– IV QACAR-RUSİYA MÜHARİBƏSİNİN 100 İLLİYİNƏ HƏSR OLUNUB –
Bu yazımız Azərbaycan tarixinin ən qaranlıq səhifələrindən biri – 1920–1921-ci illərin Qacar–Rusiya müharibəsi barəsindədir.
Rusiya ilə əvvəlki müharibələr nəticəsində Qacarlar dövləti Azərbaycanın şimalını və bütün Qafqazı itirmişdi. O vaxt hələ heç kim təsəvvür belə edə bilməzdi ki, bu hadisə Azərbaycan xalqını gələcəkdə hansı faciələrə düçar edəcəkdir.
Müstəmləkəçilik siyasəti yürüdən çar hökuməti Şimali Azərbaycanın qərb bölgəsinə erməniləri köçürməklə buranı Türkiyə ilə Azərbaycan arasında bufer zonasına çevirdi...
Lakin Rusiya imperiyası bununla kifayətlənmək niyyətində deyildi. Sözsüz ki, Rusiyanın əsas hədəfi Qacar məmləkətini işğal edib cənubda İran körfəzinin sahillərinə çıxmaq, şərqdə isə Hindistana mümkün qədər yaxınlaşmaq idi. Hətta 1917-ci ilin bolşevik çevrilişi belə, bu dövlətin xarici siyasətinin strategiyasını və əsas istiqamətlərini dəyişdirmədi.
1920-ci il aprelin 28-də sovet Rusiyası Azərbaycanı istila etdi. Bundan cəmi 19 gün sonra – mayın 17-də Fyodor Raskolnikovun (1892–1939) və Serqo Orconikidzenin (1886–1937) komandanlığı altında rus qırmızı ordusunun hissələri ağqvardiyaçıların apardıqları gəmiləri geri qaytarmaq bəhanəsi ilə İranın Gilan vilayətinə soxuldular. Onlar qısa müddət ərzində gəmiləri geri aldılar, lakin bu ölkəni tərk etməyə tələsmədilər...
Artıq 1920-ci il iyunun 5-də İranın Xəzəryanı ərazilərində Gilan Sovet Sosialist Respublikası elan edildi. Bu respublikaya aşağıdakı şəxslər rəhbərlik edirdilər:
- hökumətin başçısı – islamçı Mirzə Küçük xan (1881–1921);
- xarici işlər komissarı – bolşevik Seyid Cəfər Pişəvəri (1892–1947);
- hərbi komissar – çar polkovniki və sovet komandiri Vasili Karqaleteli (1880–1946).
1920-ci il avqustun 14-də sovet hərbi müşavirlərinin rəhbərlik etdikləri İran qırmızı ordusu Tehran istiqamətində hücuma keçdi. Lakin Qəzvin ətrafında şah qoşunlarının şiddətli müqaviməti ilə rastlaşan qırmızılar məğlub olub geri çəkildilər. Düşməni təqib edən Qacar ordusu Rəşt şəhərinə daxil oldu. Avqustun 23-də S.Orconikidzenin əmri ilə XI ordunun 28-ci atıcı diviziyasının 244-cü alayı təcili surətdə Rəştə göndərildi. Ağır döyüşlərdən sonra bolşeviklər şəhəri yenidən işğal etdilər. Cəbhə xətti sabitləşdi.
Haşiyə:
Maraqlıdır ki, qondarma “İran qırmızı ordusu”nun bir hissəsi ermənilərdən ibarət idi. Bədnam qonşularımız burada da Rusiya imperiyasının əlaltısı rolunda çıxış etdilər.
1921-ci il fevralın 21-də İranda baş nazir Fətulla xan Əkbərin hökumətinin istefaya göndərilməsi ilə nəticələnmiş dövlət çevrilişi baş verdi. Çevrilişin iki əsas rəhbərindən biri Rza Pəhləvi idi. Fevralın 26-da Sovet–İran dostluğu haqqında müqavilə imzalandı. 20 il sonra – 1941-ci ilin avqustunda İranın şimalına qoşun yeridən SSRİ öz hərəkətlərini məhz həmin müqavilənin VI maddəsi ilə əsaslandırmışdı.
Qeyd:
1915–1917-ci illərdə Rza Pəhləvinin komandiri olmuş peşəkar kəşfiyyatçı general Vladimir Maydel sözügedən hadisələrin baş verdiyi 1920–1921-ci illərdə Qırmızı Ordunun Baş Qərargahının, böyük ehtimalla, kəşfiyyat idarəsində xidmət etmişdir. 1917–1918-ci illərdə Pza Pəhləvinin komandiri olmuş general Georgi Klerje isə 1938-ci ildə yapon əks-kəşfiyyatı tərəfindən Çində həbs edilmiş və sovet hərbi kəşfiyyatı ilə əməkdaşlıqda ittiham olunaraq güllələnmişdir. Digər maraqlı məsələ budur ki, 1920-ci ilin oktyabrında Əhməd şah Qacar sovet dövlətinin tələbi ilə polkovnik Vsevolod Staroselskini İran kazak briqadasının komandiri vəzifəsindən kənarlaşdırmış, beləliklə, Rza Pəhləvi üçün yol açılmış və o, bu hərbi hissənin ilk iranlı komandiri olmuşdur. Apardığımız araşdırmanın nəticələri göstərir ki, İran kazak briqadasının Rusiya hərbi kəşfiyyatı ilə əlaqəsi olmayan yeganə komandiri məhz Vsevolod Staroselski idi.
1921-ci il iyunun 5-də Gilan SSR İran Sovet Sosialist Respublikası adlandırıldı. Bundan bir neçə gün sonra qırmızılar yenidən Zəncan və Tehran istiqamətində irəliləməyə çalışdılar. Lakin Qacar ordusu onların bu həmləsini də dəf etdi.
1921-ci il fevralın 26-da bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq, həmin il sentyabrın 8-də Sovet Rusiyası öz qoşunlarını İran ərazisindən çıxardı. Zənnimizcə, bu addımın əsas səbəbi hərbi və ya siyasi uğursuzluqlar deyildi. Əksinə, Rusiya öz məqsədlərinin müəyyən bir hissəsinə nail olmuşdu. Bu, əslində, taktiki geriçəkilmə idi...
Sentyabrın 29-da Gilan kommunistləri ilə Mirzə Küçük xanın tərəfdarları arasında toqquşmalar başladı. Mirzə Küçük xan Qacar hökuməti ilə danışıqlara başlamaq istəsə də, onun bu təklifi Gilan üzərinə hücuma hazırlaşan İran qoşunlarının komandanı Rza Pəhləvi tərəfindən rədd edildi. 1921-ci il noyabrın 2-də Qacar ordusu İranın Gilan üzərində suverenliyini bərpa etdi...
Qələbə ilə başa çatmasına baxmayaraq bu müharibə Qacarlar sülaləsi üçün əsl fəlakətə çevrildi. Davamlı mübarizə dövləti zəiflətdi və 1921-ci ilin 21 fevral çevrilişi üçün şərait yaratdı. Həmin çevrilişin iki əsas rəhbərindən biri – Rza xan Pəhləvi əvvəlcə ordu komandanı, 100 gün sonra isə baş nazir oldu. 1921-ci ilin iyunundan etibarən ölkədə real hakimiyyət onun əlində idi.
1925-ci il dekabrın 12-də bu məsələ rəsmiləşdirildi. Beləliklə, əsası böyük hökmdar və alim Ağa Muhəmməd şah Qacar tərəfindən qoyulmuş Azərbaycan əsilli sülalə süquta uğradı...
---------
Müəllif:
Milli Kimlik Araşdırmaları
qrupunun üzvü Araz Şəhrili.
24.07.2021.