Translate

11 Mayıs 2016 Çarşamba

RƏSUL QULİYEV İCTİMAİ-SİYASİ ARENADA GƏRGİNLİK YARADIB

Eks-spikerə qarşı çıxanların sayı artır 
Tarix: 11-05-2016


Son günlər Qarabağ ətrafında baş verən hadisələr ictimai-siyasi arenada da ciddi müzakirələrə səbəb olub. Eks-spiker Rəsul Quliyev isə Qarabağ cəbhəsində baş verənləri dəyərləndirərkən fərqli fikirlər səsləndirib. O, aprelin əvvəlində baş verənləri Azərbaycan tərəfi üçün uğursuzluq kimi dəyərləndirib.

Eks-spikerin bu fikirləri ictimai-siyasi arenada etirazla qarşılanıb. Ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Üzeyir Cəfərov "Reytinq"ə deyib ki, Rəsul Quliyevin ordu ilə bağlı dedikləri qəbuledilməzdir.

Hərbi ekspert bildirib ki, indiki həssas məqamda, Qarabağda hər an başlaya biləcək Vətən savaşı öncəsi çox üzücü hallarla rastlaşanda susmaq yolverilməzdir və bəlkə də mənəviyyatsızlıqdır.

Ü.Cəfərovun sözlərinə görə, Amerikada mühacir həyatı yaşayan R.Quliyevin ötən ayın əvvəlində cəbhə xəttində baş verən hərbi əməliyyatlara bağlı səsləndirdiyi fikirlər təəccüb doğurur: "Görünən odur ki, hörmətli Rəsul müəllimin düşüncəsində Azərbaycan Silahlı Qüvvələri hələ də 90-cı illərin əvvəllərində gördüyü və təsəvvür etdiyi qüvvələr kimi qalıb. Belə olmasaydı, o, heç vaxt qeyri-ciddi fikirlər səsləndirməzdi. On illərdir okeanın o tərəfində oturub, Silahlı Qüvvələrimizin hazırki vəziyyətindən dərindən məlumatı olmaya-olmaya belə fikirlər səsləndirmək, ən azından öz əsgər və zabitinə sayğısızlıqdır.

Mən onu da yaxşı başa düşürəm ki, adətən rəqiblərinlə, elə iqtidarla siyasi mübarizə meydanında belə fikirlər, tənqidlər haradasa işlədilir. Amma, bədnam qonşularımız və onların məkrli havadarları ilə üz-üzə duran ordunun döyüş ruhuna azca da olsa təsir edə biləcək fikir səsləndirməyi düzgün saymıram və bunu böyük haqsızlıq hesab edirəm".

Hərbi ekspert qeyd edib ki, məsələnin siyasi tərəfinə əsla toxunmaq istəmir və bu işdə mənəvi amil son dərəcə önəmlidir: "Rəsul Quliyev deyir ki, "Azərbaycanda texnikanı idarə edəcək talantlı hərbçilər azdır". Onda sual olunur ki, bəs bu gün Silahlı Qüvvələrin minlərlə döyüş texnikasını - tankını, piyadaların döyüş maşınını, artileriya qurğularını idarə edən, ondan düşmən mövqelərinə atəş açan hərbçilər kimlərdir?

Bildiyim qədər, başqa millətdən və ya ölkədən bir nəfər də olsun hərbçi yoxdur bizim döyüş texnikamızın sükanı arxasında. Özü də onların hər biri maşallah olsun ki, onlara təhkim olunmuş döyüş texnikasının sirlərini mükəmməl bilir və istifadəsini də gözəl bacarır. Əgər hörmətli sabiq spiker bilmirsə ki, aprelin əvvəllərində Azərbaycan Ordusu düşmənə qarşı heç bir əməliyyat aparmayıb və sadəcə olaraq, düşmənin həmləsini dəf edib və bu zaman cüzi qüvvəsindən yararlanıb, onda Rəsul Quliyevin işlətdiyi fikirlərə çox təəssüflənirəm. İnşallah, yaxın günlərdə ordumuzun nəyə qadir olduğunu görəndən sonra mən çox istərdim ki, Rəsul müəllim öz fikirlərini bildirsin.

Silahlı Qüvvələrimiz cəngavər kimi hər bir silah-sursata malikdir və döyüş əzmi, ruhu da çox yüksəkdir. Mənim bildiyim və hiss etdiyim bir məqam var ki, bəzi keçmiş və hazırki siyasi-hərbi elitadan olan şəxslər sanki Azərbaycanın, Silahlı Qüvvələrin uğursuzluğunu elə bil arzulayırlarmış kimi görünürlər. Bu isə ən azından əxlaqsızlıq və mənaviyyatsızlıqdır".

Politoloq Zəlimxan Məmmədli isə deyib ki, Rəsul Quliyev Azərbaycan siyasi tarixində özünəməxsus rolu olan, mürəkkəb oyunlarda iştirak etmiş, parlamentin sədri kimi mühüm vəzifə daşımış bir şəxsdir. Onun sözlərinə görə, 1993-cü ildəki hərbi qiyamda və hakimiyyətin ötürülməsində R.Quliyevin özünəməxsus rolu olub:

"O, etiraf edir ki, dəqiq imnformasiyası yoxdur. Bu olmadığı halda obyektiv təhlil imkanları da mümkün deyil. Odur ki, subyektivliklərlə zəngin yanaşmadır.

2 apreldən başlayan prosesi Azərbaycan xalqının, Milli Ordumuzun, siyasi sistemimizin - anormallıqlarla zəngin olmasına baxmayaraq - uğuru kimi dəyərləndirirəm. Sonrakı dönəmdə isə zəif diplomatiyamızın hərbi uğuru siyasi uğura çevirə bilmədiyini müşahidə edirəm.

Son 200 illik tarixdən dərs almalıyıq. Almasaq, yenidən millətin qaymaqlarının "dənlənilməsi”nə qədər mənfiliklər yaşaya bilərik. Mövcud Azərbaycan hakimiyyəti zahirən monolit görünsə də, siyasi idarəçilikdə müxtəlif təmayüllər sezilir. Rusiyanın "dirijor çubuğu" ilə idarə olunan təfəkkürün də siyasi qərarlar vermək imkanlarının mövcudluğu dövrü mətbuatda zaman-zaman ciddiliyi ilə arqumentləşdirilib. İndi də, şübhəsiz ki, bolşevik təfəkkürü başqa bir adda və qiyafədə fəaliyyətdədir. Yəqin ki, əliyehdərlər də, nərimanovlar da yetişdirilir. Bu, tarixdə gördüyümüz acı reallıqlardır. Hansı ki, bu oyunlarla Azərbaycan əraziləri əvvəl Güney və Quzeyə bölünüb, Şimali Azərbaycan ərazisinin əhəmiyyətli hissəsi işğaldadır. Ərazilərimiz 86 min kv km-ə qədər kiçildilmişdir. Güneyli-quzeyli milyona qədər millət fədailəri məhv edilmişdir. Bu gün zaman və insanlar, o cümlədən şərtlər, fikrimcə, Azərbaycanın xeyrinə dəyişməkdədir. Bu şans düzgün dəyərləndirilməlidir".

Z.Məmmədli hesab edir ki, biz mübarizəyə, müharibəyə hazır olmasaq, bu və ya digər psixoloji diversiyaların təsirinə düşsək, mütləq uduzacağıq. "Biz əminik ki, güclü ordumuz, güclü müttəfiqlərimiz, ruhlu xalqımız var. Bu vəhdət 100 ildə nadir hallarda olur. Bu gün bu birlik və psixoloji üstünlük pik həddindədir. İndi tərəddüdlərə aludə olsaq, bu vəhdəti zədələyə və uduza bilərik. Uduzmaq haqqımız isə yoxdur.

Rusiya demokratikləşmədikcə qan qoxuyur. 20 yanvar, Xocalı soyqırımları, erməninin himayədarı olmağı əsas verir ki, Azərbaycan öz düşməninin adını uca səslə söyləsin və dünyanın əhəmiyyətli hissəsinin dəstəyini qazanaraq müstəqilliyinin geriyədönməzliyini təmin etsin", - deyə müsahibimiz fikrini tamamlayıb.

ADP sədrinin müavini Taliyyət Əliyev isə məsələyə fərdi prizmadan yanaşmayıb. O, hesab edir ki, Azərbaycan Ordusunun gücünə kölgə salan və Azərbaycanın rus-erməni birliyi qarşısında aciz durumda olduğu barədə təbliğat aparanlara qarşı sərt mövqe ifadə edib. Onun sözlərinə görə, bu, düşmənlərimizin bizə qarşı apardığı ideoloji müharibənin tərkib hissəsidir və həmin şəxslər də həmin ideoloji müharibənin alətləridir: "Onlara qarşı da çox sərt şəkildə mübarizə aparılmalıdır. Hesab edirəm ki, bu, son aprel döyüşlərindən sonra cəmiyyətimiz tərəfindən nümayiş olunan yüksək vətənpərvərlik və döyüş əhval-ruhiyyəsindən qaynaqlanır. Görünür düşmənlərimiz bizim döyüş ruhumuzdan qorxuya düşüblər. Çünki müharibədə əsas döyüş ruhudur. Düşmənlərimiz bizim döyüş əhval-ruhiyyəmizi sındırmaq üçün artıq bu cür ideoloji müharibəyə əl atır. Necə ki, zaman-zaman belə olub. Qarabağ döyüşlərinin iştirakçısı kimi deyə bilərəm ki, bu cür medotlardan 92-ci illərdə də düşmənlərimiz istifadə edirdi. O zaman da əsgərlərimizin döyüş əhval-ruhiyyəsini aşağı salmaq üçün "qabağa getmə, özümüzünkülər səni arxadan vuracaq",- deyə söz-söhbət gəzirdi. Bu, əslində düşmənin bizim içimizdə apardığı ideoloji müharibə idi. Bu, dünya praktikasında sınaqdan çıxarılmış bir üsuldur. Bir millətə və dövlətə güc yolu ilə qalib gələ bilməyənlər, ona qarşı ideoloji müharibə aparır, bəzən bu müharibədə də istədiklərinə nail olurlar. Ona görə də cəmiyyətdə bu cür təbliğat aparanlara qarşı qanuna müvafiq qaydada çox sərt tədbirlər görülməlidir.

İkincisi, Azərbaycan rus-erməni birliyi qarşısında artıq tək deyil, Türk və İslam dünyası ayılıb. Son hadisələrdə Türkiyənin, Pakistanın, İranın mövqeləri də buna sübutdur. Əksər İslam dövlətləri bu münaqişədə Azərbaycanın yanındadır. Bu gün dini şəxsiyyətlərdən biri "Cihad Qarabağdadır!" deyə fətva versə, bir Çeçenistanla bacarmayan Rusiya onda neyləyəcək? Yəqin ki, Rusiya da bunun fərqindədir. Ermənilərin axmaq fikirlərinə görə bütün İslam dünyası ilə üz-üzə gəlməz. Onda Rusiya bir dövlət olaraq tarix səhnəsindən silinər".

ADP yetkilisi onu da nəzərə çatdırıb ki, Dağlıq Qarabağ və ətraf rayonlar təkcə erməni qüvvələri tərəfindən deyil, rus-erməni hərbi birləşmələri tərəfindən işğal olunub. Onun fikrincə, bu problemin bu günə qədər həll olunmasının qarşısında duran əsas maneə Rusiyadır: "Bunu açıq şəkildə deməliyik. Rusiya postsovet məkanında özünün imperiya maraqlarını həyata keçirmək üçün bu cür iyrənc metodlardan istifadə edib və edir. Bu gün biz bu iyrənc siyasəti təkcə Azərbaycanda deyil, o cümlədən Gürcüstanda, Moldovada və son olaraq Ukraynada Rusiyanın separatçı və işğalçılıq hərəkətlərində görürük. Lakin, bu heç də o demək deyil ki, bizim qarşımızda Rusiya var deyə, əl-qolumuzu sallayıb oturmalıyıq. Azərbaycanımızın ərazi bötövlüyü və suverenliyi uğrunda savaş bir an belə dayanmamalıdır. Dağlıq Qarabağ məsələsində haqq-ədalət Azərbaycan tərəfdədir. Bu baxımdan, bu problem gec, ya tez Azərbaycanın xeyrinə həll olunmalıdır və hesab edirəm ki, olunacaq. Artıq dünyada baş verənlər bir daha sübut edir ki, mövcud münaqişələr ədalətli şəkildə həll olunmadıqca, bu münaqişələrdən hamı əziyyət çəkəcək. Sülh yolu ilə alınmasa da, Azərbaycan öz torpaqlarını işğaldan azad etmək hüququnu daim özündə saxlayır və sön döyüşlər də göstərdi ki, kənar müdaxilə olmasa Azərbaycan qısa müddətdə işğalda olan torpaqlarını azad etmək iqtidarında olan orduya malikdir".

Keçmiş döyüşçü Vaqif Əlisoy da təslimçi ruhu aşılayanlara qarşı çıxır. V.Əlisoy bildirib ki, son günlər bəzi qüvvələr millətə nəyisə qəbul etdirmək istiqamətində hazırlığa start verib: "Aprel döyüşləri başlayandan Rusiyanın dövlət telekanalları da daxil olmaqla, bütün kanalları Azərbaycanı və Türkiyəni hədəfə aldı. Ancaq nə iqtidarımızdan, nə müxalifətimizdən, nə də Qarabağ adı ilə pul basıb yeyən QHT-lərdən, özünü millətin ziyalı kəsimi hesab edən alim, şair və yazıçılardan səs çıxmadı.

Bu milləti rusla qorxudurlar. Deməyə məcburam ki, Əfqanıstanda döyüş yolu keçmiş və sonralar münaqişə zəminində Qubadlıda yerləşmış Sovet ordusunun xüsusi təyinatlılarını bir itki vermədən tərksilah etmişik. Rusu elə təqdim edirlər ki, sanki ölməz Kaşşeydir. Vaxtiylə Sovet ordusunda qulluq edənlər təsdiqləyər ki, hər hansı bir hərbi hissədə 15-20 qafqazlı olanda bütün hərbi hissə onların nəzarətində olardı. Bir də rus hansı haqla bizim işimizə müdaxilə edə bilər? Biz ki, onun müttəfiqi Ermənistana hücum etmirik? Biz Rusiya və Ermənistanın da altından imza atdığı, BMT-yə üzv olan ölkələrin də tanıdığı ərazilərimizi bərpa etmək istəyirik. Bu da bizim haqqımızdır. Rusiyaya demək lazımdır ki, Çeçenistanda bu qədər vəhşilik törətdin, sənə irad tutulanda "Ərazimdə antiterror əməliyyatı aparıram",- dedin. Sənə olar, mənə olmaz?

20 yanvar və Xocalını onlara xatırlatmaq və beynəlxalq məhkəməyə müraciət etmək lazımdır. Bu gün də həmin canilər Rusiyada sərbəst yaşayırlar. Çox təəssüf ki, hələ də rusbaşlarımız ölkəmizdə meydan sulayır. Ə.Qarayevlərin, Ç.İldırımların nəvələri, əslində, kökündə erməni qarışığı olanlar vəzifə kürsüsündədir. Bunlar hər an 1920 və 1990-ı təkrarlaya bilərlər. Amma çox ağır zərbə alacaqlar".

Sonda müsahibimiz deyib ki, aprel döyüşləri bu millətin, bu ordunun nəyə qadir olduğunu göstərdi: "Şükür Allaha ki bu gün ordumuzda rus kafalı zabitlərin sayı azdır. Türkiyədə təhsil almış milliyyətçi zabit kadrlarımız var. Şükür ki, ordumuzda Qarabağ şəhidinin, əlilinin və veteranının balaları zabit və əsgər kimi qulluq edirlər. Şükür ki, yaşı imkan verən kifayət qədər keçmiş döyüşçü qazi və şəhid olmağa hazırdır.

Sonda həmin qüvvələrə bir daha bildirirəm, son döyüş göstərdi ki, bu millət hər şeyə görə hökumətinə güzəşətə gedə bilər, amma torpaq və Qarabağ məsələsində heç kəsə güzəştə getməyəcək. Bunu həmin günlər meydana və şəhidlərin dəfninə axışan Azərbaycan Xalqı bir daha sübut etdi".


REYTİNG.AZ  & VƏTƏNSEVƏRLƏR

Hiç yorum yok: