İrşad Məhəmməd oğlu Əliyev
" Mənim qəlbim dəfinələr adasıdır.
Basdırılıb burda ata, burda qardaş, burda dost da.
Çəkilibdir dağ dağ üstən.
Qamçılayıb zaman məni.
Qovrulmuşam zaman - zaman.
Ağrını da, acını da, itkini də udan zaman,
Göz yaşımı ürəyimə axıtmışam.
Bəzən artıb ürəyimin ağırlığı diz bükmüşəm.
Ata, ata - deyə hönkürmüşəm..."
Yaşım yarım əsri keçib. Bu vaxtadək vicdanımın səsini tez - tez eşitmişəm. Həyatda üç idealım olub. Atam, Mustafa Kamal Paşa (Atatürk) və dahi Üzeyir Hacıbəyli. Bu şəxsiyyətləri kəşf etməkdə atam yardımçım olub. Uşaq ikən o, mənə rəhmətlik Tağının kitab mağazasından say - seçmə kitablar alıb gətirərdi. Ağdamda mənim on rəf kitabım var idi (Rayonumuzun erməni faşistləri tərəfindən işğalı zamanı evimizin bütün əşyaları ilə birlikdə kitablarım da düşmənin qənimətinə çevrildi). Dərslərimi hazırlayandan sonra qiraət etməyi çox xoşlayırdım. Yuxarıda adlarını çəkdiyim insanların gördükləri işlər barədə xeyli kitab oxuyandan sonra onları özümə ideal seçdim. Onların sırasında atamın yeri başqadır.
Cüssəli, qamətli atam böyük bir nəslin şərəfini vəfat edənədək çiyinlərində məğrurluqla daşıyıb. Vətənin çətin günlərində el - obasının, doğma Azərbaycanın ağrı - acıları ilə yaşayıb. Babalarının, nənələrinin var - dövləti bolşevik hökuməti tərəfindən mənimsənildiyinə görə, o da ailəsi ilə birlikdə iztirablı həyat sürüb. On yaşında olarkən atası vəfat edib. Bu məsum və qeyrətli körpə ailənin bütün ağırlığını öz üzərinə götürüb. Üç qardaşını və bir bacısını yaşatmaq, oxutmaq üçün anasına söykək olub.
İkinci Dünya Müharibəsi başlayanda atamın 17 yaşı var imiş. Ağdam Rayon Hərbi Komissarlığı onun tay - tuşlarını müharibəyə səfərbər edir. Lakin atama yaşı aşağı olduğundan çağırış kağızı (povestka) göndərilmir. Atam dostlarından ayrı düsməsin deyə, Hurizat nənəm (Böyük mütəfəkkir, yazıçı Süleyman Sani Axundovun əmisi qızı Əziz xanımın ulu babam Mehdi bəylə izdivacından doğulan qızıdır) hərbi komissarlıqdan oğlunun da müharibəyə çağırılmasını xahiş edir. Beləliklə, atam 1941 - ci ildən 1947 - ci ilədək Sovet Ordusu sıralarında şərəflə xidmət edir.
Əgər əsgər tərəddüdsüz sinəsini düşmən gülləsinə sipər edirsə, günahsız insanları məhrumiyyət və müsibətlərdən qorumaq uğrunda öz həyatını od - alovun içərisinə atırsa, bu, fədakarlığın zirvəsi sayılaraq əbədi hörmətə layiqdir. Məhz buna görə yer üzünün bütün xalqları döyüşçüyə məhəbbət və onun xatirəsinə ehtiram göstərirlər.
Alman faşizminə qarşı 1941 - 1945 - ci illər müharibəsinin son yaylım atəşindən yarım əsrdən çox bir vaxt keçir. Dünyanın mütərəqqi ictimaiyyəti hər il bu Böyük Qələbəni təntənə ilə qeyd edir. Faşizm cəlladlarına qarşı mübarizədə Azərbaycanın 600 mindən çox oğul və qızı iştirak etmişdir. Onların yarısı döyüş meydanlarında həlak olmuş və Avropa ölkələrinin ucsuz - bucaqsız ərazilərinə səpələnmiş qərib qardaşlıq məzarıstanlarında uyuyurlar.
İkinci Dünya Müharibəsi haqqında indiyədək çox yazılıb, çox deyilib. Yəqin ki, bu mövzu bundan sonra da uzun illər elmi, ədəbi, siyasi - publisistik yazıların əsas mövzularından biri kimi qalacaqdır.
Azərbaycan oğulları ilə çiyin - çiyinə atam da alman faşizminə qarşı cəbhələrdə misilsiz mərdlik və qəhrəmanlıq nümunələri göstərir. Ordenlərlə, medallarla təltif olunur. Başqa azadlıqsevər xalqların nümayəndələrilə birlikdə döyüsən qəhrəmanlarımız, eləcə də mənim atam ümumbəşəri ideallar uğrunda canlarını qoymuşlar.
Atam İrşad Kərbəlayi Mikayıl Məhəmməd oğlu Əliyev Ağdamın, Qarabağın sayılıb - seçilən ağsaqqallarından biri idi. Uzun müddət dövlət orqanlarında çalışmışdı. İnsanların indi də bu şəxsi sevməsi, adı çəkiləndə min rəhmət oxuması səbəbsiz deyil. Qoy patriarxal deyilsin, köhnəlmiş deyilsin, amma bu ağsaqqalın ailəsinin, onun doğulduğu Sarıhacılı kəndinin, yaşadığı Ağdam şəhərinin öz əxlaq qanunları var idi. Bizim gücümüz bu yazılmamış qanunlardaydı. Böyüyə, ata - anaya ehtiram, sitayiş dərəcəsinə çatan vətən sevgisi bu əxlaqın bünövrəsi idi. Hamısı alt - üst oldu. Qarabağı müharibəyə sürüklədilər. Bu müharibə, erməni daşnaqlarının əsassız torpaq iddiaları bizə dərd - kədər, ölüm - itim, məhrumiyyətlər gətirdi. Öz yurdumuzda qaçqına, köçkünə döndük. Yox, bu "qaçqın", "köçkün" ifadələri ürəyimizdəkilərin mində birini əks etdirmir. Qarabağlıları respublikanın bütün şəhər və kəndlərinə səpələdilər. Onların genefondunu pozdular. Müsibət müsibət dalınca gəldi. Vicdanlı, namuslu insanların bu təhqirlərə tab gətirəni də oldu, gətirməyəni də. Atam dözmədi. Onu könüllü döyüşə atılmış qəhrəman oğullarımızın ruhlarının harayı, anaların ah - naləsi, qız - gəlinlərin fəryadı yandırdı. Yurd, əzizlərinin uyuduğu qəbiristanlıq və yerlə - yeksan edilən ev - eşik həsrətilə İrşad Məhəmməd oğlu Əliyev dünyasını dəyişdi. Allah rəhmət eləsin. Amin...
(Atamın doğum tarixi : 25.02.1924. - Ölüm tarixi : 13. 03. 1993).
© Adil İrşadoğlu,
Bakı, aprel 2005.
İlk dəfə 7 may 2005 - ci il tarixli
"Vətən uğrunda" qəzetində çap edilmişdir.
Bakı, aprel 2005.
İlk dəfə 7 may 2005 - ci il tarixli
"Vətən uğrunda" qəzetində çap edilmişdir.
1 yorum:
Ağdamın süqutu 1993-cü il iyulun 23-də başa çatdı. Ermənilər Ağdam rayonunun 77,4 faizini işğal edib və bu gün də işğal altında saxlayırlar. Hazırda Ağdam şəhəri və rayonun 80 kəndi erməni işğalı altındadır. Erməni təcavüzü nəticəsində rayona 13 milyard ABŞ dollarından çox məbləğdə ziyan dəyib. Ağdam həm də erməni təcavüzkarları ilə döyüşlərdə ən çox şəhid verən bölgələrdəndir. Ağdam uğrunda gedən döyüş zamanı 6 mindən artıq insan şəhid olub.
Yorum Gönder