Milli Məclisin qəbul etdiyi qərar layihəsinin müəllifi və əleyhdarı maraqlı faktlar açıqladı.
Fuad Ağayev: “Məndən başqa iki nəfər də olub, özü də hüquqşünaslar.”
Arif Hacılı: “Onlar ölkəmiz üçün həlledici olan məqamda qanuni hakimiyyətin yox, silahlı müxalifətin, qiyamçıların tərəfində oldular”
1993-cü ilin iyun hadisələrinin 21-ci ildönümündə yenidən o hadisələrin mətbuatda sərf-nəzər edilməsi prosesi gedir. Həmin olayların pik nöqtəsi təbii ki, 1992-ci ilin 7 iyun seçkilərində xalqın etimadını qazanmış prezident Əbülfəz Elçibəyin parlament qərarı ilə hakimiyyətdən uzaqlaşdırılması idi.
Məlum qərarın hazırlanması, onun parlamentə çıxarılması təşəbbüskarları haqqında növbəti dəfə müzakirələr açılıb, qarşılıqlı polemikalar gedir. Bugünlərdə BAXCP sədri, Elçibəy hakimiyyəti dönəmində dövlət katibinin müavini işləmiş Qüdrət Həsənquliyev də müsahibələrinin birində həmin olaylara ekskurs edib. “Qiyam zamanı ciddi addımlar atıla bilməməsinin bir səbəbi müharibə idisə, ikincisi, iqtisadi gücü yox idi. Üçüncü tərəfdən, ana müxalifətdə olan və kifayət qədər elektorata malik Etibar Məmmədov hərbi müxalifətə açıq dəstək verdi. Hətta Elçibəyin prezidentlikdən kənarlaşdırılması haqda qanun layihəsini parlamentə Etibar Məmmədov təqdim etdi. Layihəni isə Fuad Ağayev hazırlamışdı. Etibar Məmmədovun əsas adamlarından olan Şadman Hüseynov Gəncədə oturmuşdu...”(Publika.az)
Elçibəyin postundan uzaqlaşdırılmasının hüquqi mexanizmlərini özündə cəmləşdirən, vəkil F.Ağayevin müəllifi olduğu qərar layihəsi iki günlük müzakirələrdən sonra səs çoxluğu ilə qəbul olundu. Həmin qərarın məzmununu tarix üçün bir daha xatırlatmağın yeri var:
Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Qədirqulu oğlu Əliyevin (Elçibəyin) Azərbaycan Respublikasının Prezidenti vəzifələrini daha icra edə bilməməsi və Azərbaycan Respublikası Prezidentinin səlahiyyətinin Azərbaycan Respublikası Ali Sovetinin sədri Heydər Əlirza oğlu Əliyevə keçməsi haqqında
Azərbaycan Respublikası Milli Məclisinin qərarı
“Azərbaycan Respublikası Konstitusiyasının (Əsas Qanununun) 121-4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlıqlarının, Azərbaycan Respublikasının qanunlarına əməl olunmasının təminatçısı kimi çıxış edir, Azərbaycan Respublikasının suverenliyinin qorunmasına, müdafiəsinə, dövlət təhlükəsizliyinin və ərazi bütövlüyünün təmin edilməsinə dair tədbirlər görür, Azərbaycan Respublikası dövlət orqanlarının bu sahələrdə fəaliyyətinə rəhbərlik edir.
Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəy 1993-cü il iyun ayının 17-dən 18-nə keçən gecə qəflətən, dövlət orqanlarının rəhbərlərinə xəbər vermədən Bakı şəhərindən Naxçıvan Muxtar Respublikası Ordubad rayonunun Kələki kəndinə getmişdir.
Prezidentin mətbuat xidməti tərəfindən yayılmış sonrakı rəsmi məlumata görə, “Prezident Əbülfəz Elçibəy iyun ayının 17-dən 18-nə keçən gecə Bakı şəhərində gözlənilən qırğının qarşısını almaq və öz təhlükəsizliyini təmin etmək üçün vəzifəsinin icrasını heç kimə həvalə etmədən Bakının Binə aeroportundan Naxçıvana uçmuşdur.
Həmin gündən Naxçıvan Muxtar Respublikası Ordubad rayonunun Kələki kəndində qalan Əbülfəz Elçibəy Azərbaycan dövlətinin başçısı kimi fəaliyyətini həlledici dərəcədə məhdudlaşdırmış, respublikanın dövlət idarəetmə orqanları ilə faktiki olaraq əlaqəsini itirmiş və ali icra hakimiyyəti funksiyalarının yerinə yetirilməsindən özünü kənarlaşdırmışdır. Bu səbəbdən o, Azərbaycan Respublikasının Prezidenti vəzifələrini daha icra edə bilmir. Bu müddət ərzində respublikanın başqa bölgələri, o cümlədən Bakı ilə bütün əlaqələrini yalnız son dərəcə qeyri-sabit işləyən ümumi telefon rabitəsi vasitəsilə quraraq Azərbaycan Respublikasının Prezidenti obyektiv məlumatların alınmasından, ölkədəki gərgin ictimai-siyasi və hərbi vəziyyətə düzgün qiymət verilməsindən, baş verən hadisələrə təsir göstərə bilən təxirəsalınmaz qərarların qəbul edilməsindən özünü məhrum etmiş və beləliklə də hadisələrin inkişafına nəzarət etmək imkanını itirmişdir. Bununla da Əbülfəz Elçibəy Azərbaycan Respublikasının Konstitusiyası ilə onun üzərinə qoyulmuş Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlıqlarının, Azərbaycan Respublikası qanunlarına əməl olunmasının təminatçısı kimi öz vəzifəsini yerinə yetirə bilmir.
Azərbaycan ərazisində müharibə getdiyi dövrdə respublikanın suverenliyinin qorunmasının, onun müdafiəsinin, dövlət təhlükəsizliyinin və ərazi bütövlüyünün təmin edilməsinə məsuliyyət daşıyan respublika prezidentinin Ermənistanın işğalçı qoşunları ilə döyüşən hərbi hissələrlə ümumiyyətlə əlaqəsi yoxdur. Belə vəziyyətdə Əbülfəz Elçibəyin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş komandanı kimi üzərinə düşən vəzifələri yerinə yetirməsi, o cümlədən strateji əhəmiyyətli əməliyyat planlarını təsdiq etməsi, bilavasitə onun tabeliyində olan Müdafiə, Daxili İşlər və Milli Təhlükəsizlik Nazirliklərinin silahlı qüvvələrini əlaqələndirməsi qeyri-mümkün olmuşdur. Xüsusi rabitə vasitələrinin olmaması üzündən dövlət və hərbi sirlərin açılması üçün real təhlükə yaranmışdır.
Hadisələrin bu səmtdəki inkişafı, habelə mövcud şəraitdə respublika həyatının mühüm sahələrini - müdafiəni, təhlükəsizliyi, daxili hüquq qaydasını təmin edən dövlət idarəetmə orqanları rəhbərlərinin olmaması Azərbaycan dövlətçiliyini təhlükə qarşısında qoyur, dövlət hakimiyyət qurumlarının və idarəetmə sisteminin dağılmasına gətirib çıxarır. Respublikamızın müxtəlif bölgələrində yaranmış hakimiyyət boşluğu nəticəsində müxtəlif cinayətkar qruplar fəallaşaraq ağır cinayətlər, xüsusilə də qətllər, qarətlər, ictimai təhlükəsi yüksək olan başqa əməllər törətməkdədirlər. Vəziyyətin bu cür kəskinləşməsi Azərbaycanın fəlakətinə, dövlətçiliyimizin süqutuna səbəb ola bilər.
Yaranmış vəziyyət respublikadakı durumun sabitləşdirilməsinə, gərginliyin aradan qaldırılmasına, dövlətçiliyin möhkəmləndirilməsinə, qanunçuluğun bərpasına, bütün qüvvələrin xarici təcavüzə qarşı səfərbər edilməsinə yönəldilmiş qəti və təxirəsalınmaz tədbirlərin görülməsini tələb edir.
Belə şəraitdə Azərbaycan Respublikasının Milli Məclisi 1993- cü il 21 iyun tarixli qərarı ilə Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəyə Bakı şəhərinə təcili olaraq qayıtması barədə müraciət etmişdir. Lakin Əbülfəz Elçibəy bu müraciətə əhəmiyyət verməyərək paytaxta qayıtmamış və heç bir təsirli tədbir görməmişdir.
Bununla Əbülfəz Elçibəy Azərbaycan Respublikasının Prezidenti vəzifələrini icra etməsini qeyri-mümkün etmişdir.
Azərbaycan Respublikası Konstitusiyasının 121-7-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Prezidenti bu və ya başqa səbəblərə görə öz vəzifələrini daha icra edə bilmədikdə, Azərbaycan Respublikasının yeni prezidenti seçilənədək onun səlahiyyəti Azərbaycan Respublikası Ali Sovetinin sədrinə keçir”.
Göstərilənləri nəzərə alaraq, 1993-cü il iyunun 4-də Gəncə şəhərində baş vermiş hadisələrdən sonra Azərbaycan Respublikasında yaranmış ictimai-siyasi böhrandan çıxış yollarını tapmaq, habelə Qarabağın Ağdam, Ağdərə, Füzuli və başqa rayonlarında erməni hərbi qüvvələrinin qarşısını almaq, Azərbaycan dövlətçiliyi üçün yaranmış təhlükəni və vətəndaş müharibəsi təhlükəsini aradan qaldırmaq, idarəetmə sisteminin fəaliyyətini bərpa etmək məqsədilə Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 121-7-ci maddəsini rəhbər tutaraq qərara alır:
1. Əbülfəz Qədirqulu oğlu Əliyevin (Elçibəyin) Azərbaycan Respublikasının Prezidenti vəzifələrini daha icra edə bilməməsi təsdiq edilsin.
2. Azərbaycan Respublikası Prezidentinin səlahiyyəti Azərbaycan Respublikası Ali Sovetinin sədri Heydər Əlirza oğlu Əliyevə keçsin.
Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini
A. CƏLİLOV Bakı şəhəri, 24 iyun 1993-cü il № 630".
Vəkil Fuad Ağayev “Yeni Müsavat”a dedi ki, həmin qərarın müəllifi olduğuna görə “qətiyyən” peşman deyil: “Bu qərar o zamankı siyasi zərurətdən irəli gəlirdi və o zaman qüvvədə olan konstitusiyaya tam uyğun tərtib olunmuşdu. Kim necə hesab edir, öz işidir. Həm hüquqşünas, həm siyasətçi kimi hesab edirəm ki, bu, tam düzgün qərar idi”. F.Ağayev etiraf etdi ki, layihənin üç müəllifindən biri özüdür: “Məndən başqa iki nəfər də olub, özü də hüquqşünaslar. Yəni bu qərarı diletantlar hazırlamayıb. Ancaq özləri demək istəmədiklərinə görə mən də adlarını açıqlamıram. Sadəcə, onlardan biri peşəkar hüquqşünasdır, indi də bu hakimiyyətlə işləyir. Ancaq ad çəkməyəcəyəm”. F.Ağayev dedi ki, qərar layihəsi deputatlara paylanmışdı. Amma kimin oxuması onun yadında deyil. Bu qərarın Elçibəyin ad gününə təsadüf etməsinə gəldikdə, vəkil “Azərbaycan o zaman elə vəziyyətdə idi ki, heç kəsin ad günü yada düşmürdü” dedi.
Elçibəy komandasında dövlət müşaviri postunu tutmuş Arif Hacılı isə bildirdi ki, o sənəd özlərinin bəyan etdiyi kimi, AMİP rəhbərliyi, konkret olaraq Fuad Ağayev və Etibar Məmmədov tərəfindən hazırlanmışdı: “Sənəddə Milli Məclis tərəfindən prezidentin səlahiyyətlərinin əlindən alınması öz əksini tapırdı. Belə bir layihə parlamentin müzakirəsinə təqdim olunmuşdu. İyunun 23-də və 24-də bu sənəd ətrafında geniş müzakirələr getdi. Milli azadlıq hərəkatına aid olan bir neçə nəfər istisna olmaqla - burada ilk növbədə İsa Qəmbər, mən, Tofiq Qasımov, İbrahim İbrahimli və başqa Müsavat Partiyasının üzvü olan millət vəkilləri çıxışlar edərək Elçibəyin səlahiyyətlərinin alınmasının qeyri-qanuni olduğunu bəyan etdik və belə bir qərarın qəbul olunmasının Azərbaycanın milli mənafelərinə ziyan vurduğu, eyni zamanda Azərbaycan xalqının iradəsinə qarşı olduğu fikrini səsləndirdik. Belə ki, xalq tərəfindən seçilmiş prezidentin səlahiyyətlərinin Milli Məclisin üzvü olan 20-30 nəfər tərəfindən alınması məntiqə və qanunlara zidd idi. Bu, Azərbaycan cəmiyyəti və beynəlxalq birlik tərəfindən qəbul olunmurdu. Gəncədə qiyam törətmiş silahlı qüvvələrin tərəfində olan siyasi qüvvələr - Heydər Əliyev və YAP, Etibar Məmmədov və AMİP, Zərdüşt Əlizadə və ASDP, həmçinin digər qüvvələr ölkədə faktiki olaraq çevriliş həyata keçirərək Əbülfəz Elçibəyin səlahiyyətlərinin onun əlindən qeyri-qanuni alınmasına nail oldular”.
Milli azadlıq hərəkatında iştirakçı olmuş, demokratik düşərgənin təmsilçiləri sayılan şəxslərin, AMİP üzvlərinin bu prosesdə iştirakından dolayı bir təəssüf hissi varmı? A.Hacılının suala cavabı maraqlı oldu: “Bu məsələlərə tarix öz qiymətini verib və verəcək. Mənə elə gəlir ki, insanlar öz vicdanları qarşısında hesabat verməyə borcludurlar. O ki qaldı AMİP-in demokratik düşərgəyə aid olmasına, indi bu partiyanın hansı ideoloji xətt əsasında fəaliyyət göstərdiyini bilmirəm, konkret olaraq Elçibəy hakimiyyəti dövründə nə AMİP, nə ASDP, nə YAP-ı milli demokratik düşərgəyə aid etmək mümkün deyil. Çünki həmin dövrdə faktiki olaraq bu qüvvələr ölkədə demokratik islahatların qarşısının alınmasında, xalq tərəfindən azad, demokratik seçki yolu ilə seçilmiş prezident hakimiyyətinin süquta uğradılmasında mühüm rol oynadılar. Onlar ölkəmiz üçün həlledici olan məqamda qanuni hakimiyyətin yox, silahlı müxalifətin, qiyamçıların tərəfində oldular”.
A.Hacılı hesab etmir ki, məhz Elçibəyin ad günündə onun istefaya göndərilməsi məqsədli şəkildə hazırlanan planın tərkib hissəsi idi və bu, eks-prezidentə “ad günü hədiyyəsi” idi: “Mən bunu təsadüf hesab edirəm. Çünki 4 iyunda başlayan proseslər təxminən üç həftə ərzində öz məntiqi sonluğuna yaxınlaşmışdı. Düşünmürəm ki, səlahiyyətlərin alınması gününün məhz iyunun 24-nə təsadüf etməsi hansısa bir hazırlanmış planın tərkib hissəsi idi”.
E.PAŞASOY
Hiç yorum yok:
Yorum Gönder