Translate

27 Temmuz 2016 Çarşamba

SƏRHƏDLƏRİN AÇILMASINDAN QARABAĞA GEDƏN YOL ? - TƏHLİL

Türkiyə Ermənistanla sərhədləri açmaq üçün   müzakirələrə başlamaq istəyir.



          Bu iddia ilə “Hürriyet” qəzetinin köşə yazarı Fatih Çekirgen çıxış edib.

Onun iddiasına görə, xarici işlər naziri Mövlud Çavuşoğlu iyunda Bakıya səfəri zamanı bu məsələ ilə bağlı Azərbaycan rəhbərliyinin “nəbzi”ni yoxlamağa çalışıb.

“Müsbət abu-hava  və daha irəli getmək üçün zəmin var”, - deyə o qeyd edib.

Lakin əlavə edib ki, Azərbaycanla danışıb Ermənistanla yeni normallaşma təqvimi müəyyənləşdirmək üçün müzakirələr aparılarkən, Türkiyə daxilində xainlər çevriliş cəhdi etdi.

***

Türkiyənin Ermənistanla sərhədləri açması iddiasının gündəmə gəlməsi regionda geosiyasi mənzərənin dəyişməsi fonunda müzakirələrə yol açır. Lakin hər şey Ankaranın Bakının nəbzini yoxlaması və prosesin başlaması qədər sadə deyil.

Qərb Türkiyəyə Ermənistanla sərhədləri açması və münasibətləri normalaşdırması üçün zaman-zaman təzyiqlər edib. Bu, Rusiyanın Cənubi Qafqazdan sıxışdırılıb çıxarılması üçün lazımlı idi. 2009-cu ildə Bakının sərt reaksiyasına rəğmən, “Surix” protokollarının imzalanması da bu siyasətin tərkib hissəsi idi. Lakin elə 7 il öncə Azərbaycanın sərgilədiyi mövqe, Türkiyə və Azərbaycan ictimaiyyətlərinin bu plana qarşı həmrəylik nümayiş etdirməsi oyunun pozulması ilə nəticələndi. Həmin vaxtdan etibarən Ankaranın “sərhədləri yalnız işğal olunmuş Qarabağ azad olunarsa, açaram” mövqeyi ön plana çıxdı. 

7 il öncədən günümüzə qədər Bakı və Ankaranı bir-birinə bağlayan bağlar daha çox sıxlaşıb və hər iki paytaxtda digərinin maraqlarının əksinə addım atacaq mövqe faktiki olaraq mövcud deyil. Buna paralel olaraq, regiondakı vəziyyət, Türkiyə ətrafında baş verən hazırkı proseslər də Ankaranın Bakının razılığı olmadan, yaxud onun maraqlarına zidd şəkildə buna gedəcəyi fikrini gündəmdən çıxarır. Deməli, sərhəd iddiasında həqiqət payı varsa, bu, Azərbaycanın ərazi bütövlüyünün və Türkiyənin bununla bağlı mövqeyinin təmin olunması fonunda mümkün ola bilər. 

Bu iddianın indi gündəmə gəlməsi isə bəzi ehtimalları ön plana çıxarır.


a) İddiada qeyd olunan “Çavuşoğlu iyunda Bakıya səfəri zamanı bu məsələ ilə bağlı Azərbaycan rəbərliyinin “nəbzi”ni yoxlamağa çalışıb. Müsbət abu-hava və daha irəli getmək üçün zəmin var” fikirləri Bakının bu məsələyə loyal yanaşdığı mənasına gəlir. Bakı sərhəd məsələsinə loyallıq nümayiş etdirirsə, deməli, ölkənin maraqlarının təmin olunası zəmanəti yaranıb. Əks təqdirdə bu, mümkün olmaz, hətta 7 il öncəkindən daha sərt reaksiya verilər.

b) Əslində Dağlıq Qarabağla bağlı Vyana və Sankt-Peterburq görüşündən sonra işğal altındakı ərazilərin qaytarılması və münasibətlərinin həll olunması istiqamətində ciddi danışıqların olduğu haqda məlumatların yayılması da bu iddia fonunda yada düşür. Hansı ki, planda ətraf rayonların qaytarılması, qaçqınların geri dönüşü və Qarabağın status məsələsinin həll edilməsi var. Hesab etmək olar ki, Ankara danışıqların detallarından xəbərdardır və münaqişənin həlli ilə bağlı böyük ümidlər var. Bu baxımdan, prosesə paralel olaraq, Ermənistanla sərhədlərin açılması işinə start verib.


c) Yaxud Türkiyə ilə sərhədlərin açılması, Ermənistanın blokadadan çıxması danışıqların tərkib hissəsi olub. Bakı işğal olunmuş ərazilərin qaytarılacağı təqdirdə buna etiraz etmir. Türkiyə Ermənistanla sərhədləri açaraq, iqtisadi cəhətdən yeni bazar qazanır, siyasi cəhətdən regionda mövqelərini gücləndirir. Qərb Ermənistanı Rusiyadan qoparmaq üçün bu siyasəti həmişə dəstəkləyib. Bəlkə də sərhəd məsələsini danışıqların tərkibinə qatılması təklifi Qərbin özündən gəlib. Bura qədər proses aydın görünür, lakin Rusiya faktoru ümumi mənzərəni müəyyən qədər qarışdırır.


d) Rusiya hərbi bazalarının olduğu, öz “vassallına” çevirdiyi Ermənistanı güzəştə getmək niyyətində deyil. Bura Moskvanın Qafqazda şəxsi qalası hesab oluna bilər. vaxtilə Türkiyə ilə sərhədlərin açılması prosesinə qoşulan, beləliklə, Rusiya maraqlarını zərbə altına salan İrəvan Kreml tərəfindən bu və ya digər formada cəzalandırılıb da. Lakin indi mənzərə bir qədər fərqlidir, xüsusilə Ankara-Moskva münasibətlərinin “geridönüş” mərhələsinə qədəm qoyması məsələyə fərqli baxış yaradır. 

- Rusiya Qarabağ münaqişəsinin həlli prosesində Türkiyəni yaxına buraxır. Rusiya XİN-in sözçüsü Mariya Zaxarovanın “Türkiyə təklifləri ilə münaqişənin həllinə töhfə verə bilər” deməsi də bu fikri gücləndirir.
- Türkiyənin “İrəvan həmləsi” Moskvanın razılığı ilə cərəyan edir.
- Proses Qarabağ münaqişəsinin həlli fonunda baş verir.
- Bakı ərazilərin işğaldan azad olunması şərti ilə prosesə müsbət yanaşır. 

Önə çıxan versiyalar bunlardır və nəticə etibarilə Türkiyə-Rusiya liderliyi ilə regionda stabillik əldə olunur, münaqişə həll edilir və Qərbin bura müdaxiləsinin qarşısı alınır. 

Burada iddianı irəli sürən Çekirgenin “Azərbaycanla danışıb Ermənistanla yeni normallaşma təqvimi müəyyənləşdirmək üçün müzakirələr aparılarkən, Türkiyə daxilində xainlərin çevriliş cəhdi etdi” sözləri diqqəti Türkiyədə dövlət çevrilişinə cəhddən bir gün sonra Ermənistanda başlanan qiyama yönəldir. Müəllifin bu sözləri daha çox “xainlər prosesin qarşısını aldı” mənasında qəbul oluna bilər. 

Qərbin FETÖ qruplaşmasının əli ilə Türkiyədə xaos yaratmaq, yaxud buna cəhd etmək addımı həm də Qarabağ münaqişəsində əlindən çıxan kartları Rusiyaya verməmək, başlanan prosesi tormozlamaq hədəfinə hesablanıb. Çekirgenin iddiasından ortaya çıxan ehtimallar belədir, lakin bunun nə qədər doğru iddia olduğunu demək də çətindir.


Asif Nərimanlı
PUBLİKA.AZ  &  VƏTƏNSEVƏRLƏR

Hiç yorum yok: