MUSTAFA ÇƏMƏNLİNİN SƏFƏR QEYDLƏRİ
Xalqımızın çox əziz tarixi günündə - 28 Mayda səhər tezdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də iştirak edəcəyi Ağdam Sənaye Parkının təməlqoyma mərasimində iştirak üçün Quzanlı qəsəbəsindən yola çıxdıq.
28 il üzümüzə qapadılmış Dördyoldan keçib həsrətində olduğumuz Ağdama gedirdik. İrəlilədikcə Bərdədən Ağdama uzanan dəmiryolunun yenidən bərpa olunduğunun şahidi olduq. 28 il idi bu dəmir yolla Bakı-Ağdam qatarı hərəkət etməmişdi. O zamandan bu dəmiryolu mənim yaddaşımda acı bir xatirə kimi qalmışdı. O zaman Köçərli stansiyasının yaxınlığında relslərin üstündə bir neçə vaqon hərəkətsiz dayanmışdı. Bir neçə qaçqın ailəsi bu vaqonlarda məskunlaşmışdı. İsti yay günlərində körpə uşaqları vaqonların kölgəsində oynayan görəndə təəssüflənir, göz yaşlarımı qəlbimə axıdırdım. Acı-acı fikirləşirdim ki, bu uşaqların axırı necə olacaq?! Doğrusu, o zaman güman etməzdim ki, Ağdam işğalda uzun müddət qalacaqdır. Ancaq gümanımda yanılmışdım. Sən demə, qismətimizdə qaçqın-köçkün ömrü də yaşamaq varmış.
Yadımdadır, 1992-ci il martın 13-də axşam televiziyadan diktorun verdiyi xəbər bizi bir daha sarsıtmışdı. Ağdərə rayonunun ərazisində 6 kəndi - Sırxavənd, Başgüneypəyə, Ortagüneypəyə, Manikli, Xatınbəyli, Tellibinə kəndlərini ermənilər güclü döyüş texnikasının köməyilə işğal eləmişdilər.
Səhər tezdən Ağdama gəldim. Həmişə qaynayan, özünəməxsus qələbəliyilə seçilən Ağdam şəhəri tanınmaz olmuşdu. Mağazalar, dükanlar bağlı idi. Şəhərin bir çox yerində ermənilərin atdığı "Alazan", "Kristal" raketlərinin nişanələri gözə dəyirdi. Şəhərdə əməlli-başlı köç əhvali-ruhiyyəsi vardı.
Ağdamdakı hospitalda oldum. Ağır yaralıları Bakıya yola salmışdılar. Orda olan əsgər və tibb işçilərilə görüşüb ayrıldım. Yenidən şəhərin mərkəzinə qayıtdım. Burda Sırxavənd qaçqınlarını gördüm. İki bir-üç bir gəlirdilər. Bir-birini salamat görən adamların görüş səhnəsinə baxmağa ürək tab gətirmirdi.
Bakıya qayıtdıqdan sonra "Birləşib vuruşsaydıq..." sərlövhəli məqalə yazıb "Ədəbiyyat və İncəsənət" qəzetinin 10 aprel 1992-ci il tarixli nömrəsində çap etdirdim.
İndi o zamandan 29 il keçib, ümidlərimizin az qala tükəndiyi bir zamanda Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, dönməz iradəsi, şanlı ordumuzun rəşadəti nəticəsində Qarabağ torpağı, o cümlədən, doğma Ağdam şəhəri və kəndləri mənfur düşmənin işğalından azad olunub. Vətən müharibəsi nəticəsində - əsrə bərabər 44 gündə!..
İndi isə, 28 May günü biz işğaldan azad olunmuş Ağdama gedirik. Onun müasir, çağdaş təməl daşını qoymağa. Ağdamın bərpası yoldan başlayıb. Qızğın iş gedir. Tarixi Bərdə-Ağdam yolu Prezident İlham Əliyevin göstərişi ilə 4 hərəkət zolağına çevrilməkdədir. Yolun uzunluğu 44,5 kilometr olacaq.
Vaxtilə işğal altında olan bütün Qarabağ - Ağdam, Şuşa, Füzuli, Kəlbəcər, Cəbrayıl, Zəngilan, Laçın daim yaddaşımda yaşayıb. Mən bir qarabağlı, bir Azərbaycan vətəndaşı olaraq heç vaxt bu işğalla barışmamışam. Həmişə bədii və publisistik əsərlərimdə, məqalə və esselərimdə oxuculara bir gün Qarabağın işğaldan azad olacağı ümidini aşılamışam. Birinci Qarabağ müharibəsinin qəhrəmanı Asif Məhərrəmov haqqında yazdığım və 1996-cı ildə çap etdirdiyim "Fred Asif" romanında son dəqiqələrini yaşayan Azərbaycanın Milli Qəhrəmanı titrək əli ilə qucağında can verdiyi qardaşı Bəhlulun yanağına yuvarlanmış göz yaşını silərək deyir:
"Kişi ağlamaz. Möhkəm ol. Bax sifətimə, bax bədənimə, düşmən yarası yoxdur ki?! Düşmənin yox, qardaşımın qucağında ölürəm. Bundan böyük səadət varmı?.. Bəhlul, Qarabağ alınanda məni də yad edin. Yamaclarında su tapmayanda qarını çeynədiyim o qəlbi dağlara qalxanda məni də xatırlayın... Anama de, ağlamasın. Mən səhrada bitən tənha bir çiçəyəm. Tənha bir çiçək!.."
2007-ci ildə çap etdirdiyim "Ruhların üsyanı" povestini aşağıdakı epizodla bitirmişdim (kiçik ixtisarla): "...Qatar tərpəndi. Dinib-danışmırdıq, baş verənlər bizə yuxu kimi gəlirdi. Deyəsən, maşinist də Qarabağa tez çatmağa tələsirdi. Qatar çox sürətlə gedirdi. Əyilib pəncərədən göyə baxdım, dumduru idi. Çölün-çəmənin xoş qoxusu vaqonun pəncərəsindən süzülüb içəri dolurdu.
Vaqonun üstündə qol-qola girmiş cavanlar üçrəngli bayrağı başları üzərində yelləndirərək Dövlət Himnimizi oxuyurdular:
Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayrağınla məsud yaşa!
Qatardakılar da cavanlara qoşulmuşdular. Hamı oxuyurdu. Mən də oxuyurdum. Amma göz yaşlarımı heç cür saxlaya bilmirdim. Güllü tez-tez:
- Qurban olum, Mətləb, sən ağlama, qoy mən ağlayım, - deyirdi.
... Mən ona bir söz demədim, qalxıb vaqonun balaca pəncərəsindən geriyə boylandım, qatarların sayı-hesabı yox idi. Minlərcə insan atlı-piyada, maşınla yola çıxmışdı. Deyəsən, qaçqınlığın, köçkünlüyün sonuydu. Uşaqlar, yeniyetmələr əllərində məşəl tutaraq qatarın yanıyca gedirdilər. Ruhların üsyanı milləti uşaqdan böyüyə ayağa qaldırmışdı. Ölülərlə dirilərin ruhları biri-birinə qovuşmuşdu.
... Qatarlar durmadan irəliləyirdi. Səhərin açılmağına az qalırdı.
Deyirlər gecə hamilədir, sabah nə doğulacağını kimsə bilmir. Amma mən bilirdim ki, sabah torpağımızın Azadlığı doğulacaqdır".
1998-ci ildə Firidun Şuşinskinin "Şuşa" kitabı mənim redaktorluğumla baş redaktoru olduğum "Gənclik" nəşriyyatında nəşr olunmuşdu. Kitaba yazdığım "Qarabağın tacı" sərlövhəli ön sözü bu sətirlərlə bitirmişdim:
"Firidun bəy! Bir gün gələcək biz adına saysız öygülər qoşulmuş, bayatılar deyilmiş qədim vətənimizin bir parçası olan Qarabağa qayıdacağıq! Qayıtmasaq, evinə düşmən ayağı dəymiş Bülbül küsər, Xan ağlayar! Utanarıq Pənah xanın, Xan qızı Natəvanın ruhundan. Qayıtmasaq, Üzeyir bəyin heykəlinə belə baxmağa haqqımız olmaz. Yox, biz qayıdacağıq! Və yeddi milyonluq Azərbaycan xalqının həsrətlə gözlədiyi o gün - Qarabağın azad olacağı gün sənin "Şuşa" kitabını Cıdır düzündə başım üstə qaldırıb var səsimlə hayqıracağam: Allah sənə rəhmət eləsin, Firidun bəy! Sənin "Şuşa" kitabını doğma Şuşana gətirmişəm".
Şükürlər olsun Yaradanımıza ki, 8 noyabr 2020-ci il tarixdə Ali Baş Komandan İlham Əliyevin mahir sərkərdəliyi, müzəffər ordumuzun şücaəti sayəsində alınmaz qalamız erməni faşistlərindən geri alındı. Bu qalanın fəthi tarixdə nadir hallarda baş verən qəhrəmanlıq salnaməsidir. Şəhidlərimizin ruhu şad olsun, qazilərimizə cansağlığı arzulayıram.
O gün, 8 noyabr 2020-ci il xalqımızın həyatında tarixi bir gün oldu! Həmin gün Ali Baş Komandanımız İlham Əliyevin Azərbaycan xalqına sevinc, fərəh hissiylə dolu bir səslə: "Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ Azərbaycandır!" müjdəli xəbərindən sonra paytaxt sakinləri bir an içində küçələrə axışdı. Küçələr, xiyabanlar üçrəngli bayraqlara büründü. Ayaqlarını itirmiş qazilər belə küçələrə çıxmışdılar: "Qarabağ bizimdir, bizim olacaq!" sədası şəhərdə əks-səda verirdi. Üç-beş yaşlı uşaqların, yeniyetmələrin hayqırtıları qəlbimizi fərəh hissilə doldururdu. Sən demə, millətimizin Şuşa sevdası sonsuzuymuş! Şuşa bizim şərəf rəmzimiz, Şuşa bizim qeyrət qalamız imiş! Var olsun Ali Baş Komandanımız! Var olsun əsgər və zabitlərimiz! Ruhları əbədiyyətə qovuşmuş şəhidlərimiz!
Doğrudan da, həyat gözlənilməz təsadüflərlə, zərurətdən doğan reallıqlarla doludur. Koronavirus deyilən bu gözəgörünməz düşmənə görə Novruz bayramından sonra yaşıma görə "ev dustağı" olanda "Gözəgörünməz düşmən" adlı ovqat-essemdə böyük nigarançılıq içində yazmışdım: "Bu "Evdəqal" dövründə gecələri daha ağır keçirirəm. Bəzən sübhə kimi yata bilmirəm. Xəyalım dağda-bağda gəzir. Biədəb bir məsəl var: oynayıram, gülürəm, oynaş yaddan çıxmır.
Mənim yadımdan çıxmayan isə müqəddəs Qarabağdı! Qarabağ! İşğal altında inləyən, bizi haraylayan Qarabağ! İnsanın zaman-zaman unuda bilmədiyi bir şey varsa, o da gördükləridir. O, görmədiyini təsəvvür edir, sən deyən qədər də həsrətində olmur, gözü ilə görüb yaddaşına köçürdükləri isə əbədi yol yoldaşıdır. Son nəfəsinə qədər onu tərk etməz. O qədər həssaslıqla xatırlayar ki, özü öz yaddaşına heyran qalar. Səhər-səhər əlli il bundan qabaq bir həyətdə gördüyü açmış qızılgülün üstündəki şeh də yadına düşər. Mən bu 27 ildə elə bir gecə olmayıb ki, bir ruh kimi Qarabağı, eygili gündə gəzdiyim, gecələdiyim Ağdamı, Şuşanı, Laçını, Qubadlını, Kəlbəcəri, Zəngilanı, Cəbrayılı gəzib, görüb səhərə yaxın geri qayıtmayam. Ah, koronavirusdan, bu gözəgörünməz bəladan, insan qəsdinə durmuş cəlladdan qorxmuram. Qorxduğum tək bir şey var, qəflətən öləm, Qarabağın azad olacağı o BÖYÜK GÜNÜ görməyəm. Ey böyük Yaradan, sən belə bir əzabı mənə rəva görmə. Çoxları "Qarabağ, Qarabağ" deyə köçdü dünyadan. Barı yerdə qalanlara möhlət ver, İlahi" ("Ədalət" qəzeti, 4-6 may 2020-ci il).
Şükür Tanrının böyüklüyünə ki, o BÖYÜK ZƏFƏR GÜNÜnü nəinki mən, yaşıdlarım, bütün Azərbaycan xalqı gördü və o günün sevincini, nəşəsini yaşadı. Bu, əsrlər boyu unudulmayacaq tarixi bir gündür. Zəfər günüdür!
Budur, indi biz səhər tezdən, tarixi bir gündə - 28 Mayda Ağdama təməlqoyma mərasiminə gedirik. "Mersedes" markalı avtobusda mənəm, telejurnalist, tərcüməçi İlqar Əlfidir, telejurnalist, "Çöl adamı" verilişinin müəllifi və aparıcısı Kamal Dənizdir, bir də karate üzrə dəfələrlə dünya və Avropa çempionu olmuş Fariz Nəcəfovdur. Avtobusun pəncərəsindən enləndirilməkdə olan Bərdə - Ağdam yoluna, başıqarlı Murova, Şah bulağına baxırıq. Əbdürrəhim bəy Haqverdiyevin "Xortdanın cəhənnəm məktubları" povestində təsvir etdiyi Qərvəndi keçirik.
Mənim gözüm Göytəpə kəndini axtarır, çünki o kənd mənim uşaqlıq və yeniyetməlik kəndimdi. Sovetlər dövründə Çəmənlidən ara yolla Göytəpəyə gəlib, oradan asfalt yolla Ağdama gələrdik. Heyhat, Göytəpə kəndindən bir nişanə qalmayıb. Kamal Dəniz yaddaşına güc verib Şahbulaq dağının ətəyindəki "kəndləri" göstərir. Belə də kənd olar, darvazasını açıb içəri giriləsi bir ev belə yoxdur. Uşaq vaxtı dördtəkərli at arabamızla, sonralar avtobusla Ətyeməzli kəndinə çatanda sevinərdik, çünki bu kənd Ağdamın girəcəyində idi. Ona görə keçmiş zamanda danışıram ki, Ətyeməzli, Keştazlı kəndləri yer üzündən silinib. Tək-tük uçuq-sökük evlərin divarları görünür. Mənzil başına çatırıq. Burada Bakıdan gəlmiş 20 nəfərin və Ağdam İcra Hakimiyyətinin nümayəndələri təməlqoyma mərasimində iştirak edəcək. Böyük, çox böyük bir çətirin altındayıq. Yaxınlıqda Ağdam məscidini görüb yeganə salamat tikili olduğu üçün sevinirik.
Kamal, İlqar, Fariz və mən gedib məscidin qarşısında şəkil çəkdirdik. Yadımdadı, Ağdam bazarı məscidin yaxınlığında idi. Bu an istər-istəməz xəyal məni Ağdamlı günlərə apardı. Zaman-zaman Ağdam bazarında gördüyüm insanların bir-birinə oxşar, fərqli çöhrələri illərin ardından "qanadlanıb" gözlərim önündə cilvələnirdi. Xoşbəxt günlərin ağdamlı sakinləri sonradan qaçqın-köçkün olub hərəsi bir tale yaşadı. Şirinli-acılı xatirələrlə dolu bir tale! Vətən-vətən deyə dünyadan köçənlərin, yəqin ki, ruhları indi şaddır. Bütün məhrumiyyətlərə dözərək yaşayanlar, işğaldan sonra dünyaya gələnlər də az olmayıb. Anasının qucağında, bətnində doğma yurdunu tərk edənlər böyüyüb 44 günlük müharibədə Qarabağ uğrunda vuruşdular. Qəhrəmanlıqlar göstərdilər, qazi oldular, şəhidlik şərbətini içənlər də çox oldu. Ruhları qarşısında baş əyib, Allahdan onlara rəhmət diləyirəm.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə Ağdam ictimaiyyətinin, ziyalılarının görüşü saat 11-də keçirildi. Olduqca səmimi görüş idi. Hər kəs fərəh hissi keçirirdi. Dövlətimizin başçısı görüşdə çıxış edərək dedi:
"Bu gün Respublika Gününü biz Ağdamda, Ağdam şəhərində qeyd edirik. Bunun çox böyük rəmzi mənası var. Ağdam şəhərinin Baş Planı bu gün təsdiq ediləcək. Bu Baş Plan mənə təqdim edilib. Biz bir müddət bu plan üzərində işləyirdik və istərdim ki, Ağdam rayonunun tanınmış şəxsləri Baş Planla tanış olsunlar, öz fikirlərini bildirsinlər və sizin iştirakınızla biz bu gün bu gözəl mərasimi keçirək.
Bu mərasim üçün, bu görüş üçün başqa vaxt da müəyyən oluna bilərdi. Ancaq mən hesab etdim ki, ən düzgün tarix bizim milli bayramımız olan Respublika Günüdür, müstəqillik günüdür. Çünki bu gün burada olmağımız bir daha müstəqilliyimizin nə qədər güclü olmasını göstərir. Əgər biz güclü müstəqil dövlət qurmasaydıq, öz tarixi torpaqlarımızı işğalçılardan azad edə bilməzdik. Ancaq güclü Azərbaycan, müstəqil Azərbaycan, sözün əsl mənasında, müstəqil siyasət aparan Azərbaycan bu tarixi missiyanı şərəflə yerinə yetirdi. Ağdam şəhərinin bərpasının başlanğıcı bu gün baş verir, Respublika Günündə. Əminəm ki, bütün nəzərdə tutulmuş planlar Baş Plan əsasında icra ediləcək və Ağdam şəhəri yenidən qurulacaq".
Dövlət başçısının çıxışından sonra "Ağ şəhər" layihəsinin icraçı direktoru Ruslan Sadıqov layihə-lövhələrin qarşısına keçərək şəhərin yeni Baş Planı haqqında məlumat verdikcə sabahkı Ağdam bütün gözəlliyi, əlvanlığı ilə gözlərim önündə canlanırdı. Küçələrində elektriklə işləyən tramvaylar dolaşan, içərisindən 2 kilometrlik motorlu qayıqlar üzə biləcək kanal keçən, süni gölü, şəlaləsi, "Qarabağ" universiteti, liseyləri, məktəbləri, 79 kilometrlik velosiped yolu, İşğal və Zəfər muzeyləri, yenidən abadlaşdırılmış İmarəti, Çay evi, Çörək və Diyarşünaslıq muzeyləri, teatr və musiqi məbədgahları, istehsalat müəssisələri, 125 hektarlıq meşə zolağı, körpüləri olan bir şəhər təsəvvür edin. Bu, bizim Ağdam şəhərimizdir! Sabahımızın, xoşbəxt gələcəyimizin şəhəri!
Mustafa Çəmənli,
Yazıçı-publisist.
4 iyun 2021-ci il.
525-ci qəzet.
& VƏTƏNSEVƏRLƏR
Hiç yorum yok:
Yorum Gönder