Translate

8 Nisan 2022 Cuma

SİMPSONLAR SSRİ-Nİ NƏ ÜÇÜN “BƏRPA ETMİŞDİLƏR”?



Məşhur “Simpsonlar” cizgi filminin 9-cu sezonunun 19-cu seriyasında (29.03.1998) belə bir səhnə vardır:

Cizgi filminin əsas qəhrəmanlarından biri Homer dostları ilə birlikdə ABŞ-ın Hərbi-Dəniz Qüvvələrində xidmətə başlayır. Az müddət sonra onları sualtı nüvə qayığına göndərirlər. Sadəlövh kapitan Homeri başçı təyin edir və nəticədə o, sualtı qayığı Rusiyanın ərazi sularına aparır. Rusiyanın BMT-dəki nümayəndəsi bəyan edir ki, “Sovet İttifaqı sizin qayığınızı buraxacaq”. Rusiya qəfildən Sovet İttifaqına çevrilir – hippi bayrağının altından oraq və çəkic düşür, tanklar attraksionları tərk edir, Berlin divarı yenidən peyda olub böyüyür, Lenin mavzoleydə xortlayıb ayağa qalxır.

Qeyd: SSRİ üç slavyan respublikasının – Rusiya, Ukrayna və Belarusun rəhbərlərinin 26 dekabr 1991-ci il tarixli birgə qərarı ilə ləğv olunduğu kimi, imperiyanın bərpa prosesi də yalnız bu üç ölkənin ittifaqından başlana bilər. 2021-ci ilin martından etibarən Rusiya və Belarus faktiki olaraq bir dövlətə çevrilmişlər. Yalnız Ukrayna onlara qoşulmaq istəmirdi.

2022-ci il fevralın 24-də Rusiya Federasiyası Ukrayna Respublikasına qarşı elan edilməmiş müharibəyə başladı. İlk günlərdə hərbi mütəxəssislərin bir çoxu deyirdi ki, savaşın nəticələri Ukrayna üçün fəlakətli olacaq, paytaxt Kiyev tezliklə süquta uğrayacaq. Lakin hərbi əməliyyatların sonrakı gedişi onların yanıldığını göstərdi. Hazırda iddia etmək olar ki, Rusiya Ukraynaya soxulmaqla özünü sözün əsl mənasında bataqlığa salmışdır. Rusiya üçün ən pisi odur ki, bu bataqlıq yalnız Ukrayna ərazisi ilə məhdudlaşmır. Bir tərəfdən müharibənin uzanması, digər tərəfdən isə Qərbin tətbiq etdiyi iqtisadi sanksiyalar Rusiyanı taqətdən salmaqdadır.

Nəticə. 

Birinci fərziyyəyə əsasən, SSRİ-nin bərpa olunacağı barədə “Simpsonlar”ın “öncəgörməsi” Qərbin həyata keçirdiyi manipulyasiya xarakterli tədbirlərdən yalnız biri olmuşdur. Məqsəd Rusiyaya rəhbərlik edən şəxslərin şüurlarına təsir göstərməklə onları lazım olan istiqamətdə hərəkətlərə təhrik etmək idi. Görünür, Qərb təhlilçiləri belə bir qənaətə gəlmişdilər ki, Rusiya liderləri arasında mistikaya, möcüzələrə inanan xəyalpərvər adamlar vardır. 

İkinci fərziyyə isə belədir: Qərblilər bu yolla bildirmişdilər ki, Rusiya imperiyasını bərpa etmək istəyənlərin revanş planlarından agahdırlar. Xəbərdarlığın cizgi filmi vasitəsilə edilməsi isə onu göstərir ki, qərblilər "SSRİ-nin yenidən qurulması" cəhdini bəri başdan uğursuzluğa məhkum avantüra sayırlar.


P.S. Qərb Rusiyanın Ukrayna girdabına düşməsini istəyirdimi və əgər belədirsə, o öz hədəfinə nail olmuşdurmu? Bu suallara, böyük ehtimalla, təxminən bir ay ərzində aydınlıq gətiriləcək. 


Araz Şəhrili.

Araşdırmaçı, jurnalist.


28 Mart 2022 Pazartesi

BƏRƏKƏTLƏRDƏN YEDDİSİN


Araz Əhmədoğlu


20-ci yüzilliyin başlanğıcında İranda farsları hakimiyyətə gətirən düşüncə sistemi Türk ulusuna aid olan dəyərlərin başda gedən Bayramını (İl Bayramı da adlanır) eləcə də başqa dəbləri, dəyərlərini uydurub dəyişməyə, ən azı unutdurmağa  başladı. Farsların "Həft sin" (yeddi dənə "s" hərfi) adlandırdığı süfrəyə sarımsaq, sumaq kimi acı, turş yeməklər qoyulur! Acı hara Bayram havası hara?! "Buyurun, ağzınızı şirin eləyin.", "Ağzın şirin olsun!" kimi xeyir sözlər işlənən aynda (Ərəbicə mərasimdə) acı sarımsağın, turş sumağın nə anlamı ola bilər ki? Bəziləri qarşıtlar fəlsəfəsini irəli sürüb gecə ilə gündüz, ağ ilə qara, eləcə də şirin'lə acının bir arada olması şərtini irəli sürə bilər. Ancaq Türk dünya görüşündə Bayram hal-havası ancaq keçmiş qışdan ölüb yazda yenidən doğulmaq yaxud birdəfəlik dəyişmək fəlsəfəsi ilə bayram tutulur. Elə ona görə də ölüləri anmaq üçün "Qara Bayram" olaraq ilin son Cümə axşamını bu ayn üçün nəzərdə tuturlar. Beləlik'lə də qarşıtlar fəlsəfəsinin burada keçəri qalmır. Ondan başqa çox zadlar "s" herfi'lə başlayır, elə hər nə /s/ səsi'lə başlasa, süfrəyə qoyula bilərmi? Yox artıq! Daha nələr?!!

Bayram ayı ilin, həm də qışın son ayı dır. Bu ayda insan yaşayışının dəyişməsinin başlıca görüntü yaxud simgəsi olaraq ev tökmə aynı'yla başlayar. Bu aynda evin hirsi-tozu alınar; kilimlər, xalılar yuyular; evin hər yeri arınıb sil-süpür olunar; göy göyərdilər. Ev tökmə bitdikdən sonra, bayram ayının son günlərində "Bayram süfrəsi" qoyular. Bu süfrə evdən evə, xanımların səliqəsi, bir də o evin var-dövlətinə görə bir-birindən fərqli görünsə də, əslində süfrəyə qoyulan o yeddi qələm nəsnə eyni olar. Bayram süfrəsində qoyulan hər nəyin özünə anlamı var. Başqa söz'lə, o süfrədəki hər nə özünə bir imgə, bir simbol dır. 

Ev böyükləri gənclərə belə bir tapşırıq verər: "Süfrəyə bərəkətlərdən (ikisin, üçün, dördün, besin, altısın yox) YEDDİSİN qoyun". O yeddi dənə bunlardan ibarət olur:

1. Göy bərəkəti: Quran, Su, ayna/güzgü, yanar şam (bu simgələr toy aynında (mərasimində) də görünür. Onlar hamısı aydınlığı təmsil edən rəmzlər dir. Aydınlıq istəyi bütün aynlarımızda başda gəlir. Bu aydınlıq gözdə, qulaqda, beyində, ürəkdə, bir söz'lə, bütün varlığımızda yaranmalıdır. Örnək üçün, Quranı elçisinə yollayan Allahın insan oğluna ilk tapşırığı bu olub: “إقرأ” yəni “OXU!”. Aydınlığın əzəli-əbədi yolu elə bu oxumaqdan başlayır.

2. Yer bərəkəti: buğda (qovurqa)

3. Torpaq bərəkəti: səməni, göy

4. Ağac bərəkəti: alma, iydə, badam, cəviz/qoz, kişmiş, fındıq

5. İş bərəkəti: sikkə, pul (xırda pul'sa, göyün içinə, kağız pul'sa, Quranın içinə qoyulub il süftəsi verilir)

6. Heyvan bərəkəti: (Soğan qabığı'yla boyanmış) yumurta 

7. Süfrə bərəkəti: şirnilər, noğul, şokolad

Bizdəki o 7 o vaxtlar göz'lə görünə bilən yeddi ulduz-gəzəgən, yaradılışın yeddi gün çəkməsi, göylərin yeddi qat olması, Nəsiminin yaradıcılığının binövrələrindən sayılan Allahın görsəntisi (təzahürü) olan insan üzündəki yeddi cizgi, Həmd surəsinin yeddi ayəsi (Ərəbicə Səbülməsani, سبع المثانی), həftənin yeddi günü və hər gün üçün özəl bərəkət ya nemət istəyi kimi qutsal inamlardan irəli gəlib.

“7” Türk ulusunun bütün dünya görüşündə özünə geniş yeri var. Örnək üçün bu bayatıda elimiz niyə “yeddi” oğul istəyir?

Gəlin, gəlin, duz gəlin,

Əl-ayağı düz gəlin,

Yeddi oğul istərəm,

Bircə dənə qız gəlin!


Milli qəhrəmanımız, ulu mifimiz Koroğlunun 7000, bəzi deyimlərdə 77000 dəlisi var. Klasik ədəbiyyatımızın zirvəsi olan Nəsimi rübailərindən üç örnək:


"Ey qaşın'la kirpiyin, zülfün yedi (7),

Ol yedi (7) kim Şeytan onu bilmədi;

Həqq bu sirri Əhmədə kəşf eylədi

Onun üçün adını "Ümmi" dedi.


Həqq dedi kim yer yedi (7) vü göy yedi (7),

Laməkan təxtində gizli dir yedi (7);

Gizli Adəmdə əyan oldu yedi (7),

Dörd yedi bir kez nədən oldu yedi?


Quranda Təlaq surəsi, 12-ci ayədə buyurur: "Yeddi göyü, yerdən də oncasını yaradan Allah dır." Ərəb dilinin əlifbası da 28 dənə dir: 28 ÷ 4 = 7.


Kirpiyin qaşın'la zülfün dir yedi (7),

Yer yedi vü göy yedi, Sən də yedi (7);

Nə səbəbdən həftənin adı yedi (7)?

Bunda hikmət var dırır: Müshəf yedi (7)!"

***



8 Mart 2022 Salı

İSVEÇİN AZƏRBAYCANLI XANIM DEPUTATI

 “Biz haray qoparanda heç kim bizə belə dəstək vermədi”


İradə Əliyeva Söderberg


İsveçin azərbaycanlı xanım deputatı: “Hər kəs istəyər ki, ömrünün son illərini doğma torpağında keçirsin”

İradə Əliyeva Söderberg 15 ildir ki, İsveçin ən böyük və hakim partiyası olan Sosial Demokratrlar Partiyasının fəal üzvüdür. Çox saylı ictimai vəzifələrdən başqa 12 ildən çoxdur ki, (üçüncü mandat mərhələsi) 360 min əhalisi olan bölgənin regional parlamentinin deputatıdır.  81 xalq vəkilindən biri olan İradə xanım Medianews.az- ın suallarını cavalandırdı.

– İsveçdə Rusiya Ukrayna müharibəsi ilə bağlı reaksiya necədir?

 Rusiyaya işğalçı, azğınlaşmış bir diktator kimi münasibət bəsləyirik. Sözsüz, İsveç dövləti və xalqı birmənalı olaraq Ukraynanı dəstəkləyir. Hər sahədə, baş nazirdən tutmuş adi vətəndaşa qədər hər kəs Ukraynanın yanındadır. Hamı əlindən gələn yardımı edir. Dövlət səviyyəsində Ukraynaya böyük həcmdə yardımlar göstərilib. Buna görə hətta Rusiya tərəfindən İsveçə qarşı hədə-qorxu da gəlib.



 İsveç bu müharibənin harasındadır? Hansı formada dəstəyini ifadə edir?

– Bayaq dediyim kimi, bütün sivil dünya, bütün Avropa kimi İsveç birmənalı şəkildə Ukraynanın yanındadır. İsveç demokratiyanın, dövlətlərin suverenliyinin tərəfindədir. Ukraynada qohumu, tanışı olan hər kəs onlara qucaq açır, kömək etməyə çalışır.

– İsveç xalqının müharibə ilə bağlı baxışı nədir? oradakı Azərbaycanlılar necə düşünür?

 İsveç xalqı heç bir zaman müharibə istəməyib. Müharibəyə, işğalçıya nifrət hissi bəslənir burada. Eyni zamanda İsveçdə bütün partiyalar, siyasi qüvvələr və xalq birləşib. Müdafiə sistemlərini gücləndirirlər. Çox yüksək səviyyədə strateji işlər gedir. Buradakı azərbaycanlılar da eynilə İsveç xalqı kimi düşünür. Biz azərbaycanlılar hər gün deyirik ki, görürsünüz, 30 il bundan qabaq Azərbaycan torpaqları bütün dünyanın gözü qarşısında işğal olundu, onda niyə bu reaksiyanı vermədiniz? Biz haray qoparanda heç kim bizə belə dəstək vermədi. Əksinə, Ermənistanın tərəfi tutuldu. O zaman dünya Azərbaycanın yanında olsaydı, bu gün bəlkə də hər şey tam başqa cür olardı…

 Ukraynadan İsveçə sığınan azərbaycanlılar oldumu, İsveç hökumətinin qaçqınlara münasibəti necədir?

– Ukraynadan İsveçə sığınan azərbaycanlılara gəldikdə, düşünürəm ki, elə bir fakt yoxdur hələ ki. Çünki onlar yaxın ölkələrə təxliyə olunur, oradan da bizim ölkəyə göndərilirlər. Digər tərəfdən, bura Şengen zonadır, daxil olmaq heç də asan deyil.

– Bilirik ki, siz də uşaqlığınızı Ağdamda keçirmisiniz və amansız hücumlar nəticəsində torpağınız işğal olunub. Ukraynadakı o uşaqları yəqin ki, sizdən yaxşı heç kim anlaya bilməz.

– Bəli, mən Ağdamın, doğma kəndimin işğalını yaşamışam. 30 il də bu torpaqların həsrəti ilə yaşamışıq. Şükürlər olsun ki, artıq torpağımız azad olunub, şəhidlərimizin qanı yerdə qalmayıb. Sözsüz ki, indi də Ukrayna ilə bağlı eyni hissləri keçirirəm. Sanki yenidən həmin müharibəni yaşayıram.  Uşaqlar, qadınlar, qaçqınlar, bunlar tamamilə tanış mənzərədir. Göz yaşlarını saxlamaq mümkün deyil. Bütün rəsmi və qeyri-rəsmi görüşlərdə, söhbətlərdə Qarabağla eyni müqayisəni aparıram. Hər kəs maraqla dinləyir, təəssüf hissi keçirir.



– Qarabağda yaşamaq istərdinizmi?

– Əlbəttə, böyük məmnuniyyətlə. Qarabağ mənə görə dünyanın ən gözəl, cənnət guşəsidir. Qarabağ mənim ruhumdur, canımdır. Mən oranın suyu və çörəyi ilə böyümüşəm. Hər kəs istəyər ki, ömrünün son illərini doğma torpağında keçirsin. Oradakı evimizdə yenidən yaşamaq, onu yenidən tikmək böyük arzumdur.

– Ağdama dönüşünüzü necə təsəvvür edirsiniz?

– Ağdam işğal olunandan sonra ora ilə bağlı çox xəyallar qurmuşam. Saysız yuxular görmüşəm. Görmüşəm ki, evimizdəyəm, şəhərdə gəzirəm. Realda isə bunu təsəvvür edə bilmirəm. Yəni necə hislər keçirəcəyimi indidən demək mümkün deyil. Çünki hələ də arada itirdiyimiz o illər sanki zamanı dayandırıb. Düşünürəm ki, mən Ağdama qayıdanda həmin dövrə, uşaqlığıma qayıdacam. Həmin Ağdamı, həmin küçələri, həmin insanları görəcəm. Amma bilirəm ki, reallıqda elə deyil. Ona görə də özüm üçün real bir təsəvvür formalaşdıra bilməmişəm. Sadəcə, hər şeyi taleyin, fantaziyanın üzərinə buraxmışam. Yəqin ki, ağlayacam, sevinəcəm, kədərlənəcəm. Bir tərəfdən də qorxuram ki, gedib məktəbimizin, evimizin, anamın qəbrinin yerində nə görəcəm?


Xəyalə Rəis 

Medianews.az

Məqalə Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.

İstiqamət: 5.3.7. işğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”


4 Mart 2022 Cuma

RUSİYALI TATAR EKSPERT MÜHARİBƏNİ ANALİZ EDİR

 RUSİYA UDUZACAQ


Milliyətcə tatar olan rusiyalı müstəqil ekspert Kamil Qaleyevin Rusiya-Ukrayna müharibəsilə bağlı Tvitterdə yazısı dərc olunub. 

Qaynarinfo yazının maraqlı olduğunu nəzərə alaraq, onun əsas müddəalarını oxucuların diqqətinə çatdırır. 

Ekspert iddia edir ki, Rusiya bu müharibəni uduzacaq: 

"Analitiklər Rusiya ordusunun imkanlarını həddən artıq şişirdir. Ukrayna ordusunun imkanlarını isə aşağı qiymətləndirirlər. Onlar həmçinin Rusiyanın strategiyası və siyasi məqsədlərini səhv başa düşürlər. 2014-cü il müharibəsində Ukraynada hərbi təchizat və texnikanın durumu dəhşətli idi. Onun texnika və hərbi sursatı 25 ildən çox istifadədə olan Sovet istehsallı məhsullar idi. Hərbi maşınların radiatorları, akkumulyatorları ya çürümüş, ya da illərlə təmir olunmurdu. Ukrayna ordusu o vaxt belə acınacaqlı durumda Donbasda məğlub oldu”. 

Qaleyevin fikrincə, ötən 8 ildə isə çox şey dəyişib: 

"Ukraynada orduya çağırış sistemi dəyişdi. İnsanlar hərbi xidmətə çağırılaraq Donbasa göndərilirdi. Daha sonra əksəriyyəti tərxis olunur və mülki həyata qaytarılırdı. Bununla da Donbasdakı hərbi kontingent 60 minə yaxın əsgərdən ibarət saxlamaqla daim rotasiya olunurdu. Nəticədə hazırda Ukraynada 400 000-dən çox Donbas müharibəsi veteranı var. Yəni Ukraynada döyüş təcrübəsinə sahib çoxsaylı veteran var. Ukraynaya hücum edən Rusiya əsgərlərinin əksəriyyəti isə müharibə görməyib.

Üstəlik, gördükləri döyüş fərqlidir. Rus əsgərləri yalnız tam üstünlük əldə etdikdə döyüşə atılır. Təchizat baxımından Ukrayna ordusu qismən təmin edilib. Ukraynaya məxsus bir çox yeni silah hazırlanıb. Ancaq demək olar ki, heç biri geniş miqyasda istehsala buraxılmayıb. Ukrayna Türkiyənin 48 ədəd Bayraktar TB2 dronu sifariş edib. Ondan yalnız 12 ədəd qoşunlara çatıb. Ukrayna türklərlə birlikdə yeni, daha güclü pilotsuz uçan aparat "Bayraktar Akıncı” hazırlayır, lakin dronlar indiki müharibə üçün hələ hazır deyil. 

Bununla belə, ukraynalılar Amerika istehsalı olan bir sıra Javelins, M141 Bunker, Britaniya-İsveç istehsalı olan MBT LAW döyüş sursatları əldə etdilər. Ukrayna istehsalı olan "StugnaP", RK-3 "Corsar" və "Baryer" kimi tank əleyhinə silahları da Rusiya tankları ilə mübarizəyə yönəldilib. 

Putin hücum edənə qədər Ukrayna qoşunları tamamilə yeni tanklarla təchiz olunmamışdı. Amma bununla belə ordunun istifadəsində yeni zirehli maşınlar, Türkiyə istehsalı olan Aselsan döyüş modulları ilə yerli istehsal Cossack-2 və bir sıra Amerika zirehli maşınları, Humvees və s. var. 

Nəhayət, Ukrayna yeni qoşun növünü - ərazi müdafiə qoşunlarını yaradıb. Onların ümumi sayı 60 000 nəfərdir. Bu, Polşa qoşun növünün surətidir. Bunlar hərbi təhsil alan mülki şəxslərdir və bir gün ərzində öz şəhər və bölgələrində döyüşmək üçün səfərbər oluna bilirlər”.

Rusiya ordusuna gəldikdə, ekspert düşünür ki, bir neçə eşelonlu hücumla düzgün blitskrieg təşkil etsəydi, yəqin ki, Ukrayna uduzardı: 

"Amma Rusiya bunu etmədi. Hazırda Ukrayna ətrafında Rusiya qüvvələri azdır. Onun çoxlu artilleriya silahı olsa da, bu, qələbə qazanmaq üçün kifayət deyil. Putin ilk gündən Ukrayna ordusunun qaçacağı və ya təslim olacağını düşünürdü. Onlar ukraynalıların real müqavimət göstərəcəyinə inanmırdı. Ona görə də Putin hücumu yalnız bir eşelonla həyata keçirdi. Qoşunlar məhv edilməmiş çoxsaylı ukraynalı nizami əsgərləri və postlarını geridə qoyaraq irəlilədi. Amma ikinci və üçüncü eşelon dağılmış ukraynalı müdafiəçiləri bitirmək üçün gəlmədi”. 

Qaleyev qeyd edir ki, belə vəziyyət Rusiya ordusunda 

təchizat və yerləşmə problemi yaradıb: 

"İrəliləyən birinci eşalonun sursat, yanacaq, qida və yardımçı insanlara ehtiyacı var. Belə təchizat olmadıqda isə konvoylar asanlıqla "Bayraktar”larla yanaşı, arxada qalan nizami və ərazi müdafiə qoşunlarının hücumuna məruz qalır. Habelə Kiyevin silah payladığı könüllülər rus kolonlarına qarşı dura bilməsə də, konvoylara hücum edə bilərlər”. 

Rusiyalı ekspert Putin narahat olduğunu da bildirir: 

"Fevralın 25-də çəkilmiş videoda o, Ukrayna hərbçilərini dövlət çevrilişinə çağırıb. Əgər onun planı ilk növbədə işləsəydi, bu çağrışa ehtiyac olmazdı. Bu isə o anlama gəlir ki, Putinin planı baş tutmayıb. Çünki o, müharibə planlaşdırmırdı. O, heç vaxt müharibə etməyib və müharibədə necə mübarizə aparacağını bilmir. O, digər yerlərdə olduğu kimi, Ukraynada da xüsusi əməliyyatlar həyata keçirir. Ukraynalıların mübarizəni davam etdirməsi də Putini ciddi narahat etməkdədir. Çətin ki, Putin hazırkı üsullarla qalib gəlsin. Əksər rus hərbçiləri əyləncəli və sərgüzəştlərlə dolu kiçik bir xarici missiyaya həvəslə gedərdi, buna etiraz etməzdi. Amma həqiqi ölüm ehtimalı ilə uzun müddət davam edən bir müharibədə olmaq başqa məsələdir.

Sosioloji araşdırmalara görə, Rusiyada əsgərliyə getmək üçün əsas motivasiya adətən pulsuz mənzil almaqdır. İmkansız gənclər üçün bu mənada orduda xidmət dövlətdən mənzil almaq şansıdır.

İndi ölürsənsə, mənzil də ala bilməyəcəksən. Ola bilsin ki, artıq Ukraynada olanların seçimi azdır, amma müqavimətin davam etməsi, müharibənin qanlı olması və itkilərin real olması faktı geri qayıdanları böyük dərəcədə ruhdan salacaq. Rusiya tərəfindən müharibəyə getmək üçün heç bir həvəs gözləməyin”.

Belə durumda ekspert Putin nə edə biləcəyinin proqnozunu da verib: 

"1. İnfrastrukturun məhvi, buna başlayıb. 2. Şəhərlərin blokadası, onu da həyata keçirir. 3. Çeçenistan və ya Suriyadakı kimi şəhərləri bombardman və artilleriya ilə çökdürmək, bu da mümkündür. Öncə qeyd edilən iki məqam humanitar fəlakətə gətirib çıxaracaq müqavimətin gücünü qıracaq. Üçüncüsü daha problemlidir. 

Mübarizə davam edərsə və qələbə olmazsa, Rusiya ordusunun döyüş bacarığı və döyüşmək istəyi də tezliklə yox olacaq. Putinin seçimi yoxdur, amma tabeliyində olanların seçimi var.

Hətta Rusiya texniki cəhətdən uduzmasa və hansısa atəşkəs, razılaşma əldə olunsa belə, Ukrayna artıq qalib gəlib. Niyə?

Rus xalqı pravoslav monarxiya mifinə inanır. Təbii ki, ortodoks çara qarşı çıxanlar da olacaq. Amma ona qarşı müqavimət təşkil etmək mümkün deyil. Beləliklə, müqavimət edən fərdlər olsa da, onlar mütəşəkkil Opriçnik qüvvələri tərəfindən asanlıqla əziləcəklər. 

Opricniklər çox cəsarətli və qəddar olurlar. Rus xalqının mifologiyası onların 99 faizinə bu təhlükəsizlik qüvvələrinə müqavimət göstərməyi qadağan edir. Amma 1572-ci ildə Krım xanı Moskvaya hücum edərkən opriçnik qüvvələri onunla üz-üzə gəlsə də, oxlarla darmadağın edildilər. Çünki inandıqları mif onları müqavimət qabiliyyəti olmayan insanlarla vuruşmağa alışdırmışdı. 

Ukraynalılar isə bu mifoloji məkanı çoxdan tərk edib. Üstün düşmənə qarşı müqavimət faktının özü Ukrayna mifologiyasını gücləndirir. Bu, şahidi olduğumuz nəhəng mif binasıdır. Müharibə fenomeninin özünü mifoloji ölçünü nəzərə almadan təsəvvür etmək mümkün deyil. Mübarizə olmadan müstəqiliyinizi təhvil versəniz, həyatınızı xilas edəcəksiz. Amma bununla miflərinizi də öldürəcək və qalib tərəf sizi həzm edəcək. 

Ancaq amansız və qanlı döyüşdən sonra məğlub olsanız belə, mifiniz canlıdır. Son döyüşün xatirəsi əsrlər boyu yaşayacaq. Bu, sizdən sonra gələn nəsillərin yaşadığı mifoloji məkanı formalaşdıracaq və onlar ilk fürsətdə müstəqilliyi bərpa etməyə çalışacaqlar”.


Rüfət Sultan.

Qaynarinfo.az

04.03.2022. / 10:57.

& VƏTƏNSEVƏRLƏR


27 Şubat 2022 Pazar

GÖZÜMÜN AĞI-QARASI BİRCƏ QARDAŞIM...


Oqtay İrşad oğlu Əliyev

Bu günlər dünyada yaşayan bütün azərbaycanlılar "XOCALI SOYQIRIMI" represiyasını ürək yanğısı ilə yad edirlər.

Xocalı soyqırımı insaniyyətə qarşı cinayətdir. Xocalı soyqırımı dünyadakı bütün dinlərin qəbul etmədiyi bir cinayətdir.

Xocalı faciəsini törədən cinayətkarların və onların arxasında duran qüvvələrin əsas məqsədi Azərbaycan torpaqlarının işğalı və bu ərazilərdə etnik təmizləmə siyasətinin aparılması olub. Düşmənlərimiz öz məqsədlərinə günahsız insanların qanı hesabına çatmaq istədilər. Onlar qəsbkarlıq siyasətlərindən əl çəkmədilər. Bu kütləvi qırğını törətmiş cinayətkarlar hələ də azadlıqdadırlar. Mən haqq - ədalətin zəfər çalacağına inanırdım. Ancaq bu cinayətkarlar öz layiqli cəzalarını hələ almayıblar, alacaqlarına ümid edirəm. Bunun üçün Azərbaycanın beynəlxalq birliyin köməyinə ehtiyacı var.

Bu gün, həm də, "qanadımı" itirdiyim gündür. Gözümün ağı-qarası, məndən kiçik qardaşım Oqtay İrşad oğlu Əliyev 2006-cı ilin 27 fevralında, 45 yaşında iş başında vəfat etdi. O vaxtdan tək qanadla qalmışam.

 Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin sabiq əməkdaşı, mərhum Oqtay İrşad oğlu Əliyev də Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda yorulmadan çalışıb. Birinci Qarabağ müharibəsində əlinə silah götürüb erməni təcavüzkarlarına qarşı döyüşüb. Ermənistan və onun himayədarları tərəfindən Qarabağda yaradılan terrorçu rejimin ölkəmizin sərhədlərini zorla dəyişdirməyə cəhd göstərməsinə qarşı mübarizə aparıb. Müharibə veteranı adını qazanıb. Atəşkəs dövrü Qarabağ həsrətindən, orada dəfn edilmiş əcdadlarının həsrətindən, şəhid olmuş dostlarının həsrətindən sıxıntı çəkərək 45 yaşında iş başında şəhid olub. Allah rəhmət eləsin !


ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT EYLƏSİN ! AMİN ...


Adil İrşadoğlu (Əliyev).

27.02.2022.


3 Şubat 2022 Perşembe

"O" - MUSTAFA ÇƏMƏNLİ

 #AZTV #MədəniyyətTV


Mustafa Şura oğlu Mustafayev (Mustafa Çəmənli) — nasir, publisist, Əməkdar mədəniyyət işçisi (2018), 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1979).

& VƏTƏNSEVƏRLƏR