Translate

19 Haziran 2014 Perşembe

Türkiyə prezidentlərini “təyin” edən müdhiş türk


İqbal Ağazadə ilə Ekmələddin İhsanoğlunu birləşdirən adam                                          - Əli Rza Bozqurd 


Məlum olduğu kimi, Türkiyənin əsas müxalifət partiyaları olan MHP və CHP qarşıdan gələn prezident seçkilərində vahid namizədlə çıxış etmək qərarına gəldilər. Millətçilərin və solçuların vahid namizədi sürpriz isim - Ekmələddin İhsanoğlu olacaq. İlk baxışdan, E.İhsanoğlu yalnız iki partiyanın razılaşdırdığı bir namizəddir. Lakin proseslərin startı böyük planlardan xəbər verir.
Maraqlıdır ki, Türkiyənin hazırkı baş naziri və seçkilərdə ən çox şansı olan Rəcəb Tayyib Ərdoğana yaxın texnoloqlar və media quruluşları iddia edirlər ki, E. İhsanoğlunun vahid namizədliyi Amerikanın layihəsidir. Yoxsa belə bir qısa zamanda iki fərqli və zidd ideolojiyə dayanan partiyalar ortaq nöqtə tapa bilməzdilər. Tayyibçilər “Amerikanın Ərdoğana qarşı irəli çıxartdığı vahid namizəd”in ismini liderlərə söyləyən ismi də bulublar. Onların iddialarına görə, bu, məşhur iş adamı, Amerika və Türkiyədə “müdhiş türk” kimi tanınan Əli Rza Bozqurddur (Ali Rıza Bozkurt). İddiaya görə, Amerikada yaşayan Əli Rza Bozqurd bu məsələ üçün Türkiyəyə gəlib və MHP-CHP liderləri ilə görüşərək, onlara bu adı tövsiyə edib...

Baş nazirə yaxın texnoloqların və medianın  eyni anda ortaya atdıqları bu iddianı bir seçki antitəbliğatı kimi dəyərləndirmək mümkündür. Lakin istər-istəməz bu ad maraq doğurur. Əli Rza Bozqurd kimdir və onun hansı gücü var ki, haqqında bunca böyük iddialar irəli sürülür.

Öncə onu deyək ki, Ə.R.Bozqurd adı Azərbaycanın bir sıra siyasi simalarına yaxşı tanışdır. Hələ 1992-ci ildə, Əbülfəz Elçibəyin prezident seçildiyi seçkini müşahidə edən Amerika missiyasının başında Azərbaycana gəlib. 2003-cü ildə bu və ya başqa kanallarla müxalifətin namizədinə dəstək verib... Bundan  sonra Azərbaycanın daxili siyasətinə marağını itirmiş kimi görünüb. Ölkədə hazırda Ümid Partiyasının lideri, deputat İqbal Ağazadə ilə sıx təmas saxlayır. Amerikanın hakimiyyət dairələrinə hər zaman yaxın olub. İndi isə ABŞ Prezidenti Administrasiyasının Strateji Araşdırmalar Mərkəzinə başçılıq edir. Yəni prezident Obamaya yaxın məsafədədir və sözü eşidilir. 

Tayyib Ərdoğanın texnoloqlarının məlum iddialara düşməsinin səbəbi nədir? Ortada fakt varmı? 

O zaman çoxlarının nəzərindən qaçan belə bir fakta diqqət yetirək. CHP və MHP uzun müddət idi vahid namizədi müəyyən edə bilmirdi. 

Belə bir vaxtda Ankaradakı iqamətgahında  Əli Rza Bozqurd bir ziyafət təşkil edir. CHP lideri Kamal Kılıçdaroğlu ziyafətdən dərhal sonra E. İhsanoğlunun vahid namizəd  olacağını açıqlayır...

Hətta bu fakt olmasa da, siyasətlə dərindən maraqlananlar bilirlər ki, Əli Rza bəyin Türkiyənin siyasi həyatındakı rolu və oraya müdaxilə imkanları böyükdür...
Beləliklə, E.İhsanoğlunun arxasında Əli Rza Bozqurdun dayanması iddiası durumu  xeyli tündləşdirir. Bu iş-elm-siyasət  adamının seçimi proseslərə önəmli təsir göstərmək gücündədir. Xatırladaq ki,  2000-ci ildə Türkiyənin prezidenti seçilən Əhməd Nejdət Sezər də Əli Rza Bozqurdun irəli sürdüyü namizəd  kimi tanınırdı. 

Araşdırmalar olduqca maraqlı bir məqamı üzə çıxardır. 1999-cu ildə, prezident seçkilərinə hələ bir il vaxt qalmış,  Əli Rza  Bozqurd Əhməd Nejdət Sezərə bir ziyafət verir, görüşdən dərhal sonra isə kameralar qarşısına çıxaraq, ona xitabən  “Hörmətli prezidentimiz, ölkəmizə uğurlu olsun”, - deyir.

O zaman adətən kölgədə qalmağı sevən Bozqurdun bu bəyanatına çoxları önəm verməmişdilər.

Lakin gözləmədiyi halda Ə. N. Sezər bir il sonra ölkənin prezidenti oldu. Elə bircə bu fakt Türkiyənin “Dərin dövləti”nin başında kimin durduğunu düşünməyə əsas verir.
Göründüyü kimi, Ə.R.Bozqurd Ə.N.Sezərin prezident olacağını bir il öncədən bilirdi. Türkiyədə bunu bilmək, həyata keçirtmək üçün möhtəşəm gücə və əlaqələrə sahib olmaq lazımdır.

Əli Rza Bozqurd təzadlı, müəmma dolu əlaqələrə malik olan bir iş adamıdır. Neft, inşaat, ən müxtəlif sahələrdə tanınan bir biznesmen olan Ə. R. Bozqurd ilk körfəz savaşında Kuveytdə idi və  ABŞ-ın bu ərəb ölkəsini köməksiz qoymayacağını bəyan edirdi.
Ə.R.Bozqurdun  Küveytdə proseslərə təsiri o dərəcədə böyük idi ki,  İraq lideri Səddam Hüseyn onun  girov götürülməsini əmr etdi. Səddamın şəxsi tapşırığı ilə girov götürülən Ə. R. Bozqurdu azad etmək üçün Ankara və Vaşinqton çox çalışmalı oldu.
Ə.R.Bozqurd ABŞ və eyni zamanda Səudiyyə Ərəbistanı ilə sıx əlaqələrə malikdir. Onun adı bu iki ölkə arasındakı iqtisadi və siyasi münasibətlərdə önəmli bir fiqur kimi keçir. 
Bəs Bozqurdun “namizədi” Ekmələddin İhsanoğlunun hansı cizgiləri önəmlidir? 
Misirdə anadan olan E.İhsanoğlu  Türkiyə  vətəndaşıdır. Bu günə kimi göstərdiyi fəaliyyət onun  Səudiyyə Ərəbistanını ifrat məhəbbətlə sevdiyini deməyə əsas verir. Görünən budur ki, elə Səudiyyə Ərəbistanı da E.İhsanoğluna  böyük ümidlər bəsləyir. Türkiyədə E. İhsanoğluna münasibət birmənalı deyil. Misirdəki hərbi  çevriliş zamanı qanuni prezident seçilmiş Mursini kəskin tənqid edib, hərbi qiyamın lideri Sisini mədh edən bir sima olaraq E. İhsanoğlu ən müxtəlif tənqidlərə məruz qalır. Maraqlıdır ki, belə bir mövqeyi Mursi devrilərkən  Səudiyyə Ərəbistanı da dəstəkləmişdi.

Ə.R.Bozqurdun seçiminin hansı səbəbə E.İhsanoğlu olmasının gizlinləri də bu məqamda bəlli olur. Maraqlıdır ki, son zamanlar ABŞ və Səudiyyə Ərəbistanı ilə Ərdoğanın münasibətləri xeyli dərəcədə gərginləşib. Belə bir vaxtda Ə. R. Bozqurd Ankaradakı ofisində ziyafət verir və vahid namizədin adı açıqlanır - Ekmələddin İhsanoğlu.
Lakin əsas sual açıq qalır - kamalçılar, ələvilər, millətçilər bu şəxsə səs verəcəklərmi?
Ə.R.Bozqurdun Türkiyə siyasətinə daha fəal müdaxilə etməsi dünyada gedən siyasi prosesləri tamamlayır. Belə ki,  bölgədə Səudiyyə Ərəbistanının fəal iştirakı ilə,  İŞİD, "Əl Qaidə"nin də yer aldığı mürəkkəb bir oyunun getdiyi də göz önündədir. Belə mürəkkəb bir qambitdə Ə.R.Bozqurdun yer alması düşündürücüdür.

Göründüyü kimi, Türkiyədə əsas siyasi fiqur kimi məhz Əli Rza Bozqurdun adı hallanır. Bu şəxsin tərcümeyi-halına qısa bir nəzər salaq.

1942 -ci ildə  Sivasda anadan olub. Anası  Merik Məryam,  atası jandarma işləyən Abbas Bozqurddur. 

Ə.R.Bozqurd İstanbul Texniki Universitetində inşaat mühəndisi bölümünü bitirib. 58  yaşında Harvard Universitetində ikinci təhsil alıb.
Ankarada böyük bir mənzilə sahibdir. İstanbulda, Boğaziçində möhtəşəm mənzərəli villaya malikdir.

Əsasən ABŞ-da, Los  Anceles və Hollivuddakı evlərində yaşayır.
Ə.R.Bozqurdun  20-dən çox ölkədə inşaat, neft, ticarət kimi iri biznesləri var. 18 ildir ki, ABŞ siyasətinin mərkəzində duran bir simadır.

ABŞ prezidenti Corc Buşun seçki komandasının fəal üzvlərindən olub. 2008-ci ildə Konqresə seçkilərdə öz namizədliyini irəli sürüb. ABŞ vətəndaşıdır. Hazırda Obama administrasiyasına xüsusi dərəcədə yaxındır. 

Ə.R.Bozqurd Türkiyənin ABŞ-dakı əsas lobbiçisi hesab olunur. Onu ABŞ -ın Türkiyə, Orta Asiya və Yaxın Şərq üzrə əsas “kuratoru” hesab edənlər də az deyil.

Azər RƏŞİDOĞLU
musavat.com

Hiç yorum yok: