Translate

22 Şubat 2012 Çarşamba

“BMT-dən XOCALI SOYQIRIMININ TANINMASINI İSTƏYƏCƏYİK”



Xanım Xəlilova: “Taksim yürüşü ermənilərə son cavab olacaq” 
 Türk Dünyası İnsan haqları Dərnəyi Xocalı soyqırımının beynəlxalq səviyyədə tanınması üçün fevralın 26-sı saat 14:00-da BMT-nin Ankaradakı ofisi önündə yürüş-mitinq keçirəcək. Bu barədə redaksiyamıza xalq hərəkatının fəallarından olan, hazırda Türkiyədə yaşayan professor, Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Xanım Xəlilova məlumat verdi.

 X.Xəlilova bildirdi ki, bu tələbin dəstəklənməsi və ortaya qoyulması üçün Türkiyədə bir sıra önəmli görüşlər keçirib. X.Xəlilova fevralın 13-ü AKP başqanının köməkçisi, Manisadan millət vəkili Hüseyn Tanrıverdi və AKP-nin baş katibi Haluk İpek, baş nazirlik müşaviri Saadeddin Kılıc, Böyük Birlik Partiyasının (BBP) başqanı Mustafa Destici, fevralın 14- də MHP-nin media və ictimaiyyətlə əlaqələr üzrə nümayəndəsi, başqan köməkçisi, Antalyadan olan millət vəkili Tunca Tiskayla, Türk Ocakları başqanı Nuri Gürgür, fevralın 15-də CHP-nin Spartadan olan millət vəkili Ali Haydar Önər, HAS Partiyasının rəhbəri professor Numan Kurtuluş, fevralın 16-da Keçiören bələdiyyəsinin sədri Mustafa Ak, Demokrat Partiyasının rəhbəri Namiq Zeybek, Gölbaşı bələdiyyəsinin sədri Yaqub Odabaşı, fevralın 17-də isə Akademiklər Birliyinin sədri professor Şükrü Koç-la görüşüb. Müsahibimiz bildirdi ki, görüşlər zamanı təklifinə müsbət cavab alıb: “Mitinqə Dünya Gəncləri Dostluq Dərnəyinin rəhbəri Səadət Atakan da dəstək verəcək.

 X.Xəlilova onu da bildirdi ki, BMT-nin Ankara ofisinin qarşısına doğru yürüşü Türk dünyası İnsan Haqları Dərnəyi ilə birlikdə təşkil edirlər: “BMT-nin ofisinə yürüş edəcəyik. Qurumun binasının önünə çələng qoyacağıq. Xocalı soyqırımı beynəlxalq təşkilatlar səviyyəsində tanınmalıdır. Dərnəyin başqanı Abdullah Buksür hələ 1998-ci ildə Xocalı soyqırımının tanınması üçün BMT-yə 200 səhifəlik bir müraciət edib. Fevralın 26-da ölkənin hər tərəfindən İstanbula, Taksim meydanına gedənlər olacaq. Bu böyük yürüş ermənilərə son bir cavab olacaq. 2015-ci ildə qondarma ”erməni soyqırımı"nın 100 illiyi tamamlanacaq. Ermənilər bizə çox hücum etmək istəyəcəklər. Bu mənada, Xocalı məsələsinin gündəmə gəlməsi tək Azərbaycan üçün yox, həm də Türkiyə üçün önəmlidir".

 X.Xəlilova Türkiyədə Xocalı soyqırımı ilə bağlı keçiriləcək tədbirlər haqqında da məlumat verdi: “HAS Partiyası fevralın 23-də Xocalı soyqırımı ilə bağlı tədbir keçirəcək. Fevralım 25-də Azərbaycan səfirliyinin təşkil etdiyi tədbirdə çıxış edəcəm. Ayın 27-də isə AKP-nin baş katibi Haluk İpeklə canlı olaraq "TRT avaz" kanalına qoşulacağıq. Fevralın 24-25-də “Qızılay” meydanında çadır qurulacaq, Xocalı soyqırımını nümayiş etdirən rəsm sərgisi təşkil olunacaq, broşürlər paylanacaq. Türkiyə xalqından Xocalı soyqırımı ilə bağlı imza toplanacaq. Bu məqsədlə fevralın 15-də Ankara Böyükşəhər bələdiyyəsinə müraciət etmişik. Bu tədbirin həyata keçirilməsi üçün cavab gözləyirik".

 Qeyd edək ki, Fevralın 26-da saat 14:30-dan 15:30-dək Qalatasaray və Taksim meydanı arasında böyük Xocalı yürüşü keçiriləcək. Türk Dünyası Kültür və İnsan Haqları Dərnəyinin təşkilatçılığı ilə keçirilən yürüşə Türkiyədə fəaliyyət göstərən dərnəkllr, ülkü ocaqları, siyasi partiyalar və qeyri-hökumət təşkilatları qatılacaqlar.
Bu arada Azərbaycan hakimiyyətinin Türkiyədə keçiriləcək Xocalı tədbirləri ilə bağlı 2 milyon manat ayırdığına dair məlumat yayılıb. Lakin Diasporlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Bəhruz Nəzərov bunu təsdiqləmədi: “Türkiyədə fəaliyyət göstərən dərnəklər tədbirləri öz hesablarına keçirirlər”.


Leyla İLQAR

Hiç yorum yok: