Translate

27 Temmuz 2013 Cumartesi

"Bu dəfə Putini Bakıda yola vermək mümkün olmayacaq..."


Politoloq: “Bu, Azərbaycan üçün o qədər də arzuolunan səfər deyil”

“Putinin Azərbaycana səfərini təkcə Azərbaycanda keçirilən prezident seçkiləri ilə əlaqələndirmək doğru deyil. Bu, regionda, xüsusilə Yaxın Şərq regionunda qlobal səviyyədə dünya siyasətində baş verən son hadisələrlə bağlı bir səfərdir. Açığı, bu, Azərbaycan üçün o qədər də arzuolunan bir səfər deyil”. Politoloq Natiq Miri “Yeni Müsavat”a Rusiya prezidenti V.Putinin Azərbaycana gözlənilən səfərini şərh edərkən bunları deyib. N.Miri deyir ki, bu səfər Azərbaycan üçün elə də yaxşı perspektivlər vəd etmir, çünki bu səfər zamanı Azərbaycan hakimiyyəti qarşısında konkret seçim qərarı qoyulacaq.

“Bu seçim o qədər də asan başa gəlməyəcək. Təbii ki, söhbət dünya gücləri arasındakı seçimdən gedir. Bu çərçivədə Azərbaycanın gələcək təhlükəsizliyini hansı təhlükəsizlik sistemində görəcəyi ilə bağlı Putinin qərarı ortada olacaq. Buna cavab vermək isə Azərbaycan üçün çox çətindir. Çünki Azərbaycan hakimiyyəti ölkənin gələcəyini Qərblə inteqrasiyada, eyni zamanda gələcək təhlükəsizliyini Avroatlantik güclə bir yerdə görür. O baxımdan bu strateji qərarı vermək Azərbaycan hakimiyyəti üçün çox çətindir və Azərbaycan bu gün buna hazır deyil”.

Politoloq deyir ki, paralel olaraq seçim qarşısında qoyulan Azərbaycandan Avrasiya İttifaqına üzvlük məsələsində konkretlik istəniləcək: “Azərbaycan buna da hazır deyil. Təbii ki, bunun müqabilində Azərbaycana bəzi vədlər veriləcək. O məsələlər içərisində prezident seçkilərində Rusiyanın dəstəyi, eyni zamanda Dağlıq Qarabağ probleminin həllində bəzi irəliləyişlər ola bilər. Son vaxtlar Ermənistanla Avropa Birliyi arasında assosiativ üzvlük haqqında müqavilə imzalanması prosesinə hazırlıq gedir. Rusiya da bu məsələdən çox ciddi mənada qıcıqlanıb. Ona görə də Ermənistanı bir növ cəzalandırmaq üçün cüzi də olsa, Azərbaycana müəyyən mənada reveranslar etməyə hazırdır. Ancaq bunun müqabilində Azərbaycan hakimiyyətindən istəkləri yaxın gələcəkdə Azərbaycana çox baha başa gələ bilər. O baxımdan bu, Azərbaycan üçün o qədər arzuolunan səfər deyil. Xüsusilə Azərbaycanın dövlət başçısı üçün bu səfər çox çətin keçəcək. Yəni bu səfər münasibətlərin tənzimlənməsindən çox ola bilsin ki, gələcəkdə çox ciddi şəkildə xətər almasına səbəb olacaq. Çünki Putin bu gəlişi ilə Azərbaycandan konkret qərar istəyəcək. Bakıda artıq Putini yola vermək mümkün olmayacaq".

N.Miri təsdiq edir ki, bu səfər Azərbaycan hakimiyyətindən çox Rusiya hakimiyyətinə lazımdır: “Çünki indiki ərəfədə Yaxın Şərqdə, bizim regionda, ümumiyyətlə, qlobal siyasətdə ABŞ-ın məğlub olması eyforiyası var. Rusiya belə bir situasiyadan istifadə etməklə postsovet ölkələrini özünə tərəf cəlb etmək istəyir. Təbii ki, bunun müqabilində Rusiyanın Azərbaycana və digər postsovet ölkələrinə təklif edəcəkləri də var. Ancaq Azərbaycan bu təkliflərin strateji və milli maraqlarına nə qədər uyğun olub-olmadığını götür-qoy etməlidir. Məncə, Azərbaycanın bu yöndə Rusiyaya verə biləcəyi müsbət qərarlar yoxdur. Əks təqdirdə, bu, bumeranq olaraq Azərbaycanın başına çox ağır zərbələrlə qayıda bilər. Ona görə də bu səfər Rusiyaya daha çox lazımdır. Çünki Rusiya vəziyyətdən istifadə edərək regionda daha da güclənmək istəyir”.


İlham Sultanov

ANS

Hiç yorum yok: