Translate

7 Mart 2017 Salı

TÜRKÇÜLÜYÜ VƏ AZƏRBAYCANÇILIĞI BİR-BİRİNƏ QARŞI QOYMAQ OLMAZ

AZƏRBAYCANÇILIQ  TÜRKÇÜLÜYÜN VƏTƏN ƏXLAQI MÜSTƏVİSİNDƏ DƏRKDİR.
3 Mart 2017 12:37


                                           Nizaməddin Şəmsizadə

Son günlər azərbaycançılıq və türkçülüklə bağlı təzadlı fikirlərə çox rast gəlinir. Sosial şəbəkələrdə bu mövzular ətrafında geniş müzakirələr aparılır. Bu müzakirələrə bir çox alimlər, ziyalılar, millət vəkilləri qatılsa da, bəzi suallar hələ də açıq qalır. Publika.az bu suallara cavab tapmaq üçün azərbaycançılıqla bağlı bir neçə kitabın müəllifi, filologiya elmləri doktoru, Bakı Dövlət Universitetinin professoru Nizaməddin Şəmsizadə ilə həmsöhbət olub :

“Ötən əsrin 90-cı illərində “türkün türkdən başqa dostu yoxdur” şüarı Azərbaycanda detonator rolunu oynadı”

- Azərbaycan cəmiyyətində türkçülük və azərbaycançılıq ideyaları bir çox hallarda bir-birinə əks mövqelər kimi təqdim olunur. Bu təqdimatla nə qədər razısınız?

- Çox sağ olun ki, bu mövzu ilə bağlı məndən müsahibə alırsınız. Bu, tamamilə yanlış fikirlərdir. Vaxtilə “Azərbaycançılıq” kitabını yazanda, müəllimim, mərhum türkçü akademik Tofiq Hacıyev mənə təəccüblə dedi ki, sən türk ruhlu adamsan, bəs niyə “Azərbaycançılıq” adlı kitab yazmısan? Bu məsələ ilə bağlı dəfələrlə müzakirələr aparılıb. Hesab edirəm ki, türkçülüyü və azərbaycançılığı bir-birinə qarşı qoymaq olmaz. Mən çox düşündüm ki, azərbaycançılıq nədir? Sonra kitabımın üzərində yazdım ki, azərbaycançılıq türkçülüyün Vətən əxlaqı müstəvisində dərkidir. Vətəni işğal altında olan xalq üçün vətənçilikdən böyük nə isə ola bilməz. Vətən əxlaqı isə mənim fikrim deyil, böyük türkçü Ziya Göyalpın sözləridir. Bu gün azərbaycançılıq türkçülüyə qarşı çıxmır. Amma ötən əsrin 90-cı illərində Azərbaycanda “türkün türkdən başqa dostu yoxdur” şüarı ortaya atılmışdı. Bu şüar Mustafa Kamal Atatürkün zamanında Türkiyə üçün özünü doğruldurdu. Amma Azərbaycanda doğrultmurdu. Çünki Mustafa Kamal Atatürk bunu xaricdən Türkiyəyə qarşı edilən müdaxilələrə qarşı söyləmişdi. Bizim cəmiyyət isə poletnik cəmiyyətdir. Azərbaycanda talış, tat, ləzgi, kürd və digər etnik qruplar var. Ona görə də “türkün türkdən başqa dostu yoxdur” şüarı Azərbaycanda ötən əsrin 90-cı illərində detonator rolunu oynadı.

Rəhmətlik Əbülfəz Elçibəy çox ağıllı və milli düşüncəli adam olsa da, bəzən ifrat millətçilik siyasəti yürüdürdü. Əbülfəz Elçibəy deyirdi ki, mən Çinə türk bayrağını sancacağam. Əbülfəz Elçibəy İrana qarşı da ifrat siyasət yürüdürdü. Bu isə doğru addımlar deyildi və ifrat millətçilik idi. Yaxşı düşünülməmiş siyasət hər zaman məğlubiyyət gətirir. “Mən kiməm” kitabımda da bütün bu dövrün hadisələrini yazmışam.
Bütün bunlara görə, hesab edirəm ki, azərbaycançılıq ideyası düzgün ideyadır, Azərbaycanda yaşayan bütün xalqların mənafeyini ifadə edir və əsla türkçülüyə qarşı deyil. Biz türkçülüyün azərbaycançılıq formatını qəbul etmişik. Onun üçün də dilimiz Azərbaycan dili oldu.
Digər tərəfdən isə bu məsələnin kökləri çox dərindir. Ötən əsrin əvvəllərində Məhəmməd Əmin Rəsulzadə də bu məsələ ilə üzləşmişdi. O zaman rus imperiyasının tərtib etdiyi xəritələrdə Azərbaycan sözü yox idi, ancaq Qafqaz sözü işlənirdi. Bu zaman Məhəmməd Əmin Rəsulzadə İranda Güney Azərbaycanlılarla bağlı silsilə məqalələr çap etdirdi və Azərbaycan anlamını gündəmə gətirdi. Əslində, azərbaycançılıq ideyasının müəllifi də məhz Məhəmməd Əmin Rəsulzadədir.
O deyirdi ki, Azərbaycan təkcə coğrafi ad deyil, həm də siyasi anlayışdır. O, azərbaycançılığa ideoloji anlayış olaraq baxırdı. Sonra Heydər Əliyev də bu istiqamətdə önəmli addımlar atdı. Heydər Əliyevin Dünya Azərbaycanlılarının Qurultayında “mən fəxr edirəm ki, azərbaycanlıyam” söyləməsi buna misal idi. Heydər Əliyev dəfələrlə çıxışlarında deyirdi ki, bizim əsas ideologiyamız azərbaycançılıqdır.

Fikrimcə, indi türkçülüklə azərbaycançılığı qarşı-qarşıya qoyanlar məkrli məqsədlər güdürlər. Türkçülük hər zaman əsas olmalıdır. Biz millət olaraq türkük. Hər bir cəmiyyətdə də nə qədər millətin yaşamasından asılı olmayaraq, aborigen xalq kimdirsə, o əsasdır. Mən yazılarımda da qeyd etmişəm ki, azərbaycançılıq türk əsilli Azərbaycan xalqının ideyasıdır. Yəni, xalqın kökü türkdür.

“Son strateji məqsədimiz “Turan imperiyası” ideyasıdır”


- Bəzi türkçülər azərbaycançılıq düşüncələrini turançılığın “kiçik modeli” kimi görürlər. Sizcə, bu sağlam düşüncədir?

- Bu da düzgün yanaşma deyil. Mən dedim ki, azərbaycançılıq türkçülüyə qarşı deyil, əksinə onu möhkəmləndirir. Bu, tarixin üzə çıxardığı təzahürdür. Türkçülüyün, millətçiliyin son hədəfi turançılıqdır. Yəni, prioriteti ora doğrudur. Hətta, ötən il Qazaxıstanda Turan şəhəri açıldı. O tədbirə məni də dəvət etmişdilər, ancaq gedə bilmədim.
Azərbaycanda turançılıq ideyası Əli bəy Hüseynzadədən bəri mövcuddur. Əslində, “Turan imperiyası” ideyası da mövcuddur. Bütün bunlar isə bizim son strateji məqsədimizdir.

“Multikulturalizm məsələsində ifratçılığa getmək olmaz”

- Bəzi ziyalılar və siyasətçilər azərbaycançılıq və türkçülük ideyaları ilə bağlı ayrı-seçkilik məsələlərini Azərbaycanın Türkiyənin təsir dairəsinə düşməməsi üçün səsləndirildiyini düşünürlər. Siz necə düşünürsünüz, bu, doğrudanmı belədir?

- Ümumilikdə götürsək, mən bu cür düşüncələri doğru hesab etmirəm. Türkçülük monolit və vahid konsepsiyadır. Türkçülük, hazırda dünyanın böyük hissəsini idarə edən ideologiyadır. Türkçülüyün dərin tarixi kökləri var. Bu, ədəbiyyata əsaslanır. Misal üçün, vaxtilə Türkiyə türkləri Osmanlı türkləri adlanırdı. Biz isə türk adlanırdıq. Bu barədə dəqiq tarixi faktlar var. 1920-ci illərə qədər Azərbaycan vətəndaşlarının sənədlərində türk deyə qeyd olunurdu. Ona görə də bu məsələdə təxribatlara uymaq olmaz.
İsrail hərbiçiləri 2010-cu ildə Türkiyənin “Mavi Mərmərə” gəmisinə hücum edən zaman “Türkə yiyə - Türkiyə” adlı məqalə yazdım. Həmin məqalə çox məşhurlaşdı. Mən orada yazmışdım ki, dünyanın imperialist dövlətləri, xüsusilə ABŞ və Rusiya hər zaman dünyaya ağalıq etmək iddiasında olublar. Həmin dövlətlər dünyada böyük güc və nüfuz sahibləridir. İndi Türkiyə də dünyada böyük güc və nüfuz qazanıb. Xristian dövlətləri isə Türkiyənin bu qədər güclənməsini qətiyyən istəmirlər. Ona görə də həmin imperiyalar Türkiyənin yaxınlığında, Yaxın və Orta Şərqdə müharibələr, münaqişələr törədirlər. Məqsəd Türkiyənin dünyada olan nüfuzunu aşağı salmaqdır. Mən isə məqaləmdə yazmışam ki, imperialist dövlətlər bir məqamı unudurlar. Bu gün Türkiyənin arxasında bütün türk dünyası, son məqsədi Turan olan xalqlar dayanır. Bu səbəbdən də Türkiyəni türkçülükdən ayırıb məhv etmək olmaz. Nə qədər ki, biz ümumtürk konteksindən kənar çıxış edəcəyik, o vaxta kimi də heç bir uğur qazana bilməyəcəyik. Bizim ən düzgün strategiyamız hər zaman ümumtürk konteksində çıxış etməkdir. Yəqin ki, yadınıza gəlir, 2014-cü ilin aprelində Praqada Avropa İttifaqının “Şərq tərəfdaşlığı” Proqramının 5 illiyinə həsr olunmuş sammitdəki çıxışı zamanı Prezident İlham Əliyev “Türkiyə yoxdur, ancaq mən burdayam” deyə Serj Sarkisyana tutarlı cavab vermişdi. Hesab edirəm ki, bütün türk respublikalarının başçıları bir-birini bu cür müdafiə etməlidirlər. Əks halda xristian güc dövlətləri bütün türk respublikalarını parçalayıb, məhv edəcək.
Bu yaxınlarda Cənubi Azərbaycandan olan soydaşımız İran parlamentində möhtəşəm çıxış edərək, sonda da Səməd Vurğunun “Azərbaycan” şeirini səsləndirib. Bilirsiz, türk xalqları indi oyanıblar. Vladimir Lenin əbəs yerə “Asiyanın oyanması” demirdi. Asiyanın oyanması hər zaman dünya güclərini qorxudub. Çünki Asiyada imperialist dövlətlərin böyük nüfuzu və gücü var. Onlar istəyir ki, indi də Asiyada öz güclərini qoruyub saxlasınlar. Baxın, bu gün Rusiyanın Orta Asiyaya nə qədər təsiri olsa da, ancaq onlara mane ola bilmir. Hər zaman xalqların durumunu onun tarixindən çıxış edərək qiymətləndirmək lazımdır.

Son zamanlar Azərbaycanda multikulturalizm dəyərləri geniş şəkildə təbliğ olunur və sairə. Bu çox yaxşı addımdır. Dünyada heç bir xalq başqa yerlərdə türklərin içərisində olduğu qədər rahat yaşamayıb. Türklər hər zaman xalqlara yaşamaları üçün imkan yaradıblar, onlara hörmət ediblər. Amma bu məsələdə də çox ifratçılığa yol vermək olmaz. Biz bunun mənfi nəticələrini tarixdə də yaşamışıq. Ötən sərin əvvəllərində ermənilərin bizə qarşı cinayətlərini tez unutduq, əsrin ortalarında erməniləri tərif edən “Qardaş olub Hayastan Azərbaycan” kimi şeirlər yazdıq. Amma nəticəsi necə oldu? Ermənilər yenə də bizə qarşı soyqırımlar törətdi, torpaqlarımızı işğal etdi. Ona görə multikulturalizm məsələsində də ifratçılığa getmək olmaz. Çünki tarix bizə bundan nəticələr çıxartmağı deyir.

“Qarışıq nikahlardan doğulan adamlar hər zaman yanlış düşünürlər”

- Bu yaxınlarda Araz və Zərdüşt Əlizadə qardaşları türklərə qarşı çox aşağılayıcı fikirlər səsləndirib. Buna münasibətiniz necədir?

- Hər bir şəxsin hərəkəti onun genindən, xislətindən gəlir. Dünyada ən mükəmməl şey gen, qan yaddaşıdır. Qanı və geni təmiz olan hər zaman təmiz olacaq. Ona xüsusi ideologiya lazım deyil. Hər bir xalqın öz ideologiyası var. Mənim azərbaycançılığım milli ideologiyadır.
Mən bayaq dedim ki, Azərbaycanda poletnik cəmiyyət mövcuddur. Eyni zamanda qarışıq nikahlardan doğulan adamlar hər zaman yanlış düşünürlər. Mən dəqiq deyə bilmərəm ki, Araz və Zərdüşt Əlizadə qardaşları da belədir. Çünki onları tanımıram. Ancaq onların türklərə və türkçülüyə qarşı fikirlərini çox yanlış hesab edirəm. Mən bu adamlar haqqında heç bir konkret fikir söyləmək də istəmirəm. Çünki xalq bu adamları yaxşı tanıyır. Gəlin, hamıya məlum olan sözləri deyib özümüzü hörmətdən salmayaq.

“Ərəb və farsların bizimlə qarışığı yoxdur”

- Azərbaycanlı həqiqətənmi farsla türkün qarışığından törəmədir? Yəni azərbaycanlı Səyavuşdur?

- Yox, bu da bir tarixi konfliktdir. Yəni, İran-Turan məsələsidir, əsrlər boyu davam edir. Bu məsələ Firdovsinin “Səyavuş və Südabə”, Hüseyn Cavidin “Səyavuş” əsərlərində də var. Biz heç kəsə qarşı deyilik. Biz də bunu qoruyub saxlamalıyıq. Amma müəyyən siyasi və ideoloji mövqelər də ola bilər. Mənə görə, şəxsiyyətin əsas mövqeyi onun millətinə məhəbbəti və hörməti ilə bağlıdır. Əvvəlcə millət, sonra digər xalqlar, sonra isə dövlət olmalıdır.

Bu cür yanaşmaları doğru hesab etmirəm. Misal üçün, Məhəmməd Peyğəmbərə Xəndək döyüşlərində hər zaman türklər kömək edib. Yəni, bizim əcdadlarımız. Ona görə də bizim ərəblər və ya farslarla qarışığımızın olması fikirləri düzgün deyil. Biz ərəblər və farslarla din məsələsində birik, yəni hər birimiz müsəlmanıq. Amma fars və ərəb ayrıdır. Onların bizimlə qarışığı yoxdur.

“Üçrəngli bayrağımızda ideoloji pozğunluq yoxdur”

- Sizə elə gəlmirmi ki, Azərbaycanın üçrəngli bayrağında əks olunan rənglər ideoloji uyğunsuzluq yaradır. Vahid ideologiyanı özündə əks etdirən bayrağa ehtiyac varmı?

- Yox, qətiyyən dəyişmək olmaz. Bayrağımız niyə ideoloji pozğunluq yaradır? O bayrağın üzərində əks olunan üç rəngin düsturunu Əli bəy Hüseynzadə verib. Bütün türk ideoloqları da Əli bəy Hüseynzadəni öz müəllimləri hesab edirlər. Abdulla Cövdət yazır ki, Əli bəy Hüseynzadə bir Rəsul idi. Onu türkçülüyün Peyğəmbəri sayırlar. Yəni, onun fikri necə uyğunsuz ola bilər ki?
Bilirsiz, elə müqəddəs şeylər var ki, onların üzərində eksperiment aparmaq olmaz. Vətən və millətin taleyinə bağlı olan məsələlərdə özfəaliyyət yolverilməzdir. Orada daşlaşmış prinsiplər var və onları ehkam da olsa, qoruyub saxlamaq lazımdır.
Üçrəngli bayrağımız görəsən, bu gün kimə və nəyə görə mane olur? Bizim üçrəngli bayrağımızda əks olunan rənglər ən modern düsturdur. Burada ideoloji pozğunluq yoxdur. Cəmiyyətin mənəvi tarazlığını qorumaq üçün hər zaman din lazım olub. Azərbaycan da İslam dinli ölkədir. Mən demirəm ki, ifrat dini dövlət olsun.
I Pyotr öz vəsiyyətnaməsində də yazıb ki, ruslar Şərqə hökmranlıq etmək istəyirsə, müsəlmanlar arasında sünni-şiə ədavətini qızışdırmalıdır. Hətta, vaxtilə Quba qazisi belə bir ayrı-seçkiliyin olmadığını bildirən kimi, Tiflis canişini ona “sən Rus İmperiyasının siyasətinə mane olursan” demişdi. O zaman Tiflisdə sünni və şiələr üçün ayrı-ayrı məktəblər açılmışdı. Həmin məktəblərdə bir-birinin əleyhinə çıxışlar olurdu. Ona görə də bu cür məsələlərə heç zaman yol vermək olmaz.

Dünyanın 94 faiz müsəlmanı sünnidir, cəmi 6 faizi şiədir. Çox təəssüf ki, bu gün şiəliyi qabartmaq tendensiyası mövcuddur. Əslində, şiəliyi Şah İsmayıl Xətai şişirtməyə başlayıb. Tarixdə inqilab yaratmaq üçün şiəlikdən iki lider istifadə edib. Bunlardan biri Şah İsmayıl Xətaidir, digəri isə Ruhullah Xomeynidir.
Doğrudur, Şah İsmayıl Xətainin Azərbaycan üçün xidmətləri danılmazdır. O, Azərbaycanın üçüncü böyük imperiyasını yaradıb, ana dilimizi dövlət dili edib. Amma eyni zamanda şiəliyi təbliğ edib, dövlət səviyyəsinə qaldırıb. Bunun da səbəbləri var idi. O, xristian dövlətlərin təsiri altında bunu edirdi. Çünki Şah İsmayıl Xətainin damarlarından xristian qanı axırdı. Şah İsmayılın nənəsi olan Uzun Həsənin arvadı Aləmşah bəyim Trabzon imperatoru Komnenoslardan IV İohannın qızı Dəspinə xatun idi. Dəspinə xatun yunan xristianı olub.

“Azərbaycan Atabəylər, Şirvanşahlar və Səfəvilər dövlətlərinin varisidir”

- Azərbaycan dövlətçilik və mədəniyyətçilik baxımından Albaniyanın, yoxsa Səfəvilərin varisidir?

- Azərbaycan hər ikisinin varisidir. Azərbaycanın dövlətçilik tarixində üç zirvə olub. Bunlar Atabəylər, Şirvanşahlar və Səfəvilər dövlətləridir. Bizim bundan böyük dövlətçiliyimiz olmayıb. Azərbaycan Atabəylər, Şirvanşahlar və Səfəvilər dövlətlərinin varisidir. Bizim ədəbiyyatımız da bu dövlətlərin təsiri ilə formalaşıb. Nizami Gəncəvi Atabəylərin, Xaqani Şirvani və İmadəddin Nəsimi Şirvanşahların yetirməsi, Məhəmməd Füzuli isə Səfəvilərin məğlubiyyətindən doğan kədərin şahidi idi.

“Azərbaycanda sünni-şiə məsələsini qabartmağa imkan verilməli deyil”

- Çaldıran döyüşü məsələsini bu gün yenidən gündəmə gətirməyə nə dərəcədə zərurət var?

- Yox, buna qəti zərurət yoxdur. Ümumiyyətlə, bu gün sünni-şiə məsələsini gündəmə gətirmək heç birimizə fayda verməz. Bu məsələni sakitcə öz axarına buraxmaq lazımdır. Bu məsələni heç bir lider və ya ideoloq həll edə bilməz. Bu, min illərin söhbətidir. Əslində, bu məsələ Səfəvilər imperiyası dövründə çox şişirdildi. Bunun da əsas səbəbi xristian Avropasının siyasəti ilə bağlı idi. Əmir Teymurun Osmanlı Sultanı İldırım Bəyazidin başını kəsməsinə səbəb də xristian dövlətləri oldu. O dövrdə bütün Avropa İldırım Bəyazidin qorxusundan əsirdi. Ona görə də fransız kralı IV Karl Əmir Teymura məktublar yazaraq, onu İldırım Bəyazidə qarşı döyüşməyə vadar etdi. Döyüş zamanı Əmir Teymur İldırım Bəyazidi məğlub etdi və başını kəsdi. Sonra Əmir Teymur səhvini başa düşüb, fikir çəkdi və Çinə gedən zaman öldü.

Bütün bunlara görə də Azərbaycanda sünni-şiə məsələsini qabartmağa imkan verilməli deyil. Bir zamanlar bir sıra qüvvələr tərəfindən bu məsələ süni şəkildə gündəmə gətirilirdi. Divarlara yazırdılar ki, "qılınclardan qan daman gün" və sairə. Ancaq Allahşükür Paşazadənin rəhbərliyi altında bu məsələ çox düzgün idarə olunur və bu cür təxribatlara imkan verilmir.
Hər bir xalqın içərisində təxribatçılar olduğu kimi, bizdə də mükafat alıb, anasını satanlar var. Bu cür insanların təxribatlarına uymaq lazım deyil.

“Çətinliyə düşəndə, Məhəmməd Füzulini, Mirzə Ələkbər Sabiri oxuyuram”

- Ədəbiyyat nə dərəcədə vətənpərvər olmalıdır?

- Ədəbiyyat millətin və vətənçiliyin ensiklopediyasıdır. Bədii sözdən güclü heç nə yoxdur. Aristotel “Poetika” əsərində yazır ki, ədəbiyyat və poeziya tarixdən daha ciddidir. Çünki tarix konkretdən bəhs edir, poeziya isə hər şeyin ümumisindən bəhs edir. Mən çətinliyə düşəndə, Məhəmməd Füzulini, Mirzə Ələkbər Sabiri oxuyuram.
Beş yüz ildən çox zaman keçib, ancaq Məhəmməd Füzulinin qəzəlindən bir hərf də dəyişilməyib. Ancaq bu dövr ərazində nə qədər şahlar gəlib dövlət qurub gediblər. Ona görə də bizim ən etibarlı və qiymətli sərvətimiz bədii ədəbiyyatdır. Mən klassik ədəbiyyatı daha çox nəzərdə tuturam. Sovet İttifaqı dövründə Azərbaycan ədəbiyyatı daha çox sosiologiyanın və ideologiyanın qurbanı olub.

“Gənc yazarlar Bəxtiyar Vahabzadəni, Məhəmməd Füzulini bəyənmirlər”

- Gənc ədəbiyyatçıların, yazarların fəaliyyətindən razısınızmı?

- Mən hərdən gənc yazarların diskussiyalarını və məqalələrini izləyirəm. İki səhifəlik bir məqalədə Azərbaycanın görkəmli adamları haqqında ağızlarına gələni yazırlar. Sonra da öyünə-öyünə deyirlər ki, misal üçün, mən Nizaməddin Şəmsizadəni tənqid etdim. Bununla da gündəmdə qalmaq istəyirlər. Gənc yazarlar Bəxtiyar Vahabzadəni, Məhəmməd Füzulini bəyənmirlər. Çox təəssüf ki, bu gün mən gənc yazarlarımızda yaxşı əsərlər görə bilmirəm.



Vasif Həsənli
Foto: Elçin Murad

Hiç yorum yok: