Translate

4 Nisan 2014 Cuma

TÜRKİYƏ XƏYANƏTƏ "YOX" DEDİ


Professor Kamil Vəli Nərimanoğlu: «Azərbaycan hakimiyyətinin Türkiyə qarşısında borcudur ki, ölkədə «nurçu»ların əl-ayağını yığsın»

Türkiyədə yetərincə ajiotaj doğuran bələdiyyə seçkisini orda çalışan professor Kamil Vəli Nərimanoğlu ilə dəyərləndirmişik.

- Kamil bəy, yerli seçki olsa da az qala bütün dünyanın diqqətinə səbəb olan Türkiyə seçkilərinin nəticəsi barədə nə deyə bilərsiniz? Sizin üçün sürpriz nələrsə oldu?

- 30 mart seçkisi Türkiyənin qarşıdakı prezident və parlament seçkiləri üçün həlledici addım oldu. Əslində gözlənilməz bir şey baş vermədi. Çünki əksər gümanlar, etimallar bu idi ki, Türkiyə dövləti və seçilmiş hökuməti hay-küyə məğlub edilə bilməz. Türk xalqı həmişə haqsız əziləni, hücuma məruz qalanı müdafiə edib. Seçkinin nəticəsini də bu baxımdan dəyərləndirsək, nəticənin təbii olduğu üzə çıxacaq.

- Bəzi qiymətləndirmələrdə bələdiyyə seçkisi Ərdoğanın seçkisi kimi şərh olunur. Yəni Ərdoğanın xarizması bu seçkidə sözünü dediyi kimi. Sizin fikriniz necədir, AKP-nin qələbəsini şərtləndirən nələrdir?

- Heç şübhəsiz, Ərdoğanın xarizması, şəxsiyyəti böyük faktordur. Ancaq bu qələbənin təməlində iş dayanır. Ərdoğan hakimiyyəti yerli idarəetmə orqanlarında çox böyük fəaliyyət göstərib. Təkcə Istanbula baxsaq, burda görülən işlər, modernləşmə istiqamətində gerçəkləşən projelər inkaredilməzdir, nəhəngdir! Onlar çox ağır nəqliyyat, infrastruktur, ekoloji problemlərin öhdəsindən gəliblər. Bütün bunlar da seçicinin rəğbətini qazandıran faktorlardır.

- Seçki öncəsi AKP üçün çox rahat olmadı; hökuməti zəif salacaq səs qeydləri yayıldı, “hizmət” hərəkatının səslərini bu dəfə AKP üçün istifadə etməyəcəyi bəlli oldu. Amma nəticə dəyişmədi. Burda müxalifətin zəifliyi də rol oynaya bilərmi?

- Əvvəla burda nəzərə almaq lazımdır ki, Türkiyədə seçkilər Azərbaycandakı kimi keçmir, demokratik olur. Bunun üçün də, mən elə bu gün (dünən) Əli Kərimlinin mətbuatdan Türkiyə seçkiləri ilə bağlı açıqladığı fikri paylaşıram. Əli bəy bildirir ki, Türkiyədəki seçkilər bizim üçün nümunə olmalıdır. Mən də əlavə edirəm ki, tək bizim deyil, əksər post-sovet ölkələri üçün də. Çünki ancaq bu cür demokratik seçkidə xalq öz iradəsini nümayiş etdirə bilir. 

Seçki kampaniyası zamanı diqqət etdinizsə, AKP ancaq gördüyü və görəcəyi konkret proyektlər barədə danışırdı. Proqramlar təqdim edirdi. Bilirsiniz, Türkiyə cəmiyyəti fərqli cəmiyyətdir, onun rəğbətini gur səslə, yalan-palanla, şantaj, montajla qazana bilməzsən. Bəli, çox təəssüf ki, ana müxalifət, o biriləri də böhtan və şərləmə kampaniyasına ağırlıq verdi, ortaya bitkin bir proqram qoya bilmədi. Bu da səsvermədə öz təsirini göstərdi.

Bundan başqa, seçki ərəfəsində Türkiyə müxalifətinin ciddi səhvləri olmuşdu. Məsələn, “Gəzi olayları”na CHP başçılıq edirdi. MHP, çox təəssüf olsun ki, yanlışları oldu; tarixi rəqibi CHP ilə müttəfiqlik etməyə başladı. Bunların fonunda da hər iki partiyanın vaxtilə yamanladığı “hizmət” hərəkatı ilə yaxınlaşması onlara etimadı azaltdı.

- “Hizmət hərəkatı” və ya “Gülən camaatı” adlanan kəsimlə bağlı fikirləriniz necədir, doğrudanmı onlar Ərdoğanın təqdim etdiyi kimi dövləti təhlükəyə çeviriliblər?

- Bilirsiniz ki, “Gülən hərəkatı” əvvəlcə hökumətin tərkibində olan hissə, qrup idi. Mən özüm bəzi yazılarımda o hərəkatın təhsil sahəsində gördüyü işləri təqdir də etmişəm. Amma bu seçki kampaniyası zamanı üzə çıxdı ki, “hizmət hərəkatı” bəyan etdikləri prinsiplərdən çox uzaq düşərək, siyasətin çox dərinliyinə giriblər, həm də ən pisi bundan istifadə edərək dövləti arxadan vurublar. Dövlət içində dövlət yaratmaq, dövlətin məhrəm görüşlərini, danışıqlarını dinləmək və onu xaric üçün servis etmək nə strateji, nə də taktiki baxımdan təqdir oluna, sakit qarşılana bilməz. Bunun adı xəyanətdən başqa bir şey deyil. Sən ölkənin sirrini başqalarına verirsənsə, bunun nəyi “hizmət” oldu və ya kimə xidmət oldu?

- Sizin dediklərinizi belə başa düşmək olarmı ki, sensasiyalı səs yazıları Ərdoğanın xeyrinə işlədi?

- Həqiqətin xeyrinə işlədi. Bu millətə xidmət edən insan var, əgər onun hansısa cinayətindən söhbət gedirsə, montaj-şantajla iş keçməz. Indi çox az adam şübhə edər ki, Ərdoğana qarşı düzəldilən montaj-şantaj əməlləri “hizmət”çilərlə ABŞ və Israildəki bəzi dairələrin birgə məhsuludur. Yeri gəlmişkən, bu təhlükə bizim ölkəmiz üçün də aktualdır. Təhsili vasitə edərək, Azərbaycanda da idarəetməni ələ keçirirlər. Kraldan artıq kralçılıq edirlər. Onların əl-ayağının yığışdırılması demokratiyaya doğru bir addım ola bilər. Sualınızı daha konkret cavablasam, türk millətinin iradəsi sandıqda idafə olundu. Demək, xalq aparılan siyasəti tədqir etdi, öz şəxsi və dövlətinin təhlükəsizliyinin təhdidinə “yox” dedi.

- Belə bir narahatçılıq var ki, AKP-nin növbəti qələbəsi hökumətdə avtoritar meyilləri artıracaq. Siz bu narahatçılığı bölüşürsüzmü?

- Belə bir narahatçılıq yoxdu. Azərbaycanda bir atalar sözü var, “evində yoxdur arpalıq, könlündən keçir hampalıq”. Azərbaycanda demokratiyanın işartıları belə yoxdur, Türkiyədən ideal demokratiya tələb olunur. Türkiyə dörd tərəfdə düşmənlə əhatə olunub, bir Azərbaycanla ortabab vəziyyətdir, Rusiya ilə birtəhər keçinirlər. Daxildə kürd problemi var. Belə bir vəziyyətdə hakimiyyətdə kəskin görünən prinsipial mövqe olmazsa, dövlətin əl-ayağını yığmaq olmaz. 

- Ancaq sosial şəbəkələrə qoyulan qadağalar da var, bu addımları mədəni dünya tənqidlə qarşılayır...

- Belə problem var. Amma gəlin bir az məsələnin mahiyyətinə baxaq. Bütün bunlar nədən oldu? Ona görə ki, şəxslərin və dövlətin məhrəmliyinə qəsd olundu, namusuna toxunuldu. Təsəvvür edin, gizlincə evin hamamının çəkilişini edirlər, evdə uşaq var, xanım var... bunları qeydə alırlar. Bu şeylər hər kəsin namusuna toxunan haldı. Dövlətin də namusu onun təhlükəsizliyidir, buna da əl uzatdılar, məxfi görüşmələri çəkib xaricə ötürdülər. Bütün bunların hamısı da xarici dairələrin dəstəyi ilə edilirsə, biz xəyanətdən danışmalıyıq daha çox. Güman edirəm ki, sosial şəbəkələrə tətbiq edilən qadağalar müvəqqəti xarakter daşıyır, hökumət texnoloji xəyanətdən aram nəfəs almaq üçün bu tədbiri görüb. Amma əmin olun, Türkiyədə siyasət axar su kimidir, o öz-özünü  təmizləmək gücündədir.

- Baş nazir seçki sonrası çıxışında hədələr biçdi. Sizcə bu, Türkiyə cəmiyyətinin seçkidən sonra parçalanmasına səbəb olmayacaq ki? 

- Açıq danışmalıyıq, seçilərdən əvvəlki şər kampaniyası özbaşına buraxıla bilməz, Türkiyənin təhlükəsizliyini təhdid edən kimdirsə, cəzalanmalıdır. Təhsil və başqa humanist tədbirlər haləsi altında gizlənib dövləti içdən sarsıtmaq istəyən insanları, qrupları cəzalandırmaq Türkiyə hökumətinin kefi ilə bağlı məsələ deyil, bu onların borcudur. AKP-nin bunu edəcəyini də gözləyirəm. Amma  cəzalandırma kor intiqam olmayacaq, qanuna söykənən fəaliyyət olacaq. Bu iş çox vacibdir, çünki o olmasa Türkiyənin pozulan siyasi atmosferi sağalmaz.

Mən deyə bilmərəm ki, Türkiyədə ideal demokratiya var. Xeyr, demokratik problemlər var, amma onların aradan qaldırılması üçün yavaş-yavaş addımlar atılır. Türkiyənin istiqbalını kifayət qədər işıqlı, aydın görürəm, gedən prosesləri də müsbət qiymətləndirirəm.

- Nəzərə alsaq ki, Ərdoğanın qəzəbləndiyi “camaat”ın  Azərbaycanda da böyük şəbəkəsi var. Bu baxımdan yanaşsaq seçkinin nəticələri bizə necə təsir edəcək?

- Əvvəla gəlin özümüzə bir sual verək: “Nurçu”lar Azərbaycanda kimin yanındadılar, məzlumun, yoxsa zalimin? Haqqın, yoxsa nahaqqın? Mən onların təhsil sektorundakı fəaliyyətini mübahisələndirmirəm; gerçəkdən də yaxşı kadrları var və rüşvətdən uzaq təhsil müəssisələri yaradıblar. Ancaq biz onların media orqanlarında, məsələn, Xəzər TV-də, “Zaman” qəzetində nə vaxt Azərbaycan xalqının fundamental hüquqlarının pozulması ilə bağlı material görmüşük? Onlar nə vaxt seçki saxtakarlığı kimi dəhşətdən yazıblar, hətta dövlət başçısının izn verdiyi mövzu - qudurğan məmur övladlarını tənqid ediblər? Mən görməmişəm, bəlkə sizlər görmüsünüz? Son seçkidə Xəzər TV xüsusi materialları ilə az qala Lider TV-yə rəhmət oxutdurmurdumu?

Mən hələ daha ağır məsələdən danışmıram; Türkiyədə tarix və dillə bağlı mühüm qurumlar “nurçu”ların əlindədir. Öz sahəm olduğundan əminliklə deyirəm, bu adamlar Azərbaycan və Türkiyənin ortaq dərdi olan erməni məsələsinə çox laqeyddilər. Qondarma erməni soyqırımı ilə bağlı boyunlarına düşən işlər var, onları görmürlər. Biz azərbaycanlıların bir nömrəli dərdi Qarabağa belə səthi münasibət göstərən hər kəs kimliyindən asılı olmayaraq öz mənafeyini düşünəndi.

- Bəs proqnozunuz nədir?

- Proqnoz deməzdim, amma məntiq və sağlam dövlətçilik şüuruna görə Azərbaycan da Türkiyə dövlətinin təhlükəsizliyini baltalayan şəbəkənin əl-ayağını yığmalıdır. Indi bir-iki adam tapıb işdən çıxarmaqla məsələ tamamlanmır. Söhbət heç ondan getmir ki, insanlara qarşı total repressiya işə düşməlidir, xeyr! Sadəcə məsələyə ciddi və kompleks yanaşmalıdır, kimlər ki dövlətin təhlükəsizliyini sarsıdır, faktiki casusluq fəaliyyətindədilər, bu hərəkətlər qanuni qiymətini almalıdır.

Azərbaycan hakimiyyəti düşünməlidir, necə ki Türkiyə öz mənafelərini tələb etsə də Ermənistanla sərhədlərini açmır, Azərbaycan da borcludur ki, qardaş ölkəyə xəyanət edən, onu arxadan xəncərləyən insanların əl-ayağını yığsın.

Natiq
"Azadlıq"qəzeti

Hiç yorum yok: