Translate

11 Haziran 2014 Çarşamba

“Naxçıvanda ən müasir hərbi texnikalarımız saxlanılır” - Üzeyir Cəfərov


Tarix: 11.06.2014 | Saat: 17:05:00 

“Naxçıvanla bağlı yayılan xəbərlər əsassız və gülüncdür”. Bu fikri Hafta.az-a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov bildirib. O vurğulayıb ki, Naxçıvan blokada şəraitindədir və bu bölgədə tez-tez atəşkəsin pozulması müşahidə olunan haldır:

“Naxçıvan istiqamətində ermənilərin verdiyi son itkilərdən sonra erməni ordusuna göstəriş verilib. Bizdə olan məlumata görə, onlara bildirilib ki, Naxçıvanda həm gərginlik yaradılmalı, həm də canlı qüvvə intensiv atəşə tutulmalıdır. Atışmaların sayının son zamanlar artmasının da səbəbi budur. Ancaq hadisələrin geniş miqyaslı əməliyyatlarla əvəzlənməsini gözləmirəm. Çünki ermənilər bilirlər ki, Naxçıvanda Azərbaycan Ordusunun böyük təlimləri keçirilib. Bu təlimlərə isə iri və müasir texnikalar cəlb olunub. Eyni zamanda, həmin müasir texnikalar- tanklar, döyüş təyyarələri Naxçıvan hərbi bazasında saxlanılır. Bütün bunların fonunda ermənilərin hansısa ciddi hücuma keçməsini düşünmürəm”.

Naxçıvanda kəndlərin boşaldılmasına münasibət bildirən ekspert, bunu təhlükəsizliklə bağlı olduğunu bildirib:

Ola bilər ki, bəzi kəndlərdə atışmalara görə sakinlərə xüsusi tapşırıqlar verilib. Onların təhlükəsizliyini qorumaq üçün kənddən uzaqlaşdıra və ya çölə çıxmamağı tapşıra bilərlər. Bu isə heç də ermənilərin hücuma keçməsi demək deyil. Əgər ciddi narahatlıq olsa, Müdafiə Nazirliyi bu barədə rəsmi məlumat yayardı”.

Qeyd edək ki, bu gün mətbuatda xəbər yayılıb ki, ermənilər Naxçıvan istiqamətində hücum ediblər. Məlumatda bildirilib ki, ermənilərin ciddi hücumu nəticəsində Azərbaycan tərəfi ağır itkilər verib. Müdafiə Nazirliyi isə bu faktı təsdiqləməyib. 

Əli Rais, Hafta.az

Hiç yorum yok: