Translate

16 Ekim 2021 Cumartesi

ŞAMİLİN HƏDİYYƏSİ


Hikmət İslamoğlu (Əliyev)

Sizə kimdən xəbər verim? Şamildən. Kafirləri Qafqaza ayaq basmağa aman verməyən Şamildən danışmıram. Söhbət yeniyetmə çağı gördüyüm ütük fərasətli Şamildən gedir. 

Şamilin dünəndən evinə alıb gətirdiyi kərə yağı bir  çətən külfətin illik azuqəsinə də  bəs edərdi. Onun  bu qədər yağ almağını bəlkə də qonum-qonşusu da  qınamazdı. Axı kərə yağı o vaxt qəhətə çəkilmişdi. Dünən axşam çağı aldığı kərə yağını arvadı Toma (əsl adı tünzalə idi) deyəsən, tez-bazar əritmişdi. Şamil dəmir  darvazanı itələyib həyətə keçəndə ayaq saxlayıb təzəcə yaşıl dona, örpəyə bürünmüş ərik ağacının, sanki çətir açmış qol-budağının altından mətbəxin pəncərəsinə tərəf  boğazını  uzadıb boylanaraq yağın ətrafı bürümüş ətrini qoxudu...

Günorta gözünün acısını alıb mətbəxə girər-girməz qəflətən tappıltı səsinə diksindi. Bu, özünü su qarışıq  yağlı tiyanın içinə çırpan bülbül idi. Hansısa yırtıcı bir quşun caynağından qurtulub, nazik dəmir barmaqlı məhəccərin arasından zorla keçərək canını güc-bəlaynan xilas edə bilmişdi. Şamil bir an xatirəyə daldı. Gör ey! Meşədə, çəməndə, bulaq başında görə bilmədiyi bülbülü indicə tiyanın içində üzbəsurət halda tortaya düşmüş halda gördü. Şamil bülbülü əlinə aldı və həyəcanla  Tomanı səslədi:

-Ay Toma, bir bura gəl!..

Şamil arvadını ev dustağı etsə də, Toma elə də bədbəxt görünmürdü. Bəlkə də  bunun bir sirri-səbəbi arvadını daş-qaşla, qızılla təmin etməsi idi. Ev-eşiyində hər cürə  şəraiti, xalısı-xalçası, gəbəsi, necə deyərlər ağzınacan tıxılı-təpəli idi. Lap top vursan da dağılmazdı. Şamil Tomaya tərəf: 

-Toma, sən ateyin goru bir bura bax. 

Əlini arvadına uzadaraq yağa bulaşmış bülbülü ona göstərdi. Şamil ovcunun  içində köksündə ürəyi çırpınan bu zərif quşun ürək döyüntüsünü sanki hiss edirdi. Təbiətin sehrinə bir bax. Zalım, həriskar, yaramaz, xeyriaz üzüdönüklər də təbiətin ən zərif quşunun  nəğməsini, kim bilir, bəlkə də naləsini dinləməkdən yəqin ki, heç imtina  etməzlər. 

Şamil  çoxdan bəri həyətdə ağacdan asılı qalmış köhnə  qəfəsin içini, yan-yörəsini silib təmizlədi. Bülbülü qəfəsə saldı. Ağlına belə bir fikir gəldi: çağırılmayan qonağı cavanlıq dostu Əjdərə sürpriz etsin. Əjdər Şamilin təzəcə yağlı, yüksək  vəzifəyə  keçmiş  yeznəsi Qulamla son vaxtlar lap cici-bacı olmuşdu. Bu da səbəbsiz deyildi. Axı Qulam  həm də Əjdərin müdiri idi. Təzə müdir də Əjdərin işinə yaxşı yarıyırdı. 

Təzə yeznə Qulamın bəxti ayaq üstə imiş. O, neçə illərdi ki, bir qulluqda qalıb pas atmışdı. Böyük bacanağının güclü təkanı hesabına yeri indi olub cənnət-məkan. Bu işləri həll edən, Şamilə düzüb-qoşan bacısı idi. Məqamı gələndə bacısının  ərinə qarşı  ədası-nidası, hökmü-hikkəsi, bu yandan da qardaşı Şamilin min bir hiyləsi önündə  nəinki yeznə, heç xanın vəziri də duruş gətirə bilməzdi. 

Şamilin güvəndiyi böyük yeznəsi nazirlikdə yüksək çinli rütbə, rəhbər işdə artıq uzun müddət idi ki, yerini möhkəmləndirə bilmişdi. Şamil yeznəsinin sayəsində yaranmış fürsətdən mahir ovçu kimi istifadə edərək şikarından bəhrələnmiş, özünə yaxşıca gün ağlamışdı. Nə isə...

Əjdər həvəslə Şamildən qəfəsi qəbul etdi, onu evinə gətirdi. Pilləkənlə eyvan arasında boy atıb ucalan gilas ağacının heç uf da demədən cavan budağını dəhrə ilə kəsdi. Qəfəsi kəsdiyi yerdən asdı. Bəlkə də Əjdər ömrü boyu torpağa heç bir kol da basdırmayıb. Hər şənbə-bazar Əjdərgildə müdiri Qulamla yeyib-içər, nərd şaqqıldadardılar. Əjdərin oğlu Vəli də onlara xidmət edərdi. Vəli yuxarı sinif şagirdi idi. O, həvəslə dədəsinin qonağına kabab çəkər, samovar qaynadar, pürrəngi çay dəmləyərdi. Dik pilləkənlərlə üzü yuxarı elə hey qabırğa və quyruq kababı, Ağ göl balığı, göy-göyərti, ardınca da xrustal stəkanda çay daşıyardı. Hərdən oğrun nəzərlərlə dədəsi ilə yeyib-içən bu pəzəvəng xaşalqarına baxar, gülməkdən özünü birtəhər saxlayardı. Nədənsə elə o an Vəlinin xəyalına bəyəsilli Köçəri müəllimin işlətdiyi kəlmələr düşdü: - Harın, danaqarın, el malını yeyib-eşən, boynuyoğun, kəlpeysər pəzəvənglər deyərək, belə ünsürləri elə hey dönə-dönə lənətləməkdən yorulmazdı. Elə bil hədəfə aldığı, lənətlədiyi o tipin biri də dədəsinin müdiri Qulama bənzəyirdi. Öz-özünə sanki sual edirdi: “Yemək-içmək, bəlkə də müftədir deybən bu xaşalqarın Qulamın qarnı qalxıb stola dəysə də,  hələ də nə gözü, nə də qarnı doymaq bilirdi.”

Dədəsi Vəlini səslədi: - “Adə, a bala” - səsinin tonunu bir az da artıraraq: sənnən deyiləm? - başını oğluna sarı çevirib: arabir o bülbülə bir bax gör. Nəsə səsi gəlmir, oxumur-deyə dilləndi. Pəzəvəng qonaq da donquldanaraq xırıltılı səslə:

-Doğrudan ey, görəsən niyə oxumur?

Bülbülün oxumağı, guya Vəlinin istəyi, sifarişi ilə idi? Vəli ona verilən belə boş və dayaz suala cavab vermədi. Bu pəzəvəng qonağın gəlişi Vəliyə yamanca sərf edirdi.  Dədəsinin onunla yeyib-içib kefi saz, məst olan məqamını gözləyirdi. Dədəsi  məst olan kimi dərhal başının üstünü kəsdirib ondan maşının açarını  alaraq əylənməyə gedirdi.Vəlinin bu dəfə maşın sürməyi, əylənməyi çox çəkdi. Evə qayıdarkən dədəsinin həyətdə əl-qolunu yellədərək hirslə danışdığını gördükdə elə o an gözünü gilasdan asılmış qəfəsə zillədi. Qəfəs boş idi. Zəriflik çiləyən şeyda bülbülün köksündəki al-əlvan naxışlı çəmən-çiçəyinə bənzər tükləri ətrafa səpələnmişdi...

Yırtıcı quşun  caynağından qurtulan bu bağrı qan, zərif quş bu dəfə pişiyin pəncəsinə qurban getmişdi. 


HİKMƏT ƏLİYEV 

mart, 2017-ci il, Bakı. 

& VƏTƏNSEVƏRLƏR


25 Eylül 2021 Cumartesi

ONUNLA AĞDAMDAN TANIŞIQ

 

 

"BU GÜN ŞƏHİD VERƏN AZƏRBAYCANIN

                BİR GÜN AMANSIZCA İNTİQAMI VAR"! 

1-ci Qarabağ Müharibəsinin iştirakçısı və şəhid atası Hacı Əkbər Rüstəmovun döyüş gündəliyindən... 


Onunla Ağdamdan tanışıq... 

1988-ci ildən başlayan əvvəl ixtişaş, sonra isə dəhşətli müharibənin əngəlləri görüşməyimizə mane olurdu. Nəhayət ki, 27 oktyabr 1993-cü il tarixində, Ağdam şəhəri və şəhərin ətrafındakı kəndlərin xeyli hissəsi işğal olunandan 5 ay sonra Ağdamın Cəvahirli kəndində səngərdə görüşdük. O, çox mərd, hazırcavab, cəsarətli insandır. Səngərdə görüşəndə həm sevindik, həm də kövrəldik. Müxtəlif vaxtlarda onun videoçəkilişlərinə, televiziya verilişlərinə həvəslə baxırdım, qəzetlərdə yazdığı məqalələri oxuyurdum. İndi isə səngərdə oturub üzbə-üz söhbət edirdik... 

O, verilişlərini həmişə yurdsevərlik, vətənsevərlik ruhunda hazırlayırdı. Bu da çox effektli alınırdı. Onun sərrast sualları, suallarda sual doğuran məqamları tərəf müqabilini daha yaxşı danışmağa sövq edirdi. O, həm də əsgər və zabitlərimizlə çiyin-çiyinə səngər həyatı yaşamaqdan zövq alırdı. Onların döyüş və səngər həyatından aktual verilişlər hazırlamaq bacarığına malik bir şəxsiyyət idi. 

Mən jurnalist və kinooperatorlardan Seyidağa Mövsümovla, Babək Quliyevlə, Ağasəf bəylə, Rəhbər Bəşiroğlu ilə, Türkiyənin "Zaman"qəzetinin müxbiri İrfan Sapmazla, Sarvan Şamiloğlu ilə, Salman Alıoğlu ilə, Allahverdi Əsədovla, İsa Dadaşoğlu ilə də səngərlərdə görüşüb dərdləşmişəm, söhbətləşmişəm. Ancaq onunla dərdləşib, söhbətləşməyin ayrı bir aləmi var. O, neçə-neçə döyüşçüdən, onların səngər həyatından, şəhidlərimizdən maraqlı, yaddaqalan veriliş hazırlamışdı və bu işini həvəslə davam etdirirdi. O, həm də yeri gələndə əlindəki qalın dəftərini, kamerasını səliqə ilə bir küncə qoyurdu və əsgərin avtomatını əlindən alıb düşmənlə özü vuruşurdu. Onun bu hərəkəti qəlbindən gəlirdi, bir əsgər kimi Vətənə vəfa borcu idi. Bütün bunları təmənnasız edirdi, Vətənə vətəndaş borcu bilirdi. O, təkcə jurnalist-operator deyil, o, həm də Vətənin hər qarışını sevib qoruyan şəxsiyyətli vətəndaşdır. Mən bu yazımı çox sonralar gündəliyimin içərisindən tapdım və yazını köçürüb təqdim etdim ki, siz də qürurlanasınız. Arzu edirəm ki, belə vətənpərvər, belə xalqsevər, millətsevər insanları unutmayasınız. Gələcək nəsillərə tanıtmaq üçün belə insanları axtarıb tapasınız, onların qayğıları ilə ilgilənəsiniz, onların haqqında maraqlı yazılar yazasınız, öz fikirlərinizi bildirəsiniz.  Bağışla Adil İrşadoğlu. Gec də olsa gündəliyimdən bu yazını tapdım və onu sənə indi - Qarabağın, Ağdamın işğaldan azad edilməsindən sonra hədiyyə etdim. Var olasan səni gözəl insan !



Qarabağda baş verən olaylar, amansız qətllər və işğallar Adil İrşadoğlunun da həyat yolunu səngərlərdən keçirdi. O, cəbhədə baş verən hadisələri izləmək, məlumat toplamaq, öyrənmək, hadisələrin operativ videoçəkilişini etmək üçün ömrünün gənclik çağını cəbhənin müxtəlif bölgələrində keçirdi. Jurnalist Adil İrşadoğlu 1-ci Qarabağ müharibəsində səngərlərə gəlir, döyüşən əsgərlərlə görüşür, bizə mənəvi dəstək və ruh verirdi. O, cəbhənin qaynar nöqtələrindən çəkdiyi süjetləri dövlətin televiziyasında göstərir, qəzetlərdə cəbhə ilə bağlı məqalələrlə çıxış edirdi. Döyüşən hərbi hissələrimizə, əsgər və zabitlərimizə, onların ailələrinə ehtiyac olduğu zaman yardımlar təşkil edirdi, heç vaxt cəbhəyə köməyini əsirgəmirdi...

Adil İrşadoğlunun fədakarlığını tək mən yox, çəkdiyi videokadrlar və verilişlər də sübut edir. Adil İrşadoğlu yorulmaz, son dərəcə çevik, dinamik, təhsil görmüş siyasətçi və jurnalistliyini bütün diplomatik istedadı ilə nümayiş etdirən, müsbət keyfiyyətlərə malik insandır. O, qaydalara sistemli riayət etməkdə bütün jurnalistlərə nümunədir. 


Haşiyə: Son illərin birində 20 yanvar metrosunun yanında mərhum şair Fazil Fəxrinin yubiley gecəsini qeyd etməyə toplaşmışdıq. Adil İrşadoğlu ilə Mustafa Çəmənli də burada idilər. Vaxtilə Fazil Fəxrinin mənə yazdığı şeirdən 2 misranı Adil İrşadoğlu böyük hərflərlə vatman kağızına yazaraq məclisin baş tərəfində asmışdı :

<< Bu gün şəhid verən Azərbaycanın 

     Bir gün amansızca intiqamı var >>!


Sözüm həm də ondadır ki, Azərbaycan nəhayət amansız intiqamını aldı ! 

Sağ ol, Adil İrşadoğlu ! Allah sənə sağlam uzun ömür versin, qardaşım !


Hacı Əkbər,

Həmişə əsgər.

27 oktyabr 1993-cü il, Ağdamın Cəvahirli kəndi.



19 Eylül 2021 Pazar

GÖRKƏMLİ JURNALİST VƏ PUBLİSİST ƏLƏKBƏR ABBASOVUN 80 İLLİYİNƏ

ONUN USTAD DƏRSLƏRİ - QULU MƏHƏRRƏMLİ YAZIR 


Qulu Məhərrəmli, Professor.

Jurnalistikadakı ürək döyüntüləri


Bütün yaradıcılıq sahələrində, o cümlədən, jurnalistikada da belədir: yaş və iş təcrübəsi artdıqca, fərqli situasiyalarıdan keçib bərkidikcə insanın müqayisə imkanları da çoxalır. Bu imkanların hesabına təkcə yaxşıları və pisləri, ağ və qara rəngləri deyil, həm də ilk baxısda gözlə görünməyən incəlikləri, alt qatları, çoxlarının mahiyyətini dərhal qavraya bilmədiyi meylləri duyursan. Sahənin fədakarlarını və başgirləyənlərini, peşə namusunu qoruyanları və ləyaqətsizləri tanıyırsan, çevrəndəki səmimiyyəti, saxta təbəssümləri, gedişatdakı zəif və güclü nöqtələri asanlıqla tutursan. Təbii ki, qazandığın bilik və təcrübənin hesabına həm də dünənlə bu günü bir tərəziyə qoyub saf-çürük edə bilirsən, "hər cür müqayisə  qüsurludur" deyiminə baxmayaraq, gerçək mənzərəni məhz bu müqayisədə aydın görə bilirsən. 

Jurnalistikamızın dünəni azad düşüncəyə əngəl olan "ideologiya" adlı sədlərlə əhatə olunmuşdu. Hər şey bu ideologiyaya tabe edilmişdi. Amma əsl istedadlar təbliğat tozanağına bürünmüş həmin sovet mətbuatına insani sifət verməklə bu sədləri darmadağın edə bilirdilər. Onlar barmaqla sayılacaq qədər az idilər, amma çox yerdə görünürdülər. Həmin peşəkar qələm sahiblərindən biri də adı telejurnalistika tariximizdə iri hərflərlə yazılmış, yaradıcılığı, sözün əsl mənasında bir məktəb olan və bu günlər 80 yaşını qeyd etməyə hazırlaşan görkəmli publisist, Əməkdar jurnalist, yazılarının altında çox vaxt Şəhrili imzası olan Ələkbər Abbasovdur.


Ələkbər Abbasov, Əməkdar Jurnalist.

Mən çox az jurnalist tanıyıram ki, Ələkbər Abbasov qədər həm yazılı mətbuatda, həm də televiziya və radio sahəsində eyni dərəcədə ciddi uğurlar qazanmış olsun. Jurnalistikanın hər iki boyunda vicdanla külüng çalmış Ə.Abbasov publisistika tariximizdə iz qoymuş məqalələrin, maraqlı reportajların, aktual yazıların, araşdırma materiallarının, verilişlərin, sənədli filmlərin və ciddi maraq doğuran kitabların müəllifidir. Çoxlarının hafizəsində Ə.Abbasov xoş aurası olan bir televiziya aparıcısı və istedadlı şərhçi kimi hələ də qalmaqdadır. 

Ələkbər müəllim jurnalist fəaliyyətinə Azərbaycan televiziyasında başlayıb, hazırladığı parlaq verilişlərlə bu televiziyanın inkişafına ciddi töhfələr verib. Sonra eyni uğurla yazılı mətbuatda da çalışıb, bir müddət "Bilik" cəmiyyətinin "Dalğa" qəzetini buraxıb, daha sonra mətbuat tariximizdə özəl yeri olan "Günay" qəzetinin baş redaktoru olub. Həmin qəzetdə öz kreativliyi ilə, sanki elə anadan qəzetçi kimi doğulduğunu göstərmişdi. Əslində, o, elə əvvəldən - hələ tələbə ikən ölkənin ən nüfuzlu mətbu orqanı olan "Kommunist" qəzetində çap edilmiş ilk yazısı ilə sözün gücünü qəzetdə sınamışdı. O vaxtlar mətbuat aləmində ciddi reaksiya doğurmuş həmin yazının adı "Ürək döyüntüləri" idi və gələcəyin tanınmış jurnalisti bu adı, bir növ özünün jurnalist taleyinin məramı kimi seçmişdi, çünki uzun illər  jurnalistikamızda Ə.Abbasovun ürək döyüntüləri çox aydın eşidilmişdi. Həmin döyüntülər bu gün də jurnalistikamızın nəbzi kimi vurur. 


24 yaşında direktor və futbol şərhçisi


Onun Azərbaycan televiziyasına gəlişi bir meteor effekti yaratdı. Gənc jurnalistin yaratdığı efir adamı obrazı o  vaxtlarda televiziyanın ilk və hələlik ən görkəmli sədri Teymur Əliyevin (şair Teymur Elçin) müəyyən etdiyi parlaq yaradıcılıq meyarlarına çox uyğun gəlirdi. İstedadı, yazısı, ekran görünüşü, gözəl nitqi, efir davranışı, şəxsiyyətinin bütövlüyü, insanlarla ünsiyyət qurmaq bacarığı ilk addımlarını atan AzTV-də diqqəti dərhal cəlb edirdi. Yeni düşüncə tərzi, intellektual səviyyəsi, işgüzarlığı, böhran anında dəqiq qərar vermək qabiliyyəti onu başqalarından çox fərqlənirirdi. Buna görə də qısa müddətdən sonra 24 yaşlı Ə.Abbasovu çox məsul bir posta, televiziya işinin ürəyi sayılan "Proqram" redaksiyasının baş redaktoru vəzifəsinə təyin ediblər. 

Bu illərdə o, həmçinin, futbol şərhçiliyi edirdi. Valid Sənani, Sabutay Quliyev kimi peşəkarlarla yanaşı, canlı  futbol reportajlarında Ələkbər Abbasovun da səsi eşidilirdi. Onun həm futbolu, həm də dilin incəliklərini gözəl bilməsi, üstəlik, ürəyəyatımlı səsi və diksiyası o vaxt tamaşaçılarda başqa bir ovqat yaradırdı. Təbii ki, onun xüsusi ovqat yaradan intellektual şərhləri özünəməxsusluğu ilə seçilirdi və yəqin ki, o illərdə "Neftçi"nin ölkə çempionatındakı çıxışlarını izləyənlər  "oyunu Ələkbər Abbasov şərh etdi" sözlərini unutmayıblar.  

Ümumiyyətlə, idman sahəsi Ələkbər müəllimin əsas mövzularından olub,  həmin dövrdə də, sonralar da idmandan, ayrı-ayrı idman ustalarından yazıb və verilişlər çəkib, hətta "Parol Moskvadır!" adlı oçerklər kitabı da çap olunub. Amma düzü, mən onun idman mövzusunu  və futbol şərhçiliyini davam etdirməməsinə sevinirəm. Düzdür, o, futbol şərhçiliyinin ardınca getsəydi, birmənalı şəkildə bizim öz parlaq Ozerovumuz və Maxaredzemiz olacaqdı, amma təbii ki, ciddi bir jurnalist itkisinə məruz qalacaqdıq. 


Reportajı Ələkbər Abbasov aparır 


70-ci illərin ortalarında Azərbaycan televiziyasının cəmiyyətə təsiri güclənməyə başlayırdı və bunun əsas səbəblərində biri TV-də xəbərlərin xüsusi çəkisinin və keyfiyyətinin artması ilə bağlı idi. "Günün ekranı" adlı əsas xəbər buraxılışında təkcə təbliğat materialları getmirdi, həm də maraqlı süjetlər və reportajlar göstərilirdi. Baş redaktor Ənvər Qafarlı istedadlı gəncləri cəlb etməklə yaxşı komanda formalaşdıra bilmişdi. Mübaliğəsiz demək olar ki, Ələkbər Abbasov bu komandanın döyünən ürəyi idi. O, unudulmaz Tofiq Axundovla birlikdə həm də baş redaktorun müavini kimi yaradıcılıq prosesini tənzimləyir və özü də çox maraqlı və bənzərsiz süjetləri ilə xəbərlər proqamına can verirdi.

Dördüncü kursda bizi bu proqrama istehsalat təcrübəsinə göndərmişdilər və orada müşahidə etdiklərim heç yadımdan çıxmır. Görürdüm ki, Ə.Abbasovun işə gəlişi ilə bütün otaqlarda canlanma yaranırdı, böyüklü-kiçikli hamı özünü yığışdırdı. Sən deyən, elə bir zəhmi və  inzibatçı davranışı yox idi, amma hamı ondan bir az çəkinir, amma çox hörmətlə yanaşırdı, redaktorlar da, operatorlar da, diktorlar da. Kim nəyi bilmirdisə, Ələkbər müəllimdən soruşurdu, o da təmkinlə, rahat-rahat hamının suallarına cavab verirdi. Bütün mətnləri diqqətlə oxuyurdu, yalnız onun imzasından sonra material montaj oluna bilərdi.

Onun yaradıcılığıni, reportaj və söhbətlərini izləmək və ondan öyrənmək ayrıca bir zövq idi. Olduqca maraqlı mövzular seçir, xeyli cazibədar ifadə tərzi və təqdimat üsulları tapır, haqqında danışdığı məsələni anlatmaq üçün çox oynaq formalardan istifadə edirdi. O, bir-birindən maraqlı süjetləri ilə  hamını, o cümlədən də biz tələbələri heyrətləndirməyi bacarırdı. Bir dəfə onun "Şənbə reportajında" ovçulardan bəhs edən bir süjetinə baxdım, çəkilişlər çox qeyri-adi idi, Ələkbər müəllimin öz səsi ilə oxuduğu mətn də adamı ovsunlayırdı. Televiziya yaradıcılığına hələ az bələd olan bir adam kimi onun gölün ortasında etdiyi stəndapı necə çəkməsi üzərində xeyli baş sındırası oldum. 

Ələkbər müəllim bizləri çox ruhlandırır, maraqlı süjetlər hazırlamağa həvəsləndirirdi, süjeti mövzudan asılı olaraq necə başlamağı, çəkiliş texnikasının incəliklərini izah edir, "daim axtarın, müşahidəniz iti olsun, hər şeydə nəsə bir qeyri-adilik tapın, onda tamaşaçı sizin materiala baxacaq" deyirdi. Onun xəbərin quruluşuna, lidlərin seçilməsinə yanaşması da mənim üçün maraqlı idi. Hələ Sovet dövründə belə bir fikri tez-tez vurğulayırdı ki, informasiya bizə xoş gəlmirsə, deməli, bu, təbliğatdır. Sonralar - 90-cı illərin əvvəllərində dediyi bir aforizm də yadımdan çıxmır: jurnalistika siyasətə xacəlik etməli deyil. 

Ötən əsrin 60-80-ci illərində telepublisistikamızın formalaşması və inkişafı, xüsusən Azərbaycan televiziyasında reportyorluq peşəsinin formalaşması məhz onun adı ilə bağlıdır. Mənim üçün o, televiziyamızın ilk peşəkar reportyorudur. Saysız-hesabsız  analitik verilişlərin, sənədli publisistik proqramların, ciddi araşdırmaların, problem mövzulara həsr olunmuş müəllif söhbətlərinin, tənqidi  süjetlərin, sənədli filmlərin müəllifidir. TV tarixini az-çox tədqiq edən adam kimi deyə bilərəm ki, Ələkbər Abbasov bir çox ilklərə imza atıb. O, Azərbaycan televiziyasında hadisə yerindən reportaj, eləcə də problem reportaj janrının yaradıcısıdır. 


Onun redaktorluq və aparıcılıq dərsləri


Müəyyən bir müddətdə Ə.Abbasovla eyni baş redaksiyada çalışmaq fürsətim olub. Onun intellektindən, adamlarla davranışından, redaktəsindən, veriliş hazırlama texnologiyasından çox şey öyrənmişəm. Redaktə zamanı onun bir sözü dəyişməklə mətnə necə aydınlıq gətirməsini, mətləbi daha dəqiq və dolğun ifadə etmək bacarığını sözlə ifadə etmək mümkün deyil. Məsələn, tələbə vaxtı Xəzər gəmiçiliyindən bir reportaj hazırlamışdım. O vaxt süjet və reportajlara ad (qəzetdəki sərlövhə kimi) qoymaq dəbdə idi və mən də İranda səfərdə olmuş bir gəmi haqqında reportajıma "Gəmi səfərdən gəlir" tipli poetik bir ad qoymuşdum. Ələkbər müəllim materialı diqqətlə oxudu, görüntüyə də baxandan sonra başlıqdakı "gəlir" sözünü "qayıdır"la əvəz elədi. İlk baxışdan adi bir düzəliş kimi görünürdü, amma mənanı çox dəqiq ifadə edirdi.  

Onun hazırladığı bir çox verilişlər indi də gözümün qabağındadır: Mingəçevirdən silsilə reportajlar, Xəzər dənizinin ekoloji problemləri, "Üç axşam balıq haqqında" silsilə söhbətləri, istehlak malları niyə tapılmır, neft sənayesində israfçılıq, qaz itkisi nədən yaranır və başqa mövzularda apardığı araşdırmalar, sözün əsl mənasında, televiziya tariximizdə bir keyfiyyət mərhələsidir. Bu verilişlər həm forma, həm də məzmun baxımından, ekranda yeni yaradıcılıq ənənəsinin formalaşmasından xəbər verirdi.

1992-ci ilin iyunu idi və AzTV-də prezidentliyə namizədlərlə görüş-müsahibə keçirilirdi. 6-7 namizəd var idi və onlardan biri - Tamerlan Qarayevlə müsahibə aparmaq mənə həvalə olunmuşdu. Bu proseslərə sədr müavini kimi Ələkbər Abbasov rəhbərlik və redaktorluq edirdi. Demədi ki, "bu sualı ver, o sualı səsləndir", amma bunu tövsiyə etdi: adiyyət üzrə və etika çərçivəsində istədiyin sualı ver, amma müsahibinin adına və vəzifəsinə baxma, onun qarşısında şax otur, verilişin yiyəsi sənsən, tamaşaçı səni müstəqil və situasiyanın sahibi kimi görməlidir. O vaxtdan bü günəcən mən özümü elə aparmağa çalışıram. 


Şəxsiyyətin gücü


Qələm əhlinin, xüsusən ekranda görünən aparıcının parlaq şəxsiyyəti, güclü mənəvi keyfiyyətləri olmalıdır, təbii ki, əgər bu aparıcı özünü müstəqil adam kimi görə bilirsə. Ə.Abbasovu güclü və populyar edən həm də onun şəxsi ləyaqəti, yüksək mənlik hissidir. Ələkbər müəllimin içində haqsızlığa, ədalətsizliyə qarşı həmişə bir üsyan var. Dilimizdə geniş işlənən "qabağından yeməmək" ifadəsi, sözün həqiqi mənasında Ələkbər Abbasova aiddir. O, hər vaxt həqiqət hesab etdiyinin müdafiəsinə qalxıb, heç nədən və heç kimdən qorxmayıb, sözünü deməkdən çəkinməyib, "birdən bunu desəm, mənə ziyan dəyər" fikrini özünə yaxın buraxmayib. Əslində, onun şəxsiyyətə çevrilməsində xarakterinin bu çaları da müəyyən rol oynayıb. Məhz bu kişi xarakterinə görə o, hamının səmimi hörmətini qazanıb, xüsusən gənclərin sevimlisi olub. 

Ələkbər Abbasov və Adil İrşadoğlu

Ə.Abbasov televiziyada çox vəzifələrdə çalışıb, baş redaktor və sədr müavini də olub, amma heç bir vəzifə onun xarakterini və həyat prinsiplərini dəyişə bilməyib. Bu da təbiidir, daxilən dolğun, özünə inamı olan yetkin və kamil insanları heç bir vəzifə havası dəyişə bilməz. Hamı onu mənəviyyat adamı kimi tanıyıb, heç kimdən və heç nədən təmənnası olmayıb. O, ibrətamiz fəaliyyəti ilə hamıya sübut edib ki, dürüst adam bütün şəraitlərdə elə dürüstdür. Hansı şəraitə düşməsindən asılı olmayaraq Ələkbər müəllim üçün mənəvi təmizlik bir  kredo olub. Televiziya adamı üçün, ekrana çıxan hər kəs üçün bu, böyük mənəvi gücdür. Onun ustad dərslərindən biri də bu mənəvi gücə sahib olmağın vacibliyi haqqındadır. 


525.az 

18.09.2021. / 17-30.

& VƏTƏNSEVƏRLƏR


17 Eylül 2021 Cuma

AZƏRBAYCANIN SALYAN RAYONU İLƏ TALİBAN ARASINDA HANSI ƏLAQƏ VAR?


“Əfqanıstanın oğuz xələc(!) türkləri orta əsrlərin ən döyüşkən və sərt xalqlarından biri sayılırdılar...”

 “Tarixi mənbələrə görə, abdal tayfasının bir qolu XVI əsrin əvvəllərində Qarabağdan indiki Salyan rayonuna köçmüş və orada Qarabağlı kəndini salmışdır. Puştunların abdal tayfasının ən böyük qruplarından biri sarbani adlanır...”


Milli Kimlik Araşdırmaları qrupunun üzvü 

Araz Şəhrilinin növbəti yazısını təqdim ediik. 


2021-ci il avqustun 15-də Taliban hərəkatı Kabil şəhərini ələ keçirdikdən sonra dünya ictimaiyyətinin diqqəti Əfqanıstana yönəldi. O cümlədən Azərbaycan vətəndaşları da Əfqanıstanda cərəyan edən hadisələrə biganə qalmadılar. Bunun da müəyyən səbəbləri var :


- Əfqanıstan coğrafi baxımdan Azərbaycan üçün çox da uzaq ölkə deyil;

- Əfqanıstan milyonlarla soydaşımızın yaşadığı İranla həmsərhəddir;

- Əfqanıstan Azərbaycanın strateji müttəfiqi Pakistanın qonşusudur;

- Əsrlər boyunca Əfqanıstan yüz minlərlə azərbaycanlının da vətəni olmuşdur və vətənidir;

- Əfqanıstanla Azərbaycan arasında tarixi və mədəni əlaqələrin kökü çox qədim zamanlara gedib çıxır;

- Əfqanıstanın coğrafi mövqeyi bölgənin gələcək taleyi baxımından həlledici rola malikdir.

Qeyd olunanlar kifayət qədər ciddi və diqqətəlayiq məsələlərdir. Lakin bu yazını qələmə almağımızın səbəbi başqadır.

 

Bir neçə gün əvvəl sosial şəbəkədə zarafat xarakterli bir paylaşım edilmiş, Talibanın hazırki lideri Mövləvi Heybətullah Axundzadənin (1961) əslən guya Salyan rayonunun Xələc kəndindən olduğu göstərilmişdir.



Bəri başdan qeyd edək ki, həmin yazının naməlum müəllifi, çox güman ki, tarixçi, yaxud tarixlə maraqlanan şəxsdir. Amma hədəfdən bir qədər yayınmışdır. Bu barədə az sonra...

Məsələ bundadır ki, Talibanın digər rəhbərləri kimi Mövləvi Heybətullah Axundzadə də puştundur. Puştunlar Əfqanıstanın əsas xalqıdır. Bu xalq bir neçə böyük qəbilədən ibarətdir. Ən iri puştun tayfası dürrani adlanır. Əfqanıstan dövlətçiliyinin əsasını 1747-ci ildə Nadir şah Əfşarın (1698–1747) sərkərdəsi, dürrani tayfasından olan Əhməd şah Abdalı (1722–1772) qoymuşdur. Həmin ilədək bu tayfanın adı abdalı idi. Ehtimala görə, abdalılar qədim eftalitlərin törəmələridir. Əski mənbələrdə eftalitlərin adı hepftallar, yeoptallar, ağ hunlar, hunlar, hionit hunları kimi keçir. Tədqiqatçıların əksəriyyətinin fikrincə, ağ hunlar türkdilli olmuşlar. Amma onları monqoldilli, yaxud irandilli hesab edənlər də vardır. Bəzi tarixçilər isə güman edirlər ki, eftalit tayfa ittifaqına həm türkdilli, həm monqoldilli, həm də irandilli tayfalar qoşulmuşdular. Bəllidir ki, eftalitlər 450-ci ildə Orta Asiyada və Əfqanıstanda nəhəng bir imperiya qurmuşdular. 563-cü ildə həmin dövləti indiki Monqolustandan gəlmiş göytürklər darmadağın etmişdilər. Hesab olunur ki, puştunların abdalı tayfası ilə yanaşı, türkmənlərin məşhur abdalı tayfası da eftalitlərin törəməsidir. Bugün türkmən abdalıları (özlərinə apdal deyirlər) əsasən Stavropol diyarında və Həştərxanda yaşayırlar.

Haşiyə. Abdallar (Laçın qəsəbəsinin qədim adı) – Abdaldağ (Zəngəzurda dağ) – Abdallar (Xocavənddə qışlaq) – Abdal (Ordubad rayonunda dağ) – Abdallı (Borçalıda kənd) – Abdal (Ağdam rayonunda kənd) – Abdal (Tovuz rayonunda dağ və çay) – Abdallı (Oğuz rayonunda kənd) – Abdallar-Ulya, Abdaloğlu (Qərbi Azərbaycanda kəndlər) – Avdal (Tovuz rayonunda kənd) – Avdalar (Qərbi Azərbaycanda kənd) – Boz Abdal (Qərbi Azərbaycanda dağ) – Abdal (Krımda tatar kəndi). Ehtimala əsasən, sadaladığımız yer adlarının əksəriyyəti eftalit etnoniminin müxtəlif formalarıdır. VII əsr alban tarixçisi Moisey Kalankatlının əsərində bu tayfanın adı heptal şəklindədir.

Qeyd. Tarixi mənbələrə görə, abdal tayfasının bir qolu XVI əsrin əvvəllərində Qarabağdan indiki Salyan rayonuna köçmüş və orada Qarabağlı kəndini salmışdır.

 Puştunların abdal tayfasının ən böyük qruplarından biri sarbani adlanır. Tədqiqatçıların əksəriyyətinin fikrincə, bu qəbilənin mənşəyi bilavasitə eftalitlərə və qədim sakalara bağlıdır. 

 Haşiyə. Sarvan (Salyan və Şabran rayonlarında iki kənd) – Sarvan (Borçalı şəhərinin köhnə adı və Borçalı mahalında kənd) – Sarvanlar (Ağcabədi rayonunda və Qərbi Azərbaycanın Zəngibasar mahalında iki kənd, Naxçıvanda məhəllə) – Sarban-e Damuyi (İranın Sistan və Bəlucistan ostanında kənd).

Qeyd. X əsr müəllifi əl-Məsudi yazır ki, “Qafqazda – alanların qonşuluğunda sarban adlı xalq yaşayır”.

Taliban liderlərinin əhəmiyyətli bir hissəsi, o cümlədən, Mövləvi Muhəmməd Axundzadədən sonra bu hərəkatın ikinci əsas rəhbəri sayılan Molla Əbdulqəni Bəradər (1968) puştunların abdalı tayfasındadır. Abdalılar Əfqanıstanda və Pakistanda məskunlaşmışlar. 

Azərbaycanın abdal tayfasının bir qolu Salyanın Qarabağlar kəndində yaşasa da, bu kəndlə həmin rayonun Xələc kəndi arasında birbaşa bağlılıq yoxdur. Məhz bunu nəzərdə tutaraq əvvəldə qeyd etdik ki, zarafat xarakterli paylaşımın müəllifi hədəfdən bir qədər yayınmışdır. Ümumiyyətlə isə, qədim abdallar və qədim xələclər ayrı-ayrı tayfalar, yaxud xalqlardır. Amma gəlin nəticə çıxarmağa tələsməyək.

Puştunların ikinci böyük tayfasının adı gilzaydır. Yeri gəlmişkən, Əfqanıstanın qərbpərəst sonuncu prezidenti Əşrəf Qəni Əhmədzay (1949) gilzay tayfasındandır. Taliblərin (abdalıların) hücumu nəticəsində süquta uğramış hökumət də əsasən gilzaylardan təşkil edilmişdi. Maraqlıdır ki, Əfqanıstanın oyuncaq kommunist rejiminin rəhbərləri – Nur Muhəmməd Tərəki (1917–1979), Həfizullah Əmin (1929–1979), Bəbrək Karməl (1929–1996) və Muhəmməd Nəcibullah (1947–1996) da gilzay tayfasından idilər. Həmçinin sovet işğalına qarşı müqavimət hərəkatının liderlərindən biri olmuş Gülbəddin Hikmətyar (1947) və Talibanın qurucusu, bu hərəkatın ilk rəhbəri Molla Muhəmməd Ömər (1960–2013) də gilzay tayfasının nümayəndələridir.

Gilzay bu etnonimin qərb dillərindəki yazılış formasıdır. Gilzaylar özləri isə onu ğilci şəklində tələffüz edirlər. Puştun ğilciləri XIV–XVI əsrlərədək türk dilinin xələc ləhcəsində danışmışlar. Sonra onların tam assimilyasiyası baş vermiş, Əfqanıstanda yaşayan xələclər hamılıqla puştu dilinə keçmişlər. Qeyd etmək lazımdır ki, Hindistanda xələc türklərinə xilci deyirdilər.  

Haşiyə. Xələc (Salyan rayonunda üç kənd) – Xələc (Qubadlı, Şərur, Ucar rayonlarında və Zəngəzurda dörd kənd) – Xələc (İranda dörd kənd) – Xələc (Türkmənistanda inzibati-ərazi vahidi) – Xələclər (1290-cı ildən 1320-ci ilədək Hindistanı idarə etmiş türk sülaləsi) – xələc (Əfqanıstanda və Pakistanda yaşamış türk xalqı) – xələc (bugün İranda yaşayan kiçik türk tayfası).

Qeyd. Əfqanıstanın oğuz xələc türkləri orta əsrlərin ən döyüşkən və sərt xalqlarından biri sayılırdılar. Xələclərin həyatı müharibələrdə, arasıkəsilməyən basqın və döyüşlərdə keçirdi. Onlar soyuğa, istiyə, aclığa, susuzluğa dözümlü idilər. Ciddi və intizamlı döyüşçülər kimi tanınırdılar. Xələclər monqollara çox şiddətli müqavimət göstərmiş və sonda qalib gəlmişdilər. Yeri gəlmişkən, XIX əsrdə (1838–1842) Əfqanıstana soxulmuş Böyük Britaniya ordusunu da, faktiki olaraq, xələclərin (xilcilərin) törəmələri – ğilcilər məğlub etmişdilər. Bəzi salnaməçilərin ehtimalına görə, xələc sözü “qal ac” mənasını verir. Digər tarixçilər isə bu fikirdədirlər ki, o, əslində, “qılınc” sözüdür.


1722-ci il oktyabrın 23-də qızılbaşlara qarşı qiyam qaldırmış əfqan ğilciləri (assimilyasiyaya uğramış xələc türkləri – oğuzlar) İsfahan şəhərini ələ keçirdilər. Bu məşum hadisə Azərbaycan Səfəvilər imperiyasının süqutuna səbəb oldu. 1729-cu il sentyabrın 24-də şanlı sərkərdə Nadir şah Əfşar Şiraz yaxınlığında baş vermiş Zərgan döyüşündə ğilciləri darmadağın etdi.


Bəhsimizi burada yekunlaşdıra bilərdik. Amma daha bir maraqlı faktı oxucu ilə bölüşmək istədik.


XVIII əsr salnaməçilərindən biri yazır: “Əfqan tayfasının əsli Qafqazdan – Alan ölkəsindəndir. Onlar mənşəcə aqvandırlar (albanlardır). Bu günədək öz adlarını daşıyırlar. Əvvəllər xristian olublar. Sonra Əmir Teymur onları özünə tabe edib 25 tüstü sayında (yəqin ki, 25 ailəni və ya nəsli Əfqanıstana) köçürdü. Orada həmin aqvanlar İslam dinini qəbul etdilər və artıb-çoxaldılar”.


Bu məlumatla bağlı aşağıdakıları qeyd edə bilərik :

 

1. Məlumdur ki, puştunların ən iri qollarından biri sarbani adlanır. O da bəllidir ki, orta əsrlərdə Qafqazda – alanların qonşuluğunda sarban adlı xalq yaşamışdır.

 2. Nəzərə almaq lazımdır ki, əfqan bu xalqın ekzoetnonimidir, yəni qonşu xalqların onlara qoyduğu addır. Əfqanlar özlərini pəştun və ya pəxtun adlandırırlar. Əfqan adı isə ilk dəfə VI əsrə aid hind mənbəyində avaqan formasında xatırlanmışdır.

 3. Maraqlıdır ki, qədim eftalitlər arasında xristianlığın nestorian məzhəbi yayılmışdı. Eftalitlərin öz yepiskopu da var idi. Sasanilərlə apardıqları müharibələri isə xristian–zərdüşti qarşıdurması hesab edirdilər.

 4. 1395-ci ilin payızında Əmir Teymur Alan ölkəsinə böyük yürüş təşkil etmiş, bundan sonra alan xalqı tarixin səhnəsindən tədricən itmişdir.

 5. İyirmi beş ailə və ya nəsil üç əsr ərzində böyük bir xalqa çevrilə bilərdimi?


Məlumatın doğruluq dərəcəsi barədə mühakiməni qoy oxucu özü yürütsün.

 P.S. Puştunlar qəbiləyə qövm deyirlər. Qövmə xan rəhbərlik edir. Hər bir qövm nəsillərə bölünür. Nəsil xel adlanır. Nəslin başçısı məlikdir. Hər bir nəsil ailələrdən ibarətdir. Ailənin böyüyü spinjiray (spin–ağ, jiray–saqqal), yəni ağsaqqaldır.


Müəllif:

Milli Kimlik Araşdırmaları

Qrupunun üzvü Araz Şəhrili. 


& VƏTƏNSEVƏRLƏR


27 Ağustos 2021 Cuma

MƏN ONA HEYRAN QALMIŞDIM


Lətif Niftəli oğlu Vəlizadə


Adil İrşadoğlu ilə tanışlığımız və dostluğumuz hardasa 30 ildən çox bir dövrü əhatə edir. O vaxtlar Adil deyib-gülən, yeyib-içən, çevik insan idi. O, İş yerimizdə, bekar vaxtlarımızda, otaqda kənar adamlar olmayanda zarafatlaşar, musiqidən söz salar, haqqında danışdığı musiqini zümzümə edər və həmin musiqinin ritminə uyğun stolun kənarında çırtıq çalardı. Bu da mənim olduqca xoşuma gələrdi, çünki musiqini dərindən bilən adam belə ritmlə zümzümə edər və çırtıq çala bilərdi. Ancaq o vaxt mən hələ bilmirdim ki, Adil Ağdam Musiqi Texnikumunun Tar şöbəsini fərqlənmə diplomu ilə bitirib. Mayestro Niyazinin rəhbərlik etdiyi komissiyaya dövlət imtahanı verib. Dövlət imtahanını uğurla başa vurduğuna görə müəllimi rəhmətlik Məşədi Nəriman öz qiymətli tarını ona hədiyyə edib.

... 80-ci illərin axırı idi. Həyat kəskin surətdə dəyişmişdi. Birbaşa Moskvanın havadarlıq etdiyi nankor ermənilər yenə baş qaldırmışdılar. Onlar Qərbi Azərbaycandakı soydaşlarımıza hücum edərək günahsız insanlara işgəncələr verməyə və qədim məskənlərindən didərgin salmağa başlamışdılar. Qarabağda da eyniylə həmin hadisələr ardıcıllıqla davam etdirilirdi. Şəhərlərimiz, kəndlərimiz ağır silahlardan mütəmadi atəşə tutulur, günahsız insanlarımız həlak olur, evlər, idarə və müəssisələr yerlə yeksan edilirdi. Əsrlərlə yaşadıqları dədə-baba yurdlarından qovulan, var-dövləti  əlindən alınan, dilənçi vəziyyətinə salınan və öldürülən soydaşlarımızın ah-naləsinə məhəl qoyan yox idi. Dünyanın qabaqcıl demokratik ölkələri bu cinayətlərə göz yumurdu. Sanki onların görən gözü kor olmuşdu. Üstəlik sapı özümüzdən olan baltalar da əl-ayağa dolaşır, başımıza gətirilən bu müsibətləri açıq danışmağa maneçilik törədirdilər. 

Yadımdadır, Xankəndində yaşadığı evindən bir çöp belə götürmədən çıxarılan jurnalist Cahid Quliyev yana-yana ermənilərin özbaşınalığından danışırdı. Qoltuğunda faktlarla dolu iri bir papka var idi. Deyirdi ki, "neçə dəfə yazmışam, göstərmişəm ki, ermənilər bizim əleyhimizə necə qorxulu işlər görürlər. Ancaq sözümü heç kəs eşitmir. Üstəlik mənim özümü günühlandırırlar ki, "provakasiya" ilə məşğul olma, get işinin-gücünün dalınca. Sənin o fakt dolu yazılarından zibil yeşiyində yüzlərlədir".

... Moskva Azərbaycana açıq-aşkar qoşun yeritmişdi. Azərbaycanlılar Ermənistandan it günündə qovulduqları halda rus əsgərləri hər bir erməni kəndinin girəcəyində post qurmuşdu, zirehli maşınları da ki, öz yerində. Bir nəfər də olsun erməni kəndlərinə yaxınlaşa bilməzdi.

Bu, elə bir dövr idi ki, ölkəmiz qaynar qazan kimi çalxalanırdı. Sapı özümüzdən olan baltaların isə səsi çıxmırdı. Əksinə, öz kommunist əqidələrinə sadiq qalaraq Moskvaya nökərçilik edirdilər. Xalqımızın qanına yerikləyən Zori Balayan kimi cəllada bir kəlmə belə deyilmədiyi halda Xəlil Rza kimi vətənpərvər şairi həbs etmişdilər.

... 89-cu ilin sonları idi. AzTv-nin rəhbərliyi məni də çəkiliş qrupum ilə Şuşaya ezam etmişdi. Şuşa istirahət evinin otaqları isə yüksək rütbəli rus zabitləri ilə dolu idi. Həmin günlərdə gözləmədiyimiz halda Azərbaycan Respublikasının xalq şairi (1992) Xəlil Rza Ulitürk və Xalq artisti Mikayıl Mirzə də gəlib Şuşaya çıxdılar. Açığını deyim ki, elə bil mənə dünyanı bağışladılar. Axşam bizə ayrılan efir vaxtında verilişə başladım. Qonaqlarımı tamaşaçılara təqdim etdim. Xəlil Rza elə bir odlu-alovlu çıxış etdi ki, tayı, bərabəri yox idi. Bakıdan bizə ayrılan vaxt sona çatmaq üzrə idi. Həmin anlarda Azərbaycan Dövlət Televiziyasının rəhbərliyindən telefon zəngi gəldi ki, verilişi yarımçıq kəsməyin, qoyun Xəlil Rza Ulitürk odlu-alovlu çıxışını sonadək davam etsin. Xəlil Rzanın bu çıxışı respublikamızda böyük əks-səda doğurdu. Aradan bir az keçmişdi ki. Xəlil Rzanı sapı özümüzdən olan baltalar həbs etdilər. O vaxt məni və Mİkayıl Mİrzəni sorğu-sual üçün keçmiş "Cənub mehmanxanası"na çağırmışdılar. Ancaq yadımda qalmayıb, sorğu-sual edən rus idi, yoxsa azərbaycanlı. Məndən soruşdular ki, Xəlil Rzanı sən dəvət etmişdin, yoxsa o özü gəlmişdi? Dedim ki, mən heç kəsi dəvət etməmişəm, o təsadüfi bir iş idi. Bununla da sorğu-suala son qoyuldu.

Həmin o gərgin günlərdə, aylarda Adil İrşadoğlu heç nədən qorxub çəkinmədən Azərbaycan Dövlət Televiziyasının Şuşa şəhərində yerləşən ötürücü stansiyasının nəzdindəki balaca bir otaqda yaratdıqları studiyadan daşnaqların təbliğatına qarşı əks təbliğatla məşğul idi. Adil İrşadoğlu öz komandası ilə 1989-cu ilin oktyabr ayının əvvəlindən Şuşada fəaliyyət göstərirdi. Komanda çox çətin şəraitdə işləyirdi. Mən Şuşaya yaradıcılıq ezamiyyətinə gedəndə 1989-cu ilin dekabr ayının axırları idi. Təxminən 15 gün Şuşada canlı efirə çıxdım. Montaj etməyə texniki qurğu olmadığından mən canlı yayıma üstünlük verirdim. Ancaq Adil özünə zülm edirdi. Gecə yatmayıb verilişinin ssenarisini əvvəlcədən yazırdı və səhərisi gün həmin ssenariylə çəkiliş edirdi. Yəni, daha montaja ehtiyac qalmırdı. Bu adam yorulmaq nədir, bilmirdi. Mən ona heyran qalmışdım. O, həm çəkilişə gedirdi, həm ssenari yazırdı, həm redaktor idi, həm də öz verilişlərinin aparıcısı idi. 

Şuşa Rayon XDS İcraiyyə Komitəsinin sədri (1988) rəhmətlik Mikayıl Gözəlov Adilin xətrini çox istəyirdi. Onun fəaliyyətindən olduqca məmnun idi. Mikayıl müəllim daşnak tör-töküntülərinin iç üzünün açılmasında əlindən gələni əsirgəməyən jurnalist Adil İrşadoğlunun normal fəaliyyəti üçün ona hər cür şərait yaratmışdı. Ancaq gecələr işıq sönəndə Adilin əhvalı xarab olurdu, ssenarisini oturub yaza bilmirdi. Mikayıl müəllimdən xahiş edirdi ki, "Ağdama gedən olanda tapşırın ki, mənə bir qutu şam alıb gətirsin". Yeri gəlmişkən, bildirim ki, Mikayıl Gözəlov Şuşa şəhərinin və Dağlıq Qarabağ ərazisindəki digər azərbaycanlı yaşayış məntəqələrinin müdafiəsi işinə rəhbərlik etmiş, bu yaşayış məntəqələrinin bütün problemlərinin həllində, sosial-iqtisadi inkişafında mühüm rol oynamışdır. 1989-cu ilin dekabr ayının 30-da Adil İrşadoğlunu evə, ailəsilə görüşməyə buraxdılar. Mən də 1990-cı il yanvarın 10-da Bakıya qayıtdım. Sonra isə Sovet rəhbərliyinin himayədarlığı ilə sovet dövlətinin hərb maşını tariximizin qanlı 20 yanvar faciəsini törətdi. 20 yanvar həm də xalqımızın şanlı səhifəsidir...

Xalqımızın fəxri, vüqarı sayılan Pənahəli xan Cavanşirin nəslindən olan jurnalist Adil İrşadoğlu Şuşadan qayıtdıqdan sonra bir müddət televiziyanın "Sənaye şöbəsi"nin müdiri işlədi. Ölkədə müharibə gedirdi, ancaq o boyda Dövlət Televiziyasıının hərblə bağlı bircə proqramı - "Hünər" verilişləri proqramı var idi. Adil Şöbə müdirliyini buraxdı, dövlət televiziyasının “Hərbi Vətənpərvərlik və Salnamə Baş Redaksiyası”nın təşkil olunmasında və fəaliyyət göstərməsində əlindən gələni əsirgəmədi. Fikri-zikri Qarabağda qalmışdı, Bakıda dözmədi, yenə könüllü cəbhəyə yollandı. 1996-ci ilin axırınadək cəbhənin müxtəlif bölgələrində oldu və tamaşaçıların intizarla gözlədikləri maraqlı verilişlər hazırlayıb efirdə göstərdi. Həmin verilişlər Adilin və onun çəkiliş qrupunun canı və qanı bahasına başa gəlmişdir. Onlar - Adil İrşadoğlu, Tahir Qarayev, Fikrət Hüseynov, Tofiq Ataxanoğlu, Ramiz Rüstəmov, Əlövsət Aslanov, Rövşən Əliyev Birinci Qarabağ müharibəsinin acı dəhşətlərini görmüş və həmin hadisələrin işıqlandırılmasında yaxından iştirak etmiş vətən fədailəridirlər. Adil İrşadoğlu çəkiliş qrupunun üzvləri ilə Ağdamın Güllücə, Ağdərənin Şıxarx (Cənubi Azərbaycanın Marağa bölgəsindən Qarabağa köçürülmış ermənilər Şixarxın adını dəyişib Marquşavan qoymuşdular), Goranboyun Gülüstan yaşayış qəsəbələri uğrunda gedən qanlı döyüşlərdə mühasirəyə düşmüş və igid əsgərlərimizin qəhrəmanlığı sayəsində mühasirədən qurtulmuşdur. Adil İrşadoğlu 1-ci Qarabağ müharibəsində düşmənlə üz-üzə döyüş səhnələrini çəkib veriliş hazırlayan və efirdə göstərən fərqli jurnalistdir. 

AzTv-də əhval-ruhiyyə dəyişdikcə, insanların da üzü dəyişirdi. Adil İrşadoğluna və digər milli vətənpərvər işçilərə qarşı haqsızlıq baş alıb gedirdi. Daxili gizli qüvvələr belə insanların normal fəaliyyətinə mane olurdular. Gah ön cəbhəyə getmək üçün icazə sənədini ləngidirdilər, gah videokamera çatışmırdı, gah ezamiyyət pulu vermirdilər, gah verilişi hazırlamaq üçün montaj stolu ayırmırdılar, gah da verilişin efirə getməyinə az qalmış onu efirdən çıxardırdılar... Mən özüm də teleşirkətdə çox təzyiqlərlə, haqsızlıqlarla üzləşmişəm. Adilə isə işləməyə heç imkan vermirdilər. O da məcbur olub 25 il (5 il ştatdankənar, 20 il ştatda) can qoyduğu, qəlbən seçdiyi və sevdiyi televiziyadan, Azərbaycanın yeganə televiziyasından ayrıldı, müstəqil jurnalist olaraq fəaliyyətini davam etdirdi.

Adil İrşadoğlu "Yeni dünya" qəzetinin baş redaktorunun birinci müavini, zamanında populyarlıq qazanmış "De Fakto" qəzetinin qurucusu və ilk baş redaktoru, "Çempion" adlı rəngli, 24 səhifəli, həftəlik idman qəzetinin baş məsləhətçisi, "Sara - ekspress" qəzetinin məsul katibi, "Olaylar" qəzetinin baş direktoru, "Şans" qəzetinin baş direktoru, "Novıy mir" qəzetinin redaktoru, Qarabağ Əlillər Cəmiyyətinin orqanı olan "Əlillər" qəzetinin məsul redaktoru, Qarabağ Azadlıq Təşkilatının orqanı olan "Azad Qarabağ" qəzetinin məsul redaktoru və Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının vitse - prezidenti işlədi. 17 saylı Yasamal 3-cü seçki dairəsi üzrə 29 saylı seçki məntəqəsində 4 dəfə seçki komissiyasının katibi oldu. O, Qarabağ Əlillər Cəmiyyətinin fəxri üzvü  seçildi.

Adil İrşadoğlu hazırda Azərbaycan Respublikasında Vətənpərvərlik mövzusunda fəaliyyət göstərən ilk internet televiziyanın - "İRŞAD - Teleradio Verilişləri, Sənədli və Bədii Filmlər Kompaniyası" Məhdud Məsuliyyətli Cəmiyyətin təsisçisi və direktoru, Jurnalist - Müharibə Veteranları Assosiasiyası sədrinin birinci müavinidir. İctimai əsaslarla işlədiyinə görə əmək pensiyasından başqa heç bir yerdən gəliri yoxdur. 50 ilə yaxındır ki, jurnalistlik fəaliyyətilə məşğuldur.

Bu gün onun 100 mindən çox oxucusu var. İnternetdə 1 saytı, sosial şəbəkələrdə rəngarəng və çox maraqlı səhifələri, 7 bloku, “YouTube”də 5 kanalı, “Facebook”da 10 səhifəsi və 7 qrupu, "Web.tv"də 1 kanalı fəaliyyətdədir. O, deyir ki, "Əlimdən alınan meydanı burada tapmışam". 

Ahıl jurnalist Adil İrşadoğlu İnternetin imkanlarından çox məharətlə istifadə edir. Yeni media platformasında, sahibi olduğu sayt, kanal və bloqlarında davamlı şəkildə Azərbaycan həqiqətlərini yayır. Bütün bunların sayəsində virtual aləmdə yüz mindən çox oxucu toplaya bilib. Buna görə də “Google” şirkəti onu "1 nömrəli bloqçu" adlandırıb.

Adil İrşadoğlu deyir ki, "Mən peşəkarlıq zirvəsinə vətənpərvərliyimlə, seçdiyim yola sədaqət, xarakterimdəki yorulmazlıq, məqsədyönlülük, topladığım böyük təcrübə sayəsində nail olmuşam. Hərəkətlərimdə ancaq humanizmə, ədalətə, obyektivliyə söykənmişəm. Hesab edirəm ki, Google da, Facebook da, Twitter də ciddi bir platformadır. Bu işə ciddi yanaşmaq lazımdır. İndi xəbərləşmək, xəbər paylaşmaq, məlumat almaq, ötürmək internetsiz çox çətindir. Bu, artıq cəmiyyəti məlumatlandırmanın yeni bir mərhələsidir". 

Adil İrşadoğlu bəzi yalançı, "işbaz" kabinet jurnalistləri kimi deyil. O, heç bir təmənna ummadan, Allahdan başqa heç kimdən qorxub-çəkinmədən vətənpərvərliyini öz işi ilə sübuta yetirən professional jurnalistdir. Açıq-aşkar deyə bilərəm ki, Vətən uğrunda könüllü heç bir fəaliyyəti olmayan, bir dəfə də olsun cəbhə bölgəsinə addım atmayan, yeri gəldikdə yüz cür cildə girərək dövlətdən nə gəldi qopartmağı bacaran, fəxri ad və ev alan əldəqayırma "jurnalist"lərdən fərqli olaraq Adilin səsinə səs verməyiblər. Əksinə, ona dövlətdən iş, fəxri ad və ev verilməsinə əngəl törədiblər. Onun ailəsinin çətin vəziyyətdə yaşamasına etinasız yanaşıblar. Halbuki elə adamlar qaranlıq karyera yüksəlişinə çatıblar ki, təəcüblənməyə bilmirsən. 

Adil İrşadoğlu deyir ki, "Dəfələrlə müraciətimə baxmayaraq dövlətimiz tərəfindən diqqət və qayğı görməmişəm. Yanımda həyat və iş təcribəsi keçib öyrənən, atalıq qayğısı göstərdiyim işçilərimdən fərqli olaraq fəxri ad almamışam, geniş mənzillə təmin olunmamışam. Nə bağım var, nə bostanım, bu darısqal evimdən başqa nə əlavə evim var, nə də avtomobilim, nə fəxri adım var, nə də medalım-ordenim. Prezident təqaüdü də almıram. Jurnalistlər üçün tikilib təhvil verilən 1-ci, 2-ci binadan mənə mənzil vermədilər. Çalışıram ki, tikilib hazır olan 3-cü binadan mənə də bir mənzil düşsün. Buna ehtiyacım böyükdür". 

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti hörmətli və sevimli Mehriban xanım, jurnalistikaya, ədəbiyyata, yaradıcı insanlara xüsusi diqqətinizi, onların problemlərinə hər zaman dəstək olduğunuzu nəzərə alaraq, Sizə ərkiyanə müraciət edirəm. Veteran televiziya və qəzet jurnalisti, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1980), 1-ci Qarabağ Müharibəsinin iştirakçısı (1988-1996), ahıl jurnalist Adil İrşadoğlu çətin şəraitdə, ağır sosial durumda yaşayır, səhhətində problemlər var. Onun bu durumu həmkarı və dostu kimi məni də ciddi narahat edir. Tanınmış jurnalist Adil İrşadoğlunun xidmətlərini nəzərə alaraq onun problemlərinə diqqət göstərməyinizi və həmin problemlərin aradan qaldırılmasını nəzarətə götürməyinizi xahiş edirəm. Sizə öncədən minnətdarlığımı bildirirəm.


Lətif Vəlizadə. 

Şair, yazıçı-publisist. 

Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1980), 

Azərbaycan Yazıçılar Birliyinin üzvü (1985).


24.08.2021. / 13-15.


24 Temmuz 2021 Cumartesi

NAMƏLUM MÜHARİBƏ SİLSİLƏSİNDƏN (3)

 İRAN SOVET SOSİALİST RESPUBLİKASI 



– IV QACAR-RUSİYA MÜHARİBƏSİNİN 100 İLLİYİNƏ HƏSR OLUNUB –

 

Bu yazımız Azərbaycan tarixinin ən qaranlıq səhifələrindən biri – 1920–1921-ci illərin Qacar–Rusiya müharibəsi barəsindədir.

Rusiya ilə əvvəlki müharibələr nəticəsində Qacarlar dövləti Azərbaycanın şimalını və bütün Qafqazı itirmişdi. O vaxt hələ heç kim təsəvvür belə edə bilməzdi ki, bu hadisə Azərbaycan xalqını gələcəkdə hansı faciələrə düçar edəcəkdir. 

 Müstəmləkəçilik siyasəti yürüdən çar hökuməti Şimali Azərbaycanın qərb bölgəsinə erməniləri köçürməklə buranı Türkiyə ilə Azərbaycan arasında bufer zonasına çevirdi...

 Lakin Rusiya imperiyası bununla kifayətlənmək niyyətində deyildi. Sözsüz ki, Rusiyanın əsas hədəfi Qacar məmləkətini işğal edib cənubda İran körfəzinin sahillərinə çıxmaq, şərqdə isə Hindistana mümkün qədər yaxınlaşmaq idi. Hətta 1917-ci ilin bolşevik çevrilişi belə, bu dövlətin xarici siyasətinin strategiyasını və əsas istiqamətlərini dəyişdirmədi.

1920-ci il aprelin 28-də sovet Rusiyası Azərbaycanı istila etdi. Bundan cəmi 19 gün sonra – mayın 17-də Fyodor Raskolnikovun (1892–1939) və Serqo Orconikidzenin (1886–1937) komandanlığı altında rus qırmızı ordusunun hissələri ağqvardiyaçıların apardıqları gəmiləri geri qaytarmaq bəhanəsi ilə İranın Gilan vilayətinə soxuldular. Onlar qısa müddət ərzində gəmiləri geri aldılar, lakin bu ölkəni tərk etməyə tələsmədilər...


Artıq 1920-ci il iyunun 5-də İranın Xəzəryanı ərazilərində Gilan Sovet Sosialist Respublikası elan edildi. Bu respublikaya aşağıdakı şəxslər rəhbərlik edirdilər:

 - hökumətin başçısı – islamçı Mirzə Küçük xan (1881–1921); 

- xarici işlər komissarı – bolşevik Seyid Cəfər Pişəvəri (1892–1947); 

- hərbi komissar – çar polkovniki və sovet komandiri Vasili Karqaleteli (1880–1946). 


1920-ci il avqustun 14-də sovet hərbi müşavirlərinin rəhbərlik etdikləri İran qırmızı ordusu Tehran istiqamətində hücuma keçdi. Lakin Qəzvin ətrafında şah qoşunlarının şiddətli müqaviməti ilə rastlaşan qırmızılar məğlub olub geri çəkildilər. Düşməni təqib edən Qacar ordusu Rəşt şəhərinə daxil oldu. Avqustun 23-də S.Orconikidzenin əmri ilə XI ordunun 28-ci atıcı diviziyasının 244-cü alayı təcili surətdə Rəştə göndərildi. Ağır döyüşlərdən sonra bolşeviklər şəhəri yenidən işğal etdilər. Cəbhə xətti sabitləşdi. 

 Haşiyə: 

 Maraqlıdır ki, qondarma “İran qırmızı ordusu”nun bir hissəsi ermənilərdən ibarət idi. Bədnam qonşularımız burada da Rusiya imperiyasının əlaltısı rolunda çıxış etdilər.

1921-ci il fevralın 21-də İranda baş nazir Fətulla xan Əkbərin hökumətinin istefaya göndərilməsi ilə nəticələnmiş dövlət çevrilişi baş verdi. Çevrilişin iki əsas rəhbərindən biri Rza Pəhləvi idi. Fevralın 26-da Sovet–İran dostluğu haqqında müqavilə imzalandı. 20 il sonra – 1941-ci ilin avqustunda İranın şimalına qoşun yeridən SSRİ öz hərəkətlərini məhz həmin müqavilənin VI maddəsi ilə əsaslandırmışdı.

 Qeyd: 

1915–1917-ci illərdə Rza Pəhləvinin komandiri olmuş peşəkar kəşfiyyatçı general Vladimir Maydel sözügedən hadisələrin baş verdiyi 1920–1921-ci illərdə Qırmızı Ordunun Baş Qərargahının, böyük ehtimalla, kəşfiyyat idarəsində xidmət etmişdir. 1917–1918-ci illərdə Pza Pəhləvinin komandiri olmuş general Georgi Klerje isə 1938-ci ildə yapon əks-kəşfiyyatı tərəfindən Çində həbs edilmiş və sovet hərbi kəşfiyyatı ilə əməkdaşlıqda ittiham olunaraq güllələnmişdir. Digər maraqlı məsələ budur ki, 1920-ci ilin oktyabrında Əhməd şah Qacar sovet dövlətinin tələbi ilə polkovnik Vsevolod Staroselskini İran kazak briqadasının komandiri vəzifəsindən kənarlaşdırmış, beləliklə, Rza Pəhləvi üçün yol açılmış və o, bu hərbi hissənin ilk iranlı komandiri olmuşdur. Apardığımız araşdırmanın nəticələri göstərir ki, İran kazak briqadasının Rusiya hərbi kəşfiyyatı ilə əlaqəsi olmayan yeganə komandiri məhz Vsevolod Staroselski idi.


1921-ci il iyunun 5-də Gilan SSR  İran Sovet Sosialist Respublikası adlandırıldı. Bundan bir neçə gün sonra qırmızılar yenidən Zəncan və Tehran istiqamətində irəliləməyə çalışdılar. Lakin Qacar ordusu onların bu həmləsini də dəf etdi.

1921-ci il fevralın 26-da bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq, həmin il sentyabrın 8-də Sovet Rusiyası öz qoşunlarını İran ərazisindən çıxardı. Zənnimizcə, bu addımın əsas səbəbi hərbi və ya siyasi uğursuzluqlar deyildi. Əksinə, Rusiya öz məqsədlərinin müəyyən bir hissəsinə nail olmuşdu. Bu, əslində, taktiki geriçəkilmə idi... 

Sentyabrın 29-da Gilan kommunistləri ilə Mirzə Küçük xanın tərəfdarları arasında toqquşmalar başladı. Mirzə Küçük xan Qacar hökuməti ilə danışıqlara başlamaq istəsə də, onun bu təklifi Gilan üzərinə hücuma hazırlaşan İran qoşunlarının komandanı Rza Pəhləvi tərəfindən rədd edildi. 1921-ci il noyabrın 2-də Qacar ordusu İranın Gilan üzərində suverenliyini bərpa etdi...

Qələbə ilə başa çatmasına baxmayaraq bu müharibə Qacarlar sülaləsi üçün əsl fəlakətə çevrildi. Davamlı mübarizə dövləti zəiflətdi və 1921-ci ilin 21 fevral çevrilişi üçün şərait yaratdı. Həmin çevrilişin iki əsas rəhbərindən biri – Rza xan Pəhləvi əvvəlcə ordu komandanı, 100 gün sonra isə baş nazir oldu. 1921-ci ilin iyunundan etibarən ölkədə real hakimiyyət onun əlində idi. 

1925-ci il dekabrın 12-də bu məsələ rəsmiləşdirildi. Beləliklə, əsası böyük hökmdar və alim Ağa Muhəmməd şah Qacar tərəfindən qoyulmuş Azərbaycan əsilli sülalə süquta uğradı...


---------

Müəllif:

Milli Kimlik Araşdırmaları 

qrupunun üzvü Araz Şəhrili.

24.07.2021.

 


20 Temmuz 2021 Salı

AZƏRBAYCAN CÜMHURİYYƏTİ DÖVRÜNDƏ ZƏNGƏZUR MÜZAKİRƏLƏRİ (1)


- Nəsiman Yaqublunun araşdırması -


Son günlərdə Zəngəzurun Azərbaycana məxsusluğu ilə bağlı ciddi faktlar səslənməkdədir. Bu bir həqiqətdir ki, Zəngəzur Azərbaycan torpağıdır və onun ermənilərə heç bir aidiyyatı yoxdur. Bununla əlaqədar Azərbaycan Cümhuriyyəti dövrünə aid çoxlu sayda arxivlərdən topladığım, Zəngəzurun Azərbaycana aid olduğunu sübut edən sənədləri imkan olduqca oxuculara təqdim edəcəyəm.


Azərbaycan Nazirlər Şurasının sədri Fətəli xan Xoyskinin fəaliyyətində Zəngəzur məsələsi


 Nazirlər Şurasının sədri F.X.Xoyski parlamentin 1918-ci ilin dekabrın 20-də keçirilən 4-cü  fövqəladə iclasında Qarabağ və Zəngəzurda Andronik ordularının hərəkətləri haqqında məlumat verdi. O, çıxışında dedi: “Zəngəzur əhvalatı təzə bir şey deyil. Bu, çoxdan başlamış bir işdir. Burada oturan məbuslara məlumdur ki, vaxtilə bir para ermənilər tərəfindən Qarabağ haqqında bir məsələ qaldırılmış idi. Hələ iyul ayında Andronik başına bir dəstə çətəçi yığaraq İrəvan quberniyasından Gəncə quberniyasının hüduduna keçdi. Burasını deməliyəm ki, Andronik Türkiyə təbəəsidir(vətəndaşıdır). O vaxt Azərbaycan hökuməti hələ Gəncədə ikən erməni hökumətinə müraciətlə isti cavab etmişdir ki, Andronik sizin tərəfinizdən bu işi görür, yoxsa bu hərəkətlər onun öz təşəbbüsüdürmü və onun qoşunları erməni hökumətinə tabedirmi, yoxsa onun hərəkətləri, şəxsi təşəbbüsləri və adi üsyan kimidrmi? Erməni hökuməti cavab verdi ki, Andronikin erməni hökuməti ilə heç bir əlaqəsi yoxdur, özü də bir asidir. Erməni hökuməti özü də onun rədd edilməsini və üsyanın yatırılmasını istəyir. Fəqət gücü yoxdur, iş görə bilmir”.

 F.X.Xoyski çıxışında qeyd etdi ki, Azərbaycan əskəri qüvvələri Bakını azad etməklə məşğul olduğundan, Andronikin Zəngəzurdakı vəhşiliklərinin qarşısını ala bilmirdi. Sentyabrda Bakı alınandan sonra Androniki Şuşa qəzasından və Zəngəzur mahalından qovmaq mümkün oldu. Noyabrın 20 və 23-dən sonra Andronik yenə peyda oldu. F.X.Xoyski bu məsələlərlə bağlı ingilis hərbi qüvvələrinin komandanı  general Tomsonu məlumatlandırdığını, onun isə dərhal tədbirlər görməyin vacibliyini söylədiyini qeyd edir. F.X.Xoyski çıxışında Andronikin başçılıq etdiyi quldur dəstələrinin planlarını açıqladı: “Aşkar fikirləri budur ki, Zəngəzur və Şuşa qəzalarını Azərbaycandan ayırıb, Ermənistana birləşdirsinlər”. F.X.Xoyski qətiyyətlə bildirir: “...Biz var qüvvəmizlə Azərbaycanın hüququnu müdafiə edəcək və heç kəsə yol verməyəcəyik ki, kənardan gələnlər Azərbaycanın hüququna təcavüz etsinlər”.


 Azərbaycanın ilk Hərbi naziri, Qarabağın general-qubernatoru Xosrov bəy Sultanovun yazışmalarında Zəngəzur problemi 


X.Sultanov Qarabağın general-qubernatoru vəzifəsinə başlayarkən xalqa müraciət ünvanladı. Həmin müraciətdə o, başçılıq edəcəyi qurumun fəaliyyəti haqqında xalqı bilgiləndirdi.

1919-cu ilin 11 fevralında “Azərbaycan” qəzetində çap olunan  bir yazı belə adlanırdı: “Müvəqqəti general-qubernator X.Sultanovun Zəngəzur, Şuşa, Cavanşir və Cəbrayıl qəzalarının əhalisinə müraciəti”.

 Müraciətdə yazılırdı: “Azərbaycan hökumətinin yanvar ayı qərarı ilə Zəngəzur, Şuşa, Cavanşir və Cəbrayıl qəzaları xüsusi general-qubernatorluğa ayrılmışdır. Bu fövqəladə tədbirlər fövqəladə vəziyyətdən irəli gəlmişdir. Azərbaycanın təqribən yarısında, onun ən yaxşı hissəsi – 4 qəza artıq bir ilə yaxındır ki, anarxiya ucbatından dağılır. Şəxsi firavanlığı yüksək ideal sayan məsuliyyətsiz elementlərin rəhbərliyi altında olan bandalar diyarı viranə qoyur; kəndləri yandırır, əhalini qırır, on minlərlə yurdsuz-yuvasız qadın və uşaq qaçqın düşmüşdür, yuxarıda göstərilən elementlər milli ədavət yayırlar. Əhalidən ümumi siyasi vəziyyət gizlədilir. Bu şəxslər öz şəxsi mənafelərini güdür, öz cəhdlərini partiya ideya forması donuna salırlar.

 Öz həyatını xalqa xidmətə sərf etmiş ictimai xadim kimi mən milli mənsubiyyətindən asılı olmayaraq hamıya eyni münasibət göstərməyi, ciddi ədalət və qanunçuluq mövqeyində dayanmağı hakimiyyətin borcu sayıram. Azərbaycanın müstəqilliyi, ərazi toxunulmazlığı, şəxsiyyətin ciddi məsuliyyəti və əmlak toxunulmazlığı – diyarın həyatı bu əsaslar üzərində qurulacaqdır” .

 X.Sultanov general-qubernator vəzifəsinə başlayanda bölgədə acınacaqlı durum var idi. Onun 1919-cu ilin fevralın 15, 16, və 17-də qəza rəisləri və ictimai xadimlərinin iştirakı ilə keçirdiyi ümumbölgə müşavirəsində məlum olurdu ki, indiyədək Zəngəzurda 166 kənd dağıdılmış, onların əhalisinin 30 faizi məhv edilmişdir. Bu müşavirədə Andronikin silahlı dəstəsinin bölgədən çıxarılması qəti olaraq qərara alındı.

 X.Sultanovun 1919-cu ilin 26 iyulunda ŞuşadanS.Mehmandarova göndərdiyi 3743 saylı məlumatda Naxçıvanla kommunikasiyanın təminatı üçün Zəngəzura qoşun göndərib, Bazarçay kəndinin alınması qeyd olunurdu. Həmin məlumatdan: “Zəngəzurla Naxçıvanın əlaqəsi probleminin həll edilməsi ancaq Zəngəzurda hərbi hissələrin gücləndirilməsi ilə mümkündür. Bu haqda mən Sizinlə şəxsən danışdım və Siz də razılaşdınız. Bu məsələni indi əlverişli bir məqamda, maldarlar dağlarda, ermənilərdən arxada olarkən, qan tökmədən həll etmək olar. Bazarçay yaxınlığında olan Qızıl Boğaz və Bazarçay yerlərini tutmaqla, buradakı malakan əhalisi Azərbaycan hakimiyyətini tanımağa hazırdır. Və bundan ötrü onlar öz nümayəndələrini Xalq milisinin rəisi Sultanovun yanına göndərmişlər. Və məsələ bununla da öz-özlüyündə həll edilir.

Odur ki, cənab əlahəzrət, hərbi hissə dəstələrinin Xalq milisi dəstələri ilə birgə Bazarçay kəndini almaq üçün Sizin sərəncam verməyinizi xahiş edirəm.

Aldığım məlumata görə, Mərcanlı maldarları döyüşçülərimiz üçün bir neçə yüz buynuzlu heyvan verməyə razılaşıblar. General-qubernator X.Sultanov”.

 X.Sultanovun və T.Novruzovun N.Yusifbəyliyə ermənilərin Zəngəzurda bütün cəbhə istiqamətində hücuma hazırlaşdıqları ilə bağlı teleqramı  1920-ci ilin martın 23-də Şuşadan göndərilmişdi. Teleqramda bildirilirdi: “Zəngəzur  qəzasının rəisindən indi aldığım məlumatın məzmununu çatdırıram: “Ermənilər bütün cəbhə boyunca ciddi kəşfiyyat aparırlar. Etibarlı məlumatlara görə, bütün cəbhə istiqamətində hücuma hazırlaşırlar. Onların başlıca məqsədi Qarabağla birləşməkdir. Partizan dəstəsinin komandiri təcili olaraq əlli min türk, iki yüz min rus, əlli min lebelev, on beş min ingilis, iki yüz min Berdanoklu güllə  göndərməyi xahiş edir. Göndərilən güllələr ancaq bir döyüşə kifayət edəcək. Xahiş edirik general Şıxlinskinin vəd etdiyi dağ-batareya piyada alayının göndərilməsinə sərəncam verəsiniz. General-qubernator X.Sultanov; dəstə  rəisi general Novruzov”

1920-ci ilin martın 31-də  X.Sultanovun və K.Əliverdiyevin M.Vəkilova Şuşada, Xankəndində, Əskəranda ağır vəziyyət və təcili köməklə bağlı digər teleqramında bildirilirdi: “Sizin 28 martda olan gizli məlumatınıza uyğun olaraq 29-da səhər Əskərana hücum gözləyirdik. Gizli məlumatdakı təxmini gözləntiyə görə hücum Xankəndi tərəfdən başladı. Bizə məlum olmayan səbəbə görə, Əskəran bu günə qədər alınmayıb. Dünən cəbhədən aldığımız məlumata görə, Zəngəzur erməniləri Bağırbəyli kəndini, Qarabağ erməniləri isə Müsəlmanlar kəndini ələ keçiriblər. Beləliklə, zəngəzurlularla qarabağlılar arasında əlaqə yaranıb. Bu gün, yaxud sabah, saat 10-a qədər gözləmək lazımdır. Səhər Şuşaya, yaxud Şuşadan keçib erməni yaşayış yerlərindən birbaşa Xankəndi və Əskərana gedilməlidir. Bütün əhali səfərbər və təşkil edilib, ermənilərin hərəkətinin qarşısının alınması və müdafiə üçün lazım olan yerlər tutulub. Əgər kömək bir gün gecikərsə, o artıq kömək olmayacaq. Təcili cavab gözləyirəm.

Bundan əlavə, bizdə bütün güllələr qurtarıb. Partizanlar üçün güllə yoxdur. Xankəndi anbarından 150 min üçxətli və 50 min mauzerin ayrılması ilə bağlı təcili sərəncam verməyinizi xahiş edirəm. General-qubernator Sultanov. Parlament üzvü Əliverdiyev”.

 Azərbaycanın Ermənistandakı diplomatik nümayəndəsi Təkinskinin Yerevandan 1919-cu ilin 26 iyununda Azərbaycanın Xarici İşlər naziri M.Y.Cəfərova göndərdiyi 1874 saylı məlumatda qeyd olunurdu: “1919-cu ilin 25 iyununda mən Ermənistan Respublikasının Xarici İşlər nazirliyinə 224 saylı nota təqdim etdim: “Hökumətimin tapşırığı ilə Sizə bildirirəm ki, Sultanov Azərbaycan Respublikasının 15 yanvar 1919-cu il qərarı ilə Azərbaycan Respublikasının mübahisəsiz və ayrılmaz hissəsi olan Zəngəzur, Cəbrayıl və Cavanşir qəzalarının general-qubernatoru təyin edilib və aprelin 3-də rəsmi tanınıb. Odur ki, Sultanovun fəaliyyəti, yaxud Azərbaycan qoşunlarının qeyd etdiyimiz bölgələrdə yerləşməsinə erməni respublikasının hər formada etirazı Azərbaycan Respublikasının daxili işlərinə qarışmaq kimi qəbul edilir. Qarabağın general-qubernatoru Sultanov enerjili tədbirləri ilə Şuşa rayonunda qayda yaratmış və həyat öz axarı ilə davam edir. Xahiş edirəm, mənim inamım və Sizə olan hörmətimi qəbul edəsiniz. Diplomatik nümayəndə Təkinski”.


moderator.az 

20 İyul 2021. / 10-22.