Habil Qurbanov
Hüquq üzrə elmlər doktoru, professor
Azərbaycan adına böyük hadisələrin, qələbələrin yaşandığı möhtəşəm bir zamana sevinclə şahidlik edirik. Son 20 ildə cənab Prezident İlham Əliyevin şəxsi əzmi, müdrik və uzaqgörən siyasəti sayəsində Azərbaycan bütün sahələr üzrə inkişaf edərək əhəmiyyətli nailiyyətlər qazanıb, zəngin və qüdrətli ölkəyə çevrilib.
Dövlət başçımız İlham Əliyevin həyata keçirdiyi misilsiz missiya torpaqlarımızın işğalına son qoymuş, bütün ərazilərimizdə bayrağımızı dalğalandıraraq suverenliyimizi bərpa etmiş, son iki yüz illik tariximizin ən şanlı səhifələrinə qızıl möhür vurmuşdur.
Bütün bu qələbələr həm də 2003-cü ildə Azərbaycan xalqının taleyi ilə bağlı düzgün qərar verməsinin parlaq göstəriciləri olmuşdur. Əgər xalqımız 1993-cü ildə təkidli tələbi ilə Ümummilli Lider Heydər Əliyevi hakimiyyətə gətirərək xilas, qurtuluş yoluna qədəm qoymuşdusa, düz 10 il sonra Ulu Öndərin siyasi varisi İlham Əliyevi özünün dövlət başçısı seçərək rifahdan, tərəqqidən, uğurlardan keçən parlaq qələbələr zirvəsinə yüksəlmişdi.
Təbii ki, indi əbədi bərqərar olduğumuz bu zirvəyə, qürurunu yaşadığımız bu qələbələrə çatana qədər xeyli ağır sınaqlardan keçməli, bəzən öz daxilimizdəki düşmən sapı olan qüvvələrlə, bəzən də xarici güclərlə mübarizə aparmalı olduq. Amma Allahın nəzərinin üzərimizdə olması, Azəbaycana Heydər Əliyev və İlham Əliyev kimi müdrik şəxsiyyətlərin başçılıq etmələri sayəsində bütün çətinliklərdən, sınaqlardan üzüağ çıxdıq.
Tariximizin bir çox qara səhifəsinin, millətimin düçar olduğu faciələrin çoxunun şahidiyəm. 1980-ci illərin sonlarında Ulu Öndər Heydər Əliyevin erməni millətçilərinin əli ilə hakimiyyətdən qəsdən uzaqlaşdırılması məşəqqətli günlərimizin bir-birini izləməsinə səbəb oldu. 1988-ci ildə azərbaycanlılar tarixi yurdları Qərbi Azərbaycanda etnik təmizləməyə, növbəti deportasiyaya məruz qaldılar.
1990-cı illərin əvvəllərində torpaqlarımızın təcavüzkar Ermənistan tərəfindən işğalı, azərbaycanlıların kütləvi qətliama, soyqırımlarına məruz qalması, yüz minlərlə insanımızın yurdundan zorla didərgin salınaraq məcburi köçkünə çevrilməsi ilə yanaşı, yenicə müstəqilliyini qazanmış ölkəmizin daxilindəki parçalanmalar, hökm sürən siyasi hərc-mərclik, xüsusilə AXC-Müsavat cütlüyünün hakimiyyət davası, vətəndaş müharibəsinin astanasında olmağımız faktiki olaraq Azərbaycanı bir dövlət olaraq yox olmaq qarşısında qoymuşdu.
Azərbaycanın bu böhranlı çağında Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə ölkəmizdə ikinci dəfə hakimiyyətə gələrək qurtuluş, xilaskarlıq missiyasını böyük müvəffəqiyyətlə yerinə yetirməyə başladı. Öncə ölkədə daxili sabitliyi təmin edən, tədricən respublikamızı hərtərəfli inkişaf mərhələsinə çıxaran Ulu Öndər hərbi sahədə mühüm islahatlara start verdi, ordu quruculuğunda əhəmiyyətli addımlar atmağa başladı.
2003-cü ildən ötən 20 il müddətində isə cənab Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin vaxtilə dövlətçiliyimizin var olması naminə uğurlu təməlini qoyduğu bütün işləri müvəffəqiyyətlə başa çatdırdı, məntiqi sonluğuna yetirdi.
Cənab İlham Əliyevin yorulmaz fəaliyyətinin, uğurlu siyasətinin nəticəsində çox qısa zamanda Azərbaycan diplomatik, iqtisadi cəhətdən güclənərək dünyanın sayılıb seçilən ölkəsi oldu. Nəhəng enerji layihələrinin gerçəkləşdirildiyi ünvana, qlobal nəqliyyat qovşağına çevrilən respublikamız bu gün dünyada ən etibarlı tərəfdaş, güvənli ölkə kimi tanınır.
Dövlət başçısı İlham Əliyevin məqsədyönlü və yorulmaz fəaliyyətinin ən başlıca istiqaməti torpaqlarımızın işğaldan azad edilməsi yönündə idi. Buna görə idi ki, daim hərbi sahədə mühüm islahatlar aparılır, ordumuzun maddi-texniki bazasının gücləndirilməsi, kadr potensialının yaxşılaşdırılması üçün effektiv işlər həyata keçirilirdi. Təsadüfi deyildi ki, az müddət ərzində Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasında qabaqcıl sıralara yüksəlmişdi.
Amma bütün dünya, eləcə də mənfur düşmən ən müasir silahlarla silahlandırılmış Azərbaycan Ordusunun potensialını və nələrə qadir olduğunu real müstəvidə 2016-cı ildə Lələtəpə qələbəsi, eləcə də 2018-ci ildə Günnüt əməliyyatı zamanı görüb bilmiş oldu.
Bu parlaq qələbələr Azərbaycan xalqının illərdir qəlbində yaşatdığı yurdlarımıza qayıdış inamını dirçəltdi.
2020-ci il sentyabrın 27-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın işğaldan azad edilməsi üçün irəli atılan rəşadətli ordumuz "dəmir yumruğ"a dönərək cəmi 44 gün ərzində düşməni qarşısında diz çökdürdü və müqəddəs missiyasını tamamlayaraq noyabrın 8-də Azərbaycana Şuşa zəfəri yaşatdı.
Prezident İlham Əliyevin siyasi, diplomatik, eləcə də hərbi sahədə yürütdüyü mahir strategiyası, davamlı və sarsıdıcı zərbələri təcavüzkar Ermənistanı 2020-ci il noybarın 10-da kapitulyasiya aktı imzalamağa məcbur etdi. Bu həm də düşmən tərəfindən başdan-başa mina tarlasına çevrilmiş Ağdamı, olduqca çətin coğrafi relyefə malik olan Kəlbəcər və Laçını döyüşsüz almağımıza imkan yaratdı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi, hərbi manevrləri və həmlələri sayəsində labüd itkilərdən də yayınmış olduq.
Vətən müharibəsinin getdiyi həmin 44 gün ərzində qazanılan qələbələrin, işğaldan azad edilən kənd, qəsəbə və şəhərlərimizin xoş xəbərlərini Müzəffər Ali Baş Komandan İlham Əliyevdən almağımız isə xalqımız üçün böyük fərəh oldu.
Prezident İlham Əliyev Zəfərdən ötən üç ili - 2020-2023-cü illəri də, Azərbaycan üçün xeyli qələbələrlə zəngin zaman salnaməsinə çevirdi.
44 günlük müharibədən dərhal sonra Qarabağ və Şərqi Zəngəzurda geniş bərpa-quruculuq işlərinə start verən dövlət başçımız tarixi ərazilərimizdə öz əlləri ilə qədim kəndlərimizin, qəsəbələrimizin, şəhərlərimizin təməllərini yenidən qoydu. Birbaşa Prezident İlham Əliyevin şəxsi nəzarəti altında bu ərazilərdə aparılan sürətli quruculuq-bərpa işləri Böyük qayıdış prqramının da uğurla həyata keçirilməsinə şərait yaradıb.
Zəfərdən iki il sonra - 2022-ci il iyulun 19-da Zəngilan rayonunun Ağalı kəndinin sakinlərinin timsalında Azərbaycan xalqı illərlə yurd həsrəti çəkən insanlarımızın qayıdış sevincinə şərik oldu. Daha sonra Tərtərin Talış kəndinə, Laçın şəhərinə, Zabux kəndinə, Füzuli şəhərinə köç karvanları yola salındı və bu qayıdış köçləri mərhələli şəkildə uğurla davam etdirilir.
Qarabağ və Şərqi Zəngəzurda müasir yaşayış məskənləri salınmaqla, infrastruktur qurulmaqla yanaşı, erməni vəhşiliyinə tuş gələn abidələrimiz də Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə bərpa edilir.
Vətən müharibəsindən ötən üç il müddətində milli maraqlarımızın təmini istiqamətində ard-arda qələbələr qazanan dövlət başçımız İlham Əliyev növbəti tarixi missiyasını 2023-cü il aprelin 23-də həyata keçirdi. Həmin gün Laçın sərhəd-buraxılış məntəqəsinin təsis edilməsi ilə bütün sərhədlərimizdə bayrağımız dalğalandırıldı. Sentyabrın 19-20-də keçirilən lokal xarakterli antiterror tədbirləri sayəsində isə Qarabağda suverenliyimiz tam bərpa edildi.
Mükəmməl siyasəti, hərbi strategiyası ilə erməni faşizminin başını əzən Müzəffər Ali Baş Komandan İlham Əliyev erməni separatçılarının "miatsum" kitabını birdəfəlik bağlayaraq tarixin tozlu zirzəmilərinə tolazladı. Xalqımızın qanına susamış erməni canilərinin, separatçıların bir çoxu hazırda Bakıda istintaq təcridxanasındadırlar və Azərbaycan qanunları qarşısında cavab verirlər.
Oktyabrın 15-də - Prezident seçilməsinin 20-ci ildönümündə isə Müzəffər Ali Baş Komandan İlham Əliyev Xankəndidə, Əsgəranda, Xocalıda, Ağdərədə, Xocavənddə üçrəngli ay-ulduzlu bayrağımızı əbədi dalğalandıraraq bir daha xalqımıza bütöv Azərbaycanın qürurunu yaşatdı.
Biz də daim öz fəaliyyətimizdə Prezident İlham Əliyevin Azərbaycanın inkişafı, xalqımızın tərəqqisi, rifahı naminə yürütdüyü məqsədyönlü siyasəti nümunə götürür, əməllərimizlə bunu həyata keçirməyə çalışırıq.
Qeyd etmək istərdim ki, Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşlarından I Qarabağ müharibəsində 63 nəfər iştirak edib, 1 nəfər şəhid olub, 7 şəhid ailəsi var. II Qarabağ müharibəsində isə 37 nəfər iştirak edib, 2 nəfər şəhid olub, 4 şəhid ailəsi var. AMEA rəhbərliyi və Azad Həmkarlar İttifaqı tərəfindən şəhid ailələrinə, savaş iştirakçılarına daim diqqət, qayğı göstərilir.
Onlar daim diqqətdə saxlanılır, mütəmadi maddi yardımlar, pul mükafatları, ərzaq yardımları verilir. Həmçinin işə götürülərkən və struktur dəyişiklikləri edilərkən qanunvericiliyə əsasən bu kateqoriyadan olan ailələrə üstünlük verilir.
2023-cü il noyabrın 7-də AMEA-da Azad Həmkarlar İttifaqının təşkilatçılığı ilə Zəfər Gününə həsr edilmiş tədbir keçiriləcək, I və II Qarabağ savaşının iştirakçılarına, şəhid ailələrinə dəstək göstəriləcək.
Habil QURBANOV,
AMEA Azad Həmkarlar İttifaqının sədri, hüquq üzrə elmlər doktoru, professor.
"Azərbaycan" qəzeti. / 08.11.2023.
Hiç yorum yok:
Yorum Gönder