Translate

14 Şubat 2012 Salı

Qarabağ Fondu ABŞ-ın 50 dövlət məktəbində Azərbaycan mədəniyyətini təbliğ edəcək

"Ailəni Məktəbə Cəlb Et Həftəsi"


 Qarabağ Fondu 13 fevral 2012-ci il tarixində ABŞ-da Virciniya ştatının Longfellow adlı orta məktəbinin 150-yə yaxın tələbə, valideyn və müəllimləri üçün Mədəniyyət Bayramı təşkil etdi. Fonddan ANS PRESS-ə verilən məlumata görə, bu tədbirin iştirakçıları Azərbaycan mədəniyyəti ilə tanışlıq imkanı əldə etdilər. Longfellow məktəbində təşkil olunmuş Mədəniyyət Bayramı zamanı Qarabağ Fondunun məktəbin Valideyn və Müəllim Birliyi üçün əldə etdiyi “Ailəni Məktəbə Cəlb Et Həftəsi” layihəsinin və Azərbaycan mədəniyyətinin təqdimatı tədbir iştirakçılarının böyük marağına səbəb oldu.

  Qarabağ Fondu bu layihəni ABŞ-ın AXA Fondundan aldığı qrant çərçivəsində həyata keçirir. Tədbir layihəni dəstəkləmiş AXA Fondunun nümayəndəsinin açılış nitqi ilə başladı. Daha sonra Longfellow orta məktəbində “Ailəni Məktəbə Cəlb Et Həftəsi” layihəsinin icrası üçün vəsait əldə etmiş Qarabağ Fondunun icraçı direktoru Diana Altman layihənin əhəmiyyətini vurğuladı. Qeyd olundu ki, Longfellow orta məktəbi layihə üçün qrant əldə etməyə görə müraciət etmiş 233 məktəb içərisindən seçilmiş 45 məktəbdən biridir. Məktəbin direktoru iştirakçılara müraciət edib bildirdi ki, məktəbdə 96 ölkədən nümayəndələr təmsil olunur və Valideyn Müəllim Birlikləri ailələri məktəbə cəlb etməli və məktəb və ailə arasında olan əlaqələri gücləndirməlidir.

  Təqdimatlardan sonra iştirakçılara Azərbaycan mədəniyyəti haqqında vəsait və müxtəlif milli geyimlər nümayiş etdirildi. Qarabağ Fondunun könüllü rəqqasları Azərbaycan rəqslərini nümayiş etdirdilər.

  Qeyd etmək lazımdır ki, qrantın icrasının növbəti mərhələsində Qarabağ Fondu Longfellow məktəbi üçün veb səhifə əsaslı Azərbaycan Mədəniyyət Mərkəzi yaradacaq. Mərkəz məktəb icması və yerli sakinlər üçün nəzərdə tutulmuşdur və mərkəzdə insanlar üçün çoxlu proqram və müxtəlif resurslar təqdim olunacaq. Mərkəz məktəbə və insanlara imkan yaradacaq ki, müxtəlif mədəniyyət və insanları birləşdirən Qarabağ Fondu kimi təşkilatların fəaliyyəti ilə tanış olsunlar.

  Qarabağ Fondu “Ailəni Məktəbə Cəlb Et Həftəsi” layihəsinin icrasını digər ABŞ-ın 50 dövlət məktəblərində həyata keçirməyi planlaşdırır. Fond ABŞ-ın məktəb direktorları üçün Azərbaycan və Qafqaz mədəniyyəti haqqında vəsaitlərin məktəb proqramına daxil etmələri haqqında təkliflər hazırlayır.

  Qeyd edək ki, Qarabağ Fondu ABŞ-da yaradılmış və mərkəzi ofisi Vaşinqton şəhərində yerləşən qeyri hökumət təşkilatıdır. Bu təşkilat ABŞ-da QHT-lərə verilən yüksək 501 (C) 3 statusuna sahibdir. Fondun əsas məqsədi Azərbaycan, onun Qarabağ bölgəsi və bütünlükdə Qafqazı amerikalılara tanıtmaq, Azərbaycan mədəniyyəti və musiqisini Amerikada tərənnüm və təbliğ etməkdən ibarətdir. Buna nail olmaq üçün Qarabağ Fondu ABŞ-da müxtəlif sərgi, ictimai proqram, forum və mübadilə proqramlarının həyata keçirir.



Zülfiyyə Qurbanova

Hiç yorum yok: