Ümid partiyasının sədri İqbal Ağazadə Əli Rza Bozqurdla dostluğundan və bir sıra bilinməyən detallaradan danışdı
Məlum olduğu kimi, Türkiyənin əsas müxalifət partiyaları olan MHP və CHP qarşıdan gələn prezident seçkilərində vahid namizədlə çıxış etmək qərarına gəliblər. Millətçilərin və solçuların vahid namizədi sürpriz isim - İslam Əməkdaşlıq Təşkilatının sabiq sədri Ekmələddin İhsanoğlu olacaq. İlk baxışdan E.İhsanoğlu yalnız iki partiyanın razılaşdırdığı bir namizəddir. Lakin proseslərin startı böyük planlardan xəbər verir.
Maraqlıdır ki, Türkiyənin hazırkı baş naziri və seçkilərdə ən çox şansı olan Rəcəb Tayyib Ərdoğana yaxın texnoloqlar və media quruluşları iddia edirlər ki, E. İhsanoğlunun vahid namizədliyi Amerikanın layihəsidir. Yoxsa belə bir qısa zamanda iki fərqli və zidd ideologiyaya söykənən partiyalar ortaq nöqtə tapa bilməzdilər. Tayyibçilər “Amerikanın Ərdoğana qarşı irəli çıxartdığı vahid namizəd”in ismini liderlərə söyləyən adamı da bulublar. Onların iddialarına görə, bu, məşhur iş adamı, Amerika və Türkiyədə “müdhiş türk” kimi tanınan Əli Rza Bozqurddur (Ali Rıza Bozkurt). İddiaya görə, Amerikada yaşayan Əli Rza Bozqurd bu məsələ üçün Türkiyəyə gəlib MHP və CHP liderləri ilə görüşərək, onlara bu adı tövsiyə edib.
“Yeni Müsavat”ın bu barədə srağagün dərc etdiyi xəbərdə həmçinin deyilir ki, Ə.R.Bozqurdun adı Azərbaycanın bir sıra siyasi simalarına yaxşı tanışdır. Onun hazırda Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə ilə sıx əlaqələri var.
İ.Ağazadə ilə əlaqə saxlayıb Əli Rza Bozqurdla dostluq münasibətləri və digər məsələlərlə bağlı suallarımıza cavab istədik.
- İqbal bəy, Əli Rza Bozqurdla dostluğunuz nə vaxtdan başlayıb?
- 15 ildir Əli Rza bəylə dostluğumuz var. Biz tez-tez görüşürük. Dünyanın müxtəlif yerlərində görüşlərimiz olub. Birlikdə tədbirlərdə olmuşuq. Dəfələrlə Əli Rza bəyin evində olmuşam. Yəni çox yaxın münasibətlərimiz var. Əli Rza bəy Azərbaycanı sevən adamlardan biridir. Xalqına, dövlətinə bağlı olan böyük insandır. ABŞ-da, dünyanın müxtəlif yerlərində sözünə, mövqeyinə, ağlına ciddi hörmət qoyulan şəxslərdən biridir. Çox zəki, çox ağıllı insandır. Yaxın Şərqdə, dünyada baş verən prosesləri çox gözəl bilir, təhlil edir. Hesab edirəm ki, Yaxın Şərqlə bağlı, dünyada baş verən proseslərlə bağlı Əli Rza bəyin fikirlərinə və mövqeyinə etimadla yanaşılır.
- Əli Rza Bozqurdla dostluğunuz siyasi münasibətlərdən, yoxsa iqtisadi ilişkilərdən başlayıb? Dostluğunuzun tarixçəsini açıqlaya bilərsinizmi?
- Bizim çox təsadüfdən başlayan bir dostluğumuz yaranıb. Sonra dostluğumuzun çərçivəsi genişlənib. İstənilən vaxt telefon açıb dünyanın harasında olsa qonaq ola biləcəyim dostlarımdandır. Bunu bir siyasətə və ya bir iqtisadi ilişkilərə bağlama düzgün deyil. Bütün sferalarda mən Əli Rza bəyi özümün böyük dostum hesab edirəm.
- Onun sözü dünya nəhəngi olan ABŞ-da həqiqətənmi keçərlidir?
- Dünyada müxtəlif dairələrdə, xüsusilə ABŞ-da onun sözü eşidilir, onun mövqeyinə hörmətlə yanaşılır.
- Azərbaycana Əli Rza bəyin münasibəti necədir?
- Azərbaycana çox yaxşı münasibəti, sevgisi var. Rəhmətlik Əbülfəz Elçibəylə də, rəhmətlik Heydər Əliyevlə də çox yaxşı münasibətləri olub. 1992-ci ilin 7 iyununda Azərbaycanda Əbülfəz Elçibəyin prezident seçildiyi seçkiləri müşahidə edən ABŞ missiyasının rəhbəri olub. Əbülfəz Elçibəylə də ilk görüşü müşahidə missiyasına rəhbərlik edərkən seçkidən dərhal sonra olub. Heydər Əliyevlə də müxtəlif vaxtlarda görüşləri olub. Mənim bildiyimə görə Heydər Əliyevə çox böyük hörməti olub, Heydər Əliyevi siyasətçi kimi çox yüksək dəyərləndirib.
- Məlumatlar yayılıb ki, Türkiyə müxalifətinin Ekmələddin İhsanoğlunun prezidentliyə namizədliyini verməsində Əli Rza Bozqurdun mövqeyi rol oynayıb. O, ABŞ-dan gəlib həmin şəxsi tövsiyə edib...
- Türkiyədə siyasi dairələr Əli Rza bəyin fikirlərinə böyük hörmətlə yanaşırlar. Güman edirəm ki, onun Türkiyə, bu ölkənin siyasəti barədə söylədikləri nəzərdən qaçırılmır. Hər zaman nəzərə alınır. Amma sizin dediyiniz məsələ ilə bağlı dəqiq məlumatım yoxdur. Lakin bilirəm ki, məsələn, qardaş ölkədə istənilən siyasi dairə Türkiyənin iç və daxili siyasəti ilə bağlı Əli Rza bəy mövqe ifadə edirsə, onu görməzlikdən gələ bilməz. Çünki Əli Rza bəy Türkiyəni və dünya siyasətini çox gözəl bilir.
- Bir müddət əvvəl ABŞ Dövlət Departamentinin hesabatında Ümid Partiyası Azərbaycanın Milli Məclisində yeganə müxalifət partiyası kimi qeyd edilmişdi. Düşünmək olarmı ki, hesabatda bu fikirlərin əksini tapmasında Əli Rza bəyin orada yaratdığı təsəvvür də rol oynayıb?
- Bu barədə dəqiq bir şey deyə bimərəm. Yəni ABŞ-ın proseslərə bir Əli Rza Bozqurdun çərçivəsindən və ya informasiyasından baxdığını güman etmirəm. Amma Əli Rza bəydən bu barədə nəsə soruşublarsa və o, nəsə deyibsə, yəqin ki, sözünü boş verməzlər. Amma bilmirəm soruşublar, yoxsa yox.
Etibar SEYİDAĞA
musavat.com
Hiç yorum yok:
Yorum Gönder