Translate

20 Haziran 2014 Cuma

MOSKVA İLƏ BRÜSSEL ARASINDA SIXILAN BAKİ - TƏHLİL



Ölkəmiz üzücü bazarlaşma mərhələsində; Sergey Lavrovun səfəri cavabdan çox suallar doğurdu; hakimiyyət iki güc mərkəzi arasında yenə “qızıl orta” axtarışındadır... 

Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakı səfəri ətrafında öncədən xeyli ajiotaj yaradılmışdı. Ötən il prezident seçkiləri ərəfəsi prezident Vladimir Putinin Bakı səfəri ərəfəsində də təxminən oxşar situasiya mövcud idi. Lavrovun ziyarətinə belə böyük maraq əlbəttə ki, onun konkret statusu və missiyası ilə yox, postsovet məkanında situasiyanın güclü şəkildə dəyişməsi və Rusiya-Azərbaycan münasibətlərindəki bir sıra məsələlər üzrə özünü göstərən qeyri-müəyyənlik faktoru ilə bağlı idi.

Məsələ ondadır ki, Putinin səfərindən sonrakı təxminən bir illik müddətdə dünyada ciddi proseslər gedib və bu proseslər Rusiya ilə Qərb (Avropa Birliyi və ABŞ) arasında postsovet məkanında dominantlıq uğrunda mübarizəni ifrat həddə kəskinləşdirib. Söhbət ilk öncə Kremlin stimul verdiyi və Krımın ilhaqı ilə, separatçılığın alovlanması və “qaz savaşı” ilə Rusiya-Ukrayna münasibətlərinin həddən ziyadə konfliktli vəziyyətə gətirilməsindən gedir. 

Bu hadisələrin konteksti nəticə etibarilə qlobal geosiyasi münaqişə doğurdu və Qərblə (AB, NATO, ABŞ) Rusiya arasında qarşıdurmalı rəqabəti dərinləşdirdi. Öz növbəsində Azərbaycan da daxil, bir çox postsovet ölkəsi qeyri-iradəvi olaraq bu konfliktlərdən qaynaqlanan real və potensial təhlükələrin girovuna çevrildilər. 

Münasibətlərdəki gərginlik faktoru

Putin Rusiyada hakimiyyət olimpinə qayıtdıqdan dərhal sonra aktiv şəkildə özünün “sabit ideya”sının - SSRİ-nin yeni modifikasiyası kimi Avrasiya Birliyinin (AB) yaradılmasına girişdi. Bu məqsədlə Moskva əksər postsovet ölkələrinə təzyiqləri gücləndirməyə başladı. Təzyiqlər xüsusən də Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramına cəlb olunmuş və GUAM üzvü olan ölkələrə (Ukrayna, Moldova, Gürcüstan, Azərbaycan) yönəldi.
Qeyd edək ki, məhz Putinin Kremlə qayıdışından sonra Rusiya-Azərbaycan münasibətlərində problemlərin, qeyri-müəyyənliyin və soyuqluğun son ana kimi gizli saxlanılan yeni zolağı başlamış oldu. Aydındır ki, tonu Moskva diktə edirdi, ancaq Bakı da ara-sıra borclu qalmırdı. Son bir-iki ilin hadisələrini yada salaq.



Məsələn, Kremlin bəyan edilən yeni velikorus kursuna cavab olaraq rəsmi Bakı Qərbin Azərbaycana kəskin artan energetik ehtiyaclarından ruhlanaraq sanki aktiv şəkildə avrointeqrasiya cığırına qayıtmaq qərarı verdi. Qəbələ RLS-ə görə icarə haqqını kəskin qaldırmaqla, “Transxəzər layihəsi”nə qəfil qoşulmaqla, Türkiyə və İsraillə hərbi-siyasi əməkdaşlığı gücləndirməklə, ABŞ və AB ilə təmasları intensivləşdirməklə, İranla münasibətləri kəskinləşdirməklə, həmçinin Qarabağ məsələsində Rusiyanın sülhyaratma missiyasından məyusluq nümayiş etdirməklə və problemin hərbi yolla həllinə hazır olduğunu göstərməklə Bakı tez-tez Moskvanın maraqları əleyhinə getməkdə idi. Bununla o, sanki açıq şəkildə Qərbin əlinə oynayırdı. O hesabla ki, Qərbin ona “demokratik pressinq”i zəifləyəcək və şimaldan və cənubdan gələn təhlükələrə qarşı ondan hərtərəfli dəstək alacaq.

“Balanslı siyasət anlaşılan və müdrikdir, lakin strateji planda seçim qərarı vermək zərurətindən xilas eləmir”

Beləliklə, 2010-11-ci illərdə ölkənin xarici siyasəti üçün xarakterik olan Rusiyaya ifrat əyilmə 2012-ci ildən etibarən müvafiq şəkildə Qərbə meyllənmə ilə “düzəlməyə” başladı. Azərbaycanın bu qərbyönlü dönüşünü Rusiya əlbəttə ki, cavabsız qoymadı və qoya da bilməzdi. Qərbin planlarına fəal şəkildə müqavimət göstərən Moskva postsovet məkanının, ilk növbədə Azərbaycan da daxil Güney Qafqazın onun prioritet geosiyasi maraqlar sferasına aid olduğunu təkid eləməkdə davam elədi.

Azərbaycana gəlincə, Rusiya Qarabağ problemindən ona qarşı “qamçı və kökə” qismində daim aktiv şəkildə istifadə edib, edir və yəqin ki, bundan sonra da edəcək. Moskvanın təzyiq potensialı bununla bitmir: MDB-nin ənənəvi meydançası var, Xəzər dənizinin hüquqi statusu məsələsi var, neft-qaz rıçaqları var, iqtisadiyyatın, mədəniyyətin, siyasi lobbiçiliyin intensiv sferaları var. Üstəlik, Kremlin sevdiyi və vaxtaşırı istifadə elədiyi üsul - yeni separatçı təhlükələr yaratmaq metodu var. Nəhayət, Rusiyadakı milyonluq əmək miqrantları ordusu var, hansı təhlükəli kartdan ki, Moskva vaxtaşırı Bakını bir sıra məsələlərdə güzəştə sövq eləmək üçün faydalanmağa cəhd edir.

Bununla belə, Putinin neoimperiya kursu, onun Avrasiya Birliyi timsalında SSRİ-nin yeni analoqunu yaratmaq və bütün postsovet məkanında, o cümlədən Cənubi Qafqazda  Rusiyanın hərbi-siyasi və iqtisadi dominantlığını bərpa eləmək ideyası hələ ki Bakıda dəstək və anlaşıqla qarşılanmır. Ona görə ki, bu ideya Azərbaycanın milli-dövlət maraqları ilə açıq-aşkar ziddiyyətdədir. 

Bu da bir göstəricidir ki, Putin ali hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan prezidenti İlham Əliyev Moskvaya bircə dəfə də səfər eləməyib. Hər şeydən göründüyü kimi, Rusiya Putinin Azərbaycana avqust səfərinin yekunlarından bir elə razı qalmayıb: fakt budur ki, heç bir problem üzrə, öncəliklə Gömrük İttifaqına üzvlük və Avrasiya Birliyinə dəstək məsələsində Bakının açıq-aydın mövqeyini almaq mümkün olmayıb.

Gözləntilərin intriqası

İndiki mərhələdə Moskva ilə Bakı arasında siyasi münasibətlər hansısa “məcburi” tərəfdaşlıq formatında və ambvilent şəkildə qurulub. Bir yandan, Rusiya həddən artıq maraqlıdır ki, Azərbaycanı Avropa Birliyi və NATO-dan məsafədə saxlasın ki, perspektivdə onu Avrasiya İqtisadi Birliyinə inteqrasiyaya meylləndirsin, Avropanı Azərbaycanın qismində alternativ “energetik meydança”dan məhrum eləsin. Bu məqsədlə Moskva Qarabağ məsələsində və işğal altındakı bəzi ərazilərin azad edilməsində müəyyən dərəcədə Azərbaycanın əlinə oynamağa hazırdır. 

“2010-11-ci illərdə ölkənin xarici siyasəti üçün xarakterik olan Rusiyaya ifrat əyilmə 2012-ci ildən etibarən Qərbə meyllənmə ilə ”düzəlməyə" başlayıb"

Başqa yandan, Moskva BMT-dəki səsvermə zamanı Ukraynanı dəstəkləməsinə, müstəqil xarici siyasət xətti yeritməkdə inadkarlığına və alternativ energetik ambisiyalarına görə Azərbaycandan ifrat dərəcədə məyusdur. Bu planda Rusiyanın zərurət halında imperiya “qamçısı”nı təzədən işə salacağı istisna deyil.

Bakının da Moskvaya münasibətinə hazırda bir ambivalentlik xasdır. “Ukrayna olayları” və Moskvadan gələn neoimperiya hədələri Bakıya artıq ayıldıcı təsir edib və onu xarici siyasət kursuna, daha dəqiqi, ritorikaya müəyyən korrektələrin edilməsinə kökləyib.
Son ayda isə rəsmi Bakı münasibətlərdəki inamsızlıq və gərginliyi götürməyə cəhd edərək, Rusiya tərəfə aktiv reveranslar edir, ABŞ siyasətindən açıq şəkildə narazılıq və məyusluq nümayiş etdirir, avroiteqrasiya templərini bir az da ləngidir və söndürür və bununla Brüsselə, elə həm də Moskvaya açıqca göstərir ki, o, əməkdaşlığın ikitərəfli formatının tərəfdarıdır və hər hansı ittifaqa qoşulmağın əleyhinədir.

***

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakı səfəri Avrokomissiyanın başçısı Barrozunun Azərbaycana ziyarətindən az sonraya təsadüf elədi. Əlamətdardır ki, rəsmi Bakı çoxsaylı məsələlər üzrə mövqe seçiminin qəlizliyi şəraitində sanki bir yandan Brüsselin nüfuzlu təmsilçiləri ilə, digər yandan isə Moskvadan olan mühüm emissarla saat əqrəblərini bir daha “tutuşdurmaq” qərarına gəlib. Görünür, Bakı yenə də “qızıl orta”nı  - həm Brüsselin şirnikləndirmələrindən, həm də Moskvanın hədələrindən bərabər uzaqlıqlı mövqeyi tapmağa çalışır.

Hazırkı mərhələdə Bakının belə bərabəruzaqlıqlı və konyuktur balanslı mövqeyi bütövlükdə Brüssel və Bakını qane edə bilər. Fəqət, öz mövqeyini dəqiqləşdirmək və strateji seçimi eləmək zərurəti bu səfərlərdən sonra da itib getməyəcək. Həmçinin, Qərblə Rusiyanın asimmetrik təzyiqləri aradan qalxmayacaq. Azərbaycan istənilən halda, seçim eləməli və bir sıra məsələlərlə bağlı mövqeyini müəyyənləşdirməli olacaq.
Lavrovun səfəri çoxlu suallar doğurdu. Heç kimə sirr deyildi ki, rusiyalı nazir Azərbaycana Moskvanın təkcə Qarabağ nizamlanması, energetik siyasət, Avrasiya Birliyinə perspektiv üzvlük və s. bağlı müəyyən təkliflərini səsləndirmək üçün yox, həm də Bakının əks-təkliflərini dinləmək üçün gəlmişdi - əgər təbii ki, belə təkliflər varsa. 

“Bu da bir göstəricidir ki, Putin ali hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan prezidenti Moskvaya bircə dəfə də səfər eləməyib” 

Gözlənildiyi kimi, səfər qapalı rejimdə keçdi, mətbuat üçün hər hansı informasiya səslənmədi. Bu səbəbdən ziyarətin uğurlu və ya məhsuldar olması barədə mühakimə yürütmək olduqca çətindir. Görünən budur ki, Lavrovun səfəri üzücü danışıqlar (“bazarlaşma”) mərhələsinin yalnız başlanğıcıdır: hər halda, bu səfər hələ ki bir çox sualları ortadan qaldırmadı və səfərədək mövcud olan həyəcanlı gözləntilər ovqatını saxladı. 

Rəsmi Bakı yəqin ki, bundan sonra da xarici siyasətdə konyuktur çoxvektorluluq strategiyasına söykənəcək ki, bütün qapıları açıq saxlasın, özünü geosiyasi planda bu və ya başqa sərt, etiketlənmiş taxçaya aparıb salmasın. İlham Əliyev məhz Moskva ilə Vaşinqton arasında, Ankara ilə Tehran arasında, NATO ilə Qoşulmamaq Hərəkatı arasında, Avrasiya İttifaqı ilə Avropa İttifaqı arasında müəyyən seçim azadlığı yaradan belə bir praqmatik və konyuktur balanslı siyasətə üstünlük verir.  

Belə mövqe mahiyyət etibarilə anlaşılan və müdrikdir, eyni zamanda mövcud vəziyyətdə xeyli əsaslı görünür. Lakin strateji planda bu siyasət seçim qərarı vermək zərurətindən xilas eləmir. Bu gün olmasın, sabah olsun.

Zəfər QULİYEV, politoloq
musavat.com

Hiç yorum yok: