Translate

7 Mayıs 2016 Cumartesi

" AZƏRBAYCANDA ANTİTÜRK TƏBLİĞATI İLDƏN - İLƏ ARTIR. NƏDƏN? "...

“Atatürkün Leninə yazdığı məktub Azərbaycanın işğalından bir ay sonra Moskvaya çatmışdı”



Türkiyənin Azərbaycandakı səfirliyinin keçmiş mətbuat müşaviri, Azərbaycanda kifayət qədər yaxşı tanınan Turqut Ər son illərdə Azərbaycanda antitürk təbliğatının getməsindən narahatdır. Sabiq diplomatın fikrincə, bu tendensiya ildən-ilə artır və bəzi insanlar bilərəkdən, bir çoxu isə bilmədən Türkiyə əleyhinə təbliğatda iştirakçıolur. 

Turqut bəyi ən çox narahat edən isə Azərbaycanda milliyyətçi kəsimin bu olaylara susqun qalması və bəzi hallarda hətta belə təbliğatın təsiri altına düşməsidir. Ankarada görüşüb söhbət etdiyimiz Turqut bəy  son olaraq 28 aprel hadisələri ilə bağlı rastlaşdığı təhriflərdən narahatlığını bildirdi. 

Onun sözlərinə görə, xüsusən də bir neçə tezis var ki, Azərbaycanda Türkiyə, Atatürk əleyhinə təbliğat vasitəsinə çevrilib: “Birincisi, bir müddətdir təbliğat gedir ki, Atatürk Azərbaycanı Leninə satıb. İkincisi, guya ruslar Atatürkə pul verib, istiqlal müharibəsinə maliyyə dəstəyi edib, bunun qarşılığında da Atatürk Qırmızı Ordunun Azərbaycanı işğal etməsinə göz yumub. Daha bir yalan bundan ibarətdir ki, Atatürk Xəlil Paşaya tapşırıq verib ki, Qırmızı Ordunun Azərbaycandan keçib Anadoluya gəlməsini təmin etsin. Ən son olaraq 3-4 gün öncə Azərbaycanda buna daha bir böhtan da əlavə etdilər. ANS telekanalında Ləman Ələşrəfqızının aparıcısı olduğu proqramda bildirdilər ki, guya Tələt Paşa deyib ki, biz Azərbaycan Respublikasını yıxmaqla yaxşı iş görmədik”. 

T.Ər deyir ki, bu mövzular zaman-zaman hansısa səbəbdən və kimin layihəsidirsə Azərbaycanda gündəmə gətirilir: “Bu böhtanların, yalanların Azərbaycan türkü tərəfindən və Qafqazdakı vətənpərvər insanların beyninə yeritməyə çalışırlar. Mənim qənaətimə görə, bunu hər il gündəmə gətirənlər hal-hazırdakı Azərbaycanda və Qafqazdakı kommunizmi hələ də beynindən, ürəyindən, qanından təmizləməmiş olanlardır, Türkiyə ilə Azərbaycanın qurduğu və daha da inkişaf edəcək güclü birliyi zərbə vurmaq istəyənlər, fars-əcəm provokatorları, ideoloqları,Putinə xidmət edən, manqurt qapı qullarıdır”.
Sabiq mətbuat müşaviri  ortaya atılan bu kimi iddiaların heç birinin həqiqəti əks etdirmdəyini, dəfələrlə təkzib olunsa da, yenə bilərəkdən gündəmə gətirildiyini söyləyir: “İllərdir Türkiyənin tarixçiləri, diplomatları, dövlət adamları tarixi sənədləri açıqlamalarına, gerçəkləri ortaya qoymalarına baxmayaraq, yenə də yuxarıda söylədiyimiz kəsimlərin bu böhran və iftiralarının qarşısını almaq mümkün deyil. Bunun səbəbi isə Azərbaycandakı ayıq vətənpərvər tarixçilərin, dövlət adamlarının, yazarların, media nümayəndələrinin bu məsələ gündəmə gəldiyində etiraz etməməsi, doğruları söyləməmələridir”. 

“Məni yandıran rus yanlılar deyil, milliyyətçi kəsimdən olan insanların bu yanlışları təkrar etməsidir”

“Ən son olaraq yuxarıda qeyd etdiyim ANS telekanalındakı proqramda iki tarixçi olduğu iddia olunan insanın danışıqları, tamamilə tarixə, həqiqətlərə, Azərbaycan və Türkiyə arasındakı qardaşlıq və dostluğa zidd böhtanlardan ibarətdir” – T.Ər bildirdi. Amma sabiq diplomata ən çox təsir edən bu iddiaların milliyyətçi kəsim tərəfindən də müdafiə olunmasıdır: “Bunu niyə etdiklərini də anlamaqda çətinlik çəkirəm. Hələ o tarixçilərdən birinin 1918-ci ildə qurulan ilk Türk Cümhuriyyətinin əsasını qoymuş, vətənpərvərliyi və milliyyətçiliyinə inandığım Müsavat Partiyasının rəhbərliyində təmsil olunan, özünü də Azərbaycanda çalışdığım vaxtlarda milliyyətçi olaraq tanıdığım Nəsiman Yaqublunun olması lap təəccüblüdür. Digər iştirakçı, tarixçi olduğu söylənən Solmaz Tohidi adlı xanıməfəndi mövzunu izah edərkən çoxlu sayda qeyri-dəqiqliklərə yol verdi”.

Turqut Ərin fikrincə, sözügedən televiziya verilişində Tələt Paşanın ittiham olunması reallıqdan uzaqdır: “Çünki 1925-ci ildə Tələt Paşa həyatda deyildi, erməni terroru nəticəsində şəhid olmuşdu. Nəsiman Yaqublu deyir ki, 1925-26-cı illərdə İstiqlal Məhkəmələrində Xəlil Paşanındostu Tələt Paşa deyib ki, “biz Azərbaycan Cümhuriyyətini yıxmaqla doğru hərəkət etmədik, buna görə peşmanam”. Digər yerdə deyir ki, 11-ci Qırmızı Ordu Azərbaycana gələrkən ordunun başında bir türk zabiti vardı. İndi mən ondan soruşuram: Ay Nəsiman bəy, sən tarixçi, milliyyətçi olduğunu iddia edirsən, Azərbaycan Türk Cümhuriyyətini quran partiyanın üzvüsən. Heçmi tarix oxumursan, sənədlərə baxmırsan, duyduqlarınıdəqiqləşdirib, sənədləri axtarmırsan? Tələt Paşa Osmanlı İmperatorluğunun daxili işlər naziri olmuş, baş naziri olmuş fövqəladə güclü, dürüst, vətənpərvər, böyük bir dövlət adamı idi. İttihad və Tərəqqinin baş katibi idi. Tələt Paşa hazırda dünyada böhtan və qarayaxmalardan ibarət olan “Türklər erməniləri soyqırımı etdi” iddialarında əsas ittiham olunan şəxsı, “erməni köçürülməsi” qərarını imzalayan dövlət adamıdır. 100 ildir ki, ermənilər Tələt Paşanı əsas hədəfləri olaraq göstərirlər. Ona görə də Tələt Paşanı və o zaman Osmanlı liderləri olan Ənvər Paşanı, Camal Paşanı ermənilər şəhid ediblər. Osmanlının bu son dövlət adamlarının üçü də 1 noyabr 1918-ci ildə ölkəni tərk ediblər. Tələt Paşa Berlinə, Ənvər və Camal Paşa Moskvaya getdilər. Tələt Paşa 15 mart 1921-ci ildə Berlində Hardenber küçəsində erməni terrorçu Tehliryan tərəfindən şəhid edildi. Camal Paşa da yenə 21 iyul 1922-ci ildə Tiflisdə Karakin Lalayan və SerqoVartanyan adlı ermənilər tərəfindən şəhid edildi. Ənvər Paşa 4 avqust 1922-ci ildə Qurban bayramının sabahı DüsənbəBelcivanda erməni AqobMelikyanın komandanlığı altında olan Qırmızı Ordu qüvvələrinə qarşı savaşda şəhid oldu”.

Müsahibimiz daha sonra İstiqlal məhkəmələrinə toxundu: “Türkiyədə ilk İstiqlal məhkəmələri 18 sentyabr 1920-ci ildə qurulub. Daha sonrakılar 17 fevral 1921, 30 iyul 1921-ci il tarixlərində olub. Bu məhkəmələr 1923-cü ilə qədər hər hansı böyük məhkəmə prosesi aparmayıb. Yalnız daxili üsyanlar, əsgər fərariliyi kimi məsələlərlə bağlı çalışıb. 1921-ci ildə şəhid olan Sədrəzəm Tələt Paşanın 1925-26-cı illərdə olan İstiqlal Məhkəmələri prosesində necə ifadə verə bilər? Belə bir yalanı Nəsiman Yaqubluya kim söyləyib? Deyir ki, bunlar “Hakimiyyəti Milliyyə” qəzetində var, orda Cümhuriyyətin yıxılması ilə bağlı çox sənədlər var. İllərdir Türkiyənin istiqlal müharibəsinə, istər bu savaşı aparan, o zəfərləri qazanıb Türkiyə Cümhuriyyətini quran başda Qazi Mustafa Kamal Paşa olmaqla digər komandanlara Azərbaycandakı xainlər tərəfindən bir çox böhtanlar atılır. Nəsiman bəy ayrıca Qırmızı Ordu Azərbaycana girəndə başında bir türk zabiti vardı deyir. Adını da söyləmir. Bu da indiyə qədər edilməmiş bir böhtandır. Professor Solmaz xanım isə “Atatürk Qırmızı Ordunun Azərbaycana gəlməsinə razı olub” deyir. Bundan başqa Məhəmməd Əmin Rəsulzadənin Xəlil Paşaya “Qırmızı Ordunu bura gətirməyin, bunlar bizə də sizə də yaxşı olmayacaq” dediyini iddia edir”. 

“Onların arasında milliyyətçi olaraq tanıdığım Nəsiman Yaqublununda olması lap təəccüblüdür”

Sözügedən verilişdə 11-ci Qırmızı Ordunun Azərbaycanı işğal etməsi hadisəsinin yanlış təqdim edildiyini qeyd edən T.Ərin sözlərinə görə, qonaqlar bilərəkdən tarixi faktları təhrif etdilər. Tarixi mənbələrdə Azərbaycan Cümhuriyyəti Parlamentindəki son toplantının stenoqramlarının mövcud olduğunu xatırladan T.Ərə görə, hər şey açıq aydın olub: “O zaman parlamentdə “Əhrar”, İttihad və Müsavat Partiyası kimi partiyalar vardı. Bunların içərisində çoxluğu Moskvaya bağlı olanlar təşkil edirdi, başlarında Nəriman Nərimanov, Məhəmmədhəsən Hacinski, Əliheydər Qarayev kimiləri vardı. Bunlar Rusiyanın ultimatumunu parlamentdə oxutdular. Hacınski bu ultimatumu oxudu, Bakı xalqı parlamentə axın etdi. Məhəmmədəmin Rəsulzadə buna qarşı çıxsa da, onu dinləyən olmadı. Səsə qoydular, çoxluq qəbul etdi. Nəticədə şimalda gözləyən 11-ci ordu Azərbaycanı işğal etdi”.

Bolşevik işğalı ilə bağlı daha bir geniş yayılmış yalan isə Atatürkün Azərbaycanı satması iddiasıdır. Sabiq diplomat bu barədə faktların bilərəkdən təhrif edildiyini deyir: “Atatürkə edilən böhtanın əsası Leninə26 aprel 1920-ci ildə yazdığı məktubdur. Bu məktub 90 ildir yuxarıda bəhs etdiyim pis niyyətli, savadsız insanların Azərbaycan və Türkiyə arasındakı dostluq və qardaşlığın güclənməsinə qarşı istifadə etdiyi əsas vasitəyə çevrilib. Bu məktub 26 aprel 1920-cı ildə yazılsa da, 1 iyun 1920-ci ildə çatıb. O məktub Moskvaya çatanda artıq 1 ay idi ki, Bakı – Azərbaycan işğal olunmuşdu. Məktubun cavabı isə ancaq 15 iyun 1920-ci ildə Ankaraya yetişib. Məktubda Qafqazı əhatə edən bölüm belədir: “Bolşevik qüvvələri Gürcüstana hücum edib oradakı siyasəti, göstərəcəyi təsir və nüfuzla Gürcüstanın da bolşevik ittifaqına daxil olmasını və içəridəki ingilis qüvvələrin çıxarılmasınıtəmin edərsə, Türkiyə hökuməti də imperialist erməni hökumətinə hərbi müdaxilənin icrasını üzərinə götürər”. 

Məktubda Qafqaz haqqında bu qədər bəhs olunur. Bu məktub nə üçün yazılıb? Anadoluda istiqlal müharibəsi davam edir, ingilislər, italyanlar, fransızlar, yunanlar Anadolunu işğal etmişdilər. Şərqdə ermənilər ruslara güvənərək Türkiyənin bir sıra ərazilərini işğal ediblər və istiqlal hərbinin uğur qazanması üçün türk milləti əlində olan hər cür imkanlarını səfərbər edib. Bu arada Mustafa Kamal Paşa ruslarla dost münasibətləri quraraq şərq cəbhəsini təminat altına alıb, bütün gücünü qərb cəbhəsindəki savaşa çevirib”.

Və nəhayət, ən geniş yayılmış iddialardan biri də sovet hakimiyyətinin Atatürkə pul yardımı etməsidir. Geniş yayılmış iddiaya görə, ruslar Azərbaycanın işğalına göz yumması qarşılığında Atatürkə yardım edib. Turqut Ər deyir ki, bu iddianın da heç bir əsası yoxdur, iddia olunan pulu isə ruslar deyil, Buxara Respublikası verib, onun da böyük hissəsini ruslar mənimsəyib: “Zaman-zaman da Atatürkə böyük pul yardımı edildiyi söyləyirlər. Əslində isə bu puluBuxara Respublikası baş katibi Osman Xoca Moskvada Türkiyə Cümhuriyyətinin xarici işlər naziri, Mustafa Kamalın təmsilçisi olan Yusuf Kamal Tengirşenglə görüşüb və ona Buxarada xalq tərəfindən Türkiyəyə yardım üçün 100 milyon qızıl rubl topladıqlarını deyib. 3 ay sonra Yusuf Kamal Tengirşeknövbəti dəfə Moskvaya getdikdə Buxara Respublikası baş katibi Osman Xoca 100 milyon pulu Rusiya xarici işlər naziri Çiçerinətəhvil verib, Çiçerin isə bunun 5 milyon rublunu Yusuf Kamal bəyə verib, yerdə qalan 95 milyonu kommunist hökuməti mənimsəyib. Bu faktı həm Yusuf Kamal Tengirşek öz xatirələrində yazır, həm də Qırmızı Ordunun Buxara Respublikasını işğal etdiyi zaman qaçıb Türkiyəyə sığınan Buxara Respublikası baş katibi də xatirələrində yazıb. 

Bütün bunları niyə anlatdım? Yuxarıda da dediyim kimi, Azərbaycanda zaman-zaman bu gerçəklər fərqli insanlar tərəfindən, bilən və ya bilməyən, məqsədli və ya məlumatsız olanlar tərəfindən gündəmə gətirilərək Türkiyəyə, Mustafa Kamal Paşaya və dostlarına böhtanlar atılır. Nə Azərbaycanın dövləti, nə də oradakı vətənpərvər, milliyyətçi insanlar həqiqətləri söyləyərək bu təhrifləricavablandırmır.Açığı bir neçə gün gözlədim ki, bizim oradakı Türkiyə Cümhuriyyəti səfirliyi ANS-də verilən bu proqrama cavab versin, həqiqətləri bir daha Azərbaycan ictimaiyyətinə anlatsın.

Təəssüf ki, bu da olmadı. Türkiyə səfirliyinin keçmiş işçisi olaraq bu səssizliyə çox üzüldüm. İllərdir bu iftiralar davam edir. Biz də açıqlama verir, həqiqətləri ortaya qoymağa çalışırıq. Amma dayanmır. Məni yandıran rus yanlıları deyil, milliyyətçi kəsimdən olan insanların bu yanlışları təkrar etməsidir”.


MUSAVAT.COM & VƏTƏNSEVƏRLƏR

Hiç yorum yok: