Translate

24 Haziran 2012 Pazar

QARABAĞDA MÜHARİBƏ TƏHLÜKƏSİ QƏRBDƏ BÖYÜK NARAHATLIQ YARADIB


25.06.2012

Nüfuzlu ekspertlər və araşdırma mərkəzləri, siyasətçilər və diplomatlar bir-birinin ardınca bu məzmunda xəbərdarlıqlar edirlər: “Hərbi əməliyyatların başlaması fəlakətə səbəb olacaq”
Rusiyanın Qafqazdakı təhlükəli planları ilə bağlı yeni xəbərlər də var


Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsinə görə hərbi əməliyyatların yenidən başlaması riskinin artması Qərbdə böyük narahatlıqla izlənməkdədir. Ötən günlərdə nüfuzlu ekspertlər və araşdırma mərkəzləri, siyasətçilər və diplomatlar səviyyəsində dəfələrlə yeni müharibənin fəlakətli nəticələrə gətirib çıxaracağı haqda xəbərdarlıqlar edilib.

Qeyd edək ki, Qarabağa görə yeni müharibənin başlaması təhlükəsinə dair narahatlıqlar iyunun əvvəllərində ABŞ dövlət katibi Hillari Klintonun regiona səfəri ilə eyni vaxtda Ermənistanla Azərbaycan arasında ciddi toqquşmaların yaşanması ilə bağlı artıb. Bu toqquşmaların ardınca Ermənistanla Azərbaycan arasında xarici işlər nazirləri səviyyəsində altı aylıq fasilədən sonra ilk danışıqlar olsa da gərginlik qalmaqdadır. Ermənistan silahlı qüvvələri hər gün intensiv şəkildə atəşkəs rejimini pozur və Azərbaycan ordusunun mövqelərini atəşə tutur.
Neçə vaxtdır Qarabağ münaqişəsi ətrafındakı situasiyanı və danışıqlar prosesinin gedişini izləyib təhlil aparan, Brüsseldə yerləşən Beynəlxalq Böhran Qrupu ötən həftə bu gərginlikdən çıxış edərək bildirib ki, Ermənistanla Azərbaycan uzunmüddətli müharibəyə hazırlaşır. Təşkilat xəbərdarlıq edirdi ki, yeni müharibə başlasa, qısamüddətli olmayacaq və nəticələri ağır olacaq, eyni zamanda Rusiya və Türkiyə kimi regional oyunçuların da ona cəlb olunması ehtimalı var. Avropa Parlamentinin üzvü Çarlz Tannok da “Euroaktiv.com” saytında yer alan məqaləsində analoji xəbərdarlıqla çıxış edir.
Ermənistanla Azərbaycan arasında toqquşmaları təhlil edən Tannok Avropa İttifaqını “qeyri-proporsional güc işlədənləri” sanksiyalarla hədələməyə çağırır. “Avropanın Qafqazdakı gərginliyə riskli dözümlülüyü” məqaləsində Tannok yazır ki, Avropa öz şərqdəki qonşuları Ermənistanla Azərbaycan arasında bu yaxınlarda 10-dan artıq adamın ölümünə bais olmuş son qarşıdurmaya tolerant yanaşıb. Hərçənd ki, Qafqazdakı müharibənin gözlənilmədən aktiv mərhələyə keçmə ehtimalının real olmasını 2008-ci ildəki Cənubi Osetiyadakı olaylar təsdiqləyib. Məqalədə əsasən Gürcüstanla Rusiya arasında müharibə misal çəkilsə də Azərbaycan-Ermənistan qarşıdurmasının dağıdıcı potensialının qat-qat yüksək olduğu bildirilir. Müəllif bildirir ki, Azərbaycanla Ermənistan paytaxtlarına “raketlə bombalar yağdırılması ilə yanaşı ən mühüm mülki infrastrukturlar” yerlə yeksan edilə bilər. Bu səpkidə ixrac kəmərləri, habelə Xəzər sahillərindəki neft infrastrukturunun raket zərbəsi dairəsində olduğu qeyd olunur. “Xülasə, ölkələr müstəqilliyini qazanmasından keçən 20 il ərzində əldə etdikləri müsbət nailiyyətləri itirə bilər”, - deyə o yazır.
Ç.Tannok qeyd edir ki, Qarabağı “10 gün ərzində” azad etməyə qadir olduğunu bəyan edən Azərbaycan qardaş Türkiyə - Ermənistan isə Rusiya tərəfindən dəstəklənir. Azərbaycandakı revanşist çağırışlar və Qafqaza beynəlxalq sülhməramlı qüvvələrin gətirilməsi perspektivindən narahat olan İranla Bakının münasibətləri gərgin qalır. Gürcüstanda 2008-ci ildəki müharibədən sonra yeni münaqişə təqdirində Rusiya qoşunlarının Qafqaza yeridilməsi ehtimalından ehtiyat edilir: “Mürəkkəb yerli coğrafiya və zəngin təbii ehtiyatlara malik regionda müharibə aparan qoşunların hansı mövqelərdə dayanacağını demək mümkün olmasa da, münaqişə insan faciəsi və iqtisadiyyata təsiri baxımından Balkan müharibəsindən bu yana baş verənləri kölgədə qoyacaq. Azərbaycanın neftlə qaz təchizatının kəsilməsi dünya bazarlarında xam neftə qiymətlərin artmasına səbəb olaraq qlobal iqtisadı canlanma ilə bağlı cücərən ümidlərə son qoymuş olacaq. Avropa tərəfləri təmkinliyə çağırmaqdansa konkret addımlar atmalıdır, əks təqdirdə insan fəlakəti nəticəsində bölgədən yeni qaçqın axını o cümlədən çətin iqtisadi durumda olan Avropaya üz tuta bilər”.
Xatırladaq ki, ötən həftə Vaşinqtonda təşkil olunmuş müzakirələrdə ABŞ-ın İrəvan və Bakıdakı keçmiş səfirləri Con Evans və Riçard Kozlariç də yeni müharibənin region üçün qorxulu nəticələrə səbəb ola biləcəyinə dair fikirlərini bildiriblər. Son vaxtlar ABŞ-da aparıcı düşüncə mərkəzləri bir-birinin ardınca Qarabağa dair debatlar təşkil edir və bu da Vaşinqtonun bölgədə müharibə riskinin artmaqda olduğu bir vaxtda öz siyasətinə necə düzəliş edə biləcəyinə dair axtarışlar içərisində olduğunu göstərir. Əksəriyyət hesab edir ki, Qərb münaqişə ətrafında təhlükəli status-kvonu dəyişmək üçün hərəkətə keçməlidir. Bu arada Rusiyanın da Qafqazdakı təhlükəli planlarına dair yeni xəbərlər yayılmaqdadır.
“Nezavisimaya qazeta” son saylarından birində Rusiyanın sentyabrda başlayacaq “Qafqaz-2012" irimiqyaslı hərbi təlimləri ilə bağlı hazırlıqların sürətlənməsindən bəhs edir. Bildirilir ki, bu təlimlərə hazırlıq məqsədilə Rusiyanın cənubunda və Ermənistanda hərbi texnika və silahlardan istifadə olunmaqla operativ-taktiki təlimlər seriyası başlayıb. Qəzet bu hazırlıqların daha çox Xəzər, İran və Suriya ətrafında gərginlik, habelə Qarabağ münaqişəsi ilə bağlı olduğunu yazır. Rusiyanın Cənub hərbi dairəsindən qəzetə bildirildiyinə görə, yaxın günlərdə Stavropol vilayətindəki hərbi poliqonda rabitə qoşunlarının xüsusi təlimi keçiriləcək. Bu təlimlər zamanı Cənubi Osetiya və Abxaziya, habelə Ermənistan ərazisindəki rus qoşunları arasında operativ əlaqə sınaqdan keçirilməlidir. Ermənistanda isə iyunun 26-da ölkədə hərbi vəziyyətin elan edilməsi, kömək üçün KTMT blokuna müraciət olunması planlarını sınaqdan keçirmək üçün təlimlər başlayır.
Qəzet yazır ki, “Qafqaz 2012" təlimləri zamanı Rusiyanın hava-desant qüvvələri Ermənistan ərazisinə yeridiləcək və bu addım Gürcüstanla Azərbaycanda narahatlıqla izlənilir. ”Novaya qazeta" isə Rusiyanın Qafqazdakı hərbi planları ilə bağlı yazır ki, Kreml Ermənistandakı qoşunlarına dəhliz açmaq üçün Gürcüstana müdaxilə edə bilər. Qəzet Rusiya prezidenti Vladimir Putinin inauqurasiyadan sonra baş çəkdiyi ilk hərbi hissənin Krasnodardakı 393-cü aviabaza olmasına da diqqət çəkir. 2008-ci ildə bu baza Gürcüstana qarşı əməliyyatlarda aktiv rol oynamışdı. Qəzet Ermənistanla Azərbaycan arasındakı son toqquşmaları, Rusiya ilə Azərbaycan arasında Qəbələ RLS danışıqlarının nəticəsiz qalmasını da xatırladır, tanınmış hərbi ekspert olan müəllif Pavel Felqenhauzer ehtimal edir ki, Ermənistanla Azərbaycan arasında toqquşmalar böyüsə Rusiya öz müttəfiqinə yardım edə bilmək üçün Gürcüstandan dəhliz açmağı tələb edə bilərdi.

F.MƏMMƏDOV

Hiç yorum yok: