Gürcüstanın eks-prezidenti, hazırda mühacirətdə olan Mixail Saakaşvili Rusiyanın ölkəsinə qarşı yeni təxribatları haqda xəbərdarlıq edib.
Virtualaz.org saytı xəbər verir ki, “ReeD” portalına müsahibəsində Saakaşvili Rusiyanın Dağıstan-Gürcüstan və Dağıstan-Azərbaycan sərhədinə çəkdiyi yeni yolun tikintisinin sürətlə aparılmasına toxunub.
Sabiq prezidentin sözlərinə görə, indi söhbət ondan getmir ki, gürcü hökuməti növbəti seçkilərə qədər yaşaya biləcək, ya yox. Söhbət bütövlükdə ölkənin gələn seçkilərə sağ çıxıb-çıxmamasından gedir.
“Bu, indi əsas məsələdir və mən hesab edirəm ki, indiki şərtlərdə ölkə növbəti seçkilərə sağ çıxmayacaq. Burası dəqiqdir. Niyə? Ona görə ki, Rusiya isterik şəkildə Dağıstandan Gürcüstana hərbi müdaxilə üçün yol çəkir. Bu yol Tiflisə və Azərbaycana birbaşa müdaxilə üçün nəzərdə tutulub. İndi “Cənub axını”nı bağladıqları bir vaxtda Putin Gürcüstan və Azərbaycan vasitəsilə alternativ qaz ixracını dayandırmağı nəzərdə tutur. Biz yaxın vaxtlarda hər cür təxribatlar, xoşagəlməz hadisələr gözləməliyik. Bunların qarşısını almaq üçün dövlətin immuniteti, güclü hakimiyyəti olmalıdır. Gürcüstanda isə bunlar yoxdur, əksinə, vəziyyət hər keçən gün daha betər olur” - deyə Mixail Saakaşvili bildirib.
Eks-prezidentin mövqeyinə görə, söhbət Skandinaviya ölkələrində olan adi siyasi prosesdən yox, geosiyasi baxımdan olduqca həssas, əlçatan regionda “həddən artıq təhlükəli diktator” Putinin açıq, qətiyyən maskalanmamış təcavüzündən gedir.
“Ona görə də biz indi çox ayıq olmalıyıq, bu xırda çəkişmələrə vaxt itirməməliyik” - deyə keçmiş prezident əlavə edib.
Saakaşvili Gürcüstana qayıtmağa hazırlaşdığını da deyib. Onun sözlərinə görə, qayıdışı indiki hakimiyyətin hesabladığından çox tez baş verəcək: “Onlar mənim qayıtmağımdan qorxur, hər cür cinayət işləri qaldırıblar. Ancaq bu ittihamlar sadə səbəbdən karton evciklər kimi uçub-dağılır: bütün bu ittihamlar saxtadır və insanlar bunu bilir. Mən özüm kifayət qədər səbr toplamışam və hesab edirəm ki, o, öz bəhrəsini verir”.
Qələmini sınayan baş nazir Dmitri Medvedev sərt sözlər işlətdi
Rusiya baş naziri Dmitri Medvedev Ukraynanın Avropa yolunu seçməsindən danışarkən Türkiyəni də ələ salıb.
ANS PRESS-in məlumatına görə, Medvedev deyib: "Ukrayna nə zaman Avropa Birliyinə (AB) girəcək? Türkiyədən sonra. Türkiyə nə zaman AB üzvü olacaq? Heç bir zaman".
Ukraynadakı vəziyyətlə bağlı "Nezavisimaya" qəzeti üçün məqalə yazan Medvedev qeyd edib: "Bir il əvvəl Rusiya ilə Ukraynanın bir-birinə düşmən olacaqlarını biri mənə söyləsəydi, qətiyyən inanmazdım. Amma bu oldu. Əsrlik birliyimiz bir ildən qısa müddətdə düşmənçiliyə çevrildi. Ukrayna bu işdən qazanclı çıxacaqmı? Xeyr".
Daha sonra Medvedev yazıb: "Avropa yolunu seçdiyini xalqına elan edən indiki Kiyev hakimiyyətinə AB kürsü vermədiyi kimi, heç kənarda oturmaq üçün taburetka belə təklif etmir. Ukraynaya baxanda ağlıma Türkiyə gəlir. Türkiyə ilə AB arasında ortaqlıq razılaşması 51 il əvvəl imzalanıb. Nəticə olaraq nə görürük? Türkiyə hələ Avropa qapısının astanasında gözləyir. Bir zaman Rusiyanın baş naziri olmuş Viktor Çernomirdinin məsələ ilə bağlı etdiyi zarafat yadıma düşür: "Ukrayna nə zaman AB-yə girəcək? Türkiyədən sonra. Türkiyə nə zaman AB üzvü olacaq? Heç bir zaman”. Təəssüf ki, Çernomirdinin etdiyi bu zarafat həqiqətləri çox yaxşı göstərir".
ANN.Az
TƏHLİL
Vladimir Putinin Ankara səfərindən öncə siyasi səhnədə sıradan hadisə kimi qarşılanan mühüm bir detal baş verdi. Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla Azərbaycan prezidenti İlham Əliyev telefon vasitəsilə danışdı və Ərdoğan azərbaycanlı həmkarının Antaliyada keçirilənə “böyük iyirmiliyin” sammitinə dəvət etdi. Həmçinin Rusiya-Türkiyə münasibətlərinin gələcəyi haqda fikir mübadiləsi aparıldı
Əslində, bu, diqqətdən yayınmayacaq qədər mühüm detaldır. Çünki Ankara-Moskva yaxınlaşması Bakıya regionda siyasi güc və iqtisadi dividentlər gətirməklə yanaşı, ölkənin əsas prioriteti olan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində də önəmlidir. “Hər şey Rusiyanın əlindədir”. Bəzən bu tipli açıqlamalar ciddi qəbul edilməsə də, Moskvanın İrəvanın siyasətini idarə etməsi təkzibolunmaz faktdır. Deməli, Ermənistanı işğal etdiyi torpaqlardan çıxmağa da ancaq ruslar məcbur edə bilər. Amma əvvəlcə bu istək Moskvada olmalıdır.
Bu günə qədər Moskva üçün postsovet ölkələrindəki qeyri-sabit vəziyyət, dondurulmuş münaqişələrin mövcudluğu sərfəli olub. Ekspertlər eyni yanaşmanı Dağlıq Qarabağ münaqişəsinə də şamil edirlər. Bu keçmiş imperiyanın özündən qopmuş torpaqlara hakim olmaq kimi təbii hissdən və dünya nizamındakı qarşıdumadan irəli gələn məsələdir.
Lakin regiondakı son proseslər Moskvanın Qarabağ münaqişəsinə yanaşmasını da dəyişdirdiyi ehtimalını gücləndirir. Qərb sanksiyaları qarşısında iqtisadi çöküş yaşayan Rusiya üçün regionun aparıcı ölkələri olan Türkiyə və Azərbaycanla münasibətləri isti tempdə saxlamaq olduqca vacibdir. Təsadüfi deyil ki, Avropanın qorxusuna çevrilən “Cənub axını” layihəsindən imtina edən Putin çox uzağa getmədən eyni marşrutu Türkiyəyə köçürmək niyyətini açıqladı. Azərbaycan da Rusiya üçün sanksiyalar qarşısında duruş gətirməyin əsas dayaqlarından biri rolunu oynayır. Deməli Moskva üçün indiki vaxtda Ankara və Bakının istəyinə qarşı çıxmaq sərfəli olmaz.
Buna paralel olaraq, Rusiyanın müəllifi olduğu Avrasiya İttifaqına qoşulan Ermənistana çıxışlar əldə etmək Kreml üçün prioritet məsələdir. Bunun üçün üç yol var. Gürcüstan, İran və Türkiyə. Gürcüstan Avropa Birliyi ilə Assosiativ Sazişi imzaladığı üçün artıq Avropa Birliyinə daha yaxın ərazi hesab olunur və Qərbə qarşı olan ittifaqın üzv dövlətinə öz ərazisindən tranzit vermək öz əlində deyil. İran Ermənistan üçün ən unikal variantdır. Lakin Tehranın Qərblə yumşaq siyasət qurmaq istəkləri buna maneələr yarada bilər. Nəhayət, Türkiyə yolu qalır. Qara dəniz üzərindən keçən bu yol yalnız Türkiyə-Ermənistan sərhədlərinin açılmasından sonra baş tuta bilər. Bunun üçünsə Ankaranın zaman-zaman dilə gətirdiyi kimi, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarının azad etməlidir.
Digər tərəfdən, Ankara-Bakı-Moskva üçbucağının birlikdə əldə edəcəkləri güc regionda əsas qüvvə olacaq. Bu qüvvənin mərkəzindən qaçmaq Ermənistana sərf etməz, xüsusilə, gücün əsas tərəfindən biri arxasını söykədiyi Rusiyadırsa. Bu baxımdan, hazırda çətin vəziyyətdə olan Moskvanın Dağlıq Qarabağa görə İrəvana təzyiq etmək ehtimalı böyükdür.
Burada Türkiyənin də Rusiya ilə yaxınlaşmasının bir sıra siyasi və iqtisadi maraqları mövcuddur. Ankara Rusiya ilə yaxınlaşmada Qarabağ münaqişəsinin həlli açarını ələ keçirməyin mümkün olduğunu anlayır. Münaqişənin həllində mühüm rol oynamaq Türkiyə üçün əsas maraq dairələrindən olan Cənubi Qafqazda möhkəmlənmək və Ermənistanla sərhədləri rahat şəkildə açaraq bu ölkənin təsir dairəsinə keçmək deməkdir.
Bakı üçünsə ən önəmli olan ərazi bütövlüyünün bərpasıdır. Həmçinin bütün hallarda qazanan o və yaxın müttəfiqləri olacaq.
“Trend” informasiya agentliyinin eksperti, keçmiş təhlükəsizlik zabiti Arzu Nağıyev Publika.az-a açıqlamasında Ankara-Bakı-Moskva yaxınlaşmasının münaqişənin həllinə müsbət təsir edəcəyini düşünür.
“Türkiyə - Rusiya görüşləri, nəhayət, dekabrın 1-də reallaşdı. Rusiya prezidenti Vladimir Putin Ankarada Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanla görüşdü. Əvvəlcədən də deyildiyi kimi, əsas məsələ iqtisadi əlaqələrin möhkəmləndirilməsi oldu və görüşün yekunu kimi səkkiz sənəd imzalandı. Türkiyəyə ixrac edilən təbii qazın qiymətində 6 faiz endirim ediləcəyi haqqında razılıq əldə edildi. Bundan başqa, bu görüş “Akkuyu” atom elektrik stansiyasının (AES) tikintisi layihəsinin təsdiqlənməsi ilə yadda qaldı. Məlumdur ki, regionda həlli vacib olan problemlərdən biri də Dağlıq Qarabağ münaqişəsidir və bu problem həll edilmədən regional stabillikdən söhbət gedə bilməz”, - deyə ekspert Putinin Ankara səfəri haqda danışarkən bildirib.
A. Nağıyev Bakının Ankara-Moskva yaxınlaşmasından münaqişənin müsbət həlli istiqamətində şans əldə edə biləcəyini düşünür: “Rusiyaya qarşı ABŞ və Avropa Birliyi ölkələrinin tətbiq etdiyi sanksiyalara baxmayaraq, Türkiyənin belə sərbəst siyasət yeritməsi, kənd təsərrüfatı məhsullarının Rusiyaya ixracı və s. çox cəlbedici görünür. Deməli, burada hər bir dövlətin öz marağı mövcuddur. O cümlədən, Azərbaycan da öz maraqlarından çıxış edir. Rusiya Türkiyə vasitəsilə öz qazını satır və ciddi maliyyə sanksiyalarını qismən həll edir, Türkiyə ixrac və idxal bazarını artırır, Azərbaycan isə qaz ixracında müəyyən irəliləyiş əldə edir. Ən başlıcası isə Ankara və Moskvanın yaxınlığından Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə təsir edə biləcək bir şans əldə edir. Bildiyimiz kimi, Ermənistanla sərhədlərin açılmasında Türkiyəyə artıq Roma katolik kilsəsi vasitəsilə yeni bir dini təzyiq də əlavə edilib”.
Ekspert Ankara-Bakı-Moskva yaxınlaşmasının Ermənistanın bir sıra siyasi dairələrini narahat etdiyini bildirib.
“Çünki Rusiya Türkiyənin qoyduğu bəzi şərtlərlə razılaşmaya bilməz və bunu yerinə yetirməlidir. Bu halda isə Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini dəstəkləməlidir. Yəni, Rusiya-Türkiyə yaxınlaşmaları Dağlıq Qarabağ məsələsinin həllinə ancaq müsbət təsir edəcək. Deməli, münaqişə ilə bağlı danışıqlarda müsbət dönüş yarana bilər”, - deyə o vurğulayıb.
03 Dekabr 18:07
virtualKarabakh.az
“Ukrayna və Rusiya Federasiyası arasında müharibə bitdikdən sonra qonşu dövlətlər tarixi ərazilərin qaytarılması üzrə iddialarla çıxış edə bilər”.
Belə bir iddia ilə Rusiya Prezidentinin keçmiş məsləhətçisi, ABŞ-ın Katona İnstitutunun elmi işçisi Andrey İllarionov çıxış edib.
A.İllarionovun sözlərinə görə, Rusiya bir sıra ərazilərdən məhrum ola bilər: “Pskov vilayətinin Ptalovski rayonu Latviya, Leninqrad vilayətinin Kinqisepski rayonu Estoniya, Karel bərzəxinin şimalı və Peçenqa Finlandiya, Smolensk və Bryansk vilayətləri Belarus, Voronej və Rostov vilayətləri, həmçinin Krasnodar vilayəti Ukraynaya, Qərbi Sibirin əhəmiyyətli əraziləri Qazaxıstana, ən azı 1,5 milyon kvadrat kilometrlik Sibir və Uzaq Şərq ərazisi Çinə, Kuril adaları və Saxalin isə Yaponiyaya keçə bilər”.
O həmçinin təbii qaz və neft yataqları, bank sistemi və magistral boru kəmərlərinin beynəlxalq nəzarətə keçə biləcəyini istisna etmir.
İllarionov hesab edir ki, Rusiya Federasiyası müasir dünyanın əhəmiyyətli hissəsinə qarşı birbaşa təcavüz edəcəyi halda ölkənin potensialı tamamilə dağıdılacaq, böyük ərazilərdə aclıq və epidemiyalar təhlükəsi yaranacaq.
“Rusiyanın sağ qalmış vətəndaşlarının əksəriyyəti müvəqqəti hökumətdən Krımın dərhal Ukraynaya qaytarılmasını tələb edəcək. Ukrayna ilə normal diplomatik, iqtisadi və humanitar münasibətlərin bərpası Rusiya cəmiyyətinin nəhəng faciəsindən sonra əsas məsələ olacaq”, - deyə Rusiya prezidentinin keçmiş məsləhətçisi deyib.
Onun sözlərinə görə, Rusiya üçün qorxunc ssenarinin reallaşmasına qədər Krımı könüllü və daha sadə şəkildə qaytarmaq mümkündür.
Qeyd edək ki, İllarionov iki gün əvvəl “Amerikanın səsi” radiostansiyasının verdiyi müsahibəsində Rusiyanın təcavüzkar siyasətindən danışıb. A.İllarionov proqnozlaşdırır ki, Kreml növbəti iki il ərzində Ukraynanın müstəqilliyinə son qoymaq üçün bütün mümkün və qeyri-mümkün resursları səfərbər edəcək.
Ömər Dağlı
Publika.az
Mixail Xodorkovskidən bədbin proqnozlar
1997—2004-cü illərdə "YUKOS" neft şirkətinin əsas sahibi və rəhbəri olmuşdur Mixail Borisoviç Xodorkovski uzun müddət Rusiya prezidenti Vladimir Putinin istəyi ilə həbsdə saxlanılıb. Putinin 20 dekabr 2013-cü il tarixli sərəncamı ilə əfv olunaraq azadlığa çıxan cənab Xodokovski hazırda Rusiya liberallarının əsas fiqurlarından biri kimi Qərbin diqqət mərkəzindədir.
“BBC”yə son müsahibəsində o, bildirib ki, Rusiyanın siyasi müstəvisində ciddi proseslər gedir və ölkədə iri miqyaslı vətəndaş müharibəsinin olması gözlənilir: “Ukraynada baş verənlər şübhəsiz ki, Rusiyaya pis təsir edir. Rusiyada avtoritar rejimin güclənməsi, demokratiya uğrunda mübarizə meydanının xarabalığa çevrilməsi proqressiv kəsimi məyus edib. Onlar ölkənin texniki baxımdan inkişafını arzulayırlar. Rusiyanın azad dünya ilə xoş münasibətdə olmasını istəyirlər. Mən əminəm ki, Putin tezliklə populyarlığını itirəcək. Putin rejimi gec-tez çökəcək. Söhbət nə qədər qanın axmasından gedir. Vaxt keçdikcə Rusiyada vəziyyət daha da pisləşəcək. Ola bilər ki, rejim saray çevrilişi nəticəsində dəyişsin, ancaq vətəndaş müharibəsi də ola bilər, özü də söhbət iri miqyaslı vətəndaş müharibəsindən gedir”.
“BBC” yazır ki, cənab Xodokovski Rusiyadakı leberallara kənardan məsləhət verməyə üstünlük verir. O, Rusiyaya qayıdaraq siyasi mübarizədə bilavasitə iştirak etmək fikrində deyil. Hətta iş o yerə çatıb ki, o, anasının dəfnində iştirak etmək üçün Rusiyaya getməkdən belə imtina edib.
“BBC” qeyd edir ki, Mixail Xodorkovski bu yaxınlarda Rusiya prezidentliyinə namizəd olacağını bəyan edib. Ancaq onun xalq arasındakı reytinqi son dərəcə aşağıdır. Belə bir göstərici ilə onun demokratik seçkilər zamanı Rusiya prezidenti seçilmək şansı yox kimidir...
Elbəyi Həsənli
Əhməd Davudoğlu:“Çözüm sürəci tamamlansaydı, Kobaniyə baxış fərqli olacaqdı”
Türkiyənin baş naziri “Aqil İnsanlar”la görüşündə İŞİD, PKK ilə bağlı gündəmdən danışıb; Türkiyə və İraq kürdləri Ankaranın “yol xəritəsin”dən narazıdır
Bu sözləri Türkiyənin baş naziri Əhməd Davudoğlu oktyabrın 19-da İstanbulun ünlü Dolmabahçe Sarayında “Aqil İnsanlar”la (“Aqil İnsanlar” ötən il o zamankı baş nazir Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə vətəndaş həmrəyliyi yaradılması üçün ictimai xadimlərdən ibarət qrupdur – red.) görüşündə deyib.
Türkiyə-Suriya sərhədində yaşanan olaylardan, Türkiyənin daxili sabitliyini təhdid altına almaq istəyən qüvvələrdən danışan baş nazir cəmiyyətin aparıcı fiqurlarını sabitlik üçün səylərini əsirgəməməyə çağırıb: “Olaylar xeyli dərəcədə üzücüdür. Ya bu sərhədlər barışcıl yollarla aradan qaldırılacaq, ya da insanlar acı çəkməkdə davam edəcək”.
Baş nazir deyib ki, Türkiyə hökumətinin cəhdlərinə baxmayaraq PKK-yanlılar qarışıqlıq salmaq üçün cəhdləri davam etdirilər: “Ötən gecə “Bu gecə hər kəs silahlansın və hökumət binalarına basqın etsin” deyə tweet yazılıb. Biz nə qədər humanizm prinsiplərindən davransaq da, provokativ bir qurum ara qarışdırmaqla məşğuldur. Nəticədə şəhərlər yanır, insanların həyatı alt-üst olur. Biz başlatdığımız çözüm sürəcini davam etdirməkdə maraqlıyıq. Bu arada sizin diqqətinizə çözüm sürəcinin xarakterini bir daha çatdırmaq istəyirəm. Çözüm sürəci millidir, lokaldır və özünəxasdır.
Biz bu problemi çözmək üçün hər yolu sınaqdan çıxarmışıq. 5 il öndə mümkünsüz görünən sürəçləri bütün siyasi riskləri gözə alaraq həyata keçirdik. Hansı tabuları necə yıxdığımız ortadadır. “Aqil İnsanlar” heyətinin formalaşması belə bizim ölkəmizdəki vətəndaş həmrəyliyi yalnız dinc yolla çözmək istədiyimizin sübutudur. Ancaq çözüm sürəci hansısa qüvvəni fikrindən daşındırmaq sürəci deyildir. Bizim fikirdən daşındırmaq öhdəliyimiz yoxdur. Bizim millətə rifah qazandırmaq öhdəliyimiz var”.
Baş nazir Türkiyə kürdlərinin Kobaniyə İŞİD hücumuna Ankaranın səssiz qalması iddialarına da münasibət bildirib: “Biz heç zaman Kobanidə baş verənlərə göz yummamışıq. Ancaq Türkiyədə çözüm sürəci Suriyada Kobani məsələsi yoxkən də var idi. Əgər bu sürəc tamamlansaydı bizim Kobaniyə də baxışımız fərqli ola bilərdi. Bir çox etirazlara baxmayaraq o zaman PYD (Suriyada İŞİD-ə qarşı vuruşan kürd partizan dəstələri) lideri Salih Müslimlə danışıqlar aparmağı gərəkli saydıq. Məqsədimiz demokratik müzakirələrin başlanması idi. Biz çağırdıq və müsbət cavab aldıq. Ancaq qarşı tərəf danışıqlarda əldə olunan məqamlara əməl etmədi. O dönəmdə bizə verilən sözlər yerinə yetirilsəydi, durum fərqli olardı. Tam tərsini etdilər, Suriya rejiminin suçlarına ortaq oldular. Hətta İŞİD türkmənləri qətlə yetirəndə də səssiz qaldılar”.
Baş nazir PKK-nın Türkiyənin güney və güney-doğu bölgələrindəki addımları haqqında sərt danışıb: “Dövlət quruluşuna tabe olmur, qanunları pozur, qarışıqlar yaradır, insanları vahimə içərisində saxlayır, onları qaçırır, hökumət binalarına hücum edirlər. Bu addımların heç biri bağışlana bilməz. Bu işin təşkilatçıları, iştirakçıları və bütün dəstəkçiləri qanunla cəzalandırılacaq”.
Türkiyə kürdlərinin partiyası kimi tanınan Xalqların Demokratik Partiyası (HDP) Qəndildə Ankaranın təklif etdiyi “yol xəritə”sini kürd yönətiminin liderləri ilə müzakirə edib. Danışıqlardan sonra mediaya yazılı açıqlama verən HDP heyəti “atılacaq praktik addımlara qarşılıq olaraq hərəkət ediləcəyini”, bildirib.
“Hürriyet” qəzeti yazır ki, Türkiyə və İraq kürdləri arasında məsləhətləşmələr 7 saat davam edib. Yazılı açıqlamadan bəlli olur ki, kürd heyət rəsmi Ankaranın “yol xəritə”sindən məmnun deyil. Detallar tam açıqlanmasa da bəlli olub ki, Ankara ötən il PKK silahlılarının Türkiyə torpaqlarından geri çəkilməsi öhdəliyinə tam əməl edilməsində israrlıdır. Onu da vurğulayaq ki, son günlər İmralı həbsxanasında ömürlük məhbus həyatı yaşayan PKK lideri Abdullah Öcalanın saxlanma şəraitinin yaxşılaşdırılması da gündəmə gətirilir. Avropadakı PKK dəstəkçilərinin gündəmə daşıdığı bu məsələ HDP liderlərinin Ankara qarşısında məsələ qaldırmasına səbəb olub. AKP iqtidarının bir sıra üzvləri PKK liderinin saxlanma şəraitinə baxılması məsələsinin mümkünlüyünü bildirsələr də, prezident Rəcəb Tayyib Ərdoğan buna etiraz edib. Son açıqlamasında Türkiyə prezidenti deyib ki, Abdullah Öcalanın saxlanma şəraiti beynəlxalq standartlara uyğundur və heç bir dəyişikliyə ehtiyac yoxdur.
Aygün Muradxanlı
Kult.az tarixçi Kərəm Məmmədovla müsahibəni təqdim edir.
II HİSSƏ
– Kərəm müəllim, niyə deyirlər ki, islam Azərbaycanda qılınc gücünə qəbul olunub?
– Bizdə yalan informasiya var ki, islam Azərbaycanda qılınc gücü ilə qəbul olunub. Bu, kökündən yanlış fikirdir. Və bunu sübut da eləyə bilərəm.
– Necə?
– Əgər islam Azərbaycanda qılınc gücünə yayılırdısa, niyə qonşularımız – gürcülər, haylar öz dinini saxladı – biri monofizitliyi, o biri diofizitliyi – ancaq bizi məcbur elədilər ki, hökmən müsəlman olmalısınız? Bu, mümkün olan şey deyil. Deyim, bu fikir hardan gəlir. Belə şeylər türkün burda aparıcı etnos olduğunu danmaqdan irəli gəlir, baxmayaraq ki, ərəb mənbələrinin hamısı Azərbaycan haqqında deyirlər ki, bunlar türklərin məskunlaşdığı qədim yurddur, türklər burda qədim dövrdən yaşayır. Yəni hamı birmənalı şəkildə bunu qəbul eləyir, bir dənə özümüzün bəzi tarixçilərimizdən başqa.
– Dedikləriniz doğrudursa, bəs türkün islamı qəbul eləməsi niyə bu qədər asan oldu?
– Bunun əsas bir səbəbi var: təktanrıçılığa görə. Çünki islamda dualizm yoxdur, təktanrıçılıq var. Eyni zamanda islamın təbliğ elədiyi düzgünlük, oğurluq eləməmək, kasıb-kusuba əl tutmaq kimi keyfiyyətlər türkün törəsində var. Və türklər də baxdı ki, onların davranış tərzi bu kitabda öz əksini tapır. Ona görə də islam dinini könüllü qəbul elədilər.
– Bəs “qılınc müsəlmanı” anlayışı hardan meydana çıxıb?
– Bu, çox eybəcər sözdür. Sual verirəm : səncə, bu ifadə hardan yaranıb?
– Mənim bildiyimə görə, müsəlmanın başının üstündə həmişə qılınc olmalıdır, qılınc olmasa, deyiləni yerinə yetirmir. Yəni “qılınc müsəlmanı” anlayışı bu cür mənalandırılır.
– Ay sağ ol. Özün də ədəbiyyatçısan, bəs Mirzə Ələkbər Sabir niyə deyir ki:
Kəsməlidirlər qafamı,
Kəsdilər sünnətimi.
– Bilmirəm.
– Deyim. Biz özümüzü nə vaxt müsəlman sayırıq? Xüsusən erkək cinsindən olanda.
– Sünnət olanda deyirik ki, əsl müsəlmanıq.
– Ay yaşa! Baxmayaraq ki, o mərasimin adı sünnətdir, düz deyirsən. Amma sünnət nəyə deyilir? Peyğəmbərdən nümunə götürməyə! Sünnət bu deməkdir. Məlumatlara görə, Həzrəti Məhəmməd, doğrudan da, sünnətli doğulub. Bu adət bizə qədər bircə yəhudilərdə olub. Bəs bizdə necə olub? Yenə mənbəyə qayıdaq. Musa Kalankatlının yazdığına görə, vaxtilə alban knyazı Varaz Tridat Bizansa gedir. Orda bunu həbsə atırlar ki, sən ərəblərlə yaxınlıq eləyirsən. Və onun həyat yoldaşı istəyir ki, Albaniyada üsyan qaldırsın. Üsyan qaldırarkən alban katolikosu Nerses Bakura müraciət eləyir. Nerses Bakur da xristian qardaşına müraciət eləyir, yəni hay katolikosu İlyaya. İlya da bunun əlindən xəlifəyə donos yazır ki, albanlar sizə qarşı üsyan hazırlığı görürlər. Axı erməni də çoxdan istəyirdi ki, diofizit məzhəbindən olanları öz məzhəbinə çevirsin. Yəni monofizitlərə. Və 704-cü ildə adam göndərirlər. Mənbənin yazdığına görə, həmən gün erməni olmaq istəməyən əhali islamı qəbul elədi. Yəni kütləvi şəkildə bir etnosun öz dinini dəyişməsi mənzərəsi 988-ci ildə Rusiyada müşahidə edilib.
– Hamını bir-bir xaç suyuna çəkirdilər?
– Yox! Xristianlığın qaydasına görə, xaç suyuna çəkmək lazım idi. Və baxdılar ki, bu qədər əhalini bir-bir necə xaç suyuna çəkək? Ona görə də milləti töküblər çaya və çayın başında bir keşiş xaçı silkələyib, camaatda suda çimib çıxıblar və xristian olublar. Bu, asan məsələdir. Amma islamda bir az çətinlik var. Və o çətinliyin öhdəsindən müsəlman ordusunun əsgərləri gəldi. Qılıncla insanları bir-bir sünnət etdilər. “Qılınc müsəlmanı” anlayışı da burdan yaranıb. Yəni “qılınc müsəlmanı” – “qılıncla sünnət olunmuş” deməkdir, qılıncla insanın başını kəsmək və islamı zorla qəbul elətdirmək məsələsi deyil.
– Sünni - şiə məsələsinə qayıdaq.
– Hə, gələk bu məsələyə. Bizdə ərəblərdən fərqli olaraq, eyni kənddə Ömər də var, Əli də var. Deməli, burda sünni-şiəlik olmayıb. Əgər, doğrudan da, sünniliklə şiəlik arasında həddindən artıq rəqabət vardısa, eyni kəndin əhalisi həm Əliyə, həm Ömərə...
– Bir sıra tarixçilər də eyni fikri deyir, yəni sünniliklə şiəlik arasında rəqabət yox idi. Və deyirlər ki, şiəliyi dövlət ideologiyasına çevirməklə bu rəqabəti Şah İsmayıl yaratdı.
– Şah İsmayıl şiə olmayıb.
– Bəs məzhəbi nə olub?
– Şah İsmayıl qızılbaş olub. Və qızılbaşlığın mənbəyi də gedib xürrəmiliyə çıxır. Xürrəmilikdən süzüldü, süzüldü, Hülakülərdən sonra hürufilik oldu, hürufilikdən süzüldü, süzüldü və qızılbaşlıq yarandı. Qızılbaşlığı əsarət içinə alan da cəfəri şiəliyi oldu. Bu gün İranda qızılbaşları sevirlər? Yox! Əgər qızılbaşlıq şiəlikdirsə, İran niyə onlara köksünü açmır? Niyə demir ki, nə gözəl cərəyandır? Sual verirəm, niyə sevmir?
– Səbəb budur ki, qızılbaşlıq türk islamıdır?
– Bəli, səbəb budur. Deyirlər, niyə qızılbaşda saz var? Buna görə də qızılbaşları sevmirlər.
– Kərəm müəllim, mən Güntay Gəncalpın “Səfəvilər” kitabını oxumuşam. Bu kitab bizim bu günə qədər öyrəndiyimiz və bildiyimiz tarixi alt-üst eləyir. Və həmin kitab yüksək tirajla yayılıb. Əksər tarixçilərimiz də deyir ki, Güntay xəstədir, ona baş qoşmaq lazım deyil. Amma mənə elə gəlir ki, bu adama əhəmiyyət verməmək səhvdir. Niyə Azərbaycan tarixçiləri tərəfindən, lap elə Tarix İnstitutu tərəfindən bu kitaba fundamental şəkildə cavab verilmir? “Səfəvilər” kitabı yalandırsa, iftiradırsa, niyə bir tarixçimiz çıxıb əks arqumentlərlə onun fikirlərini darmadağın eləmir?
– Əvvəla, o adamın adı Güntay Gəncalp deyil, Mənüçöhr Cavanşirdir. Adam adını dəyişib. Deməli, tarixini də dəyişmək onun üçün asan məsələdir. İkincisi, onun yazdığı kitab akademik nəşr deyil, elmi nəşr deyil. Sadəcə olaraq, publisistik kitabdır. Və Mənüçöhr Cavanşirin onda bəxti gətirib ki, akademik dildə yazılan kitabları həzm eləmək çətindir. Bütün millətlərdə əhalinin ən azı 60 faizi akademik dili başa düşmür və həzm eləyə bilmir. Hamı tarixçi ola bilməz ki... Kütləyə ən gözəl təsir vasitəsi roman və ya publisistik kitabdır.
– Bu kitaba – “Səfəvilər”ə ən tutarlı və ləyaqətli cavab akademik Ramiz Mehdiyev tərəfindən verilib! O, təkzibolunmaz faktlarla Güntay Gəncalp, İsgəndər Pala kimilərin Şah İsmayıl haqqında dediklərini darmadağın edib...
– Əlbəttə, bu, alqışlanmalıdır. Amma Azərbaycanda bu boyda elmi institutlar var: Dilçilik İnstitutu, Ədəbiyyat İnstitutu, Tarix İnstitutu, Etnoqrafiya İnstitutu... Bunlar niyə o yazıçılara cavab vermirlər? Bu institutlar nə işlə məşğuldur ki, Prezident Adminstrasiyasının rəhbəri akademik Ramiz Mehdiyev bu adamlara cavab verməli olur? Tarixçilər yazmalı və sübut etməli idilər ki, Şah İsmayıla iftira atılır. Axı əlimizdə bu qədər tarixi faktlar, mənbələr var. Tarixi həqiqətləri ortaya qoymaq üçün bütün vasitələrdən istifadə olunmalıdır.
– Sizcə, niyə Sovet dövründə Şah İsmayıl haqqında romanlar yazılmasına imkan verilib?
– Rusların bir əzəli rəqibi var: Osmanlı. Bu dava da İstanbulun üstündədir. Kim Osmanlıya qarşı döyüşübsə, ruslar onu təbliğ eləyirdi.
– Bir sual da verim: Uzun Həsənin, doğrudan, boyu uzun olub deyə, ona bu adı qoyublar?
– Boyu uzun olmaq türk üçün normal bir şeydir. Amma niyə buna “Uzun Həsən” deyib təhqir eləyirsən ki? Biz IV Murada “impotent Murad” demirik ki... Bəs sən niyə mənim hökmdarımı təhqir eləyirsən? Kişinin fərmanları var. Yazır ki, “biz Azərbaycan Sultanı Həsən Padşah Bayandurlu”... Niyə mən öz hökmdarımı bu cür təbliğ eləmirəm? Niyə? Nədi-nədi, Osmanlıda onu sevməyən iki-üç saray tarixçisi olub və onlar mənim hökmdarıma Uzun Həsən deyib, buna görə?
– Kərəm müəllim, Osmanlılar Səfəvilərlə müharibəyə hansı ideoloji əsasdan yanaşırdılar? Dünya ağalığı, ərazi, yoxsa məzhəb davası...?
– Xeyr, bu dava məzhəb davası deyildi. Yəni mən belə deməzdim.
– Bəs nə davasıydı?
– İki konkret misal çəkim: əgər bu, məzhəb savaşıydısa, Osmanlılar Səfəvilərin üstündən keçib Misirə girdilər. Misirdə kim idi onda?
– Məmlük Sultan...
– Bəli... O Məmlük Sultan ki, monqol ağalığı dövründə islami dəyərləri qoruyub saxlamışdı və xəlifəyə də sığınacaq vermişdi. Məmlük Sultan məzhəbcə sünni idi. Bəs Osmanlıların Məmlük Sultanla davası nə idi? Bu ki sünnüdür. İkinci misal: Qaraqoyunlu dediyimiz dövlət – yəni Azərbaycanda Baharlı sülaləsinin hakimiyyətdə olduğu dövrdən söhbət gedir – həmən Baharlılar məzhəbcə sünni olmayıblar, hürufi olublar. Hürufilik də indiki şiəliyə yaxın bir qoldur. Osmanlılar Baharlılarla müttəfiq olduğu halda, tərtəmiz sünni olan Bayandurlularla niyə müharibə eləyib? Axı Ağqoyunlu dediyimiz dövlətin məzhəbi sünni olub. Sadəcə olaraq, Osmanlılar özünün dövlət maraqlarını dinlə pərdələyə bilib, amma biz yox! Necə ki Rusiya bolşevik ideologiyası ilə öz atdığı addımları pərdələyə bilirdisə, Osmanlı da bunu bacarırdı.
– Osmanlılarla Səfəvilər arasındakı müharibə, doğrudan da, məzhəb savaşı deyildisə, bəs Yavuz Sultan Səlim niyə məktublarında Şah İsmayıla “kafir” deyə müraciət edirdi?
– Bu, sadəcə, bəhanə idi, səbəb deyildi. Hələ o da məlum deyil ki, “Yavuz” dediyimiz adam Sultan Səlimin doğma oğludur, yoxsa yox. Heç ən insafsız oğul da atasını üzünün tükünü yoldura-yoldura öldürtdürməz!
– Əks tərəf də Şah İsmayılın öz anası Aləmşah Bəyimi öldürdüyünü deyir...
– Ay qardaş, bu yalandır! Bunun hamısı nağıldır. Şah İsmayılın anasının adı Marta xanım idi, Aləmşah Bəyimi yalan deyirlər. Və anası öləndə Şah İsmayılın altı yaşı varıydı. İsmayılın anasını Şəması döyüşündən sonra öldürdülər. De görüm, 6 yaşında uşaq anasını öldürtdürə bilər?
– Güntay Gəncalp Şah İsmayılın 14 yaşında hakimiyyət başına keçməsinin türk ənənələrindən irəli gəldiyini inkar edir. Deyir, bu yaşda uşaq nə bilirdi ki, dövlət nədir?
– Niyə bilmir ki? Burda qəribə bir şey yoxdur. Əksinə, bu qüdrət göstəricisidir. Guya, rus çarlarının hamısı 30 yaşında taxta çıxıb? Mixail Ramanov taxta çıxanda 13 yaşı varıydı.
– Güntay Gəncalp müsahibəsində deyir ki, Səfəvilərin siyasi kökü yoxdur və bu fikri onunla əsaslandırmağa çalışır ki, məsələn, türk tarixində dövlətlərin qurulma ənənəsi olub. Yəni hər dövlət bir türk boyuna dayanmışdı. Tutalım, Səlcuqlar – Qınıq boyu, Ağqoyunlular – Bayındırlı boyu, Qaraqoyunlular – Baharlı boyu, Osmanlı – Qayı boyu… Ancaq Şah İsmayıl tamam yad irsi daşıyan dövlət yaratdı.
– Səfəvilərin o biri dövlətlərdən üstünlüyü də bu idi ki, bir tayfadan yox, bütün türk tayfalarının birliyindən doğmuşdu. Şamlı, Rumlu, Ustaclı, Bayandurlu, Baharlı, Qacar, Afşar, Bayat, Borçalu... Oruc bəy Bayat 14 tayfa sadalayır. Yəni Səfəvilər artıq tayfa dövləti deyildi. Xalq dövləti idi. Bu fikirlə Güntay Gəncalp dediyin şəxsin hələ tayfa məntiqindən, tayfa təfəkküründən çıxmadığını məlum olur. Belə çıxır ki, İsmayılın əməyi boşuna gedib? Piri bəy Qacar, Hüseyn Lələ... Və tayfalar birləşib İsmayılı dövlətin başına gətirdilər. Bunların hərəsi bir tayfanın başçısıydı. Axı türk xalqlarında idarəçiliyin çox gözəl forması var: ailə, oba, el, ulus. Və Səfəvilər ulus dövləti idi.
– Maraqlıdır ki, Şah İsmayıl türk dilini dövlət dili elan eləyəndən sonra...
– Rəsmi elə bir şey yoxdur ki, İsmayıl türk dilini dövlət dili elan eləyib. Yəni İsmayıl çıxıb deməyib ki, hamı türk dilində danışmalıdır. Sadəcə, rəsmi elən olunmadan dövlət dili türk dili idi. Özü də bu məsələdə təkcə İsmayılı götürmək yanlışdır. Məgər Şah Abbasın dövründə bizim yazışma dilimiz fars dili olub? Şah Abbasa gələn məktubları Allah qoysa, çap elətdirəcəm. Rus çarı Aleksey Mixayloviçin Şah Abbasa məktubu var. Məktub belə başlayır: “Xu! – bilirik ki, bu söz qəbul olunmuş qaydadır – ulux padşah əziz qarındaşım Xüdabəndə oğlu Abbasa Mixailin oğlu Alekseydən!”. Bu, hansı dildir? Əsl türk dilidir. Axı o vaxt Osmanlı sarayında bu cür yazışma yox idi. Osmanlı sarayı fars dilində geydirmə sözlərlə doluydu. Amma bu məktubda bir dənə padşahdan başqa qalan bütün sözlər türkcədir. Fikir ver, hətta “Aleksey Mixayloviç” yazmayıb, “Mixailinoğlu Alekseydən” yazıb. Bəs necə olur ki, Səfəvilər dövlətində əsas dil fars olur?
– Kərəm müəllim, dünya Şah İsmayılı necə qəbul eləyir? Tutalım, Avropaya Şah İsmayılın hansı formada təbliği daha maraqlı olardı?
– Avropaya Şah İsmayılın türk hökmdarı kimi təbliğ olunması heç cür sərf eləmir.
– Deyirlər, Amerikanın Mərkəzi Kəşfiyyat idarəsi Güntay Gəncalpa tapşırıq verib ki, belə kitab yazsın və tariximizi təhrif etsin. Ona görə soruşdum.
– Əgər Amerikanın Mərkəzi Kəşfiyyat idarəsi Cavanşir Mənuhçöhrlə (Güntay Gəncalp) işləyirsə, vay onun halına! (gülür) Həqiqi sözümdür. Bəlkə, Güntay dediyin adam özünü ora təqdim eləmək istəyir, bu başqa məsələ.
– “Möhtəşəm yüz il” serialında da Şah İsmayıl haqqında təhqiramiz epizodlar getdi, gördünüzmü?
– Bir neçə yox, o serial başdan ayağa Şah İsmayılı təhqir edirdi.
– Sultan Süleyman əsəbiləşir ki, Şah İsmayıla “şah” deməyin, “əmir” deyin.
– Yaxşı, bəs niyə Sultan Süleyman Əhləd döyüşündən sonra Şah Təhmasibə “şah” deyə müraciət eləyirdi? Bunu niyə demirlər? Şah Təhmasib dərk eləyirdi ki, yaxın orta şərqdə üç türk dövləti var. Amma Süleymanda türklük duyğusu olmayıb.
– Görəsən, niyə olmayıb?
– Konqresdə heykəlinə baxın, onun adı ora Süleyman yazılmayıb, Solomon yazılıb.
– Yəni Sultan Süleyman türk deyildi?
– Qardaş, 44 Osmanlı sultanından 42-si qeyri-türkdür. Hələ Osmanlı təzə-təzə qurulanda I Murad artıq özünü türk saymırdı. Halbuki I Murad Osmanlının səhv eləmirəmsə, 3 yoxsa 4-cü hökmdarı olub. I Murad türkə “qaba türkman” deyirdi. Osmanlı bir də Əbdülhəmidin dövründə ayılır ki, bıy, bunlar türküymüş! Buna qədər onlar özünü türk saymayıb. Ay qardaş, Osman kimdir? Axı sənin baban türkmandır. Gör, Səfəvidə belə şeylər var? Qətiyyən!
– Bizim bəzi tarixçilər Güntayın yazdığı kitaba tarixçi alim kimi yox, daha çox vətəndaş kimi cavab verirlər. Hisslərlə, emosiyalarla, əsəblə…
– Elə evimizi yıxan da budur. Əsəbiləşmək lazım deyil, faktlarla cavab vermək lazımdır.
– Güntay kitabında Şah İsmayılın şair olub-olmamasına da şübhə ilə yanaşır.
– Bu, artıq günahdır. Necə yəni Şah İsmayıl şair olmayıb? Adamın şeirləri var. Özü də “Xətai” təxəllüsü ilə yazıb.
– Deyir, guya Anadoluda “Xətai” təxəllüsü ilə şeirlər yazan çoxlu şairlər olub, o şeirlər hamısı Xətainin adına çıxılıb.
– Nəzirələr olub. Mənüçöhr Cavanşir (Güntay Gəncalp) də müqayisə eləyib deyir ki, bu şeirlər bir-irinə oxşayır. Nə olsun oxşayır? Hamısı yalan informasiyalardır.
– Deyirlər, Güntayın ya psixi problemləri var, ya da doğrudan, harasa işləyir.
– Yox, xəstə-zad deyil, başı da yaxşı işləyir...
– Bəs nə məsələdir?
– Sadəcə olaraq, antropologiyasına diqqətlə baxmaq lazımdır.
– Özündən uydurub.
– Bu da onun təxəyyülünün məhsuldur.
– Tarix təxəyyül məhsulu olmalı deyil axı.
– Axı Güntay tarixçi deyil. Adam məgər deyir ki, mən tarixçiyəm?
– Mən bilən, özünə “tarixçi-araşdırmaçı” deyir.
– Araşdırmaçı ayrı şeydir. Mən də hansısa kriminal əhvalatı araşdıra bilərəm, bu o deməkdir ki, mən krminalistəm?
– Kərəm müəllim, mən sizinlə söhbətdə mövqe nümayiş etdirmirəm. Sadəcə, mənim üçün maraqlıdır. Ona görə bu sualları verirəm...
– Əlbəttə! Başa düşürəm. İstəyirsən ki, tarixi həqiqət üzə çıxsın.
– O səbəbdən bilmək istərdim: Səfəvi nə deməkdir? Niyə buna Azərbaycan dövləti demirlər?
– Səfəvi Şeyx Səfinin adından götürülüb. Əslində, dərviş orden olub. O vaxt bu cür cərəyanlar çox idi: nöqtəvilik, səfəviyyə... Yenə deyirəm, bunlar bir yerə yığılıb qızılbaşlığı formalaşdırdılar. Şah İsmayıl qızılbaşlığı bir fikir cərəyanı olaraq dövlət ideologiyası statusuna qaldırdı. Yəni qızılbaşlıq türk islamı idi. O ki qaldı digər məsələyə, mən də dəfələrlə demişəm ki, Səfəvi, Ağqoyunlu, Qaraqoyunlu... Bu adlar yığışdırılmalıdır. Bunların hamısı Azərbaycan dövlətidir və bu cür də adlandırmaq lazımdır.
– Bəzən də tarixə bu günün maraqları ilə yanaşırlar. Məsələn, Səfəvi-Osmanlı haqqında danışanda Türkiyə-Azərbaycan münasibətləri nəzərə alınır.
– Çox nahaq! Yadıma gəlir, hardasa, 10 il qabaq Ərdoğan bir ifadə işlətmişdi. Demişdi ki, biz Otluqbellidə, Çaldıranda qazanmışların nəvəsiyik. Mən Lider TV-yə müsahibəmdə dedim ki, Ərdoğan bununla fəxr edirsə, mən də Malatiyada, Mollhəsənlidə, Əhləd döyüşlərində qazanmış kişilərin nəvəsiyəm. Biz də o döyüşlərdə qalib gəlmişik. Amma keçmişin xurafatı ilə yaşamaq düzgün deyil, onda bu millətin gələcəyi olmayacaq. Bu gün iki dünya müharibəsində bir-birini didmiş, etnik baxımdan bir-birindən tamamilə fərqli olan, dini məzhəb baxımından da ayrı olan almanlar və fransızlar necə olur ki, Avropa Birliyində birləşə bilir, vahid valyutadan istifadə eləyə bilir, biz hələ Səfəvi-Osmanlı savaşlarını qurtara bilməmişik. Axı Səfəvi-Osmanlı münasibətlərini başdan-ayağa qara boya ilə təsvir eləmək düzgün deyil. Şah Abbasın Osmanlı sarayına məktubu var. Deyir, əziz qardaşım, sənin firənglər üzərində qələbəni eşitdim və çox şad oldum. Belə yürüşlərə gedəndə bizləri niyə çağırmırsan ki, biz də xoşhal olaq bu qələbədən, bizim də qılınclarımız işləsin. Düşmən düşmənə belə şey yaza bilər?
– Deməli...
– Deməli, güclü olmaq lazımdır ki, hamı sənə “qardaş” desin. Necə ki, Abbasın güclü olan vaxtlarında Osmanlı ona “qardaş” deyirdi, İsmayıl güclü olanda Bəyazid ona məmnuniyyətlə oğlum deyirdi. Yaxşı da münasibətləri var idi. Qoy, Türkiyə də güclü olsun, Azərbaycan da. Daha güclərindən bir-birlərinə qarşı istifadə eləməsinlər. O qədər düşmən var ki...
– Yəni tarixdə nə olub-olub, indi əl-ələ verib dost olaq...
– Yox, belə deməzdim. Tarixdən ibrət götürməyən millətin gələcəyi yoxdur. Əgər ibrət götürməsə, tarix bir də təkrar olunacaq.
– Maraqlıdır, türk dili Səfəvilərdə rəsmi dövlət dili kimi qəbul olunurdu və geniş yayılmışdısa, niyə bu dövrdə Dədə Qorqud, Nəsimi, Füzuli kimi dil abidəsi yaranmadı?
– Bəs Aşıq Abbas Tufarqanlı kimiydi? Bəs “Əsli və Kərəm” dastanı nədir? Bizim dastanlarımızın 80 faizi elə o vaxt yarandı. Şah Abbas Azərbaycan hökmdarıydı və xalqın ona sevgisi varıydı. Xalqın Şah Abbasa sevgisi olmasaydı, bütün nağıllarda Abbası cənnətlə müjdələyərdi? Amma Sultan Süleyman guya, Osmanlıların ən mərifətli hökmdarı olub. Deyə bilərsən, onun nə qədər arvadı olub?
– Saysız-hesabsız...
– Hər arvaddan da uşaq doğulurdu, törəyirdi. Taxta çıxan qardaşlarına Sultan Süleyman hansı münasibəti göstərirdi, bilirsən? Hərəsinə bir metrlik qaytan göndərirdi. Deyirdi ki, özünüzü boğun! Və ya boğdurun. Amma Təhmasib hansı qardaşını boğdurub? I Pyotr öz oğlunu döyə-döyə öldürtdürüb. Rus hardasa bunu yazır? Yox! I Pyotra ruslar qəddar deyir? Yox! Halbuki yeganə varisini vurub öldürdü. İvan Qroznıya ruslar qaniçən deyir? Yox!
– Halbuki qəddarlığına görə ona “Qrovnı” ləqəbi verilmişdi.
– İvan Qroznı oğlunu əsayla döyüb öldürüb. İvan Qroznının Şərq tarixindəki prototipi Yavuz Sultan Səlimdir. “Qroznı” və “Yavuz” sözləri eyni mənanı verir.
– Hər ikisi də qəddar deməkdir.
– Bəli. Qroznı türk dilində Yavuz deməkdir. Yəni adamın adı bəllidir? Bunun nəyindən danışaq?
– Əsas Səfəvi qaynaqları hansılardır?
– Səfəvinin ən güclü qaynağı İsgəndər bəy Münşinin “Tarixi-Əlamərayi Abbasi” və Həsən bəy Rumlunun cəmi iki cildi bizə gəlib çıxan “Əhsənül Təvarix”dir. Və bunların heç birində Güntay dediyin adamın fikirləri yoxdur. Amma Osmanlı sarayına qaçıb getmiş tarixçilər vardı, yəqin Güntay onların yazdıqlarına istinad eləyir. Və bilin ki, Osmanlı mənbəsi heç vaxt bizim haqqımızda yaxşı şey yazmayacaq. Bu, mümkün deyil!
– Səfəvi haqqında başqa hansı qaynaqlardan xəbərdarsınız?
– David Baqrationi, Vaxuş Debaqrationi, Parsa Dan Qorkicanidze, Seyniya Çkeyidze, İsgəndər bəy Münşi, Həsən bəy Rumlu, Təhmasibin təzkirəsi, Vam Beli... Əsas qaynaqlar bunlardır. Hətta burda da belə bir şey yoxdur ki, İsmayıl anasını öldürdü, nə bilim, nə etdi...
– Hansı dilləri bilirsiniz?
– Təbii ki, öz dilimizi bilirəm. Rus dilini də təbii, yaxşı bilirəm, Leninqradda qurtarmışam. Gürcü dilini, fars dilini, ərəb dilini, alman dilini lüğətlə bilirəm. Nə qədər istəyirəm ingilis dilini də öyrənim, öyrənə bilmirəm.
– Sizcə, Rəsulzadə niyə “Qafqaz türkləri” kitabında yazır ki, Allah bizi Səfəvi mühitindən xilas etmək üçün rusları göndərdi?
– Mən burda etnik kimliyi qabartmaq istəmirəm. Əlbəttə ki, etnik kimlik əsas deyil, etnik özünüdərketmə əsasdır. Və deyim ki, Müsavat Partiyası da milli partiya olmayıb, sosialist partiya olub. Müsavat nə deməkdir ki? Bərabərlik! Bərabərlik, ədalət və qardaşlıq da massonların simvoludur. “Əhrar” partiyası o vaxtkı Azərbaycan sünnilərinin partiyası olub. Əsl millətçi partiya “Difai” olub.
Kəramət Böyükçöl
Kult.az tarixçi Kərəm Məmmədovla müsahibəni təqdim edir.
I HİSSƏ
– Kərəm müəllim, Azərbaycan tarixi hansı mənbələr əsasında öyrənilir?
– Tariximizi öyrənmək üçün mənbələr iki böyük qrupa ayrılır: yazılı mənbələr və yazısız mənbələr.
– “Yazısız mənbə” necə olur ki?
– “Yazısız mənbə” deyəndə əsasən bunlar nəzərdə tutulur: etnoqrafiya, arxeologiya və antropologiya. Və onu da deyim ki, yazısız mənbələr yazılı mənbələrdən daha güclüdür. Çünki ortada daha güclü fakt var.
– Məsələn…
– Tutaq ki, arxeoloji mənbələri götürək. Məsələn, Gürcüstanın şərqindən tapılan arxeoloji mənbələrlə Gürcüstanın qərbindən tapılan arxeoloji mənbələr tamamilə fərqlidir, hətta saxsı qabların istehsalı belə. Gürcüstanın şərq dediyimiz, yəni Borçalı hissəsində yaranan mədəniyyət daha çox Doğu Anadolu, aşağıda Kərkük və Dərbənddə Çimkənd mədəniyyətinə uyğun gəlir. İstər–istəməz bunlar arxeoloji faktlardır.
– Bəs digər yazısız mənbə – antropologiya nə üçündür?
– Bilirik ki, tapılan kəllə qutuları var. Bunları götürüb hal–hazırda orda yaşayan xalqların baş quruluşuyla müqayisə edirsən. Baş indeksi istər Cənubi Azərbaycandan tapılan abidələr olsun, istər Göyçə gölünün kənarından tapılanlar olsun, istər Qars ətrafından tapılan kəllələr olsun, istər Dərbəddən tapılan kəllələr olsun, hamısının baş indeksi 76,2 və 76,8-dir. Gəl müqayisə edək. Biz – Azərbaycan türklərinin baş indeksi 76-78 arasında dəyişir. Ermənilərdə ən kiçik göstərici 86-dır. Bu ölçüdə kəllənin sahibi adını çəkdiyim ərazilərə iddia eləyə bilər? Yox! Ancaq heç olmasa gürcülər iddia eləyə bilər. Çünki onlarda kəllə indeksi 81-dən aşağı yoxdur. Və bu cür antropoloji mənbələri təkzib etmək mümkün deyil. Sənə sual verirəm, yaxşı oğul atasına oxşayar, yoxsa qonşusuna?
– Yəqin, atasına oxşayar.
– Əlbəttə, atasına oxşayar. Qonşuya oxşayan oğula “oğul” demək olar? Yox! Bu, ən azından günahdır. Oğul da qonşuya oxşayar?
– Maraqlıdır, bu cür antropoloji faktlar qarşısında ermənilər nə deyir?
– İstanbulda bir konfrans keçirilirdi, yadıma düşdü. Orda bir erməni tarixçi çıxış elədi. Deyir, dermoqlofik göstəricilər göstərir ki, ermənilər bu bölgənin ən qədim sakinləridir. Türkiyədə savadsız adamlar bu erməninin sözünə əl çaldılar. Çünki bilmirlər ki, dermoqlofiktika nədir. Axırda mən durub dedim ki, dermoqlofiktika – barmaqdakı naxışları öyrənən elmdir. De görüm, skeletin barmağında naxış olur ki, sən bunu müasir insanla tutuşdurasan? Skelet materialını ancaq kəllə quruluşuna görə öyrənmək mümkündür.
– Və nəhayət : etnoqrafiya.
– Bax, neçə illərdir, Azərbaycanda şamançılığın olub–olmaması haqqında mübahisələr gedir. Yəni bəzilər deyir ki, şamançılıq din formasıdır, bəziləri də deyir ki, şamançılıq müxtəlif dinlərin – animizm, fetişizm, totemizimin yığcam bir formasıdır. Və şamanizimin Azərbaycanda izlərini nə qədər axtarırdılar tapa bilmirdilər. Yeri gəlmişkən, mənim namizədlik işim – “Azərbaycanda İslamaqədərki dini inanclar”dır. Baxıram ki, Kür-Araz mədəniyyətində tuncdan düzəlmiş içi boş marallar tapılıb. Və eynisi Sibirdən də tapılıb. Sibirdən tapılana deyirlər ki, bu, “şamanski kadilla”dır, bizdə tapılana deyirlər ki, elə–belə maraldır. Kür-Araz mədəniyyətində zəncirdə bu maral bəs nə üçün düzəldilib? Deməli, burda da şamançılıq olub. Bax, bunu etnoqrafiya sübut eləyir. Və yaxud Azərbaycanda uşağa yalvaranda deyirlər ki, ayağının altında ölüm. Strabon bu epizodu çox gözəl təsvir edir. Deyir, kimlər ki, icmanın içərisindən ekstaza gələ bilib, yəni gələcəkdən xəbərlər söyləyir, onları zəncirdə saxlayardılar və müəyyən bir dövrdə öldürərdilər. Ondan sonra özlərini təmizləmək üçün ayaqlarını onun cəsədinə sürtərdilər. “Ayağının altında ölüm” ifadəsi də burdan meydana çıxıb. Bu fakt da Azərbaycanda şamançılığın olduğunu göstərir. Yenə deyirəm, bunların hamısını etnoqrafiya sübut eləyir. Ona görə də deyirəm ki, yazısız mənbələr daha çox diqqət yetirmək lazımdır. Hətta bəzən yazısız mənbələr yazılı mənbələrin özünü kölgədə qoyur. Məsələn, oğuzların kökünü biz hələ də axtarıb tapa bilmirik. Kimi deyir, Orta Asiyadan gəlib, kimi deyir, nə bilim, hardan gəlib. Halbuki oğuzların tarixi eradan əvvəl dördüncü minillikdən başlayır. Yazısız mənbələrlə bunlar hamısı sübuta yetirilir.
– Bəs yazılı mənbələr hansılardır?
– Qədim tariximizi öyrənərkən yazılı mənbələr əsasən, şumer və akkad mənbələri götürülür. Amma təəssüf ki, şumer və akkad şimalı əhatə eləmir. Yəni Arazdan o tərəfə şumer və akkad mənbələri məlumat verə bilmirlər. Verdiyi məlumatlar da dumanlı şəkildədir. Ona görə də şimal hissə üçün daha aktual mənbələr gürcü mənbələrini sayıram. Hay mənbələri də var, ancaq gürcü mənbələri daha obyektivdir. Çünki gürcülər həmin mənbələrin üstündə əllaməlik aça bilməyiblər.
– Tariximizdə üzü bəri gəldikcə yazılı mənbələrin sayı çoxalır.
– Şumer və akkaddan sonra yunan və latın mənbələri başlayır. Və qəribəlik də orasındadır ki, yunan və latın mənbələrini yazan adamların 80 %-i burda olmayıblar. Sadəcə, ağızdan–ağıza eşitdiklərini yazıblar. Məsələn, Strabonun özü bir dəfə də olsun, bu ərazilərdə olmayıb, ancaq məlumat verir. Və verdiyi məlumatlar da çox ziddiyyətlidir, bir-birini təkzib edən fikirlərdir.
– Strabonun ən çox da “Armeniya” sözü mübahisəlidir.
– Bəli… Ermənilər iki əlli yapışıb ki, “Armeniya” sözü bizimdir. Çünki dünya erməniləri “arminin” kimi tanıyır. Baxmayaraq ki, bunlar özünə “hay” deyir. Bizimkilər də “Arminiya” deyəndə qıcıqlanırlar. Halbuki “Arminiya” assur dilində “xaraba qalmış yer” deməkdir, gürcü dilində “dağıdılmış və viran qalmış yer” deməkdir, pəhləvi dilində də “şər qüvvələrin yaşadığı yer” deməkdir. Biz də bundan qorxuruq ki, niyə onlara “Arminiya” deyirlər. Hələ arminlərin dili heç kəsə məlum deyil, heç kəs də araşdırmayıb.
– Bəs erkən orta əsrlər dövrü hansı mənbələr əsasında öyrənilir?
– Yenə sual verirəm. Səncə, adamı qonşusu yaxşı tanıyar, yoxsa uzaq qohumu?
– Yəqin, qonşusu olar.
– Ona görə də erkən orta əsrlər dövrü Azərbaycan tarixini öyrənmək üçün gürcü mənbələrinə üstünlük verilməlidir. Gürcü mənbələri deyir ki, iberlər bölgədə möhkəmlənmək üçün suvarlarla və türklərlə döyüşdü. Deməli, türklərin varlığı qəbul olunur. Və gündəliyə pəhləvi mənbələri gəlir. Ancaq təəssüf ki, pəhləvi mənbələri çox araşdırılmayıb, burda bir Ərdəşir Babəkanın kitabı var, orda da bizim tariximiz barədə çox cüzi məlumat verilir. Bunlar da türkü sevməməklə bağlıdır. Başqa bir şey yoxdur. Və əsas məsələ gəlir. Tariximizin böyük bir plastı ərəbdilli mənbələr əsasında öyrənilir. Bu da onunla bağlıdır ki, islam dilinin elm dili ərəb dilidir. Necə ki, Avropada elm dili latın dili idi, ərəb dili də şərqin elm dili idi. Ona görə də, əcdadlarımızı qınamayaq ki, niyə ərəb dildə yazıb, hesab edirəm ki, bu, düzgün deyil. Sənin tarixini Əndəlüsdə yaşayan adamın anlaması üçün təbii ki, ərəb dilində yazmalı idilər. Mədəni areal da bunu tələb edirdi.
– Mədəni areal da bunu tələb edirdisə, sizcə, bəs niyə İslamda Avropadakı kimi intibah olmadı?
– İslamın özü xalqlar üçün bir intibah idi. IX–XI əsrlər Azərbaycanın qızıl dövrüdür. Bu dövrdə nə qədər alim yetişdi. Ən azından, İslamın Azərbaycana verdiyi dəyərlərə baxmaq lazımdır. Avropa nəyə görə böyük intibah mərhələsinə qədəm qoydu ki, Aristotelə qayıtdılar, Platona qayıtdılar və onları orijinaldan oxudular. Yəni latın dilini bərpa elədilər. Hansı ki, onların mədəni qatı bu dildə yaranmışdı. Amma bu gün bizim ziyalılarımızın hansı ərəb dilini bilir? Və dövlət quruculuğumuza baxaq. Saci oğullarının idarə etdiyi Azərbaycan dövləti hardan hara uzanırdı. Dərbənddən Qəzvin, Həmədan, Xəzər dənizi, ordan da düz Anadoluya qədər.
– Tarix kitablarımız bəs niyə bu dövləti Babəkin məğlubiyyəti nəticəsində yaranan…
– Dayan! Mən Babəkin hərəkatını məğlubiyyət saymıram. Məğlubiyyət odur ki, apardığın mübarizənin nəticəsi olmur. Amma Babək hərəkatından sonra biz müstəqil dövlət yaratdıq.
– Dərbənddən Qəzvin, Həmədan, Xəzər dənizi, ordan da düz Anadoluya kimi mövcud olmuş dövlətimiz bəs niyə dərsliklərdə Babəkdən sonra, yəni xilafətin zəifləməsi nəticəsində yaranan xırda feodal dövləti kimi tədris olunur?
– Görürsən, konsepsiyada nə qədər yanlışlıqlar var. Bu, xırda feodal dövləti deyil, bütöv Azərbaycandır. Dərsliklərdə IX–XI əsrə Azərbaycanda feodallığa parçalanma deyirlər. Niyə? Nə üçün? Sənin 889-cu ildən 981-ci ilə qədər dövlətin olub. Hardasa, yüz il.. SSRİ nə qədər mövcud olub? 70 il. Adı tarixdə var? Var! Bəs sənin yüz illik Azərbaycan sultanlığın, yüz illik Azərbaycan dövlətin hanı? Kiçilmək üçün onun adını Sacilər və Salarilər dövləti qoyublar. Niyə orta məktəb dərsliklərə belə yazırlar?
– Sizcə, niyə? Bəlkə, türkü istəmirdilər?
– Bu, artıq “bəlkə”sizdir. Çünki istəmirdilər. Qorxurdular. Bilirlər ki, Salar oğulları Kəngər türkləridir və “Kəngər” sözünü kitaba yazsalar, bu, eradan əvvəl ikinci əsrdə Kəngər vilayətinin olması deməkdir. Və bu vilayət üçbucaq formasında haraları əhatə edir. Ərdəhan, Naxçıvan, Qazax-Borçalı. Bu fakt pəhləvi mənbələrində də var.
– Belə çıxır ki, Şirvanşahlar dövlətini türklər yaratmayıb?
– Sənə sual verirəm. Şirvanşahlar dövlətini hansı sülalə yaradıb?
– Məzyədilər sülaləsi.
– Ay sağ ol. Bu sülalə ərəbdir.
– Axı sonra sülalənin adı dəyişdi – Kəsranilər oldu.
– Kəsra taxtı kimdir? Pəhləvilər, farslar!
– Bəs 1381-ci ildə “Dərbəndilər” olmasına nə deyirsiniz?
– Yenə də eyni ərəb sülaləsidir. Sadəcə, adını dəyişib “Dərbəndilər” qoydular. Yəni bu dövlətin kökü ərəbdir. Və bu gün Şirvanın tarixi coğrafiyasına baxanda nə qədər ərəb adında yerlər var. Amma türkün qüdrətinə bax ki, bunları əritdi. Türk mədəniyyəti ərəb mədəniyyətinin üstünü örtdü. Bu gün Şirvanda ərəb dilində danışan bir məntəqə varmı? Yoxdur. Amma Orta Asiyada var. Deməli, Azərbaycan Orta Asiyadan da qədim türk yurdudur.
– Şirvanşahlar, Rəvvadilər, Şəddadilər də fedodallıqlara parçalanma deyil?
– Hə, bunlar artıq feodallıqlara parçalanmadır. Və sən bunların mənşəyinə fikir ver. Gör bunların hansı türkdür? Heç biri!
– Ağqoyunlu və Qaraqoyunlu...
– Qardaş, Ağqoyunlu, Qaraqoyunlu adını yığışdırmaq lazımdır. Bu adda dövlət olar? Və yaxud Hülakü adında dövlət olar? Hülakü yetimin fərmanları var ki, biz Azərbaycanıq, oturduğumuz şəhər də Marağadır. Mən necə deyim ki, bu, monqol dövlətidir?
– Ağqoyunlu, Qaraqoyunlu deyilsə, bəs əslində, bu dövlətlərin adı nə olub?
– Bunlar Azərbaycan sultanlığı idi. Həsən padşahın titulunu orijinaldan oxuyan alimimiz varmı? Həsən padşahın, Cavan şahın fərmanları var. Hətta 902-ci ildə Azərbaycanda hökmranlıq edən Yusif Sac oğlunun fərmanı var. Adam fərmanda özünə “biz Azərbaycan və Cibahın hökumdarıyıq” deyir. Mən buna necə deyim ki, Sacilər dövlətidir?
– Bəs qoyun adını bu dövlətlərə kim qoyub? Niyə bizim feodal dövlətlərimiz sülalənin adı ilə adlanır?
– Elə bəla burasındadır də! Qoyun adını bu dövlətlərə kim qoyub? Bunların hamısı Sovet dövründə yazılmış tarixdir. Niyə gürcülərdə Baqrationilər dövləti yoxdur? Baxmayaraq ki, hakim sülalə Baqrationilər idi. Niyə ruslarda rukoviçlər, romanovlar dövləti yoxdur? Ancaq bu başıbəlalı Azərbaycandadır Ağqoyunlu, Qaraqoyunlu, Hülakü, Saci, Salari…
– Yeddinci sinif dərsliyində yazılıb ki, qoça inam varıydı, ona görə də dövlətin adı Qaraqoyunlu oldu.
– Bu ya bilməməzlikdən irəli gəlir, ya da bilərəkdən belə eləyirlər. Niyə biz bunu Ağ Hun, Qara Hun sözləri ilə izah eləmirik, məhz qoyunla izah edirik?
– Axı qoyun bizim totemimiz olmayıb. Bizim totem qurddur.
– Amma dərslikdə yeddinci sinif uşağına deyirlər ki, qoyun bizim totem olub. Heç totemi yeyərlər? Bunu yazan adamın ya totemizmdən xəbəri yoxdur, bilmir ki, totemçilik nədir, ya da qəsdən belə eləyirlər. “Totem” o deməkdir ki, kim özünü hardan törəmiş hesab eləyir. Şəxsən mən özümü qoyundan törəmiş hesab eləmirəm. Necə olur ki, bizim totem saydığımız heyvanı qurban kəsirik? Totemdən qurban kəsilər? Totemi yeyərlər? Eyni şeyi Novruz bayramı haqqında da deyirlər. Deyirlər, Novruz atəşpərəstlikdən qalıb. Atəşpərəstlər odu müqəddəs sayırdılar. Adam müqəddəs saydığı şeyin üstündən tullanıb deyər ki, ağırlığım, uğurluğum burda qalsın?
– Deməli, əslində…
– Əslində, Novruz türk bayramıdır.
– Bəs türklər niyə odun üstündən tullanıb deyir ki, ağırlığım, uğurluğum burda qalsın?
– Çünki od türklərdə sitayiş kultu deyil. Od türklər üçün arınma vasitəsidir, təmizlənmə vasitəsidir. Ona görə odun üstündən tullanıb deyirik ki, ağırlığım, azarım–bezarım sənə keçsin. Türklərdə odla adamı sınağa çəkirdilər. Sonra bunu Avropaya da apardılar. Xristianlığaqədərki slavyan məhkəməsində dəmiri qızdırardılar – dəmir kosmik metalıydı, elə-belə hazırlanmırdı, göydən tökülürdü – və günahkar adam həmin dəmir tutardı. Dəmir onun əlini çox yandırardısa müqəssir sayılırdı, yandırmazdısa, günahsız hesab olunurdu. Yəni odla dəmir türklərdə belə demək mümkündürsə, hakim rolunu oynayırdı. Çünki türkün arınma vasitəsi od və ilk dəmirçi xalq türkdür. Necə ki bu gün də biz dəmirə qoruyucu vasitə kimi baxırıq. Məsələn, uşağın yastığına sancaq taxırlar. Ona görə ki, dəmirə cin, şeytan yaxın gəlmir. Görürsən, yazısız mənbə, yəni etnoqrafiya bizə nə qədər məntiqi şeylər verir.
– Kərəm müəllim, Qaraqoyunlu və Ağqoyunlu dediyimiz dövlətlərin dövründə kimin sünni, kimin şiə olmasının önəmi var idi?
– Hər bir xalq dini qəbul eləyəndə o dinə uymaqdan çox onu öz təbiətində uyğunlaşdırır. Məsələn, indiyə qədər dünya dinlərindən üçü Azərbaycana gəlib. Söhbət dünyəvi dinlərdən gedir. Yəhudilik, Xristianlıq və islam. Hər üç din Azərbaycana gələn kimi klassik normativlər pozulub. Məsələn, türklər yəhudiliyə girən kimi karaimlik qolu yarandı. Və həmin karaimlər özlərini əsl Toranın sahiblər hesab eləyirlər. Tora yəhudiliyin nəyi sayılır?
– Müqəddəs kitabı. Yəni Tövrat.
– Yəhudilərdən soruşanda deyirlər ki, biz Tora qaydaları ilə yaşayırıq.
– Tora yəhudi dilində hansısa məna verir?
– Heç bir məna vermir! Amma türk dilində bu söz “törə” mənasını verir. Törə türk dilində davranış qaydası deməkdir. Yəni karaimlər daha dərinə gedib. Ona görə ki, türk ömür boyu dinin əslinə getməyə çalışıb.
– Və sonra Xristianlıq gəldi Azərbaycana…
– Bəli… Xristianlıq Azərbaycana gələn kimi ortaya müxtəlif cərəyanlar çıxdı, pariqyanlar, tedroskanyanlar, monofizit, diofizitdik peyda oldu. Niyə? Çünki biz onun daha orijinalını istəyirdik. Hətta belə epizod var ki, Atilla Qafqaza gələndə ona İncili veriblər ki, oxusun. Üç gün oxuyub, dördüncü gün deyib ki, çox gözəl kitabdır, ancaq bircə yanlışlıq var. Burda yazılıb ki, İsa Allahın oğludur. Ora yazın ki, İsa Tenri xanın oğludur. Yəni ki, İsa türkün Allahının oğludur. Görürsən, türk Xristianlığı nə cür dərk eləyib.
(ardı var)
Ermənistan prezidenti bu gün rəhbəri olduğu Respublika partiyasının Şurasının iclasını keçirib və Azərbaycana qarşı təbliğat-informasiya mübarizəsini gücləndirməyə çağırıb.
Virtualaz.org erməni KİV-lərinə istinadla xəbər verir ki, Sərkisyan partiyasının üzvlərini “beynəlxalq əlaqələrini gücləndirməyə və bu əlaqələrdən düşmənlə mübarizədə istifadə etməyə” çağırıb.
Sərkisyana görə şübhəsiz ki, rəsmi səviyyədə təmaslar və iş vacibdir. Lakin istənilən qeyri-formal təmaslardan “həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırmaq üçün” istifadə edilməlidir.
“Bizim düşmənlərimizin imkanları artır, onların işi fəallaşır, bu situasiyada bizim passivlik göstərmək haqqımız yoxdur” deyə Sərkisyan bildirib. Ermənistan prezidenti daha sonra deyib: “Son döyüşlərdə təmas xəttində nə qədər azərbaycanlının həlak olduğu hamıya məlumdur. Lakin onlar bütün dünyaya yayırlar ki, erməni tərəfinə yaxşı dərs veriblər. Hamıya bizim şahmatçılarımızın nailiyyətləri məlumdur. Bununla belə Azərbaycan prezidenti əmin edir ki, onlar bizi bu idman növündə qabaqlayıblar. Ancaq Azərbaycan yığması ancaq Avropa çempionu adını qazana bilib”.
Serj-Göbbels ideologiya-təbliğağ işini necə qurmaq barədə tezislərini davam etdirərək partiya fəallarına tapşırıb ki, ermənilərin şahmatda daha güclü olduğu haqda “həqiqəti” beynəlxalq ictimaiyyətə yaysınlar. “Xüsusən də Bakının Qarabağ məsələsini Minsk formatından digər müstəviyə keçirməyə çalışdığını nəzərə almaqla” Serj əlavə edib. “Ədalət naminə qeyd etmək lazımdır ki, bir çox hallarda onlar buna nail olurlar, mən Qarabağ məsələsinin NATO-da, həmçinin AŞ PA-da müzakirə olunmasını nəzərdə tuturam” Ermənistan prezidenti bildirib.
S.Sərkisyan daha sonra Minsk Qrupu formatının erməni tərəfinə çox sərfəli olduğunu etiraf edib. Onun sözlərinə görə, erməni tərəfi Qarabağ nizamlanmasını ATƏT-in Minsk Qrupu çərçivəsində saxlamağa nail olmalıdır. “Hansı ki, biz bu formatda əhəmiyyətli nailiyyətlər əldə edə bilmişik” deyə o, əlavə edib. S.Sərkisyana görə erməni tərəfi Minsk Qrupundakı “uğurlarını” digər strukturlarda da yaymağa nail olmalıdır.
S.Sərkisyanın partiyasının rəhbərliyini toplayaraq Azərbaycana təbliğat müharibəsində uduzduqlarını etiraf edən çıxış etməsi NATO-nun Uelsdə keçirilmiş sammitindən dərhal sonra baş verir. Ermənistan prezidenti bu sammitdə əsəbi çıxış edərək alyans üzvlərini Qarabağ məsələsində Azərbaycanın ərazi bütövlüyünü növbəti dəfə müdafiə etməkdən çəkinməyə çağırmışdı. Lakin o, istədiyinə nail ola bilmədi. NATO sammitinin yekun qətnaməsində Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə növbəti dəfə dəstək ifadə olundu.
Sərkisyan Uelsdən İrəvana qayıdan kimi partiyasının rəhbərliyini toplayıb və göründüyü kimi erməni yalanlarının artıq dünyada yerimədiyini, Azərbaycanın təbliğat-lobbiçilik məsələsində Ermənistanı sıxışdırdığını etiraf etməli olub. Həmçinin Sərkisyanın sonuncu çıxışı onun əsəblərinin yerində olmadığı haqda Azərbaycan Prezidenti Admministrasiyasının rəhbərinin müavini Novruz Məmmədovun qoyduğu diaqnozu da təsdiqləyir. Serj gah ermənilərin şahmatda azərbaycanlılardan güclü olduğu halda Azərbaycan prezidentinin bu “həqiqətin” dünyaya çatdırılmasına imkan verməməsindən şikayətlənir, gah cəbhədə Azərbaycan ordusunun onlara yaxşı dərs verdiyi barədə məlumatların hər yerə yayılmasından qəzəbləndiyini büruzə verir.
N.Məmmədov ixtisasca psixiatr yox, keçmiş fransız dili müəllimi olsa da belə görünür ki, Sərkisyanı yaxından müşahidə edərək onun psixi durumunun yerində olmadığını tamamilə dəqiq müəyyən edə bilmişdi...
musavat.com
İsrail prezidenti uydurma soyqırımı tanımağa hazırlaşır; İşğalçı Ermənistan iki qardaş ölkə ilə yəhudi dövlətinin arasını birdəfəlik vuracaq xain bir oyunun içindədir; bədnam 100-cü ildönüm üçün saxta genosidin tanınması ilə bağlı İrəvanla Təl-Əvivin intensiv gizli danışıqlar apardığı deyilir...
Türkiyə və Azərbaycan əleyhinə yeni məkrli planın hazırlandığı məlum olub. “Vestnik Kafkaza” nəşri yazır ki, İsrail və Ermənistanın prezident aparatlarının yüksək vəzifəli əməkdaşları Osmanlı Türkiyəsində 2015-ci il hadisələrini Təl-Əvivin “soyqırım” kimi tanımasından ötrü gizli və intensiv danışıqlar aparırlar.
Nəşrin yəhudi əməkdaşının yazdığına görə, erməni tərəfi bu xüsusda hətta konkret plan da təklif edib. Plana əsasən, İsrailin yeni prezidenti Reuven Rivlin 2015-ci ilin aprelində digər dünya liderləri kimi İrəvanda faciəvi hadisələrin 100-cü ildönümü tədbirlərinə qatılacaq və öz çıxışı zamanı rəsmən bəyan edəcək ki, Təl-Əviv ozamankı Türkiyə hökumətinin erməni xalqına qarşı soyqırım aktı törətdiyini etiraf edir.
İsrail prezidenti dəftərxanasının yüksək çinli əməkdaşının dediyinə görə, bu ideya yəhudi dövlətindəki erməni lobbisinin bir sıra liderləri tərəfindən fəal şəkildə irəli aparılır. Lakin o, həmin şəxslərin adlarını çəkməkdən imtina edib.
Tanınma tərəfdarlarının nöqtə-nəzərincə, İsrailin “genosidi” tanıması üçün məhz indi ən əlverişli fürsətdir. “Çünki Təl-Əvivlə Ankara arasında olduqca gərgin münasibətlər mövcuddur. Üstəlik, baş nazir (hazırda prezident) Rəcəb Tayyib Ərdoğan öz çıxışlarında dəfələrlə İsrail ordusunun Qəzazdakı hərəkətlərini Fələstin xalqına qarşı soyqırım adlandırıb. İsrail isə məlum olduğu kimi, bu ittihamları rədd edib”, - deyə mənbə bildirir.
Ərdoğanın İsrail əleyhinə daha bir açıqlaması xatırladılır: “Ərdoğan demişdi ki, İsrail terrorizmlə məşğuldur, soyqırım həyata keçirir və qlobal sülhə, Yaxın Şərqdəki sülhə təhlükədir. Türkiyə lideri əlavə eləmişdi ki, nə qədər ki, o, baş nazir postundadır, İsrail haqda yaxşı heç nə deyə bilməyəcək. Buna cavab olaraq yəhudi nəqliyyat naziri İsrael Kats öz facebook səhifəsində ona ermənilərin ”genosidini" xatırlatmış, qeyd eləmişdi ki, məhz Türkiyə lideri kimisə soyqırımda günahlandıra bilməz".
Məlumatlara görə, İsraildə uydurma məsələnin rəsmən tanınması mövzusunun tirajlanmasında yeni prezident Rivlinin personası da rol oynayır. Belə ki, Rivlin bir neçə dəfə tanınmanın tərəfdarı kimi çıxış edib. Hələ o, Knessetin (parlamentin -s.s.) spikeri qismində Litva parlamentində çıxış edərkən belə bir fikri söyləməyi özünə rəva bilmişdi ki, “Xolokost və 1915-ci ilin erməni ”soyqırımı" XX əsrin iki ən faciəvi hadisəsidir". Halbuki, indiyədək yəhudi siyasətçilərin hamısı rəsmi çıxışlar zamanı belə bənzətmədən qaçıblar.
Reuven Rivlin isə dəfələrlə qeyd edib ki, İsrailin 1915-ci il hadisələrini “soyqırım” kimi tanınması uğrunda mübarizə aparmaqla yalnız “tarixi ədalət”ə nail olmaq istəyir və söhbət qətiyyən müasir Türkiyə xalqına və hökumətinə qarşı hansısa ittiham, ələlxüsus iddia irəli sürülməsindən getmir. Rivlin həmçinin, sadəlövhcəsinə belə bir ifadə də işlətmişdi: “Mən başa düşə bilmirəm ki, İsrailin erməni ”soyqırımı"nı tanıması niyə də yəhudi dövlətinin Azərbaycan və postsovet məkanının başqa türkdilli ölkələri ilə münasibətlərinə mənfi təsir göstərməlidir? Axı bu ölkələrin xalqlarının 1915-ci il hadisələrinə heç bir dəxli yoxdur..."
“Bununla belə, İsrail XİN-də hesab edirlər ki, prezidentin konkret halda ”genosidi" tanınma təşəbbüsü ilə çıxış eləmək hüququ yoxdur və bu məsələ yalnız Azərbaycanla razılaşmadan sonra həllini tapa bilər, çünki bu dost ölkə ilə münasibətlər yəhudi dövləti üçün həddən-ziyadə mühüm əhəmiyyət daşıyır", - deyə mənbə vurğulayır.
Nəşrin məqaləsindəki daha bir maraqlı detal: “İsraildə əmindilər ki, yaxınlaşan Rivlin və Sərkisyan arasında danışıqlardan Türkiyə və Azərbaycanda xəbərdardılar. Ancaq İsrail diplomatlarının sözlərinə görə, hələ ki, Bakı və Ankaradan hər hansı reaksiya yoxdur”.
Xatırladaq ki, İsrail tərəfindən tanınma məsələsi Knessetdə ilk dəfə olaraq 2012-ci ildə müzakirəyə çıxarılıb. Lakin dəstək qazanmayıb.
musavat.com