Albaniyasına sahib çıxdıqlarını misal göstərmək olar. Türklər bu dinləri qəbul etmədikdə isə aşağılanaraq tək-tək cəmiyyətdən təcrid edilirdilər. Buna da digər misal kimi Xristianlığı qəbul etmiş Qədim Kiyev Rus dövlətində səmitlərə baş əymək istəməyən Turok-lar, yahudi mesenatlar tərəfindən cəmiyyətə durak (axmaq) kimi təlqin olunduqlarını göstərmək olar. Eləcə də bundan sonrakı qəbul etdiyimiz dinlər......Görünür avam insanların Allaha yarınmaq kimi arzuları səmitlərin məkrli məqəsdlərə çatmasında bir vasitə olmuş və bu proffessional şəkildə onların mahir psixoloqları tərəfindən idealojik olaraq işlənib hazırlanmışdır. Zamanla Türklər bu ideologiyanın qurbanına çevrilmiş və torpaqlarının səmitlər tərəfindən min hiyləylə işğal olunması ilə üz-üzə qalmışlar. Qeyd edim ki, İşğalçının buynuzu yoxdur. İşğalçı heç zaman mən səni işğal etməyə, ananı-bacını ağlatmağa, qız-gəlinini başsız qoymağa gəlmişəm demir. Əksinə sülh gətirmişəm deyib, öz işğalçı ordusunu sülhməramlı kimi qələmə verir. Biz nəyin necə adlandırlmasına aldanmayıb, hər hansı bir predmetin adına deyil, mahiyytinə inanmalıyıq. Bir haşiyə çıxaraq qeyd etmək istəyirəm ki, mən uşaq olanda, Sovet vaxtında indiki Sahil parkında 26 Bakı komissarı abidəsi yerləşirdi. Burada məktəbliləri pionerə, komsomola qəbul edərdilər. Qəbul olunarkən biz də 26-lar kimi mətin, mübariz olaraq öz xalqmıza xidmət edəcəyimizə söz verərdik. Necə illər lazım oldu ki, 26 Bakı komissarının və onların başçısı başkəsən erməni qulduru Stepan Şaumyanın bu xalqı qanına qəltan etdiyi barədə həqiqətlər üzə çıxsın. İstənilən ideologiya hansısa millətlərin hiyləsidir və fərq etmir bu dini ideologiyadır yoxsa siyasi. Əslində Kommunizm də, Faşizm də, bütün dinlər də ideoloji strategiya olub milyonlarla kütlənin idarə olunması üçün bir vasitədir. Əgər sən düşmən erməni (Hay) uçün qapı açmasaydın bu gun bunlar başımıza gəlməzdi, necə ki, kommunist erməni üçün az öncə dediyim kimi qapını-bacanı açanlar olmuşdur…

Əziz oxucu, qeyd edim ki, o şəxslər ki, düşmənə asanlıqla qapını açıb gəl-gəl deyirlər - onlar cəmiyyətimizin ZƏİF BƏNDİDİRLƏR. Və zəncirin halqaları bu zəif bənddə qırılır, düşmən üçün burada bir pəncərə vardır, istədiyi zaman bu boşluqdan daxil ola bilir. Bu, mənə bir qonoreyanı (iltihablı yara) xatırladır. Çürüyən hissələrimizi kəsib atmalıyıq. Əgər bunu etməsək bu çürümə bütün orqanizmi məhv edəcək. Beləliklə onlara SİZ ZƏİF BƏNDSİNİZ CƏNABLAR - buyurun sıralarımızı tərk edin deməliyik!!!

Bəs bu millətin aydınları haradadır? Heçmi mütərəqqi fikirli ziyalıları yoxdur? Sözsüz ki, var. Hər zamanın öz ziyalı aydınları olduğu kimi müasir dövrümüzdə də demokratik düşüncəli insanlarımız vardlr. Hətta bəziləri azad söz uğrunda ən böyük əvəz ödəyərək azadlıqdan məhrum edilmişlər.

Bu yaxınlarda sosial şəbəkədə bir videosüjet izlədim. Videosüjetdə Orta Asiya Türk respublikalarında totalitar rejimlərin xalqların başına gətirdiyi fəsadlardan danışılırdı. Şərhçi hər iki sözdən bir Human Riqhts, Human Rayts Votç (HRW USA), Mərkəzi Asiyada İnsan haqları assosiasiyası (Fransa) hüquq təşkilatlarının adlarını vurğulayırdı. Kimdir bu insan haqları assosiasiyaları, haradan gəlib bizə çıxıb? Ən çox canfəşanlıq göstərən ölkələrdən biri də Fransadır. Bizim aydınlar, demokratik düşərgənin nüməyəndələri bu ölkələrin insan hüquqları institutlarına və onların Azərbaycan rəhbərliyi barəsində verdiyi bəyanatlara çox böyük önəm verərlər... Ölkə rəhbərliyinin antidemokratik olduğu barədə həmin təşkilatların verdiyi bəyanatları təkrar-təkrar öz mətbu orqanlarında və sosial şəbəkələrində dərc edərlər...Unutmayaq ki, həmin insan hüquqları institutları hansı ölkədə yerləşir?! Erməni soyqırımını tanimayanlara qarşı cəza tətbiq edilməsini nəzərdə tutan Fransa dövləti sənin qayğınamı qalacaq?????? Erməni soyqırımını tanıyan bir ölkə sənin insanlarının hüququ iləmi maraqlanacaq? Yəni bu qədər də sadəlövh olmaq lazım deyil. Bir anlığa fərz edək ki, həmin Fransanın dəstəklədiyi və insan hüquqlarını əllərində bayraq edib mövcud hakimiyyəti tənqid edən müxalifət liderlərindən biri sabah hakimiyyətə sahib olacaq. 
Sizcə onun ən birinci atdığı addım nə olacaq? Bəli - əlbəttə ki, o ilk növbədə öz ağalarının iradəsini həyata keçirməlidir - Qarabağı ermənilərə vermək ilkin şərtdir. Çünki Fransanın insan hüquqlarını tanıyan təşkilatlar bu fikirdədir. Ondansa mən belə insan haqqlarını müdafiə edən təşkilatlara və demokratiyaya yox deyərəm! Əgər seçim belə demokratiya ilə mövcud hakimiyyət arasında qalarsa mən də Azərbaycan xalqının heç də geniş olmayan seçimindən yanayam. Çünki xalqın gözü tərəzidir və nə etdiyini necə düşündüyünü çox gözəl bilir. Heç olmasa mövcud hakimiyyət Qarabağ Azərbaycanın əzəli və tarixi yurdudur - deyir. Və bir gün biz o torpaqlara mütləq qayıdacağıq missiyası ilə xalqa öncüllük edir. Tam açıqlığı ilə vurğulayım ki, mən bunu deməklə heç də hakimiyyətdə olan iqtidarın yürütdüyü siyasətdən tam razıyam. Xeyir, razı deyiləm. Məmurların xalqı incidib, özbaşınalıq etmələrinə göz yumub haqq qazandırmıram. Xalqın hər hərtərəfli çətin vəziyyətə düşməsi danılmaz faktdır. Amma bu yenə də Fransanın bizlərə tanıdığı demokratiya, insan haqları və ya bu ideologiyaya xidmət edib özünü mövcud iqtidara müxalif bilənlərin gələcəkdə xalqın başına bundan betərini gətirə biləcəyinə şahidlik etməkdən daha yaxşıdır. Göründüyü kimi demokratik düşərgəmizdə də milli dəyərlər deyil, beynəlmiləlçilik prinsipləri üstünlük təşkil edir. Belə olduğu təqdirdə biz ne etməliyik? Çıxış yolumuz nədir? Cavabım: Bütün yad ideologiyaları rədd edib, öz Türk dövlətlərimizin ətrafında özümüzə uyğun olan bir mühit yaratmalıyıq. Əsl demokratiya da, insan haqqları da məhz milli məfkurənin içindədir. Fransa insan hüquqları kontekstində biz deyəsən insan sayılmırıq - əgər sayılsaydıq onlar yalançı erməni soyqırımını deyil, Xocalı soyqırımını tanıyıb, dünyaya bəyan edərdilər. Yazımın sonunda bir daha vurğulamaq istəyirəm ki, milli məfkurə və milli ideologiyanın inkişafı, eləcə də öz taleyini doğru istiqamətdə dəyişə bilmək hər millətin öz əlindədir. Əgər biz bir millət kimi öz irsimizi qoruyub saxlamaq, inkişaf etdirmək, gələcək nəslimizin tükənməyib törəməsini istəyiriksə bütün yad ideologiyaları özümüzdən uzaq tutmalı və Türk birliyinə nail olmalıyıq. Bu, Türk irqinin və irsinin xilas yoludur.


13 Aralık 2016 Salı

İSLAMDAN ÖNCƏ TÜRK TOPLUMUNDA QADININ DƏYƏR VƏ ÖNƏMİ...


Qədim Türk cəmiyyətlərində ailə ən əhəmiyyətli ictimai birlik olduğundan, ailənin təməlini təşkil edən qadın, Türk dastanlarında və Türk fəlsəfəsində elə uca bir mərtəbəyə qoyulmuşdur ki, qadını bir yüksək varlıq halına gətirən törəyə və mədəniyyətə heyran olmamaq mümkün deyil. Qadın, kişinin yeganə yoldaşı və uşaqlarının anası olduğundan başqa həm də əhəmiyyətli bir vəzifə ilə vəzifələndirilmişdir. O, Türk Millətinin tək bərəkət mənbəyi kimi dəyərləndirilmişdir. Qadına verilən bir sıra hüquqlardan bəhrələnərək Türk xanımı xanların, xaqanların, cəngavərlərin qarşısında ona hörmətlə tezim olunduğu bir şərəf abidəsi kimi baxılmışdır. Türk dastanlarında qadın ilahi bir varlıq mövqeyinə yüksəldilmişdir. Belə ki, əlçatmazlığı, toxunulmazlığı, qürur və şərəf qaynağı olması, onu hər zaman istər ailə, istərsə də cəmiyyət içində yüksək dəyərə sahib etmişdir.

Ən qədim Türk inancına görə, "Xan ilə Xatun" göy ilə yerin övladları olmuşdur. Qadın burada yeddinci qat göyə yüksələn bir varlıq kimi səciyyələndirilmişdir. Qadına, belə bir müqəddəslik verən törədə onun döyülməsi, xor görülməsi əsla mümkün olmayıb. Türk mədəniyyətində və dastanlarında qadın kişinin daim yanında, onun güc və ilham qaynağı olmuşdur. Dədə Qorqud hekayələrindən olan "Dəli Domrul"da, Domrul canının əvəzini qadınından tapmış, qadın ona heç çəkinmədən canını verəcəyini söyləmişdir. Yenə Türk mədəniyyətində dastan qəhrəmanlarından biri yaxşı at minən, qılınc istifadə edən, döyüşə bilən qadınlarla evlənmək istəməsi qeyd olunmuşdur. Necə ki, Dədə Qorquddakı Bamsı Beyrək hekayəsində iştirak edən "Banu Çiçək" bunun ən gözəl və bariz nümunəsi kimi göstərilə bilər.

Qırğızların Manas Dastanında qadın, evinin, namusunun qoruyucusudur. Qazaxlarda qadına verilən dəyər bu atalar sözüyle çox gözəl izah edilmişdir: "Birinci zənginlik səhiyyə, ikinci zənginlik isə qadındır." Bütün Türk dastanlarında Qadına sarsılmaz bir hörmət, sevgi və sədaqət ən üstün dərəcədə vurğulanmışdır. Gərdəyə girdiyi gün muradına çatmayıb öz ərəni döyüşə yola salıb, yalnız qalan qadın əri ölənə qədər onu gözləyəcəyini və üzərinə heç bir kişi tanımayacağına and içərmiş. Qadınların döyüşdə düşmənin əlinə keçməsi isə Türk kişisi üçün böyük bir zillət sayılardı. Oğuz Kaqan Dastanında qadına təcavüz edənlərin öldürüldüyü və ya gözlərinə mil çəkildiyi ifadə edilməkdədir. İran tarixçilərindən biri olan Gərdizi belə demişdir: "Məlumdur ki, Türk qadınları çox iffətlidirlər." Burda iffət deyərkən Gərdizi məhz Türk qadınının əxlaqi təmizliyini tərənnüm etmişdir. Bu tərif boşuna deyil. Necə ki, qadın adları arasında təmiz, fəzilətli mənasına gələn "Hun, Sabir, Arik, Arig, Uyğur" kimi adların olması səbəbsiz deyil. Eyni şəkildə İbn Batuta öz Şahnaməsində Krımdakı xatirələrini izah edərkən belə demişdir: "Burada qəribə bir hala şahid oldum ki, o da Türklərin qadınlarına göstərdiyi hörmətdir. Burada qadınların qiyməti və dərəcəsi kişilərdən daha üstündür." İslamiyyətdən əvvəl Türk toplumlarında qadınsız bir iş görülməzdi. Qadın kişinin tamamlayıcısı idi. O, davamlı olaraq kişinin yanında onunla çiyin-çiyinə mübarizə aparardı. Xarici dövlətlərin elçilərinin qəbulunda Xatun da Xaqanla bərabər olardı. Mərasim və şölənlərdə qadın, Xaqanın solunda oturar siyasi və inzibati söhbətlərdə sərbəst şəkildə iştirak edər və öz fikirlərini azad bəyan edərdi. Məsələn, böyük Hun İmperatorluğu adından Çin ilə ilk sülh anlaşmasını Mete Xanın xatunu imzalamışdır.

Əbülqazi Bahadır Xan "Şəcərəyi tərakimə” (1659) və “Şəcərəyi türk” (1663) əsərlərində bir sıra türk xalqlarının tarixi haqqında qiymətli məlumatlar, həmçinin xalq əfsanələri, rəvayətlər, atalar sözü və s. haqqında xeyli yazılar yazmışdır. O, Oğuz elində, yeddi qızın uzun illər boyu bəylik etdiyini izah etmiş və bu qızların adlarını belə sıralamışdır: "Boyu Uzun Burla, Barçın, Salur, Şənbə Hatun, Küni Körkli, Kerç buladı, Kuğatlı xanım. Bu əsərlərdə Türk qadını, digər cəmiyyətlərdə olduğu kimi təzyiq altında tutulmur, aşağılanmırdı. Altay dağlarının ən yüksək zirvəsinə "Qadınbaşı" adı verilərək, sanki əsrlər sonrasına qadının ucalığı haqqında bir mesaj verilirdi.

Türk millətinin İslamdan əvvəl öz qadınına verdiyi dəyər heç də digər millətlərdə eyni deyildi. Onlarda qadına münasibət tamamilə fərqli və acınacaqlı halda idi.
Cahiliyyə dövründə Ərəblərdə qadının ərinin yanındakı dəyəri, alınıb satılan bir maldan fərqsiz idi. Ərəb kişisi heç vaxt qadını ilə bir yerdə oturmaz, onunla yeyib içməz və qərarlar qəbul etməzdi. Eyni zamanda qadının heç bir miras haqqı yox idi. Halbuki, Türk toplumunda qadın miras hüququna malik idi. Məsələn; Yakutlarda qadının özünə aid mülkü mövcud olmuşdur. Buna "and" və ya "nəmsiz" adı verilmişdi. Qadının bunu istədiyi kimi istifadə etmək hüququ vardı. Çində isə, boşanma haqqı yalnız kişiyə məxsus idi. Qadınların belə bir haqqı yox idi. Halbuki Türk toplumunda qadın bütün bu hüquqlara sahib idi. "Ər arvadını, qadın da ərini boşaya bilərdi. Ər arvadının gətirdiyi cehizin əvəzini verər, qadın isə pul vermək və ya mehrindən imtina etməklə ərindən boşana bilirdi."

Qədim Türk qadını tam hüquqlu bir fərd kimi, Roma qadınından daha çox hüquqlara sahib idi. Roma hüquq qaydalarına görə qadın öz malı, mülkü üzərində hökm və ya vəsiyyət edə bilməzdi. Roma qanunları qadını tam hüquqlu qəbul etmirdi. Onu nöqsan ağıllı sayırdı. Romada dul qadının evlənməsi cinayət sayılırdı. Çində yeni doğulan uşaq oğlan olduğu təqdirdə bahalı parçalara, qız olduqda isə bez parçalarına sarılırdı. İranda isə qanları dəyişməmək üçün yaxın qohumlarla evlilik uyğun görülmüşdür. Bu səbəbdən zamanla ana və bacıları ilə evlənənlər də ortaya çıxmışdır. Eyni şəkildə Cahiliyyə Ərəblərinin qız uşaqlarını diri-diri basdırmağı zamanın ən acı bir həqiqəti olmuşdur. Qız uşağına sahib olmaq ata üçün şərəfsizlik sayılmışdır. Bundan yüz il əvvələ qədər qadın kişinin süfrəsinə oturma haqqına sahib olmadığı kimi, soruşulmadan sözə başlaması da caiz deyildi. Əri başının ucuna böyük bir çubuq asardı ki, arvadı nə zaman bir əmrini yerinə yetirməzsə onu istifadə etsin. Qadının sözü öz qızı yanında da keçərli sayılmazdı. Oğlan uşaqları isə analarına ev içində bir xidmətçi qadından çox dəyər verməzdilər.

Məhz belə bir dövrlərdə başqa millətlərin qadınlarından fərqli olaraq Türk qızları və qadınları cəmiyyətin şərəfli bir fərdi olaraq etibar görmüşlər. Türk qadınının belə ehtişam içində, hörmət görərək yaşaması Türk xarakter və mədəniyyətinin yüksək dəyərlərə layiq olduğunun bariz nümunəsidir. Qadın bəşəriyyətin anasıdır. Ona dəyər vermək bütün toplum və cəmiyyətlərin ən ümdə vəzifəsi və borcudur!


Umuxanım Hüseynzadə
& VƏTƏNSEVƏRLƏR

10 Aralık 2016 Cumartesi

PREZİDENTİN KÖMƏKÇİSİ : VAXT GƏLƏCƏK, AZƏRBAYCAN ƏRAZİLƏRİNİ İŞĞALDAN TAMAMİLƏ AZAD EDƏCƏK

MÜSAHİBƏ
9 Dekabr 2016


Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov “Əl-Cəzirə” telekanalına müsahibə verib. 

"VƏTƏNSEVƏRLƏR"  AZƏRTAC-a istinadən müsahibəni təqdim edir :

Müxbir: Bugünkü müsahibimiz Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovdur. Biz onunla Azərbaycanda mövcud vəziyyət və beynəlxalq arenada son vaxtlar özünün balanslaşdırılmış siyasəti və inkişaf etməkdə olan iqtisadiyyatı ilə ön plana çıxan bu ölkənin gələcəyi barədə söhbət edəcəyik.

-Sualımıza Azərbaycanda hökm sürən siyasi vəziyyətlə başlayaq. Azərbaycan bir neçə ölkə ilə əhatə olunub. Onların arasında dostlar da, düşmən də var. Həmçinin bu ölkələrin bəziləri siyasi dəyişikliklər fonunda müxtəlif mövqe sərgiləyirlər. Azərbaycan bu cür müxtəlif siyasət yeridən ölkələrlə balanslaşdırılmış siyasəti necə qoruya bilir?

- Əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş balanslaşdırılmış xarici siyasət kursu bu gün də dövlətimiz üçün strateji xətt olaraq qalır. Azərbaycan dünyanın ayrı-ayrı güc mərkəzləri, dövlətləri, habelə böyüklüyündən, kiçikliyindən asılı olmayaraq region ölkələri ilə də balanslaşdırılmış, həssas siyasətini qoruyur. Ona görə ki, ölkəmiz sivilizasiyaların qovuşduğu, islam aləminin başa çatdığı və xristian dünyasının başladığı coğrafiyada yerləşir. Yerləşdiyimiz region hər iki aləm üçün müştərəkdir. Tranzit dəhlizlərin çoxu Gürcüstan və Azərbaycan ərazisindən keçərək Asiya qitəsinə doğru, həmçinin Asiyadan başlayaraq Avropaya doğru gedir.

Azərbaycan bölgədə üç böyük və əhəmiyyətli ölkə ilə həmsərhəddir: Türkiyə, İran və Rusiya. Həmçinin Azərbaycan dünyadakı iki nəhəng gücün arasında yerləşir ki, bunlar da NATO ölkələri və Müstəqil Dövlətlər Birliyidir. Münasibətlərin əsas təyinedici amili isə maraqların uzlaşdırılmasıdır. Buna görə də uzun müddətdir Qərb və İran, həmçinin Qərb və Rusiya arasında davam edən gərginlik Azərbaycana heç vaxt təsir göstərməyib. Biz müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin siyasi kursuna əsaslanaraq, bu yolla inamla gedirik.

- Biz Azərbaycan dedikdə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi dərhal yada düşür. Bu problemin həqiqəti nədir? Həqiqətənmi torpaqlar işğal olunub? Burada, real şəkildə, Qarabağ adlı bir bölgənin problemi varmı? Yoxsa, bu problem böyük qüvvələrin regiondakı güc balansı fonunda oyunundan ibarətdir? Bu Qarabağ probleminin həqiqəti nədir?

- Sovet ittifaqı keçən əsrin iyirminci illərində Dağlıq Qarabağda məskunlaşmış ermənilərin mədəniyyət və xüsusiyyətlərini qorumaq üçün həmin bölgəyə Azərbaycanın tərkibində muxtar vilayət statusu verdi. 1980-ci illərin sonlarında, Sovet İttifaqı dağılmağa başlayanda Ermənistan Azərbaycana təzyiq göstərərək həmin regionu öz suverenliyi altına almaq niyyətini açıq ortaya qoydu. Ermənistan xüsusi xidmət orqanları oradakı erməniləri silahlandırmağa başladılar və 1990-cı illərin əvvəllərində Sovet İttifaqından qalan hərbçilərin köməyi ilə Dağlıq Qarabağı və əlavə olaraq Azərbaycanın Dağlıq Qarabağa bitişik 7 rayonunu da istila etdilər. Bu, Azərbaycan ərazisinin təxminən 20 faizi qədərdir. Ermənistandan qovulan 300 min azərbaycanlı da nəzərə alınmaqla işğal nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşdü. Təbii ki, bu, ermənilərin təkbaşına görə biləcəkləri bir iş deyildi. Müəyyən xarici dairələr də həmin dövrdə onların işğalçılıq siyasətinə dəstək verir və bəraət qazandırırdılar. Erməni silahlı birləşmələri Xocalı şəhərinin əhalisini qətlə yetirərək soyqırımı həyata keçirildi və beləcə Dağlıq Qarabağın bütün ərazisi azərbaycanlılardan tamamilə təmizləndi. Onu da qeyd edim ki, artıq dünyanın 10 ölkəsi Xocalı faciəsini soyqırımı kimi tanıyıb.

Bu problemlə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamədə Azərbaycanın ədalətli tələbləri dəstəklənir, Ermənistandan işğalçı qoşunlarını Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılması tələb olunur. Həmçinin ATƏT, Avropa Şurası, Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və bir sıra digər nüfuzlu beynəlxalq təşkilatlar öz qərar və qətnamələrində Azərbaycanın tələbinə haqq qazandırıblar. Lakin çox təəssüf ki, hazırda dünyada hökm sürən ikili standartlara görə, Ermənistan bu qətnamələrə əməl etmir. Bəzi hallarda beynəlxalq təşkilatların, o cümlədən BMT-nin qərarları dərhal icra edildiyi halda, Azərbaycanla bağlı çoxsaylı sənədlər 25 ildir ki, kağız üzərində qalır.

Buna görə də işğal hələ də davam edir. Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində və digər ərazilərdə bütün evlər, infrastruktur, tarixi abidələr, o cümlədən məscidlər dağıdılıb. Problem humanitar fəlakət həddinə çatıb.

- Bəziləri deyirlər ki, sizin də bəhs etdiyiniz kimi, Azərbaycan Ermənistan tərəfindən işğal edilmiş torpaqlarını, Qarabağ bölgəsini geri almağa qadirdir. Lakin buna digər güclər mane olur. Həqiqətən də bu problemin həllində söz sahibi həmin dövlətlərdir? Yoxsa, siz işğal altındakı ərazilərinizi azad etməyi bacarmırsınız?

- Həqiqət budur ki, münaqişənin həlli ilə bağlı yaradılmış, Rusiya, ABŞ və Fransanın həmsədrlik etdiyi ATƏT-in Minsk qrupu Ermənistanın işğal olunmuş Azərbaycan torpaqlarından çıxarılmasını istəsə, buna qısa zamanda nail ola bilər. Həmsədrlər düzgün və qəti qərar qəbul etsələr, heç olmasa bu günə kimi qəbul olunmuş çoxsaylı qərarların icrası istiqamətində real addımlar atsalar, problem aradan qaldırılar. Nəzərə alınmalıdır ki, bu problem bütün region, hətta Avropanın təhlükəsizliyinə təhdiddir. Azərbaycan Dağlıq Qarabağda yaşayan ermənilərə azad, öz mədəniyyət və adət-ənənələrini qoruyaraq yaşamaq imkanı verdiyini dəfələrlə bəyan edib.

Azərbaycan öz ərazilərinin Ermənistan tərəfindən işğal altında saxlanmasına sonsuza qədər səbir göstərməyəcək. Əksinə, vaxt gələcək ki, Azərbaycan təkbaşına, öz gücü ilə ərazilərini işğaldan tamamilə azad edəcək. Bizim dövlətimiz buna hazırdır.

- İki ay bundan əvvəl, Azərbaycanda Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı referendum keçirildi. Azərbaycan xalqının 86 faizinin razılıq verdiyi konstitusiya dəyişiklikləri arasında prezidentin səlahiyyətlərinin genişləndirilməsi, prezidentlik müddətinin 5 ildən 7 ilə artırılması, həmçinin fərdi və özəl mülkiyyətlər barədə və digər məsələlərə dair dəyişikliklər var. Həmçinin gənclərin ölkənin siyasi həyatında daha çox iştirakını təmin edən imkanlar yaradılıb. Eyni zamanda, bəzi ittihamlar da var ki, bu dəyişikliklər Azərbaycanı demokratik inkişaf yolundan çəkindirir. Bu barədə nə deyə bilərsiniz?

- Azərbaycanda həyata keçirilən Konstitusiya islahatlarının başlıca məqsədi müasir dövrün reallıqları nəzərə alınmaqla dövlət idarəetmə sistemini daha da təkmilləşdirmək, mərkəzi icra hakimiyyətinin səmərəli fəaliyyətini təmin etmək, iqtisadi sahədə islahatlar kursuna uyğun yeni çevik və effektiv idarəetmə mexanizmi formalaşdırmaq, insan hüquq və azadlıqlarının qorunması üçün daha etibarlı mexanizm yaratmaq olmuşdur. Bununla yanaşı, hesab edirəm ki, hazırda dünyada iqtisadi böhranın hökm sürməsi, neft hasil edən dövlətlərin bu prosesdən ciddi əziyyət çəkməsi iqtisadi idarəetmə sisteminin daha da təkmilləşdirilməsini, rəqabət qabiliyyətli, güclü, neft amilindən azad iqtisadiyyatın formalaşdırılmasını zəruri etmişdir. Konstitusiya dəyişiklikləri də ilk öncə iqtisadi sahəni hədəfləyir.

Azərbaycan neftdən gələn gəlirlərinin bir hissəsini iqtisadiyyatın inkişaf etdirilməsinə, ölkənin ümumi inkişafına sərf edib. Bunun nəticəsində biz iqtisadiyyatın qeyri-neft sektorunu inkişaf etdirməyə, müasir infrastruktur yaratmağa, şəhər və rayonların simasını dəyişdirməyə və müasirləşdirməyə nail olduq. Lakin hazırda neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi, milli gəlirin azalması mövcud itkiləri kompensasiya edə biləcək qərarların qəbulunu və müvafiq tədbirlərin görülməsini zərurətə çevirmişdir. Onu da qeyd edim ki, Prezident İlham Əliyev 2016-cı ili həm də iqtisadi islahatlar ili kimi xarakterizə etmiş, bu istiqamətdə çox mühüm addımlar atılmaqdadır.

Beləliklə, referendumun iqtisadi idarəetmənin daha fəal şəkildə həyata keçirilməsini və iqtisadi həyatın daha da optimallaşdırılmasını hədəfləyir. Digər tərəfdən, islahatlar xalqın, xüsusilə gənclərin siyasi proseslərdə daha fəal iştirakına yeni imkanlar yaradacaqdır. Dəyişikliklər sayəsində istər Azərbaycanda, istərsə də xarici ölkələrdə ali təhsil almış və uğurlara imza atmış gənclər dövlət quruculuğunda, ölkənin siyasi həyatında daha yaxından iştirak etmək imkanı əldə edirlər.

Prezidentin səlahiyyətlərinin 5 ildən 7 ilə artırılmasına gəlincə, bu, beynəlxalq praktikada da geniş yayılmış təcrübədir. Mövcud dəyişikliklər imkan verəcək ki, dövlət idarəçiliyi sahəsində əldə olunmuş təcrübə praktikada tətbiq edilsin və ölkəni daha sürətlə inkişaf etdirmək mümkün olsun.

Buna görə də əminliklə bildirirəm ki, Azərbaycan xalqının tam dəstəyi ilə həyata keçirilmiş dəyişikliklər qarşıdan gələn dövrdə Azərbaycanın hərtərəfli inkişafına şərait yaradacaqdır. Buna görə də guya bu dəyişikliklərin Azərbaycanda demokratiyanın geriləyəcəyinə səbəb olacağına dair iddiaları əsassız hesab edirəm. Azərbaycan demokratik ölkədir və burada azadlığın sərhədləri çox genişdir.

- Avropa və beynəlxalq insan haqları təşkilatları ittihamlar irəli sürürlər ki, Azərbaycan medianı, müxalifətin səsini boğur, təqib edir və daim çalışır ki, daxili siyasətdə təkhakimiyyətlilik olsun. Həmçinin bu ittihamlar arasında insan hüquq və azadlıqları, söz azadlığının pozulması da var. Bu ittihamlara necə cavab verərdiniz?

- Azərbaycanda media və söz azadlığının olmaması iddiası yalandır və müəyyən maraqlı dairələrin Azərbaycana qarşı apardıqları kampaniyanın tərkib hissəsidir. Bircə Azərbaycanda deyil, müsəlman ölkələrinin əksəriyyətində əhalini, xüsusilə gəncləri müəyyən məqsədlərə uyğun istiqamətləndirməyə cəhdlər edilir. Gəncləri inandırmağa çalışırlar ki, guya onlar sıxışdırılır, guya İslam aləmində demokratiya yoxdur. Bir sıra tanınmış beynəlxalq təşkilatlar və KİV-lər də bu iddiaları həqiqət kimi təqdim edirlər.
Azərbaycanda 3 min 500-dən çox vətəndaş cəmiyyəti təşkilatı var. Bizdə yüzlərlə qəzet, jurnal, onlarla televiziya və radio kanalı fəaliyyət göstərir. Ölkədə internet tam azaddır. Azərbaycanda media azadlığının səviyyəsini görmək üçün gündəlik çıxan qəzetlərə və internetə nəzər salmaq kifayətdir. Bu zaman görəcəksiniz ki, Azərbaycanın media məkanı azad və plüralistdir.

- Asiya, Avropa, Yaxın Şərq və regionun başqa ölkələri arasında tranzit mərkəzə çevrilməyə, həmçinin enerji tranziti mərkəzi olmağa çalışır. Azərbaycan bunu necə həyata keçirir və bu sahədə hansı işləri görüb?

- Qeyd etdiyim kimi, Azərbaycan Şərq ilə Qərb, Şimal ilə Cənuba gedən yolların qovuşuğunda yerləşir. O, İran vasitəsilə Fars körfəzinə, Rusiya vasitəsilə Şimala, Xəzər dənizi vasitəsilə Asiyaya və Mərkəzi Asiyaya, Gürcüstan vasitəsilə Türkiyə və oradan da Qərbə çıxır. Ötən dövr ərzində Azərbaycan transmilli enerji və nəqliyyat-kommunikasiya layihələrinin həyata keçirilməsi, ölkənin beynəlxalq tranzit mərkəzinə çevrilməsi sahəsində çox mühüm nailiyyətlər əldə edib. Ölkədə hava, dəniz, dəmir yolu nəqliyyatı infrastrukturu ən müasir standartlara uyğun yenidən qurulub.

Hazırda Azərbaycan ildə 30 milyon ton yükü Çindən Avropaya və Avropadan Çinə, İrandan və Şərqdən Şimala və Rusiyaya, Rusiyadan da Yaxın Şərqə daşımaq imkanına malikdir. Burada ciddi rəqabət vardır və Azərbaycan da beynəlxalq tranzit sistemində yer tutmaq üçün lazımi tədbirlər görür. Bu məqsədlə Azərbaycandan keçən Şərq-Qərb və Cənub-Şimal nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində işlər gedir. Ölkəmizdə artıq beynəlxalq səviyyəli yeni hava limanları, dəniz limanı tikilib. Gələn il Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin başa çatması ölkəmizin tranzit imkanlarını kifayət qədər genişləndirəcək, Asiya ilə Avropa arasında yük daşımalarını və kommunikasiyaları asanlaşdıracaqdır.
Həmçinin Azərbaycan özünün enerji ixracı marşrutlarını formalaşdırmış, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri uğurla fəaliyyət göstərir. Eyni zamanda, ölkəmiz böyük təbii qaz hasilatçısıdır və buna görə də Azərbaycan qazının Avropa bazarına çıxarılması üçün “Cənub qaz dəhlizi”nin reallaşdırılmasına - TANAP və TAP layihələrinin tikintisinə başlanılıb.

Beləliklə, Azərbaycan iqtisadiyyatın qeyri-neft sektorunu, daxili istehsalı gücləndirməklə, həmçinin enerji və nəqliyyat layihələrini gerçəkləşdirməklə öz gələcək inkişafını təmin etməyə çalışır.

- Neft-qaz gəlirlərinin azalması, qiymətlərin böyük dərəcədə aşağı düşməsi Azərbaycan iqtisadiyyatına necə təsir edib? Azərbaycan neft-qaz gəlirlərinin azalmasından sonra öz iqtisadiyyatını çevik və davamlı saxlamaq üçün nə etdi?

- Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində deyib ki, neft dövrü artıq bitib və Azərbaycanın inkişafı qeyri-neft iqtisadiyyatının inkişafı ilə bilavasitə bağlıdır.
Neft-qaz gəlirlərinin azalması başqa dövlətlər kimi Azərbaycan iqtisadiyyatına da təsir edib. Təbii ki, hökumət qənaət rejiminə keçib, ikinci planda olan bir sıra layihələrin icrası dayandırılıb. Bununla yanaşı, ölkəmiz üçün strateji əhəmiyyət kəsb edən məsələlərin həlli davam etdirilir, əhalinin sosial təminatında hər hansı problem yaranmayıb.

Yeni şəraitdə Prezident İlham Əliyev dərin iqtisadi islahatların həyata keçirilməsini elan etdi, gəlirlərin neft-qazdan asılılığının tədricən azalmasına əsaslanan yeni iqtisadi siyasətin reallaşdırılmasına başlandı. Beləliklə, Azərbaycan üçün 3 sektorun inkişaf etdirilməsi prioritetdir: beynəlxalq nəqliyyat-tranzit şəbəkəsinin formalaşdırılması; torpaqların səmərəli istifadəsi, kənd təsərrüfatının inkişaf etdirilməsi və bu sahədə ixrac potensialının yüksəldilməsi; turizm sektorunun inkişafı.

Qeyd edim ki, son illər Azərbaycanın turizm sektoruna böyük investisiyalar yatırılıb. Yüzlərlə müxtəlif səviyyəli otel, onlarla istirahət mərkəzi tikilib.

Həmçinin son illər texnologiya və rabitə sahəsində də ciddi inkişaf vardır. Azərbaycan artıq fəzaya iki süni peyk çıxarıb. Ölkəmiz bu sahəni daha da inkişaf etdirməyə səy göstərir.

- Azərbaycan və ərəb dövlətləri. Əvvəllər Azərbaycan, sanki, ərəb dövlətlərindən uzaq qalmışdı. İslam Əməkdaşlıq Təşkilatının üzvü olsa da, islam dünyası ölkələri ilə əməkdaşlıqdan çəkinirdi. Lakin son dövrlərdə Azərbaycanın ərəb dövlətləri ilə əlaqələrinin inkişafının şahidi olduq, qarşılıqlı səfərlər oldu. Bilirik ki, ərəb dövlətləri, xüsusilə Körfəz ölkələri ilə əməkdaşlığı gücləndirmək üçün Azərbaycanın proqramı var. Azərbaycanın ərəb dövlətləri ilə əməkdaşlığa can atması planının hədəfi nədir?

- Əvvəlcə onu vurğulayım ki, Azərbaycan Prezidenti İlham Əliyev multikulturalizm dəyərlərini, humanitar əməkdaşlığı ən çox təbliğ edən, islamofobiyaya qarşı ən çox çıxış edən dövlət başçılarından biridir. Azərbaycan xalqı və dövləti islam dünyasının hisslərini duyur, müsəlman xalqları ilə həmrəyliyik nümayiş etdirir, onların ağrılarına ürəkdən yanır. Azərbaycan ərəb-islam dünyasını düşündürən bütün problemləri ən çox müdafiə edən ölkələrdən biridir. Bu gün Azərbaycan bəzi Qərb dairələrinin müsəlmanlardan terrorçu obrazı formalaşdırmaq cəhdlərinə qarşı ən kəskin şəkildə çıxış edən ölkələrdəndir.
Azərbaycanın istər İslam Əməkdaşlıq Təşkilatı, istər başqa beynəlxalq təşkilatlar, istərsə də ikitərəfli çərçivədə islam, o cümlədən ərəb ölkələri ilə çox yüksək münasibətləri vardır. Biz bu yaxınlarda İƏT-ə üzv olan bir çox islam ölkələri ilə viza rejimini sadələşdirdik ki, bu da qarşılıqlı səfərlərə, xalqlarımızın bir-birini daha yaxından tanımasına müsbət təsir göstərəcəkdir. Son bir ilin müşahidəsi vətəndaşlarımız arasında qarşılıqlı turist səfərlərinin xeyli artdığını göstərir.

Son zamanlarda Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri ilə müştərək investisiyalar artıb. Müsəlman ölkələrindən iş adamları ticarət, sənaye, inşaat və turizm sahələrində sazişlər bağlamaq üçün Azərbaycana gəlməyə başlayıblar. Hesab edirəm ki, qarşıdan gələn dövrdə bu əlaqələr daha da intensivləşəcək.


 AZƏRTAC
VƏTƏNSEVƏRLƏR 


9 Aralık 2016 Cuma

TÜRKİYƏ VƏ RUSİYA ANLAŞIB : HƏLƏB QARABAĞA DƏYİŞDİRİLİR...


Qarabağ mövzusu son günlər təzədən regional siyasi gündəmin ön sıralarına çıxmaqdadır. Məsələyə hazırda aktuallıq və ağırlıq verən isə konflikt ətrafında Türkiyə-Rusiya, Türkiyə-Azərbaycan və Azərbaycan-Rusiya münasibətləri kontekstində nəzərə çarpan yeni gəlişmələr, cərəyan edən proseslərdir.

Siyasi təhlilçilər Bakı-Ankara-Moskva “üçbucağı”nda həm də Dağlıq Qarabağ mövzusundan dolayı baş verənləri nəzərdən qacımırlar. Söhbət öncəliklə Rusiya xarici işlər naziri Sergey Lavrovun son Türkiyə səfəri, bu səfərdən dərhal sonra onun türkiyəli həmkarı Mövlud Çavuşoğlunun Bakı, onun ardınca isə baş nazir Binəli Yıldırımın 3 günlük Moskva səfərlərinə önəm verirlər.

Bu xüsusda Rusiyanın “Rosbalt” nəşrinin analitiki İrina Corbenadzenin “Qarabağı Hələbə dəyişdiririk?” başlıqlı məqaləsi diqqət çəkir. Təhlilçinin sözlərinə görə, son günlər Rusiya və Türkiyənin iştirakı ilə labirintli geosiyasi proseslər müşahidə edilməkdədir. Onun fikrincə, M. Çavuşoğlunun axırıncı Bakı səfərinə heç bir diqqət ayırmamaq da olardı, əgər aşağıdakı üç məqam olmasaydı: “1. Səfər Prezident Ərdoğanın Bəşər Əsədlə bağlı verdiyi son xoşagəlməz açıqlamaya dair rusiyalı həmkarı ilə izahatından sonraya təsadüf edir; 2. Sergey Lavrovla görüşdən dərhal sonra baş tutub; 3. Ərdoğanın ”Türk axını" ilə bağlı qanunu imzalaması ərəfəsinə düşüb".

Məqalədə daha sonra deyilir: “Rəsmi məlumatlara görə, Çavuşoğlu azərbaycanlı həmkarı Elmar Məmmədyarovla Qarabağ nizamlaması da daxil, bütövlükdə regiondakı situasiyanı müzakirə ediblər. Azərbaycanlı nazir həmçinin iki ölkə arasında iqtisadi əməkdaşlığın, o sırada TANAP qaz kəməri layihəsi çərçivəsində əməkdaşlığın müzakirə predmeti olduğunu deyib. Rəsmi informasiyalar quru xarakter daşıyır. Lakin ekspertlərin olduqca maraqlı və detallı yanaşmaları var. Onların qənaətincə, Türkiyə XİN başçısı Bakıya heç də ”əliboş" gəlməyib, əksinə “tam əli dolu” səfər edib.

O sırada, politoloq Əngin Özər Ankaranın Qarabağ nizamlanmasında köməyi kontekstində deyib: “Əhməd Davudoğlunun baş nazir postundan istefa verməsindən dərhal sonra Türkiyə tərəfi ”Hələb müqaviməti"ni dəstəkləməyi dayandırdı. Hamıya bəllidir ki, Hələb yaxın zamanlarda Əsəd qüvvələrinin nəzarəti altına keçəcək. Və zənnimcə, bununla bağlı da Ankara və Moskva arasında hansısa anlaşma olacaq. Daha dəqiqi, Türkiyə Əsədin Hələbə nəzarət eləməsinə mane olmayacaq, Rusiya isə öz növbəsində Qarabağ probleminin Bakının xeyrinə həllinə yardımçı olacaq".

Məqalə müəllifi daha sonra Rusiyadakı Müasir Türkiyəni Öyrənmə Mərkəzinin rəhbəri Yuri Mavaşevin fikirlərinə yer ayırıb. O da Çavuşoğlunun Bakıya əliboş gəlmədiyini söyləyib: “Türkiyə və Azərbaycan XİN başçıları arasında budəfəki Qarabağ müzakirələri xüsusi məna kəsb edən bir xarakterdə olub. O, Lavrovla razılaşdırılmış bəzi təklifləri Bakıya izah edib”. Mavaşev Moskvanın Qarabağ nizamlanması ilə bağlı təşəbbüsünün Ankara tərəfindən dəstəklənməsini “ümidverici” adlandırıb: “Halbuki əvvəllər Türkiyə ATƏT-in Minsk Qrupuna və Rusiyaya sistematik şəkildə etirazlar bildirirdi. İndi baş verənlər isə mənim fikrincə, hansısa ”paket layihə"nin mövcudluğuna dəlalət edir - hansı layihədə ki, konfliktin həlli türk-erməni əlaqələrinin normallaşması ilə eyni kompleksdə nəzərdə tutulur. Belə görünür, yaxın perspektivdə biz Moskva-Bakı-Ankara-İrəvan formatının şahidi ola bilərik. Sadə dildə situasiyanı izah etsəm, indilikdə “başa baş” prinsipindən çıxış edilir: Türkiyə indi prinsipcə küncə sıxılıb. Ona Azərbaycanın və Rusiyanın köməyi lazımdır. Azərbaycan öz ərazisində bütün Gülənçiləri sıradan çıxarmaqla ona bu köməyi göstərə bilər. Bundan əlavə, Türkiyəyə TANAP layihəsinin tam həcmdə reallaşması gərəkdir. Bu, Ankaraya imkan verəcək ki, faktiki, onunla əlaqələri qırmış Avropa Birliyini cilovda saxlasın. Yəni söhbət təkcə Ərdoğanın Türkiyəni Azərbaycan və Rusiya qazı (“Türk axını”. - red.) hesabına qaz xabına çevirmək yönündə ambisiyalarından yox, həm də Avropaya təsir edərək, onu ABŞ-dan ayırmaq planından gedir. Azərbaycan isə öz növbəsində Rusiya və Türkiyə iki məsələdə - Qərbin sevimli məşğuliyyəti olan “rəngli inqilab”lardan yayınmaq və Qarabağ nizamlaması, bütövlükdə təhlükəsizliyin təmin olunması üçün lazımdır".

“Rosbalt”dakı məqalənin sonunda bir daha Türkiyə ilə Rusiya arasında mümkün Qarabağ anlaşmasına toxunulur: “Əgər Moskva və Ankaranın Qarabağ və Hələbə ”əl qatması" haqda informasiya doğrudursa, o zaman bu sövdələşməni böyük işarəli saymaq olar. Düzdür, Qarabağla bağlı bır sürü problemlər ortaya çıxacaq. Ancaq görünür ki, Türkiyə nizamlamada öz yerini ciddi şəkildə möhkəmlədib. İndi artıq o, birinci yerdə olmasa da - birinci yer Rusiyaya ayrılıb - axırıncı yerdə də deyil.

Əgər Qarabağ ixtilafı hər halda Bakının xeyrinə çözülərsə (bu haqda politoloqlar çoxdan danışır, amma Hələblə əlaqədə yox), bu, Ərdoğanın Güney Qafqazsa kiçik bir qələbəsi demək olacaq - əgər bunun qarşılığında Moskva Türkiyədən başqa əlavə məsələlərdə “anlaşma” tələb eləməzsə. Rusiyanın isə Cənubi Qafqaz da daxil (Azərbaycan kontekstində bu xüsusilə mühümdür) postsovet məkanında və Yaxın Şərqdə qələbəsi qat-qat böyük olacaq".

Azərbaycanlı siyasi şərhçi Elxan Şahinoğlunun da bu mövzuda maraqlı şərhi var. O da bu qənaətdədir ki, Çavuşoğlu son Bakı səfəri zamanı Lavrovla Qarabağ problemi ətrafında apardığı danışıqların detallarını rəsmi Bakıya çatdırıb: “Ankara ilə Moskva arasında danışıqlar intensivləşib. Məqsəd də Rusiyanın münaqişənin həlli ilə bağlı Ermənistan hakimiyyətinə təsir etməsidir. İlk növbədə Dağlıq Qarabağ ətrafındakı rayonlar boşaldılmalıdır ki, sülh prosesinə start verilsin. Lavrovun Çavuşoğlunun təkliflərinə cavabı hələlik bəlli deyil. Ancaq o da məlumdur ki, Ankara ilə münasibətlərini normallaşdıran Moskva Türkiyənin bu fəallığına və Moskva Türkiyə-Rusiya-Azərbaycan formatının yaradılmasına etiraz etmir”.

Politoloq hesab edir ki, hadisələrin bu yöndə inkişafı Ermənistan hakimiyyətini narahat edir: “Ermənistan tamamilə Rusiyadan asılı vəziyyətə düşüb, ordusu və iqtisadiyyatı Rusiyanın nəzarəti altındadır. Rusiya, hələ ki, Ermənistan hakimiyyətini müdafiə edir və konfliktin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə maraq göstərmir. Ancaq bir gün Moskvanın mövqeyi dəyişərsə və Kreml Dağlıq Qarabağ münaqişəsinin həlli məqsədilə Ermənistan hakimiyyətinə təzyiq edərsə, bu halda Sərkisyan nə edəcək? Rəsmi İrəvan Moskvaya etiraz edəcəkmi?.. Erməni diasporu da düşünür ki, yaxın zamanda Moskva Ankara ilə razılaşaraq Qarabağ münaqişəsini Azərbaycanın xeyrinə həll edəcək. Rəsmi Bakı Moskvanın Ermənistan hakimiyyətinə təsir edərək Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılmasını sürətləndirəcəyinə çox ümidlidir. Hələ ki, bu baş verməsə də, inanırıq ki, Ankara Moskvanı buna inandırmağa nail olacaq.

Həm Bakı, həm də Ankara Rusiyaya təklif ediblər ki, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli halında bölgədə regional əməkdaşlığı genişləndirmək mümkün olacaq. Bu regional əməkdaşlıq isə Rusiyanın maraqlarına cavab verəcək şəkildə inkişaf edəcək. Ancaq, hələ ki, nə Bakı, nə də Ankara Moskvadan tutarlı cavab ala bilib. Ermənistanı daha çox silahlandırmasına baxmayaraq, Rusiyanın Cənubi Qafqaz siyasətini korrektə edəcəyi istisna deyil".


MUSAVAT.COM
& VƏTƏNSEVƏRLƏR

TÜRKİYƏNİ MOSUL VƏ KƏRKÜKDƏN MƏHRUM EDƏN BAKI ERMƏNİSİ


Bu gün neft uğrunda mübarizə gedən Kərkük-Mosul bölgəsi vaxtilə Osmanlının torpaqları idi. Lakin türk imperiyasının süqutundan sonra Türkiyə də bu bölgəyə yalnız kənardan baxaraq qalıb. Ən maraqlısı isə Türkiyəni Mosul-Kərkük neftindən məhrum edən şəxsin bir erməni olmasıdır.

Osmanlı dövründə İraqdakı neft ehtiyatları ilə bağlı ilk araşdırmaları İstanbulda yaşayan erməni Kalouste Sarkis Gülbenkyan olub. Onun atasının Qapalıçarşı deyilən bazarda dükanı var idi. Onların qohumları Bakıda yaşayırdı, özləri də oradan gələnlər idi. Ata Gülbenkyan da Bakıdan qaz yağı gətirərək satırmış.

Sarkis Gülbenkyan Londonda geoloji mühəndislik təhsili alıb, əsasən də neft yataqları üzərində işləyib. Londondan İstanbula qayıdandan sonra, Osmanlı sultanı ƏIbdülhəmidin tələbi ilə araşdırmalara başlayır və Mesopatomiyada (indiki İraq ərazisi) neft tapdığı haqda sultana məlumat verir. Əbdülhəmid də 1904-cü ildən sonra həmin torpaqları şəxsi mülk olaraq satın alır.

Gülbenkyan daha sonra ilk türk Milli Bankını yaradır və 1912-ci ildə yaradılan Türk Neft Şirkətinin ("Turkish Petroleum Company") 50 faiz səhmlərinə ortaq olur.

Gülbenkyanın bankı Türk Neft Şirkəti ilə yanaşı, "Deutsche Bank"la da əməkdaşlıq edir və Mesopatomiyada fəaliyyətini davam etdirmək üçün müxtəlif şirkətlər qurur. Lakin I Dünya Müharibəsində almanlar məğlub olduğu üçün "Deutsche Bank"ın səhmləri Fransa şirkətinə keçir. I Dünya Müharibəsində Osmanlının parçalanmasından sonra ingilislərlə keçirilən görüşləri də Gülbenkyan aparır.

1926-cı ildə Mosul neftinin bölüşdürülməsi zamanı Gülbenkyanın Türk Neft Şirkəti İraq şirkəti oldu və ona yalnız 5 faiz pay verildi. Buna görə də ona "məşhur 5 faiz" ləqəbi qoyuldu. Yerdə qalan 95 faiz hissəsi isə İngiltərə, Fransa Hollandiya və Amerika arasında bölüşdürüldü, bu ölkələrin hər birinə 23,75 faiz pay düşdü. Beləliklə, Osmanlının varisi olan Türkiyə öz mirasından məhrum edildi. Halbuki, Gülbenkyanın şirkəti türk şirkəti idi və Kərkük və Mosuldakı paylar da Türkiyənin olmalı idi. Lakin bir erməni yenə də son anda xəyanət edərək, hissələri digər ölkələrə satdı.

Türkiyə heç nə edə bilmədi, yalnız Gülbenkyanın ölkəyə girişinə qadağa qoymağa gücü çatdı.


Asif,
PUBLİKA.AZ
& VƏTƏNSEVƏRLƏR