ORT telekanalının aparıcısı, tanınmış jurnalist Maksim Şevçenko Rusiya hakimiyyətini azərbaycanlılara münasibətdə ikili standartlar siyasəti yürütməkdə ittiham edib. APA TV-nin xəbərinə görə, “Exo Moskvı” radiostansiyasında çıxış edən Şevçenko bir il əvvəl Moskvada azərbaycanlı Mətin Mehdiyevin xüsusi qəddarlıqla qətlə yetirildiyini xatırladıb:
"Bir il əvvəl Moskvada azərbaycanlı Mətin Mehdiyev öldürüldü. Ziyalı görkəmli, çəlimsiz bu oğlan üç aylıq körpəsinə və evdə onu gözləyən həyat yoldaşına süd almaq üçün gecə mağazaya getmişdi. Yaşadığı evin həyətində onun boğazını kəsdilər və bıçaqla bədəninə onlarla zərbə endirdilər. O zaman da biz kifayət qədər hay-küy saldıq. Qatilləri altı ay sonra tapdılar. Həm də Mətini öldürdüklərinə görə yox. Çünki onlar başqa bir nəfəri qətlə yetirmişdilər. Mətini öldürənlər ruslar idi, amma ağır cinayət törədilibsə, qatilin milliyyəti elə bir ciddi məna kəsb etmir. Baxmayaraq ki, Mətinin boğazını kəsmişdilər, bizə dedilər ki, bu, adi cinayət hadisəsidir. Mən isə hesab edirəm ki, bu, neonasist cinayəti idi”.
Maksim Şevçenko bildirib ki, Mətin Mehdiyevin qatillərini qolubağlı şəkildə daxili işlər nazirinin qarşısına gətirməyiblər: “O əclafları Kolokolçevin kabinetinə aparmadılar. Mən sual edirəm – küçədə hər gənci bıçaqla öldürənləri vertolyota mindirib, daxili işlər nazirinin yanına aparırlar?”
Jurnalist bir gün sonra Moskvada 27 yaşlı azərbaycanlının qətlə yetirildiyini, qatillərin isə hələ də azadlıqda gəzdiyini deyib. SİTAT - “27 yaşlı azərbaycanlını çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirdilər. Daxili İşlər Nazirliyi isə dərhal bəyan etdi ki, azərbaycanlını yalnız azərbaycanlılar qətlə yetirə bilər. Qəribədir, nə qatilin kim olduğu məlum deyil, nə cinayətin motivi bəlli deyil, bədənində çoxsaylı bıçaq zərbələri olan azərbaycanlının meyiti tapılıb və Daxili İşlər Nazirliyi deyir ki, bu cinayəti yalnız azərbaycanlılar törədə bilər. Bu məntiqsiz sözləri yalnız bizim nazirlik deyə bilər”.
APA.TV
Hiç yorum yok:
Yorum Gönder