Translate

15 Nisan 2014 Salı

“ AZƏRBAYCAN TÜRKİYƏ İLƏ BİRLƏŞƏ BİLƏR ”


“1988-ci ildə çap etdirdiyim əsərimdə yazmışdım ki, ermənilər qəribə millətdir, hətta torpağın altındakı ölüləri də çoxalır...”

Aprelin 11-ə ABŞ Senatının Xarici Əlaqələr Komitəsi qondarma “erməni soyqırımı” iddialarını dəstəkləyən qərar layihəsini qəbul edib. Xarici Əlaqələr Komitəsinin rəhbəri Robert Menendezin təklif etdiyi layihənin lehinə 12, əleyhinə 5 senator səs verib. Belə görünür, ermənilər aprelin 24-də “soyqırım”ın növbəti ildönümünü böyük coşğu ilə keçirəcəklər. Azərbaycan parlamentinin üzvü Sabir Rüstəmxanlı ilə ermənilərin soyqırım iddialarında yola çıxaraq türk dünyasında bu gün baş verən olaylardan söhbət etdik. 

- Sabir bəy, 2015-ci ildə ermənilər qondarma soyqırımın 100 illiyini qeyd etməyə hazırlaşır. Siz ABŞ Senatının bu haqda qərar qəbul etməsini Türkiyə diplomatiyasının uğursuzluğu sayırsınızmı? 

- Belə bir soyqırım olmadığını dünya çox gözəl bilir. Bu olaylar I Dünya Savaşında baş verib. O zaman Türkiyə bir çox cəbhələrdə - Quzey Afrikada, ərəb dünyasının bir neçə ölkəsində, Balkanlarda savaşıb. 1912-ci ildə Balkan savaşında 5 milyon insan yerindən-yurdundan olmuşdu, Osmanlı xeyli torpaq itirmişdi. Ancaq dünya Balkanlarda türklərə qarşı edilən soyqırımını sanki görmürdü. Osmanlı I Dünya Savaşına girdikdən sonra Avropa ölkələri Osmanlını buna görə cəzalandırmaq niyyəti ilə erməni soyqırımı iddiasını ortaya atdı. Ancaq bu zaman nəzərə almadılar ki, Rusiya Osmanlının  üzərinə gedəndə çar II Nikolayın göstərişi ilə 200 minə yaxın erməni də silahlanmışdı. 

Osmanlı-Rusiya qoşunlar ön cəbhədə vuruşarkən onlar arxa cəbhədə Osmanlı içərisindəki erməni çetələri, daşnak qruplaşmaları ilə birləşib türk-müsəlman əhalini qırırdılar. Nəticədə 1915-16-cı ildə 700 mindən çox qətlə yetirilmişdi. Həmin olaylarda 300 min erməninin öldüyü deyilir. İndi Osmanlının varisi sayılan Türkiyədən bu qondarma soyqırımının öcünü alırlar. Bu gün həm Türkiyənin özündə, həm də dünyada xeyli soyadını dəyişmiş erməni var. Dünyada olan ermənilərin sayının düşünəndə görünür ki, həmin savaşlarda ermənilərə türklər qədər zərər dəyməyib. Ölən ermənilən sayını öncə 300 min göstərirdilər, sonra dedilər, yox 500 min erməni öldürülüb, ardınca 700 bu sayı minə, 1 milyona çıxardılar. Mən 1988-ci ildə çap etdirdiyim əsərimdə yazmışdım ki, ermənilər qəribə millətdir, hətta torpağın altındakı ölüləri də çoxalır, belə getsə öldürülən ermənilərin sayı milyon yarıma, 2 milyona çıxarılacaq. İndi baxıram, dünyanın bir sıra ensiklopedik nəşrlərində, ermənilərin kitablarında 2 milyon yarım, hətta daha yuxarı olan fantastik rəqəmlər göstərilir. 

Aydındır ki, bu, Böyük Britaniyanın və bir sıra Avropa ölkələrinin fitvası ilə ortaya atılan iddia idi. Halbuki Türkiyə dövləti erməniləri doğu Anadoluda öz iç vilayətlərinə köçürmüşdü ki, orada daha rahat yaşasınlar, həm də dövlətə xəyanət eləməsinlər. Savaş idi, savaş şərtləri belə tələb edirdi. Bunlar o qədər də uzaq tarixdə baş verməyib. Deyilənləri təsdiq edən çoxsaylı faktlar var. Ancaq bu gün bu qondarma siyasəti Türkiyəyə qarşı silah kimi işlədirlər, Avropa Birliyinə gedən yolda bunu bir maneəyə çevirirlər, eyni zamanda Qarabağ məsələsinin arxa plana keçirilməsində yararlanırlar. Belə bir fikir formalaşdırmağa çalışırlar ki, guya iki türk dövləti - Türkiyə ilə Azərbaycan birləşib məzlum erməni xalqından acıq çıxır, ona görə də Qarabağ məsələsində Azərbaycanın xeyrinə heç bir güzəştə gedilməməlidir, hətta Xocalı soyqırımına göz yummaq lazımdır. Təəssüf ki, bu proses gedir. 

Mən Fransadan, Avstriyadan olan bir sıra alimlərlə Anadoluda türklərin toplum məzarlara doldurularaq qətlə yetirildiyi yerlərə getmişəm. O toplu məzarlarda bu gün dünyaya özünü məzlum kimi tanıtmağa çalışan ermənilər yox, türklər uyuyur. Bu alimlər də deyirlər ki, erməni soyqırımı məsələsi Türkiyəyə qarşı təzyiq vasitədir, Türkiyə bunu qəbul edə bilməz, qəbul eləsə, Avropanın ikinci, üçüncü, beşinci tələbləri meydana gələcək. Niyyət Avropanın bir zamanlar “Böyük Türk” deyərək qabağında əsdiyi xalqı, onun dövlətini zəiflətməkdir. Osmanlı ilə bağlı xatirələri hələ də Avropanın ürəyindədir, ona görə də Türkiyənin güclü olmasını istəmirlər. 

“Rusiya Ukraynada yaşayan rusların haqqını müdafiə etməkdə haqlıdırsa, Türkiyə də Krımda, Rusiyanın digər bölgələrində yaşayan türkləri müdafiə eləməkdə haqlıdır və bunu etməlidir”

- Bu gün türk dünyasının problemlərinə bir də Krım problemi əlavə olunub. Krımın işğal etdiyinə görə Qərb Rusiyanı sıxışdırmağa çalışır. Proses AŞPA-nın sonuncu sessiyasında Rusiya səsvermə hüququndan məhrum edilməsinə qədər irəlilədi. Azərbaycan diplomatiyası yaranmış durumda Qarabağla bağlı hansısa nəticələrə nail ola bilərmi?

- Mənə elə gəlir, Krımla Qarabağı yanaşı qoymaq lazım deyil. Bunlar ayrı-ayrı məsələlərdir. Rusiya Ukrayna torpaqlarını işğal edib, Krımı öz ərazisinə qatıb, təbii bu, pislənməlidir. Ancaq gerçəkdə həmin torpaqların nə Ukraynaya, nə də Rusiyaya aidiyyəti yoxdur. Ora türk torpağıdır, ona görə də Krımla bağlı bu gün Türkiyə daha çox danışmalıdır. Dünyada türklərə qarşı soyqırım bir yox, iki, üç əsrdir davam edir. Bu gün biz dünyaya ermənilərin bizə qarşı soyqırım həyata keçirdiyini sübut üçün Xocalı faciəsini göstəririk, halbuki, ermənilər Qarabağın 50-dən artıq kəndində Xocalıdakı kimi soyqırım törədiblər. 

Dünya tarixinə baxdığımızda görürük ki, dünyanın ən böyük soyqırımlarının müəllifləri bu gün Türkiyəni soyqırım iddiası ilə üz-üzə qoymağa çalışan böyük dövlətlərdir. ABŞ-a gələn avropalılar hinduları məhv eləmişdi, Avstraliyaya gedən Böyük Britaniyalılar orada bir nəfər belə aboregen qoymadı, saysız-hesabsız insanlar öldürüldü, kiçik bir hissə adalara sürgün edilmişdi. Fransanın Əlcəzairdə yapdığı soyqırımı insanlıq tarixinin ən böyük utanclarındandır. Soyqırımı Balkanlarda türklərə qarşı serblər, yunanlar, bolqarlar, onlara dəstək verən çar Rusiyası ilə bərabər törədib. Krımdan, Quzey Qafqazdan, Azərbaycanda nə qədər insan Sibirə sürgün edilib. Rusiyanın bütün güney torpaqları türk torpaqlarıdır. Çində Doğu Türküstanda soyqırımı, qətliamlar törədilir. Bu gün İran adlanan yerdə bizim 35 milyon soydaşımız hüquqsuz bir vəziyyətdədir, hər gün qətl, həbs xəbərləri gəlir, İran zindanları soydaşlarımızla doludur. 

Bu gün dünyanın mənzərəsi, guya mədəni xalqların insanlığa münasibəti budur. Belə bir durumda Türkiyəni günahlandırmağa heç bir ölkənin haqqı yoxdur. Türkiyə Krım məsələsini dünyaya çıxarmalıdır. Rusiya həmin torpaqları işğal edərək bütöv bir xalqı öz yurdundan didərgin salıb. Keçən əsrin ortalarından Rusiya Krım türklərini, Axıska türklərini çöllərdə, vaqonlarda yaşamağa məhkum edib. Rusiya Ukraynada yaşayan rusların haqqını müdafiə etməkdə haqlıdırsa, Türkiyə də Krımda, Rusiyanın digər bölgələrində yaşayan türkləri müdafiə eləməkdə haqlıdır və bunu etməlidir. Dünya bu məsələyə bu cür baxmalıdır.

- Rusiyanın Qarabağla bağlı yeni planlar hazırladığı deyilir, bu fonda Türkiyə ilə Azərbaycanın konfederasiyada birləşməsi məsələsi gündəmə gətirilir. Rəhmətlik Əbülfəz Elçibəy də deyirdi ki, gün gələcək Ankara Bakıya vali təyin edəcək. Siz konfederasiya məsələsinə sıcaq baxırsınızmı?

- Biz 1991-ci ildə müstəqilliyimizi elan edəndə biz bu yolu tutmağı qərarlaşdırmışdıq. Biz Türkiyə ilə bir millətik, bunu heç kim inkar edə bilməz. Əgər bir millətiksə, demək, bir dövlətin də tərkibində birləşə bilərik. Bu gün Avropada dilləri, milli kimlikləri tamamilə ayrı olan xalqlar savaş olmaması, iqtisadiyyatlarının gəlişməsi üçün birlik yaradırlar. Nədən biz bunu etməyək? Çoxları “konfederasiya” sözündən qorxur. Ancaq dövlət müstəqillikləri, dövlət atributları qorunmaq şərti ilə bir çox digər məsələlərdə Azərbaycan Türkiyə ilə birləşə bilər. Məsələn, ordu birliyi, iqtisadi birlik, maliyyə birliyi ola bilər, vahid valyuta məkanı yaradıla bilər, gömrük birliyi qurula bilər. 

Bu, dünyanın qəbul etdiyi, alışdığı yoldur və biz də bu yolla gedə bilərik. Gələcəkdə bu birliyə Mərkəzi Asiyadakı türk dövlətləri də qoşula bilər. Çünki Balkanlardan ta Çinin içərilərinə qədər Avrasiya deyilən məkan türkün torpağıdır. Rusiya Avrasiya İttifaqı yaratmaq istəyir, ancaq bu əslində türkün Avrasiyasıdır. Bu gün Türkiyə ilə Azərbaycanın konfederasiyada birləşməsinin qarşısını bir çox dövlətlər almağa çalışır. Çünki Mərkəzi Asiyanın enerji qaynaqlarına türkdən əvvəl Avropa əl qoymaq istəyir. Ancaq türk dövlətləri bir araya gəlib öz torpaqlarına, öz sərvətlərinə sahiblik etməyi bacarmalıdırlar. Türk dünyanın gələcəyi haqqında danışdığımız türk birliyi ilə bağlıdır. 

“Niyyət Avropanın bir zamanlar “böyük türk” deyərək qabağında əsdiyi xalqı, onun dövlətini zəiflətməkdir”


- Türkiyə bir seçimi arxada qoydu və artıq cümhuriyyət tarixində ilk dəfə 10 avqust prezident seçkilərinə hazırlıqlar başlayıb. Bu prosesi necə dəyərləndirirsiniz?

- Azərbaycan Respublikası üçün prezidentlik institutu doğru seçilən modeldir. Çünki savaş gedən ölkələrdə parlamentli respublika o qədər uğurlu sayılmır. Açığı, Türkiyə üçün bu institutun nə qədər uğurlu olacağını söyləmək bir qədər çətindir. Əgər Türkiyənin indiki baş naziri prezident seçiləcəksə, o zaman Türkiyədə daxili münaqişələrin davam edəcəyini, daxili sabitliyi təmin etməyin mümkün olmayacağını düşünürəm. Bəllidir ki, bu gün əhalinin böyük bir hissəsi baş nazir Ərdoğandan narazıdır. Onun partiyası 30 mart bələdiyyə seçkilərində 46 faizə yazın səs aldı. Parlament seçkilərində də əhalinin təxminən yarısının səsini alıb. Əhalinin yarısından da az hissəsinin etimad göstərdiyi bir partiya liderinin Türkiyə prezidenti olması Türkiyəyə sabitlik, rifah gətirməz. Prezident postunu daha neytral başqa bir şəxs qazansa nələr baş verər - bu haqda da dəqiq proqnoz səsləndirmək çətindir. 

Aygün Muradxanlı
musavat.com

Hiç yorum yok: