Translate

13 Aralık 2016 Salı

İSLAMDAN ÖNCƏ TÜRK TOPLUMUNDA QADININ DƏYƏR VƏ ÖNƏMİ...


Qədim Türk cəmiyyətlərində ailə ən əhəmiyyətli ictimai birlik olduğundan, ailənin təməlini təşkil edən qadın, Türk dastanlarında və Türk fəlsəfəsində elə uca bir mərtəbəyə qoyulmuşdur ki, qadını bir yüksək varlıq halına gətirən törəyə və mədəniyyətə heyran olmamaq mümkün deyil. Qadın, kişinin yeganə yoldaşı və uşaqlarının anası olduğundan başqa həm də əhəmiyyətli bir vəzifə ilə vəzifələndirilmişdir. O, Türk Millətinin tək bərəkət mənbəyi kimi dəyərləndirilmişdir. Qadına verilən bir sıra hüquqlardan bəhrələnərək Türk xanımı xanların, xaqanların, cəngavərlərin qarşısında ona hörmətlə tezim olunduğu bir şərəf abidəsi kimi baxılmışdır. Türk dastanlarında qadın ilahi bir varlıq mövqeyinə yüksəldilmişdir. Belə ki, əlçatmazlığı, toxunulmazlığı, qürur və şərəf qaynağı olması, onu hər zaman istər ailə, istərsə də cəmiyyət içində yüksək dəyərə sahib etmişdir.

Ən qədim Türk inancına görə, "Xan ilə Xatun" göy ilə yerin övladları olmuşdur. Qadın burada yeddinci qat göyə yüksələn bir varlıq kimi səciyyələndirilmişdir. Qadına, belə bir müqəddəslik verən törədə onun döyülməsi, xor görülməsi əsla mümkün olmayıb. Türk mədəniyyətində və dastanlarında qadın kişinin daim yanında, onun güc və ilham qaynağı olmuşdur. Dədə Qorqud hekayələrindən olan "Dəli Domrul"da, Domrul canının əvəzini qadınından tapmış, qadın ona heç çəkinmədən canını verəcəyini söyləmişdir. Yenə Türk mədəniyyətində dastan qəhrəmanlarından biri yaxşı at minən, qılınc istifadə edən, döyüşə bilən qadınlarla evlənmək istəməsi qeyd olunmuşdur. Necə ki, Dədə Qorquddakı Bamsı Beyrək hekayəsində iştirak edən "Banu Çiçək" bunun ən gözəl və bariz nümunəsi kimi göstərilə bilər.

Qırğızların Manas Dastanında qadın, evinin, namusunun qoruyucusudur. Qazaxlarda qadına verilən dəyər bu atalar sözüyle çox gözəl izah edilmişdir: "Birinci zənginlik səhiyyə, ikinci zənginlik isə qadındır." Bütün Türk dastanlarında Qadına sarsılmaz bir hörmət, sevgi və sədaqət ən üstün dərəcədə vurğulanmışdır. Gərdəyə girdiyi gün muradına çatmayıb öz ərəni döyüşə yola salıb, yalnız qalan qadın əri ölənə qədər onu gözləyəcəyini və üzərinə heç bir kişi tanımayacağına and içərmiş. Qadınların döyüşdə düşmənin əlinə keçməsi isə Türk kişisi üçün böyük bir zillət sayılardı. Oğuz Kaqan Dastanında qadına təcavüz edənlərin öldürüldüyü və ya gözlərinə mil çəkildiyi ifadə edilməkdədir. İran tarixçilərindən biri olan Gərdizi belə demişdir: "Məlumdur ki, Türk qadınları çox iffətlidirlər." Burda iffət deyərkən Gərdizi məhz Türk qadınının əxlaqi təmizliyini tərənnüm etmişdir. Bu tərif boşuna deyil. Necə ki, qadın adları arasında təmiz, fəzilətli mənasına gələn "Hun, Sabir, Arik, Arig, Uyğur" kimi adların olması səbəbsiz deyil. Eyni şəkildə İbn Batuta öz Şahnaməsində Krımdakı xatirələrini izah edərkən belə demişdir: "Burada qəribə bir hala şahid oldum ki, o da Türklərin qadınlarına göstərdiyi hörmətdir. Burada qadınların qiyməti və dərəcəsi kişilərdən daha üstündür." İslamiyyətdən əvvəl Türk toplumlarında qadınsız bir iş görülməzdi. Qadın kişinin tamamlayıcısı idi. O, davamlı olaraq kişinin yanında onunla çiyin-çiyinə mübarizə aparardı. Xarici dövlətlərin elçilərinin qəbulunda Xatun da Xaqanla bərabər olardı. Mərasim və şölənlərdə qadın, Xaqanın solunda oturar siyasi və inzibati söhbətlərdə sərbəst şəkildə iştirak edər və öz fikirlərini azad bəyan edərdi. Məsələn, böyük Hun İmperatorluğu adından Çin ilə ilk sülh anlaşmasını Mete Xanın xatunu imzalamışdır.

Əbülqazi Bahadır Xan "Şəcərəyi tərakimə” (1659) və “Şəcərəyi türk” (1663) əsərlərində bir sıra türk xalqlarının tarixi haqqında qiymətli məlumatlar, həmçinin xalq əfsanələri, rəvayətlər, atalar sözü və s. haqqında xeyli yazılar yazmışdır. O, Oğuz elində, yeddi qızın uzun illər boyu bəylik etdiyini izah etmiş və bu qızların adlarını belə sıralamışdır: "Boyu Uzun Burla, Barçın, Salur, Şənbə Hatun, Küni Körkli, Kerç buladı, Kuğatlı xanım. Bu əsərlərdə Türk qadını, digər cəmiyyətlərdə olduğu kimi təzyiq altında tutulmur, aşağılanmırdı. Altay dağlarının ən yüksək zirvəsinə "Qadınbaşı" adı verilərək, sanki əsrlər sonrasına qadının ucalığı haqqında bir mesaj verilirdi.

Türk millətinin İslamdan əvvəl öz qadınına verdiyi dəyər heç də digər millətlərdə eyni deyildi. Onlarda qadına münasibət tamamilə fərqli və acınacaqlı halda idi.
Cahiliyyə dövründə Ərəblərdə qadının ərinin yanındakı dəyəri, alınıb satılan bir maldan fərqsiz idi. Ərəb kişisi heç vaxt qadını ilə bir yerdə oturmaz, onunla yeyib içməz və qərarlar qəbul etməzdi. Eyni zamanda qadının heç bir miras haqqı yox idi. Halbuki, Türk toplumunda qadın miras hüququna malik idi. Məsələn; Yakutlarda qadının özünə aid mülkü mövcud olmuşdur. Buna "and" və ya "nəmsiz" adı verilmişdi. Qadının bunu istədiyi kimi istifadə etmək hüququ vardı. Çində isə, boşanma haqqı yalnız kişiyə məxsus idi. Qadınların belə bir haqqı yox idi. Halbuki Türk toplumunda qadın bütün bu hüquqlara sahib idi. "Ər arvadını, qadın da ərini boşaya bilərdi. Ər arvadının gətirdiyi cehizin əvəzini verər, qadın isə pul vermək və ya mehrindən imtina etməklə ərindən boşana bilirdi."

Qədim Türk qadını tam hüquqlu bir fərd kimi, Roma qadınından daha çox hüquqlara sahib idi. Roma hüquq qaydalarına görə qadın öz malı, mülkü üzərində hökm və ya vəsiyyət edə bilməzdi. Roma qanunları qadını tam hüquqlu qəbul etmirdi. Onu nöqsan ağıllı sayırdı. Romada dul qadının evlənməsi cinayət sayılırdı. Çində yeni doğulan uşaq oğlan olduğu təqdirdə bahalı parçalara, qız olduqda isə bez parçalarına sarılırdı. İranda isə qanları dəyişməmək üçün yaxın qohumlarla evlilik uyğun görülmüşdür. Bu səbəbdən zamanla ana və bacıları ilə evlənənlər də ortaya çıxmışdır. Eyni şəkildə Cahiliyyə Ərəblərinin qız uşaqlarını diri-diri basdırmağı zamanın ən acı bir həqiqəti olmuşdur. Qız uşağına sahib olmaq ata üçün şərəfsizlik sayılmışdır. Bundan yüz il əvvələ qədər qadın kişinin süfrəsinə oturma haqqına sahib olmadığı kimi, soruşulmadan sözə başlaması da caiz deyildi. Əri başının ucuna böyük bir çubuq asardı ki, arvadı nə zaman bir əmrini yerinə yetirməzsə onu istifadə etsin. Qadının sözü öz qızı yanında da keçərli sayılmazdı. Oğlan uşaqları isə analarına ev içində bir xidmətçi qadından çox dəyər verməzdilər.

Məhz belə bir dövrlərdə başqa millətlərin qadınlarından fərqli olaraq Türk qızları və qadınları cəmiyyətin şərəfli bir fərdi olaraq etibar görmüşlər. Türk qadınının belə ehtişam içində, hörmət görərək yaşaması Türk xarakter və mədəniyyətinin yüksək dəyərlərə layiq olduğunun bariz nümunəsidir. Qadın bəşəriyyətin anasıdır. Ona dəyər vermək bütün toplum və cəmiyyətlərin ən ümdə vəzifəsi və borcudur!


Umuxanım Hüseynzadə
& VƏTƏNSEVƏRLƏR

Hiç yorum yok: