- Nəsiman Yaqublunun araşdırması -
Son günlərdə Zəngəzurun Azərbaycana məxsusluğu ilə bağlı ciddi faktlar səslənməkdədir. Bu bir həqiqətdir ki, Zəngəzur Azərbaycan torpağıdır və onun ermənilərə heç bir aidiyyatı yoxdur. Bununla əlaqədar Azərbaycan Cümhuriyyəti dövrünə aid çoxlu sayda arxivlərdən topladığım, Zəngəzurun Azərbaycana aid olduğunu sübut edən sənədləri imkan olduqca oxuculara təqdim edəcəyəm.
Azərbaycan Nazirlər Şurasının sədri Fətəli xan Xoyskinin fəaliyyətində Zəngəzur məsələsi
Nazirlər Şurasının sədri F.X.Xoyski parlamentin 1918-ci ilin dekabrın 20-də keçirilən 4-cü fövqəladə iclasında Qarabağ və Zəngəzurda Andronik ordularının hərəkətləri haqqında məlumat verdi. O, çıxışında dedi: “Zəngəzur əhvalatı təzə bir şey deyil. Bu, çoxdan başlamış bir işdir. Burada oturan məbuslara məlumdur ki, vaxtilə bir para ermənilər tərəfindən Qarabağ haqqında bir məsələ qaldırılmış idi. Hələ iyul ayında Andronik başına bir dəstə çətəçi yığaraq İrəvan quberniyasından Gəncə quberniyasının hüduduna keçdi. Burasını deməliyəm ki, Andronik Türkiyə təbəəsidir(vətəndaşıdır). O vaxt Azərbaycan hökuməti hələ Gəncədə ikən erməni hökumətinə müraciətlə isti cavab etmişdir ki, Andronik sizin tərəfinizdən bu işi görür, yoxsa bu hərəkətlər onun öz təşəbbüsüdürmü və onun qoşunları erməni hökumətinə tabedirmi, yoxsa onun hərəkətləri, şəxsi təşəbbüsləri və adi üsyan kimidrmi? Erməni hökuməti cavab verdi ki, Andronikin erməni hökuməti ilə heç bir əlaqəsi yoxdur, özü də bir asidir. Erməni hökuməti özü də onun rədd edilməsini və üsyanın yatırılmasını istəyir. Fəqət gücü yoxdur, iş görə bilmir”.
F.X.Xoyski çıxışında qeyd etdi ki, Azərbaycan əskəri qüvvələri Bakını azad etməklə məşğul olduğundan, Andronikin Zəngəzurdakı vəhşiliklərinin qarşısını ala bilmirdi. Sentyabrda Bakı alınandan sonra Androniki Şuşa qəzasından və Zəngəzur mahalından qovmaq mümkün oldu. Noyabrın 20 və 23-dən sonra Andronik yenə peyda oldu. F.X.Xoyski bu məsələlərlə bağlı ingilis hərbi qüvvələrinin komandanı general Tomsonu məlumatlandırdığını, onun isə dərhal tədbirlər görməyin vacibliyini söylədiyini qeyd edir. F.X.Xoyski çıxışında Andronikin başçılıq etdiyi quldur dəstələrinin planlarını açıqladı: “Aşkar fikirləri budur ki, Zəngəzur və Şuşa qəzalarını Azərbaycandan ayırıb, Ermənistana birləşdirsinlər”. F.X.Xoyski qətiyyətlə bildirir: “...Biz var qüvvəmizlə Azərbaycanın hüququnu müdafiə edəcək və heç kəsə yol verməyəcəyik ki, kənardan gələnlər Azərbaycanın hüququna təcavüz etsinlər”.
Azərbaycanın ilk Hərbi naziri, Qarabağın general-qubernatoru Xosrov bəy Sultanovun yazışmalarında Zəngəzur problemi
X.Sultanov Qarabağın general-qubernatoru vəzifəsinə başlayarkən xalqa müraciət ünvanladı. Həmin müraciətdə o, başçılıq edəcəyi qurumun fəaliyyəti haqqında xalqı bilgiləndirdi.
1919-cu ilin 11 fevralında “Azərbaycan” qəzetində çap olunan bir yazı belə adlanırdı: “Müvəqqəti general-qubernator X.Sultanovun Zəngəzur, Şuşa, Cavanşir və Cəbrayıl qəzalarının əhalisinə müraciəti”.
Müraciətdə yazılırdı: “Azərbaycan hökumətinin yanvar ayı qərarı ilə Zəngəzur, Şuşa, Cavanşir və Cəbrayıl qəzaları xüsusi general-qubernatorluğa ayrılmışdır. Bu fövqəladə tədbirlər fövqəladə vəziyyətdən irəli gəlmişdir. Azərbaycanın təqribən yarısında, onun ən yaxşı hissəsi – 4 qəza artıq bir ilə yaxındır ki, anarxiya ucbatından dağılır. Şəxsi firavanlığı yüksək ideal sayan məsuliyyətsiz elementlərin rəhbərliyi altında olan bandalar diyarı viranə qoyur; kəndləri yandırır, əhalini qırır, on minlərlə yurdsuz-yuvasız qadın və uşaq qaçqın düşmüşdür, yuxarıda göstərilən elementlər milli ədavət yayırlar. Əhalidən ümumi siyasi vəziyyət gizlədilir. Bu şəxslər öz şəxsi mənafelərini güdür, öz cəhdlərini partiya ideya forması donuna salırlar.
Öz həyatını xalqa xidmətə sərf etmiş ictimai xadim kimi mən milli mənsubiyyətindən asılı olmayaraq hamıya eyni münasibət göstərməyi, ciddi ədalət və qanunçuluq mövqeyində dayanmağı hakimiyyətin borcu sayıram. Azərbaycanın müstəqilliyi, ərazi toxunulmazlığı, şəxsiyyətin ciddi məsuliyyəti və əmlak toxunulmazlığı – diyarın həyatı bu əsaslar üzərində qurulacaqdır” .
X.Sultanov general-qubernator vəzifəsinə başlayanda bölgədə acınacaqlı durum var idi. Onun 1919-cu ilin fevralın 15, 16, və 17-də qəza rəisləri və ictimai xadimlərinin iştirakı ilə keçirdiyi ümumbölgə müşavirəsində məlum olurdu ki, indiyədək Zəngəzurda 166 kənd dağıdılmış, onların əhalisinin 30 faizi məhv edilmişdir. Bu müşavirədə Andronikin silahlı dəstəsinin bölgədən çıxarılması qəti olaraq qərara alındı.
X.Sultanovun 1919-cu ilin 26 iyulunda ŞuşadanS.Mehmandarova göndərdiyi 3743 saylı məlumatda Naxçıvanla kommunikasiyanın təminatı üçün Zəngəzura qoşun göndərib, Bazarçay kəndinin alınması qeyd olunurdu. Həmin məlumatdan: “Zəngəzurla Naxçıvanın əlaqəsi probleminin həll edilməsi ancaq Zəngəzurda hərbi hissələrin gücləndirilməsi ilə mümkündür. Bu haqda mən Sizinlə şəxsən danışdım və Siz də razılaşdınız. Bu məsələni indi əlverişli bir məqamda, maldarlar dağlarda, ermənilərdən arxada olarkən, qan tökmədən həll etmək olar. Bazarçay yaxınlığında olan Qızıl Boğaz və Bazarçay yerlərini tutmaqla, buradakı malakan əhalisi Azərbaycan hakimiyyətini tanımağa hazırdır. Və bundan ötrü onlar öz nümayəndələrini Xalq milisinin rəisi Sultanovun yanına göndərmişlər. Və məsələ bununla da öz-özlüyündə həll edilir.
Odur ki, cənab əlahəzrət, hərbi hissə dəstələrinin Xalq milisi dəstələri ilə birgə Bazarçay kəndini almaq üçün Sizin sərəncam verməyinizi xahiş edirəm.
Aldığım məlumata görə, Mərcanlı maldarları döyüşçülərimiz üçün bir neçə yüz buynuzlu heyvan verməyə razılaşıblar. General-qubernator X.Sultanov”.
X.Sultanovun və T.Novruzovun N.Yusifbəyliyə ermənilərin Zəngəzurda bütün cəbhə istiqamətində hücuma hazırlaşdıqları ilə bağlı teleqramı 1920-ci ilin martın 23-də Şuşadan göndərilmişdi. Teleqramda bildirilirdi: “Zəngəzur qəzasının rəisindən indi aldığım məlumatın məzmununu çatdırıram: “Ermənilər bütün cəbhə boyunca ciddi kəşfiyyat aparırlar. Etibarlı məlumatlara görə, bütün cəbhə istiqamətində hücuma hazırlaşırlar. Onların başlıca məqsədi Qarabağla birləşməkdir. Partizan dəstəsinin komandiri təcili olaraq əlli min türk, iki yüz min rus, əlli min lebelev, on beş min ingilis, iki yüz min Berdanoklu güllə göndərməyi xahiş edir. Göndərilən güllələr ancaq bir döyüşə kifayət edəcək. Xahiş edirik general Şıxlinskinin vəd etdiyi dağ-batareya piyada alayının göndərilməsinə sərəncam verəsiniz. General-qubernator X.Sultanov; dəstə rəisi general Novruzov”
1920-ci ilin martın 31-də X.Sultanovun və K.Əliverdiyevin M.Vəkilova Şuşada, Xankəndində, Əskəranda ağır vəziyyət və təcili köməklə bağlı digər teleqramında bildirilirdi: “Sizin 28 martda olan gizli məlumatınıza uyğun olaraq 29-da səhər Əskərana hücum gözləyirdik. Gizli məlumatdakı təxmini gözləntiyə görə hücum Xankəndi tərəfdən başladı. Bizə məlum olmayan səbəbə görə, Əskəran bu günə qədər alınmayıb. Dünən cəbhədən aldığımız məlumata görə, Zəngəzur erməniləri Bağırbəyli kəndini, Qarabağ erməniləri isə Müsəlmanlar kəndini ələ keçiriblər. Beləliklə, zəngəzurlularla qarabağlılar arasında əlaqə yaranıb. Bu gün, yaxud sabah, saat 10-a qədər gözləmək lazımdır. Səhər Şuşaya, yaxud Şuşadan keçib erməni yaşayış yerlərindən birbaşa Xankəndi və Əskərana gedilməlidir. Bütün əhali səfərbər və təşkil edilib, ermənilərin hərəkətinin qarşısının alınması və müdafiə üçün lazım olan yerlər tutulub. Əgər kömək bir gün gecikərsə, o artıq kömək olmayacaq. Təcili cavab gözləyirəm.
Bundan əlavə, bizdə bütün güllələr qurtarıb. Partizanlar üçün güllə yoxdur. Xankəndi anbarından 150 min üçxətli və 50 min mauzerin ayrılması ilə bağlı təcili sərəncam verməyinizi xahiş edirəm. General-qubernator Sultanov. Parlament üzvü Əliverdiyev”.
Azərbaycanın Ermənistandakı diplomatik nümayəndəsi Təkinskinin Yerevandan 1919-cu ilin 26 iyununda Azərbaycanın Xarici İşlər naziri M.Y.Cəfərova göndərdiyi 1874 saylı məlumatda qeyd olunurdu: “1919-cu ilin 25 iyununda mən Ermənistan Respublikasının Xarici İşlər nazirliyinə 224 saylı nota təqdim etdim: “Hökumətimin tapşırığı ilə Sizə bildirirəm ki, Sultanov Azərbaycan Respublikasının 15 yanvar 1919-cu il qərarı ilə Azərbaycan Respublikasının mübahisəsiz və ayrılmaz hissəsi olan Zəngəzur, Cəbrayıl və Cavanşir qəzalarının general-qubernatoru təyin edilib və aprelin 3-də rəsmi tanınıb. Odur ki, Sultanovun fəaliyyəti, yaxud Azərbaycan qoşunlarının qeyd etdiyimiz bölgələrdə yerləşməsinə erməni respublikasının hər formada etirazı Azərbaycan Respublikasının daxili işlərinə qarışmaq kimi qəbul edilir. Qarabağın general-qubernatoru Sultanov enerjili tədbirləri ilə Şuşa rayonunda qayda yaratmış və həyat öz axarı ilə davam edir. Xahiş edirəm, mənim inamım və Sizə olan hörmətimi qəbul edəsiniz. Diplomatik nümayəndə Təkinski”.
moderator.az
20 İyul 2021. / 10-22.
Hiç yorum yok:
Yorum Gönder