Translate

13 Haziran 2021 Pazar

MOĞOL LƏKƏSİ


Yeni doğulmuş uşaqların belinin aşağı — büzdüm hissəsində olan tünd göy rəngli ləkə tibbdə «moğol ləkəsi» adlanır.

Bu ləkə türklərin, moğolların, mancurların, Amerika hindularının uşaqlarında daha çox müşahidə olunur. Bununla yanaşı, Şərqi Afrikada yaşayan insanlar arasında da onun faizi kifayət qədər yüksəkdir. Slavyandilli bolqarlarda təxminən 6 %-dir. «Moğol ləkəsi» əsasən 3-5 yaşadək çəkilib gedir. Amma tək-tük hallarda qalır. Bəzən bu ləkə körpənin büzdüm hissəsində deyil, alnında — iki qaşının arasında, çox vaxt qırmızı rəngdə olur.

«Moğol ləkəsi» həm ata, həm də ana xətti ilə ötürülə bilər. Lakin daha çox oğlanlarda özünü büruzə verir. Ehtimala görə, qədim zamanlarda bu ləkə bir nəfər kişidə yaranmış və onun törəmələrinə keçmişdir. Moğollar onu «Çingiz xan ləkəsi» adlandırır və inanırlar ki, ləkənin tündlüyü körpənin xoşbəxt gələcəyindən xəbər verir. «Moğol ləkəsi» azərbaycanlılar arasında da kifayət qədər yayılmışdır. Həm də o yalnız türklərin deyil, talışların, tatların, ləzgilərin, avarların uşaqlarında da müəyyən faizlərlə müşahidə edilir.

Bu sətirlərin müəllifinin mənsub olduğu Şəhrili tayfasında (nəslində) yeni doğulmuş oğlanlarda «moğol ləkəsi»nin hər iki forması olur.


Araz ŞƏHRİLİ.

Araşdırmaçı jurnalist. 

& VƏTƏNSEVƏRLƏR

Araşdırma 

13.06.2021.



Hiç yorum yok: