Translate

25 Haziran 2012 Pazartesi

ERMƏNİSTAN XOCALI CƏLLADLARININ SÜMÜKLƏRİNİ İSTƏYİR

24.06.2012

Düşmən ölkədə 1992-ci ilin iyun ayında Gəncə batalyonu tərəfindən məhv edilən erməni hərbi canilərinin aqibətini 2008-ci ildə internetdə yayılmış videokadrlardan öyrəniblər
Əlləri yüzlərlə, minlərlə azərbaycanlı dinc sakinin qanına bulaşmış “Arabo” vəhşiləri necə və harada məhv edilmişdi?


Ermənistanın əsir, girov və itkin düşmüş şəxslərin işi üzrə Dövlət Komissiyası müxtəlif rəsmi və qeyri-rəsmi kanallarla Azərbaycana müraciət edərək 1992-ci ilin fevralında Xocalıdakı qəddar qətlimada əsas rol oynayan, muzdlulardan ibarət “Arabo” batalyonu üzvlərinin cəsədlərinin qalıqlarını almaq istəyir. Bu barədə komissiyanın işçi qrupunun rəhbəri Armen Kaprielyan Ermənistan KİV-lərinə bildirib.

Onun dediyinə görə, Azərbaycan tərəfinin əsir, itkin və girov düşmüş şəxslərin işi üzrə müvafiq Dövlət Komissiyası ilə təmaslar üç ildir dayanıb, indi erməni tərəfi bu təmasların bərpa olunmasına ümid edir. Kaprielyan bildirib ki, erməni tərəfi hər iki tərəfdən komissiya üzvlərinin üçüncü ölkədə görüşünün təşkili barədə Azərbaycan tərəfinə müraciət edib. Onun bildirdiyinə görə, bu müraciət rəsmi formada may ayında göndərilib.
Kaprielyanın bildirdiyinə görə, Ermənistan tərəfindən həmin komissiyaya rəhbərlik edən müdafiə naziri Seyran Ohanyan Beynəlxalq Qırmızı Xaç vasitəsilə üç il əvvəl Azərbaycan tərəfinə müraciət edərək üçüncü ölkədə Qarabağ müharibəsində əsir və itkin düşmüş şəxslərin işi üzrə görüş keçirilməsini təklif edib. O deyir ki, Azərbaycan tərəfi müraciətə üç il sonra, yəni bu yaxınlarda cavab verib və belə görüşün keçirilməsinə müsbət yanaşdığını göstərib. Kaprileyanın dediyinə görə, Azərbaycanın görüşün keçirilməsinə ilkin razılığına dair hələlik rəsmi sənəd hələ yoxdur və erməni tərəfi Beynəlxalq Qırmızı Xaça müraciət edərək görüşün təşkili üçün texniki kömək göstərilməsini istəyib. Bildirilir ki, keçiriləcəyi yer və vaxt hələ müəyyən olunmayan bu görüşdə siyasi yox, humanitar məsələlər müzakirə ediləcək. Xüsusən erməni tərəfi bu görüşdə Qarabağ müharibəsi zamanı itkin düşmüş hesab edilən erməni döyüşçülərinin cəsədlərinin qalıqlarının qaytarılması məsələsini qaldırmağa hazırlaşır. Kaprielyanın dediyinə görə, söhbət ilk növbədə “Arabo” və “Artsiv” batalyonlarının üzvlərinin cəsədlərinin qalıqlarından gedir...
A.Kaprileyan bildirir ki, rəsmi olaraq bu batalyonların üzvləri itkin düşmüş hesab edilirdi. Lakin 2008-ci ildə internetdə yayılmış videokadrlardan məlum oldu ki, “Arabo” və “Artsiv” batalyonlarının üzvləri öldürülüblər. “Həmin il biz ”Arabo" və “Artsiv” batalyonlarının döyüşçülərinin öldürüldüyünə və onların basdırıldığı yerə aid materiallar əldə etdik. “Arabo” batalyonunun üzvlərinin necə öldürüldüyünə dair videomaterial internetdə yayıldı. O vaxta qədər onlar itkin düşmüş hesab edilirdi. Biz əldə edilmiş materiallara əsasən Azərbaycan tərəfinə müraciət etdik ki, onların cəsədlərinin qalıqlarının qaytarılmasına dair müzakirələr aparılsın. Lakin cavab ala bilmədik" deyə, Kaprielyan bildirib. A.Kaprileyanın dediyinə görə, 2008-ci ildə “Arabo” batalyonunun üzvlərinin necə öldürüldüyünə dair videomaterial internetdə yayılanda onlar batalyonun komandiri Manvel Yeqizaryanla (hazırda sağdır.-red) toplanmış informasiyaları sistemləşdirdilər və həmin vaxt baş vermiş hadisələrə dair tam mənzərə formalaşdıra bildilər. “Biz rəsmi olaraq müxtəlif kanallarla Azərbaycan hakimiyyətinə müraciət etdik, xahiş etdik ki, batalyon üzvlərinin cəsədlərinin eksqumasiyası həyata keçirilsin və onların erməni tərəfinə qaytarılması təmin olunsun” deyə, Kaprielyan bildirib.

“Arabo” batalyonu və onun törətdiyi vəhşi qətliamlar

Bəs “Arabo” batalyonu nədir və Qarabağ müharibəsində hansı izlər buraxıb? Qarabağ müharibəsinin tarixçəsinə bələd olanlar yaxşı bilir ki, ötən əsrin 80-ci illərinin sonları, 90-cı illərinin əvvəllərində Azərbaycan ərazilərində işğalçılıq və etnik təmizləməyə başlayan ermənilərə bir çox xarici ölkələrdən, o cümlədən Yaxın Şərqdən muzdlular köməyə gəlirdi. Yaxşı təlim keçmiş, erməni diasporu tərəfinən maliyyələşdirilən bu muzdlular əsasən ayrıca dəstələrdə birləşirdilər və xüsusi amansızlıqları, vəhşilikləri ilə fərqlənirdilər. Belə dəstələrdən biri də “Arabo” batalyonu idi. Həmin batalyonda Suriya və Livandan gətirilmiş, erməni terror təşkilatı “Asala”nın düşərgələrində təlim və döyüş hazırlığı keçmiş 200-dən yuxarı erməni cəmləşmişdi. Batalyonun aktiv əməliyyatları 1991-ci ildən başlayıb. Erməni mənbələrində yer alan materiallardan məlum olur ki, batalyona “Arabo” adının verilməsi təsadüfi deyildi. Məlum olur ki, XIX əsrin sonları, XX əsrin əvvəllərində Osmanlı imperiyasının ərazisində türklərə qarşı terror, qətliamlar törətmək üçün formalaşdırılmış ilk erməni fədai dəstələrindən birinə Arabo adlı erməni başçılıq edirmiş. XX əsrin sonlarında Qarabağda azərbaycanlılara qarşı qəddar qətliamlar və soyqırım həyata keçirmək üçün formalaşdırılmış muzdlu dəstəyə də həmin erməninin adı verilib.

Qaradağlı və Xocalı qətliamlarını törədənlər...

“Arabo” batalyonu 90-cı illərin əvvəllərində Dağlıq Qarabağın azərbaycanlılar yaşayan məntəqələrində mülki əhaliyə qarşı bir-birinin ardınca hücumlar təşkil etməyə başlayıb. 1992-ci ilin fevralında Xocavənd rayonunun Qaradağlı kəndində törədilmiş amansız qətliamın müəlliflərindən biri də məhz “Arabo” batalyonu idi. Həmin il fevralın 17-də Rusiya ordusunun 366-cı alayının dəstəyi ilə erməni silahlı dəstələri Qaradağlı kəndinə hücum edib, kənd sakinlərindən 117 nəfəri öldürülüb, 104 dinc sakin və yerli özünümüdafiə dəstəsinin 15 üzvü əsir götürülüb. Öldürülənlərin cəsədləri təhqir olunub, körpə uşaqlara, hamilə qadınlara da aman verilməyib, ermənilər cəsədləri doğrayaraq silos quyusuna doldurublar. Əsirlərə amansız işgəncələr verilib, onlardan bir çoxu öldürülüb. Nəhayət Qaradağlı qətliamından bir neçə gün sonra “Arabo” batalyonu da daxil olmaqla erməni muzdlularından ibarət dəstələr 366-cı alayla birlikdə Xocalıya hücum edib. Yer üzündən silinən bu şəhərin yüzlərlə dinc sakinini mühasirəyə alıb xüsusi amansızlıqla qıranlar arasında “Arabo” muzdluları da yer alırdı. “Arabo” batalyonunun Xocalı qətliamında iştirakına dair çoxsaylı dəlil-sübutlar mövcuddur. Öldürülmüş dinc sakinlərin, körpə və uşaq və qadınların, qocaların cəsədlərini də təhqir edənlərin əsasən məhz bu batalyonun üzvləri olduqları təsdiqlənib.

Qəddar canilərin sonu necə çatdı

Ancaq Xocalı qətliamını törədən bu cəlladlar özləri də çox sağ qala bilmədilər. Onların sonu 1992-ci ilin iyun ayında çatıb. “Arabo” batalyonunun necə məhv edildiyinə dair əvvəlcə erməni mənbələrindən sitatlar: “Artsaxın azadlığı uğrunda mübarizə aparan, Livan və Suriya ermənilərindən ibarət olan 200 döyüşçüdən ibarət əfsanəvi ”Arabo" batalyonu komandirlərinin səhvi üzündən 1992-ci il iyunun 29-da Əsgəran yaxınlığında 4 mindən çox azərbaycanlının mühasirəsinə düşüb. Onlar qaça və ya təslim ola bilərdilər, lakin sonadək döyüşdülər və əsl qəhrəmanlar kimi öldülər!"
Ermənilərin bu yalanını isə 2008-ci ildə internetə yol tapan videokadrlar alt-üst etdi. Məlum oldu ki, “Arabo” cəlladları heç də qəhrəman kimi yox, əsl çaqqallar kimi ölüblər və üstəlik onları məhv edənlər minlərlə hərbçidən ibarət birləşmə yox, sayları 150-160 nəfərdən çox olmayan, könüllülərdən ibarət “Gəncə batalyonu”nun qəhrəman döyüşçüləridir. Təsvirlərin kifayət qədər aydın seçildiyi həmin videokadrlardan məlum olur ki, “Arabo” batalyonu növbəti işğal əməliyyatı üçün taxıl zəmisində qazılmış səngərlərdə mövqe tutub və pusquya durub. (Azərbaycan mənbələrində döyüşün baş verdiyi yer kimi Ağdərə rayonunun Həsənqaya kəndi yaxınlığı göstərilir) Görünür erməni muzdluları hücuma keçmək üçün hansısa məqamı gözləyiblər. Lakin onların yerini təsbit edən “Gəncə batalyonu” döyüşçüləri “Arabo” batalyonunu üç istiqamətdən mühasirəyə alıb və yaxın məsafədən döyüşə girərək heç bir ağır silahdan istifadə etmədən onun üzvlərinin böyük əksəriyyətini - 167 nəfərini məhv edib. Döyüş üç saat davam edib, sonradan internetdə yayılan videokadrlar isə döyüşün başa çatmasından cəmi 2 saat sonra çəkilib.

Hərbi caniləri qıran “Gəncə batalyonu” bir nəfər də olsun itki verməyib

Bu zaman “Gəncə batalyonu” bir nəfər də olsun itki verməyib, bir döyüşçünün əlindən yüngül xəsarət alması istisna olmaqla heç kimin burnu qanamayıb. Kadrlardan görünür ki, “Arabo” batalyonunun üzvlərinin əksəriyyəti saqqallı, iri cüssəli və yaxşı silahlanmış ermənilərdən ibarət olub. Onların arasında rusların da yer aldığı görünüb. Batalyonun komandiri Manvel Yeqizaryan və kiçik bir qrup sağ qalıblar, onların ya qaçdığı, ya da “Gəncə batalyonu”nun hücumu zamanı başqa yerdə olduqları təxmin edilir. “Arabo” batalyonunun məhvinə dair videokadrlar internetdə, o cümlədən YouTube portalında geniş yayılıb və istifadəçilər həmin kadrları asanlıqla tapıb izləyə bilərlər. “Gəncə batalyonu” 1993-cü ilin iyun ayında Azərbaycanda baş vermiş hakimiyyət çevrilişindən sonra könüllülərdən ibarət digər batalyonlarla birlikdə məhv edilib, onun qəhrəman döyüşçülərinin sonrakı talelərinin necə olduğu barədə məlumatlar azdır.
Erməni tərəfi itkin düşmüş minlərlə azərbaycanlıların taleyinə aydınlıq gətirmir
Yuxarıda deyilənlərdən də göründüyü kimi, erməni tərəfinin əsir və itkin düşmüş şəxslərin işi üzrə komissiyası Azərbaycanı “əməkdaşlıqdan qaçmaqda” günahlandırır. Əslində isə vəziyyət tam tərsinədir. Ermənistan uzun illərdir ki, Qarabağ müharibəsində əsir və itkin düşmüş hesab edilən minlərlə azərbaycanlının taleyinə aydınlıq gətirməkdən imtina edir. Azərbaycanın Əsir və İtkin düşmüş şəxslərin işi üzrə Dövlət Komissiyasının açıqladığı son rəqəmlərə görə hazırda bu kateqoriyaya aid edilən azərbaycanlıların sayı 4 mindən yuxarıdır. Onlardan 3273 nəfər hərbçi, 771 nəfər mülki şəxslərdir. 5 nəfərin hərbçi və ya mülki olduğu məlum deyil. Mülki şəxslərdən 47 nəfəri itkin düşərkən yetkinlik yaşına çatmamış uşaq (17 nəfər azyaşlı qız), 247 nəfər qadın, 347 nəfər yaşlı şəxsdir (149 nəfər qadın).
Əsir, itkin düşmüş 4049 nəfərdən 878 nəfərin əsir və girov götürülməsi barədə məlumatlar daxil olmuş, şahid ifadələri alınmışdır. Bununla belə erməni tərəfi nə Ermənistanda, nə işğal altındakı Dağlıq Qarabağda azərbaycanlı əsirlərin saxlanıldığına dair məlumatları təsdiqləmir.

Fərhad MƏMMƏDOV

Hiç yorum yok: