Translate

21 Haziran 2019 Cuma

HƏMKARLARIMIZIN HƏYAT KREDOSU - İRADƏ ƏLİYEVA YAZIR...


İnsan dünyaya bir kərə gəlir. Düşünür, yazır, yaradır və həyatda olsa da, olmasa da, əbədi ömür qazanır...
Zaman isə fikir və əməllə dolu olanda mənalı və gözəl görünür...
Görkəmli maarifçilər ağlın gücünü təmsil edən insanları xoşbəxt hesab edir. Bunu əbədi və etibarlı sərvət sayırlar. “Hər şey biliyə sahiblik haqqı və səlahiyyəti ilə bağlıdır”, - deyirlər.
***
Biz elə bir vaxtda universitet təhsili almışıq ki, o dövrdə görkəmli alimlər, ustad jurnalistlər (Mir Cəlal Paşayev, Əzizə Cəfərzadə, Nəsir İmanquliyev, Nurəddin Babayev, Şirməmməd Hüseynov, Famil Mehdi və başqaları) öz mühazirələrinə yaddaşın və tarixin dərsləri, varlığın məntiqi, dünyada xeyrin və xeyirxahlığın ölməzliyi, milli və mənəvi dəyərlərlə başlayırdılar. Mənəviyyat məsələlərinə, sözün qüdrətinə, ana dilinin böyüklüyünə və zənginliyinə xüsusi diqqət yetirirdilər. Fərdlər, nəsillər, ömürlər və əsrlər arasında fasiləsiz rabitənin olduğunu vurğulayırdılar.
Biz özümüz də anlamadan böyük təfəkkür sahiblərinin - mükəmməl ziyalı mühitinin içərisinə düşmüşdük. Yeni dünya, yeni aləmin işığında yolumuza davam edir, diqqətimizi dərinləşdirir, zəmanənin olaylarına düzgün qiymət verməyə çalışırdıq. Çalışırdıq ki, səhvlərə, qüsurlara yol verməyək, hadisə və meyillərin mürəkkəb, dolaşıq toruna düşməyək. Bizə dərs deyən müəllimlər ancaq yaxşılar, yaxşılıqlar, müsbət meyillər, etik-əxlaqi mövqedən irəli gələn həqiqətlər, güclü əməl sahiblərinin fədakarlıqlarından, şəxsiyyətlərdən danışırdılar. Pisliklərdən, mənfiliklərdən, yanlışlıqlardan, sapıntılardan söhbət açmırdılar. Biz hər yazımızda ədalət və həqiqət axtarşılarına çıxırdıq, örnəklərdən, nümunələrdən söhbət açırdıq.
Hamımız kitabxanalara üz tutur, görkəmli yazarlarımızın əsərlərini oxuyur, onlardan öyrənirdik. Yurd, torpaq sevgisi, ata-anaya, böyüyə hörmət, ehtiram və nəhayət, ziyalı missiyasına önəm verirdik. Heç kəs tərəfindən başa düşülməyən və qəbul edilməyən qəhrəmanlarımızı “başqa cür tale” idealı kimi qələmə verirdik. Bax, hər birimiz beləcə həyatı öyrənir, dərk edir və böyüyürdük. İrəlidə isə bizi nələr gözləyirdi?!.
Mən belə danışanda dünyagörmüş dayım deyirdi ki, bunlar həyat, ömür dərsləridir. Yaşadıqca içindəki mənəvi divar da böyüyüb ucalır, sağlam düşüncə əxlaqı da ucaldır, saflaşdırır, münasibətlərə də öz qiymətini verir, itirilmiş mənanı və dəyəri də geri qaytarır. Bu fikirlərlə mən sadəcə olaraq gənclik, tələbəlik illərimizin yaşam tərzini qısaca xatırlatmaq istədim. Yenə deyirəm, o dövrün gəncliyi yüksək fikirlər, nəcib duyğularla yaşayırdı...
Heç kəs məni qınamasın: tələbə yoldaşlarımızın hərəsi bir dünya idi. Adil Əliyevin (İrşadoğlunun) də öz dünyası var idi. Beş il eyni auditoriyada oxuduq və sonra ayrıldıq. Mən qəzetdə fəaliyyətə başladım, Adil isə televiziya jurnalisti idi. Müntəzəm olmasa da, tez-tez onun reportajlarına, televiziya filmlərinə, müsahibələrinə baxırdım.
Bu verilişlər ahəngdar bir üsluba malik idi. Yaradıcı dünyası ilə yurdsevərlik, torpağa, vətənə sonsuz bağlılıq təlqin olunurdu. Adil səngərlərdə vuruşan, təlim keçən əsgərlərimizin yanında idi. Onların mübariz ruhunu, mətanətini, şücaətini göstərirdi. Azərbaycan dövlətinin, xalqının və ordusunun gücünü, vətən təəssübkeşliyini, torpaq sevgisini təcəssüm etdirirdi. Hər reportajında xalqımızın şanlı tarixini, vətən naminə qurub-yaratmış, onun torpaqlarını qoruyub qəhrəmanlıqlar göstərmiş insanları xatırlayırdı. Alovlu vətənpərvərlərlə həmişə fəxr edirdi.
Adilin ömür və yaradıcılıq yolunun 20 ili Azərbaycan televiziyasında keçib. Kiçik redaktor, böyük redaktor, şöbə müdiri vəzifələrində çalışıb. Televiziyanın “Hərbi Vətənpərvərlik və Salnamə Baş Redaksiyası”nın təşkilində və səviyyəli fəaliyyətində xüsusi xidmətləri olub. Bir sözlə, bu redaksiyanın ilklərindən biridir. Hazırladığı verilişlərə görə müxtəlif mükafatlara layiq görülüb. XTNS-nın xüsusi medalı ilə təltif edilib. Cəbhədə əsgər və zabitlərin həyatından hazırladığı salnamələrə görə “Şah İsmayıl Xətai” mükafatının laureatı olub. Təsadüfi deyil ki, Azərbaycan televiziyasında işlədiyi müddətdə efirə üç mindən çox veriliş çıxarıb. Əsas mövzusu isə o vaxt da, indi də hərbi vətənpərvərliklə bağlı olub.
Adil televiziyada işləyəndə də qəzet və jurnallarda mütəmadi çıxışlar edirdi. O, jurnalistikanın bütün sahələrində və bütün janrlarında qələm işlətməyi bacaran yazardır. Azərbaycan televiziyasından sonra redaktoru, yaxud aparıcı və məsul işçilərdən olduğu “Yeni dünya”, “De Fakto”, “Çempion”, “Sara Ekspress”, “Olaylar”, “Şans” və digər qəzetlərdə də məhz geniş diapazona malik qələm sahibi olduğunu sübut etmişdir.
Adil İrşadoğlu vətənpərvər jurnalistdir. Hələ 1989-cu ildə azərbaycanlıların Dağlıq Qarabağdan sıxışdırılıb çıxarılmasının qarşısını almaq üçün dostları ilə birgə Şuşa Teleötürücü Stansiyasının nəzdində kiçik studiya yaratmışdı. Hazırda isə “İrşad-Teleradio Verilişləri, Sənədli və Bədii filmlər kampaniyası” MMC-nin təsisçisi və baş redaktoru kimi fəaliyyət göstərir. Bu gün müstəqil jurnalist olan həmkarımızın bir sıra saytları da var. O, öz sevimli vətənpərvərlik mövzusunu müxtəlif janr və aspektlərdə işıqlandırır. Qəhrəmanları arasında keçmiş sərkərdələr də, İkinci Dünya müharibəsinin fəal iştirakçıları da, Azərbaycanın suverenliyi və torpaqlarının azadlığı uğrunda canından keçən igidlər də, bu gün sinəsini vətən üçün sipər edən oğullar da var.
Adilin Qarabağ haqqında hər teleoçerkində və qəzet məqaləsində torpaq sevgisi, vətən həsrəti və can yanğısı hissi olunur. Jurnalistin ürək çırpıntıları “Qulağıma bir səs gəldi...”, “Qardaş itirənlər qanad itirir”, “Canda can varkən ruhunu şad etmək dostluq borcumdur” və s. məqalələrində daha çox duyulur.
Cəsarətlə demək olar ki, Adil İrşadoğlu həm də tədqiqatçı jurnalistdir. Onun son onilliklərdə Qarabağda baş verən olaylara şahid olaraq yazdıqları və videolentə çəkdikləri tariximizə bir töhfədir. Belə ki, Adil İrşadoğlu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi xronologiyasını mərhələlərə bölərək işıqlandırmışdır.
Eyni sözləri onun filmləri və verilişləri haqqında da demək olar. “Vətən Səyyar Briqadası” ilə ön cəbhədə, hospitalda, sərhəd bölgələrində, döyüşçülər arasında olan fədakar jurnalistin fəaliyyəti ilə Qarabağın yeni tarixi videolentlərə köçürülmüşdür. Kimlər haqqında yazmayıb Adil İrşadoğlu?!. O, milli qəhrəmanları, sıravi döyüşçüləri vəsf edib. Fred Asif adı ilə çağırılan Milli Qəhrəman A.Məhərrəmovu oxuculara yaxından tanıdıb. “Müharibəni vətən yolunda canını fəda etməyə hazır olan əsgərlərlə edirlər”, - deyir Adil İrşadoğlu (Əliyev).
Peşəkar jurnalist onlarca vətən fədailəri haqqında məqalələr yazıb, bir-birinə bənzəyən və bənzəməyən insan, döyüşçü, vətəndaş taleyinə işıq tutub. Deyir ki, əgər əsgər tərəddüdsüz sinəsini düşmən gülləsinə sipər edirsə, günahsız insanları məhrumiyyət və müsibətlərdən qorumaq uğrunda öz həyatını od-alovun içərisinə atırsa, bu, fədakarlığın zirvəsi sayılaraq əbədi hörmətə layiqdir. Məhz buna görə Yer üzünün bütün xalqları döyüşçüyə məhəbbət və onun xatirəsinə ehtiram göstərirlər.
Bir döyüşçü də elə Adilin özüdür. Həm birbaşa, həm də məcazi mənada. Birbaşa mənada ona görə ki, yazdığı sətirləri qəzet səhifələrinə və televiziya ekranına müharibə alovlarının içərisindən keçərək gətirib. Məcazi mənada ona görə ki, əynində döyüşçü paltarı olsa da, qələmi ilə döyüşür - torpaq, vətən, xalq uğrunda...
Yaddaşın həssaslıq olçüsü deyilən bir anlayış var. Bilirsiniz, jurnalistlərin həssaslıq ölçüsü digər ixtisas sahiblərindən daha artıqdır. Ona görə də özgə talelərinə həssaslıq bizlərin, o cümlədən Adilin yaradıcı fəaliyyətində üstünlük təşkil edir. Bu həssaslıq isə hamıya kövrək bir həyəcan gətirir.
Tez-tez qəribə, uğursuz, təzadlı, mürəkkəb taleli adamlar, xarakterlərlə qarşılaşırıq və onlar haqqında gözəl yazılar hazırlayırıq. Jurnalistlərlə yazıçılar arasında fərq ondadır ki, bizlər bu insanlarla həyatda rastlaşırıq, onlar isə təxəyyüllərində bu surətləri yaradırlar. Təbii ki, biz jurnalistlərin işi daha çətin, ağır və məsuliyyətlidir. Hər mövzunun daxilinə varırıq. Vardıqca da mənəviyyat məsələləri ilə üzləşirik... Heyrətlənirik, yenə də axtarır, düşünür və yazırıq... Bu baxımdan Adil İrşadoğlunun (Əliyev) yaradıcı fəaliyyətində xalqın qəhrəmanlıq səhifələri daha çox vərəqlənir. Vüsət, ucalıq, təmkin, daxili əminlik, ümid və inam, dünya, həyat, insan barədə düşüncələr qabarıq ifadə olunur. Burada əsas qəhrəman Yurdsevərlik və Vətənə, torpağa məhəbbətdir...
Adil odun-alovun içindədir. Şəhid ana və ataların ağrı-acılarını, sızıltılarını daha yaxından eşidir, içində fəryad qoparır. Dilsiz duyğuların arasında boğulur, harayı ərşə qalxır. Söhbətlərində “hər dəfə çəkilişlərdən sonra bir həftə, on gün özümə gələ bilmirəm” - deyir.
Adilin jurnalistlik fəaliyyəti haqqında istənilən qədər faktlar söyləmək olar. Lakin onun xarakterini səciyyələndirən bir-iki qeydi də vurğulamaq istəyirəm.

*Adilin dünyaya baxışı safdır, təmizdir. Xeyrə və işığa son dərəcə həssasdır.
*Soykökə, ocağa bağlılığı çox güclüdür. Onda ədalət duyğusu, eyni zamanda güclü qisas yaddaşı var. Bu hissində o, əlbəttə ki, haqlıdır.
*Adil təmkinlidir, səbirlidir, insanı axıra qədər dinləyə və anlaya bilir. Sevdiyi insanlara qarşı çox mərhəmətli və şəfqətlidir.
*Yaxşı övladdır, yaxşı atadır, gözəl ailə başçısıdır.
*O, ruhu və təbiəti etibarı ilə əsl ziyalıdır. Bütün bu xüsusiyyətlər ona bol-bol hörmət qazandırır.

Tələbəlik illərindən çox-çox sonra Adilin yazılarından birində bu cümlələri oxudum: “Atam İrşad Əliyev Ağdamın, Qarabağın sayılıb-seçilən ağsaqqallarından idi. Uzun müddət dövlət orqanlarında çalışmışdı. İnsanların indi də bu şəxsi sevməsi, adı çəkiləndə “min rəhmət” oxuması səbəbsiz deyil. Qoy bu hərəkətə patriarxal deyilsin, köhnəlmiş deyilsin, amma bu ağsaqqalın ailəsinin, onun doğulduğu Sarıhacılı kəndinin, yaşadığı Ağdam şəhərinin öz əxlaq qanunları var idi. Bizim gücümüz bu yazılmamış qanunlarda idi: böyüyə, ata-anaya ehtiram, sitayiş dərəcəsinə çatan vətən sevgisi bu əxlaqın bünövrəsi idi”. Biz bu bünövrənin varlığına Adil İrşadoğlunun 65 illik ömür yolunda dəfələrlə şahid olmuşuq. Onu da bilirik ki, əzəldən üç idealı olub. Onlar Mustafa Kamal Paşa Atatürk, dahi Üzeyir bəy Hacıbəyli və atası İrşad kişidir...
Vaxtilə vətən sevgisini, torpaq təəssübkeşliyini, döyüş ruhunu, taleyini bağladığı işə sədaqəti atasından əxz etdiyini deyən Adil İrşadoğlu indi bunları bir ərməğan kimi gənc nəslə, o cümlədən övladları Fərhad və Elşada ötürür. Və onların bu ərməğanı qiymətləndirdiyinə, qoruyub saxladığına görə bir yazar, vətəndaş, ata kimi ürəkdən sevinir.
Bu günlərdə Adillə telefon söhbətimiz oldu. Dərdimiz, sərimiz, giley-güzarımız haqqında da danışdıq. Təbii ki, gündəmdə olan peşəkarlıq məsələsinə də toxunduq. “Çox təəssüf, sıralarımız seyrəlir”, - dedi Adil Əliyev. “Ciddi jurnalistika ortadan yox olur, peşəkarlar yetişmir, qeybət, şou jurnalistikası meydanı alıb əlinə. Nə yazdıqlarını, nə danışdıqlarını başa düşürük, nə hərəkətlərini, nə də vəzifələrini... Televiziya verilişlərində qeyri-etik normalar baş alıb gedir. Falçılar, baxıcılar, əqli cəhətdən xəstə insanlar kanallarda meydan qoparırlar. Qeybət proqramları, söyüş və təhqirlərlə, dava-dalaşla dolu verilişlər insanların mənəviyyatını korlayır, maarifçilik tamamilə unudulub... Peşəkarları isə axtaran yoxdur... İndi tanınmayan, xidməti bilinməyən “jurnalistlərə” evlər də verilir, təqaüdlər də, adlar da... Səviyyəsiz, peşəkarlıqdan uzaq olanlar xalq, əməkdar fəxri adlarına sahib çıxırlar. Bizlər isə o sırada yoxuq. Yenə də təəssüf, min təəssüf...”
Bu gün Adil İrşadoğlunun 100 mindən çox oxucusu var. İnternetdə 1 saytı, 2 kanalı, 12 səhifəsi, 7 bloku fəaliyyətdədir. Ən əsası isə böyük hörmətə, nüfuza malikdir. O, peşəkarlıq zirvəsinə seçdiyi yola sədaqət, xarakterindəki yorulmazlıq, məqsədyönlülük, topladığı böyük təcrübə sayəsində nail olub. Hərəkətlərində ancaq humanizmə, ədalətə, obyektivliyə söykənib. Davranışı, mədəniyyəti, sadəliyi, təvazökarlığı, insanlara diqqəti, qayğı və məhəbbəti ilə hamının rəğbətini qazanıb.
Adil İrşadoğlunu 65 illik yubileyi münasibətilə ürəkdən təbrik edir və ona dopdolu yeni uğurlu illər arzulayıram. 


İradə ƏLİYEVA.
Əməkdar jurnalist.
AZpresAZ / 20.10.2018.

ÖMÜR DEDİYİN BUDUR: 65 NƏ TEZ OLDU?




Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Mətbuat Şurasının təşkilatçılığı ilə Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Birinci Qarabağ müharibəsinin iştirakçısı, Qarabağ Əlillər Cəmiyyətinin fəxri üzvü Adil İrşad oğlu Əliyevin anadan olmasının 65 illik yubileyi münasibəti ilə tədbir keçirildi. Tədbirdə Azərbaycan Mətbuat Şurası idarə heyətinin və Ahıl Jurnalistlər Məclisinin üzvləri,  KİV nümayəndələri, yubilyarın tələbə yoldaşları, dostları, qohumları iştirak edirdilər. 

"Keçmişə ehtiramla, gələcəyə inamla!" layihəsi çərçivəsində təşkil olunan tədbirdə Azərbaycan Mətbuat Şurası nəzdində fəaliyyət göstərən Ahıl Jurnalistlər Məclisinin sədri Məzahir Süleymanzadə çıxış edərək, yubilyarın həyat və yaradıcılığı haqqında məlumat verdi. Azərbaycan Mətbuat Şurası İdarə heyətinin üzvü Azər Həsrət  Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşovun təbriklərini yubilyara çatdırdı. A.Həsrət Dağlıq Qarabağ müharibəsində şəhid olmuş qəhrəmanlarımızı, o cümlədən Salatın Əsgərova başda olmaqla, şəhid jurnalistlərimizi yad edərək, müharibədə 7 nəfər azərbaycanlı, 2 nəfər də rus jurnalistinin şəhid edildiyi halda, Ermənistan tərəfdən bir nəfər də olsun, jurnalistin öldürülmədiyini diqqətə çatdırdı. Bildirdi ki, bu fakt biz azərbaycanlıların heç zaman savaşa dəxli olmayan insanlara güllə atmadığımıza sübutdur. Biz dinc insanları heç zaman hədəfə almamışıq, cəbhədən xəbər hazırlayan jurnalistlərə qarşı düşmənçilik etməmişik. Azər Həsrət Adil İrşadoğlu kimi bir jurnalisti tanımaqdan şərəf duyduğunu vurğulayaraq, onun yeni nəslə, gənc jurnalistlərə mükəmməl bir örnək, yol göstərən bir mayak olduğunu diqqətə çatdırdi. 

Məzahir Süleymanzadə A.İrşadoğluna Mətbuat Şurasının xüsusi diplomunu, Ahıl Jurnalistlər Məclisinin xatirə hədiyyəsi olaraq, “Qızıl qələm”  təqdim etdi. 
Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinindən unudulmaz müəllimlərimiz Nəsir Əhmədlinin və Akif Rüstəmovun çıxışları biz tələbə yoldaşlarını o illərə apardı... Fakültədə təşkil edilən tədbirlərdə Adilin tarı sinəsinə basıb ruhumuzun gedə bildiyi məkana apardığını xatırlatdılar...

Yubilyarın dayısı, tələbəliyimiz müddətində müəllim yox, əsil dost, yaxın insan münasibətini bizdən əsirgəməyən  Akif Rüstəmov Adilin universitetə girdiyi illərdən başlamış, tələbəliyi bitirənəcən başına gələn maraqlı əhvalatlardan danışdı. Adilin tələbə yoldaşları və dostları Mustafa Çəmənli, Adil Cəmil, Üzeyir Cəfərov, Orxan Zakiroğlu, Tahir Aydınoğlu, İbrahim Mehdi, Şəmsiyyə Kərimova və başqaları çıxış edərək yubilyarın həyat və yaradıcılıq yolundan söz açdılar.

✔Böyük inamla demək olar ki, Adil İrşadoğlu o jurnalistlərdəndir ki, “qələmini süngüyə çevirib” ifadəsi məhz onun boyuna biçilib... 

✔Çünki Adil müharibənin qızğın vaxtında ön cəbhədə olmağı, isti yataqdansa, səngərdə gecələməyi üstün tutan jurnalist olub...

✔Adil iki körpəsini gözü yolda qoyub millətə daha dolğun və operativ xəbərlər çatdırmaq üçün gecəsini gündüzünə qatıb ön cəbhə həyatını seçən, hətta bir neçə dəfə mühasirəyə düşən jurnalist olub...

✔Adil torpağına möhkəm tellərlə bağlanan ziyalı bir ailənin yetişdirdiyi jurnalist olub və yenə fəaliyyətdədir...

Məlumat üçün bildirək ki, Birinci Qarabağ müharibəsinin iştirakçısı, Qarabağ Əlillər Cəmiyyətinin fəxri üzvü Adil İrşad oğlu Əliyev həm də Üzeyir Hacıbəyov adına Ağdam şəhər Orta İxtisas Musiqi Məktəbini tar ixtisası üzrə bitirib. S.M.Kirov adına Qırmızı Əmək Bayrağı ordenli Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) jurnalistika fakültəsinin məzunu Adil İrşadoğlu Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin göndərişinə əsasən, 1977--1997-ci illərdə Dövlət Televiziya və Radio Verilişləri Komitəsində kiçik redaktor, böyük redaktor və şöbə müdiri vəzifələrində işləyib.

 Adil İrşadoğlu Dağlıq Qarabağdan azərbaycanlıların sıxışdırılıb çıxarılmasının qarşısını almaq üçün 1989-cu ildə Şuşa şəhərinin teleötürücü stansiyasının nəzdində kiçik studiyanın yaradılmasında və erməni daşnaqlarına qarşı əks təbliğatın aparılmasında yaxından iştirak edib. Həmçinin, dövlət televiziyasının hərbi vətənpərvərlik verilişləri baş redaksiyasının təşkil olunmasında və fəaliyyət göstərməsində əlindən gələni əsirgəmyib. Teleradio Verilişləri Komitəsində işlədiyi müddətdə 3000-dən çox veriliş hazırlayıb xalqa təqdim edib. 1988-ci ildən bugünədək Qarabağla bağlı hadisələrdə yaxından iştirak edib.

Adil İrşadoğlu Dövlət Televiziya və Radio Verilişləri Şirkətində fəaliyyətinin son illərində cəbhə bölgələrindən, ön mövqedən canlı verilişlər hazırlayıb xalqımıza göstərməyi vətəndaşlıq borcu bilib. Teleşirkətin 1-ci Qarabağ Müharibəsi arxivinin yaradılmasında yaxından iştirak edib.

Teleşirkətdə işlədiyi zaman müxtəlif qəzet və jurnallarda maraqlı yazıları ilə çıxış edib. Sonralar "Yeni dünya" qəzetinin baş redaktorunun birinci müavini, "De Fakto" qəzetinin yaradıcısı və ilk baş redaktoru, "Çempion"adlı həftəlik idman qəzetinin baş məsləhətçisi, "Sara - ekspress" qəzetinin məsul katibi, "Olaylar" qəzetinin baş direktoru, "Şans" qəzetinin baş direktoru, "Novıy mir" qəzetinin redaktoru, Qarabağ Əlillər Cəmiyyətinin orqanı olan "Əlillər" qəzetinin məsul redaktoru, Qarabağ Azadlıq Təşkilatının orqanı olan "Azad Qarabağ" qəzetinin məsul redaktoru və Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının vitse - prezidenti olmuşdur. Qarabağ Əlillər Cəmiyyətinin fəxri üzvü, Jurnalist - Müharibə Veteranları Assosiasiyası sədrinin birinci müavinidir.

Tədbirin sonunda Adil İrşadoğlu göstərilən qayğı və diqqətə görə Azərbaycan Mətbuat Şurasına, Ahıl Jurnalistlər Məclisinə minnətdarlığını bildirdi.

Adilin internetdəki və sosial şəbəkədəki fəaliyyətinə nəzər salmaq yetər ki, İrşadoğlunun fəaliyyəti ilə yaxından və əhatəli tanş olasan. Tələbə dostuma can sağlığı arzulamaqla bərabər “yaşadığımız ömür budurmu? 65 nə tez gəldi?” - deyirəm... Onun Qarabağ həsrətinin tezliklə bitməsi diləyilə tədbir düşüncələrini yazdı :



Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”

 26 Oktyabr 2018 13:57 - CƏMİYYƏT