Translate

Irşad Tele Radio Verilişləri etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
Irşad Tele Radio Verilişləri etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

27 Aralık 2024 Cuma

AZAL-IN QROZNIYA UÇAN SƏRNİŞİN TƏYYARƏSİNİ...

 

HHM sistemləri təyyarələri 

vuranda üzərindəki izlər necə yaranır?


Bəzi raketlər təyyarənin mühərrikini, bəziləri quyruq hissəsini, bəzi raketlər isə pilot kabinəsini hədəfə alır.




Müxtəlif informasiya vasitələrini araşdırdıqdan sonra belə qənaətə gəldim ki, AZAL-ın Qroznıya uçan təyyarəsini Rusiyanın hava hücumundan müdafiə qüvvələri vurub.




Təyyarəni zədələdiyini biləndən sonra Rusiya onun öz aeroportlarına enməsinə imkan verməyib. İzi itirmək üçün təyyarəni Xəzər dənizində batmağa göndərib. (25.12.2024).


24 Aralık 2024 Salı

DASTAN YAZAN CAVANŞİRLƏR

 

1-ci və 2-ci Qarabağ müharibəsində Vətənin mərd oğulları sözün əsl mənasında dastan yazdılar. 

Bu haqq savaşımızda şəhidlik zirvəsinə ucaldılar, digərləri isə qazi oldular. 


44 günlük İkinci Qarabağ müharibəsində Vətən, torpaq uğrunda qan töküb doğma Azərbaycana şərəf gətirən minlərlə qəhrəman oğullardan biri də Zaur Sabir oğlu Cavanşirdir. O, 21 sentyabr 1974-cü ildə Ağcabədi rayonunun Hindarx qəsəbəsində doğulmşdur.


Zaur Sabir oğlu Cavanşir (Məmmədov)


Zaur Sabir oğlu Cavanşir (Məmmədov) Cavanşirlər sülaləsindən olub, Pənahəli xan nəslinin nümayəndəsidir. 1991-ci ildə Hindarx kənd orta məktəbini qızıl medalla bitirən Zaur Cavanşir ata-babalarının yolunu davam etdirərək vətəninin, xalqının, bayrağının keşiyində dayanmaq üçün Ali Hərbi Komandirlər məktəbinə daxil olmuşdur.

1993-cü il fevral ayında hələ Ali Hərbi komandirlər məktəbinin kursantı olaraq mənfur düşmənə qarşı Kəlbəcər, Ağdərə istiqamətlərində döyüşə qatılmış, şiddətli döyüşlərdə bölmələrə komandirlik etmişdir. 1994-cü ilin yanvar ayından may ayının 12-si atəşkəs elan edilənədək öz yaşıdları olan əsgərləri ilə Tərtər istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. 1994-cü ildən 2000-ci il iyul ayınadək Tərtər rayonu ərazisində cəbhə bölgəsində birbaşa ön xətdə tağım komandiri vəzifəsindən tabor komandiri vəzifəsinədək xidmət etmişdir. 

Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) yaranması ilə 2000-ci il iyul ayından kapitan Zaur Cavanşir Xüsusi Təyinatlı Qüvvələr məktəbinə rəis təyin edilmiş, 2002-ci il fevral ayında artıq mayor rütbəsində olan Zaur Cavanşir Xüsusi Təyinatlı Qüvvələrdə yeni formalaşmış Xüsusi Təyinatlı alayın qərargah rəisi vəzifəsinə təyin edilmişdir.

2002-ci il iyul ayında Silahlı Qüvvələrin Hərbi Akademiyasına daxil olmuş və təhsildə birinci yeri tutaraq 2004-cü ilədək Türkiyə Silahlı Qüvvələrin Quru Qoşunları Hərbi Akademiyasında təhsil almışdır.

2004-cü il avqust ayından 2006-cı ilin may ayınadək XTQ-in "Yaşma" xüsusi təyinatlı alayının komandiri vəzifəsində xidmət etmiş və dəfələrlə düşmən arxasında xüsusi əməliyyatlarda iştirak etmişdir.

2005-ci ildə xüsusi əməliyyatlarda rəşadət və mərdlik göstərdiyinə görə Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmişdir. Polkovnik-leytenant rütbəsində Zaur Cavanşir 2006-cı ilin may ayından 2011-ci ilin may ayınadək Füzuli və Beyləqan bölgəsində 702, 181, 706 saylı motoatıcı briqadaların komandiri olmuşdur. 2011-ci ildən 2013-cü ilin noyabr ayınadək Heydər Əliyev adına Azərbaycan Ali Hərbi məktəbində silah və atış kafedrası rəisi vəzifəsində xidmət etmiş və gələcək zabitlərin hazırlığında müstəsna rol oynamışdır.

2013-cü ilin noyabr ayında polkovnik Zaur Cavanşir XTQ komandanının müavini vəzifəsinə təyin edilmiş, 2013-2015-ci illər ərzində dəfələrlə düşmən arxasında xüsusi əməliyyatların keçirilməsində iştirak və rəhbərlik etmişdir.

2016-cı ilin sentyabr ayında Azərbaycan Ordusunun ovaxtkı Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıqovun qanunsuz tələblərinə əməl etməkdən qəti şəkildə imtina etdiyinə görə ona qarşı aparılan ədalətsizliyə etiraz olaraq öz arzusu ilə ordu sıralarından ehtiyata tərxis edilmişdir.

27 sentyabr 2020-ci ildə Vətən müharibəsinin başlanması ilə ordu sıralarına qatılmaq üçün müraciət edən polkovnik Zaur Cavanşir Nəcməddin Sadıqovun ancaq XTQ sıralarında sıravi əsgər olaraq döyüşməyə razı olacağı halda orduya geri qaytara biləcəyi şərti ilə razılaşaraq döyüşlərə sıravi döyüşçü olaraq qatılmış, öz sərkərdəlik bacarığı ilə dərhal aktiv döyüşlər aparan xüsusi təyinatlı qüvvələrin birləşmə və hissələrinindən ibarət hücum qruplaşmasının idarə edilməsini öz üzərinə götürərək Hadrut-Şuşa istiqamətində hücum edən bütün qoşun qruplaşmasının rəhbəri olaraq davam etmiş, torpaqlarımızın azad edilməsində əsgər və zabitləırimizə müstəsna igidlik və qəhrəmanlıq nümunəsi göstərərək Azərbaycan bayrağını ata-baba yurdu Şuşaya sancmışdır. O, ulu babası Pənahəli xan Cavanşirin əsasını qoyduğu Şuşanın ilk komendantı olmuşdur.

Haşiyə - əsas mövzuya uyğun əhvalat danışmaq, sözün birini qoyub o birinə getmək deməkdir. General-mayor Zaur Cavanşirin nəsil şəcərəsi Qarabağ xanlığının banisi Pənahəli xan Cavanşirin (1747-1763) oğlu İbrahimxəlil xanın (1763-1806) Hüngütlü Allahyar bəyin qızından olan oğlu Məhəmməd Qasım ağaya (?- 1843) bağlanır. Məhəmməd Qasım ağa əmisi Mehrəli bəy Cavanşirin qızı Xədicə bəyimlə evlənmiş və onların bu izdivacdan 4 oğlu - Nəcəfqulu ağa, Paşa ağa (təq.1820-?), Kərim ağa (1826-1907), Qasım ağa (1834-?) və 2 qızı - Cahan xanım və Bala xanım Cavanşirlər doğulmuşdu.

Kərim ağa XIX əsrin sonlarında Şuşa şəhərini məcburən tərk etmiş və Yelizavetpol (Gəncə) quberniyasının Qubadlı bölgəsinə yerləşmişdir. Onun nəticəsi olan Nəsib Kərim oğlu Cavanşir (1911-1996) öncə Şuşa qəzasının Kəbirli mahalının Baharlı kəndində yaşamışdı. O, öz qohumu olan Qasım bəy Zakirin nəticəsi sayılan Xurşid xanımla evlənmiş və onların bu nikahdan Mafizə adlı qızları dünyaya gəlmişdi. Lakin, çox keçmədən onlar ayrılmışlar. Böyük Vətən müharibəsinin ağır illərində Nəsib Kərim oğlu traktor sürücüsü işlədiyi üçün cəbhəyə aparılmamışdır. Kəbirli mahalının Hindarx kəndində çalışan Nəsib kişi ikinci dəfə ailə həyatı quraraq, bu kənddən olan Sümayə xanımla evlənmiş və burada yaşamışdır. Nəsib Kərim oğlunun 10 övladından biri olan Sabir Məmmədov və onun oğlu Zaur Cavanşir Hindarxda dünyaya gəlmişdir.

Zaur Cavanşir hal-hazırda Azərbaycan Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələrində general-mayor rütbəsi ilə xidmət etməkdədir.

Zaur Cavanşir 2016-cı ildə baş vermiş Aprel döyüşlərində də iştirak etmişdir.

2020-ci ildə baş vermiş İkinci Qarabağ müharibəsi zamanı o, Azərbaycan Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələrinin komandanlarından biri olmuşdur. Şuşanın azad edilməsində xüsusi fərqlənən Zaur Cavanşir Şuşanın ilk komendantı təyin edilmişdir.

O, Şuşaya sancılmış və Zəfər Bayrağı elan edilmiş Azərbaycan bayrağı ilə 2020-ci ildə Bakı Qələbə Paradında iştirak etmişdir.

Zaur Cavanşir Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2005-ci il tarixli 860 nömrəli Sərəncamına əsasən "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmişdir.

Zaur Cavanşirə Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "general-mayor" ali hərbi rütbəsi verilmişdir.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zaman igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Respublikası Prezidentinin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Zaur Cavanşirə "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmişdir.

Azərbaycan Respublikasının Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilmişdir.

Azərbaycan Respublikasının Şuşa şəhərinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Zaur Cavanşir "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilmişdir.

Azərbaycan Respublikasının Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən Zaur Cavanşir "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilmişdir.

Azərbaycan Respublikasının Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən Zaur Cavanşir "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edilmişdir.

Azərbaycan Respublikasının Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən Zaur Cavanşir "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilmişdir.

Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə Zaur Cavanşir Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən Zaur Cavanşir 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.

2021-ci il noyabrın 16-da Kəlbəcər və Laçın rayonları ərazisindəki Azərbaycan-Ermənistan dövlət sərhəddində Ermənistan silahlı qüvvələrinin təxribatlarının və hücumlarının qarşısının alınması, dövlət sərhədinin müdafiəsi və təhlükəsizliyinin təmin edilməsi məqsədilə verilən döyüş tapşırığını uğurla yerinə yetirmiş, öz xidməti vəzifələrini və qarşıya qoyulmuş tapşırıqları yerinə yetirərkən şücaət və fədakarlıq göstərmiş Zaur Cavanşir Azərbaycan Prezidenti İlham Əliyevin 27.12.2021-ci il tarixli Sərəncamına əsasən "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilmişdir.

Azərbaycan Prezidenti İlham Əliyevin 2 fevral 2024-cü il tarixli Sərəncamı ilə Heydər Əliyevin 100 illiyi (1923-2023)" yubiley medalı ilə təltif edilmişdir.



General Zaur Sabir oğlu Cavanşir 
və jurnalist Adil İrşadoğlu Cavanşir


Hazırladı: 

ADİL İRŞADOĞLU CAVANŞİR (ƏLİYEV) ©

Qocaman televiziya və qəzet jurnalisti,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1980),

1-ci Qarabağ Müharibəsinin iştirakçısı (1988-1996), Qazi.







QEYD: Bu yaxınlarda bir məclisdə general Zaur Cavanşir və digər dostlarımla birlikdəydik. Siz paylaşdığım şəkillərdə Şaiq Rəşid oğlu Bəşirovu, Qurban Hüseynovu, Nəzər Allahverdiyevi, İlham Novruzovu görürsünüz. Bu dostlar çətin anlarda, şad günlərdə yanımda olan insanlardır.

Həyatımızın hər anında yanımızda olan dostlarımızı sevməli, onlarla dərdimizi və xoşbəxtliyimizi paylaşmalı, ünsiyyətimizi ən gözəl şəkildə inkişaf etdirməliyik.

Allah bütün dostlarıma can sağlığı və uzun ömür versin. Onların hər birinə uğurlar arzulayıram. 


14 Aralık 2024 Cumartesi

ELM HƏM ZİNƏTİMİZ, HƏM SİLAHIMIZ, HƏM DƏ...

Akif Rüstəm oğlu Rüstəmovun 

mənim həyatımda çox böyük rolu olub. 


Müqəddəs “Qurani-Kərim” biliyə yiyələnməyin yolunu oxuyub yazmaqda, öyrənməkdə görür. Məhəmməd Peyğəmbər buyururdu ki, elm çöldə dostumuz, tənhalıqda munisimiz, köməksizlikdə yoldaşımız, xoşbəxtlik yolunu göstərənimiz, dostlar arasında zinətimiz, düşmənlər arasında silahımızdır. Elmi biliklərə yiyələnmək Allahın yanında oruc tutmaqdan, namaz qılmaqdan, Həccə getməkdən də üstündür. 

Mənim fikrimcə biliyə yiyələnməyin ilkin mərhələsi ailədən və uşaq bağçasından, əhatəmizdəki əmi və dayıların, bibi və xalaların davranışlarından, maraqlı söhbətlərindən başlanır. Daha sonra  insanın şəxsiyyət kimi formalaşmasında, onun təhsil və inkişafında müəllimin rolu danılmazdır. Bütün dövrlərdə müəllim peşəsi ən müqəddəs peşələrdən biri sayılıb. Müəllim peşəsi daim peşələrin zirvəsində dayanacaq.



Akif Rüstəm oğlu Rüstəmov


50 ildən çox Bakı Dövlət Universitetində şərəflə çalışan, seçki yolu ilə 10 il Jurnalistika Fakültəsinin dekanı olmuş, jurnalistikanın əsasları ilə bağlı xeyli kitab və məqalələrin müəllifi, saysız-hesabsız professional jurnalistin 85 yaşlı qayğıkeş müəllimi, ləyaqətli elm adamı, Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının dosenti, filologiya elmləri namizədi, professor Akif Rüstəm oğlu Rüstəmovun mənim həyatımda çox böyük rolu olub. O, həm yolgöstərənim, həm də sevimli müəllimim olub.


Akif müəllimin yaradıcılıq fəaliyyəti haqqında istənilən qədər faktlar söyləyə bilərəm. Lakin onun xarakterini səciyyələndirən aşağıdakı qeydlərimi vurğulamaq istəyirəm :

❤ Akif müəllim ilk növbədə insandır, bilikli, savadlı, tərbiyəli, tələbələrini və peşəsini sevəndir, gəncləri xalqın, Vətənin gələcəyi üçün hazırlayan vətənpərvərdir, vətəndaşdır, ictimai xadimdir.

❤ Akif müəllim tələbələrilə dostluq etməyi bacarır, onların sevincini və kədərini ürəyinə sala bilir, tələbələrin qəlbini oxuyur və heç vaxt unutmur ki, özü də vaxtilə uşaq olub, gənc olub.

❤ Akif müəllim tədris etdiyi fənnin elmini yaxşı bilir, bu sahəyə aid kəşfləri, tədqiqatları, nailiyyətləri izləyir. O, bu elmin problemlərindən də xəbərdardır. Akif müəllim universitetin tədris proqramında nəzərdə tutulanlardan daha çox bilir. O, dərin biliyə, geniş dünyagörüşünə malikdir. Akif müəllim tələbələr qarşısında elmin, fənnin, tədris prosesinin cəzbedici qüvvəsini aça bilməkdə mahirdir. Tələbələr onun simasında daim ağıllı, bilikli, düşüncəli, sənətinə vurğun bir insanı görürlər.

❤ Akif müəllim psixologiya və pedaqogika elmlərini yaxşı bilir. Tərbiyə haqqında elmləri bilmədən, tərbiyəli müəllim olmadan tələbələrlə işləmək qeyri mümkündür.

❤ Akif müəllim çox yaxşı müəllim və öz peşəsinin ustasıdır. Pedaqoji qabiliyyətlər insana hazır verilmir, onları gündəlik fəaliyyətdə, gərgin əməklə qazanmaq mümkündür.

❤ Akif müəllim həm də gözəl ailə başçısı, sevimli dayı, sevimli əmi, sevimli qohum və sevimli dostdur. Allah Akif müəllimə sağlam və uzun ömür versin. 100 yaşasın !


Akif müəllimin mənim üzərimdə də haqqı çoxdur. Dövlət universitetinin jurnalistika fakültəsində təhsil alanda (1972-1977) Akif Rüstəmov mənim də müəllimim olub. Biz yenə də dost, həm də dayı-bacıoğluyuq. Mən, Akif müəllimin 3-cü sevimli bacısı rəhmətlik Qənirə müəllimənin böyük oğluyam. Tələbəlik illərimdə Akif müəllimin və onun ailəsinin qayğısını görmüşəm. Universitetə yenicə qəbul edilmişdim. Gənc idim. Akif müəllimin ailəsi kirayədə yaşadığı evdə himayə məqsədilə mənə bir guşə ayırdı. Bir neçə il onlarla yaşadıqdan sonra sərbəst həyata başladım... O illəri, o qayğıları, o yaxşılıqları ölənəcən yadımdan çıxartmaram... 

... Akif müəllim, Akif dayım ağlım kəsən vaxtdan zehnimdə dərin izlər buraxıb. Ağdam şəhərində qiymətli ağaclarla bəzədilmiş böyük və yaraşıqlı gəzinti parkı var idi. O, mənim və bacımın əlindən tutub bizi tez-tez həmin parka gəzintiyə aparardı. Parkın içərisində böyük bir yelləncək - "Karusel" var idi. Mən yelləncəyə əyləşib fırlanmaqdan qorxurdum. Bacım Elmira isə balaca olduğuna görə bu hadisənin dərinliyinə varmırdı və yelləncəyə özü qaçıb əyləşirdi. Dayım mənə deyirdi ki, yekə kişisən, adam bacısını tək qoymaz. Bu söz mənim ağlıma batırdı və mən bu sözlərdən qürurlanırdım. Belə misalların sayı-hesabı yoxdur. Dayılarımız, əmilərimiz, xalalarımız və bibilərimiz ata və anamızla yanaşı bizim hər ikimizi tərbiyə edirdilər.



Adil və Elmira / Foto Akif Rüstəmovundur.

... O vaxtlar hər adamın evində televizor olmayanda Akif dayım evlərinə "Rekord" adında özü böyük, ekranı balaca bir televizor almşdı. Onda mən Ağdam şəhər 1 saylı orta məktəbdə 2-ci sinifdə oxuyurdum. Hər günün dərs tapşırıqlarını yerinə yetirdikdən sonra Gülxar nənəmgilə gedirdim. O nəhəng televizora oturub tamaşa etməkdən doymurdum. "Arşın mal alan" filmini ilk dəfə həmin televizor vasitəsilə izləmişəm.



Ekranı balaca, özü böyük "REKORD" televizor.

... Mən orta məktəbin 9-10-cu siniflərində təhsil alarkən atamdan, anamdan başqa Akif dayım da mənə Bakıdan maraqlı kitablar alıb gətirərdi. Yalan olmasın, düz, 10 rəf kitabım var idi. Onları göz bəbəyi kimi qoruyurdum. Bu xasiyyətim mənə rəhmətlik Kərbəlayi Mikayıl oğlu Məhəmməd bəy babamdan miras qalıb. Rus və Erməni hərbi birləşmələri 1-ci Qarabağ müharibəsi dövründə hər gün Ağdama 150-200 ədəd qrad mərmisi atırdılar. Mərminin biri gəlib evimizi yer üzündən sildi, kitablarım külə döndü. Sovet Azərbaycanında 1 universitet var idi. Digər ali məktəb ocaqları isə institut olaraq fəaliyyət göstərirdi. Mən Dövlət Universitetinin Şərqşünaslıq Fakültəsinə daxil olmaq üçün hazırlaşırdım. Dayımın  köməyi o oldu ki, Bakıya qəbul imtahanlarına gələndə onun kirayədə yaşadığı evdə qaldım. Həyat yoldaşı rəhmətlik Laləzar xanımın qayğısı ilə əhatə olundum. Akif müəllim hər gün mənimlə məşğul olurdu, imtahan suallarının cavablarını soruşurdu. Demək olar ki, imtahanlara birlikdə hazırlaşırdıq. Mənə deyirdi ki, sənin gecə-gündüz oxumağın, öyrəndiklərini təkrarlamağın ümidvericidir, Adil. 

... 1971-ci ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq Fakültəsinin ərəb dili şöbəsinə daxil olmaq üçün mən də sənədlərimi təqdim etdim. Valideynlər imtahanın gedişatını bayırda quraşdırılmış televizor vasitəsilə izləyirdilər. Şərqşünaslıq Fakültəsinə daxil olmaq istəyənlərdən imtahanı universitetin qarşısındakı adamlar dağılışandan və televizoru söndürəndən sonra axşam götürürdülər. Mənimlə birlikdə imtahan verən abituriyentlərdən bir neçəsini yaxından tanıyırdım. Uşaqlıq dostum Nazim Mirismayıl oğlu Ağamirov, Faiq Qara oğlu Əliyev, Seyfəddin Dağlının oğlu Bəhlul Abbasov, Bəxtiyar Vahabzadənin oğlu İsfəndiyar Vahabzadə, Əlfi dayının oğlu İlqar Qasımov, Müştəba İsmayıl oğlu Əliyev, ağdamlı Vahid, Niyazi və başqaları...

Şərqşünaslıq Fakültəsinin ərəb dili şöbəsinə iddialılar çox, keçid balı isə 18 idi. 1 yazılı və 3  şifahi imtahan verdim. Öz gücümə 2-sindən 5 aldım, 1-dən 4 aldım. İngiliş dilindən imtahan verəndə isə müəllimlər mənə ilişdilər... Məni borclu çıxarıb zorla 3 yazdılar... Sevil Heydər qızı Əliyeva da bizimlə birlikdə ingilis dilindən imtahan verirdi. O, mənə qarşı edilən haqsızlığı görüb narahat oldu və müəllimlərə irad tutdu. Buna baxmayaraq həmin müəllimlər mənim Azərbaycanda yeganə Universitetin Şərqşünaslıq Fakültəsinə daxil olmağıma mane oldular. Qismət beləymiş... Növbəti il gəlib Universitetin Jurnalistika fakültəsinə imtahan verib yüksək qiymətlərlə daxil oldum... Sonra eşitdim ki, Şərqşünaslıq Fakültəsinin ərəb dili şöbəsindəki həmin yeri, yəni mənim halalca yerimi SSRİ-nin Almaniyadakı Səfirliyində çalışan bir kişinin qızına bağışlayıblar. Elə o vaxtdan haqqım tapdalana-tapdalana gəlib çatmışam 72 yaşıma...



Akif müəllim bacısı uşaqları Adil və Elmira ilə birlikdə.


... Akif Rüstəm oğlu Rüstəmov əsl ziyalıdır. Onun möcüzələrinin arxasında öz üzərində yorulmadan işləməsi, əxlaqı, müdrikliyi, uzaqgörənliyi, sevgi dolu həyat eşqi durur. Bu baxımdan ziyalılıq həmçinin insanın öz üzərində işləməsi deməkdir. Peyğəmbərimiz (S.A.S) demişkən “Beşikdən qəbr evinə qədər öyrənmək, öyrənmək, yenə də öyrənmək” vacibdir.



Akif Rüstəm oğlu Rüstəmov ömrünün payız çağında.

Mən, o qənaətdəyəm ki, əsl ziyalı ilk növbədə insani keyfiyyətlərə malik olmalıdır. Və o, ətrafında baş verənləri milli şüurun süzgəcindən keçirib ona qiymət verməyi bacarmalıdır. Bu sözləri yazarkən ölənədək unutmayacağım, böyük insan, dünyagörüşü ilə həmişə məni heyrətləndirən doğma AKİF dayım gözümün önündə canlanır. 19 dekabr (1939) müəllimim, dayım, dostum, hamının məhəbbətlə, ağızdolusu müracət etdiyi AKİF müəllimin doğum günüdür, 85 yaşı tamam olur. Bu münasibətlə professor Akif Rüstəm oğlu Rüstəmovu, onun ailəsini, 50 ildən çox çalışdığı Bakı Dövlət Universitetinin kollektivini, BDU-nun Jurnalistika Fakültəsinin müəllim və tələbə heyyətini, dostlarını ürəkdən təbrik edirəm. AKİF müəllimə can sağlığı, uzun ömür və yeni yaradıcılıq uğurları arzulayıram.

Günün mübarək, AKİF müəllim !


Bacıoğlu,

Adil İrşadoğlu (Əliyev).

Bakı, 12.12.2024. / 11-00. 

(Akif müəllimin doğum günü 19 dekabrdır).



 

1 Kasım 2024 Cuma

HƏMİN TAR İLƏ MAYESTRO NİYAZİYƏ DÖVLƏT İMTAHANI VERDİM

Əməkdar İncəsənət Xadimi, görkəmli rejissor Nazim Nadiroğlunun (Zeynalov) şəxsi videoarxivindəki materialları izləyərkən uşaqlıq dostum, əzizim, muğamlarımızın, təsniflərimizin, xalq  və bəstəkar mahnılarımızın mahir ifaçısı Sədi Allahverdi oğlu Məmmədovun ifalarına rast gəldim. Rəhmətlik Sədinin çıxışı gözlərim önündə canlananda həyacanlandım, onunla belə görüşümüz məni çox təsirləndirdi. Bu qiymətli arxiv materialını hörmətli Nazim müəllimdən mənə bağışlamasını xahiş etdim. O da bağışladı. İndi həmin videomaterial əziz xatirə kimi mənim You Tube kanalımda ( https://www.youtube.com/channel/UCvDB81jE1aiHAINCfPEGHHw ) yayımlanır.

Sədi Məmmədov həm də mənim tələbə yoldaşım olmuşdu. Biz 7 illik musiqi məktəbini bitirəndən sonra Üzeyir Hacıbəyov adına Ağdam Orta İxtisas Musiqi Məktəbinə daxil olmuşduq (1968-1972 ).


Tanınmış xanəndə 
Sədi Allahverdi oğlu Məmmədov.

 

Mən həmin məktəbi tar ixtisası üzrə bitirmişəm. Müəllimim çox səmimi, qayğıkeş insan, təcrübəli pedaqoq rəhmətlik Məşədi Nəriman Mehralıyev idi. O, mənə müraciət edəndə, "qohum" - deyərdi. Sonradan öyrəndim ki, Məşədi Nərimanla qan qohumluğumuz var. Hər ikimiz Cavanşirlər sülaləsinə mənsub olan, Qarabağ xanlığının qurucusu, ilk xanı və sərkərdəsi Pənahəli xan Cavanşirin nəslindənik.



Tarzən Məşədi Nəriman Mehralıyev.

Azərbaycan tarzənləri arasında virtuoz sənətkar kimi tanınmış Məşədi Nərimanın atası Bahadır Mehralı oğlu Qarabağ xanəndələri sırasında özünəlayiq yer tutmuş bir sənətkar olub. Nərimanın babası Məşədi Mehralı onu yeddi-səkkiz yaşlarında olarkən özüylə İmam Rza ziyarətinə aparıb. Çuxur məhəlləli Nəriman Şuşanın ən kiçik zəvvarlarından biri olub. Uşağın bu yaşda belə bir müqəddəs məkanı ziyarət etməsi müsəlman hümməti arasında xoşbəxtlik sayılır. 

Çuxur məhəlləli Məşədi Mehralını qalalılar təkcə dabbaq kimi yox, həm də musiqi həvəskarı kimi tanıyıblar. Daha doğrusu, o, yaxşı qarmon çalırmış. Musiqi demək olar ki, bu sadə peşə adamının bütün ailə üzvlərinə sirayət etmiş, özünün də, övladlarının da qanına-canına hopmuşdur. Onun evindən daim muğam, mahnı səsləri eşidilmişdir. Bu nəsil Pənahəli xan Cavanşirin ortancıl oğlu Mehralı bəyin törəmələridir.


Məşədi Bahadır Mehralı oğlu və sənət dostları. 

Məşədi Nərimanın atası Məşədi Bahadır Mehralı oğlu isə Qarabağın klassik xanəndələrindən biri olub. Respublikanın bir çox məşhur sənətçiləri - Xan Şuşinski, Əbülfət Əliyev, Sara Qədimova, Şövkət Ələkbərova, Fatma Mehralıyeva, Yaqub Məmmədov, Arif Babayev, Qədir Rüstəmov, Aydın Məmmədov, Barat Fərhadov, Niqay Bayramov, Hafiz Sədrzadə və başqaları ondan bəhrələniblər.

Xalq artisti Ramiz Quliyev, kamançaçı Elman Bədəlov, Abbas Yusifov, Rafiq Nəcəfov, İlham Babayev, Aydın Mehralıyev, gitaraçı Rəmiş, Yaşar və Təyyar Xəlilov qardaşları, Zahid Vəliyev, Möhübbət Abbasov, Yusif Vəliyev, Rəsul İsmayılov və onlarca musiqi xadimi ifaçılıq sənətini Məşədi Nərimandan öyrəniblər.

Azərbaycanın görkəmli tarzənləri Hacı Məmmədov, Əhsən Dadaşov və digər incəsənət xadimləri Ağdamda, mənim sevimli və unudulmaz müəllimim Məşədi Nərimanın evində qonaq olublar. 


Məşədi Nəriman Bahadır oğlu.

Məşədi Nərimanın yaradıcılığı çoxcəhətli olub. O, həm solo muğam ifaçısı, həm muğam üçlüyünün tərkibində məharətli müşayiətçi, həm də muğam müəllimi kimi tanınırdı. Məşədi Nərimanın ifasında "Xaric Segah", onun mayəsində vurduğu barmaqlar xüsusilə diqqətəlayiq idi. "Orta Mahur" muğamını da çox gözəl, özünəməxsus bir tərzdə ifa etmişdir. Azərbaycan radiosunun fondunda Məşədi Nərimanın ifasında "Xaric Segah" və "Mahur Hindi" muğamlarının lent yazıları saxlanılmaqdadır. Onun sənətində diqqəti cəlb edən cəhətlərdən biri də xalq musiqisini və muğamlarımızı yad təsirlərdən qorumağa çalışması, milli qaynaqlara arxalanması idi.

Haşiyə - əsas mövzuya uyğun əhvalat danışmaq, sözün birini qoyub o birinə getmək deməkdir. 1747-ci il iyulun 19-dan 20-nə keçən gecə Nadir şah öldürüldükdən sonra İranda mərkəzi hakimiyyət pis vəziyyətə düşdüyündən Azərbaycanda 20 müstəqil və yarım-müstəqil xanlıqlar təşəkkül tapıb. Belə bir tarixi şəraitdə, 1748-ci ildə Pənahəli xan Qarabağ xanlığının əsasını qoyub. O, 200-ə qədər süvari tərəfdarı ilə birlikdə Qarabağa gəlib və özünü xan elan edib. Pənahəli xan Xorasana və Gilana sürgün edilmiş Kəbirli, Cavanşir və başqa Qarabağ tayfalarının Vətənə qayıtmasına şərait yaradıb. Pənahəli xan qarşılamaq üçün Azərbaycan və İraq sərhəddinədək gedərək onlara kömək göstərib. Pənahəli xan həmçinin Yevlax ərazisinə və Beyləqanın Kəbirli kəndinə gedərək yerə mıx - ucuşiş ağac parçası çalıb və deyib ki, Qarabağ buradan başlayır və Naxçıvan sərhəddinədək davam edir.

Yeri gəlmişkən deyim ki, hər ilin yay fəslində atamdan və anamdan xahiş edirdim ki, dağların qoynuna, Şuşaya, Turşsuya, Laçına və Kəlbəcərə gedək. Bütün yayı dədə-baba oylağında, Qırxqızda, Meydanda istirahət edək. Onu da deyim ki, Sovet hökumətindən xeyli əvvəl Meydanda Hurizat nənəmin atası, ulu babam Allahverdioğlu Mehdi bəyin böyük torpaq ərazisi olub. Vaxtilə o, şəxsi sərvəti olan milli Qarabağ at ilxılarını yayda həmin ərazidə bəslətdirərmiş. Sovet dövründə isə bütün qohum-əqraba yayda gəlib ulu babamıza məxsus həmin yerdə çadır qurardı və necə lazımdırsa eləcə istirahət edərdi. Sonra...

Şuşa ilə bizim nəslimizi, ailəmizi müxtəlif tellər bağlayır. Birincisi, soy-kökümüz Pənahəli xan Cavanşirin nəslindəndir. İkincisi, İbrahimxəlil xanın və onun oğlu Mehdiqulu xanın hakimiyyətləri dövründə yaşamış, Qarabağ elinə, xalqına şərəflə xidmət etmiş Axund Molla Əli adlı məşhur din xadiminin törəməsi Süleyman Sani Axundovun ləyaqətli davamçılarıyıq. Ata nənəm Hurizat xanımın anası Əziz xanım Abbas qızı Axundova Süleyman Sani Axundovun əmisi qızıdır. Əziz xanımın ulu babam Allahverdioğlu Mehdi bəylə izdivacından 7 (yeddi) övladı olmuşdur. 1) Zülfüqar, 2) Əvəz, 3) Ağalar, 4) Həşim, 5) Hurizat, 6) Gilə, 7) Xanım (bunu yeni öyrənmişəm).


Mehdi qızı Hurizat Əliyeva. 


Ömrünün təxminən 50 ilini xalqına və elmin, sənətin inkişafına sərf edən şair, filologiya elmləri doktoru, professor rəhmətlik Famil Ağalar oğlu Mehdi ulu babam Allaverdioğlu Mehdi bəyin adını özünə təxəllüs götürmüşdür. Onun səsi mötəbər auditoriyalardan, ciddi diskussiyalar aparılan elmi-nəzəri konfranslardan, ziyalılarla, adi insanlarla, əsgərlərlə görüşlərdən, xalqın taleyi həll olunan tribunalardan gəlirdi.



Famil Mehdi və batalyon 
komandiri Yaqub Rzayev (Ala Yaqub).


Ata babalarım Məhəmmədəli bəy, Kərbəlayi Mikayıl bəy və onun oğlu Məhəmməd bəy də Pənahəli xan Cavanşirin nəslindəndir. Məhəmməd babam təxminən 50 yaşında rəhmətə gedib. Mən onu görməmişəm. Ancaq bilirəm ki, Babam Məhəmməd bəy çox savadlı, yaraşıqlı, görünüşünə diqqətlə yanaşan bir ziyalı və sonda tacir olub. 5 xarici dildə sərbəst danışırmış. Almaniyadan Qarabağa "Zinger" markalı tikiş maşınları gətirtdirib əhaliyə kreditlə satdırırmış. Onun ağdamlı bir şəriki də olub, Musa kişi. El arasında onlara tikiş maşınının adı ilə "Zinger Məhəmməd" və "Zinger Musa" deyirmişlər. Təəssüf ki, ata babamın nəsli haqqında dərin məlumatım yoxdur. Ancaq araşdırmalarım davam edir.



Bizim Sarıhacılı kəndimiz Azərbaycan Respublikası Ağdam rayonunun Seyidli kənd inzibati ərazi dairəsində kənddir, Qarabağ düzündə yerləşir.

1593-cü ilə bağlı bir Osmanlı qaynağında Otuziki elinin 27 (iyirmi yeddi) oymağının adı sadalanır ki, onlardan biri də Sarıhacılıdır.

 Ağdam rayonundakı Sarıhacılı kəndi həmin oymağın adını özündə yaşadır. Görünür bu oymaq öz adını kəndin əsasını qoyan Sarı Hacı adlı şəxsin adından götürmüşdür. Sarıhacılı kəndi Sovet dövründə xeyli böyümüş, rayon mərkəzilə birləşmiş və 1989-cu ilə qədər 28 min 31 nəfər əhalisi olmuşdur.


Bilməyənlər bilsin. Sarıhacılı kəndi başqadır, Sarıcalı kəndi başqa. Sarıhacılı kəndi Ağdamın Seyidli, Xıdırlı, Əhmədavar kəndləri və Əsgəran rayonu ilə, Sarıcalı kəndi isə Ağcabədi rayonu ilə həmsərhəddir. Ümumiyyətlə Otuziki elinin - Ağdamın Sarıhacılı, Seyidli, Sarıcalı və sonradan Çəmənli (Çəmənliyə qız və həmin qıza cehiz sırasında torpaq sahəsi verib qohum olmuşuq) kəndlərinin keçmiş sakinləri Qarabağ xanlığının bünövrəsini qoyan Pənahəli xanın qohum-əqrabasıdır və biz də bu tayfanın (Tayfa insanların qəbilədən böyük olan birliyidir) törəmələriyik, Cavanşirlər nəslindənik. 


Gilə nənəmin əri Əliş bəyin ocağında.

Sarıhacılı kəndi 1993-cü ilin 23 iyulunda Ermənistan və Rusiya Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. 20 noyabr 2020-ci il tarixində Qarabağda atəşkəs bəyanatının şərtlərinə əsasən Sarıhacılı kəndimiz Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə verilmişdir. 

Mətləbdən çox uzaqlaşdım, deyəsən. Məşədi Nəriman Mehbalıyev kimi görkəmli bir tarzənin sinfində təhsil alaraq yavaş-yavaş musiqi dünyasının dərinliklərinə baş vurdum. Bir gün dərsdə  Məşədi Nərimandan xahiş etdim ki, evə verdiyi tapşırığı onun tarında ifa etməyimə icazə versin. Müəllimim razılaşdı. Məşədi Nərimanın tarını köksümə sıxanda sanki mənə əlavə güc gəldi. Tarın məsuliyyətindən və həyacandan musiqi parçasını nə vaxt başa vurduğumdan xəbərim olmadı. Ancaq özüm də hiss elədim ki, tapşırığı evdə hazırladığımdan da yaxşı çaldım. Məşədi Nəriman ayağa qalxaraq əlini çiynimə qoydu və dedi:

- Sağ ol, oğlum, çox yaxşı ifa etdin. Götür bu tarı, sənə bağışlayıram.

Mən isə tərəddüd etdim. Dedim ki, müəllim, axı bu çox qiymətli hədiyyədir. Lakin Nəriman müəllim israrla tarı götürməyimi tələb etdi. Mən öz tarımı və müəllimimin mənə bağışladığı tarı götürüb  evimizə gəldim. Atam və anam əvvəlcə danışdıqlarıma şübhə ilə yanaşdılar. Səhəri gün atam tarı götürüb mənimlə "Uçiliş"ə getdi. Tarı Nəriman müəllimə qaytarmaq istədi, Məşədi Nəriman götürmədi. Onda atam pul təklif etdi. Məşədi Nəriman incik tərzdə dedi:

- İrşad müəllim, mən sizin xətrinizi dünyalar qədər istəyirəm, inciməyin, mən bu tarı milyona da satmaram. Ancaq Adilə bağışlayıram, çünki o, istedadlı uşaqdır. 

- Bununla da söhbət bitdi.


Məşhur Xosrov Fərəcov.

 

1972-ci ilin yazında Üzeyir Hacıbəyov adına Ağdam Orta İxtisas Musiqi Məktəbini bitirmək üçün dövlət imtahanı verməli idik. Məktəbimizin direktoru rəhmətlik Xosrov Fərəcov axırıncı kurs tələbələrini yığıb iclas keçirdi və bizə bildirdi ki, dövlət imtahanını qəbul etmək üçün Bakıdan qonaqlar gələcək. Sizin borcunuz dövlət imtahanına diqqət və məsuliyyətlə yanaşmaq, əla qiymətlər almaqdır. Sonra Xosrov müəllim qızlara tapşırdı ki, həyətinizdən qonaqlara təqdim etmək üçün qızıl güllər yığıb gətirərsiniz, oğlanlara isə tapşırıq verdi ki, hərəniz evinizdən bir xalça gətirin, o xalçalar darvazadan binanın içərisinədək gələn qonaqların ayaqları altına salınacaq. Direktor necə demişdi elə də etdik. Nəhayət, qonaqlar gəldi. Biz rəhmətlik Mayestro Niyazini və onunla gələn mütəxəssisləri görəndə çox sevindik. Onları alqış sədaları altında direktorun otağınadək müşayiət etdik. Hamımızın üzü təbəssümdən şəfəq saçırdı. 

Əvvəldə dedim axı, fərqli tələbəsi olduğumdan Məşədi Nəriman Mehralıyev öz tarını mənə bağışlamışdı. Mən həmin tar ilə rəhmətlik Niyazi Zülfüqar bəy oğlu Tağızadəyə dövlət imtahanı verdim. Sürətli bilək tələb edən "Orta Mahur" muğamını ifa edib həmin imtahandan üzü ağ çıxdım. O tarı böyük ustaddan əziz bir xatirə kimi bu gün də qoruyub saxlayıram. Allah ustadım, unudulmaz Məşədi Nəriman Mehralıyevə rəhmət eyləsin. Qəbri nurla dolsun. Qarabağdan, Ağdamdan nigaran qalan ruhu şad olsun.


Jurnalist Adil İrşadoğlu.


Məşədi Nəriman geniş dünyagörüşünə, yüksək mədəniyyətə, gözəl insani keyfiyyətlərə malik bir şəxsiyyət idi. Milli musiqimizin inkişafı uğrunda yorulmadan çalışan, bu sahədə əvəzsiz xidmətləri olan ustad sənətkarın yolunu bu gün onun oğlu Aydın Mehralıyev davam etdirir. Tar ixtisasını notla tədris edən Aydın Mehralıyev muğam ifaçılığında atasının barmaqlarını yaşadır. O, uzun illər Ağdam "Şur" ansamblının fəal üzvü olmuşdur. 1982-ci ildə "Natəvan qızlar bayramı"nda, 1990-91-ci illərdə "Xarı Bülbül" beynəlxalq folklor festivalında ifaçı kimi iştirak etmişdir. 


Aydın Nəriman oğlu Mehralıyev.


1991-ci ildə atası Məşədi Nərimanın anadan olmasının 75 illiyi münasibətilə keçirilən xatirə gecəsi Mehralıyevlər ailəsinin və Ağdam ictimaiyyətinin xatirində əbədi yaşayacaqdır. Həmin gecədə Aydın Mehralıyev Qədir Rüstəmovun oxuduğu "Mirzə Hüseyn Segahı"nı məhz Məşədi Nərimanın yolu və ştrixlərilə müşayiət etməsi musiqisevərlərin yaxşı xatirindədir. 


Qədir Rüstəmov və Aydın Mehralıyev.

Yeri gəlmişkən onu da nəzərinizə çatdırım ki, Aydın müəllim unudulmaz xanəndəmiz Qədir Rüstəmovu 40 il tarı ilə müşayiət edib. Onlar Azərbaycanın şəhər, qəsəbə və kəndlərində bir-birinin ardınca maraqlı, yaddaqalan konsertlər veriblər. Müharibə vəziyyətində yaşayan Ağdamda Məşədi Nərimanın yubileyinin keçirilməsi xalqın ustad sənətkarına bəslədiyi məhəbbətin, ehtiramın bariz nümunəsi idi.


Məşədi Nərimanın 
anadan olmasının 75 illiyində. 


Bəli, milli musiqi mədəniyyətimizdə öz yeri olan qüdrətli sənətkarlar nəslinin - Mehralıyevlər sülaləsinin zəngin irsi dərindən öyrənilməyə və tədqiq olunmağa layiqdir.



ADİL İRŞADOĞLU (ƏLİYEV) ©

Veteran televiziya və qəzet jurnalisti,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1980),

1-ci Qarabağ Müharibəsinin iştirakçısı (1988-1996), Qazi.


DOSTLUQ SADİQ QALMAĞI BİLƏNLƏR ÜÇÜNDÜR

 (Üçüncü məqalə)


Lətif Niftəli oğlu Vəlizadə

Ötən yazılarımın birində qeyd etdiyim kimi, qocaman jurnalist dostum Adil İrşadoğlu ilə Az.Tv-də uzun illər bir yerdə çalışmışıq. O zaman o, cavan, yaraşıqlı bir gənc idi. Hamı ilə dostluq edirdi, deyib-gülürdü, zarafatlaşırdı. Sovet dövləti çökəndən sonra Şirkətdə köklü dəyişikliklər baş verdi. Xain qonşu dövlətlər ölkəmizə hücum etdilər, dünyanın böyük qüvvələri bizi müharibəyə sürüklədi. 

Həmin o gərgin günlərdə, aylarda Adil İrşadoğlu heç nədən qorxub çəkinmədən Azərbaycan Dövlət Televiziyasının Şuşa şəhərində yerləşən ötürücü stansiyasının nəzdindəki balaca bir otaqda yaratdıqları studiyadan daşnaqların təbliğatına qarşı əks təbliğatla məşğul idi. 

Xalqımızın fəxri, vüqarı sayılan Pənahəli xan Cavanşirin nəslindən olan jurnalist Adil İrşadoğlu Şuşadan qayıtdıqdan sonra bir müddət televiziyanın "Sənaye şöbəsi"nin müdiri işlədi. 

Ağdamın işğalından sonra Adil şöbə müdirliyini buraxdı, dövlət televiziyasının “Hərbi Vətənpərvərlik və Salnamə Baş Redaksiyası”nın təşkil olunmasında və fəaliyyət göstərməsində əlindən gələni əsirgəmədi. Fikri-zikri Qarabağda qalmışdı, Bakıda dözmədi, yenə könüllü cəbhəyə yollandı. 1996-ci ilin axırınadək cəbhənin müxtəlif bölgələrində oldu və tamaşaçıların intizarla gözlədiyi maraqlı verilişlər hazırlayıb efirdə göstərdi. Həmin verilişlər Adilin və onun çəkiliş qrupunun canı və qanı bahasına başa gəlmişdir. Onlar - Adil İrşadoğlu, Tahir Qarayev, Fikrət Hüseynov, Tofiq Ataxanoğlu, Ramiz Rüstəmov, Əlövsət Aslanov, Rövşən Əliyev Birinci Qarabağ müharibəsinin acı dəhşətlərini görmüş və həmin hadisələrin işıqlandırılmasında yaxından iştirak etmiş vətən fədailəridirlər. Adil İrşadoğlu çəkiliş qrupunun üzvləri ilə Ağdamın Güllücə, Ağdərənin Şıxarx (Cənubi Azərbaycanın Marağa bölgəsindən Qarabağa köçürülmış ermənilər Şixarxın adını dəyişib Marquşavan qoymuşdular), Goranboyun Gülüstan yaşayış qəsəbələri uğrunda gedən qanlı döyüşlərdə mühasirəyə düşmüş və igid əsgərlərimizin qəhrəmanlığı sayəsində mühasirədən qurtulmuşdur. Adil İrşadoğlu 1-ci Qarabağ müharibəsində düşmənlə üz-üzə döyüş səhnələrini çəkib veriliş hazırlayan və efirdə göstərən fərqli jurnalistdir. 

O, AzTv-də işləyə-işləyə Azərbaycan Dövlət Nəşriyyatında - Prezidentin İşlər İdarəsinin tabeliyində olan MMC-də İxtiyar Şirinovun təsisçiliyi ilə "DE FAKTO" adlı qəzetin bünövrəsini qoydu. Qəzetin qurucusu həm də onun ilk baş redaktoru oldu. Bu qəzet qısa müddətdə populyar qəzetə çevrildi. AzTv-dən acıq edib ayrılandan sonra Adil İrşadoğlu gücünü həmin qəzetin daha da inkişafına yönəltdi. 

Qısa müddətdə qəzet geniş oxucu kütləsinin böyük rəğbətini qazandı. Başqa qəzetlər köşklərdə yığılıb qaldığı halda 10 min tirajla buraxılan "DE FAKTO" qəzeti satışa gəlməyilə qurtarmağı bir olurdu. Yorulmaq bilməyən Adil İrşadoğlu qəzetin bütün proseslərinə - çap üçün kağızın təchizatına, redaksiyaya gələn yazıların redaktəsinə və çapına, qəzetin satışına özü nəzarət  edirdi. Buna görə də nəşriyyatda onu gözü götürməyənlər peyda oldular və qəzetin çapına  müxtəlif əngəllər törətməyə və özünə təzyiqlər göstərməyə başladılar. Nəticədə Adil İrşadoğlu min bir zəhmətlə ərsəyə gətirdiyi qəzetin işini dayandırmalı oldu. Lakin o, bununla ruhdan düşmədi. Müstəqil jurnalistliyini bugünədək davam etdirir. 

Düşünürəm ki, dostluq sadiq qalmağı bilənlər üçündür. O, tez-tez bizə gəlir, çay süfrəsi arxasında əyləşib olub-keçənlər barədə söhbət edirik, deyib-gülürük.

Adil İrşadoğlu Üzeyir Hacıbəyov adına Ağdam Orta İxtisas Musiqi Məktəbini (1968-1972 ) fərqlənmə diplomu ilə bitirib. Onu bu illər ərzində (30 ildən çox bir müddətdə) nə qədər dilə tutdumsa faydası olmadı. Bircə dəfə də olsun Adil tarını sinəsinə basıb dilləndirmədi. Hər dəfə mənə deyir ki, "qaqa", vallah əlim gəlmir. Ürəyim dərdnən doludur. Mən o tarı necə dilləndirim ki, quduzlaşmış hay tayfası ruslarla, farslarla birləşərək yurdumu-yuvamı yaman günə qoyublar. Qismət olar, nə vaxt ilanın başı möhkəm əzilər, o zaman birlikdə Ağdama gedərik. Ürəyin nə qədər istəsə səninçün o tarı dilləndirərəm, ürəyimdən tikan çıxar. Birlikdə o gözəl günü qeyd edərik. 

NOYABR ayının 1-i əziz və hörmətli jurnalist qardaşım Adil İrşadoğlunun doğum günüdür. Dostumu 71 yaşının tamam olması münasibətilə qəlbən təbrik edirəm və eyni zamanda onun ürəyindən keçənləri, arzu və istəklərini qısa da olsa nəzmə çəkərək oxucularımızın, daha doğrusu, Adil İrşadoğlunu sevənlərin diqqətinə çatdırmağı özümə borc bilirəm.


Əsən külək, apar məni o yerə,

Qoy sevinim ürəyimcə bir kərə, 

Neçə ildir o yerlərə həsrətəm, 

Ürəyimi parçalayır kədər, qəm,

Neçə ildir yurdum-yuvam dağılıb,

Ev-eşiyim talan olub, boş qalıb,

Apar məni, o yerləri gəzim bir,

Titrək qəlbim dumandadır, çəndədir,

O yerlərin mehi dəysin üzümə.

Şəfqət gəlsin, işıq dolsun gözümə.

Başım üstə açıq-aydın bir səma,

Əsən külək apar məni Ağdama...

Soran olsa, hara gedir bu ADİL? 

- Yolum qardaş, Ağdamadır, Ağdama...


Lətif Niftəli oğlu Vəlizadə. ©

Şair, yazıçı-publisist. 

Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1980), 

Azərbaycan Yazıçılar Birliyinin üzvü (1985).

31.10.2024-cü il.


Jurnalist Adil İrşadoğlu haqqında digər yazıları 

aşağıdakı linklərə daxil olub izləyə bilərsiniz:

1) "MƏN ONA HEYRAN QALMIŞDIM"

https://adilirshadoglu.blogspot.com/2021/08/mn-ona-heyran-qalmisdim.html


2) "MÖVZUYA QAYIDIŞ VƏ YA HAZIRIN NAZİRLƏRİ..."

https://adilirshadoglu.blogspot.com/2022/10/movzuya-qayidis-v-ya-hazirin-nazirlri.html


3) "GECİKMƏYİN SƏBƏBİ BAĞIŞLANMAZDIR..."

https://adilirshadoglu.blogspot.com/2023/06/gecikmyin-sbbi-bagislanmazdir-v-onun.html


21 Haziran 2024 Cuma

REALİST NƏ DEMƏKDİR? REALİST BAXIŞ NƏDİR?

 

REALİST - Realist perspektivi olan şəxs və ya 

realist hərəkatı müdafiə edən sənətkar, deməkdir. 

O, realist bir insandır. 






REALİSTİK BAXIŞ - Konkret məlumatlara əsaslanaraq hadisələri və vəziyyətləri obyektiv qiymətləndirən perspektiv, deməkdir. Müəllif romanında realist baxış sərgiləyir və hadisələri olduğu kimi nəql edir.


REALİZM - Sənətdə və ədəbiyyatda, olayları və kişiləri olduğu kimi izah etməyi müdafiə edən hərəkat, deməkdir. Balzakın əsərləri realizmin ən yaxşı nümunələrindəndir.



11 Mayıs 2024 Cumartesi

VƏTƏNPƏRVƏRLİK BİR FƏRDİN ÖLKƏSİNƏ DUYDUĞU SEVGİ VƏ BAĞLILIĞIDIR

 

Bu anlayış tarixin müəyyən dönəmlərində 

fərqli mənalarda işlədilib və bunun mənası dövrün şərtlərinə, 

coğrafiya və cəmiyyətlərinə fəlsəfəsindən olduqca asılıdır.




Millətçilik hisslərinə yaxın anlayış kimi qəbul edilsə də, 

Vətənpərvərlik heç vaxt millətçiliyi təbliğ edən anlayış olmayıb. 

İZLƏMƏK ÜÇÜN DAXİL OLUN :

https://adilirshadoglu.wordpress.com/



8 Mayıs 2024 Çarşamba

ARKADAŞ, YURDUMA ALÇAKLARI UĞRATMA SAKIN !

 

QORXMA EY BÖYÜK TÜRK ALÇAKLARDAN !



Defence Turk - kardeşim,

* Əziz dostum, diqqətinizə görə təşəkkür edirəm.

* Sevgili arkadaşım, ilginiz için teşekkür ederiz.

* Дорогой друг, спасибо за внимание.

* Dear friend, thank you for your attention.



26 Şubat 2024 Pazartesi

GÖZÜMÜN AĞI-QARASI BİRCƏ QARDAŞIM...



Oqtay İrşad oğlu Əliyev 

(Doğum: 18.10.1960. / Ölüm tarixi: 27.02.2006).


Bu günlər dünyada yaşayan bütün azərbaycanlılar "XOCALI SOYQIRIMI" represiyasını ürək yanğısı ilə yad edirlər.

Xocalı soyqırımı insaniyyətə qarşı cinayətdir. Xocalı soyqırımı dünyadakı bütün dinlərin qəbul etmədiyi bir cinayətdir.

Xocalı faciəsini törədən cinayətkarların və onların arxasında duran qüvvələrin əsas məqsədi Azərbaycan torpaqlarının işğalı və bu ərazilərdə etnik təmizləmə siyasətinin aparılması olub. Düşmənlərimiz öz məqsədlərinə günahsız insanların qanı hesabına çatmaq istədilər. Onlar qəsbkarlıq siyasətlərindən əl çəkmədilər. Bu kütləvi qırğını törətmiş cinayətkarlar hələ də azadlıqdadırlar. Mən haqq - ədalətin zəfər çalacağına inanırdım. Ancaq bu cinayətkarlar öz layiqli cəzalarını hələ almayıblar, alacaqlarına ümid edirəm. Bunun üçün Azərbaycanın beynəlxalq birliyin köməyinə ehtiyacı var.

Bu gün, həm də, "qanadımı" itirdiyim gündür. Gözümün ağı-qarası məndən kiçik qardaşım Oqtay İrşad oğlu Əliyev 2006-cı ilin 27 fevralında, 45 yaşında iş başında vəfat etdi. O vaxtdan tək qanadla qalmışam.



Oqtay İrşad oğlu Əliyevin ailəsi

Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin sabiq əməkdaşı, mərhum Oqtay İrşad oğlu Əliyev də Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda yorulmadan çalışıb. Birinci Qarabağ müharibəsində əlinə silah götürüb erməni təcavüzkarlarına qarşı döyüşüb. Ermənistan və onun himayədarları tərəfindən Qarabağda yaradılan terrorçu rejimin ölkəmizin sərhədlərini zorla dəyişdirməyə cəhd göstərməsinə qarşı mübarizə aparıb. Müharibə veteranı adını qazanıb. Atəşkəs dövrü Qarabağ həsrətindən, orada dəfn edilmiş əcdadlarının həsrətindən, şəhid olmuş dostlarının həsrətindən sıxıntı çəkərək 45 yaşında iş başında şəhid olub. Allah rəhmət eləsin !

ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT EYLƏSİN ! AMİN ...


Adil İrşadoğlu (Əliyev).

27.02.2022.


24 Şubat 2024 Cumartesi

MƏNDƏ YAXŞI NƏ VARSA ATAMDAN ÖYRƏNMİŞƏM


25 fevralda unudulmaz atam rəhmətlik 
İrşad Məhəmməd oğlu Əliyevin 
100 yaşı (1924-2024) tamam olur. 

İrşad Əliyev mənim üçün əzəmətli sal qayadır. 
İnanıram ki, ATAM gələcək nəslimiz üçün də sal qaya olaraq daim yaşayacaq.


Atam İrşad Məhəmməd oğlu Əliyev 

(Doğum tarixi: 25.02.1924. / Ölüm tarixi: 13.03.1993).


Onun soy-kökü Ağdamın Sarıhacılı və Seyidli kəndlərindəndir. Qarabağ xanı Pənahəli xanın əqrabasıdır. Əslimiz, kökümüz Cavanşirlər nəslindəndir. Cavanşir eli qızılbaş tayfalarına mənsub olmayan müxtəlif tayfa əmirləri sırasına daxil edilmişdi. Mirzə Camal yazır ki, Pənahəli xanın əsil-nəsəbi Dizaqın Cavanşir elindəndir. Bu el çox qədim zamanlarda Türküstandan gəlmiş Bəhmanlı elinin bir qolu olan Sarıcalı oymağındandır. Mirzə Adıgözəl bəyin adlarını çəkdiyi Cavanşir, Kəbirli, Otuziki, Kolanı, Bəhmənli və başqa Azərbaycan türk tayfaları Qarabağ vilayətinin köklü elatları idilər. Otuziki tayfası Səfəvi dövründə müəyyən vergi immunitetinə malik ərazi vahidi təşkil edirdi, Cavanşir tayfasının başçısı isə bu tayfa birləşməsinin irsi hakimi idi. Cavanşirlərin yaşadığı oymaqlardan biri də Dizaq mahalında yerləşən Sarıcalı oymağı idi. Rəvayətə görə bu oymağın adı onun əsasını qoyan Əli adlı şəxsin kürən olması ilə əlaqədar Sarıca Əli kimi çağırılması ilə bağlı olmuşdur. 

Atam İrşad Məhəmməd oğlu Əliyev Azərbaycanın görkəmli yazıçısı, dramaturqu və maarif xadimi Süleyman Sani Axundovun mənsub olduğu nəslin ləyaqətli nümayəndəsidir. Ulu babam Allahverdioğlu Mehdi bəyin həyat yoldaşı Əziz nənəm Süleyman Sani Axundovun əmisi Abbas bəyin oğlu 2-ci Abbasın qızıdır. 

Bizim Sarıhacılı kəndimiz Azərbaycan Respublikası Ağdam rayonunun Seyidli kənd inzibati ərazi dairəsində kənddir, Qarabağ düzündə yerləşir.

1593-cü ilə bağlı bir Osmanlı qaynağında Otuziki elinin 27 (iyirmi yeddi) oymağının adı sadalanır ki, onlardan biri də Sarıhacılıdır.

 Ağdam rayonundakı Sarıhacılı kəndi həmin oymağın adını özündə yaşadır. Görünür bu oymaq öz adını kəndin əsasını qoyan Sarı Hacı adlı şəxsin adından götürmüşdür. Sarıhacılı kəndi Sovet dövründə xeyli böyümüş, rayon mərkəzilə birləşmiş və 1989-cu ilə qədər 28 min 31 nəfər əhalisi olmuşdur.

Bilməyənlər bilsin. Sarıhacılı kəndi başqadır, Sarıcalı kəndi başqa. Sarıhacılı kəndi Ağdamın Seyidli, Xıdırlı, Əhmədavar kəndləri və Əsgəran rayonu ilə, Sarıcalı kəndi isə Ağcabədi rayonu ilə həmsərhəddir. Ümumiyyətlə Otuziki elinin - Ağdamın Sarıhacılı, Seyidli, Sarıcalı və sonradan Çəmənli (Çəmənliyə qız və həmin qıza cehiz sırasında torpaq sahəsi verib qohum olmuşuq) kəndlərinin keçmiş sakinləri Qarabağ xanlığının bünövrəsini qoyan Pənahəli xanın qohum-əqrabasıdır və biz də bu tayfanın (Tayfa insanların qəbilədən böyük olan birliyidir) törəmələriyik, bir daha qürurla vurğulayıram ki, Cavanşirlər nəslindənik. 

Sarıhacılı kəndi 1993-cü ilin 23 iyulunda Ermənistan və Rusiya Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. 20 noyabr 2020-ci il tarixində Qarabağda atəşkəs bəyanatının şərtlərinə əsasən Sarıhacılı kəndimiz Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə verilmişdir. 

Atam ailənin böyük övladı olub. Onun 10 yaşı olanda atası Kərbəlayi Mikayıl oğlu Məhəmməd bəy dünyasını dəyişib. 3 qardaşını (Şəfa, Qadir-İslam, Nadir) və 1 bacısını (Ayna 5 yaşında xəstələnib rəhmətə gedib) böyüdüb boya-başa çatdırmaq üçün namuslu, zəhmətkeş, əsilzadə anası Hurizat nənəmə yaxından kömək edib. Onların təhsilli və ev-eşik sahibi olmalarında əlindən gələni əsirgəməyib. 

Rəhmətlik atam İrşad Məhəmməd oğlu Əliyev uzun müddət Ağdam rayonunda müxtəlif dövlət orqanlarında - Rayon Partiya Komitəsində, MTS-də, Rayon Tikinti İdarəsində, Rayon Polis İdarəsində və nəhayət Rayon Polisə Nəzarət İdarəsində məsul vəzifələrdə çalışıb, dövlət məmuru olub.

Gözəl musiqi nümunələrini dinləməyi, şeiri, ədəbiyyatı çox sevərdi. Qonaqpərvər insan idi. Evimiz həmişə qonaqlı - qaralı olub. Tədqiqatçı - alim, professor Şirməmməd Hüseynov, şair - publisist, professor Famil Mehdi, yazıçı - publisist, professor Qulu Xəlilov, yazıçı Nurəddin Babayev, tanınmış jurnalist və baş redaktor Nəriman Zeynalov, tədqiqatçı - alim, uzun müddət Azərbaycan Dövlət Universiteti Jurnalistika fakültəsinin dekanı olmuş professor Akif Rüstəm oğlu Rüstəmov, Azərbaycan muğam ifaçılığı tarixində özünəməxsus yeri, dəst-xətti olan müdrik insan professor Arif Babayev və başqaları ailəmizin ən əziz qonaqları idilər. 


ATAMDAN ÖYRƏNMİŞƏM


Sözü üzə deməyi,

Arxasıza köməyi,

Halal çörək yeməyi,

Atamdan öyrənmişəm.


Yaxşılıq aşımağı,

Təmiz ad daşımağı,

Kişi tək yaşamağı,

Atamdan öyrənmişəm.


El-obaya hörməti,

Ülvi-saf məhəbbəti,

Dostlara sədaqəti,

Atamdan öyrənmişəm.


Dağların başı qarsa,

Ürəyimdə baharsa,

Məndə yaxşı nə varsa,

Atamdan öyrənmişəm.


Şeirin müəllifi: Şərafəddin İlkin