(QEYD : Vaxtilə Bakı Dövlət Universitetinin Jurnalistika Fakültəsində uzun müddət kafedra müdiri işləmiş, şair- publisist, professor Famil Mehdinin öz anasına xitabən yazdığı bu şeyir Qarabağdan qovularaq məcburi köçkünə çevrilmiş bütün insanların ürəyindən gələn sözləri ifadə edir).
Mənim qaçqın anam Bakıda öldü,
Öldü " Ağdam " deyə, " Qarabağ " deyə,
Bakı da həmin o Bakı deyildi,
Bəs niyə yanmadı qara bəxtliyə?!
Əlimi qoymuşdu döşünün üstdə,
Ürəyi şişirdi, bişirdi, Allah.
Əlimin altında, o dar qəfəsdə,
Ürəyi sinəsin deşirdi, Allah.
Elə bil qoşulub axar bir çaya,
Axır yavaş - yavaş axırdı anam.
Mən sığal çəkdikcə o ağ birçəyə,
Necə yazıq - yazıq baxırdı anam.
Hardasan Dəlidağ, Qırxqızın qarı,
Hardasan ey Kötəl ? - Anam yanırdı.
Hərdən uzanırdı ana qolları,
Qollar uzandıqca yol uzanırdı.
Qəfil göy kişnəyir, dağ yarılırdı,
Qayalar kəsirdi yolları sanki.
Yollar bağlanırdı, qol qırılırdı,
Güllələr biçirdi qolları sanki.
Qəm yemə, ey sarvan, göydən od tökə,
Səhrada köç gedə, köçün çatmaya.
Dünyada ən böyük dərd budur, bəlkə,
Anan ölüb, gedə, gücün çatmaya.
Allaha yalvardım : ya Pərvərdigar,
Möhlət ver anama yurda dönüncə.
Adilsən, qadirsən, de, nə fərqi var,
Qoy yurdunda ölsün burda ölüncə.
Bir az din - imandan avara qaldım,
Verən belə verdi dərsimi, neynim.
Allaha yalvara - yalvara qaldım,
Allah eşitmədi səsimi neynim.
Ortada qat kəsən qardaş paltarı,
Qırx il qardaş deyib şivən qopardı.
Qismətdi, öləndə Bakıda barı
Qardaşa qovuşmaq imkanı vardı.
Anamı qınama "Vətən Vətəndir".
Bunu kişi bilir, naşı bilməyir.
"Vətən", "Vətən" deyib yüz il ötən də,
Bəlkə Vətən nədir yaxşı bilməyir.
Bəli, torpaq çəkdi, qardaş çəkmədi.
Dedi : bir abırlı yas tutarsınız.
Ölüm yaman yerdə məni təklədi,
Aparıb yurdumda basdırarsınız.
Ölür, Vətən deyir, yurd deyir anam,
Yurd düşmən əlində, Vətən dərddədir.
Bəlkə, haray çəkim: ay dad, ay aman,
Bu millət hardadır, bu xalq hardadır?!
Məni də aparar bu dərd nə vaxtsa,
Bu ahıl dünyada, nağıl dünyada.
Ana vəsiyyəti qarsılacaqsa,
Haqqı yox yaşaya oğul dünyada.
Tanrı, bu nə işdi, gedişdi, tanrı,
Hökmün nə tez belə dəyişdi, tanrı?
Tapdayıb, adlayıb cəsədlər üstdən
Kürsülər qapanı öldürməliykən,
Var - dövlət tapanı öldürməliykən,
Şuşanı satanı öldürməliykən,
Laçını satanı öldürməliykən,
Ağdamı satanı öldürməliykən,
Anamı öldürdün - əydin, əyildim,
Bəs sən adil idin, zalim deyildin?!
Soruşma halını gözü yaşlının,
Sevinc hamınındı, dərd çəkənindi.
Oğluna sığınan gözəl qaçqınım,
Məzara sığınıb uyuyur indi.
Sonuncu qaçqın da bu yer üzündə,
Doğma od - ocağa qayıtsa belə,
Qaçqın ürəyində, qaçqın gözündə,
Sərvlər göyərib boy atsa belə,
Mənim sərvlərim boy atmayacaq,
Mənim qaçqın anam qayıtmayacaq,
Mənim köçkün anam qayıtmayacaq,
Mənim küskün anam qayıtmayacaq.
*****