Translate

7 Ağustos 2013 Çarşamba

Naxçıvanda Türkiyə hərbi bazası qurulması xəbərinə müxtəlif reaksiyalar


İqbal Ağazadə: “Naxçıvan kimi həssas bir bölgədə xarici ölkənin bazasının qurulması inandırıcı deyil”
Azad İsazadə: “Bölgənin təhlükəsizliyi baxımından Türkiyə hərbi birləşməsinin yerləşməsini ciddi addım kimi qəbul edə bilərik”
Elxan Şahinoğlu: “Muxtar respublikada Türkiyənin hərbi bazasının yerləşdirilməsi ABŞ və NATO-nun da maraqlarına uyğundur”

Naxçıvanda NATO hərbi bazası yaradıla bilər. Bu barədə “Yeni Müsavat”ın 7 avqust sayında dərc olunan yazıda qeyd olunur. 

Hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, Azərbaycanın müdafiə naziri Səfər Əbiyevin Vaşinqtona səfəri zamanı bu məsələ müzakirə olunacaq. Sitat: “Naxçıvanın müdafiəsi məqsədilə Muxtar respublikanın Türkiyənin himayəsinə verilməsi məsələsi gündəmdədir.

Şübhəsiz ki, bu, Amerikanın xeyir-duası ilə olan məsələdir. Ola bilsin, gələn il Naxçıvanda Türkiyənin Naxçıvanda hərbi bazasının yaradılması, yaxud hərbi nümayəndəliyinin açılması barədə qərar verilsin. Türkiyə Naxçıvana gəlirsə, demək, NATO gəlir. Bu yaxınlarda Türkiyə və Azərbaycanın 12 gün ərzində birgə hərbi təlimlər keçirməsi də adi məsələ deyildi”. 
Qeyd edək ki, Azərbaycan ərazilərində NATO və ya Türkiyə hərbi bazasının yerləşdirilməsi təklifləri daha əvvəl də səsləndirilib. Həm Türkiyədə, həm də Azərbaycanda bu planın tərəfdarları var. Ancaq bir sıra amillər, o cümlədən Rusiya və İranın buna qarşı olacağı və verəcəkləri təpkilər bu planı xeyli dərəcədə riskli edir.
Ümid Partiyasının sədri İqbal Ağazadə indiki şəraitdə Naxçıvanda Türkiyə bazasının yerləşdirilməsini real saymır. Partiya sədri Rusiyanın buna imkan verməyəcəyini düşünür: “Naxçıvanda NATO hərbi bazasının yerləşdirilməsi məlumatının real olacağına inanmıram. Hətta Azərbaycanın digər ərazilərində olması faktını qəbul edərəm, amma Naxçıvan kimi həssas bir bölgədə xarici ölkənin bazasının qurulması inandırıcı deyil. Rusiya buna razı olmaz. Üstəlik, ortada Qars müqaviləsi var. Ona görə də güman edirəm ki, bu, daha çox blefə oxşayır. Desəydilər ki, Azərbaycanın digər bölgələrində, Bakıda yerləşəcək, daha inandırıcı olardı. Düşünürəm ki, indiki şəraitdə bu, aktual və inandırıcı görünmür”.
Hərbi ekspert Azad İsazadə isə prinsip etibarilə bunu mümkün saysa da, ortada baza yerləşdirilməsi ilə bağlı hələ ki hansısa fəaliyyətin olmadığına diqqət çəkir. Ekspert deyir ki, hüquq tərəfdən Azərbaycan ərazisində hansısa xarici dövlətin hərbi bazasını yerləşdirmək üçün ilk növbədə dövlətlərarası saziş imzalanmalıdır və bu sazişi parlament təsdiq eləməlidir. A.İsazadə hazırda belə bir fəaliyyətin olmadığını deyir: “Konstitusiyaya görə belədir ki, hərbi baza statusu, yaxud başqa formada hərbi mövcudluq rəsmi olaraq təsdiqlənməlidir. Ancaq hazırda nə Türkiyə-Azərbaycan arasında, nə də Azərbaycan-NATO arasında heç bir danışıq getmir. Getsə də bu, ancaq məsləhətləşmə səviyyəsindədir”. 
İkinci tərəfdən, ekspert Rusiya amilinin böyük maneə olaraq qaldığını düşünür: “Əgər Azərbaycan belə bir addım atsa, Rusiya buna həddən artıq ağrılı reaksiya verəcək. Amma bu o demək deyil ki, biz bunu etməməliyik. Ancaq bəri başdan nəzərə almaq lazımdır ki, Rusiyanın reaksiyası heç də müsbət və yumşaq olmayacaq. Nəzərə alsaq ki, hazırda prezident seçkiləri dövrünü yaşayırıq, bu ərəfədə belə bir addım atmaq düşünürəm ki, bir balaca tez olar. Amma ümumiyyətlə, təhlükəsizlik baxımından hesab eləmək lazımdır ki, axırıncı bu il ərzində 3 dəfə Ermənistanda siyasətçilər yarı rəsmi şəkildə Naxçıvan problemi səsləndirilibsə, bu bölgənin təhlükəsizliyi baxımından Türkiyə hərbi birləşməsinin yerləşməsini ciddi addım kimi qəbul edə bilərik”. 
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, analitik Elxan Şahinoğlu Türkiyənin Naxçıvanda hərbi baza yerləşdirməsinin Azərbaycana hava-su kimi lazım olduğunu düşünür. Ekspert bunun bir sıra səbəblərini qeyd edir. E.Şahinoğlu deyir ki, Moskva və Tehranı Bakının Vaşinqtonla sıx hərbi əməkdaşlığı narahat edir. Onun fikrincə, Rusiya və İran sərhəddə təlimlər vasitəsilə daim Azərbaycanı təhdid altında saxlamağı düşünürlər ki, bu yolla Bakını Vaşinqton, Tel-Əviv və Ankarayla hərbi əməkdaşlıq üçbucağından qopa bilsinlər: “Azərbaycanın enerji resurslarını Rusiya və İrandan yan keçirməklə Türkiyə üzərindən Qərb bazarına, o cümlədən İsrailə ötürməsi də qonşularımızı ciddi narahat edir. Odur ki, ABŞ və NATO-nun Azərbaycanı Rusiya və İran təhdidindən qorumaq kimi məsuliyyəti var. İkinci bir məqam Dağlıq Qarabağdır. Bölgədə müharibə ehtimalı azalmayıb. Aydındır ki, ötən dəfə olduğu kimi növbədə toqquşmada da Azərbaycan yalnız Ermənistanla deyil, Ermənistan + Rusiya tandemi ilə üz-üzə qalacaq. Azərbaycan Qarabağ uğrunda ehtimal edilən savaşa qatılarkən, qarşı tərəf Naxçıvanın təhlükəsizliyinə problem yarada bilər. Bu baxımdan, Naxçıvanın qorunmasının yolu Türkiyənin Naxçıvanda hərbi baza yerləşdirilməsindən keçir”.
E.Şahinoğlu deyir ki, bu plan gerçəkləşərsə, Naxçıvan üçün daha ciddi bir qarantiya əldə oluna bilər. Ekspertin fikrincə, hüquqi baxımdan Rusiya bu plana etiraz edə bilməz: “Türkiyənin Naxçıvanda hərbi baza yerləşdirməsinə kimsə etiraz edə bilməz. Birincisi, Türkiyə 1921-ci il Qars müqaviləsinə görə Naxçıvanın təhlükəsizliyinə görə məsuliyyət daşıyır. İkincisi, Rusiyanın Ermənistanda hərbi bazası varkən, Kreml Türkiyənin Azərbaycanda hərbi baza yerləşdirilməsinin əleyhinə necə çıxa bilər? Naxçıvanda Türkiyənin hərbi bazasının yerləşdirilməsi ABŞ və NATO-nun da maraqlarına uyğundur. Azərbaycana hər hansı təhdid Qərbin maraqlarına ziddir. Ancaq Qərb Rusiya ilə toqquşmasın deyə birbaşa Azərbaycanda hərbi varlığını rəsmiləşdirə bilmir. Bunu Azərbaycana qardaş və strateji müttəfiq olan Türkiyə vasitəsilə həyata keçirə bilər. Öz növbəsində Türkiyə də Naxçıvanda hərbi baza yerləşdirməklə Cənubi Qafqazdakı statusunu artırmış olacaq. Önəmli olan Ankara-Bakı duetinin bu istiqamətdə ciddi addımlar atmasıdır. Çünki elə olmasın ki, Bakı Ankaradan hərbi dəstək istəyərkən, siyasi və iqtisadi əlaqələrdəki problemləri həll etməmiş saxlayacaq. Bakının Ankara ilə hərbi əməkdaşlığı genişləndirməyə ehtiyacı varsa, digər istiqamətləri də mütləq mənada inkişaf etdirməlidir”.

Hiç yorum yok: