– RZA ŞAH PƏHLƏVİ HAKİMİYYƏTƏ NECƏ GƏLMİŞDİR? –
II HİSSƏ
1925-ci il oktyabrın 31-də İran kazak briqadasının on üçüncü komandiri Rza Pəhləvi Qacarlar sülaləsini devirdi. İranda Pəhləvilər sülaləsi hakimiyyətə gəldi.
Rza şah Pəhləvinin 1894-cü ildən 1920-ci ilədək xidmət etdiyi İran kazak briqadası 1879-cu ildə Rusiya hərbi kəşfiyyatı tərəfindən yaradılmış hərbi struktur idi.
Rusiya dövləti Nəsirəddin şah Qacarı (1831–1896) kazak briqadasının təşkilinə razı salmaq üçün aşağıdakı taktiki gedişləri etmişdi:
- əvvəlcə Rusiya hərbi kəşfiyyatının Tehrandakı nümayəndəsi məxfi müşavir Zinovyev bir neçə dəfə şahın qəbulunda olmuş, kazaklardan söz açıb onları rus çarının dayağı kimi tərifləmiş, kazak hissələrinin yüksək döyüş keyfiyyətləri, nizam-intizamı barədə danışmış, bu yolla Nəsirəddin şah Qacara təsir göstərmişdi.
- sonra 1878-ci ildə Avropaya səfər edən Nəsirəddin şah İrəvandan keçərkən onun şərəfinə nümunəvi kazak alayının rəsmi keçidi təşkil olunmuşdu. Şah rus kazaklarının sıra hazırlığına, silahla rəftarına və atsürmə məharətinə valeh olmuş, onun bu heyranlığı rus zabitlərinin də nəzərindən yayınmamışdı.
- Nəsirəddin şahı müşayiət edən ruslar münasib şəraitin yetişdiyini hiss edib onun diqqətinə çatdırmışdılar ki, Rusiya imperiyası belə bir hərbi hissənin yaradılmasında Qacar dövlətinə hər cür yardım göstərməyə hazırdır.
- təsir altında olan Nəsirəddin şah Qacar şifahi razılıq verən kimi ona müqavilənin mətni təqdim olunmuş və imzalanma mərasimi keçirilmişdi. Şah səhv etdiyini sonradan anlasa da, necə deyərlər, artıq iş işdən keçmişdi.
Təsis edildiyi gündən İran kazak briqadası Rusiya hərbi kəşfiyyatının rezidenturası rolunu oynamağa başladı. 1920-ci ilədək bu briqadanın bütün komandirləri rus zabitləri olmuşlar:
1) Briqadanın birinci komandiri (1879–1882) süvari generalı Aleksey İvanoviç Domontoviç (1846–1909) bu vəzifəyə təyin edilənədək Qafqaz hərbi dairəsində xüsusi tapşırıqlar üzrə qərargah zabiti olmuşdur.
2) Briqadanın ikinci komandiri (1883–1885) general-mayor Pyotr Vladimiroviç Çarkovski 1879-cu ildə çarın əmri ilə mülki vəzifəyə keçirilərək Türkiyənin Trabzon şəhərindəki rus konsulluğuna ştatdankənar katib təyin edilmiş, dörd il sonra yenidən hərbi xidmətə qaytarılıb İrana ezam olunmuşdur.
3) Briqadanın üçüncü komandiri (1885–1891) general-leytenant Aleksandr Nikolayeviç Kuzmin-Karavayev (1862–1923) Qafqaz hərbi dairəsində tapşırıqlar üzrə ober-zabit, xüsusi tapşırıqlar üzrə qərargah zabiti və kiçik kargüzar olmuş, uzun illər Asiya ölkələrində hərbi kəşfiyyatçı missiyasını yerinə yetirmişdir. O, Cənubi Qafqaz, İran və Əfqanıstan üzrə mütəxəssis idi. 1918-ci ildə könüllü şəkildə bolşeviklərin tərəfinə keçmiş, 1920-ci ilədək Qırmızı Orduda xidmət etmiş, sonra Yuqoslaviyaya köçmüş və orada vəfat etmişdir.
4) Briqadanın dördüncü komandiri (1891–1894) polkovnik Aleksandr Konstantinoviç Şneur (1884–1977) daşnak Ermənistanının hərbi kəşfiyyat bölməsinin ilk rəisi olmuşdur.
5) Briqadanın beşinci komandiri (1894–1903) general-leytenant Vladimir Andreyeviç Kosoqovski (1857–1918) 1889-cu ildə Qafqaz hərbi dairəsinin qərargahında tapşırıqlar üzrə ober-zabit, 1890-cı ildə Semireçensk (Qazaxıstan) vilayətindəki qoşunların komandanı yanında xüsusi tapşırıqlar üzrə qərargah zabiti, 1890–1894-cü illərdə Qafqaz hərbi dairəsində tapşırıqlar üzrə qərargah zabiti olmuşdur. O, hərbi şərqşünas və təcrübəli kəşfiyyatçı idi. V.Kosoqovski yalnız hərbi-siyasi məsələləri öyrənməklə kifayətlənmir, ipək istehsalı, Tehranın su təchizatı və kanalizasiya sistemi haqqında məlumatlar toplayırdı. Onun İrandan göndərdiyi kəşfiyyat informasiyasına yüksək qiymət verilirdi. Rus ordusunun İrandan o vaxt Böyük Britaniyanın müstəmləkəsi olan Hindistana yürüş planı da V.Kosoqovski tərəfindən diqqətlə işlənmiş, qüvvələrin mümkün hərəkət marşrutları, su maneələrinin dəf olunacağı yerlər, bu zaman istifadə ediləcək vasitələr, ordunun arxa təminatı kimi məsələlərə xüsusi diqqət yetirilmişdir. V.Kosoqovski 1918-ci ildə bolşeviklər tərəfindən güllələnmişdir.
6) Briqadanın altıncı komandiri (1903–1906) general-leytenant Fyodor Qriqoryeviç Çernozubov (1863–1919) 1894–1897-ci illərdə xüsusi tapşırıqlar üzrə qərargah zabiti, 1900–1903-cü illərdə Qafqaz hərbi dairəsinin komandanının sərəncamında olmuşdur. 1918–1919-cu illərdə Denikin ordusunda bolşeviklərə qarşı döyüşmüş, öz əcəli ilə vəfat etmişdir. O, hərbi kəşfiyyata dair bir neçə məqalənin müəllifi idi.
7) Briqadanın yeddinci komandiri (1906–1909) general-leytenant Vladimir Platonoviç Lyaxov (1869–1920) 1900–1904-cü illərdə Qafqaz hərbi dairəsində tapşırıqlar üzrə qərargah zabiti vəzifəsində xidmət etmişdir.
8) Briqadanın səkkizinci komandiri (1909–1914) general-leytenant Nikolay Petroviç Vadbolski (1869–1944) 1905–1907-ci illərdə Uzaq Şərqdə ordu qərargahının general-kvartirmeyster idarəsində xidmət etmişdir. Bu idarə digər məsələlərlə yanaşı kəşfiyyat işinin təşkili ilə də məşğul olurdu. Xatırladaq ki, Azərbaycan Xalq Cümhuriyyətinin xüsusi xidmət orqanları (Kəşfiyyat və əks-kəşfiyyat bölməsi) 1919-cu il martın 28-də məhz Hərbi Nazirliyin Baş Qərargahının general-kvartirmeyster şöbəsinin nəzdində yaradılmışdır.
9) Briqadanın doqquzuncu komandiri (1914–1915) polkovnik Nikolay Vasilyeviç Prozorkeviç, bir məlumata görə, hərbi kəşfiyyatçı olmuşdur.
10) Briqadanın onuncu komandiri (1915–1917) general baron Vladimir Nikolayeviç Maydel (1864–?) 1894–1896-cı illərdə Zakaspi vilayətinin qərargahında tapşırıqlar üzrə ober-zabit, 1898-ci ildə isə 9-cu ordu korpusunun qərargahında xüsusi tapşırıqlar üzrə ober-zabit olmuş, 1918-ci ildə könüllü şəkildə bolşeviklərin tərəfinə keçmiş, 1919–1920-ci illərdə Qırmızı Ordunun Baş Qərargahında xidmət etmiş, 1921–1930-cu illərdə hərbi məktəblərdə tədrislə məşğul olmuşdur. 1930-cu ildən sonrakı taleyi məlum deyil.
11) Briqadanın on birinci komandiri (1917–1918) Georqi İosifoviç Klerje (1883–1938) 1909–1917-ci illərdə Qafqaz hərbi dairəsinin və 1-ci Qafqaz korpusunun qərargahlarında tapşırıqlar üzrə ober-zabit, Baş qərargahın baş idarəsinin kargüzarı olmuş, 1919–1921-ci illərdə vətəndaş müharibəsində iştirak etmiş, ağqvardiyaçı admiral Kolçakın ordusunun Baş Qərargahı yanında Məlumatlandırma idarəsinin rəisi vəzifəsinə, general rütbəsinə yüksəlmişdir. 1921-ci ildə Çinə mühacirət etmiş, 1922–1927-ci illərdə çinli marşal Zhang Zuolinin hərbi müşaviri, 1931–1933-cü illərdə gündəlik “Mukden” qəzetinin baş redaktoru olmuşdur. 1938-ci ildə G.İ.Klerje yapon əks-kəşfiyyatı tərəfindən həbs olunmuş və ehtimala görə sovet kəşfiyyatı ilə əməkdaşlıqda ittiham edilərək güllələnmişdir.
12) Bakı qubernatoru general-leytenant Dmitri Semyonoviç Staroselskinin (onun qubernatorluğu dövründə Bakıda ilk qadın gimnaziyası açılmış, Azərbaycan dilində ilk qəzet olan “Əkinçi” nəşr edilmişdi) oğlu, kazak briqadasının on ikinci komandiri (1918–1920) polkovnik Vsevolod Dmitriyeviç Staroselski (1875–1935) isə, zənnimizcə, Rusiya və ya sovet xüsusi xidmət orqanları ilə əlaqəli deyildi. O, 1918-ci ilin əvvəllərində vətəndaş müharibəsindən qaçıb İrana getmiş və burada Əhməd şah Qacar bu rus zabitini briqadaya komandir təyin etmişdi. Əhməd şah 1920-ci ilin oktyabrında sovet dövlətinin tələbi ilə V.Staroselskini vəzifəsindən kənarlaşdırmış, beləliklə, Rza Pəhləvi üçün yol açılmış və o, kazak briqadasının ilk iranlı komandiri olmuşdur.
Bu zabitlərin əksəriyyətinin hərbi kəşfiyyatçı olduğu onların bioqrafik məlumatlarından aydın şəkildə görünür. Briqadaya rəhbərlik etmiş digər şəxslərin də kəşfiyyata aidiyyəti məsələsinə, zənnimizcə, aydınlıq gətirə bildik. Məlumdur ki, eyni mühitdə (ailə, yaşayış yeri, təhsil, peşə) yetişmiş insanlar arasında ümumi cəhətlər mövcud ola bilər. Sözügedən zabitlərin xidmət yollarını bir-birinə bənzədən isə həm də odur ki, onların əksəriyyəti İran ezamiyyətindən əvvəl bu ölkənin sərhədlərinə yaxın ərazilərdə xüsusi tapşırıqlar üzrə qərargah zabiti vəzifəsini icra etmişdir. Deyilənə görə, həmin vəzifə rus çarı I Nikolay (1796–1855) tərəfindən xaricdə məxfi əməliyyatların təşkil olunması və keçirilməsi məqsədilə təsis edilmişdir.
Göstərilənləri nəzər alaraq əminliklə qeyd edə bilərik ki, kazak briqadasının on iki komandirindən on biri Rusiya hərbi kəşfiyyatının rezidenti olmuşdur.
Tədqiqat prosesində diqqətimizi cəlb etmiş aşağıdakı düşündürücü faktları bir daha oxucunun nəzərinə çatdırırıq:
-1885-ci ildən 1891-ci ilədək İran kazak briqadasının komandiri olmuş peşəkar kəşfiyyatçı, Cənubi Qafqaz, İran və Əfqanıstan üzrə mütəxəssis, general-leytenant A.Kuzmin-Karavayev 1918-ci ildə könüllü şəkildə bolşeviklərin tərəfinə keçmiş, 1920-ci ilədək Qırmızı Orduda xidmət etmişdir;
-1915–1917-ci illərdə Rza Pəhləvinin komandiri olmuş general V.Maydel 1920–1921-ci illərdə Qırmızı Ordunun Baş Qərargahının, böyük ehtimalla, kəşfiyyat idarəsində xidmət etmişdir;
-1917–1918-ci illərdə Pza Pəhləvinin komandiri olmuş general G.Klerje 1938-ci ildə yapon əks-kəşfiyyatı tərəfindən Çində həbs olunmuş və sovet hərbi kəşfiyyatı ilə əməkdaşlıqda ittiham edilərək güllələnmişdir.
Maraq doğuran digər fakt isə budur ki, kazak briqadası əsasən mühacirlərdən və onların övladlarından təşkil olunmuşdu. Sözsüz ki, həmin məsələ Rusiya ilə razılaşdırılmışdı. Halbuki məntiq bunu deyir ki, Rusiya dövləti onun hakimiyyətini qəbul etməyib Azərbaycanın şimalından cənubuna köçmüş insanları (mühacirləri) ən arzuolunmaz kateqoriyalardan biri saymalı, onlara heç bir halda inanmamalı idi. Göstərilənləri nəzərə alaraq ehtimal edə bilərik ki, Rusiya kəşfiyyatı zaman-zaman mühacir adı altında öz adamlarını İrana göndərib gələcəkdə mümkün istifadə məqsədilə onları bu ölkədə yerləşdirmişdi. Yeri gəlmişkən, həmin mühacir övladlarından biri də məqaləmizin “qəhrəmanı” Rza Pəhləvidir.
Qeyd olunanlardan çıxardığımız əsas nəticə budur ki, rus hərbi kəşfiyyatçıları ümimilikdə 24 il Rza Pəhləvinin bilavasitə komandirləri olmuşlar. Bu isə o deməkdir ki, Rza xan birbaşa funksional vəzifələri cari və perspektiv əməliyyat imkanlarına malik şəxsləri aşkarlamaq, yoxlamaq, öyrənmək və məxfi əməkdaşlığa cəlb etmək olan əməliyyat işçilərinin tabeliyində xidmət etmiş, uzun müddət onlarla kontaktda olmuşdur. Həmin münasibətlərin nə ilə nəticələndiyini aydınlaşdırmaq istəyiriksə, araşdırma zamanı belə bir məşhur deyimi rəhbər tutmalıyıq: “Onları meyvələrinə (əməllərinə) görə tanıyın!”...
Müəllif:
Milli Kimlik Araşdırmaları
qrupunun üzvü Araz Şəhrili.
Hiç yorum yok:
Yorum Gönder