Translate

21 Ağustos 2013 Çarşamba

“Qarabağın pulla geri alınması variantı indi də realdır”


Elxan Şahinoğlu: “Fikrimcə, rəsmi Bakı bu variantdan vaz keçib və silah almağa üstünlük verir”

Azərbaycan hakimiyyətinin pul müqabilində Qarabağı işğaldan azad etməsi planları ilə bağlı daha əvvəl yazmışıq. Məsələ ondadır ki, son dövrlərdə bu məsələ yenidən gündəmə gəlib. Bu, böyük məbləğdə pulun qarşılığında problemin həllində əsas tərəflərdən olan ölkələri, o cümlədən Ermənistan hökuməti, erməni lobbisini uzunmüddətli sülh planına razı salmaqdan, ardınca Qarabağa böyük yatırımlar qoymaq şərtilə münaqişənin həllinə nail olmaqdan ibarətdir.
Azərbaycan hökumət rəsmiləri Qarabağa böyük yatırım qoyulması ilə bağlı planlardan dəfələrlə bəhs ediblər. Bəs hazırda bu imkanlar nə qədər realdır? Azərbaycan üçün bu variant cəlbediciliyini qoruyub saxlayırmı?
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, analitik Elxan Şahinoğlunun fikrincə, Qarabağı erməni separatçılarının əlindən pulla almaq üçün birinci növbədə İrəvanın baş ağası - Kremllə sövdələşmək lazımdır. Ekspertin sözlərinə görə, ermənilər istəsələr belə, bu cür məsələdə təkbaşına qərar verə bilməyəcəklər: “Bu günə qədər İrəvana dolayı yollarla oxşar təkliflər edilib, bunlar nəticə verməyib. Götürək Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanı. O, 1990-cı illərin ortalarında Azərbaycanla sülh sazişi imzalamağa yaxın idi. Çünki həm Qarabağın iqtisadi və sosial yükündən qurtulmaq istəyirdi, həm də Azərbaycanla sülhə nail olub əməkdaşlıqdan Ermənistanın qazanclı çıxmasını istəyirdi. Ter-Petrosyanla sülh imzalamağa nail olunsaydı, bu gün Bakı-Tiflis-Ceyhan boru xətti Ermənistandan keçər və Bakı-İrəvan-Ceyhan boru xətti adlanardı və Gürcüstanın illərdir boru xəttindən və digər layihələrdən əldə etdiyi qazancları Ermənistan əldə edərdi. 1996-cı ildə sülh sazişi imzalansaydı, ötən 17 ildə Ermənistanın həm Bakı-Tiflis-Ceyhan, həm də digər layihələrdən qazancı milyardlarla dolları aşardı. Halbuki hazırda İrəvan hansısa ölkə və ya beynəlxalq maliyyə təşkilatından yüz milyon dollar kredit əldə etmək üçün az qala yalvarır və heç kim, o cümlədən müttəfiqi Rusiya ona bu maliyyəni vermir”.
Elxan Şahinoğlunun fikrincə, Levon Ter-Petrosyana sülh imzalamağa və Qarabağı faktiki Bakıya pulla satmağa Kreml və onun İrəvandakı əlalatıları imkan verməyiblər. Ekspertin sözlərinə görə, o zaman bu hadisə ilə Qarabağı pulla almağın yolları qapanıb. Ancaq E.Şahinoğlu deyir ki, indi yenə də “pul qarşılığında torpaq” konsepsiyası mümkündür: “Kremlin o zamankı əlaltıları indi Ermənistanda hakimiyyətdədir və özlərinin bu gün yardıma ehtiyacları var. Başqa sözlə, Levon Ter-Petrosyanın dediyinə gəlib çıxdılar. Levon Ter-Petrosyan deyirdi ki, indi sülh sazişi imzalamasaq, sonrakı illərdə daha ağır şərtlər altında imzalamaq məcburiyyətində qala bilərik. Doğrudur, İrəvan hələ heç bir saziş imzalamayıb, ancaq iqtisadi vəziyyəti 1996-cı ildəkindən daha ağırdır. İrəvana sonrakı illərdə də rəsmi və qeyri-rəsmi kanallarla eyni təklif edildi, yəni işğaldan əl çəkin, siz də bölgədəki enerji və digər əməkdaşlıqdan qazanc əldə edərsiniz. Bunu İrəvanın diqqətinə daha çox Ankara çatdırırdı. Türkiyə rəsmiləri bu günə qədər açıq söyləyirlər ki, Ermənistan Qarabağdan qoşunlarını çıxarmağa razılaşsa, İrəvan Azərbaycan və Türkiyənin iştirakçısı olduğu regional layihələrə qoşula bilər. Ancaq keçmişdə olduğu kimi, söz sahibi İrəvan olmadığı kimi Bakı və Ankaranın mesajlarına birbaşa cavab verilmir. Halbuki Ermənistandan yan keçən bütün regional layihələr İrəvanı qıcıqlandırır, Gürcüstanı isə varlandırır. Təsadüfi deyil ki, Mixail Saakaşvili son illərdə dövlət işçilərinin maaşlarını dəfələrlə qaldırdığı halda, eyni addımı onun erməni həmkarı Serj Sərkisyan ata bilmir, çünki maliyyə resursları yoxdur”. 
Ancaq həmsöhbətimiz deyir ki, indi Bakı bu varianta o qədər də isti yanaşmır. E.Şahinoğluna görə, indi rəsmi Bakı daha çox güc istiqamətinə meylli kimi görünür: “Fikrimcə, artıq rəsmi Bakı Qarabağı pulla almaq planlarından vaz keçib. Əksinə, Azərbaycan hakimiyyəti silah alışına milyardlarla dollar xərcləyir ki, bu yarışa Ermənistan da qoşulmağa məcbur olsun. Bu yarışın tədricən Ermənistanı taqətdən salacağı düşünülür. Digər tərəfdən, rəsmi Bakı Ermənistanın boşalması tendensiyası tendensiyasını müşahidə edir ki, bunu da İrəvanı taqətdən salan element kimi qiymətləndirirlər. Bir sözlə, bu gün Bakı Qarabağı pulla almağın və ermənilərə milyardlar vəd etməyin yerinə, bu işi pulsuz görməyin ümidi ilə yaşayır. Ancaq bu siyasət də hələ ki uğur gətirmir. Çünki Ermənistan nə qədər taqətdən düşüb, iqtisadiyyatını və sosial sahəsini bərbad günə sürükləsə də, Kreml İrəvanı ən azı Qarabağı işğalda saxlamağa yardımçı olacaq”.

KƏNAN

Hiç yorum yok: