Son onillikdə iqtisadi sahədə baş verən əsas hadisələr arasında Çinin qlobal iqtisadi oyunçuya çevrilərək bütün dünyanın diqqətini özünə cəlb edə bilməsi xüsusi yer tutur. Çin böyük yanacaq-enerji ehtiyatlarına və insan resurslarına malik nəhəng bir ölkədir. Çində dünya əhalisini 20 faizə yaxını yaşayır, dünyanın təbii sərvətlərinin 7 faizi bu ölkənin ərazisində yerləşir.Lakin 1978-ci ilədək Çin, marksizizm təliminə söykənərək ifrat dərəcədə mərkəzləşdirilmiş və özünü dünya iqtisadiyyatından təcrid edən siyasəti ilə iqtisadiyyatını durğunluq dalanına gətirib çıxarmışdı.1978-ci ildən başlayaraq, Den Siyaopin marksizim təlimini inkar etmədən, həm də onu fetişləşdirmədən Çini A.Smitin "Xalqların sərvətinin təbiəti və səbəbləri haqqında tədqiqat" adlı əsərində irəli sürülən əsas prinsiplərə əsaslanaraq inkişaf etdirməyə başladı. A.Smitin "Liberalizmin incili" adlanırılan bu əsərin əsas tədqiqat predmeti xalqların sərvəti və onun artırılmasının mənbə və yolları, stimulları və qanunlarıdır. Adam Smitin iqtisadi sisteminin kökündə insanın təbiəti və mənafeyi durur,həmin nəzəriyyənin əsasını isə rəqabət azadlığı prinsipi təşkil edir. A.Smit azad rəqabətin söndürülməsini iqtisadiyyatın sərbəst inkişafı üçün böyük fəlakət hesab edir. A.Smit insana cəmiyyətin inkişafının hərəkətverici qüvvəsi kimi baxmış və qeyd etmişdir ki, insanlar öz mənafelərini güdməklə eyni zamanda cəmiyyətin inkişafına, onun məhsuldar qüvvələrinin artmasına əhəmiyyətli şərait yaratmış olurlar. Onun fikrincə əgər hər bir fərdə öz mənafeyini, öz qazancını ağıllı surətdə güdmək imkanı verilsə, onda bu, bütün cəmiyyətin sərvətinin artmasına, çiçəklənməsinə kömək edər. Ona görə, əməyin əlavəsi olmadan, nə torpaq, nə də kapital nə isə istehsal edə bilməz. Əgər hər bir şəxsin iqtisadi fəaliyyəti nəticə etibarı ilə cəmiyyətin rifahına aparıb çıxarırsa, onda bu fəaliyyəti heç bir şeylə məhdudlaşdırmaq lazım gəlmir.Ona görə də A.Smit insanın "təbii azadlığını" yəni, işçi tutmaq, istehsal və istehlak etmək, almaq və satmaq azadlığını məhdudlaşdırılmasını qəbul etmirdi.
Həmin prinsiplər əsas tutularaq Çində iqtisadiyyatın transformasiyası aqrar islahatlardan başladı.Kommunalar buraxıldı və torpaqlar ailə podryadı əsasında kəndlilərin istifadəsnə verildi.Kəndli vergi ödəmək öhdəliyini yerinə yetirməklə istehsal etdiyi məhsulun üzərində istədiyi kimi sərəncam vermək hüququ əldə etdi.Nəticədə Çində həyata keçirilən islahat əhalisi 1,4 milyard nəfərə çatan ölkəni ərzaqla təmin edə bildi.
”Əmək vasitəsilə əhalinin güzəranını yaxşılaşdırmaq” Çinin milli ideyasının prioritetinə çevrildi. Eyni zamanda dövlət “Konvergensiya Nəzəriyyəsi”nin əsasını təşkil edən sosializm və kapitalizmin üstünlüklərini bacarıqla əlaqələndirə bildi. İqtisadi siyasətdə köklü dəyişikliklər edilməsi, o cümlədən iqtisadiyyatda bazar elementlərinin tətbiqi,iqtisadi liberallaşma sahəsində addımlar,qarışıq mülkiyyətə üstünlük verilməklə mülkiyyət münasibətlərinin təkmilləşdirilməsi, xarici ticarət və investisiyalar(“açıq qapı”siyasəti) sahəsində həyata keçirilən islahatlar nəticəsində Çin iqtisadiyyatı sürətli artım tepmlərilə inkişaf etməyə başladı.SSRİ-nin və Şərqi Avropanın postkommunust ölkələrindən fərqli olaraq,Çin bazar elemntləri təqbiq edərkən şok terapiyasından (əsas istiqamətləri qiymətlərin,xarici ticarətin,iqtisadiyyatın liberallaşdırılması,büdcə kəsirini məhdudlaşdırmaqla iqtisadiyyatın balanslaşdırılması və özəlləşdirmə olub) yox, mövcud olanı dağıtmamaq və tədricilik prinsipindən istifadə etdi.Dövlət tərəfindən tənzimlənən,müqavilə əsasında formalaşan və bazarda formalaşan bazar qiymətlərinin kombinasiyasından istifadə etdi. Yəni Çində həm dövlət tərəfindən müəyyənləşdirilən qiymətlər,həm müqavilə qiymətləri,həm də bazar qiymətləri fəaliyyət göstərir.Təkcə büdcənin yox, bütövlükdə maliyyə və real sektorun balansını təmun etmək yolunu tutdu. Digər postkmmunust ölkələrdən fərqli olaraq, xüsusi mülkiyyətin əsas mənbəyi təkcə özəlləşdirmə yox,daha çox xüsusi sektorun münbit şəaitdə özünün inkişafı variantı oldu.
Həmin üsulla Çin məhsuldar qüvvələrin inkişaf etdirilməsi,Çinin ümüumi qüdrətinin artırılmaı və əhalinin həyat səviyyəsinin yüksəldilməsi kimi üç fundamental hədəfə döğru hərəkət etməyə başladı.
Den Syaopin tərəfindən 1978-ci ildən həyata keçirilməyə başlanılan islahatlar artıq 2000-ci ilə qədər çox böyük müsbət nəticələrə gətirib çıxarıtdı.Belə ki,əgər postkommunust məkanında islahatların ilk 20 ili ərzində əksər ölkələr hələ ÜDM-in həcminə görə islahatlardan əvvəlki səviyyəyə yeni-yeni çatmağa başlamışsa, Çində isə yüksək dinamika hesabına islahatların ilk 20 ilində, yəni 2000-ci ilə qədər ölkənin ÜDM-i 4 dəfə artdı. Ondan sonrakı dövrdə də iqtisadi artım templəri əsasən qorunub saxlanıldı.Belə ki, 1979-cu ildən 2012-ci ilə kimi Çinin real ÜDM-i illik ortalama 10 faiz həcmində artmışdır.Nəticədə 1989 -cu ildə ÜDM-in həcminə görə dünyada 5-ci yeri tutan Çin hazırda 2-cidir. Bu da yüz milyonlarla insanın sosial iqtisadi hüquqlarının inkişafına,o cümlədən yoxsulluqdan çıxmasına imkan vermişdir.
Çinin iqtisadi uğurlarının hərəkətverici qüvvəsi qısa tarixi zaman kəsiyində iqtisadiyyatı sürətlə yenidən qura bilməsi bacarığıdır.İqtisadiyyatının uğurlu şəkildə modernləşdirilməsində investisaya siyasəti xüsusi yer tutur.Çinin iqtisadi modelinin ən böyük özəlliklərindən biri ondan ibarətdir ki, bu modeldə bazar qanunları inkar edilməsə də, iqtisadiyyat dolayı yolla dövlət tərəfindən güclü şəkildə tənzimlənir.Bununla belə Çin bu yüksəlişə nail olarkən müəyyən mənada Yapon modelinin fəlsəfəsindən də bacarıqla istifadə edə bilmişdir.
Çin modelinin nəzərəçarpan cəhətlərindən biri-iri dövlət müəssisələrinin iqtisadiyyatda böyük paya sahib olmasıdır. Bununla belə Çin Konstitusiysasıda iqtisadi hüquqların əsasını təşkil edən xüsusi mülkiyyət hüququ da ictimai mülkiyyətin davamı, əlavəsi kimi öz əksini tapmış və xüsusi mülkiyyətə təminat verilmişdir.Çin Konstitusiyasına görə,dövlət vətəndaşların şəxsi mülkiyyət və varislik hüquqnu qoruyur. Çində dünya miqyaslı dövlət korporasiyalarının yaradılması və onların çərçivəsində iqtisadi artımın və eksportun stimullaşdırılması son 20 ildə özünün şəksiz üstünlüklərini sübüt elədi.Bununla belə lüzumsuz xərcləri azaltmaq və gəlirliyi yüksəltmədən ötrü, indi bu siyasətdə müəyyən dəyişikliklər edilərək,sərmayələrin bir hissəsinin xüsusi şirkətlərə yönəldilməsi ideyası özünə yer tapmağa başlayır.Bu ideyanın həyata keçirilməsi Çində iqtisadi islahatların daha dərinləşməsi vasitəsilə iqtisadi dayanıqlığın artırılmasında mühüm rol oynaya bilər.
Çində yığım norması çox yüksəkdir.Ailə əmanətlri ailənin sərəncam verdiyi gəlirlərin 30 faizə qədərin təşkil edir.Müqayisə üçün deyək ki,Yaponiyada bu göstərici 21 faiz, Tayvanda 18 faiz,ABŞ-da 8 faizdir.
Çində reallaşdırılan iqtisadiyyatın transformasıyası modeli öz nəticələrinə görə keçid iqtisadiyyatlı ölkələrin nəticələri ilə müqayisədə daha uğurlu oldu.Son 3 onillik ərzində Çin ən yüksək iqtisadi inkişaf templərinə nail oldu,xarici ticarət dövriyyəsi(3,9 trilyon dollar) və valyuta ehtiyatlarının həcminə(3,4 trilyon dollar) görə isə dünyada 1-ci yerə çıxdı.Əhalinin sosial-iqtisadi hüquqlarının inkişafı, o cümlədən güzəranı sahəsində əhəmiyyətli yaxşılaşmaya nail ola bildi.İqtisadi hüquqlar içərisində sahibkarlıq fəaliyyəti hüququ, o cümlədən onun mühüm tərkib hissəsi olan xarici iqtisadi fəaliyyətlə məşğul olmaq hüququ mühüm yer tutur.Çinin eksport sahəsində 20 milyon nəfər çalışır. Bu hüququn realləşdırılması Çin iqtisadiyyatının yüksəlişində aparıcı rollardan birini oynamağa başlamışdır.25-30 il əvvəl Çin ixracın əsas hissəsi xammal və ucuz istehlak mallarından ibarət idi. Hazırda Çin ixracını 60 faizə yaxını maşın avadanlığın, 30 faizə yaxını isə yüksək texnoloyi məhsulların payına düşür. Eyni zamanda Çin ixraca görə dünyanın aparıcı ölkəsinə çevrilmişdir. 2008-ci ilin qlobal maliyyə-iqtisadi böhranından əvvəl ixrac sahəsində dünyada 3-cü olan Çin 2012-ci ildə birinci yerə çıxdı.
Çinin iqtisdi yüksəlişi ölkədə sosial təminat, əmək,təhsil, mənzil və sair bu kimi sosial hüqquqların da inkişafına ciddi təkan vermişdir.Yoxsul əhalinin sayı 1981-ci ildəki 64 faizdən 10 faizə enib. Dünya əhalisiniz 20 faizini təşkil edən Çində işsizliyin səviyyəsi 4 faizdir. Son 30 ildə Çində aparılmış islahatların ən fundamenal nəticəlrindən biri ölkədə ərzaq bolluğunun yaradılması və ərzaq təhlükəsizliyinin təmin edilməsidir.Hər bir ailə 4-6 faizlə 20-30 il müddətinə mənzil,avtomobil,mebel və sair almaqdan ötrü kredit götürə bilər.
Bununla belə Çin həmin islahatlar hesabına bütün sahələrdə ciddi irəliləyişlərə,eləcə də sosial-iqtisadi hüquqların reallaşdırılması sahəsində nəzərəçarpan inkişafa nail ola bilsə də,ÜDM-in həcminə görə dünyanın 5-ci ölkəsindən 2-ci ölkəsinə çevrilməyi bacarsa da, əhalinin adambaşına düşən gəlirlərinə görə hələ də o, aşağı gəlirli ölkələr sırasında qalmaqdadır. Belə ki, alıcılıq qabiliyyəti pariteti üzrə hesablamaya görə,adambaşına ÜDM-in həcminə görə Çin 7400 dollarla(dünya klassifikasiyasında orta göztəricinin aşağı pilləsi) dünyanın 194 ölkəsi arasında 100-cü yeri tutur. BMT-nin İnsan İnkişafına dair hesabatında Çin müəyyən qədər irəliləyişə nail olsa da, 186 ölkə arasında 101-ci yer tutmuş və “orta insan inkişafı ölkələri” qrupundadır. Ona görə də Çinin dövlət sənədlərində qeyd olunduğu kimi Çin "üç addım" proqramının birinci və ikinci mərhələsinin vəzifələrinin öhdəsindən müvəffəqiyyətlə gəlmişdir. Bu da xalqı "isitmək və doydurmaq" vəzifəsini həll etməyə və əhalinin yaşayış səviyyəsini yüksəltməyi təmin etməyə imkan vermişdir.
Son illər Çində həmin proqramın iqtisadi cəhətdən inkişaf etmiş ölkələrlə bir səviyyəyə çıxmaq məqsədi daşıyan üçüncü mərhələsinin həyata keçirilməsinə başlanmışdır. Ona görə də Çin iqtisadi islahatları bu gün də davam etdirir. Amma hələlik Çində insan hüquqları bütövlükdə yox, onun bir hissəsi-əhalinin güzəranının yaxşılaşdırılması məsələsi prioritet götürülmüşdür.Bu mərhələni müəyyən ardıcıllıqla reallaşdırmaq planlaşdırılır.
Cədvəl
Çinin iqtisadi artım templəri və proqnozlar
Illər İqtisadi artım templəri,faiz
2000 10, 4
2000-2010 10
2011 9,3
2012 7,8
Proqnozlar
2013 8
2010-2020 6,5
2030-cu ilə qədər orta hesabla 5,5
2040-cı ilə qədər orta hesabla 4, 5
2050-ci ilə qədər orta hesabla 3, 5
Məsələn, 2020-ci ilə qədər ÜDM-u 2000-ci ilə müqayisədə 4 dəfə artırmaq nəzərdə tutulur. Sonraqkı illərdə yüksək artım templəri yavaşısa da,bu öz növbəsində ölkənin ümumi qüdrətini və beynəlxalq rəqabət qabiliyyətini xeyli gücləndirəcək və sənayeləşməni həyata keçirməyə, mükəmməl və azad bazar iqtisadiyyatı sistemi yaratmağa, şəhər əhalisinin xüsusi çəkisinin artmasına, sənaye və kənd təsərrüfatı, şəhər və kəndlər, ayrı-ayrı regionlar arasında fərqin dərinləşmə tendensiyasını aradan qaldırmağa, sosial təminat sistemini təkmilləşdirməyə, əhalinin gəlirlərini artırmağa və xalqın rifah halını qaldırmağa kömək edəcəkdir. 2050-ci ilə qədər Çində aşağıdakı strateji məqsədlərə nail olunmalıdır:
- sosial-iqtisadi inkişafın kamilliyə çatması üçün hərtərəfli sosialist modernizasiyanı təmin etmək;
- beynəlxalq arenada ölkənin statusunu əhəmiyyətli dərəcədə artırmaq və dövləti ümumi qüdrətinə görə dünyada birinci yerə çıxarmaq;
- ölkənin, əhalinin adambaşına düşən ÜDM-un həcminə görə orta səviyyəli dövlətlərlə bir sıraya çıxmasını təmin etmək;
- xalq üçün varlı, xoşbəxt həyat yaratmaq;
- ölkəni yüksək maddi, hüquqi və mənəvi sivilizasiya səviyyəsi olan qüdrətli dövlətə çevirmək.
Beləliklə, ABŞ-ın 2008-ci il qlobal maliyyə-iqtisadi böhrandan əvvəlki 3 faizlik artım tempinin bərpası və saxlanılması şəraitində, Çində 2050-ci ilə qədər cədvəldə göstərilən kimi. Rəsmən nəzərdə tutulan ÜDM-in yüksək artım templəri yerinə yetirilərsə, XXI əsrin 30-cu illərinə Çin ÜDM-in həcminə görə ABŞ-a çatmaq,əsrin ortalarına isə ABŞ-ı ötmək iqtidarında olacaq.Bununla belə Çin 2050-ci ildən sonra belə sosial-iqtisadi inkişafın əsas inteqral göstəricisi olan adambaşına ÜDM-ə görə ABŞ-dan və dünyanın digər inkişaf etmiş ölkələrinin göstəricisindən xeyli dərəcədə geri qalmaqda davam edəcəkdir.
Çinin iqtisadi fenomeni geniş şəkildə öyrənilib, tətbiq olunmağa cəhdlər edilsə də, hələlik heç kəs onu dolğun şəkildə öz ölkəsində tətbiq edə bilməmişdir.Çox sadə səbəbə görə: Çin iqtisadi fenomenini nüvəsini bütün parametrlərinə görə öz işgüzarlığı ilə nümunə ola biləcək ÇİNLİ təşkil edir və heç bir ölkədə bu fenomeni yenidən raellaşdırmaqdan örtü lazım olan qədər bu cür çinli (Sinqapur istisna olmaqla) yaşamır.
Əli Məsimli,
İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri.
Hiç yorum yok:
Yorum Gönder