Oqtay İrşadoğlu (Əliyev)
(Doğum tarixi: 18.10.1960 - Ölüm tarixi: 27.02.2006).
Bu günlər dünyada yaşayan bütün azərbaycanlılar "XOCALI SOYQIRIMI" represiyasını ürək yanğısı ilə yad edirlər.
Xocalı soyqırımı insaniyyətə qarşı cinayətdir. Xocalı soyqırımı dünyadakı bütün dinlərin qəbul etmədiyi bir cinayətdir.
Xocalı faciəsini törədən cinayətkarların və onların arxasında duran qüvvələrin əsas məqsədi Azərbaycan torpaqlarının işğalı və bu ərazilərdə etnik təmizləmə siyasətinin aparılması olub. Düşmənlərimiz öz məqsədlərinə günahsız insanların qanı hesabına çatıblar. Onlar qəsbkarlıq siyasətlərindən əl çəkmək istəmirlər. Bu kütləvi qırğını törətmiş cinayətkarlar hələ də azadlıqdadırlar. Mən haqq - ədalətin zəfər çalacağına, bu cinayətkarların öz layiqli cəzalarını alacaqlarına ümid edirəm. Bunun üçün xalqımın beynəlxalq birliyin köməyinə də ehtiyacı var.
Bu gün, həm də, altı il bundan əvvəl "qanadımı" itirdiyim gündür. O vaxtdan tək qanadla qalmışam, heç yana uça bilmirəm. Könlüm keçir Qarabağdan, uça bilmirəm. Könlüm keçir İrəvandan, uça bilmirəm. Könlüm keçir Urmiyadan, uça bilmirəm. Tək qanadla uçmaqmı olar ?
Bəli, bu gün, altı il bundan əvvəl "qanadımı" itirdiyim gündür. Bu gün, mərhum qardaşım Oqtay İrşad oğlu Əliyevi itirdiyim gündür. Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin sabiq əməkdaşı, mərhum Oqtay İrşad oğlu Əliyevin vətənimiz, xalqımız, dövlətimiz üçün gördüyü işlərdən, aldığı qiymətli mükafatlardan bu vaxtadək çox soydaşımız xəbərsiz olub. Oqtay Əliyev də Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda yorulmadan çalışıb. Birinci Qarabağ müharibəsində əlinə silah götürüb erməni təcavüzkarlarına qarşı döyüşüb. Ermənistan və onun himayədarları tərəfindən Qarabağda yaradılan terrorçu rejimin ölkəmizin sərhədlərini zorla dəyişdirməyə cəhd göstərməsinə qarşı mübarizə aparıb. Müharibə veteranı adını qazanıb. Atəşkəs dövrü Qarabağ həsrətindən, orada dəfn edilmiş əcdadlarının həsrətindən, şəhid olmuş dostlarının həsrətindən sıxıntı çəkərək 45 yaşında şəhid olub.
Allah rəhmət eləsin !
ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN ! AMİN ...
Adil İrşadoğlu (Əliyev).
27.02.2012.
Hiç yorum yok:
Yorum Gönder